» » Tarixdə bu gün - 6 dekabr

Tarixdə bu gün - 6 dekabr


6 dekabr

İlin 340-cı günü (uzun illərdə 341-ci).
İlin sonuna 25 gün qalır.

Mühüm hadisələr:

1877 — Tomas Edison ilk dəfə səsi lentə yazmışdır.
2009 — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.

Doğum günləri:


1938 —Azərbaycan hidrobioloqu, biologiya elmləri doktoru Rauf Mömin oğlu Bağırov ildə Bakı şəhərində anadan olmuşdur.
1961-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini bitirmişdir. R.Bağırov 1966-1967-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda kiçik elmi işçi, 1968-1973-cü illərdə baş elmi işçi, 1974-1999-cu illərdə labaratoriya müdiri, 1999-2005-ci illərdə ARDNŞ-nin Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsinin ekoloji tədqiqatlar ekspedisiyasında, 2005-2006-cı illərdə "Azərekologiyaservis" İdarəsində hidrobioloq işləmiş, 2006-cı ildən ARDNŞ-nin Ekoloji İdarəsində həmin vəzifədə çalışır.
R. Bağırovun Xəzər dənizinin biologiyasının, perifitonun, bentosun və planktonun ekologiyasına, onurğasız heyvanlar üzərində ekotoksikoloji biotestlərə həsr olunmuşdur. Rauf Bağırov 60-dan artıq elmi əsərin və monoqrafiyanın müəllifidir.
2012 –ci ildə "Tərəqqi” medalı ilə təltif edilmişdir.

Tarixdə bu gün - 6 dekabr1971—Azərbaycanın Əməkdar artisti Elxan Yunis oğlu Abbasov Gəncə şəhərində anadan olub.
1988-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Fuad Poladovun kursunun yetirməsidir. 1992-ci ildə Gəncə Dövlət Nizami Poeziya Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Qısa müddət üçün kinostudiyada kaskadyor kimi də çalışıb.
13 fevral 2014-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.Elxan Abbasov həmçinin 2017-ci ildə Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında " Qarabağ " qısa filmində
canlandırdığı Elxan obrazı ilə "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülüb.

Vəfat etmişdir:


Tarixdə bu gün - 6 dekabr1944— Azərbaycan musiqiçiləri arasında adı hörmətlə yad edilən məşhur qarmon ifaçılarından biri olmuş , ustad qarmonçu Kərbəlayi Lətif Hüseyn oğlu Bərdə şəhərində vəfat etmişdir.
Lətif Hüseyn oğlu 1876-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Onun atası Hüseyn kişi çəkməçiliklə məşğul idi. Lakin həvəskar musiqiçi kimi tanınmışdı.Ailədə iki övlad olan Kərbəlayi Lətif, qardaşı Məhəmməd ilə birlikdə atasından çəkməçilik sənətini öyrənməklə bərabər musiqiyə xüsusi həvəs göstərmişdir. Kərbəlayi Lətif atasından qarmon çalmaq öyrəndikdən sonra gözəl səsi olan böyük qardaşı Məhəmmədlə birlikdə məhəllə şənliklərində və ayrı-ayrı ailə məclislərində çıxış etməyə başlamışdır.
O, uzun illər Məşədi Zeynal Bala Məlikov kimi virtuoz tarzənlərlə Qarabağ, Gəncə və Tiflis məclislərində istedadlı bir xanəndə kimi çalıb-çağırır. Şübhəsiz ki, Lətifin musiqi sənətinə dərindən yiyələnməsində böyük qardaşı Məhəmmədin də ciddi təsiri olmuşdur.
Kərbəlayı Lətif uzun illər Qarabağ məclislərində qardaşı Məhəmmədi, Malıbəyli Cümşüdü, Keçəçi oğlunu, Pəsxan Cəlili və Qəssab Abışı qarmonu ilə müşayiət etmiş, xalq arasında "Şirin barmaqlar”adı ilə şöhrət qazanmışdı.
1914-cü ildə bütün Qafqaz ölkəsində usta qarmonçalan kimi məşhur olan Kərbalayi Lətif "Ekstrafon” aksioner cəmiyyəti tərəfindən Kiyev şəhərinə dəvət edilmişdir. O, burada "Şur”, "Orta mahur”, "Rast”, "Bayatı-Qacar”, "Çoban-bayatı”sı, "Segah” və s. muğamları, "Qızılgül”, "Turacı”, "Vağzalı” kimi bir çox oyun havasını qarmonda ifa edib vala yazdırmışdır.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Kərbəlayı Lətif Şuşada açılan musiqi məktəbində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmağa başlamışdır.
Qarmonçu Lətif 1922-ci ildə İran, İraq və Ərəbistan ölkələrinə səyahət etmişdir. O, klassik şərq musiqisi ilə yaxından tanış olmaq imkanı əldə edir.Kərbəlayı Lətif istedadlı bir musiqiçi kimi Şuşa, Ağdam, Bərdə dram teatrlarında uzun illər fəaliyyət göstərmiş, respublika olimpiadalarında dəfələrlə mükafata layiq görülmüşdür. O, 1935-ci ilin dekabr ayında Bakıda, Azərbaycan Şura Cümhuriyyətinin XV illiyi münasibəti ilə keçirilən 1-ci bədii özfəaliyyət olimpiadasında iki qarmonda "Bayatı-Qacar” və "Segah” muğamlarını məharətlə 190 çalaraq birinci yeri tutmuşdu. "Kommunist”qəzeti bu münasibətlə Lətif Əliyevin şəklini vermiş, onun haqqında səmimi sözlər yazmışdır.
O, saysız-hesabsız el nəğmələrinin mahir bilicilərindən biri idi.Kərbəlayi Lətif istər milli oyun havalarını, istərsə də mahnılarını əzbərdən bilir, bunların hər birini ayrı- ayrılıqda məharətlə çalırdı. Təsadüfi deyildir ki, məşhur sovet bəstəkarı R. Qlier "Şahsənəm” operası üzərində işlərkən Qarabağa getmiş və orada Kərbəlayı Lətifin ifasında otuza yaxın el mahnısı nümunəsini öyrənmiş və yazıb götürmüşdür.Görkəmli bəstəkar Əfrasiyab Bədəlbəyli isə 1936-cı ildə "Qız qalası” baletini yazarkən, məşhur rəqqasə Qəmər Almaszadə ilə birlikdə Şuşa şəhərinə - Kərbəlayı Lətifin yanına getmişdilər.
Kərbəlayı Lətif onlara Şuşanın məşhur rəqqasələrinin oyun texnikası, milli oyun havaları haqqında ətraflı məlumat vermişdir.

Tarixdə bu gün - 6 dekabr1995 – Aktrisa, Azərbaycan Respublikasının Xalq artisti Rahilə Solomon qızı Ginzburq 75 yaşında vəfat etmişdir.
Rahilə Ginzburq 1 iyun 1920-ci ildə anadan olmuşdur.
Səhnə fəaliyyətinə 1941-ci ildən başlamış, 1943-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Rolları: Nina ("Maskarad", M.Lermontov), Negina ("İstedadlar və pərəstişkarlar", A.Ostrovski), İrina ("Üç bacı", A.Çexov), Polya, Liza ("Meşşanlar", "Günəşin övladları", M.Qorki), Valya, Lidiya ("İrkutsk əhvalatı", "Köhnə dəbli komediya", A.Arbuzov), Mariya Stüart ("Mariya Stüart", F.Şiller), Epifaniya, Eliza ("Milyonçu xanım", "Piqmalion", B.Şou), Katarina ("Şıltaq qızın yumşalması", U.Şekspir), Şirin ("Fərhad və Şirin", S.Vurğun), Gültəkin ("Aydın", C.Cabbarlı), Klitemnestra ("Mənim məhəbbətim Elektra", L.Dürko), Sara Bernar ("Lanqust gülüşü", C.Marrel) və s.

Tarixdə bu gün - 6 dekabr 2004 — Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Muxtar Həsən oğlu Avşarov 90 yaşında vəfat etmişdir.
Muxtar Avşarov 16 fevral 1914 – cü ildə İrəvan şəhərində doğulmuşdur.
1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutmuş və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətirmişlər.
1922-ci ildə o, Gəncədəki Dəmiryol məktəbində oхumuş və IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayır. Hələ məktəbli vaхtlarından incəsənətə, teatra olan həvəs onu rahat buraхmadığından boş vaхtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıхır. Çoх keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq Aleksandr Şirvanzadənin "Namus" pyesini tamaşaya qoyur. M. Avşarov ilk teatr təhsilini elə bu böyük sənətkardan almışdır. Pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılır.
1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M. Avşarov Gəncə paravoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, dəmiryolçuların Gənc Tamaşaçılar teatırnda aktyor kimi fəaliyyətini davam etdirir.
1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışmış, yüzlərlə tamaşada müхtəlif хarakterli obrazlar yaratmışdır.
M. Avşarov 1989-cu ildə "yenidənqurma" dövrünün qərarlarına uyğun olaraq "60 yaşından yuхarı olan adamlar işdən azad olmalıdır" qərarı ilə işdən azad oulnur. 1992-ci ildə Xalq artisti Amaliya Pənahova özünün Bakı Bələdiyyə Teatrını yaradır və qocaman aktyor Muxtar Avşarovu həmin teatra dəvət edir. Teatrda işlədiyi müddətdə "Nadir şah" (Nəriman Nərimanov), "Dönüş" (Cəfər Cabbarlı) və bir çox tamaşalarda maraqlı, rəngarəng obrazlar qalereyası yaradır.
1996-cı ildə Mədəniyyət Fondu nəzdində "Sönməyən ulduzlar" teatrı fəaliyyətə başlayır və bu teatrda rejissor işləyən Məmmədkamal Kazımov M. Avşarovu həmin teatra dəvət edir. "Solğun çiçəklər" (Cəfər Cabbarlı) pyesindəki Əbdül əmi rolu ona həvalə olunur.
2002-ci il oktyabrın 2-də Muxtar Avşarov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, elə həmin ilin noyabrın 7-də isə Bakı Bələdiyyə Teatırnın 10 illik yubileyi ilə əlaqədar olaraq, Xalq artisti fəxri adına layiq görülmüşdür.

Tarixdə bu gün - 6 dekabr2006— Məşhur müğənni, Azərbaycan Respublikasının Xalq artisti Baba Mahmudoğlu (Baba Mahmud oğlu Mirzəyev) 66 yaşında vəfat etmişdir.
Baba Mahmudoğlu 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində doğulub.1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub.
Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib.
Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə ekranda görünməyə başlayıb.
1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb.
Sənətkar sağlığında öz ansanblını yaratmışdır ki, bu ansanblla o bir çox xarici səfərlərdə çıxış etmiş və Azərbaycan musiqisinin gözəlliyini digər xalqların nümayəndələrinə ən gözəl şəkildə çatdırmışdır.

Bayramlar və xüsusi günlər:

6 dekabr rabitə və İT sahəsi işçilərinin peşə bayramı günüdür.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər.
Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.

Tarixdə bu gün - 6 dekabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz