» » Təbiət yox etməyə nifrət edir ( Siseron)

Təbiət yox etməyə nifrət edir ( Siseron)

 

 

 

Təbiət yox etməyə nifrət edir ( Siseron)

Cökə ağacının sahəsinin kəsilməsi, insanın damarının kəsilməsi kimi bir şey.Həyatın, yaradılandan və yaradıcının varlığından ötəri hörmətlə qorunması lazımdır,əks təqdirdə ilahi tarazlıq pozulmuş olur.

 Lev Tolstoy

               Ağac əkmək  edə biləcəyimiz şeylər arasında eqoizmdən ən uzaq olanıdır.Dünyaya uşaq gətirməkdən də müqəddəs  bir missiyadır o.                                 Tornton Uaylder

Bəşər sivilizasiyası yeni əsrin 18-ci ilinə qədəm qoymuşdur. Tarixə Elmi-Texniki İnqilab əsri kimi daxil olmuş XX əsrdən ayrıldığımız cəmi 17 ildir. Çox uzun zaman deyil və bu günün ortayaşlı insanları XX əsrin səması altında da yaşadığından  həmin dövrdə dünyanın siyasi-mədəni həyatında baş verənlərdən xəbərdardılar: bu hadisələrin baş verdiyi məkan və zamanda yaşayıblar.  Fikrimiz bu iki əsri  biliyimiz və düşüncəmiz qədərində olsa da müqayisə etmək deyil,  keçmişə, keçib gəldiyimiz yola  istinad edib, gələcək üçün  məsuliyətimizi , cavabdehliyimizi ifadə  etməkdir.

 XX  əsr  elmi-texniki inkişaf baxımından özündən əvvəlki bütün əsrlərdən  üstün olmuşdur. Elmin inkişafı insana genetikasına hopmuş yaradıcılıq potensiallarını, kəşflərini işə salmağa imkan vermişdir.   Daş alətlərlə, ox-kamanla,  nəqliyyatın, rabitənin ən ibtidai  vasitələri ilə   həyat uğrunda əsrlərlə mübarizə aparan insan övladı   üçün artıq XX əsrin ortalarında yaşadığı  və  qərbdən şərqə, şimaldan cənuba hüdudlanan coğrafi anlamda  Yer  adlı  planet  darısqallıq edirdi.  Elmi-Texniki İnqilabın təntənəsində   insan     öz planetinə, sadəcə, Yerlə məhdudlaşan  daxili pəncərədən deyil, daha geniş və mükəmməl imkanları olan xarici pəncərədən, kosmosdan  nəzər yetirməyə can atırdı. Yedə, səmada, digər planetlərdə nə var-nə yox, - hər şeyi kəşf etmək istəyirdi. Yer  XX əsrin insanına azlıq edirdi. Və Yerə, səmaya ağalıq etmək istəyən insanın, beləliklə, kosmosa yürüşləri başladı…İnsan, Əsr bununla  öyünürdü.

M.İbrahimovun "Böyük dayaq” əsərindən bir epizodu yadımıza salaq.

"Yeni  həyat” kolxozunun idarə heyətinin ümumi iclasıdır. Kolxozun   cari mövsüm üçün pambıq planını müəyyən etməlidirlər.  Rayon rəhbərliyi və yeni gənclik hər hektardan 25 sentner məhsul götürməyi təkid edir, Rüstəm kişi isə 23 sentnerdə israrlıdır:

Təbiət yox etməyə nifrət edir ( Siseron)

Şirzad:

- Çox görünməyən və ağıla gəlməyən sözlər həqiqət olur.

Aya, ulduzlara yol açan biz olmuşuq.

 Biz nə Kələntər yoldaşın dediyi quru sözlərlə kifayətlənə bilərik, nə də ki sədrimizin dediyi aza razı olacağıq.

 Biz 25 verə bilərik.

Rüstəm kişi:

-Dedim 23, vəssalam. Dalısını öz  evimizdə danışarıq.

Şirzad:

-Evimiz təkcə"Yeni həyat” kolxozundan ibarət deyil.

"Böyük evi” görmək,hər şeyə onun tələbi ilə yanaşmaq lazımdır.

Rüstəm kişi:

- Mən  o "Böyük evi” tikəndə, sən hələ bələkdə idin, bala…?

Əsər 1957-ci ildə yazılıb, 1957-ci il də də çap olunub.  O dövrü şərtləndirən çox hadisələr var və onların bir neçəsi bu epizodda əks olunub. Bu səhnədə baş verənlər də o hadisələrdir ki, mövzumuzun məzmünü ilə tam üst-üstə düşür.

1957-ci ildə keçmiş SSRİ tərəfindən  dünyada ilk süni peyk olan Sputnik - 1  aya göndərilmişdi, yəni artıq kosmosa yürüşün startıdır bu.  Şirzadın dilindən verilən "aya, ulduzlara yol açan biz olmuşuq” qüruru isə, əslində, o dövrün, zamanın devizi idi.

Kosmosdan dinc məqsədlərlə elm naminə, insanlıq naminə istifadə edilməsi bu gün də davam edir.

Təəssüf ki,  artıq  müasir insan zəkasını qüdrəti    həm də insanlığın özünə, planetinə  qarşı  real təhlükə mənbəyinə çevrilmədədir. Bu gün müxtəlif kütləvi informasiya vasitələrində dünyanın nəhəng  gücləri sayılan ABŞ, Rusiya və Çin arasında  kosmosun fəthi uğrunda aparılan mübarizələrdən yazırlar.  Saytlarımızın birində ABŞ-ın "Scientific American” nəşrinə istinadən    dünyanın kosmos müharibələri dönəminə qədəm qoyduğu haqqında  məlumatı oxudum . "Scientific American”

"Bu, I, yaxud II dünya müharibələrindən daha dəhşətli olacaq. Dünya hazırda bu vaxta kimi heç olmadığı qədər kosmos müharibələrinə yaxındır”, - deyə qorxulu xəbərdarlıq da edir.

Nəşrin yazdığına görə, kosmosda minlərlə peyk var və onlar daim müxtəlif istiqamətlərə uçuşur. Bu peyklərin adi bir  proqram səhvi hər an toqquşma təhlükəsi ilə nəticələnə bilər ki, bu da milyardlarla dollar ziyan deməkdir.  Bu ziyan ən çox ətraf aləmə vurduğu zərələrlə ölçülür. Odur ki, xx əsri  həm də özündən əvvəlki bütün əsrlərdən ən təhlükəlisi hesab edənlər heç də yanılmırlar. Çünki  atom elelktrik stansiyasiyalarının fəaliyyətindən, yeraltı nüvə sınaqlarından,  avtomobil və reaktiv qurğulardan,  kimya sahəsi kimi zərərli istehsalat  sahələrindən, həmçinin digər zavodlardan  ətraf mühitə atılan zərərli tullantılardan, kənd təsərrüfatında istifadə edilən gübrə  və pestisidlərdən,  dünyada   gedən müharibələrdən  torpaq, hava,su insan, insanlığa xidmət etməli olan təbiət özü ölümcül hala salınmışdır. Təbiət  özü bu gün onu gözləyən təhlükələrdən  imdad diləyir,  insanlardan,  zəka sahiblərindən mərhəmət gözləyir.

Bu gün planetimizi təhdid edən təhlükələrdən biri də qlobal istiləşmə və nəticədə Yer üzünü gözləyən  digər fəlakətlərdir.

Qlobal istiləşmə — ətraf mühitə atılan  böyük sayda zəhərli qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istiliyin artırması ilə müşayiət olunan bir prosesdir.

Təbiət yox etməyə nifrət edir ( Siseron)

 Bu zaman qütblərdəki buzlaqlar əriyir, okean və dənizlərdə  suyun səviyyəsi artır, daşqınlar baş verir və  ətraf ərazilərdəki torpaqlar suyun altında qalır.

Məsələn, dünyanın ən böyük adası olan və 2.6 milyard kub kilometr   buzdan ibarət olan Qrenlandiya  adası 1970-ci  illərdən başlayaraq buzlaqlarının 30 faizini itirmişdir. Adada ildə 100-150 kub kilometr buzlaq əriməkdədir. Bu Alp dağlarındakı ümumi buzlaq miqdarından da çoxdur. Qrenlandiya dünyadakı suların onda birini buzlaq şəklində özündə saxlayan məkandır. Ekspertlər adanın tamamilə əriməsi nəticəsində  okean sularının 7 metr qalxacağını, Nyu-York və London şəhərlərinin su  altında qalacağını təxmin edirlər.   Qlobal istiləşmə  təkcə bu iki meqopolis şəhərə deyil,  böyük anlamda  ümumən planetimizə öz təsirini göstərir və göstərəcəkdir.  Bu gün dünyanın ayrı-ayrı ölkələrində qasırğalar, sel  və daşqınlar, bəzi bölgələrdə uzun, davamlı, şiddətli quraqlıqlar və səhralaşmalar, digər anomaliyalar məhz bu səbəblərdən baş verir.Yəni, bunlar elə  təhlükələrdir ki,  biri digərini şərtləndirir.

İndiyə kimi, 65 növ ayrıcinsli, 55 növ oxşarcinsli vəhşi heyvan növü, eləcə də 94 növ quş cinsi faunamızdan həmişəlik silinmişdir. 300-ə yaxın vəhşi heyvan, 290-dan artıq quş nəsli iisə tmək təhlükəsi qarşısındadır.

Bizi əhatə edən təbiətdə yerdə sürünən ibizdən, soxulcandan tutmuş  zirvələrdə uçan qartala kimi, canl-cansız  hər nə var, heç biri səbəbsiz yaradılmayıb.Onlar təbiətə lazımdır, təbiət də insanlara…

 I yüzillikdə yaşamış məşhur natiq, filosof, siyasi xadim və hüquqşünas Siseron müdrikcəsinə bildirmişdir:"Təbiət yox etməyə nifrət edir”.

Nəhayət,  insan bunu dərk etməli, təbiətə önun öz dili ilə müraciət etməlidir.  Çünki həyatın davam etməsi üçün  insan və təbiətin yolu   getdikcə xaçalanmaq səviyyəsinə qədər çatmışdır. Bundan sonra da zəka, məntiq qalib gəlməzsə, qarşıda onu təkcə kəşf etdiyi nüvə silahı təhlükəsi  deyil, həm də öz əli ilə zəhərlədiyi, şikəst etdiyi təbiətin qisası gözləyir.

Təbiət yox etməyə nifrət edir ( Siseron)

 Artıq  dünya bunun fərqindədir. Məsələn, "Planetin rifahı naminə: Milyard ağac kampaniyası"çevrə naminə misli görünməmiş səfərbərlikdir.

"Milyard ağac” kampaniyası Birləşmiş Millətlər Ətraf Mühit Proqramının  (UNEP-The United Nations Environment Programme) 2006-cı ilin noyabrında Nayrobidə İqlim dəyişikliyi haqqında BMT-nin Çərçivə konvensiyasının iştirakçı dövlətlər arasında keçirilmiş  Konfransında qəbul edilmişdir. Layihəni həmin Konfransın  12-ci sessiyasında    Nobel sülh mükafatı laureatı, keniyalı  Vanqari Maatai və Monako knyazı II Albert irəli sürmüşlər.  Sessiyada onların təşəbbüsü ilə Qlobal istiləşmə ilə bağlı riskləri azaltmaq üçün bir milyard ağac əkmək ideyası təklif edilmişdi.

Ağaclar planetimizin yaşıl sipəridir.  Ağaclar insanlığın var olması, davam etməsi üçün yaşıl ümidlərdir.

 

"Biz təbiəti anlaya bilmirik. İnsan da heç bir şey deyil, bunu anlya bilmədiyi üçün qəzəbdən ətrafdakı hər şeyi dağıdıb tökür. Biz yalnız təbiətlə "birlikdə" var ola bilərik. Ondan fərqli, ya da onun kənarında deyilik”.

~ Masanobu Fukuoka

Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür

Dünyada 3 trilyon ağaç var,  amma  onların sayı  getdikcə azalır. Statistik məlumatlara görə hər il dünyada 13 milyon hektar (Yunanıstanın ərazisi qədər) meşə bu və ya digər şəkildə məhv edilir.

Amazon kimi tropik bölgələr dünyanın ən geniş yaşıllıq sahələrinə malikdir, dünyadakı ağacların  43 faizi   bu bölgənin payına düşür

Ən sıx ağaclıq ərazilər soyuq və qütblərə yaxın olan Skandinaviya, Şimali Amerika və Rusiyanın müxtəlif bölgələrindədir.


Ümumilikdə isə dünyadakı  ağac sayı aşağıdakı kimidir:

Rusiya  - 642 milyard

Kanada -  318 milyard

Braziliya -  302 milyard

ABŞ -  228 milyard

Çin - 140 milyard

 

 Ən az ağaca sahib olan yerlər:

Bəhreyn – 3 min

Kokos adaları –6 min

Monako – 10 min

Mərcan  adaları – 12 min

Vatikanda heç ağac yoxdur…

Təbiət yox etməyə nifrət edir ( Siseron)

 Azərbaycanda mövcud meşələrin sahəsi, ağacların sayı  haqqında  öyrənə bildiyim  məlumatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına əsasən aşağıdakı kimidir:

 

  " Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir” (Bax: http://eco.gov.az/az/86-meselerin-inkisafi).

İnternetdə "Global Forest Watch” təşkilatının  belə bir araşdırmasına da rast gəldim ki, 2013-cü il üçün Azərbaycanda 1 milyon hektar, yaxud ölkə ərazisinin 15%-i meşə sahəsi ilə əhatə olunub. Hesabata görə, 2001-2013-cü illərdə Azərbaycanda 6 min 830 hektar meşə sahəsi qırılıb, 865 hektar meşə sahəsi yaradılıb (Mənbə: http://modern.az/az/news/84330/#gsc.tab=0).

Hər iki mənbədən göründüyü kimi, Azərbaycanda  meşə örtüyü, ağacların sayı qeyd etdiyimiz ölkələrlə müqayisədə xeyli aşağıdır.

 

"İnsan tərəfindən yaradılan bir şeyi məhv edəndə adına "vandalizm” deyilir. Təbiətin yaratdığı şeyləri yox edəndə isə bunun adı "inkişaf, nailiyyət, qazanc” olur”.

~ Ed. Begl

Son illər   televiziyadan, eləcə də digər  kütləvi informasiya  vasitələrindən məlumdur ki,  Ekologiya Nazirliyi və    Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA)  birgə təşkilatçılığı ilə respublikamızın  müxtəlf guşələrində   çoxlu sayda  ağacəkmə kampaniyaları, yaşıl marofanlar, iməciliklər  təşkil edilmişdir. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoqunun baş koordinatoru, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri  Leyla xanım Əliyevanı rəhbərliyi ilə    ekologiyamızla, nəsli kəsilmək təhlükəsi  ilə üz-üzə qalan bəzi heyvan və quşların  qorunması naminə  müxtəlif  layihələr keçirilmişdir. Bunlar  çevrəmizi, onun sərvətlərini  hifz etmək naminə çox böyük fəaliyyətlərdir.  Bizim ölkəmiz üçün  narahatlıq doğuran  əsas məsələ  yaşıllıqlara və ağaclara  qaydasınca qulluq etmək və onları qorumaqla bağlıdır.

Təbiət yox etməyə nifrət edir ( Siseron)

İnternetdə    istər Bakıda, istər respublikamızın digər böyük şəhərlərində, istərsə də  əyalət rayonlarında "yaşıl soyqırım”a aid saysız-hesabsız faktlar   var. Ölkə Başçısı Cənab İlham Əliyev  müxtəlif telekanalarda  yaşıllıqlar və ağacların qanunsuz  məhv edilməsi ilə bağlı dəfələrlə münasibət bildirmişdir. Telekanallar göstərir, qəzetlər yazır, amma bu ağac soyqırımını dayandırmaq olmur ki-olmur. Mən, şəxsən,  jurnalist olmaqdan öncə, bir vətəndaş kimi öz mülahizələrimi bildirirəm:  təbiəti, onun sərvətlərini qorumaq  təkcə hansısa bu və ya digər qurumun fəaliyyəti olmamalıdır. Təbiəti hamı qorumalıdır. Qorumaq sevməkdən başlayır.

Təbiəti mühafizə etməyin təşkilinə içtimaiyyəti cəlb etmək lazımdır.  İctimai qınaq fəallaşmalıdır.

Təbiətlə bağlı Qanunda ictimai nəzarət haqqında  müddəa var, amma bir qədər sadələşdirmək lazımdır.İctimai nəzarəti həyata keçirmək istəyən fəalın qarşısına  hansısa baryer qoyulmamalıdır.

İnternetdə  təbiətə qəsdlə bağlı  yazılar   daha çox müstəqil saytlar tərəfindən verilir.  Problemin biri də budur ki, belə saytlara etimadsızlıq var.

Niyə axı? Nə böyük məsələdir,  həmin faktların doğru və yalan olduğunu üzə çıxarıb  onu yazan, səsləndirən  mətbu vasitənin  cəmiyyət üçün mövqeyini və  rolunu müəyyən etmək.

 Ekologiya mövzusunda  verilən yazılara, xüsusilə, tənqidi məqamlara, siqnallara operativ  münasibət göstərmək lazımdır.

Tez-tez internetdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  bu cür pozuntularla bağlı gördüyü tədbirləır barədə məlumatlar verilir. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  rəsmi saytında  2008-ci il  16 tarixdı  belə bir məlumatı  var: "1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlı) qanunsuz olaraq meşə məhsullarının əldə olunması, daşınması və satışı hallarının qarşısını almaq məqsədi ilə keçirdiyi reydlər zamanı aşkar olunmuş qanun pozuntusu faktları ilə əlaqədar 63 akt və 5 inzibati protokol tərtib etmişdir.

Təbiətə vurulmuş ziyana görə 63 iş üzrə 16838,56 manat iddia qaldırılmışdır….. "(Mənbə: http://eco.gov.az/az/xeberler/1-sayli-erazi-ekologiya-ve-tebii-servetler-sobesi-63-akt-ve-5-inzibati-protokol-tertib-edib-4352)

Bu, hər bir iş üçün 267 manat edir. Çox azdır. Nə var ki, onda meşələri qırıb tökməyə. Bu məbləqdə cəriməyə daha neçə 63  şəxs də risk edər.

Ağacları bu şəkildə qırıb xammal kimi satanlar bundan dəfələrlə çox  gəlir götürürlər. Özü də bunlar görünür ki, sırf bu işlə məşğul olurlar.Birinci dəfə meşəyə ayaq basanda  ələ keçməyiblər ki.

Və yaxud, bu yaxında kampaniya kimi, kömürsatanlarla bağlı nazirliyin reydləri barədə    bir neçə gün məlumat  verildi.

Mən vaxtilə rayonda yaşayarkən  qonşu kənddə kömürün necə ərsəyə gəlməsinin   bir dəfə şahidi olmuşam. Kömür hazırlayanlar sağlam ağac kəsib yandırmırlar. Kimlərsə  böyük ölçülü ağacları kəsib gövdələrini aparıb gedirlər. Çörəyini  kömür hazırlamaqla çıxanlar o kəsilmiş ağacların  yerdə qalan qol-budaqlarını   böyük qoyularda  üst-üstə yığıb yandırırlar.İndi Ekologiya Nazirliyi də  kəsilmiş ağacların gövdəsini aparanların axtarılıb üzə çıxarılmasını, istintaqa cəlb edilməsini  təmin etməkdənsə, kömürsatanları təhdid edir. Mən etiraz etmirəm. Əgər qanun qırıntı materiallarından istifadə edənlərdən də rüsum tutmağı  mümkün sayırsa, onları buna dəvət  etsinlər. Mən sadəcə,  onu demək istəyirəm ki, ağacı kəsəni  məsuliyyətə cəlb etməyib, onun qul-budaqlarını kömür edənlərə qənim kəsilmək ədalətli deyil.

İndi internetdən sizə  kömürün hansı ağaclardan necə hazırlanması ilə bağlı bir süjet təqdim edirəm, buyurun, baxın:


 

Bir vacib məsələ də  Bakıdakı yaşıllıqlara baxan, onlara qulluq etməli olan təşkilatlarla bağlıdır. Mərkəzi küçələrdə, parklarda, bağlarda ağaclara qulluq edən, su verən görmüşəm. Amma  məhəllədaxili ərazilərdə, Bakıətrafı  rayonlarda heç vaxt belə xidmət görməmişəm.Eləcə də özüm yaşadığım Xətai rayonunun 96 nömrəli MİS-nin ərazisində. MİS-ə deyirsən, onlar Yaşıllaşdırma idarəsinin, Yaşıllaşdırma idarəsi də  bələdiyyələrin üstünə atır.  Bələdiyyələr də deyir ki, biz heç tam olaraq hansı torpaqların bələdiyyənin mülkiyyəti olduğunu bilmirik.Axı   Bakının   mərkəzdən uzaq rayonlarında susuzluqdan inkişafdan qalan, quruyan ağacları, əraziləri hamı görür. İndi yə qədər onlar  yağışın, qarın ümidinə yaşayıblar, heç vaxt onların ətrafəına yaşıllıq  idarəsi işçiləri gəlməyib.Ağaclar bu qayğını görməyiblər, hiss etməyiblər.

Bakıda o qədər ağaclıq olan ərazilər var ki, hasara alınıb və günlərin birində də gecəykən başlayırlar ağacları kəsib yerində hansısa birtikili ucaltmağa.

Mətbuat bunları dərhal ictimailəşdirir, ictimai nəzarət mövzusuna çevirir, amma onlara məhəl qoyulmur. Bu cür  hallarda çox vaxt sakinlərlə   müvafiq idarələr, tikinti aparacaq şəxslər arasında qarşıdurma yaranır, bəzən xəsarət alanlar da olur. Belə münasibət bir tərəfdən isə  sakinlərin öz yaşadıqları ərazilərdə ağaclara, müəyyən yaşıllıq sahələrinə  qulluq göstərmək həvəslərini də söndürür, onlar taleyi naməlum bu yerlərə qulluq etmək istəmirlər.

Bu yazını   uzun müşahidə və araşdırmalar nəticəsində yazıya aldıq. Ekologiyadan bəhs edən bir çox kitablara, internet məlumatlarına  diqqət yetirdik.   Ekoloji mövzuda    həmin araşdırmalarla ərsəyə gətirdiyimiz   düşüncələrimizi, sonda ağacların həyatımızdakı yeri, onların faydaları barədə məlumatlarla   tamamlamağımız   rəmzi nahiyyət daşıyır.  Çünki ağac, yaşıllıq təbiətin simvoludur, insanların təbiəti qorumaq arzularını ifadə edir. Digər tərəfdən, ölkəmiz üçün  bu mövzuda problemlər , əsasən, yaşıllığa edilən qəsdlərlə, köklü-köməcli ağacların qırılması ilə bağlıdır.  Digər tərəfdən, insanlar özlərinin  sağlam, ekoloji cəhətdən  təmiz bir mühitdə  firavan  yaşaya bilməsi üçün həmin  mühitdəki ağacların, hətta tək bir ağacın belə,  faydalarını və biosferə göstərdiyi əks-təsirləri  bilməlidir.

Təbiət yox etməyə nifrət edir ( Siseron)

*** Ağaclar istixana(şitillik) təsiri ilə mübarizə edir

 İqlim dəyişikliyinin ən mühüm səbəbi   tropik meşələrdə meydana  çıxan hədsiz miqdarda şitillik qazıdır (istilik effekti yaradan (şitillik) qazları).Yer üzünə günəşdən gələn istilik torpaq tərəfindən əks etdirildikdən sonra bu qaz kütlələrinin içərisində sıxaraq  hava temperaturunun davamlı olaraq artmasına səbəb olur. Ən çox tanınan şitillik  qazı isə karbon qazdır (CO2). Ağaclar, karbon qazını udub, mövcud oksigeni atmosferə buraxırlar.

1000 kvadratmetrlik ağaclıq sahənin udduğu karbon miqdarı, maşınınızı 10.000 km istifadə etdikdə yaydığınız karbondioksid miqdarına bərabərdir.

*** Ağaclar havanı təmizləyir

 Ağaclar atmosferdəki pis qoxu ilə amonyak, azot dioksid, sulfid dioksid və ozon kimi havanı çirkləndirən qazları udur; Qabıq və yarpaqları vasitəsi ilə havadakı toz zərrəciklərini tuturlar.

*** Ağaclar oksigen istehsal edir

 4.000 kvadratmetrlik ağaclıq sahə  bir ildə 18 insana kifayət edəcək qədər oksigen istehsal edir.

*** Ağaclar şəhəri və küçələri sərinlədir

 Los- Ancelesdə son 50 ildə temperaturu çəkən asfalt yol və binalar sürətlə artarkən, temperatryn 14,5 dərəcə artdığı müəyyən edilmişdir. Ağaclar  binaların ətrafında, yollarda kölgəlik yaradaraq, şəhərlərdə  istilik zolaqlarının əmələ gəlməsini qarşısını alır və yarpaqları  vasitəsi ilə havaya su buxarı püskürdərək şəhərin temperaturunu 12 dərəcəyə qədər sərinlədir.

 Təbiət yox etməyə nifrət edir ( Siseron)

*** Ağaclar enerji israfını minimum endirir

Ağac kölgələri yaşayış  binalarında  havanın temperaturunu 20 dərəcəyə qədər azaldır.

Hər hansı  bir evin dörd tərəfi ağac və yaşıllıqlarla əhatələnərsə, yay  aylarında  hər növ sərinkeşlərin büdcənizə əlavə edəcəyi  xərci 50  faiz azaldır.

Məsələn,  50 yaşında bir ağac kondisionerdən ildə 273 dollar qənaət edilməsini təmin edir.

***  Ağaclar su ehtiyacımıza  dəstək olur

 Suyun az olduğu sahələrdə  yaşıllıq zolaqları  varsa, ağac kölgələri buxarlanmanı ləngidir. Yeni əkilmiş bir ağac belə həftədə ən çox 55 litr suya ehtiyac duyur və bu suyu yeraltı yolla təkrar olaraq təbiətə geri qaytarır.

Ağacların vacib  faydalarından biri də şəhərlərin su keyfiyyətini artırmasıdır. Ağac kökləri və ətrafındakı torpaq təbii bir keçmə mexanizmi yaradaraq torpaq altındakı suların süzərək təmizlənməsini təmin edir. Ağacı çox şəhərlərdə qəfil yağış və fırtınalara bağlı su daşqınlarına  daha az təsadüf edilir.

*** Ağaclar erroziyanın  qarşısını alır

 Təpə və dərə sahillərindəki ağaclar torpağın səth axınını azaldır və torpağı bir arada tutur.

*** Ağaclar uşaqları ultrabənövşəyi şüalardan qoruyur

 Ən çox təsadüf edilən  xərçəng növlərindən biri dəri xərçəng xəstəliyidir. Ağaclar  uşaqların  ultrabənövşəyi  şüalara məruz qalma dərəcəsini 50 faiz azaldaraq məktəblərdə, parklarda, həyətlərdə  saatlarla vaxt keçirən uşaqları qoruyurlar.

*** Ağaclar ərzaq istehsal edir

Ağaclar, insanlar başqa quşlar və digər heyvanlar üçün də ərzaq anbarıdır.

Məhsuldar bir alma ağacı   ildə 300 kq meyvə verir.

Müşahidələr nəticəsində  yatdığı palatanın pəncərəsindən  həyətdə ağac görən xəstələrin ağac, yaşıllıq   görməyən xəstələrdən  daha tez və daha az ağırlaşmalarla müalicə olunduğu  müəyyən edilmişdir,

Diqqət çatışmazlığı və hiperfunksiyası olan uşaqların təbiətlə təmasda olanda simptomların azaldığı müşahidə edilir. Ağacların əhatəsində olmaq  əqli yorğunluğu azaldaraq müvazinətin artmasını təmin edir.

 

Modern cəmiyyətləri qurmaq üçün insanlar çaylara bəndlər qurdu, yağış yağmasın deyə buludları qovdu, bataqlıqları qurutdu, milyarlarca heyvanı məhv etdi. İnsanlar ekologiyaya hörmət etməyən geniş şüşə, polad və beton istehsalı şirkətləri qurdular.”İnkişaf” kimi düşünülərək modernlik, biomüxtəliflik zoopark qəfəslərində və donmuş DNA balonlarında həyatda qalmağa çalışarkən yaban otlaqlar tükəndi, bir neçə qoruqlara sığışdırıldı. Təbiəti hakimiyyəti altına alma macəramız – "inkişaf” – şosselərlə, hündürmərtəbə binalarda, hazır yemək məkanları ilə, böyük alış-veriş mərkəzləri ilə, avtomobil qalereyeları ilə ölçülür. İnsanlar böyüməmənin inkişaf etməmək anlamına gəldiyini düşünür, halbuki, tam əksidir.

~ Stiv Best

*** Ağaclar zorakılığın azalmasını təmin edir

  Araşdırmalarla müəyyən edilmişdir ki, yaşıllıq zolaqları, qazonlar, ağaclar olmayan , quraqlıq ərazilərdə  yaşıl sahələri, ağaclar olan məhəllələrə görə daha çox zorakılıq halları baş verir.

Ağaclıq və yaşıl sahələr insanlardakı qorxu səviyyəsinin də azalmasını təmin edir.

*** Ağaclar  ailələrin maddi vəziyyətlərini  yaxşılaşdırmaq fürsəti yaradır

 Məhəllə bostanlarında, eləcə də ağaclarda yetişən meyvələr satılaraq gəlir əldə edilir.

*** Ağaclar həm müəllim, həm də oyundaşdır

 Yaşıl sahələr əsrlər boyu həm uşaqlar, həm də böyüklər üçün yaradıcılıqlarını inkişaf etdirərək üz tutduqları, ilham aldıqları  sahələr olmuşdur.

*** Ağaclar fərqli qruplardan insanları bir araya gətirir

 Məhəllələrdə kütləvi ağac əkini aparmaq bir-birini heç tanımayan insanları bir araya gətirərək  insanlar arasında social ünsiyyət bağları yaradır.

Təbiət yox etməyə nifrət edir ( Siseron)

*** Ağacdan birlik doğurur

 Bir yaşayış sahəsinin simvolu halına gətirilən ağaclar o sahəyə yeni bir status qazandırır və məhəllə sakinlərinin yaşadıqları sahə ilə fəxr etmələrini təmin edir.

*** Ağaclar  heyvanlar üçün  çətir  və yuva vəzifəsi görür

 Xüsusilə palıd və çinar ağacları şəhərdəki heyvanlar, ilk növbədə, quş, arı və qarışqalar üçün mükəmməl yuvalar olaraq iş görürlər.

*** Ağaclar istinad divarıdır, qoruyucuzolaqdır

 Ağaclar istinad divarı, avtomobil dayanacağıdır. Paytaxt şəhəri üçün ekzotika sayıla biləcək  sahələrin qarşısını bağlayır.

 Küçə və yollardan gələn səs-küyü azaldırlar, havadakı palçığı, tozu  yarpaqlarına  çəkərək  şiddətli küləkləri yüngülləşdirirlər.

*** Ağaclar taxta  və yanacaq kimi istifadə edilir

 Yaşayış və qeyri-yaşayış sahələrdə  budanan ağacların kəsilən hissələri isinmək üçün yanacaq, kötüklərindən  isə  taxta kimi kimi istifadə edilir.

*** Ağaclar zəlzələdən qoruyur

 Ağac kökləri metrlərlə  torpağın dərinliyinə uzanır və torpağı bir arada saxlayır. Yaşayış yerlərinə yaxın əkilən ağaclar torpağı  bu şəkildə saxlayaraq, zəlzələnin törədəcəyi ziyanı azaldır.

 

"Təbiət " xoş gəldin” deyən qollarıyla bizə uzanır və bizi onun qadına xas gözəlliyindən zövq almağa çağırır. Biz isə onun sükunətindən ürkür, izdihamlı şəhərlərə axın edirik . Orada eynilə vəhşi bir qurdun qarşısından qaçan qoyunlar kimi, bir-birimizi sıxışdıra-sıxışdıra yaşayarıq”.

 

~ Halil Cibran

 

Təbiət yox etməyə nifrət edir ( Siseron)

 

 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 61
  • Məqalələri: 902
^
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 61
  • Məqalələri: 902
^
Arizonada bir kaktusu kəsməyin cəzası 25 il həbsdir.
  • Нравится
  • 0