» » Tarixdə bu gün - 02 sentyabr

Tarixdə bu gün - 02 sentyabr

 
2 sentyabr — ilin 245-ci günü (uzun illərdə 246-cı). İlin sonuna 120 gün qalır.


Mühüm hadisələr:

1633 – İstanbul yanğınında şəhərin beşdə biri məhv olur.
1642 – İngilis parlamenti teatrı qadağan edir.
1666 – Londonda baş verən yanğın şəhərin böyük qismini məhv edir.
1945 – ABŞ-ın "Missuri" kreyserində Yaponiyanın təslim olmasına dair müqavilə imzalanır. İkinci dünya müharibəsi başa çatır.
1958 – Çində ilk televiziya
1962 – İranda zəlzələdə 1000 nəfər həlak olur.
1965 – İnternetin əcdadı olan Arpanet meydana çıxır
1968 – İranda zəlzələ 11 000 nəfərin həyatına son qoyur
1969 – Ho Şi Min vəfat edir
1971 – Misirin tarixi adı bərpa olunur.
1991 – Separatçı Dağlıq Qarabağ muxtar vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını bəyan edir.
 
 
Doğum günləri:

Tarixdə bu gün - 02 sentyabr1916 — Tanınmış rəssam, pedaqoq, Əməkdar incəsənət xadimi Əyyub Museyib oğlu Hüseynov Naxçıvan MR Noraşen rayonunun (hazırda Kəngərli rayonu) Xok kəndində dünyaya göz açıb. İlk yaradıcılıq təhsilini 1930-cu ildə Bakıda fəaliyyət göstərən Azərbaycan Rəssamlıq Texnikumunda və sonralar 1935-ci ildə Tiflisdə Rəssamlıq Akademiyasında almışdır.
Ali təhsilini bitirdikdən sonra doğma yurdu Naxçıvan şəhərinə qayıtmışdır.
1948-ci ildə Naxçıvandan paytaxta köçür və ilk peşəkar təhsil aldığı Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməyə başlayır , 1956-1965-ci illərdə məktəbin direktor vəzifəsində işləmişdir. Əyyub Hüseynov ömrünün sonuna kimi bu məktəbdə fəaliyyət göstərmişdir. O, burada dərs deməklə yanaşı, müstəqil yaradıcılıqla məşğul olur.
Daim bədii axtarışda olan Əyyub Hüseynov realizm bədii prinsipinin yeni-yeni ifadə imkanlarını üzə çıxarmaqla, onun cəlbedici və yaddaqalan əsərlərlə zənginləşdirmişdir.
Əyyub Hüseynov 17 aprel 1998-ci ildə 81 yaşında Bakıda vəfat etmişdir.

Tarixdə bu gün - 02 sentyabr1947– Azərbaycan Respublikasının Xalq artisti Fikrət Süleyman oğlu Verdiyev Gəncə şəhərində anadan olub. 1957-ci ildə Gəncə şəhər 1 saylı musiqi məktəbində tar sinfinə gedir. 1962-ci ildə məktəbi bitirərək Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında və Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edir.
13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edir, onun rəhbərlik etdiyi kollektiv 1960-cı ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda qalib gəlir. O dövrdə - tələbə olarkən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayır. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olur. Adil Gərayın sinfində təhsil alır.
1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə "Göy göl” xalq çalğı alətləri ansamblını yaradır. Tezliklə bu ansamblın şöhrəti Gəncəbasardan çox uzaqlara yayılaraq, xaricdə də tanınır. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər. Zeynəb Xanlarova 1972-ci ildən etibarən bu ansamblın müşayiəti ilə yaddaşlardan silinməyən konsertlər verib.
Konservatoriyadakı təhsilini başa vurandan sonra Fikrət Verdiyev ansambla rəhbərliklə yanaşı, Qənbər Hüseynli adına Gəncə ora ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə də başlayır. 1977-ci ildə mərhum Heydər Əliyev bu ansamblı bəyənərək ona Dövlət mahnı və rəqs ansamblı statusu verilməsini məqsədəuyğun bilir.
1982-ci ildə isə Zeynəb Xanlarova Fikrət Verdiyevi öz yaratdığı ansambla konsertmeystr dəvət edir. Bu ansamblla birgə 40-dan çox ölkədə Azərbaycan mədəniyyətini təbliğ edirlər.
1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində "Göy göl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradır. Mixail Boyarskini, Müşərrəf Akayı Bakıya dəvət edərək çıxışlarını təşkil edir.
2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində "Neftçi” mahnı və rəqs ansamblını yaradır. Könül Xasıyeva, Aygün Bayramova, Rövşən Behcət, Samir Cəfərov, Feyruz Səxavət, Cabir Abdullayev, Teyyub Aslan kimi sənətçiləri bir yerə yığaraq zəngin repertuar yaradır.

Tarixdə bu gün - 02 sentyabr1968 – Azərbaycanın Milli Qəhrəmanı Müslümov Valeh Əlizaid oğlu sentyabrda Lerik rayonunda doğulmuşdur. 1983-ci ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır.
1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır.
1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir.
1992-ci il aprel ayının 10-da Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmadı.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Lerik rayonunda dəfn edilmişdir. Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb.

Vəfat etmişdir:

Tarixdə bu gün - 02 sentyabr1944 Sovet İttifaqı Qəhrəmanı Cəmil Məhəmməd oğlu Əhmədov alman faşizminə qarşı müharibədə qəhrəmancasına həlak olmuşdur.
Cəmil Əhmədov 1924-cü ildə Cəbrayıl şəhərində dünyaya göz açmışdır. 1942-ci ildə orduya xidmətə getmişdir. Hərbi məktəbdə təhsilini başa vuraraq leytenant rütbəsi aldıqdan sonra Belarusiyanın azad edilməsi üzrə döyüşlərdə fəal iştirak etmişdir.
Qvardiya leytenantı Cəmil Əhmədovun komandir olduğu bölmə 1944-cü ilin 25 iyulunda Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdir.
Bundan iki ay sonra 1944-cü ilin 2 sentyabrında Polşa ərazisində həlak olmuş və Varşavada Sovet döyüşçülərinə aid qəbirstanlıqda dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı fəxri adı isə ona 1945-ci ilin 24 martında verilmişdir.
Cəbrayılda məktəb və bir küçə onun adını daşıyır.
Yazıçı Sabir Əhmədovun qardaşıdır.

Tarixdə bu gün - 02 sentyabr1968- Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın və yazar Səbihə Dərviş Sərtəl Bakıda vəfat etmişdir.
Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Səbihə türk mətbuat tarixində önəmli bir isim olan Məhməd Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır.
Səbihə Sərtəl 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Məhməd Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Məhməd Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi. Səbihə Sərtəlin həm feministliyi həm də solçu baxışları bir neçə səbəb üzündən mübahisə mövzusu olmuşdur.
Jurnalistikaya həyat yoldaşı ilə birgə "Böyük Məcmua" adlı həftəlik dərgini nəşr edərək başladı. Xalidə Ədibin baş redaktor olduğu və Falih Rıfkı, Mehmet Fuad Köprülü, Rəşad Nuri Güntəkin, Faruq Nafiz, Ömər Seyfəddin kimi aydınların yazılar yayımladığı "Böyük Məcmua" dərgisində qadın problemlərinə diqqəti cəlb edən yazılar yazdı. 1917-ci ildə ilk övladı olan Sevim dünyaya gəldi.
1919-cu ildə Xalidə Ədibin məsləhəti ilə təqaüd imkanından yararlanaraq ali təhsil almaq məqsədi ilə həyat yoldaşı ilə birgə ABŞ-a getdi. Kolumbiya Universitetində sosial xidmət sahəsi üzrə təhsil aldı. ABŞ-da yaşadığı müddət ərzində burada yaşayan türkləri təşkilatlandıraraq Himayə-i Etfal Cəmiyyətinə (Uşaq Əsirgəmə Qurumu) yüksək miqdarda ianə toplanmasını təşkil etdi. İkinci övladı olan Ulduz isə 1922-ci ildə dünyaya gəldi. 1923-cü ildə yoldaşı ilə birgə təhsillərini tamamladıqdan sonra Türkiyəyə geri qayıtdılar.
1924 - 1931-cü illər arasında yoldaşı ilə birgə "Rəsimli Ay" dərgisini nəşr etdilər. Məqalələrində işçi sinifinin haqqlarını müdafiə etdi, sosial və siyasi durumu tənqid edən yazılar yazdı. Cavad Şakirin dərgidə yayımlanan bir yazısı səbəbindən yoldaşı Sinopda bir qalada məhkum həyatı sürərkən dərgini 3 il tək başına idarə etdi. 1929-cu ildə dərgidə yayımladığı "Müdafiə olunun Gəlirəm” başlıqlı yazısı üzündən məhkəməyə çıxarıldı və "nəşriyyat üzündən məhkəməyə göndərilən ilk türk qadını” oldu.
1927 - 1928-ci illər arasında yoldaşı Məhməd Zəkəriyyə Bəy ve Faiq Sabri Duran ilə birlikdə "Uşaq Ensiklopediyası" hazırladı. 1932-ci ildə Cümhuriyyət Qəzetinin çıxardığı "Həyat Ensiklopediyası"nda çalışdı.
1931-ci ildə "Rəsimli Ay" dərgisi bağlanarkən məqalə dərc etmə, yayımlama imkanından məhrum oldu və 1936-cı ilə qədər bir neçə sosialist yayımları tərcümə edib yayımlamaqla məşğul oldu. 1935-ci ildə "Rəsimli Hər Şey" adlı bir həftəlik dərgi çıxardı. İlk nömrəsi 28 sentyabr 1935-də çıxan dərginin heyəti Nazim Hikmət və dostlarından ibarət idi. Bu dərginin bağladılmasının ardından 1936-cı ilin mart ayında "Projektor" adlı aylıq fikir dərgisi çıxardı. Dərgi, ilk nömrəsində qapadıldı.
1936-cı ildə həyat yoldaşı ilə birlikdə "Tan Qəzeti"ni qurdu. Qəzet, xüsusilə ikinci dünya müharibəsi illərində faşizm əleyhinə olması ilə maraq gördü. Səbihə Sərtəl, 3 sentyabr 1945-ci ildə "Tan Qəzeti"ndə yayımlanan İznin Fəryadı başlıqlı yazısı səbəbi ilə həbs edildi.
İkinci dünya müharibəsindən sonra Demokrat Partinin tanınmış simalarının qurmağa çalışdığı "İrəli Demokratiya Cəbhəsi" adlı siyasi cəhdin tərkibində yer aldı. Bu cəhdin nəşr orqanı olan "Görüşlər" adlı dərgini çıxardı. 1 Dekabr 1945-ci ildə oxucuya təqdim edilən dərgidə iki yazısı yer aldı.
"Görüşlər"in oxucu ilə görüşməsindən 3 gün sonra, 4 dekabr 1945 tarixində gerçəkləşən Tan Hadisəsi, Tan Mətbəəsinin yerlə bir edilməsi; Sərtəllərin döyülmə cəhdinə məruz qalması ilə nəticələndi. Bu hadisədən məsul tutularaq yoldaşı ilə birlikdə 3 ay həbs həyatı yaşadıqdan sonra bəraət aldılar. Sərtəl ailəsi, Tan Hadisəsi və bir çox mübahisələr səbəbindən 1950-ci ildə ölkəni tərk etdi.
Səbihə Sərtəl, sürgün illərini Paris, Budapeşt, Moskva ve Bakıda keçirdi. Türkiyə Kommunist Partiyasının işlərinə qatıldı. Budapeşt Radiosunun Türkçə nəşrlər servisində çalışdı. Son illərində Türkiyəyə dönmə müraciətinə rəğmən istəyi rədd edildi.
2 sentyabr 1968 tarixində Bakıda vəfat etdi.
Məzarı, Bakıda Fəxri Xiyabanda yerləşir. Ölümündən sonra xatirələrini yazdığı "Roman Kimi" adlı kitabı 1969-cu ildə nəşr olundu. 1998-ci ildə Nilgün Əroğlu Maktav tərəfindən həyatından bəhs edən "Bir Roman Kimi" adlı sənədli film hazırlandı. 
 
Tarixdə bu gün - 02 sentyabr1992 –Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Tahir Həsənov 22 fevral 1970-ci ildə Bakı şəhərinidə doğulmuşdur. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmış 1990-cı ildə xidmətini başa vurmuşdur. 1990-cı il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Ermənilər tarixi Azərbaycan torpaqlarına hücum etdiyi zaman ailənin tək uşağı olmasına baxmayaraq ikinci kursda təhsilini yarıda qoyur və könüllü olaraq vətənin müdafiəsinə qalxır.
Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur. 1992-ci il 2 sentyabr tarixdə Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur Tahir son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir. 1992-ci il, 29 sentyabr tarixində bədəni Bakıya gətirilərək, Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Pprezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Təhsil aldığı 23 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Bayram və xüsusi günlər

1945 – Vyetnam Respublikası elan olunmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz