» » Bakı Dövlət Universiteti-100

Bakı Dövlət Universiteti-100

Bakı Dövlət Universiteti-100

 

Bakı Dövlət Universiteti ( BDU) Azərbaycanın ilk ali təhsil müəssisəsidir. Bu gün bu şərəfli tarixə malik olan təhsil ocağının 100 ili tamam oldu.
Bakıda universitetin təsis edilməsi qərarı Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında qəbul edildi və onun nizamnaməsi təsdiq olundu – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.
Universitetin 1920-1930-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Juze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olmuşlar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil almışdır.
Təəssüf ki, 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji Bakı Dövlət Universiteti-100İnstitut yaradıldı. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrildi. İkinci dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olmuşdur. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət Universitetinin bazasında yaradılmışdır.

1969-cu ildən sonrakı illər universitet həyatında bilik və elmin yüksək zirvələrinə doğru yüksəliş illəri sayıla bilər. Bu universitetimizin dünya şöhrətli məzunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Geniş bir tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı.
2017-2018-ci il tədris mövsümündə BDU-nun 17 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 43 ixtisas və 210 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı 22 mindən çoxdur.
Bakı Dövlət Universitetində 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır.
Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman – sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var.
Bakı Dövlət Universiteti-100
1929-cu ildə universitetin on illiyinin ümumrespublika səviyyəsində qeyd edilməsi qərara alındı və bu tədbir 1930-cu ilin yanvar ayında təntənəli surətdə həyata keçirildi. Bundan bir qədər sonra isə universitetin həyatında mürəkkəb və qaranlıq hadisələr başladı. 1930-cu ilin iyun ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Dövlət Univer­sitetinin fəaliyyəti dayandırıldı, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar yaradıldı. Respublikada yeni institutların açılması ölkənin həyatında ali təhsilin inkişafında irəliyə doğru atılmış bir addım olsa da, əslində, bunun arxasında daha dərin problemlər dayanırdı. Bu tədbirləri universiteti bağlamadan da həyata keçirmək olardı. İmperiya qüvvələri bu addımı Azərbaycanın düşünən beyinlərindən, milli ruhlu ziyalılarından qorxduqları üçün atmışdılar. Başlıca səbəb buraya qısa bir zamanda intellektual səviyyəsi çox yüksək olan milli ziyalıların toplaşması, Azərbaycanın gələcəyini fikirləşən aydın düşüncəli insanların yığışması idi. Lakin təhsilin və elmin bayraq­darı olan universiteti də imperiya həmişəlik bağlaya bilmədi. Fədakar ziyalılarımızın gərgin əməyi nəticəsində 1934-cü ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə, ziyalılığın məbədgahına çevrildi.

Bununla belə, 30-cu illərin amansız repressiyaları universitetin milli ruhlu kollektivindən də yan keçmədi. Bu illər universitet həyatı üçün dəhşətli, qorxulu və səksəkəli illər oldu. Universitet tarixinin ən çətin illərindən olan 1937-ci ildə universitetin rektoru görkəmli ictimai-siyasi xadim, Azərbaycan təhsil sistemində xüsusi yeri olan Əziz Məmmədkərim oğlu Əliyev olmuşdur. İlk təhsil ocağımızın keçdiyi keşməkeşli yola nəzər salarkən görürük ki, Azərbaycanın bugününü, onun dünya şöhrətli elmini, iqtisadiyyatını, mədəniyyətini, alimlər ordusunu, bütövlükdə müasir Azərbaycan cəmiyyətini bu elm məbədinin fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Etiraf etmək lazımdır ki, universitetin yaranmasında və ilk illərində əcnəbi alimlərin, xüsusən rus alimlərinin müstəsna xidmətləri olmuşdur. Sonralar istedadlı Azərbaycan ziyalılarının BDU-nu milliləşdirmək, milli zəmində inkişaf etdirmək uğrunda mübarizə aparmaları azadlıq ideyalarının, milli özünüdərkin təşəkkül tapmasına çalışmaları sovet çərçivəsində düşünən sərt rejim tərəfdarlarını təşvişə salmış və repressiyalara yol açmışdı. Bakı Dövlət Universitetindəki bir çox milli kadrlar, qabaqcıl ziyalılar da imperiya siyasətinin qurbanı olmuşlar. Lakin SSRİ tərkibində olduğumuz sonrakı illərdə də Azərbaycan alimlərinə, ziyalılarına təzyiqlər sən­giməmişdir. Təqiblər, hədə-qorxular ziyalılarımızın fəaliyyətini məhdudlaşdırır, onların müstəqilliyini əllərindən alırdı. Bu səbəbdən də 37-ci il repressiyalarının ağırlıq mərkəzi BDU-nun müəllim və məzunlarının üzərinə düşmüşdü. Bu dövrdə yüzlərlə professor, müəllim, işçi və tələbəyə «xalq düşməni», türkçü, turançı, pantürkçü, panislamçı damğaları vuruldu. O illərdə amansız Stalin repressiyalarının qurbanı olmuş, Sibirin həbs düşərgələrinə sürgün olunmuş və ya güllələnmiş Ə.Nazim, A.Bukşpan, Ə.Qubaydullin, V.Xuluflu, B.Çobanzadə, T.Şahbazi, H.Şahtaxtinski, M.Ələkbərli kimi unudulmaz ziyalılarımızın xatirəsi bu gün dərin hörmət və ehtiramla yad edilir.

Azərbaycan mədəniyyəti, elmi, ziyalılığı tarixinə qanlı hərflərlə yazılan 1937-ci il həmin keyfiyyətləri özündə təcəs­süm etdirən Bakı Dövlət Universitetinə ağır zərbələr vurdu. Bir faktı qeyd etmək kifayətdir ki, yalnız 1937-ci ildə 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, həmçinin Universitetin rektoru olmuş xalqımızın 4 görkəmli ziyalısı (Tağı Şahbazi, Maqsud Məm­mədov, Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov) ən ağır cəzaya – güllələnməyə məhkum edildi. Bu insanların hər birinin Azərbaycan ziyalılığının formalaşmasında və təşəkkülündə müstəsna xidmətləri var idi. 1937-ci ildə əsən sərt küləklər xalqımızın bir çox gərəkli övladları kimi, Universitetin 100 nəfərədək ziyalısını da məhvə məhkum etmişdi.
 

 

 

Bakı Dövlət Universiteti-100 

Bakı Dövlət Universiteti-100

Bakı Dövlət Universiteti-100

 

Repressiya illərində günahsız yerə həyatına son qoyulan ziyalılardan biri yazıçı, publisist, ictimai xadim, 1892-ci ildə Bakı şəhərində anadan olmuş Tağı Abbas oğlu Şahbazi idi. Tağı Şahbazi 1926-cı ildə Leninin adını daşıyan Azərbaycan Dövlət Universitetinə təyin edilən ilk azərbaycanlı rektor olmuş və bu vəzifədə 1929-cu ilə qədər işləmişdir. O, gənc yaşlarından məsul işlərdə çalışmış, Azərbaycanda sovet rejimi qurulduqdan sonra da bir sıra mühüm vəzifələrdə işləmişdir. Belə ki, rektor təyin edilənə qədər Bakı Səhiyyə şöbəsinin müdiri, Azərbaycan SSR Xalq Maarif Komissarlığında nazir müavini, «Maarif və mədəniyyət» jurnalının baş redaktoru, Azərbaycanı öyrənən və təbliğ edən Cəmiyyətin təşkilatçılarından biri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin üzvü və katibi olmuşdur. T.Şahbazi 1937-ci il noyabrın 2-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən həbs edilmişdir. O, guya əksinqilabi millətçi mövqedə durmuş və əksinqilabi millətçi təşkilatın tərkibinə daxil olmuş, Sovet hökuməti əleyhinə silahlı üsyana hazırlıq haqqında və əksinqilabi təşkilatın AK(b)P-in rəhbərlərinə qarşı terror tətbiq etmək haqqındakı niyyətlərindən xəbərdar olmuşdur. 1938-ci il yanvarın 2-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası qapalı şəraitdə, müdafiəçisiz, ittihamçısız və şahidlərsiz keçən məhkəmə iclasında T.Şahbazini əmlakı müsadirə olunmaqla ən ağır cəzaya – güllələnməyə məhkum etdi.

1929-1930-cu illərdə BDU-nun rektoru olmuş Maqsud Məmməd oğlu Məmmədov 1897-ci ildə İrəvan şəhərində anadan olmuş, oradakı kişi gimnaziyasını bitirdikdən sonra bir müddət İrəvan xüsusi məktəbində müəllim işləmişdir. O, 1918-ci ildə Gəncə şəhərində qaçqınların işi üzrə komitədə kiçik nəzarətçi işləmiş, 1918-1919-cu illərdə Gəncə şəhərindəki Yunker hərbi məktəbində, 1919-1920-ci illərdə isə BDU-da oxumuşdur. 1920-ci ildən sonra Məm­mədov rəhbər vəzifələrdə işləmiş, 1920-1923-cü illərdə Azərbaycanın ərzaq naziri, sonra isə Naxçıvanda Fövqəladə Xalq Maliyyə Komissarlığında çalışmışdır. 1930-cu ildə M.Məmmədov BDU-nun rektorluğundan Azərbaycan SSR Xalq Maarif Komissarı vəzifəsinə irəli çəkilmiş və burada bir il işləmiş, 1931-1933-cü illərdə Az.K(b) P MK-nın katibi, 1933-1934-cü illərdə Partiya Tarixi İnstitutunun direktoru olmuşdur. O, 1934-1936-cı illərdə Moskvada Qırmızı Professorlar İnstitutunda təhsil almışdır. Azərbaycan Dövlət Nəşriyyatının direktoru olarkən 1937-ci ilin sentyabrında Azərbaycan SSR XDİK DTİ-si tərəfindən həbs olunmuş və 1938-ci il sentyabrın 5-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiasının qərarı ilə Az.SSR CM 64, 69, 70 və 73-cü maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmuş və güllələnmişdir.
1905-ci ildə qədim Azərbaycan torpağı olan Dərbənddə anadan olmuş Məmmədkazım Ələkbər oğlu Ələkbərli 1934-cü ildə BDU bərpa edilərkən onun rektoru vəzifəsinə təyin edildi. O, bu vəzifədə 1935-ci ilin yanvarına qədər işlədi. M.Ələkbərli 1921-1924-cü illərdə Xalq Təhsil Şöbəsində müəllim işlədikdən sonra Ali Pedaqoji İnstituta daxil olmuş və oranı 1927-ci ildə bitirmişdi. Ali təhsili başa vurduqdan sonra bu 22 yaşlı gənc Gəncə Xalq Təhsil Şöbəsinə müdir təyin edilmiş, 1931-ci ilə qədər bu vəzifədə çalışmaqla yanaşı, həm də qəzet redaktoru olmuşdu. M.Ələkbərli 1931-1934-cü illərdə Moskvada Qırmızı Professorlar İnstitutunda təhsil almış, buradakı təhsilini bitirər-bitirməz BDU-ya rektor təyin olunmuş, Fəlsəfə kafedrasının müdiri seçilmişdi. Rektorluqdan azad olunduqdan sonra o, 1937-ci ilə qədər «Vışka» qəzetinin redaktoru, az bir müddətdə isə Azərbaycan Partiya Nəşriyyatının direktoru işləmişdir. 1934-cü ildən Azərbaycan Yazıçılar İttifaqının sədri idi. Bu görkəmli ictimai-siyasi xadim öz ağlı, bacarığı, istedadı ilə həyatın ən ağır keşməkeşlərindən keçə bilsə də, repressiyadan yaxasını qurtara bilmədi. O, 1937-ci ilin avqustunda «Əksinqilabi burjua millətçi təşkilatın fəal üzvü, Sovet hökumətinə qarşı silahlı üsyan haqqında xəbəri olan, RK(b)P və sovet hökumət rəhbərlərinə qarşı terror mövqeyində dayanan şəxs» kimi həbs edildi. 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının müdafiəçisiz, ittihamçısız və şahidlərsiz keçən qapalı məhkəmə iclasında Məmmədkazım Ələkbər oğlu Ələkbərli əmlakı müsadirə olunmaqla ən ağır cəzaya – güllələnməyə məhkum edildi.
Repressiyaya məruz qalanlardan biri də həbs olunarkən BDU-nun rektoru vəzifəsini daşıyan Balabəy Cabbar oğlu Həsənbəyov olmuşdur. 1899-cu ildə Gəncə şəhərində anadan olmuş B.Həsənbəyov Moskvada Qırmızı Professorlar İnstitutunu qurtardıqdan sonra respublikanın elmi həyatında yaxından iştirak etmişdir. Professor B.Həsənbəyov qısa müddətdə respublikanın görkəmli iqtisadçı (sovet hakimiyyəti illərində bu elm sahəsi siyasi iqtisad adlanırdı) alimlərindən birinə çevrilmişdir. O, alim, yaxşı maarif təşkilatçısı kimi Azərbaycanın hüdudlarından kənarda da tanınan, qəbul edilən şəxslərdən olmuşdur. B.Həsənbəyov rektor olmaqla yanaşı, həmçinin BDU-da siyasi iqtisad kafedrasına başçılıq etmişdir. 1937-ci ildə yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən professor, BDU-nun rektoru B.Həsənbəyov «əksinqilabi trotskiçi təşkilatın üzvü olub RK(b)P-yə və Sovet hökumətinə qarşı mübarizə vasitəsi kimi hökumət əleyhinə silahlı üsyan hazırlanmasında iştirak etmiş, mədəni cəbhədə ziyankarlıq işi aparmış, terrorun tərəfində durmuşdur» kimi heç bir əsası olmayan ittihamlarla həbs olunmuşdur. 1937-ci il oktyabrın 11-də B.Hə­sənbəyovun işi ilə bağlı SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının saat 1745-də işə başlayan və cəmi 15 dəqiqə davam edən iclası keçirildi. İttihamçısız və şahidlərsiz keçən bağlı məhkəmə iclasında B.Həsənbəyov əmlakı müsadirə olunmaqla ən ağır cəzaya – güllələnməyə məhkum edildi.
Sovet hakimiyyəti illərində universitetin adı da dəfələrlə müxtəlif dəyişikliklərə məruz qalmışdır: 1922-ci ildə Bakı Dövlət Universitetinin adı dəyişdirilərək Azərbaycan Dövlət Universiteti adlandırılır. Belə qərar verilməsinin səbəbi BDU-nun təkcə Azərbaycan üçün deyil, qonşu respublikalar üçün də mədəniyyət ocağı olması ilə izah edilirdi. Bu fakt isə özlüyündə BDU-nun ali təhsilin yayıcısı kimi fəaliyyət dairəsinin yalnız müasir dövrümüzdə deyil, yarandığı gündən etibarən hər zaman Azərbaycanın hüdudlarından çox-çox kənara çıxmasını bir daha sübut edir. 1924-cü ildə universitetin əsl yaradıcılarını xalqın şüurundan silmək üçün növbəti tədbir həyata keçirilir: universitetə bolşeviklərin rəhbəri V.İ.Leninin adı verilir. 1939-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 aprel tarixli fərmanı ilə Azərbaycan Dövlət Universitetinə vaxtilə Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş S.M.Kirovun adı verilir. 1991-ci ildə isə Bakı Dövlət Universitetinə bu ali təhsil ocağının yaradılmasında fəal iştirak etmiş M.Ə.Rəsulzadənin adı verilmişdir. Nəhayət, 2001-ci ildən universitet ilk təsis edildiyi kimi, Bakı Dövlət Universiteti adı ilə təsdiqlənmişdir.
40-50-ci illər universitetin həyatında xüsusi yüksəliş illəri kimi qiymətləndirilə bilər. Xalqımızın 4 böyük ziyalısının həmin illərdə universitetə rəhbərlik etməsi dediklərimizin bir sübutudur. 1944-1950-ci illərdə akademik Abdulla İsmayıl oğlu Qarayev, 1950-1954-cü illərdə prof. Cəfər Xəndan Zeynal oğlu Hacıyev, 1954-1958-ci illərdə akademik Yusif Heydər oğlu Məmmədəliyev, 1958-1965-ci illərdə akademik Şəfayət Fərhad oğlu Mehdiyev kimi böyük təhsil və elm təşkilatçılarının rəhbərliyi universitetə yeni inkişaf stimulları gətirdi.
Universitetin inkişafında yeni keyfiyyət mərhələsi, heç şübhəsiz, Azərbaycan xalqının ümummilli lideri, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Xalqımızın siyasi qüdrətinin təcəssümçüsü, Azərbaycan ziyalılarının ağsaqqalı və himayəçisi, milli təhsil quruculuğumuzun nəhəng memarı Heydər Əliyev mənəvi böyüklüyümüzün simvolu, elmimizin, təhsilimizin, mədəniyyətimizin möhtəşəm məbədi olan Bakı Dövlət Universitetinə xüsusi həssaslıqla yanaşır, Azərbaycanın keçmişini, onun mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə müasir Azərbaycan cəmiyyətini bu elm məbədgahından ayrı təsəvvür etmirdi. Heydər Əliyev bilirdi ki, Azərbaycanın intibahı və inkişafı bu təhsil ocağının köməyi ilə baş verə bilər. Tarix özü sübut etdi ki, böyük öndər nə qədər haqlı imiş. Cəmiyyətin tərəqqisinin, elm, mədəniyyət, mənəviyyat inkişafının ən qüdrətli vasitəsi rolunu oynayan təhsilə qayğının artırılması, bu işə dövlət siyasətinin prioritet prinsipi kimi yanaşılması Heydər Əliyevin rəhbər və vətəndaş qayəsini ifadə edən önəmli cəhət idi. Bu amil Azərbaycanda 70-ci illərdən başlayaraq, Heydər Əliyev epoxasının mənəvi yüksəliş tarixinin inkaredilməz reallığıdır. Bunu danmaq, təkzib etmək mümkün deyil, çünki tarix baş vermiş hadisələrin və faktların yalana bürünməsinə heç vaxt imkan vermir.
XX əsrin son onilliklərində Azərbaycan elmi və təhsili də Heydər Əliyev şəxsiyyətinin, zəkasının və bacarığının işığında inkişaf etmiş və bugünkü səviyyəsinə gəlib çıxmışdır.
Müstəqilliyin ilk illərində Azərbaycanın, o cümlədən universitetin həyatında qarışıqlıq, mürəkkəbliklərlə dolu anları bir fakt da sübut edir ki, 1989-1993-cü illərdə BDU-da 5 dəfə rektor dəyişdirildi: 1987-1989-cu illərdə AEA-nın müxbir üzvü, prof. Yəhya Cəfər oğlu Məmmədov; 1989-1990-cı illərdə akademik Cəmil Bahadur oğlu Quliyev; 1990-1992-ci illərdə akademik Mirabbas Göycə oğlu Qasımov; 1992-1993-cü illərdə prof. Firudin Yusif oğlu Səməndərov.
1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə Heydər Əliyevin yenidən müstəqil respublikamızın rəhbərliyinə gəlməsi ölkədə əfval-ruhiyyəni müsbət istiqamətdə dəyişdirdi, Bakı Dövlət Universiteti, tədricən, öz mövqeyini bərpa etməyə başladı. Azərbaycanda siyasi hakimiyyətə qayıdarkən, Heydər Əliyev ölkəni fəlakət və xaosdan, parçalanıb məhv olmaqdan, vətəndaş müharibəsindən xilas edərkən belə Bakı Dövlət Universitetini yaddan çıxarmadı və onun dövlətin yaradılıb möhkəmlənməsində rolunu çox yüksək qiymətləndirdi. O, şəxsən bir neçə dəfə universitetə gələrək, bu təhsil ocağına yenidən həyat verdi.
Heydər Əliyev deyirdi: «Bakı Dövlət Universiteti Azərbaycan xaqlının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır...».
İqtisadi potensialın intellekt kapitalına çevrilməsi illərində
BDU son zamanlar Azərbaycanda təhsil islahatlarının həyata keçirilməsində çox önəmli rol oynayır. Cəmi 44 əməkdaşla fəaliyyətə başlayan universitetin 17 fakültə, 127 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında 3041 nəfər əməkdaş çalışır. Bolonya təhsil sisteminə qoşulmuş universitetdə kompüter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülmüş, ayrıca İnformasiya Texnologiyaları Mərkəzi, bütün fakültələrdə isə hər birində onlarla kompüter olmaqla, 20 elmi-tədqiqat sinfi yaradılmış və müəllimlərlə təmin edilmişdir. Hər bir fakültənin kompüter sinfində lokal şəbəkə yaradılmış və həmin kompüterlərin BDU-nun ümumuniversitet lokal şəbəkəsi vasitəsi ilə internetə çıxışı təmin edilmişdir. Böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, son illər ərzində BDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, universitet şəhərciyinin və tədris korpuslarının abadlaşdırılması, tədrisin texniki vasitələrlə təchiz edilməsi, elmin son nailiyyətlərinin təcrübəyə tətbiqi, yeni cihazların alınması sahəsində böyük işlər görülmüşdür
Bakı Dövlət Universitetinin inkişafının yeni mərhələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bilavasitə bağlıdır. Universitetin sonuncu tədris korpusu 1988-ci ildə istifadəyə verilmişdi. Həmin tarixdən keçən dövr ərzində açılan yeni fakültələr, kafedralar, laboratoriyalar, elmi-tədqiqat institutları və digər qurumlar, habelə tələbələrin sayının kəskin artması tədris prosesində xeyli problemlər yaratmışdı
Universitet kollektivi Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq, təhsildə və elmdə yüksək yaradıcılıq uğurlarını zənginləşdirmək,
dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirir.

 

Bakı Dövlət Universiteti-100


Qeyd: Yazı Vikivanddan götürülmüş və ixtisarla təqdim olunur. Mənbə: https://www.wikiwand.com/az/Bak%C4%B1_D%C3%B6vl%C9%99t_Universiteti

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz