» » Tarixdə bu gün - 15 may

Tarixdə bu gün - 15 may


15 may

İlin 135-ci (uzun illərdə 136-cı) günü.

Doğum günləri:

Tarixdə bu gün - 15 may1893— Məşhur ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, filologiya elmləri doktoru professor Bəkir Çobanzadə Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almışdır. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi - "Sultaniyyə"yə təhsilini davam etdirməyə göndərmişdir (1908-1918). İlk şerlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir. Budapeştdə türk dilində çıxan "Şərq" qəzetinin redaktoru olmuşdur (1919). "Krım", "Göy kitab" (İstanbul) məcmuələrində və "Şərq" qəzetində şeirləri dərc edilmişdir (1918-1919). Bu dövrdə Türkiyə, Krım, Orta Asiya və Rusiya dövri mətbuatında ictimai-siyasi, elmi məqalələrini müxtəlif imzalarla çap etdirmişdir. Sonralar "Türk ensiklopediyası"nda "Çoban oğlu", "Bəkir Baybək", "Bəkir Cavbək", "Bəkir Yaybək", "Çoban oğlu Bəkir Sidqi" imzaları ilə məqalələri dərc olunmuşdur.
Vətənə qayıtdıqdan sonra Krım inqilabi komitəsinin rəisi, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olmuş (1920-1922), eyni zamanda ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışmışdır. Krım universitetində Şərq fakültəsinin professoru kimi krım-tatar dili və ədəbiyyatından mühazirələr oxumuşdur. Eyni zamanda Krım Mərkəzi İcraiyyə Komitəsinin üzvü kimi ictimai fəaliyyətini davam etdirmişdir. Krım universitetinin rektoru olmuşdur. S.Ağamalıoğlunun dəvəti ilə Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdir. Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar iş aparmış, eyni zamanda Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxumuşdur (1920-1936). Bu illərdə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlamışdır. I Ümumittifaq Türkologiya qurultayının təşkilində fəal çalışmışdır (1926). Türk xalqlarının yeni əlifbaya keçməsində fəal mübarizə aparmış, Moskvada təlimatçı kurslarında mühazirələr oxumuşdur (1928). Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik etmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışmışdır (1924-1929). Moskvada Şərq xalqları İnstitutunun həqiqi üzvü seçilmişdir (1928). Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləmişdir (1929). SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin (1932), SSRİ EA Azərbaycan filialının (1935) həqiqi üzvü seçilmişdir. Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdur. Bir sıra Avropa yazıçıları onun tədqiqat və elmi maraq dairəsinə vüsət vermişdir. Nəzəri-filoloji irsi zəngin və çoxcəhətli idi. Sovet Şərqində yaşayan türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqinə və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri olmuşdur. O, bir sıra monoqrafik əsərlərlə yanaşı, "Türk dilinin metodikası" (1932), "Elmi qramerin əsasları" (1932) kitablarını şərikli tərtib etmişdir. Elmi məqalələri və bədii əsərləri dövri mətbuatda müntəzəm çap olunmuşdur. İlk şeirlər məcmuəsi özbək dilində kütləvi tirajla buraxılmışdır (1971).
Həddən artıq genişsahəli biliklərə malik, həqiqətən də fantastik dərəcədə məhsuldar olan bu yaradıcı yolun qarşısı sərt bir məngənə, dəmir pərdə kimi 1937-ci ilin yanvar ayının 28-də alınır. Həmin gün Kislovodskinin "Qornyak" sanatoriyasında xanımı ilə dincələn professor həbs edilib, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilir. Oktyabrın 12-də, təxminən, 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilir. 1938-ci il, oktyabrın 13-də hökm icra olunur.
Bəkir Çobanzadənin dəfn yeri məlum deyildir.
 

 Tarixdə bu gün - 15 may1922 – Məşhur bәstәkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur.

Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dahi bəstəkar Üzeyir bəy yüksək qiymətləndirmiş və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələmişdir.

Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirmişdir. "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və i.a. O, 15-ə qədər filmə musiqi yazmışdır. Və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Gəlin onlardan bəzilərini yada salaq: "Əhməd haradadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirilməsi ilə fərqlənir. R. Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası "Romeo mənim qonşumdur (film, 1963)". Həmin əsər əvvəl Bakıda "Qonşular" adı ilə getmişdir.

R. Hacıyevin maraqlı operettalarından biri "Mənim məhəbbətim – Kuba"dır. Əsər Moskva Operetta teatrının sifarişi ilə yazılmışdır. Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yolayrıcında" operettalarıdır. R. Hacıyevin axırınçı operettası Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş "Ordan-burdan" əsəridir. 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür – "Ləzgihəngi" və "Yallı"nı bəstələyir.

R. Hacıyev  bir müddət   Əlcəzair Respublikasında işləmişdir.

Burada Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə "Üç inqilab" adlanan baletini bəstələyir. Əsərdə əsarətdən azad olmuş Əlcəzair xaqlının yeni həyat quruculuğuna qədəm qoymasından söz açılır.

R.Hacıyev 60-cı   ictimai işlərdə də fəal çalışmışdır. O, 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır. Azərbaycan Bəstəkarlar İttifaqının V qupultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilmişdir.

R.Hacıyev 1985-ci ildə vəfat etmişdir.


Tarixdə bu gün - 15 may1944 — Azərbaycanlı kinorejissor, ssenarist və aktyor, ikinci rejissor, rejissor assistenti, Xalq aristi Abduləhəd Əlisa oğlu Mahmudov (Əbdül Mahmudov) indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir.
Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962-1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971-1973).
Əbdül Mahmudovun ulu babası Hacı Şeyx Mürsəl ağa XVII əsrdə Ərdəbildə Şah İsmayıl Xətainin ulu babası olmuş Şeyx Səfiəddin Ərdəbilinin darülfünununda ilahiyyat elmi üzrə təhsil almışdır. Sonradan göndərişlə Şamaxı şəhərinə gəlib.
Vəfat etmişdir:

Tarixdə bu gün - 15 may1992 — Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov Vətən nmaminə Şəhidlik zirvəsinə ucalmışdır.
Cəlil Səfərov 28 yanvar 1962-ci il Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində doğulmuşdur. Ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. 1969-1977-ci illərdə buradakı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə C.Naxçıvanski adına ali Hərbi Litseyə qəbul edilmişdir. 1980-cı ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olur. 1984-cü ildən Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləyir, 8 il sonra Azərbaycana qayıdır.
Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra burada qalır. Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq edirdi. Cəlilin başçılığı ilə dəqiq top atəşləri nəticəsində ermənilər ağır itkilər vermişdi. 15 may 1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə xeyli düşmən yaraqlısı məhv edən cəsur zabit qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Sumqayıt şəhərindəki 10 saylı məktəb qəhrəmanımızın adını daşıyır.
Gürcüstan Respublikasının Marneuli şəhərində abidəsi ucaldılıb.
 
Tarixdə bu gün - 15 may1992 — Azərbaycanın Milli Qəhrəmanı Eldar Tofiq oğlu Məcidov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Eldar Məcidov 26 avqust 1965-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1972-ci ildə Yasamal rayon 52 saylı məktəbin birinci sinfinə getmiş 1982-ci ildə bu məktəbi bitirmişdir. 1983-cü ildə orduya çağırıan Eldar hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçirir. 1985-ci ildə ordudan tərxis olunur. 1989-cu ildə Azərbaycan İncəsənət İnstituna imtahan verir və mədəni-maarif fakültəsinə daxil olur. Ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Eldar könüllü olaraq cəbhəyə getməyi qərara alır.
Eldar Məcidov 9 may 1992-ci ildə "N" saylı hərbi hissəyə qeyd olunur və cəbhəyə yola düşür. O, cəbhədə tezliklə öz şücaətini göstərmişdi. Yaralıların və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri olmuşdur. 15 may 1992-ci il Şuşa rayonunun Zarıslı kəndində döyüşlər gedirdi. Bu döyüşdə Eldar rəşadətlə vuruşurdu yoldaşlarını xilas edərkən sağ ayağından yaralanır onu Qubadlı xəstəxanasına çatdırsalar da, çoxlu qan itirdiyindən Eldarın həyatını xilas etmək mümkün olmadı.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Eldar Tofiq oğlu Məcidova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Tarixdə bu gün - 15 may1992— Azərbaycanın Milli Qəhrəmanı Pərviz Əbdüləhəd oğlu Səmədov Torpzaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olmuşdur.
Pərviz Səmədov 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1977-1985-ci illərdə Gəncədəki 1 saylı orta məktəbdə təhsil almışdır. 1988-ci ildə orduya çağırılır Çitada iki il xidmət etdikdən sonra isə vətənə dönür. Bir müddət burada Toxuculuq Kombinatında işləyir. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Vətən övladı kimi Pərvizi də narahat edirdi. O, könüllü olaraq 22 fevral Ağdam cəbhəsinə gəlir və komandir təyin edilir.
Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu. Pərviz kəşfiyyat hissəsinə başçılıq edirdi, onun sayəsində erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb məhv edilmişdi. 1992-ci il 15 may Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər gedirdi. Pərviz başda olmaqla bölüyü döyüşə atıldı ermənilər tərəfindən vurulmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas etmək mümkün oldu lakin işğalçı, təcavüzkar ermənilərin snayper gülləsi gənc komandir Pərvizin qəlbini əbədi olaraq susdurdu. O, 22 yaşında ömrünün baharında Vətənimiz uğrunda qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Səmədov Pərviz Əbdüləhəd oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Gəncə şəhərində dəfn edilib.
Qəhrəmanın adına Gəncədə küçə var.

Bayramlar və xüsusi günlər:

15 may Beynəlxalq Ailə Günü kimi qeyd olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz