» » Plastik tullantılar və onların ətraf mühitə mənfi təsiri

Plastik tullantılar və onların ətraf mühitə mənfi təsiri

Plastik tullantılar və onların ətraf mühitə mənfi təsiri

Hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. 1960-cı illərdə bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faizə qədər idi. Lakin hazırda bu göstərici 12 faizdən çoxdur. Ən əsası isə plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Ötən əsrin ortalarında dünya üzrə təxminən 1,5 milyon ton plastik istehsal olunub. Həmin göstərici 1990-cı ildə təxminən 67 dəfə artaraq 100 milyon tona çatıb. 2015-ci ilə qədər isə bu rəqəm 3 dəfədən çox artıb və təxminən 322 milyon tona bərabər olub.

Plastik məmulat istehsalının belə sürətlə artması plastik tullantıların, daha böyük templə çoxalmasına təkan verib. Hazırda plastik tullantıların yaranması tempinin azalması istiqamətində mühüm addımlar atılır.

Plastik tullantıların zərərləri

Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. Həmçinin yarım əsrdən sonra da plastik məhlul torpağa qarışaraq onu çirkləndirməyə davam edir. Plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur. Belə ki, dünyada plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur. Okeana atılan tullantıların 90 faizi də məhz plastikin payına düşür. Hər il okeanlara 150 ton plastik tullantı atılır. Okeanlarda böyük tullantı adaları əmələ gəlib. Hazırda 5 belə ada var. Onlardan ikisi Sakit, ikisi Atlantik, biri isə Hind okeanındadır. Plastik tullantılar vəhşi heyvan və quşların, balıqların ölümünə səbəb olur. Hər il milyonlarla dəniz canlısı plastik tullantılar səbəbindən tələf olur.

İnsan orqanizminə zərərli maddələrin 80 faizi plastik tullantılardan daxil olur. Plastik məhsulların tərkibinin əsasını insan sağlamlığı üçün təhlükəli olan bisfenol-A maddəsi təşkil edir. "Bisfenol A” fenol qrupuna aid olan üzvi birləşmədir. Bu maddə suda zəif həll olunsa da çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır.

ABŞ-ın Milli Toksikoloji Proqramının ekspertlərinin illər öncə keçirdikləri təcrübənin nəticələrinə əsasən, həmin maddə bir sıra xəstəliklərə, o cümlədən prostat və süd vəzi xərçənginin inkişafına yol açır. Alimlərin sözlərinə görə, plastik qablar günəş isitməsi və ya təkrar istifadədən sonra daha təhlükəlidirlər.

Plastik və polietilen məhsullar yandırılarkən insan orqanizmi üçün zərərli kimyəvi maddə - dioksin ifraz olunur. Dioksin bənzər quruluşa malik kimyəvi maddələrin birləşməsindən formalaşır. Bu birləşmələr hidrogen, karbon, oksigen və xlor atomlarından ibarətdir. Araşdırmalardan məlum olub ki, plastik materialların isti su və ya birbaşa isti ilə təması nəticəsində də dioksin yaranır. Beynəlxalq Xərçəng Araşdırma İnstitutunun açıqlamasına görə, dioksin xərçəng xəstəliyi əmələ gətirir. Orqanizmə daxil olub yağ toxumasında yığılan maddənin xaric olması qeyri-mümkündür. Onun təsirinin azaldılması üçün dərman vasitələri yoxdur.

Alimlər qida məhsullarının plastik qablarda saxlanılması və qızdırılmasını da tövsiyə etmirlər.

İstifadə müddəti orta hesabla 20 dəqiqə olan polietilen paketlər ümumi tullantıların təxmini 10 faizini təşkil edir. Statistikaya görə, bir ailə il ərzində təqribi 500 polietilen paket istifadə edir. Həmin paketlərin çürüməsinə 500 ildən çox vaxt lazımdır.

Polietilenin üzərindəki bakteriyaların çoxluğu səbəbi ilə paketlərdəki ərzaqlar daha tez xarab olur. Kip bağlanmış şəffaf paketdə kondensat əmələ gəlir və müxtəlif göbələklər inkişaf edir. Polietilen məhsullar dondurulduqda isə ondan insan üçün zərərli olan toksinlər ayrılır.

Hər il dünyada 4 trilyon paket istifadə olunur, hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Onlar ətraf mühitdə uzun müddət qalır və çürümür.

Plastik tullantılardan istifadənin azaldılması sahəsində görülən tədbirlər

Hazırda bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması istiqamətində müvafiq qanunvericilik bazası yaradılır, onların toplanması və təkrar emalı sistemi təkmilləşdirilir. Avropa ölkələrinin bir çoxunda əsas tədbir kimi plastik torbaların ödənişli olması və ya onlara ekoloji vergi tətbiqi kimi üsullardan istifadə edilir. Bununla yanaşı, dəfələrlə istifadə oluna bilən parça torbalardan, bakteriyaların və ya digər canlı orqanizmlərin parçalaya biləcəyi çantalardan istifadənin təşviqi də görülən tədbirlər sırasındadır.

Region ölkələrində də plastik tullantıların azaldılması məqsədilə son illərdə bir sıra tədbirlər görülüb. Türkiyədə ilkin mərhələdə bütün satış nöqtələrində qalınlığı 15-50 mikron olan plastik torbaların istifadəçilərə və ya istehlakçılara pulsuz verilməsi qadağan olunub. Gürcüstanda qalınlığı 15 mikrondan az olan plastik torbaların idxalı, istehsalı və satışı qadağan edilib, istehsalçılara istehsal etdikləri torbaların üzərinə şirkətin işarəsini və adını qeyd etmək tələbi qoyulub.

Çində isə 2008-ci ilin iyunun 1-dən qalınlığı 0,025 millimetrdən az olan polietilen torbaların istehsalı, satışı və istifadəsi qadağan edilib.

Ümumilikdə isə, 40 ölkədə plastik məhsulların istifadəsi məhdudlaşdırılıb. Bəzi ölkələrdə hətta turistlərin polietilen məhsullarla gəlməsinə belə icazə verilmir.

Bir sıra ölkələrdə plastik qablaşdırma tullantılarının 60-70 faizi təkrar emal edilir.

Plastik və polietilen məhsullara dair maraqlı təcrübələr

Plastik tullantılardan idman ayaqqabıları

Londondan olan üç dizayner- Çarlz Daffi, Uilyam Qabbins və Billi Treyvey təkrar emal edilmiş plastik tullantılardan idman ayaqqabıları istehsalı müəssisəsi təsis ediblər. Layihəyə "Aldığınız hər məhsul-zibildir” adı verilib. Kolleksiya üçün zibillər dizaynerlər tərəfindən şəxsən Temza çayının, La-manş və Atlantik okeanı sahillərindən toplanıb və daha sonra əridilərək ayaqqabı materialı kimi istifadə edilib.

Plastiki yanacağa çevirən üsul ixtira olunub

ABŞ-ın Perdyu Universitetinin mütəxəssisləri plastikin yeni emal üsulunu nümayiş etdiriblər. Onların fikrincə, bu üsulun köməyi ilə plastikdən yanacaq, təmiz polimerlər və ya monomerlər almaq mümkündür. Emal prosesi hidrotermal sıxılma adlandırılır.

Plastik tullantılardan eynəklər üçün çərçivə

Barselona markası "Sea2see” Kataloniya sahillərində balıq torlarına yığılan plastik tullantılardan istifadə edərək hər zövqə uyğun çərçivələr istehsal edib. Plastik tullantıların təkrar emalından hazırlanmış eynəklər adilərindən fərqlənmir. Bununla da bir eynək satın alaraq okean təxminən 10 kiloqram plastik zibildən təmizləmək olar.

Kartofdan hazırlanan bioparçalanan torbalar

Kanadanın Alberta Universitetinin kimyaçı tələbələri kartofdan bioparçalanan torbalar hazırlayıblar. Bu bioparçalanan torbalar antioksidant və antimikrob tərkibə malikdir. Bu xüsusiyyət torbalarda saxlanan məhsulları zərərli bakteriyalardan qoruyur. Gələcəkdə bu cür torbaların digər plastik torbaların alternativi olacağı düşünülür.

Azərbaycanda plastik tullantıların səmərəli idarə olunması istiqamətində görülən işlər

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycanda istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-cu illə müqayisədə təqribən 2,5 dəfə artıb, eyni zamanda, 2009-cu illə müqayisədə 5 dəfə çox plastik qablaşdırıcı idxal edilib. Ölkədə hər il orta hesabla adambaşına 24 kiloqram plastik tullantı yaranır.

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı tədbirlər görülməsi zəruridir. Son illərdə Azərbaycanda da bu istiqamətdə bir çox məqsədyönlü işlər görülüb.

Ölkədə emal və xidmət müəssisələrinin qurulmasına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb.

Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, Tədbirlər Planı plastik qablaşdırma məhsullarının kütləvi istifadəsinin bitkilərə, heyvanlara, torpaq və su resurslarına mənfi təsirinin qiymətləndirilməsi əsasında bu sahədə çirklənmənin azaldılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası məqsədilə hazırlanıb. Tədbirlər Planının hazırlanması məqsədilə ölkəmizdə bu sahə üzrə mövcud vəziyyət araşdırılıb, habelə beynəlxalq təcrübəyə əsaslanaraq plastik qablaşdırma tullantılarının toplanması, daşınması, utilizasiyası və təkrar emalı zənciri boyu yüksək səmərəlilik və keyfiyyət səviyyələri, tənzimləyici mexanizmlər, istifadə olunan idarəetmə prinsipləri və digər istiqamətlər üzrə təhlillər aparılıb. Həmçinin ölkədə bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün dünyanın qabaqcıl ölkələrinin analoji təcrübələrindən istifadə edilərək strateji məqsədlər müəyyənləşdirilib.

Tədbirlər Planı 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə edir. Burada sahə üzrə idarəetmənin səmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qablaşdırma tullantılarının toplanması üçün 37 şəhər və rayonda 153 konteyner yerləşdirib. Alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə təbliğat işləri davam etdirilir, polietilen torbalara alternativ olan parça və kağız torbaların istehsalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşlər keçirilir. Həmçinin nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə beynəlxalq təcrübə öyrənilir.

Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Burada məsuliyyət təkcə nazirliyin üzərinə düşmür. Hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə də əhəmiyyətlidir. Azyaşlılara əllərindəki plastik qabları onlar üçün ayrılmış xüsusi konteynerlərə atılmasını başa salmaq ətraf mühitin mühafizəsinə dair atılmış kiçik, amma gələcəkdə nəticəsi böyük olacaq bir addımdır. Bundan başqa, hər birimiz plastik qabların alternativlərindən - şüşə qablardan, polietilen torbaların əvəzləyicisi olan parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik.

İnanıram ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi aksiya və tədbirlər tezliklə öz faydasını verəcək. Bir tərəfdən də Tədbirlər Planının təsdiq olunması nazirlik tərəfindən həyata keçirilən bu tədbirlərin daha davamlı, ardıcıl və digər aidiyyəti qurumlarla birgə koordinasiyalı idarə olunmasına kömək edəcək.

Plastik tullantılar və onların ətraf mühitə mənfi təsiri

Səxavət Quliyev,
AZƏRTAC-ın müxbiri

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz