» » Təbiət insan olmadan da yaşayar, amma insan təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul)

Təbiət insan olmadan da yaşayar, amma insan təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul)

Təbiət insan olmadan da yaşayar, amma insan  təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul)


Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.
Z.Freyd

İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmas olmadan mümkün deyil, bu isə onu əhatə edən mühütin geoloji xəritəsinə hər zaman öz təsirini göstərir. Çünki insanın yaşamasını təmin edən qida, enerji, hava, su və s. nemətlər təbiətə məxsusdur, o, bunları hər zaman təbiətdən almışdır.
Hələ lap qədimlərdən təbiəti əllə, həm də ən ibtidai vasitələrlə ram edən insanlar getdikcə müdaxilənin təkmilləşdirilmiş formalarını mənimsəməyə başlamışlar. Daha sonrakı dövrlərdə ictimai-siyasi formasiyaların irəliyə doğru inkişafı əhali sayının sürətlə artmasını və böyük şəhərlərin meydana gəlməsini şərtləndirmişdir. İnsan da buna uyğun olaraq öz elmi-texniki, eləcə də təsərrüfat fəaliyyətini artırmağa və sürətləndirməyə məcbur olmuş, təbii sərvətləri də öyrəndiyi yeni elmi-texniki nailiyyətləri ilə istehsal etməyə başlamışdır. Mütərəqqi texnologiyalar təbii sərvətlərin istehsalını artırmağa imkan vermiş, bəzən insanlar onları ehtiyaclarını ödəyəcək miqdardan daha çox istehsal etmiş, israfçılığa yol vermişlər. Digər tərəfdən, elmi-texniki texnologiyaların bu cür tətbiqi ilə təbiət böyük fiziki təsirlərə məruz qalmış, ətraf mühit zərərli-zərərsiz tullantılarla o ki var çirkləndirilmişdir.
 

Təbiət insan olmadan da yaşayar, amma insan  təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul)

1967-ci ildə Küveytdən İngiltərəyə neft məhsulları daşıyan "Korni-Karney” tankerinin qəzaya uğraması nəticəsində 120000 ton neft məhsulları suya axmışdır. 1 ton neft 12 kvadrat kilometr su səthini örtə bilirsə, onda 120 000 ton neftin zəhərlədiyi suyun miqdarı 120 milyard ton edir. Dünyanın ayrı-ayrı yerlərində baş vermiş çoxlu sayda bu cür saysız-hesabsız qəzaların, atmosferə atılan zəhərli qazların ətraf mühitə vurduğu zərəri də hesaba alsaq, onda çürklənən havamızın, suyumuzun halına bir ana, bir bacı lazımdır ki, oturub ağlasın.
  

Təbiət insan olmadan da yaşayar, amma insan  təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul)

H.Y. Şellnhuber adlı məşhur alman iqlimşünasının planeti təhdid edən ən böyük təhlükələr haqqında (dünya okean sularının artan səviyyəsi, kütləvi köç, fövqəladə iqlim dəyişiklikləri, iqtisadi böhranlar, canlı aləmin yox olması, içməli su çatışmazlığı, qlobal istiləşmə və s. ) açıqlamalarını da buraya əlavə etsək, onda insanlığın məruz qaldığı və qalacağı təhlükələrin miqyası heyrət doğurmamaya bilməz.
Bu vəziyyət nəinki alimləri, ekoloqları, sosioloqları, eləcə də milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, dünyanın gələcəyini düşünən hər bir sadə Yer oğlunu da narahat etməli, nəhayət, insanlar təbiət üzərində hökmdarlıq niyyətlərindən əl çəkərək ona ağılla, gələcək nəsillərin taleyi üçün cavabdehliklə yanaşmalıdır. Onlar bu təhlükələrin insan müdrikliyi ilə birikmiş, küll halına gəlmiş elmi və məntiqi həllini tapmazsa, həm də tapıb əməl etməzsə, geriyə dönüşü mümkün olmayan silsilə təhlükələr özünü göstərməyə başlayacaq.
Əgər insanlar onların həyatını təmin edən, qoruyan sərvətlərə ağılla yanaşmasalar, təbii sərvətlərdən ağılla istifadə etməsələr, təbiəti mühafizə etməyin elmi həllini öyrənməsələr, gələcəkdə onları gözləyən fəlakətlər də, çirkli ətraf mühiti də, qıtlıq da qaçılmaz olacaqdır.
Acınacaqqlı hal budur ki, bu gün cəmiyyətin ağıllı başlarını düşündürən, narahat edən bütün problemləri elə insanın özü yaratmışdır. Ona görə də, təbiət özü insanları cəzalandırmış, öz əlləri ilə öz evlərini yıxan müqəssirlər cərgəsinə sürükləmişdir. İnsanlar unutmuşlar ki, təbiətin səxavəti ömrüboyu birtərəfli şəkildə davam edə bilməz, heç bir təbii sərvət əbədi deyil. Əfsuslar ki, bu sərvətlərin tükənə biləcəyini, bərpa oluna bilməyəcəyini insanlar ağıllarına belə gətirməmişlər və bu gün də gətirmirlər.

Təbiət insan olmadan da yaşayar, amma insan  təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul)

XX əsrdə sivilizasiya Elmi Texniki Tərəqqi dövrünə qədəm qoydu. Bu dövrdə insan zəkasının təntənəsi böyük kəşf və ixtiralarla (televiziya, reaktiv mühərriklər, atom energetikası, eloktronika və s) müşayiət olunsa da, bir tərəfdən də vurub –dağıtmaq, kəndləri şəhərləşdirmək kimi eybəcər təzahürləri ilə də yadda qaldı.
Elmi-texniki tərəqqi bir tərəfdən insanın təbiətdən asılılığını aradan qaldırdısa da, digər tərəfdən də, onu daha böyük təhlükələrlə üz-üzə qoydu.
Məsələn, nüvə enerjisinin kəşfi insanlığı tükənməz enerji mənbəyi ilə təmin etmək üçün hesablanmışdı, amma ondan nüvə silahı kimi, həm də hərbi məqsədlər üçün də istifadə edildi. Bu silahlar isə dünyanı bir dəfə deyil, bir neçə dəfə məhv etmək gücünə malikdir.
Hazırda planetimizdə 500-dən artıq AES fəaliyyət göstərir. Bu, o deməkdir ki, planetin 500 məntəqəsində insanlıq üçün həm də şüalanma təhlükəsi mənbəyi mövcuddur.
Saxa Respublikasında (Yakutiya) keçən əsrin sonlarına kimi, 12 dəfə yeraltı nüvə sınağı keçirmişdir. Və yaxud ABŞ təkcə 1982-ci ildə 10-dan artıq nüvə sınağı keçirmişdir. Ətrafa yayılan radiasiyalı atom tozları bu əraziləri yararsız hala saldığı kimi, orada yaşayan insanların sağlamlığına ciddi zərbələr vurmuşdur.
Son onilliklərdə Yakutiyada xərçəng xəstəliyinə tutulanların sayı qonşı ərazilərlə nisbətdə iki dəfə artmış, şüalanma insanların omür müddətinə ciddi təsir etmiş, uşaqlar arasında ölüm hallarının faizi kəskin şəkildə artmışdır.
XX əsr planetimizə təkcə "nüvə təhlükəsi” deyil, həm də çirkləndirilmiş ətraf mühit bəxş etdi.
Keçən əsrin sonlarında Aya səyahət etmiş bir amerikalı astronavt yerə qayıtdıqdan sonra "mən dünyada bir salamat yer görmədim", deyərək uşaq kimi ağlamışdır.

Təbiət insan olmadan da yaşayar, amma insan  təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul)

Təbiət insan olmadan da yaşayar, amma insan  təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul)

Məşhur polyak yazıçısı A.Lenkova bu mənada planetimizi obrazlı olaraq "dərisi soyulmuş yer” adlandırmışdır.
Təbiətin , hətta, adicə bir ağacın insan həyatındakı faydası canıyananlıqla dəyərləndirilməyən , bir az da sərt desək, insanlarının təbiəti diz çökdürdüyü, "təslim aktına” qol çəkdirdiyi ölkələrdə ekoloji problemlər həyatın davamlılığına hər zaman ciddi təhlükələr yaratmaqdadır. Ziddiyyətli olan budur ki, insanların təbiətə, dünyaya ağalıq/sahiblik etmək iddiaları onların maddi güzəranlarını təmin etsə də, yaşadıqların həyatın keyfiyyət tərkibini günbəgün pisləşdirməkdədir.
İsveçrə, Kanada, Norveç, Avstraliya, Yeni Zellandiya, İsveç, İslandiya, İrlandiya, Estoniya, Belçika, Yaponiya, Lüksemburq, Fiji adaları, Mavriki adaları və Kosta-Rika öz ölkələr dünyanın ən təmiz ölkələri hesab edilsələr də, ətraf mühit təkcə həmin ölkələrin səmaları ilə hüdudlanmır.
Yoxsa, ABŞ, Rusya, Japonya, Çin, Hindistan,Almanya, İngiltərə, Kanada, İtalya, Cənubi Koreya, Fransa, Avstraliya, Argentina, Hollandiya və digər ölkələrin ətraf mühiti çirkləndirməsi üçün bütün dünya deyi, yalnız hər ölkənin öz dövlətləri və ya cəmiyyətləri narahat olardı ki. Odur ki, ekoloji problemlər bəşəriyyətin ortaq qayğılarıdır və sağlam ətraf mühit dedikdə, bütün insanların ümumi evi olan dünyanın təmizliyi, sağlam təbiəti başa düşülməlidir. Dünya ölkələri bir-birindən
 sərhədlərlə ayrılsalar da, qlobal təhlükələrin qarşısı sərhədlərlə alına bilməz. Bir ölkənin həddindən artıq çirkləndirlmiş havası səma dəhlizləri vasitəsi ilə ətraf ölkələrə də yayılacaqdır, eləcə də çirkləndirilmiş dənizi, çayı, torpağı vasitəsi ilə də.

 "Təbiət insanları meydana gətirdi, onları özünə itaət etdirdi də. Ancaq insanların dünyada yaşaya bilmələri üçün, onların təbiətə hakimiyyətini də şərtləndirdi. Təbiətə hakim ola bilməyənlər, varlıqlarını qoruya bilməmişlər. Təbiət onları, öz ünsürləri içində əzməkdən, boğmaqdan, yox etməkdən və etdirməkdən çəkinməmişdir. Təbiətdə hər hansı bir şey bizə gülünc və mənasız gələrsə, bunun səbəbi əşya haqqında məhdud məlumat sahibi olmamızdır, təbiətin bir bütün olaraq nizamı və uyğunluğunu bilmədiyimizdəndir".

 ~ Spinoza

Müasir dövrümüz informasiya əsridir. Bu gün internet vasitəsilə dünyada baş verən bütün hadisələri izləmək, istənilən məsələ barəsində ətraflı məlumat əldə etmək olur. Bəlkə də informasiya vasitələrində dünyadakı mövcud ekoloji problemlərin həlli ilə bağlı beynəlxalq hərəkatlardan, birləşmiş səylərdən o qədər bəhs edilmir ki, müharibələrdən, siyasi qarşıdurmalardan, narkomaniyadan, terrrorlardan, silah alverindən, yeni dağıdıcı silahlardan və s. bəhs edilir. Əcəba, bu, belədirsə, onda alın təri ilə bağ salmağın, ona qulluq etməyin nə mənası var? Niyə niyə insanlar dünyanı laləzara çevirmək, qurub yaratmaq meydanında deyil, savaş meydanında cəngə çağırır? Qızıldərililərin qəbilə başçısı Seatle  qorxulu, amma uzaqgörənliklə düşünüb-daşınmağa çağırır:

"Bir gün görəcəksiniz: göydəki qartallar, dağları örtən meşələr yox olmuş: atlar əhilləşdirilmiş və hər yer insan övladının vahiməsinə bürünmüş. Bax,  o gündən  insan üçün həyatın və varlığın iflası  başlayacaqdır."

Təbiət insan olmadan da yaşayar, amma insan  təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul) 

Bizim təbiət şairimiz, böyük insanşünas şairimiz  Məmməd Araz daha bəşəri arzularını ifadə etmişdir: 
  
Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, --
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alıb ayı, ulduzu
Dartıb yerə gətirər, 
Müharibə olmasa!....
M.Araz
Bəs nə  üçün bədii fikir sahibləri, sənət adamları bunu dərk edir, arzulayır, amma siyasi liderlər yox. O siyasi liderlər ki, bu gün məhz dünyanı səksəkədə saxlayan müharibələrin qızışdırcıları da elə onlardır?
Bizim uşaqlığımız kənddə keçib.Gözümüzü açandan ataların-babaların ağac əkdiklərinin, onlara qulluq etdiklərinin şahidi olmuşduq. Fəqət, kiçik yaşlarımızda biz ağacların ancaq qida baxımından əhəmiyyətli olduğunu bilirdik. Digər bəzi keyfiyyətlərinin yalnız vizual olaraq görsək də, bir ağacın şüurlu olaraq insan həyatına faydalarını və ümumiyyətlə, əhəmiyyətini dəyərləndirə bilmişik. Elə bilmişik ki, ətrafımızda olan ağaclar bizi qidalandırmaq, meyvəsi olmayanlar isə odun kimi yandırılmaq və ev tikmək üçündür. Halbu ki, bunlar ağacların saysız-hesabsız faydalarından ancaq ikisidir, üçüdür…
 
Təbiət insan olmadan da yaşayar, amma insan  təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul) 
Sən demə, ağaclar torpaqdan baş qaldırdığı vaxtdan həyatlarının sonuna kimi, hətta, gövdəsinin yeə yıxılmış halı ilə də təbiətə, insanlara xeyir verirmiş.
Keçən əsrin 80-ci illərində tələbə olduğumuz vaxtlarda Bakıda ağacəkmə qayğılarının şahidi olduq, tələbə kim bu yaşıllaşdırma aksiyalarında iştirak etdik.
O illərdə Bakı sakinləri, Bakıda oxuyan, işləyən hər kəs baş şəhərimizi qoynuna alan yaşıllıqların coğrafiyasını təsəvvürlərində indi də canlandıra bilirlər. Etiraf edək, çox daralıb bu yaşıllıqların hüdudları. Nəinki Bakıda, rayonlarda da belədir. Uşaq ikən giləmeyvə, çiyələk, göbələk və s yıdığımız meşələrə indi yerli əhalidən daha çox digər yaşayış yerlərindən gələnlər sahib çıxıblar. Büllur kimi çeşmələrimiz vardı, onların başında o qədər May bayramı keçirmişik ki. İndi get görüm, necə gedirsən uşaqlığının oyun yerlərinə? Hara daha mənzərəlidirsə, qazanc əldə etmək üçün daha sərfəlidirsə, indi o yerlərdə iqamətgahlar, otellər, kafe və restoranlar, heyvandarlıq və quşçuluq fermaları fəaliyyət göstərir, heç həndəvərinə də yaxınlaşmağa icazə vermirlər.
Bəs bu yerin dədə-baba sakinləri, onların artan ailə üzvləri gələcəkdə harada məskunlaşacaqlar? Ağacsız qalmış meşələr, bağ-bağçalar, sısqa çaylar kifayətdir onlara, belə çıxmırmı? Bu yerlərin coğrafiyasına edilən qəsd, təbii ki, əhalinin məskunlaşmasına da öz mənfi təsirini hökmən göstərəcək: kəndlər boşalacaq, gənclər şəhərlərə üz tutacaqlar.
 

"İnsan  övladının ən böyük zəifliyi   dünyanın   ona xidmət  etdiyini sanmasıdır. Hətta, bütün qidaları, heyvanları və təbiəti özünə təqdim edilmiş bir nemət hesab edir. Kainat dediyimiz bütün içərisində o, özünü digər canlılardan üstün tutur. Ətraf mühitdən istədiyi kimi istifadə edir: yıxır, yox edir. Halbuki, insan övladı bu kainatda zəncirin yalnız kiçik bir hissəsidir. İnsan bunu rədd edərək, əslində, özünə bir həbsxana yaradır.

İnsanın bu yanılmadan xilas olması ən böyük azadlıqdır. Təbii, bu da tam olaraq mümkün olmaya bilər, amma bu səyin özü də bir azadlıq".

~ Albert Eynsteyn

Bu gün həmin yerlərdə korporativ niyyətlərlə müəssisə və mərkəzlər yaradanlara bir balaca irad tutmaq fikrinə düşsən, deyəcək ki, səliqəli və yaraşıqlı məkan, bina düzəltmişik, bu qədər insan çörək qazanır, pis iş etmişik? Bəli, etmisiniz. Siz kəndin flora və faunasını dəyişmisiniz, yerli əhalinin dədə-baba torpaqlarında sahiblik hisslərinə ümidlərini itirmisiniz: kimi dindirirsən, bu yerlər gec-tez satılacaq deyir və sair, və ilaxır.

Bunlar məsələnin görünən tərəfidir. Görünməyən elə tərəflər də var ki, onun ağrısı indi deyil, çox-çox sonralar təsirini üzə çıxaracaqdır.
Vəhşi heyvanların tez-tez eşitdiyimiz yaşayış məskənlərinə yaxınlaşması səbəblərindən biri də məhz əyalət rayonlarında flora və faunanın dəyişdirilməsi ilə bağlıdır. Heyvanlar belə, öz təbii məkanlarında başlarını saxlaya bilmirlər.
İstər insanların, istərsə də heyvanların ekoloji cəhətdən saf və sağlam bir həyat üçün təbiətlə istiləşmiş yaşayış yerlərinin olması ilkin şərtdir. İnsanlar da öz arzusu ilə və yaxud məcbur olub köçdükləri başqa yerlərdə öz ata-ocaqlarında olduğundan yaxşı həyat qura bilərlər. Bilirsiniz onda nə olacaq: gənc nəslin zaman təsəvvürləri kimi, məkan təsəvvürləri də eybəcərləşəcək. Lap olsun, dünyanın ən inkişaf etmiş ölkələrindən biri, məsələn, Belçika. Bura köçüb özünə yurd-yuva salmış, karyerasını qurmuş gəncimiz özü də özündən sonrakı izləri də əbədilik Belçikaya bağlanmalıdırmı? İnsanı yurduna ata ocağı bağlayar, ondan məhrum olarsa, ölkəsini sevəcək, amma bu sevgi son yaşadığı ölkəyə olan sevgidən yuxarı olmayacaq. Çünki onun artıq məkan anlayışı əlindən alınıb: indi ona Belçika da, Azərbaycan da vətəndir.

 

Təbiət insan olmadan da yaşayar, amma insan  təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul) 

İnsanları öz ölkəsinə vətəninə bağlamağın ilk yolu ata yurdundan, onun təbiətindən başlayır. Bu yerlərdə böyüyüb boya-başa çatmış, ətə-qana dolmuş, çadır qurub toy etmiş, gəlin köçmüş harda olsa, onu ata ocağından qoparmaq mümkün deyildir.
Bəzən insanların heç də hamısı bunu anlamır, amma anlayanlar, anlamağa borclu olanlar bu amili nəzərdən qaçırmamalıdır.
 
 

"Təbiətdən nə üçün şikayətlənirik? Təbiət bizə yaxşı davrandı. İstifadə etməsini bilən üçün həyat uzundur".

~ Gənc Seneca

Mən rayonların birində qonaq olanda füsunkar olduğu qədər də zəngin torpaqları olan bu yerlərə heyranlığımı ifadə etdim.Dedilər ki, bu yerlər bizim deyil. Bizim elə sanki sizin şəhərdəki həyət eviniz kimi evimiz, balaca həyətimiz var. Bu yerlər Bakıdakı böyük təşkilatlardan birinin yardımçı təsərrüfatı olub, indi də onların mülkiyyəti hesab olunur. Əksər rayonlarımızda belə nümunələr var. Əgər biz ətraf mühitin sağlamlaşdırılmasını arzulayırıqsa, təbiəti qorumaq istəyiriksə, hər kəsi doğulduğu torpağa bağlamağı öyrətməliyik, o torpaqlara xidmət etməyi, qorumağı öyrətməliyik.
Əksər kütləvi informasiya vasitələri o qədər əhəmiyyətsiz məsələlərdən bəhs edirlər ki, sanki insan mövcudluğunu şərtləndirən bu cürə həyati məsələlər gərəksizmiş.
"Ana və Uşaq” ictimai-siyasi, pedaqoji elektron jurnal təbiət və ekologiya mövzusunda əvvəllərdə də bir çox yazılar dərc etmişdir. Bu da təbiidir. Sağlam ətraf mühit bütün insanların haqqıdır. Ana və uşaqların sağlam mühitdə böyüməsi isə bir qədər də strateji mahiyyət daşıyır. İnsan cəmiyyətinin davamlılığı xeyli dərəcədə bu faktordan asılıdır. Görünür, məşhur fransız sərkərdəsi Napoleon əbəs yerə "mənə sağlam qadın verin mən sizə sağlam cəmiyyət verim” deyəndə bütün bu məsələri əhəmiyyətli dərəcədə dəyərləndirirmiş. Və bizim də maarifçi jurnal olaraq qadın və uşaqların həyati mənafelərini əks etdirən yazılar dərc etməyimiz bu dərkdən yaranmışdır.
Ana və uşaqların fiziki cəhətdən sağlam və gümrah böyüməsi, ilk növbədə, sağlam təbiətlə, təbii faktorlarla bağlıdır. Biz ekologiya mövzusunda , eləcə də əxlaqi-mənəvi mövzularda dərc etdiyimiz, qələmə aldığımız digər yazılarla həm maarifləndirmə missiyamızı yerinə yetirir, həm də bizi düşündürən, maraqlandıran, eləcə də narahat edən məsələləri cəmiyyətin və onu idarə edənlərin diqqətinə çatdırırıq.

 

Təbiət insan olmadan da yaşayar, amma insan  təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz