» » Tarixdə bu gün - 10 oktyabr

Tarixdə bu gün - 10 oktyabr

Müəllif: Vüsal от 10-10-2016, 00:01

 

10 oktyabr

İlin 283- cü günü
İlin sonuna 82 gün qalır.

1918 -
 Bakı şəhərində  ilk yanğın komandası təsis edilmişdir. Bu, Azərbaycan Demokratik Respublikasında ilk Yanğından Mühafizə Xidməti idi.
1963 - Yerin təkində, suda və havada nüvə sınaqlarının qadağan edilməsinə dair müqavilə imzalanmışdır.
2007 - GÜAM çərçivəsində Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna prezidentləri Strasburqda Birgə Bəyannamə imzalamışlar.
2009 - İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair protokollar - "Diplomatik münasibətlərin təsis olunması protokolu" və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu" imzalanmışdır.

Doğum günləri:

1902 - Tanınmış nasir, publisist, tərcüməçi, 1936-1938-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri olmuş Seyfulla Əli oğlu Şamilov anadan olmuşdur.
Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur. 1974-cü il dekabrın 25-də vəfat etmişdir.

1907 -
Məşhur ədəbiyyatşünas, folklor tədqiqatçısı Hümmət Əlizadə anadan olmuşdur.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (1923-1929) və onun davamı olan digər elmi təşkilatların (Azərbaycan Elmi Tədqiqat İnstitutu, AzOZFAN və s.) xətti ilə xalqımıza məxsus zəngin şifahi söz sərvətinin toplanması və nəşri istiqamətində ən məhsuldar fəaliyyət göstərən folklorçular sırasında Hümmət Əlizadənin də unudulmaz xidmətləri olmuşdur. İyirminci- otuzuncu illərdə folklor ekspedisiya və ezamiyyətlərində onun qədər fəal iştirak edən ikinci bir folklorçu yoxdur. Az qala ilin çox hissəsini Azərbaycanın müxtəlif bölgələrində el ədəbiyyatı nümunələri toplamaqla keçirən Hümmət Əlizadənin fədakar toplayıcılıq və nasirlik fəaliyyəti nəticəsində çoxsaylı folklor kitabları işıq üzü görmüşdür. Bu sıradan onun elmi ictimaiyyətə təqdim etdiyi ilk folklor kitabı 1929-cu ildə ATTC-nin nəşriyyatında buraxdırdığı "Azərbaycan el ədəbiyyatı" (Birinci hissə) məcmuəsidir. Həmid Sultanov və Hənəfi Zeynallının müştərək redaktorluğu altında buraxılmış bu kitaba Hümmət Əlizadənin Qazax və Gəncə qəzalarından toplamış olduğu xalq nağılları daxil edilmişdir. Poliqrafik ölçüsü 26x13 sm. olan 157 səhifəlik kitabın tirajı min nüsxə, qiyməti isə iki manatdır. Annotasiyada məcmuənin Azərbaycanı Öyrənən Cəmiyyət – Türkoloji bölməsinin Xəlqiyyat yarımbölməsində hazırlandığı göstərilmişdir.
Hümmət Əlizadənin dastanların toplanması və nəşri sahəsindəki dəyərli, unudulmaz fəaliyyətinin mühüm bir istiqaməti də "Koroğlu" eposunun Azərbaycandakı ilk geniş həcmli nəşrini gerçəkləşdirməsi ilə bağlıdır. İyirmi-otuzuncu illərdə mütəmadi şəkildə Azərbaycanın əsas aşıq bölgələrinə elmi ezamiyyətə yollanan görkəmli folklorçunun xüsusi diqqət yönəltdiyi bir məsələ də ustad aşıqların repertuarından "Koroğlu" dastanının müxtəlif qollarını yazıya almaq olmuşdur.
Hümmət Əlizadə Azərbaycan şifahi xalq ədəbiyyatının lirik qanadına mənsub olan ən populyar və kütləvi janrlardan birinin – bayatıların toplanması və nəşri sahəsində də unudulmaz elmi xidmət göstərmişdir.
1941-ci ildə Bakıda vəfat etmişdir.

1911 - Görkəmli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi, Azərbaycan EA müxbir üzvü, Türk Dil qurumunun (Türkiyə) müxbir üzvü, Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru Zamanov Abbas Fəttah oğlu Şərur rayonunda anadan olmuşdur.
1993-cü il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

1937 -
Şair, dramaturq, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl Qələm” mükafatının laureatı Şəkər Aslan Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1969-cu ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran mədəniyyət evində başlamışdır. 1964-1968-ci illərdə "Leninçi”, Lənkəran rayon qəzetində, ədəbi işçi, 1968-1970-ci illərdə Azərbaycan KP Lənkəran komitəsində təlimatçı, 1970-1992-ci illərdə "Leninçi” (sonralar "Lənkəran”) qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 1992-ci ildə "Söz” ədəbi-bədii jurnalını təsis etmişdir. 1994-1995-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olmuşdur.
Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına və "Şərəf nişanı” ordeninə layiq görülmüşdür.
1995-ci il iyunun 12-də vəfat etmişdir.

1939 - Görkəmli şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida Nəsir qızı İmanquliyeva Bakıda anadan olmuşdur.
Aida İmanquliyeva Bakıdakı 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil almışdır. Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib, Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, həmin institutda direktor vəzifəsində çalışmışdır .
"Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi "Azərbaycan" jurnalında dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib "Vostoçnı almanax"da çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur.
Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. "Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında", "Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi", "Sovet Azərbaycanı və xarici Şərq", "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi", "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri", "Şərq filologiyası məsələləri", "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə", "Xarici Şərqin problemləri: tarix və müasirlik", "Şərq ədəbiyyatında ənənə və novatorluq" məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə fəal çalışmışdır.
Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur. Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
Birinci xanım Mehriban Əliyevanın anasıdır.
19 sentyabr 1992 -ci ildə 52 yaşında Bakıda vəfat etmişdir.

Vəfat etmişdir:

680 - 2-ci şiə imamı İmam Hüseyn(ə) vəfat etmişdir.
İmam Hüseyn(ə) 626-cı ildə Mədinədə anadan olmuşdur.
İmam Hüseynin (ə) mübarək başının harada dəfn olunması haqqında müxtəlif fikirlər var. Kərbəla, Nəcəf, Kufə, Mədinə, Şam, Rəqqə, Misir həzrətin başının dəfn olunmasının ehtimal edildiyi yerlərdir.
Onun Kərbəlada dəfn olunması şiə alimlərinin nəzərincə ən düzgün fikirdir. Əllamə Məclisi bu baxışı təsdiq edən rəvayətlər nəql edir. Şeyx Səduq imam Hüseynin (ə) bacısı Fatimənin dilindən nəql edir ki, imamın başı Kərbəlada bədəni olan qəbirdə dəfn olundu. Seyyid ibn Tavus və bəzi başqa alimlər belə hesab edirlər ki, imamın başının bədəni ilə dəfni ilahi möcüzə şəklində baş verdi. O, bu işin necə baş verməsi haqqında sorğuya icazə vermir. Bəzi alimlərin fikrincə, imamın qırxı günü (ərbəin) geri qayıdan imam Səccad (ə) imamın başını Kərbəlada onun bədəninin yanında dəfn etdi. Başın bədən olan qəbirdə və ya onun kənarında dəfn olunması məlum deyil.
Bəzi mənbələrdə bildirilir ki, kəsilmiş baş üç gün Dəməşq darvazasında asıldıqdan sonra onu endirib, Süleyman ibn Əbdülməlikin zamanınadək xüsusi bir yerdə saxladılar. Süleyman imamın mübarək başını Dəməşq qəbiristanında dəfn etdi. Onun canişini Ömər ibn Əbdüləziz yenidən dəfn olunmuş başı qəbirdən çıxartdı. Şəriətə zahirən ehtiram göstərən Ömər ibn Əbdüləziz, güman ki, başı Kərbəlaya göndərmişdir. Sünni alimləri arasında da imamın başının Kərbəlada dəfn olunduğunu söyləyənlər var.

Tarixdə bu gün - 10 oktyabr1907 - Cənub-Qərbi Qafqaz Türk Respublikası Nazirlər Şurasının 1-ci sədri, Gürcüstan SSR Müvəqqəti İngilab Komitəsinin üzvü, Gürcüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci Sədri , böyük maarifçi, jurnalist Ömər Faiq Nemanzadə 1937-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Ömər Faiq 1872-ci ildə Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olmuşdur.

Ömər Faiq 1903-cü ilin mart ayının 30-da nəşrə başlamış "Şərqi-Rus" qəzetində Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Səməd ağa Qayıbov, Üzeyir Hacıbəyov, Rəşid İsmayılov, Əsəd Babayev, Yusif Əfəndizadə ilə bir yerdə işləməyə başlamışdır. Bu qəzet Qafqazda ilk dəfə olaraq nəşr olunan siyasi və ictimai gündəlik türk qəzeti olmuşdur.

Bir sıra maddi çətinliklərdən sonra 1906-cı ildə ilk dəfə "Molla Nəsrəddin" jurnalı nəşr edilmişdir. Jurnalın təsis edilməsində və onun nəşrində Cəlil Məmmədquluzadə və Ömər Faiqin müstəsna rolu olmuşdur.

İnqilab illərində Ömər Faiq dəfələrlə həbs edilmişdir. O. 1923-cü ildə Azərbaycana gəlmiş və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlmişdir. O dövrdə dərsliklərin hazırlanmasına və onların çap edilməsinə yardım etmişdir.
Ömər Faiq Nemanzadə 1937-ci ildə Stalin represiyasının qurbanı olmuşdur.

Bayram və xüsusi günlər:

10 Oktyabr Yanğınsöndürənlərinin peşə bayramı günüdür. Azərbaycanda Yanğından Mühafizə Xidməti 1918-ci ildə yaradılıb. Mərhum prezident Heydər Əliyevin 5 oktyabr 2002-ci il tarixli sərəncamı ilə 10 oktyabr yanğınsöndürənlərin peşə bayramı kimi təsis edilib. Böyük tarixi yol keçmiş Azərbaycan yanğınsöndürmə xidmətinin fəaliyyəti indi bütün ölkəni əhatə edir. Qarabağ müharibəsində 24 yanğınsöndürən şəhid olub, onlardan 2-si Milli Qəhrəmandır.

Tarixdə bu gün - 10 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz