» » Tarixdə bu gün - 9 noyabr

Tarixdə bu gün - 9 noyabr

Müəllif: Dəyanət от 9-11-2017, 00:15
9 noyabr

İilin 313-cü günü
İlin sonuna 52 gün qalır.

Mühüm hadisələr:

1918 — Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edilmişdir.

1938 — Berlində faşitlər tərəfindən 7 min yəhudi dükanı dağıdılmış, yüzlərlə sinaqoq yandırılmış, çox sayda yəhudi qətlə yetirilmişdir.

1991 — Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq Türkiyə tanımışdır.

Doğum günləri:

Tarixdə bu gün - 9 noyabr1818 — Məşhur rus yazıçısı İvan Turgenev Oryol şəhərində dünyaya gəlib. Atası Sergey Nikolyayeviç o dövrün tanınmış zabitlərindən olub. Anası Varvara Petrovna isə varlı bir saray ailəsindən olub. 1827-ci ildə Sergey Tugenev övladlarına təhsil vermək üçün Moskvaya köçüb.
1833-cü ildə 15 yaşlı Turgenev Moskva universitetinin filologiya fakültəsinə daxil olub. Bir il sonra onlar Peterburqa köçüb və buna görə Turgenev təhsilini Peterburq universitetində davam etdirməli olur.
1838-ci ildə elmlər namizədi dərəcəsinə yiyələnən şair Almaniyaya köçür. Berlində məskunlaşan Turgenyev qədim latın və yunan dillərini yaxından öyrənir.
1842-ci ildə vətəninə qaytmaqla yazıçı, ədəbiyyat sahəsində fəaliyyətə başlayır. 1846-cı ildə "Bretter" və "Üç portret" povestlərini qələmə alır. Daha sonra o "Mumu", "Yakov Pasınkov", "Sakitlik" kimi əsərləri ilə oxucularını sevindirir. O ən böyük romanları toplandığı "Nov" adlı kitabını 1860-cı ildə artıq Parisə köçdüyü zaman dərc etdirir.
Yazıçı 1883-cü ildə elə Parisdə vəfat edib.

 

Tarixdə bu gün - 9 noyabr1926 — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının Xalq rəssamı Davud Mehdi oğlu Kazımov Bakıda anadan olmuşdur. Sənətin sirlərini ilk olaraq Azərbaycanın xalq rəssamı Kamil Xanlarovun rəssamlıq dərnəyində alıb. 1945-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1947-ci ildən isə respublika və ümumittifaq sərgilərinin daimi iştirakçısı olmuşdur. Yaradıcılığının erkən dövrlərində çəkdiyi "Zuğulba", "Dəniz sahili" kiçik həcmli lirik mənzərələr olub.
Rəssamın yaradıcılığında əmək mövzusu əsas yerlərdən birini tutur. Sonrakı illərdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, etnoqrafik incəllikləri, rəngarəng milli geyimləri rəssamın yeni mövzuları olub.
Bu səfərlərindən gətirdiyi bir sıra etüdləri əsasında işlədiyi əsərlər dəfələrlə Azərbaycan və SSRİ sərgilərində uğurlar qazanıb. "Xəzərin təkində", "Sağıcılar", "Yollar" və əsərləri xüsusi fərqlənir.
Davud Kazımov Azərbaycan təsviri sənətində qrafika ustası kimi də tanınır. O, kitab illüstrasiyası sahəsində daha çox çalışıb. Onun illüstrasiyaları arasında Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmləri qeyd olunur.
"Neft daşları"nda Xəzər neftçilərinin həyatı rəssamın üstünlük verdiyi mövzularından biri olmuşdur. O, dəfələrlə dəniz şəhərində müşahidələrini rəsm albomuna köçürüb, etüdlər edib. Bütün bunlar sonralar süjetli tablolara, mənzərələrə, portretlərə çevrilib.
Davud Kazımov bir çox xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Rəssam 1979-cu idə Bolqarıstanda, 1980-ci ilin sonunda İspaniyada səfərdə olub, bu səfərlərin nəticəsi olaraq, yaradıcılığında xüsusi yer tutan "Bolqarıstan silsiləsi" və "İspaniya silsiləsi"nə daxil olan əsərlərini yaradıb.
Xalq rəssamının əsərləri Almaniya, Çexoslovakiya, İtaliya, İraq, Türkiyə və başqa ölkələrdə nümayiş etdirilib. Hazırda rəssamın bir sıra əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Tarix Muzeyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində nümayiş etdirilir.
Davud Kazımov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru kimi çalışıb və rəngkarlıq fakültəsində pedaqoq kimi fəaliyyət göstərmişdir.
14 fevral 2015-ci ildə Bakıda vəfat etmişdir.
 
Tarixdə bu gün - 9 noyabr1954— Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru Siyavuş Əşrəf oğlu Kərimi Bakıda dünyaya gəlib.
1961-69-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969-72-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, ustad musiqiçi Əhsən Dadaşovun tələbəsi olub. 1972-77-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, "Azkonsert", "Aşıqlar" qrupunun, "Cəngi" estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb.
S.Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S.Kərimi "Sarı gəlin", "Sonuncu döyüş", "Əlvida, cənub şəhəri", "Girov" və s. geniş ekranlı bədii, 9 seriyalı "Heydər Əliyev" televiziya filmlərinin, 2 animasiya filminin və 10 teatr tamaşasının musiqi müəllifidir. 2003-cü ildə Akedemik Milli Dram Teatrının səhnəsində qoyulan "Hamlet" tamaşasına yazdığı musiqiyə görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. S.Kərimi "Saz məktəbi" dərsliyinin həmmüəllifi, iki cilddən ibarət "Azərbaycan xalq mahnıları" məcmuəsinin tərtibçisidir.Siyavuş Kərimi 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

 

Vəfat etmişdir:

Tarixdə bu gün - 9 noyabr1914Məhəmmədəli şah diktaturasına qarşı Məşrutə inqilabının görkəmli xadimi, əsas liderlərindən biri və xalq qəhrəman Səttar xan 46 yaşında vəfat etmişdir.
20 0ktyabr 1868-ci ildə Təbrizdə doğulmuşdur.
 
20-ci yüzilliyin əvvəllərində Təbrizdə üsyan qalxmışdı. Xalq konstitusiya qəbul olunmasını tələb edirdi. Ölkə, əslində, işğal altında idi. Xarici ölkələrdən yarımasılı vəziyyətdə idi.
Dövlətin təpədən-dırnağa qədər silahlanmış qoşunu Təbrizə yeridi. Təbrizin igidləri — fədailər 40 minlik şah qoşunu ilə ölüm-dirim mübarizəsinə qalxmışdılar. Bu, xalqın azadlıq mübarizəsi idi.
Hər cür silahlara malik olan və çox güclü silahlanmış şah qoşunları əvvəlcə üstünlüyü ələ ala bildilər. Şəhərin hər yerində ağ bayraqlar qaldırılmağa başlanmışdı.
Bircə Təbrizin Əmirəqız məhəlləsində hələ də qızğın döyüşlər gedirdi. Bu döyüşlərə Səttarxan başçılıq edirdi. Üsyançılar silahlı şah qoşunlarına qarşı ölüm-dirim mübarizəsində qəhrəmancasına vuruşur, təslim olmağı ağıllarına belə gətirmirdilər.
Əhali heyrətə gəlmişdi: böyük bir qoşun 50—60 nəfər fədaiyə qarşı hücumda heç bir nəticə əldə edə bilmirdi. Fədailər nəinki özlərini müdafiə edə bildilər, hətta Səttarxanın başçılıq etdiyi 17 fədai başqa bir qəhrəmanlıq da göstərdi: onlar Əmirəqız məhəlləsindən başlayaraq şəhərin mərkəzinə qədər bütün küçələrdə damların və darvazaların üzərindən asılmış ağ bayraqları güllə ilə vurub saldılar. Bu gözlənilməz hadisədən əhali həm heyrətə gəldi, həm də ruhlandı. Səttarxanın dəstəsinin vurub saldığı ağ bayraqlar əvəzinə, qırmızı bayraqlar qaldırıldı. Qırmızı bayraqları görüb ruhlanmış adamlar meydana toplaşdılar. Şah qoşunlarını şəhərdən qovub çıxarmaq qərara alındı.
 
Bu vuruşmalarda göstərdikləri igidlikləri ilə seçilən Səttarxan, Bağır xan və başqaları üsyanın rəhbərləri oldular. Bu rəhbərlər içərisində Səttarxan və Bağır xan xüsusilə şöhrətlənmişdilər. Səttarxanı «Sərdari milli» (millətin başçısı), Bağır xanı isə «Salari milli» (millətin sərkərdəsi) adlandırmağa başladılar. Üsyançıların hərbi qüvvələrini nizama salmaq və möhkəmləndirmək üçün hərbi şura yaradıldı. Şuraya Səttarxan və Bağır xan başçılıq edirdilər.
Təbriz alınmaz qalaya çevrilmişdi. Bunu görən şah özünün, az qala, bütün hərbi qüvvələrini Təbrizə yeritdi.
1909-cu ilin əvvəllərində şah qoşunları Təbrizi mühasirəyə aldı. Təbrizlilər qəhrəmanlıqla vuruşurdular. Qadınlar da kişilərlə bir yerdə döyüşürdülər.
Bir il keçdikdən sonra şah hökumətinin dəvəti ilə Səttarxan və Bağır xan 100 nəfərlik fədai dəstəsi ilə Tehrana gəldi.
Hökumət xalqdan qorxaraq açıq vuruşma yolu ilə onu tərk-silah etməyə cəsarət göstərmədi. Buna görə də onlar hiyləyə əl atdılar. Gecəyarısı yuxuda olan Səttarxan və fədailər üzərinə basqın etdilər. Döyüş zamanı Səttarxan ağır yaralandı.
Xalqımızın azadlığı uğrunda mübarizə aparan şanlı qəhrəmanlar sırasında Səttarxan xüsusi yer tutur. Xalqımız Səttarxana dastan və nəğmələr qoşmuşdur. Onun şərəfinə bədii əsərlər — roman və şeirlər yazılmışdır. Təbrizdə Səttarxana abidə qoyulmuşdur. Şəhərin küçələrindən birinə onun adı verilmişdir. Səttarxanın əziz xatirəsi, yenilməz mübarizə ruhu xalqımızın qəlbində əbədi yaşayır. Azərbaycan xalqı və müqəddəs Vətənimiz yaşadıqca onun adı iftixarla yad ediləcək.

1970 — Şarl de Qoll, Fransa prezidenti, general

Tarixdə bu gün - 9 noyabr1973 — Xalq artisti,  aktyor  Rza Əfqanlı  74 yaşında vəfat etmişdir.
Rza Rüstəm oğlu Cəfərzadə (Rza Əfqanlı) 1899-cu il mayın 15-də İran Azərbaycanının Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada Çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib.
1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb.1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb və paralel olaraq 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib. 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933-1934-cü il teatr mövsümündə Türkmənistan respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb.
Rza Əfqanlı müxtəlif illərdə Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" (Tavad Orbeliani), "Köhnə dudman" (Bədəl), "Baba yurdunda" (İsgəndərzadə), "Pəri cadu" (Qurban), "Dağılan tifaq" (Nəcəf bəy), Cəfər Cabbarlının "Od gəlini" (Rəbi, Aqşin və Elxan), "Oqtay Eloğlu" (Oqtay), "Sevil" (Balaş və Əbdüləli bəy), "1905-ci ildə" (General-qubernator), "Aydın" (Dövlət bəy), Vilyam Şekspirin "Otello" (Yaqo), "Hamlet" (Horatsio), "Kral Lir" (Edmund), Hüseyn Cavidin "Knyaz" (Anton), "Şeyx Sənan" (Platon və Şeyx Sənan), Aleksandr Suxovo-Kobılinin "Kreçinskinin toyu" (Nelfin), Viktor Hüqonun "Gülən adam" (Lord Devid), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (Gavə), Konstantin Trenyovun "Düşmənlər" (Vixor Yarovay), Aleksandr Şirvanzadənin "Namus" (Seyran), Səməd Vurğunun "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad və Xosrov), Nazim Hikmətin "Türkiyədə" (Hüseyn), Mehdi Hüseynin "Nizami" (Nizami), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Paratov), Abdulla Şaiqin "Nüşabə" (İsgəndər), Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (Rüstəm bəy) əsərlərinin tamaşalarında ifa etdiyi rollar janr əlvanlığı, estetik zənginliyi ilə xarakterikdir.


1994 — Bayram Bayramov, azərbaycanlı yazıçı, Azərbaycanın Xalq yazıçısı

Bayramlar və xüsusi günlər:

 Dövlət Bayrağı Günü


Tarixdə bu gün - 9 noyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz