» » Tarixdə bu gün - 24 oktyabr

Tarixdə bu gün - 24 oktyabr

Müəllif: Dəyanət от 24-10-2017, 00:23
 
24 oktyabr

İlin 297-ci günü
İlin sonuna 68 gün qalır.

Mühüm  hadisələr

1919 - ABŞ-ın Cənubi Qafqazdakı hərbi nümayəndəsi polkovnik Qaskel Ermənistanla Azərbaycanın Naxçıvan üstündə mübahisəsini çözmək üçün bölgənin neytral zona elan edilməsi və ABŞ general-qubernatorluğunun idarəçiliyinə verilməsi təşəbbüsü ilə çıxış edib.
ABŞ rəsmisi bunun müqabilində Qarabağ və Zəngəzurun Azərbaycan ərazisi kimi tanınacağını vəd edib.
Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi ABŞ nümayəndəsinin bu təklifini rədd edib.

1992- ABŞ Konqresində keçmiş sovet respublikalarına humanitar yardımı tənzimləyən qanuna - "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəliş əlavə edilib.
Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən sənəd Azərbaycana ABŞ-ın dövlət yardımını qadağan edirdi.
Azərbaycan uzun müddət 907-nin ləğvi üçün səy göstərdi, yalnız 2001-ci ilin sonunda Konqres ABŞ administrasiyasının müraciət əsasında qadağanın qüvvəsini dayandırdı.

1993- Ermənistanın işğalçı qüvvələri Qarabağın cənubunda yeni hücuma keçiblər. Füzulinin Horadiz qəsəbəsi ətrafında və Arazboyu kəndlərində döyüşlər başlanıb.

2002- Bakıda Hüseyn Cavidin ev-muzeyi açılıb.

2008 — Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilmişdir.

Tarixdə bu gün - 24 oktyabr


2011 — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.

Doğum günləri:

Tarixdə bu gün - 24 oktyabr1882 - Görkəmli şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə) Naxçıvanda anadan olub.
 İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır. 1899-1903-cü illərdə Təbrizin "Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.
Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.
 Yaradıcılığa şeirlə başlayan Cavid ilk pyesi "Ana"nı 1910-cu ildə yazmışdı. 1937-ci ilə kimi bir-birinin ardınca 20-dən çox pyes yazan qüdrətli sənətkarımız Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoydu. "Maral",  "Uçurum", "Şeyda",  "Afət", "Peyğəmbər", "Knyaz", "Səyavuş", "Xəyyam", "İblisin intiqamı", "Atilla", "Koroğlu" ssenarisi, yarımçıq "Azər" poeması və başqa əsərlər ədəbiyyatımızın inciləri sayılır.
Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin (ilk mənzum faciə  "Şeyx Sənan", "İblis", "Topal Teymur",  "Xəyyam” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib. 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cavidin nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.

Tarixdə bu gün - 24 oktyabr1928— Görkəmli bəstəkar, Xalq artisti, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının professoru İbrahim Qurban oğlu MəmmədovBakı şəhərində anadan olub. Ali musiqi təhsilini
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında alıb. 1954-cü ildə professor Boris Zeydmanın bəstəkarlıq sinfini bitirib. Xüsusilə simfonik musiqi sahəsində əsərlər yaradıb. Bunlara misal olaraq "Qəhrəmanlıq simfoniyası", "Təntənəli uvertüra", skripka ilə orkestr üçün "Simfonik variasiyalar", "Balet süitası" və s. qeyd etmək mümkündür. Azərbaycanda ilk uşaq opera-baletinin müəllifidir. "Tülkü və Alabaş" opera-baleti 35 il ərzində Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında kiçik yaşlılar üçün yeganə milli musiqili-səhnə əsəri olmuşdur. Xor, solist və simfonik orkestr üçün "Sülhün dayağı", "Zəhmət təranələri", "Azərbaycan" kantataları, klarnet ilə estrada orkestri üçün "Rapsodiya", bir sıra kamera-vokal, kamera-instrumental əsərləri böyük maraqla qarşılanmışdır. Xüsusilə, fortepiano ilə simfonik orkestr üçün "Poema-tokkata" virtuoz pianoçu tələbələrin tədris repertuarında özünə layiqli yer tutmaqdadır.
Bəstəkarın Azərbaycanda gənc musiqiçi kadrlarının yetişdirilməsində mühüm rolu olmuşdur. 1961-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi fəaliyyət göstərərək "Solfecio", "Alətşünaslıq", "Partituranın üzündən oxunması" kimi fənnlərdən dərs demişdir.
1955-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə bu təşkilatın idarə heyətinin üzvü olmuşdur.

30 avqust 1993-cü ildə vəfat etmişdir.


Vəfat etmişdir:

 
Tarixdə bu gün - 24 oktyabr1993 — Məşhur xanəndə, şair və qəzəlxan, pedaqoq, Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynov Bakıda vəfat etmişdir.
Hacıbaba Hüseynov 15 mart 1919-cu ildə Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi Hüseynəli Hacıbaba oğlunun ailəsində anadan olmuşdur.
1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov, Zülfünün oxuduqlarını təkrar edir onu yamsılıyarmış. Dostları da gənc Hacıbabaya deyərmişlər ki, sən oxuyanda elə bilirik Zülfü oxuyur. 1941-ci ildə Böyük vətən müharibəsinin başlaması ilə, gənc Hacıbaba muğam oxumağa fasilə verib "Parkommuna" zavodunda tornaçı işləməyə başlayır. Öz dediyinə görə, ucadan olmasada, ürəyində həmişə muğam oxuyarmış. 1945-ci ildə müharibə bitəndən sonra, o zamanlar artıq tanınan xanəndə olan, həm də Hacıbaba Hüseynovun baldızı olan Sara xanım Qədimova, Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Əhməd müəllim gənc Hacıbabanı öz ansamblna işə getirir. Hacıbaba ustad həmin ansamblda üç il çalışmışdır. Güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını mənimsəyərək qəzəllər yazmağa başlamışdır. Həmin vaxtlarda Hacıbaba Hüseynov ansamblla çıxış edən xanəndələrdən, musiqiçilərdən, Əhməd Bakıxanovdan muğamın incəliklərini öyrənir və ömrünün sonuna qədər Əhməd Bakıxanovu özünün əsas ustadı hesab edir. Toylarda nağara çalan Hacıbabanı, bəzən toy sahibləri oxutdurarmışlar. Hacıbaba Hüseynov xatirələrinin birində söyləyir ki: - "Bir gün Zülfü Adıgözəlova söyləyirlər ki, bir cavan oğlan var, nağara ifa edir və oxuyur, yaman səni yamsılıyır. Zülfü məni öz yanına konservatoriyaya çağırdı və oxumaqmı xahiş etdi. Oxuyub qutarandan sonra dedi ki, yaxşı oxuyursan, amma məni yamsılama. O vaxtdan öz ifa tərzimi seçdim." Onun səs diapozonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirlimişdir.
1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra, Əhməd Bakıxanov Hacıbaba Hüseynovu Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edir. Hacıbaba Hüseynov ömrünün sonuna qədər, 30 il ərzində həmin məktəbdə dərs demiş, xanəndələr yetişdirmişdir. Xanəndənin tələbələri arasında belə görkəmli sənətkarlarımız var - Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Aqil Məlikov, Səfər Mirzəyev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə, Sahib İbrahimov və s. Görkəmli sənətkarlarımız Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə və Alim Qasımov Hacıbaba Hüseynovun birbaşa tələbələri olmasalar da, onun ifasından çox bəhrələniblər və qoyduğu məktəbin layiqincə təmsil ediblər. Hacıbaba Hüseynovun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır.
Hacıbaba Hüseynov muğamda oxunan - Rast muğamının "Üşşaq" və "Hüseyni", Novruz-rəvəndə, digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Hacıbaba Hüseynovun təşəbbüsü ilə Bayatı-şiraz muğamının "Dilruba" şöbəsi dərsliyə əlavə olunub.
Hacıbaba Hüseynov Türkiyədə, Fransada. Belçikada. İsveçrədə, Hollandiyada ,İran İslam Respublikasında rəngarəng konsert proqramları ilə çıxış etmişdir.
Mərhum prezident Heydər Əliyevin göstərişi ilə Hacıbaba Hüseynov 26 oktyabr 1993-cü ildə Birinci Fəxri Xiyabanda dəfn olunub.
 
Tarixdə bu gün - 24 oktyabr2020 — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri Sultan Mikayıl oğlu İbrahimov Vətən uğğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Sultan İbrahimov 1996-cı il aprelin 24-də Salyan şəhərində anadan olub. Salyan şəhəri 1 saylı humanitar təmayüllü məktəb-liseyi bitirdikdən sonra 2013-2016-cı illərdə təhsilini Bakı Biznes və Kooperasiya Kollecində davam etdirib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Sultan İbrahimov işğalı altında olan ərazilərimizin azad edilməsi uğrunda gedən döyüşlərdə silaha sarılıb, torpaqlarımızın bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinə qoşulub.. Sultan İbrahimov oktyabrın 24-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Salyan şəhərində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Sultan İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Sultan İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən daha bir medala - "Döyüşdə fərqlənməyə görə" medalına da layiq görtülmüşdür.
Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, Sultan İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, "Zəngilanın azad olunmasına görə" medalı ilə də təltif edilmişdir.
 
Tarixi gün və bayramlar:

1945- Birləşmiş Millətlər Təşkilatının yarandığı gündür. Birləşmiş Millətlər Təşkilatı, BMT (ing. United Nations Organization, UNO) — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdır. Hal-hazırda 193 ölkə bu təşkilatın üzvüdür. Müstəqil dövlətlərdən yalnız Vatikan BMT-nin üzvü deyil. BMT-nin qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İkinci dünya müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.
1992-ci ildən Azərbaycan Respublikası BMT-nin üzvüdür.

Tarixdə bu gün - 24 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.