» » Təbiətə "vəhşi" deməyək

Təbiətə "vəhşi" deməyək

 

Təbiətə "vəhşi" deməyək

 

  Bu yazını qələmə almağıma səbəb  internetdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən   verilmiş bir yazısı oldu. Məlumatda bildirilirdi ki,  nazirliyin əməkdaşları reyd zamanı yol kənarlarında  fəaliyyət göstərən kafelərin birində "vəhşi təbiət”dən qanunsuz götürülərək qəfəsdə saxlanılan    2 şahin və 1 qırqovul   üçün  protokol tərtib etmiş və   quşları Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən "Vəhşi” Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil vermişlər. 
 Mənə təəccüblü gələn  isə təbiət sözünün  "vəhşi” epiteti ilə yanaşı verilməsi idi.   Hamımız bu ifadəni  çox eşidirik, amma  heç fərqinə varmırıq.    Uşaqlığımızda  eşitdiyimiz "vəhşi” sözünün yaratdığı  məzmun  büsbütün  yırtıcı heyvanlara aid olub: pələngə, şirə, ayıya.  Bir də onu bilmişik ki, bu cür heyvanlar meşədə, dağda yaşayır. Amma onlara görə meşəni, dağı, ümumilikdə mühiti     vəhşi  deməmişik, heç düşünməmişik də. Axı həmin mühitdə dovşan, ceyran, cüyür, maral və s. heyvanlar da yaşayır. Bəs onlar niyə quduzluq etmir, onlar niyə vəhşi deyillər?
  Mənə belə gəlir ki, bu ifadəni  işlədənlər onu nəzərdə tuturlar ki, yəni, qorunmayan, insan ayağı dəyməyən yerlər: belə yerlər öz-özləri inkişaf edir, yayılırlar.  
Qoynunda yaşadığımız bu torpaq, başımız üstündəki səma  heç kimə fərq qoymadan   öz gözəlliklərini eyni gözəllikdə, eyni qədərdə  lütf edən Günəş, Ay bu təbiətin bir parçasıdır, ona "vəhşi”necə demək olar?
Bugünkü inkişaf səviyyəsi, texnologiyalar,  çörək zavodları,  ərzaq-qida sənayesi olmadığı  lap qədimlərdə insanlar meqopolislərdə, hansısa  müair arxitekturalı əyalət kəndində deyil,  təbiətin  qoynunda yaşayıb, təbiət onu  yedirib, içirdib, bir sözlə, yaşadıb. Niyə o, "vəhşi” olsun.
 Yabanı, öz-özünə çöllərdə bitən gül-çiçəklərə də  "vəhşi” demək insafsızlıqdır. Hansı ki, bu gül çiçəklər qənirsiz gözəldir, hətta insan əliylə becərilən çiçəklərdən. Xalq şairi Osman Sarıvəllinin "Gətir, oğlum, gətir” poemasından bu hissə  söylədiklərimizin təsdiqi olsun:

Təbiətə "vəhşi" deməyək

 

...Bir gün bu yerlərə dönüb gələrkən ,
Topla xumar gözlü bənövşələrdən!
 Bir az gecikdinmi, nanə, üzərrik ,
Özəkli baldırğan, çiçəkli yemlik,
 Kişniş, kəklikotu, çobanəppəyi, 
Lalə, xoruzgülü, qaynaqçiçəyi, 
Qulançar, quzqulaq, tərə – göbələk. 
Albalı, qarağat, moruq, çiyələk. 
Bunlar şirin nemət, şirin diləkdir,
 Sevməyən sevməsin, mənə gərəkdir!..

Hər yerin  öz gücü, öz qüdrəti var,
 Bir ovuc torpağın min neməti var.
Qara qoç, boz qoyun, göy təpəl quzu,
Ağ ceyran dırnağı, maral buynuzu, 
Qırqovul quyruğu, tovuz lələyi,
Bir aslan  pəncəsi, bir şir biləyi,
 İti qırğı gözü, tərlan qanadı,
 Minbir çiçək adı, minbir gül adı...
Ötürmə bunları, quzum, sən gətir,
 Bilməz bu neməti hər etən, gətir!!!

Kömürdən almaz çək, yarpaqdan ipək,
Daşdan gövhər çıxart, buluddan şimşək,
Gətir, ildırımın məğrur səsini,
Qumru bulaqların zümzüməsini,
Zəmilərdən sünbül, bağçalardan bar,
Dərələrdən vüsət, dağlardan vüqar... 
Özünlə çiçəkli, güllü yaz gətir,
Bir aşıq mahnısı, bir də saz gətir!
Quzum, könlüm kimi uçmaq istəsən,
Əzəl yaxşı bağlan bu torpağa sən!
 

Təbiətə "vəhşi" deməyək

 

 Hələ bu bitkilərin, gül və çiçəklərin şəfa qüdrəti, ən etibarlı əlac olması  şəfqətin, humanizmin    ən   heyran nümunəsi deylmi?
Mikyıl Rzaquluzadənin "Kitabi-Dədə Qorqud”dastanlarının motivləri əsasında işlənmiş  "Ana ürəyi, dağ çiçəyi” hekayəsi  uşaq yaşlarımızdan  ruhumuza hopub. 
Dostları  xəyanətlə Buğacı  yaralayıb aradan çıxırlar. Ana 40 incəbelli qızla dağları çıxır, oğlunu  axtarmağa. Bir bulaq başında oğluunu huşsuz və yaralanmış halda tapıb qəşş  edir. Oğlu ayılır və deyir: "Qorxma, anacan, mənə bu yaradan ölüm yoxdur. Mən huşumu itirdikdə  ağsaçlı bir kişi gözümə göründü.  Bu, qoca ozan Dədə Qorqud idi.  O, mənim yaramı üç dəfə sığallayıb dedi: "Ana südü ilə dağ çiçəyi sənin yarana məlhəmdir..."
 Qırx qız bir anda dağa çıxıb, ana torpağın şirəsini çəkmiş  ətirli dağ çiçəkləri yığırlar.  Ana südü ilə dağ dağ çiçəyini məlhəm edib ,  Buğcın yarasına sürtürlər. Sonra sarıyıb atının tərkinə alıb obalarına aparırlar.”
İnsafdırmı, dağ çiçəklərinə  "vəhşi, "yabanı” deyək? Bu qədər naşükürlük olarmı?
İngilis yazıçısı Daniel Defonun 1719-cu ildə yazdığı romanının  qəhrəmanı insan  yaşamayan adada   təbii fəlakətlərə qarşı üz-üzə dayanır.   Yazıçı bunu uydurmamışdır. Yazıçı Aleksandr Selkirk  adlı bir  şotland  dənizçisinin  il 4 ay tək və tənha  bir adada yaşamasından təsirlənmiş və bu əsəri qələmə almışdır.  Daniel Defonun qəhrəmanı Robinzon isə adada 28 il yaşayır.  Onun həyat yolu ilk insanlığın  sivilizasiya yolunun  əksidir. Aleksandr Selkirk      təbiətdə tənha qalıb  getdikcə vəhşiləşmişdisə, Robinzon   28 il  müddətində hər zaman təbiətlə ünsiyyətə can atmış,  öncədən malik olduğu vərdişləri, nitqi unutmamış təbiət və insan  bağlılığının təsdiqini sübut etmişdir: insan təbiətin bir parçasıdır və o, təbiətin dilini bilərsə, təbiətlə önunöz dili ilə danışa bilərsə, təbiət insanın yaşaması və sağlamlığı üçün təbii sipər və sağlam qida məbəyidir.
 Fikirlərimizi yekunlaşdırası olsaq,  təbiətə "vəhşi”demək yanlış,  hətta  təbiətin dərinliklərində yaşayan heyvanlara da vəhşi demək ədalətli deyil.
  Vəhşilik  insanın da, heyvann da xislətindədir.
Təbiət və heyvanlaar haqqında televiziyadan, internetdən hamımız  çoxlu sənədli filmlər izləmişik : heyvanların bir-birinə hücum etməsi, parçalaması yaşamaq uğrunda  mübarizədir, onlar bir-birini ancaq qarınlarını doydura bilmək üçün  parçalayırlar.
 Ara-sıra   bəzi kütləvi informasiya vasitələrində vəhşi heyvanların insan məskənlərinə yaxınlaşması, təsərrüfatlara və insanlara zərər verməsi, hətta xəsarət yetirməsi haqqında  yazılar verir.  Vəhşidir deyə belə heyvanarı zərəsizlədirirlər.  Mən inanmıram ki, meşənin dərinliklərində, dağların  zirvələrində heyvanlar üçün  yaşam ehtiyatları  yetərincə olsa, heyvanlar elə  gözəllikləri, saf mühiti qoyub ictimai yaşayış məskənlərinə yaxınlaşsın? 
 Kəlbəcərli şair Sücaət   şeirlərinin birində bu xüsusda  maraqlı bir  müşahidəsini qələmə alıb:

Sücaət, ürəklər qorxusuz vurmur, 
Gözlərin sevinci gözlərdə durmur,
 Quş da yuvasını yaxında qurmur,
Bilir ki, xaniman dağıdır insan.

Maraqlıdır,   heyvanlar  meşələrin dərinliyindən  kəndlərə yaxınlaşır,  amma  insan məskənlərində yayan heyvanlar   yuvalarını  insanın əli çatmayan, gözü toxunmayan yerlərdə qururlar. Ehtiyatlanırlar insanlardan.
 "Vəhşi”sözü heç bir halda xoş ovqat yarada bilməz.  Bəlkə də  heyvanların aclığa məruz qaldıqları anda  etdikləri   vəhşilikdirsə,  4 yaşlı qız uşağını zorlayan, azyaşlı oğlan uşağına təcavüz edən alçağın hərəkəti necə adlanmalıdır?  
Bir itə  bir tikə çörək versən, ömrünün sonuna qədər  qapını-bacanı qoruyar, sahibi vursa belə, nankorluq etməz.
 İnsan oğlu atı vaxt-bivaxt istediyi yerə çapıb, yük daşıyıb, amma qocalanda dişləri tökülüb deyə açıb azad təbiətin qoynuna buraxır ki,  qurd-quşa yem olsun. 
Bir neçə gün öncə internetdə  bir süjet   nümayiş etdirdilər. Yeni  buzov doğmuş inəyin başını  buldozerin   çömçəsinə bağlayıb oyuncaq  kimi çayın suyuna batırıb-çıxarırdılar. Sonra şüurlu insanlar  ictimai qınağı görüb  yozmaq istədilər ki, guya inək bulaşıbmış, onlar inəyə işgəncə verməyiblər, sadəcə, yuyublar. Bərəkəllah, dəst xəttinizə. Evinizə, uşaqlarınıza süd, qatıq verən heyvana  münasibətinizi yerdəkilər  adlandıra bilməsələr də,  çox böyük sayda insanlar  bunu görüb  dəyərləndiriblər.
 İnsanlar öz etdiklərinin, təbiətə münasibətinin fərqində olmalıdır. İnsanların mğvcudluğunu və etibarlılığını şərtləndirən təbiət amili  doğru da qiymətini almalıdır. Təbiətə "ana təbiət” desək nə olur ki. Lap ilkinliyini,  qəzəbini, coşmasını da  təbii halına uyğun adlandıraq, amma "vəhşi” deməyək. "Təbiətin ilkinliyində” deyək,  "ana təbiətin ilkin çağında” deyək, "vəhşi” deməyək...

Təbiətə "vəhşi" deməyək

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz