» » İyulun birinci ongünlüyündə hava nisbətən sərin keçəcək

İyulun birinci ongünlüyündə hava nisbətən sərin keçəcək

  

 

İyulun birinci ongünlüyündə hava nisbətən sərin keçəcək

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, iyul ayının birinci ongünlüyünün ortalarında temperaturun iqlim normasına yaxın və havanın nisbətən sərin keçməsinə baxmayaraq, ümumiyyətlə, ay ərzində orta aylıq temperaturun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. İyul ayının birinci ongünlüyündə arabir güclənən şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti (gecələr 23-28, gündüzlər 36-41, bəzi günlərdə 30-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm) olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti (gecələr 20-25, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 6-16 mm) bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq hərarətinin 18-22 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti) olacağı ehtimal edilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 36-73 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq hərarətinin 26-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı ehtimal var. Bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (10-32 mm) olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 29-34, bəzi günlərdə 37-39 dərəcə isti) olacağı bildirilir. Bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 9-118 mm) gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq hərarətin 26-29 dərəcə isti (gecələr 22-27, gündüzlər 35-39, bəzi günlərdə 41-43 dərəcə isti) olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 3-22 mm) olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq hərarətinin 23-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 32-37, bəzi günlərdə 40 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 7-33 mm) olacağı bildirilir.

Mənbə:https://azertag.az/xeber/Iyulun_birinci_ongunluyunde_hava_nisbeten_serin_kechecek-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz