» » 49 nömrəli binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

              
Yaradan insan, dağıdan insan - təhlükəyə məruz qalan da insan 
 
Əsrimiz elmi-texniki kəşflər, müasir texnologiyalar əsridi. Əldə olunan nailiyyətlər bir tərəfdən insanlığa xidmət edirsə, digər tərəfdən də Yer kürəsinin bütün canlılar üçün gərəkli bir planet olmaqda davam etməsinə ciddi problemlər yaradır. Bu problemlər sırasında ətraf mühitin çirkliləməsi, iqlim dəyişikliyi, meşələrin məhv edilməsi, bir çox bitki və heyvan növlərinin yer üzündən silinməsi, torpaqların deqradasiyaya uğraması bəşəriyyəti qlobal təhlükələrlə qarşı-qarşıya qoymuşdur. Bunun bir günahkarı da elə insanların özləridir. Çünki insanların torpağa, havaya, suya münasibəti heç də həmişə ağıllı olmayıb. Svilizsiyalar irəli getdikcə, yaradan insan həm də dağıdan insan olmuşdur.
Məsələn, bu gün planetimiz təhdid edən ciddi ekoloji fəlakətlərdən biri də "ozon dəlikləri”dir. Ozon təbəqəsinin zədələnməsi atmosferin xlorlaşmış və flüorlaşmış karbohidratlarla, bəzi sənaye qazları ilə həddindən artıq çirkləndirilməsi nəticəsində baş verir. Atmosferin karbohidratlarla çirkləndirilməsi daha bir təhlükəni yaxınlaşdırır: enerji balansının nizamı pozulur, artan istilik Qütb buzlaqlarını əritməklə okeanlarda suyun səviyyəsinin artmasına səbəb olur. Yaşayış ərazilərinin sel-su, dəniz aşmaları təsirinə məruz qalması da bu amillə bağlıdır.

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

Dünya əhalisinin həddən artıq artması mövcud təhlükələrin miqyasını və mahiyyətini daha da ciddiləşdirməkdədir. Statistik məlumatlara görə, 2050-ci ildə dünya əhalisi 10 milyard nəfərə çatacaq. 10 milyard insanın yaşamaq haqqına təbiətdən, torpaqdan savayı, zəmanət yoxdur. 10 milyard insanın və üstəgəl, heyvanat aləminin ərzaq təminatçısı da torpaqdırsa, deməli, təbiət getdikcə ciddi təzyiqlərə daha çox məruz qalacaqdır.
Təbiət insanların ərzaq güvənliyi olduğu kimi, həm də sağlam yaşaması üçün təbii sipərdir. İnsan yarandığı gündən bu və ya digər şəkildə təbiətlə qarşılıqlı əlaqədə öz yaşamaq haqqını hifz edə bilib. Əgər insanlar ətraf mühitə ağılla yanaşmasalar, təbii nemətlərdən ağılla istifadə etməsələr, bu nemətlər tükənə bilər, yararsız hala düşə bilər. Onda gələcəkdə insanların qarşısına çıxmsı ehtimal olunan fəlakət və anomaliyalar da gözləniləndir.
 
"...nəticəsini biz gələcək nəslin sağlamlığında görəcəyik”

Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik "Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında qorunur. Dövlətimiz bununla bağlı 20-dən artıq çox mühüm qərarlar qəbul edib.
Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə 2010- cu il Ekologiya ili elan olunmuşdur. 2012-ci ilin yanvar ayında ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələri ilə bağlı 132 ölkə arasında apardığı qiymətləndirmədə ətraf mühitin mühafizəsi ilə bağlı son 10 ildəki fəaliyyətinə görə Azərbaycan 2-ci yerdə olmuşdur.
Azərbaycanda planetimizi gələcəkdə gözləyən ekoloji fəlakətlərdən xilas etmək naminə dünya ictimaiyyətinin göstərdiyi səylər kontekstində çox mühüm aksiyayalar həyata keçirilməkdədir.

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

Bütün qərar, sərəncam və hüquqi-normtiv aktların mərkəzində insan amili dayanır. Dövlətimizin prioriteti budur ki, baş verən ictimai, siyasi, iqtisadi və sosial dəyişikliklər sferasında ölkəmizin iqtisadi qüdrəti daha da inkişaf etsin, davamlı asayiş bərqərar olsun, insanlar daha sağlam və firavan yaşasın. Əlbəttə, bu təminat firavan həyat şəraiti ilə nə qədər bağlıdırsa, sağlam təbiətlə də o qədər bağlıdır. Çünki ətraf mühitin qorunması və yaşayış ərazilərinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və bütövlükdə ekoloji təhlükəsizliyin təmin edilməsi cəmiyyətin, insan sağlamlığının davamlılıq və etibalılığına xidmət edir.
Dövlət başçısı İlham Əliyev məsələnin vacibliyini vurğulayaraq demişdir: "Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su-bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir”.
Prezident İlham Əliyev insan sağlamlığı və iqtisadi inkişaf arasındakı qarşılıqlı əlaqənin daha mühüm bir tərəfini həm də elmi cəhətdən dəyərləndirərək demişdir:"Ekologiya sektoruna qoyulan vəsait elə hesab edilməməlidir ki, bu vəsait qoyuldu və heç bir nəticə vermir. Yox, yenə də deyirəm ki, bunun nəticəsini biz gələcək nəsillərin sağlamlığında görəcəyik”.
Məntiq budur ki, yüksək sağlamlıq insan kapitalının artmasına və keyfiyyətinə təsir edir, bu da nəticə etibarı ilə iqtisadi yüksəlişə səbəb olur.

Sağlam təbiət sağlam həyat deməkdir
Nisbətən yaşlı nəsil xatırlamamış olmaz. 40-50 il bundan əvvəl kəndin yaratdığı təbiət assosiativliyi indikindən qat-qat üstün idi. İndi kəndə gedəndə kənddə olduğunu hiss etmirsən.
Bakı paytaxtdır – bizim baş şəhərimizdir. Biz Bakıya yeniyetməlik dövrümüzün ilk illərində gəlmişdik - keçən əsrin 80-ci illərində. O vaxt Bakıda yaşıllaşdırma, təmizlik və abadlıq tədbirləri sistemli şəkildə aparılırdı. Səliqə-sahman göz oxşayırdı. Hər səhər susəpən maşınlar onu seyr edənlərdə xoş bir ovqat yaradırdı.
Nümunəvi məhəllə, küçə aylıqları keçirilirdi. Hər yerdə əllərində böyük qayçılarla ağac-kol bitkilərinə qulluq edən bağbanlara rast gəlmək olurdu. Sultan şəhərimizdən heç doymaq olmurdu.

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

Mən həmin illərdə tikintidə, fabrikdə işləmişəm, sonra da tələbəlik illəri. Heç vaxt görmədim ki, kimsə gecəyə salıb bir ağac kəssin, hansısa bir yaşıllıq sahəsində səhər açılana qədər 4 dirək basdırıb üstünü də örtüklə bağlasın: indi bunu gündüzün günorta çağı edirlər.
Bakıda yaşıllıq əraziləri tükənmək üzrədir. Qalanlar isə iaşə obyektləri ilə əhatəyə alınıb, bu cür park və bağlarda heç br mənəvi dinclik tapmaq olmur: eləcə də yaşayış binasının böyür-başındakı yaşıllıq əraziləri.
Sovet dönəmində yaşayış məhəlləri salınarkən memarlar, inşaatçılar birgə səylə bu ərazidə yaşayacaq insanların mədəni-məişət şəraitini kommunal rahatlıqları ilə üzvi şəkildə əlaqələndirərək həll edirdilər. Adambaşına düşəcək yaşıllıq ərazisi belə hesaba alınırdı. Yeni salınan məhəllələrdə insanların bütün məşət qayğılarının kompleks həlli nəzərdə tutulurdu : uşaqlar üçün meydançalar, müxtəlif idman-oyun ləvazimatları quraşdırılırdı. "Besedkalar” vardı. Yaşlı adamlar, evdar qadınlar həyətə düşüb açıq havada ünsiyyət yarada bilirdilər. Bu ərazilər indi tamam tükənib, qalanlar da "99 illik icarə müqavilələri” ilə hasarlanıb. Olan-qalan bağ-bağçaların ortasında isə diribaşlar kafe, çayxana açıblar. Di gəl, qız gəlinlər, ana-bacılar qayğısız bu parka, bağa düşüb təmiz hava alsınlar.
Artıq 10 ildən artıqdır ki, mən bu ərazidə yaşayıram. Bir dəfə şahid olmadıq ki, yaşıllaşdırma təsərrüfatının işçiləri ərazilərdə ağaclara, yaşıllıqlara xidmət etsin: tək bir dəfə 1 il yazışma və zənglərdən sonra binamızın qarşısında təhlükəli vəziyyətdə olan 6 qovaq ağacını kəsməyə gələndə bildik ki, belə qurum var.
 

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

Onda da tələm-tələsik gəlib ağacın gövdədən budaqlara ayrılan hissəsindən budayıb, ağacları yöndəmsiz hala salıb getdilər. Həyətin ümümi görünüşünə heç yaraşmır bu qurumuş kötüklər.
Bu ərazilərdəki ağaclar və yaşıllıq illərdir ancaq yağış və qar suyunun kəramətinə sığınıb yaşayır. Hansısa bir sakin yaşıllıqlara və ağaclara su vermək istəyərsə, gərək o vaxt versin ki, su idarəsinin nəzarətçiləri gəlib-gedən vaxtlara düşməsin: gördülərmi, başlarının üstünü kəsdirirlər ki, olmaz: ya sayğac qoyurlar, ya da suyu kəsirlər.
Biz hər bir təbii sərvətimizin qorunmasını alqışlayırıq. Amma bunun doğru elmi və ədalətli həllini tapmaq lazımdır.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Norma və Qaydalarında şəhər, qəsəbə və kənd yaşayış məskənlərində yaşayacaq insanların normal həyat fəaliyyətini təmin etmək məqsədilə yaradılmış kompleks təsərrüfat sahələri, xidmətlər şəbəkəsi, bir sözlə, bütöv infrastruktur yaradılması müəyyən edilib. Bu infrastrukturda yaşıllıq əraziləri, park, bağ, bağça və s. yaşıl zolaqları belə, öz əksini tapıb. İndi görək məhəllələrdə bu yaşıllıqlara qulluq edən varmı? Nə qədər qurumuş, küləkdən sınmış ağaclar var ki, ərazilərdə qalmaqdadır: onlar ərazinin estetik görünüşünü korlamaqla yanaşı, həm də təhlükə mənbəyidirlər.
Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu ictimai yerlərdə mövcud olan ağac və kol bitkilərinə, həmçinin yaşıllıqlara xidmət edən mülkiyyətçi , istifadəçi və icarəçilərinin fəaliyyətinə stimul yaratmağı nəzərdə tutur. Amma yerli idarələr nəinki bu stimulu yaradır, heç özlərinin üzərinə düşən vəzifələri yerinə yetirmirlər: MİS-lər bu xidməti yaşıllaşdırma təsərrüfatının üzərinə atır, yaşıllaşdırma təsərrüfatı da MİS-lərin üzərinə.

Məhəlləmizin zibil "dərdi"

Bu gün Bakı üçün ekzotik olan mənzərələrdən biri də məişət tullantılarının toplanması, saxlanması, daşınması və zərəsizləşdirilməsi ilə bağlı problemlərdir. Tullantıların idarə edilməsi sisteminin təşkilində ciddi qüsurlar var.
Bakının şəhərətrafı rayonlarında vəziyyət bir qədər də ciddidir, o cümlədən Xətai rayonunun 96 nömrəli Mənzil İstismar Sahəsinin xidmət göstərməli olduğu ərazilərdə.
Hansı küncə-bucağa baxırsan, qalaqlanmış zibillərdir.Tullantıları toplamaq üçün qoyulmuş qablardakı zibilləri aparsalar da, qabdan aşıb tökülmüş zibilləri hər gün yandırırlar. Bu yanığın ətrafa yaydığı iyin, tüstünün, külün içində nəinki çöldə, heç evdə də durmaq olmur.
Məişət tullantılarının heç bir qayda gözlənilmədən toplanılması, saxlanılması nəticəsində zibilxanalardakı üzvi tullantıların anaerob çürüməsi baş verir və yaranan qaz (metan və karbon) ətraf mühitə olduqca kəskin və üfunətli qoxu paylayır .
Yanma zamanı müxtəlif zəhərli qazlar, o cümlədən dioksin xaric olunur. Dioksin isə insan sağlamlığı üçün çox təhlükəlidir: Belə zəhərlənmiş hava ilə nəfəs almaq ağciyər, qırtlaq xərçəngi, bronxial astma, iflic xəstəliyinə tutulma ehtimalı artırır.
İstər "Atmosfer havasının mühafizəsi haqqında” qanununa əsasən (Maddə 16.1), istər "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”na əsasən (Maddə 3.9. ) məişət tullantılarının yandırılmasına icazə verilmir.
Problemlərin bir ciddi səbəbi də xidmət sahələrinin, yerlərdə bu işləri görməyə məsul edilmiş təşkilatların laqeydliyi və məsuliyyətsizliyidir. Bu xidmət sahələri, təşkilatlar arasında koordinasiya yoxdur.

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

Halbuki, yerli icra hakimiyyətləri haqqında ƏSASNAMƏ-nin 3.7.1; 3.7.2; 3.7.3; 3.7.4-cü maddələrinə əsasən, yerli icra hakimiyyətləri insanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsini; ətraf mühitin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsini; məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görürülməsini; baş verə biləcək xəstəliklərlə əlaqədar həyata keçirilən sanitar-epidemioloji tədbirlərin və yaşayış mühitinin vəziyyəti barədə əhalinin vaxtlı-vaxtında məlumatlandırılması işini təşkil etməlidir.
Xidmət qurumları ayrı-ayrılıqda fəaliyyət göstərirlər. Bəzi sakinlər evlərini təmir etdirirlər, çıxan zir-zibili gecə ikən həyət-bacada hara gəldi tökürlər. MİS-lər bunu çox gözəl bilirlər. Harda bir taqqıltı gəldi, dərhal orda hazır olan MİS işçisi, ev baxıcıları məgər müəyyən edə bilməzmi bunu kim töküb?
Hansısa bir məqsəd üçün bina tikəndə nəinki ətrafda bir yenilik yaranır, bu məhəllədə isə, əksinə, qazıntı zamanı çıxarılan tör-töküntüləri, sal daşları ətrafa səpələyib gedirlər. Qazdıqları yeri təmir etmirlər. Kanalizasiya idarəsi hər dəfə xətdə tutulmalar olanda kanalizasiya quyusundakı çirkabı elə quyuna yanına töküb gedirlər.
Ətraf mühitin abadlaşdırılması, sosial problemlərin həlli üçün cavabdeh olan ayrı-ayrı yerli xidmətlər öz işlərini biyara görən kimi edirlər.
Problemlərlə əlaqədar sakinlər Xətai rayon 96 saylı Mənzil İstismar Sahəsinin rəisinə müraciət ediblər, mən də bir neçə dəfə müraciət etmişəm. 96 saylı MİS rəisi hər dəfə müxtəlif bəhanələr gətirib, söz verib, amma əməl etməyib.
Məhəlləmizdə zibil yeşiklərinin yerləşdiyi 2 "meydança” var . 47 nömrəli bina üçün nəzərdə tutulmuş meydançada 4 sınıq-salxaq yeşik , 49 nömrəli bina üçün nəzərdə tutulan meydançada isə 2 bu cür yeşik qoyulmuşdur. Bu məhəllədə 1 məktəb, 1 sağlamlıq mərkəzi, 1 bağça, ATS, müxtəlif xidmət sahələri və ticarət obyektləri var. Xidmət müəssisələri, mağaza, bağça, məktəb üçün ayrı meydança olmalıdır, amma adlarını sadaladığım müəssisə və obyektlər öz tullantılarını 49 saylı binanın qarşısındakı yeşiklərə (cəmi 2 yeşik) atırlar.

 

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

 

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

 

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

Uşaqlar və onları müşayiət edən valideynlər hər gün bağçaya və məktəbə həmin çirkli və üfunətli yeşiklərin yanından keçib gedir, qayıdanda yenə bu mənzərə ilə qarşılaşırlar. Blokdan çıxandan ətrafda heç bir gözəllik, abadlıq görməyən uşaqlar sonda üfunətli zibil tör-töküntülərini, çirkabı tapdalayıb, dərsə bu mənzərənin doğurduğu təəssüratla daxil olurlar. İşə gedənlər də belə. Hər gün bu yeşiklərin ətrafına qida axtaran sahibsiz-it pişiklər cəm olur, bu, özü də sakinlər üçün bir təhlükə yaradır .
Metal tutumlar , nə də tutumların yerləşdiyi meydança heç vaxt dezinfeksiya olunmur. Maye çirkablar küçə boyu axır: yağışda suya qarşıb daha çox ətrafa yayılır, istidə isə buxarlanıb insanların nəfəsinə.
Mövcud qaydalara görə, hər bir iaşə obyektlərinin, dükan və s. alış-veriş mərkəzlərinin yanında, heç olmazsa, 10 litr tutumu olan zibil qabları yerləşdirilməlidir.
Məişət tullantıları çeşidlənməlidir və istehsal (sənaye) , istehlak (kommunal-məişət) və təhlükəli tullantılar ayrı-ayrı qablara toplanmalıdır. Nüxtəifxarakterli tullantıları eyni qablarda toplamaq yolverilməzdir.
Amma adlarını çəkdiyim hər iki meydançada məişət tullantıları fərq qoyulmadan eyni yeşiklərə atılır.
Metal tutumlarının ağzı bağlı olmalıdır: iyi-qoxusu ətrafa səpələnməsin deyə, siçan, it-pişik darışmasın deyə, milçək, ağcaqanad cəm olmsın deyə. Bakı küləkli şəhərdir. Mövcud vəziyyətində ağzıaçıq metal tutumlarındakı kağız parçalarını, selofan torbalarını külək ətrafa yayır.

                            "Qədərsiz olsa çörək, qədirsiz olur demək?!"             
 
                                                                  Qədərsiz olsa çörək,
Qədirsiz olur demək?!
 
Qabil  
                  
Məişət tullantısı olsun, istehsalat tullantısı olsun, fərqi yoxdur, çörək heç bir tullantı qrupuna aid edilməyib. Amma həyatımızın ən qiymətli neməti, andımız-amanımız olan çörəyi zibillik meydançalarına atırlar, yaxşı halda selofan torbalarda zibil yeşiyinin gövdəsində bir ilişik tapıb ordan asırlar.
Nə qədər acınacaqlı olsa da, belədir.
Lap pəncərə, qapı səkilərinə qoysunlar, hansısa ağacın budağından, hansısa bağın qapısından assınlar , yenə çörəyə belə laqeyd, nankor münasibətə haqq qazandıra bilməz.
Bu yazını hazırlayarkən izlədiyim türk mətbuatında Türkiyə Çörəkçilər Federasiyasının Prezidenti Xəlil İbrahim Balcının Türkiyədə çörək israfı iə bağlı bir açıqlamasına rast gəldim . X.İ. Balcının sözlərinə görə , Türkiyədə hər gün hasil edilən 91 milyon çörəkdən 5 milyona yaxını yeyilməyib tullantıya çevrilir. 1 ildə bu şəkildə israf olunan çörəyin puluna neçə-neçə bağça, məktəb, xəstəxana inşa etməyin mümkündür.Səbəb nə olursa-olsun: artıq istehsal edildiyindənmi, keyfiyyətli bişirilmədiyindənmi, uyğun şərtlərdə mühafizə edilmədiyindənmi, ucuz olduğundanmı, harınlıqdanmı, mahiyyət eynidir.
Azərbaycanda da belədir.

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

Demək istəməsək də, konkret rəqəmlər söyləyə bilməsək də belədir. Hər gün gözlərimiz önündən gəlib keçir bu tullantılar. Əgər bu halı da ört-basdır ediriksə, çörək israfını gizləyiriksə, doğrudan, "qədirsiz olacaq” çörək: amandı olmasın.
Mayın 6-da Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" adlı plenar sessiyadakı çıxışı zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva bu məqama xüsusi olaraq diqqəti cəlb etmişdir.
Ərzaq təhlükəsizliyini sülh və davamlı inkişaf ilə birbaşa əlaqədə olduğunu qeyd edən Leyla Əliyeva bəşərin taleyi üçün narahatçılığını ifadə edərək belə demişdir: "...biz çox məyusuq ki, XXI əsrdə bütün dünyada 870 milyon insan hələ də aclıqdan və azqidalanmadan əziyyət çəkir. Bu, elə vaxtda baş verir ki, ərzağın və ərzaq məhsullarının üçdəbir hissəsi qlobal səviyyədə tullantı kimi atılır.”
Bircə gün çörək zavodlarında fasilə yaransa, problemin ciddiliyini düşünə bilirikmi? Biliriksə, hər gün özlərimiz qarşısında tullantıya atılan çörəklərə görə niyə narahat olmuruq?
Çörəyin qiyməti ona sonsuz ehtiram bəslənilməklə dəyərləndirilməlidir, çörək həyat ölçüsü kimi qorunmalııdır.
İstər çörəyə münasibətdə, istər məişət tullantılarının idarə edilməsinə münasibətdə aidiyyəti qurumlarla yanaşı, hər bir kəsin üzərinə də böyük vəzifələr düşür.

Problemin əlacı

Azyaşlı uşaqlar tutumlara zibil daşımamalıdır, çünki boyları çatmadığından onlar tullantı dolu torbaları ya yeşiklərin yanına atır, ya da yuxarı atanda tullantılar geri qayıdıb ətrafa səpələnir.
Bunların qarşısını almaq, heç olmazsa, minimuma endirmək üçün işləmək lazımdır, sakinlərlə iş aparmaq lazımdır, həm də məktəbin, poliklinikanın, bələdiyyənin, sahə müvəkkilliyinin əməkdaşlığı ilə.
Problemin həllində insanların, hökumət, qeyri-hökumət təşkilatlarının sistemli və qətiyyətli işləməsi lazımdır.
Poliklinikalarda, məktəblərdə bununla bağlı söhbətlər təşkil etmək olar, böyüklərə müraciətlər yazıb poliklinikaların, məktəbin divarlarına yapışdırmaq olar. Böyüklərə izah olunmalıdır ki, onların hara gəldi atığı zibillər, mövcud metal tutumlarından necə gəldi istifadə nəticəsində yaranan üfunət, çirkab digər bir formada özlərinə qayıdır, uşaqlarına qayıdır. Uşaq və körpələrin orqanizmi həssas olduğundan onlar antisanitariya vəziyyətinin yaratdığı xəstəlik və infeksiyalara daha tez tutulurlar.
Bu gün Bakı şəhərində kütləvi informasiya vasitələrində verilən məlumatlara istinad etsək, 3000-ə yaxın zibiltoplama məntəqəsi var. Nizamsız olaraq hara gəldi toplanan-atılan zibilxanaları da bu saya əlavə etsək, Abşeron yarımadasında ekoloji problemin ciddiliyini qəbul etməmək olmur.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, məişət tullantılarının idarə olunması sisteminin səmərəli fəaliyyət göstərməsi üçün ən uğurlu həll yığılma, çeşidlənmə, daşınma, saxlanma, emal, istifadə, utilizasiya və zərərsizləşdirilməsi kimi mərhələləri düzgün və sistemli həyata keçirməkdən ibarətdir.
Prezident İlham Əliyevin sərəncamı ilə "Təmiz Şəhər” ASC-nin yaradılması, onun maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı tədbirlər, eləcə də 2009-cu ildə Fransanın CNİM S.A. şirkəti tərəfindən tikintisinə başlanan Balaxanı zibil emalı zavodu mövcud problemin uğurlu həllinə zəmanət verir. Amma vətəndaşların özlərinin də ekloji mədəniyyəti yüksək olmalı, bu məsələyə şüurlu yanaşması lazımdır.
Hər mənzil bir şəxsin, bir ailənin yaşayış məskənidir. Evimizi necə təmiz saxlamağa borcluyuqsa, həyətimizi, məhəlləmizi, rayonumzu, şəhərimizi, bütövlükdə ümumi evimiz olan Azərbaycanı eləcə təmiz saxlamalıyıq.
Qarşıda yay fəsli gəlir. Şəhər təsərrüfatının kommunal sahəsi üzrə məşğul olan mütəxəssislərin sözlərinə görə, yay vaxtı məişət tullantılarının miqdarı qış vaxtında olduğundan , təxminən, 48 faiz artıq olur. Turistlər də ölkəmizə, əsasən, yay fəslində gəldkləri üçün bu faiz bir qədər də yüksələcək.
Azərbaycan Respublikasının Sanitariya-Epidemioloji Salamatlıq Haqqında Qanunu Azərbaycan Respublikası vətəndaşlarının əlverişli ətraf mühitdə yaşamaq hüququnu birmənalı olaraq təsbit edir.
Qanun həmçinin vətəndaşların sağlamlığının qorunması, əlverişli ətraf mühitdə yaşamasının təmin edilməsi sahəsində dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrini də müəyyən edib. Həmin vəzifələrin həyata keçirilməsi üçün icra orqanı Azərbaycan Respublikasinin Dövlət Sanitariya-Epidemioloji Xidmətidir, xidmətin yerli qurumlarıdır.
İstər Dövlət Sanitariya-Epidemioloji Xidmətinin, istər Ekolologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitoring Departamentinin, istərsə də Mənzil Kommunal Təsərrüfatı Birliklərinin birlikdə, əlaqəli şəkildə fəaliyyət göstərməsi daha səmərəli ola bilər.
Mətbuatla, televiziya, qeyri-hökumət təşkilatları ilə birlikdə məktəblərdə, səhiyyə müəssisələrində, yaşayış məhəllələrində maarifləndirmə işləri aparılmalıdır. Televiziya, mətbuat bu sahədə maarifləndirməni daha təsirli edər.
Bu fəaliyyət davamlı aparılmalıdır, monitorinqlər keçirilməli, müəyyən mənada qanunların gücündən istifadə edilməlidir.
"Sağlam Təhsil - Sağlam Millət”, "Sağlam təbiət-sağlam cəmiyyət" kimi devizlərlə təşkil olunan layihələrin sayını artırmaq lazımdır. Çalışmaq lazımdır ki, belə layihələr təkcə təşəbbüs, layihə olaraq qalmasın, həm də ekoloji həyatımızda bir oyanma yaratsın, təbiətimiz bu layihələrdən yeni bir qayğı, yeni bir sığal hiss etsin. Gənc nəsillərdə ekoloji təsəvvür olmadan bu işləri həyata keçirmək olmaz, onlarda təbiətə, torpağa qədirşünaslıq duyğuları formalaşdırmaq olmaz.

Qardaş Türkiyənin təcrübəsindən

Mövzu ilə bağlı çoxlu mənbələr izlədim bir çox ölkələrin bu xidmətlə bağlı praktikaları ilə tanış oldum. Dünya ölkələrində bu məsələyə çox ciddi yanaşırlar və bu səbəbdən də məişət tullantılarının nümunəvi təşkilinə, zərərsizləşdirilməsinə, təkrar istifadəsinə nail olublar. Onlar hər çeşid tullantı üçün ayrıca konteyer yerləşdirirlər.
Məsələn, qardaş Türkiyədə məişət tullantıları biotullantılar(qida qalıqları, quru və ya xarab olmuş məhsullar, meyvə və tərəvəzlərin qabıqları); makulatura (qəzet, jurnal, ofis kağızları, kitab cildləri və s.); təhlükəli tullantılar (köhnə batareyalar, ayaqqabı mazı, boya qabları, köhnə dərmanlar, kimyəvi maddələr və dərman butulkaları, uşaq pampersləri (
körpə bezi tullantıları məişət zibillərin, orta hesabla, 2 % -ni təşkil edir), eləcə də dəmir, şüşə, polietilen və s tullantılar hər biri öz təyinatına görə ayrı-ayrı konteyerlərə toplanır, bu, həm infeksion xəstəliklərin yayılmasının qarşısı alınır, həm də tullantılar təkrar emal zavodlarına daha yararlı şəkildə çatdırılır.
 

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

Türkiyədə metal tutular o qədər təmiz, estetik cəhətdən zövqlə hazırlanır ki, küçədən keçərkən onun zibil yeşiyi olduğu bilinmir və hər gün də dezinfeksiya olunur. Bələdiyyələr bu xidmətdə böyük fəallıq göstərirlər.
Amma biz bələdiyyənin ancaq adını eşidirik.
Çox ciddi bir problem də zibil maşınları və və bu xidmətin işçiləri ilə bağlıdır. 96 nömrəli MİS-in ərazisində elə bir "zibil meydançası” yoxdur ki, metal tutumlar paytaxt şəhərin ab-havasına uyğun olsun:hamısı darmadağın. Ondan istifadə edənlər elə bil bu yeşiklərə yağı malı kimi baxırlar. Belə münasibətlə biz hara gedə bilərik? Mənə belə gəlir ki, zibildaşımaqla məşğul olan nəqliyyat vasitələri heyəti hər birinə neçə zibillik ərzisi ayrılıbsa, çox qısa müddətdə tələm-tələsik tutumları boşaldıb "sərbəst” olurlar. Halbuki, hər zibillik sahəsində tutumların boşadılması, sonra qaydasınca yerinə qoyulması üçün normal vaxt ayrılsa və ilk məntəqədə və son məntəqədə olma vaxtları nizamlansa, onda belə qaçaqaç işləməzlər, tutumları zərblə qaldırmazlar, zərblə də yerə endirməzlər.
Bir ciddi məsələ də MİS-lərdə çalışan süpürgəçilərin işinin çox, maaşlarının az olmasıdır. Axı bir süpürgəçi təkbaşına bu qədər ərazini süpürə bilməz. Onların deməsinə görə, 150 manat əməkhaqqı alırlar. Mən yollarda təmizlik işləri aparan süpürgəşilərin bir neçəsi ilə söhbət etmişəm. Məsələn, 200-300 metr küçəni süpürən şəxs 350 manat alır, amma MİS-in
nə boyda ərazisini süpürən süpürgəçi 150 manat. Mənə görə, MİS süpürgəçilərinin iş çəkisi yol süpürgəçilərinin iş çəkisindən çoxdur. Bu xidmətdə çalışan insanların əməyinin stimullaşdırılması işin keyfiyyətinə təsir edə bilər.

"Kağızdır, kartondur” deyib keçməyin

Elmi, texniki və ya insanın özü ilə bağlı olsun, fərqi yoxdur, bir çox səbəblərdən biosfer (Yer kürəsində canlı həyatın yayıldığı sahə) irimiqyaslı dəyişilmələrə məruz qalmışdır. Həyat ünsürləri olan suyun, havanın, torpağın keyfiyyəti getdikcə pisləşməkdədir . İbtidai daş alətlərdən reaktiv mühərriklərəcən inkişaf yolu keçmiş insanlar bu gün sülh və tərksilah, demoqrafiya və ərzaq problemləri ilə yanaşı, zəlzələ, sunamilər, fırtınalar, vulkan püskürmələri, tornadolar və s. qlobal ekoloji problemləri də düşünməli, onun həlli üçün birgə səy göstərməlidirlər. Bu məsuliyyət insanlara bağça və məktəb yaşlarından aşılanmalıdır. Uşaqlar əgər bu gün suyun, otun, ağacın, küləyin, yağışın, qarın, arının dilini bilməsə, bu problemləri gələcəkdə onlar hecə həll edə bilərlər?
Bu gün bir ağacın insan həyatındakı əhəmiyyətini bilməyən və yaxud ağacın yalnız oksigen təminatçısı olduğunu bilən uşaq, yeniyetmə, gənc heç oksigen təhlükəsizliyi barədə də düşünməyəcək. Qəpik-quruşla aldığı şagird dəftərinə bir ağacın yarpağı kimi baxa bilməyəcək. Biz əgər uşaqlara isifadə etdiyi dəftər, kitab və jurnallardan özlərindən sonra da kimlərsə də istifadə edə bilsin deyə ehtiyatla istifadə etməyi öyrədə bilsək, əllərinə keçən kağız və karton materiallarını makulatura kimi toplamağı öyrədə bilsək, onda ağacı sevməyi də öyrətmiş olarıq.
 

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

1 ton kağız istehsalı üçün 17-24 ədəd ağac lazımdır. Tullantı kağızları təkrar istehsal yolu ilə yenidən istifadəyə qaytaran zaman ağacdan ilk olaraq istehsal edilən kağızlara nisbətən 70% daha az enerji lazım gəlir. Hər 1 ton kağızın yenidən kağız kimi istifadəyə qaytarılması 17 ağacı qorumaq deməkdir, ən azından 298 litr neftə, 26 500 lt suya, 41 000 kilovat enerjiyə qənaət deməkdir. Görün, biz uşağa nə öyrətdik: ağacın həyatımız üçün oksigen təminatçısı olduğunu, meyvəsindən qidalandığımızı, materialından bu və ya digər əşyalar hazırlandığını, müalicəvi əhəmiyyətini, kölgəsində dincəldiyimizi və s. Eyni zamanda təkrar emalda iştirak etməklə həm iqtisadiyyatımıza fayda verdiyini, həm də ekoloji təhlükəsizliyə xidmət edəcək 17 ağacı xilas etməyi.

"Hərəmiz bir ağac əkək!” və ya "Vahid Yer kürəsi – vahid gələcək”

Biz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun prezidenti işləyərkən "Hərəmiz bir ağac əkək!” devizi ilə keçirilən aksiyalarda milyonlarla yeni ağac və kol əkildiyini yaxşı xatırlayırıq və ölkəmizin Birinci xanımını həm də təbiətimiz üçün Xoşməramlı Səfir kimi qəbul edirik.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir. Yadınızdadırsa, Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin 2014-cü ilin fevral – aprel ayları ərzində Bakı şəhərində "Hər kağızı bir yarpağa dəyişək” layihəsinin pilot fazası həyata keçirilmiş və 79 tona yaxın kağız toplanaraq təkrar emal müəssisəsinə göndərilmişdi. Daha sonra bu layihə 18 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, IDEA İctimai Birliyi və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə davam etdirilmiş və ilkin olaraq 4 saylı Bakı "ASAN xidmət” mərkəzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və digər struktur bölmələri, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Sabunçu rayon İcra Hakimiyyəti və digər qurumlar tərəfindən 10 tondan çox kağız tullantısı toplanılmışdı. "Hər kağızı bir yarpağa dəyişək” aksiyası çərçivəsində Balaxanı poliqonunda 5 min kv.metr ərazi isə yaşıllaşdırılmışdı. Belə tədbirlər onlarladır və bu gün də davam etdirilməkdədir.
 

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

Məqsəd gənclərin və beynəlxalq ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına cəlb etmək, cəmiyyəti maarifləndirməkdir. Balaca da, böyük də ətraf mühitə, təbii sərvətlərə belə cavabdehliklə yanaşarsa, "hər kağızı bir yarpağa dəyişək” niyyətinə qoşularsa, biz şəfaverici niyyət və əməllərimizlə ətraf mühiti sağlamlaşdıra bilərik, qoruya bilərik, gələcək nəsillərə sağlam ötürə bilərik.
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla xanım Əliyevanın ətraf mühitin təhlükəsizliyi və ərzaq təhlükəsizliyi naminə mədəniyyətlərarası dialoq çağırışları hesab edirik ki, artıq bir ölkə üçün deyil, plametimiz üçün bəşəri çağırışlardır. Bu ilin may ayının 6-da Leyla Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda keçirilən "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" adlı plenar sessiyadakı çıxışı zamanı demişdir: "Bu plenar sessiyada çıxış etməkdən olduqca məmnunam, onun mövzusu FAO-nun xoşməramlı səfiri və ətraf mühit carçısı kimi mənim üçün çox əhəmiyyətlidir...
...Təbii ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsi, əslində, ənənəvi kənd təsərrüfatı biliklərinin yayılmasına, onların qorunub saxlanılmasına xidmət edir. Başqa sözlə desək, biz gərək əminliklə səylərimizi birləşdirək ki, məhsullarımız gələcəyimizin məhsulu olsun. Təbii ki, ərzağın bölüşdürülməsi özü-özlüyündə mədəniyyətlərarası dialoqun bir formasıdır. Çünki mətbəx mədəniyyəti insanlara bir-biri ilə bir araya gəlmək, həmçinin stereotipləri aradan qaldırmaq və müxtəlif həyat tərzlərini anlamaq üçün bir vasitədir...
...Bizim şüarımız belədir: "Vahid Yer kürəsi – vahid gələcək”. IDEA-nın layihələrinin miqyasına gəldikdə, biz təhsil, maarifləndirmə, tullantılarla mübarizə, dayanıqlı inkişaf mövzularında işləyirik...
...Biz dinimizdən, irqimizdən, adət-ənənələrimizdən asılı olmayaraq, hamımız eyni planetdə yaşayırıq. Bizim ümumi gələcəyimiz var. Ekologiyanın sərhədləri yoxdur. Əsl reallıq onu göstərir ki, bu gün insanın fəaliyyəti, antropogen amillər təbiətin qanunlarını pozur və bizə böyük fəlakətlər gətirir. İnsanlar sahib olduqları zənginliklərin dəyərinin qədir-qiymətini bilməlidirlər”
 

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

49 nömrəli   binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz