» » Tarixdə bu gün - 3 avqust

Tarixdə bu gün - 3 avqust

3 avqust

İlin 212-ci (uzun illərdə 216-cı) günü.
İlin sonuna 149 gün qalır.

Doğum günləri:

Tarixdə bu gün - 3 avqust1996 — Gənc şahmatçı, qadınlar arasında beynəlxalq qrossmeyster (2017) Ülviyyə Fətəliyeva anadan olmuşdur.
Ülviyyə Fətəliyeva Gəncə şahmat məktəbinin yetirməsidir.
2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub.
2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub.
2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.
2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medal qazanıb. Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.
Ülviyyə Fətəliyeva qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində dünya (2017) və Avropa çempionatlarının (2015, 2017) iştirakçısı olub. Bundan əlavə o, 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.

Vəfat etmişdir:

Tarixdə bu gün - 3 avqust1944 - Qəzənfər Qulam oğlu Əkbərov 27 yaşında faşizmə qarşı müharibədə qəhrəmancasına həlak olmuşdur.
1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir.
1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Naxçıvan Muxtar Respublikasında Q.Q.Əkbərovun xatirəsi əbədiləşdirilmişdir. Ona Cəhri kəndində abidə qoyulmuşdur. Adına küçə və məktəb vardır.

1967 — Tanınmış teatr rəssamı, Əməkdar incəsənət xadimi Bəhram Tofiq oğlu Əfəndiyev vəfat etmişdir.
Bəhram Əfəndiyev 1910-cu ildə Tiflis quberniyasının Ahalkələki qəzasında doğulmuşdur. 1927–1931-ci illərdə Bakı Rəssamlıq Məktəbində dekorçu rəssam ixtisasına yiyələnib. 1929–1932-ci illərdə Akademik Milli Dram Teatrında təcrübəçi-rəssam kimi çalışıb. 1932-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul olunub və burada yarım il oxuduqdan sonra səhhəti ilə başlı təhsilini yarımçıq qoyub. 1933-cü ildə Nuxa (indiki Şəki) Dövlət Dram Teatrında, 1934–1935-ci illərdə Aşqabad Dövlət Azərbaycan Dram Teatrında rəssam işləyib. 1944–1945-ci illərdə Qazax Dövlət Dram Teatrının direktoru, 1945–1948-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam və quruluş hissə müdiri, 1948–1949-cu illərdə Göyçay Dövlət Dram Teatrında quruluşçu rəssam, 1950–1956-cı illərdə Göyçay sənət artelində texniki rəhbət, 1934–1944 və 1956–1967-ci illərdə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında baş rəssam işləyib.

Tarixdə bu gün - 3 avqust2010— Görkəmli Azərbaycan filosofu, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Fuad Feyzulla oğlu Qasımzadə vəfat etmişdir.
Fuad Feyzulla oğlu Qasımzadə 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1937-ci ildə Bakı şəhərinin 4 saylı məktəbinə daxil olmuş, 1947-ci ildə Bakının 1 saylı oğlan orta məktəbini bitirmişdir. O dövrdə məktəbi bitirənlər may-iyun ayında 40 gün ərzində 14 fəndən imtahan verirdilər.Gənc Fuad bütün fənlərdən əla qiymət almışdır.
1947-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul edilmiş və 1952-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il universitet Elmi Şurasının qərarı ilə fəlsəfə ixtisası üzrə aspiranturada saxlanılmışdır.
Aspirantlığının ikinci ilində dissertasiyasını müdafiəyə təqdim etmişdir. 60 il ərzində o Azərbaycan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərmişdir.
1966-cı ildə o "Füzulinin dünyagörüşü" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə isə eyni adlı monoqrafiyası çap olunmuşdur.
1968-ci ildə "Qəm karvanı", yaxud "Zülmətdə nur" monoqrafiyası çap edilmişdir. Sonrakı illərdə onun Füzuli haqqında 20-dən çox elmi məqaləsi işıq üzü görmüşdür.
1970-ci ildə Fuad Qasımzadənin "İdman, gözəllik və estetika" adlı əsəri çap edilmişdir.
Fuad Qasımzadə 1989-cu ildə AMEA-nın müxbir üzvü və 2001-ci ildə həqiqi üzvü seçilmişdir. Akademik Fuad Qasımzadə uzun müddət Bakı Dövlət Universitetində müdafiə şuralarının üzvü və sədri kimi fəaliyyət göstərmişdir. Çox sayda aspirant və dissertantların elmi rəhbəri kimi onların alimlik dərəcəsi almasına yardımçı olmuşdur. F.Qasımzadə BDU-nun texniki fakültələr üzrə fəlsəfə kafedrasının müdiri olmuşdur.
F. Qasımzadə elmi yaradıcılığı dövründə 30 kitabın və 500-dən çox elmi məqalə çap etdirmişdir. F.Qasımzadənin əsas tədqiqat sahəsi Azərbaycan fəlsəfə ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olmuşdur.
Fuad Qasımzadənin çoxillik elmi və pedaqoji fəaliyyəti daim yüksək qiymətləndirilmiş, müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Fuad Qasımzadə Bakıda II Fəxri Xiyabanda dəfn edilmişdir.

Tarixdə bu gün - 3 avqust2012— Gənc yazıçı Zərdüşt Baloğlan oğlu Şəfi vəfat etmişdir.
Zərdüşt 1986-cı ilin 19 noyabr tarixində Qəbələ rayonunun Bum qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. 2006-cı ildə Xəzər Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və 2010-cu ildə həmin fakültənin məzunu olmuşdur. 2005-ci ildən etibarən hekayə və esseləri dövrü mətbuatda dərc olunmağa başlamışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin və Yazıçılar Birliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin 2008-2010-cu illərdə məsul katibi və fəal üzvlərindən biri olub.
2009-cu ildə "Bizim Yol” qəzetinin keçirdiyi sorğuya əsasən, "İlin gənc yazıçısı" mükafatı ilə təltif olunmuş, gənclərə dəstək məqsədi ilə verilən birillik prezident təqaüdünə layiq görülmüşdür. 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin ilin gənci fəxri adına layiq görülmüşdür.
2011-ci ildə nəşr olunan "Başqa adamlar" kitabında müəllifin son beş ildə yazdığı hekayələr toplanıb. Zərdüşt Şəfizadə hekayə və essələrindən əlavə həm də bir çox şeirlərin, bir tamamlanmamış və iki yarım qalmış romanın müəllifidir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz