» » Bəs ağacların köçürülməsi proseduru necə həyata keçirilməlidir?

Bəs ağacların köçürülməsi proseduru necə həyata keçirilməlidir?

Müəllif: Anaveusaq.az от 6-01-2019, 12:30

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
08.05. 2010-cu il   mayın 7-də keçirilən  müşavirədəki nitqindən:

 

       "Özbaşına kim gedib qanunsuz nəsə edə bilər. Edə bilər,  amma kütləvi qaydada  bunu etmək mümkün deyil....Bu yaxınlarda evlərin birində  evlərin arasında mövcud olan parkda – harada ki, indi camaat yığışıb dincəlir, orada ofis binaları tikmək istəyirlər. Yəni, belə çıxır ki,  orada mövcud olan bütün torpaqları satıblar, bircə parklar qalıb. Mən Hacıbala Abutalıbova ciddi göstəriş verdim ki,  həmin o rayon icra başçısı ilə ciddi danışsın. Hətta bunu əjaliyə elə təqdim edirlər ki, burada Heydər əliyev Fondu”  nəsə tikəcək...Öz çirkin məqsədlərinə nail olmaq üçün , haradasa ofis tikmək üçün Heydər Əliyev Fonduna istinad etmək- bu, böyük cinayətdir... Yəni, bu, təkcə bir yerdə olsaydı, bir istisna hal kimi qəbul oluna bilərdi.Ancaq, bu, bütün ölkəmizi  bürüyüb. Buna son qoyulmalıdır. Mən bütün icra orqanlarında işləyənləri bu gün də xəbədar edirəm. bundan sonra bir dənə də qanunsuz torpaq ayrılması, yaxud da ki, parkın içində, meşəliyin içində ev, bina, ofis tikintisi olarsa,  dərhal prokurorluq bu işlə məşğul olacaq və bu cinayəti törədən insanlar cinayət məsuliyyətinə cəlb ediləcək.

 
Yaşıllıq ərazilərinin, ağacların  məhv edilməsi həmişə söhbət mövzusu olmuş,  televiziyada, ayrı-ayrı mətbuat səhifələrində  bu barədə saysız-hesabsız yazılar getmişdir. Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələri hamımıza məlumdur.  Amma   yaşıllıq əraziləri getdikcə tükənmək üzrədir.Harda bir balaca  boş yer görən kimi, orada   yan-yana iki köşk qoymaq olursa, qısa müddətdə  həmin yer  obyekt halına gətirilib arendaya verilir. Məhəllələrdə sosial ünsiyyət  formaları yaratmaq üçün cürbəcürə   metod və  formalar düşünməkdənsə, əksinə, insanlar  belə vasitələrdən get-gedə məhrum edilməkdədir.   Bələdiyyə adlı qurum  insanların qayğılarından, mövcud problemlərdən  tam xəbərsizdir. Sovet dövründən qalma  "besedka"lar, oturacaqlar, onların olduğu yerlər artıq   kiçik köşklərdən tutmuş plazalara  qədər sahibkarlıq obyektlərinə çevrilməkdədir. 
Müəyyən mərkəzi məhəllələrdə  abadlıqq işləri aparılır, magistral yol kənarlarında bu  hərəkat hiss olunur, amma bir qədər ətraflarda, heç deməzsən ki, bura paytaxt şəhərin ərazisidir.
 İstər televiziyadan, istər mətbuatdan, istərsə də insanların özlərinin şahidləri olduqları yaşıll soyulqırımlar  bir deyil, iki deyil. Amma  ortaya nə günahkar, nə də cəzalandırılan tapıb çıxarırlar.Bərk ayaqda bir qaçqın, əlil tapıb onun adı ilə bağlayırlar, cüzi cərimə də kəsirlər, qurtarıb gedir. Bunlar  insanlarda narazılıq doğurur. Kimlər  belə əməlləri ört-basdır edir,   cürbəcürə  gülməli bəhanələr  irəli sürürlər,  elə zənn etməsinlər ki,   dediklərinə  insanları inandıra birdilər. İnsanlar  belə havadarlardan ayıq-sayıqdır, dünyagörüşlüdür.
  Mən internetdən ağacların bir yerdən digər yerlərə köçürülməsi ilə bağlı  Türkiyədən bəzi şəkillər topladım. Ağacları  başqa yerə köçürmək  belə olur. Aşkarlıq şəraitində  keçirin bu  prosesi. Həmin yeri əvvəldə də, əəndən 2-3 ay sonra da, 2-3 il sonra da   televiziya ilə nümayiş etdirin. Əks kalda soyqırım davam edəcək, görməyəndə sürətlə davam edəcək, görəndə də deyəcəklər ki, başqa yerə köçürürlər.


"Yaşıllıqların götürülməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Yaşıllıqların götürülməsi QAYDASI

Bəs ağacların köçürülməsi proseduru necə həyata keçirilməlidir?

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir.

1.2. Yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir.

2. Yaşıllıqların götürülməsi qaydası

2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir.

2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir:

2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;

2.2.2. şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;

2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;

2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda;

2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;

2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.

2.3. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır.

2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.

2.5. Yaşıllıqların götürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə olunur:

2.5.1. hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat, dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti;

2.5.2. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti;

2.5.3. götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd;

2.5.4. yaşıllığın götürülməsinin əsaslandırılması.

2.6. Ərizəçidən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.7. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur.

2.8. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və rəyin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizəni qəbul edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən bu barədə ərizəçiyə bütün çatışmazlıqlar göstərilməklə məlumat verilir və ərizəyə baxılma müddətinin axını dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin yazılı məlumatı daxil olduqdan sonra müddətin axını bərpa edilir.

2.9. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir.

2.10. Bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin verilməsi müddəti də daxil olmaqla, 3 (üç) təqvim günü ərzində yaşıllığın götürülməsi haqqında qərar qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir.

2.11. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən yaşıllığın götürülməsi haqqında qərarının və yaşıllığın götürülməsi vərəqinin surəti 2(iki) gün müddətində məlumat üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir.

3. Yaşıllıqların götürülməsinə rəyin verilməsi qaydası

3.1. Bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir.

3.2. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin(kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir.

3.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların götürülməsinə dair rəy istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə 2 (iki) gün müddətində təqdim edilir.

3.4. Bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsi barədə müraciətlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır, dərhal təqdim olunmuş sənədlər yoxlanılır, yerli qurumlar tərəfindən 1 (bir) gün müddətində yaşıllığa yerində baxış keçirərək nəticəsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1 (bir) təqvim günü ərzində yaşıllıqların götürülməsinə dair müvafiq rəy verilir və istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə həmin gün təqdim edilir.

4. Yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydası

4.1. Ərizəçinin müraciəti əsasında istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qəbul olunmuş qərarına əlavə olunan yaşıllığın götürülməsi vərəqi bu Qaydanın əlavəsində göstərilən formasında verilir.

4.2. Yaşıllığın götürülməsi vərəqində aşağıdakılar göstərilir:

4.2.1. yaşıllığın götürülməsi haqqında qərar qəbul edən dövlət orqanının və ya bələdiyyənin adı;

4.2.2. yaşıllığın götürülməsi haqqında qərarın tarixi, nömrəsi və icra müddəti;

4.2.3. yaşıllığın götürülməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin tarixi və nömrəsi;

4.2.4. yaşıllığın götürülməsinin məqsədi;

4.2.5. yaşıllığın götürüldüyü ünvan;

4.2.6. götürülən yaşıllıqların növü, mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi, ağac və kolların sayı, cinsi, diametri, hündürlüyü, gül-çiçək və ot bitkilərinin sahəsi;

4.2.7. yaşıllığın götürülməsini zəruri edən bu Qaydanın 2.2-ci bəndində qeyd olunan hal və ya hallar;

4.2.8. ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsi(kökündən çıxarılması) və ya bərpa olunma müddəti.

4.3. Bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllıqların götürülməsi qadağandır.

4.4. Yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının işçilərinin və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə ərizəçi tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir.

4.5. Yaşıllığın götürülməsi müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurumlar tərəfindən yerinə yetirilməlidir.

4.6. Yaşıllıqların yerinin dəyişdirilməsində (kökündən çıxarılmasında) aşağıdakı tələblər nəzərdə tutulur:

4.6.1. ağac və kolların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) onların kök sisteminin zədələnməməsi və yeni şəraitə uyğunlaşma qabiliyyətinin artırılması üçün gövdənin diametri 5 sm-ə qədər olan ağac və kolların torpaq topasının kvadratının diametri və ya tərəflərin ölçüləri 70 sm-dən az olmamalıdır. Gövdəsinin diametrinin hər bir santimetr böyüməsinə müvafiq olaraq torpaq topasının ölçüləri 10-13 sm artırılmalıdır. Diametri 15 sm-dən böyük olan ağacların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) torpaq topasının ölçüləri 2,4х2,4х0,95 metr olmalıdır (ağac və kolların nisbi sükunət dövrlərində köçürülməsi zamanı onların kök ətrafı torpaq topası ilə birlikdə köçürülməsi zəruri deyildir);

4.6.2. vegetasiya dövründə yeri dəyişdirilən (kökündən çıxarılan) ağacların çətiri və kök sistemi boy stimulyatorları ilə işlənməlidir;

4.6.3. sağlam, yaxşı inkişaf etmiş, böyük mexaniki və donvurma zədələri, quru təpəsi olmayan, eyni zamanda çətirinin 10-15 faizindən çox sahəsi qurumamış ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilər;

4.6.4. bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla, iyun, iyul və avqust aylarında və havanın temperaturu 25-dən yuxarı olan vaxtlarda ağac və kolların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;

4.6.5. qurumuş, təpəsi qurumuş, çürümə, nekroz-xərçəng xəstəliklərinin əlamətləri olan, təhlükəli zərərvericilərlə sirayətlənmiş, diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;

4.6.6. ağac və kolların yeri dəyişdirilən (kökündən çıxarılan) zaman forma vermə, sanitar və cavanlaşdırma məqsədi ilə onlar budanmalıdır;

4.6.7. yeri dəyişdirilən (kökündən çıxarılan) ağac və kolların əkilməsi üçün torpaq sahələri əkinə ən azı 10-15 (on-on beş) gün qalmış hazırlanmalıdır.

4.7. Bu Qaydanın 2.2.1-ci, 2.2.2-ci və 2.2.6-cı yarımbəndlərində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hesablanmış, onların bərpa dəyərini təşkil edən vəsaitlər torpaq mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçilərinə ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir.

4.8. Bu Qaydanın 2.2.3-cü (yaşıllığın binanın inşasından əvvəl salınması halı istisna olmaqla), 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsinə (kəsilməsinə) görə bərpa dəyəri ödənilmir.

4.9. Bu Qaydanın 2.2.1-ci yarımbəndində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir.

4.10. Götürülən yaşıllığın bərpa edilməsi şərtilə kəsilməsi "Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun bərpa edilir.

Bəs ağacların köçürülməsi proseduru necə həyata keçirilməlidir?

 

Bəs ağacların köçürülməsi proseduru necə həyata keçirilməlidir?

 

Bəs ağacların köçürülməsi proseduru necə həyata keçirilməlidir?

 

Bəs ağacların köçürülməsi proseduru necə həyata keçirilməlidir?

 

Bəs ağacların köçürülməsi proseduru necə həyata keçirilməlidir?

 

Bəs ağacların köçürülməsi proseduru necə həyata keçirilməlidir?

 

Bəs ağacların köçürülməsi proseduru necə həyata keçirilməlidir?

 

Bəs ağacların köçürülməsi proseduru necə həyata keçirilməlidir?

 

Mənbə:http://www.e-qanun.az/framework/33591

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz