» » Tarixdə bu gün - 5 dekabr

Tarixdə bu gün - 5 dekabr


5 dekabr


İlin 339-cu günü (uzun illərdə 340-cı).
İlin sonuna 26 gün qalır.

Mühüm hadisələr:


1934 — Türkiyədə qadınlara seçki hüququ verilmişdir.
1946 — Nyu-York şəhəri BMT-nin daimi qərargahı seçilmişdir.
1991 — Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Daxili İşlər Nazirliyi yanında Ali Dövlət İdarəetmə orqanlarını mühafizə şöbəsi yaradılmışdır.
1994 — ATƏT-in Budapeşt sammiti başlamışdır.

Doğum günləri:


Tarixdə bu gün - 5 dekabr1906 — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə Şərur rayonunun Sərxanlı kəndində doğulub. On dörd yaşma kimi kənddə yaşayıb. Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub. Ədəbiyyata, dramaturgiyaya coşğun həvəs göstərən Əşrəf məktəbdəki dram dərnəyinin fəallarından olub. Beşillik təhsilini uğurla başa vuraraq müəllimlərinin tövsiyəsi ilə İrəvana və "Rabfaka" (fəhlə fakültəsinə) daxil olub. Eyni zamanda İrəvanda Azərbaycan teatrının canlı klassiklərindən olan Yunis Nurinin dram dərnəyinə gedib. Burada epizodik rollar oynayıb, kütləvi səhnələrdə iştirak edib. İki ildən sonra Yunis Nurinin zəmanəti ilə İrəvandam Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub.
Əşrəf Yusifzadə dram truppasında və Dövlət Teatrında hazırlanmış Cəfər Cabbarlının "Aydın" (Dövlət bəy), Qabriel Sundukyanın "Pepo" (Pepo) əsərlərinin tamaşalarında əsas rollarda oynayıb. 1930-cu ildə Əşrəf Yusifzadə teatr sənətindən ayrılaraq Bakıya ali təhsil almağa gəlib. Burada Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olub. Məşhur aktyor Rza Təhmasiblə, şair-dramaturq Hüseyn Cavidlə dostluğu onu yenidən teatr sənətinə bağlayıb. 1932-ci ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Kollektivlə birgə 1933-cü ildə Gəncəyə gəlib və ömrünün sonun qədər Gəncə Dövlət Dram Teatrında aktyorluq edib.
Romantik aktyor, cəfakeş teatr xadimi, gənclərin qayğıkeş hamisi Əşrəf Yusifzadə 1963-cü il mart ayının 7-də Gəncə şəhərində vəfat edib və buradakı qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında dəfn olunub.

Tarixdə bu gün - 5 dekabr1921— Məşhur aktyor, Xalq artisti Həsənağa Dərya oğlu Salayev 5 dekabr 1921-ci ildə Bakıda qulluqçu ailəsində
doğulub.
Həsənağa 1937-ci ildə Bakıdakı Şura məktəbinin doqquzuncu sinifini yüksək qiymətlərlə bitirib, Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra 1946-cı ildə qayıdıb.
Qısa müddətdə Həsənağa Salayev teatrın repertuarında yer tutan və təzə hazırlanan tamaşalarında maraqlı rollar oynayıb.
Aktyor eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarını?", "Koroğlu", "İstintaq davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.
Yaradıcılığının ən müdrik çağında, 54 yaşında Həsənağa Salayev qəfildən iflic xəstəliyinə düçar olub. Bir daha səhnəyə çıxmayan aktyor 2 oktyabr 1981-ci ildə dünyasını dəyişib.

Tarixdə bu gün - 5 dekabr1924 —Azərbaycan Respublikasının Əməkdar artisti, aktrisa Şəfiqə Qasım qızı Qasımova Bakı şəhərində anadan olmuşdur. 14 yaşında, maestro Niyazinin bədii rəhbəri, Həbib İsmayılovun baş rejissoru olduğu Musiqili Komediya Teatrının xorunda çalışmağa başlamışdır .Gözəl səsə malik olduğundan Üzeyir Hacıbəyov onu yaratdığı Filarmoniyanın xor kapellasına dəvət etmişdir. Cahangir Cahangirovun bədii rəhbəri olduğu filarmoniyada Salman Dadaşov, Şövkət Məmmədova, "Sazçı qızlar" ansamblı, Xan Şuşinski, Seyid Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarlarla birgə işləmişdir.
İkinci Dünya müharibəsi illərində Azərbaycan Konservatoriyasına qəbul olunmuş və 1951-ci ildə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edilmişdir. Opera teatrının səhnəsində bir çox obrazlar yaratmışdır. Bülbül, Cavanşir Qafarov, Kamal Kərimov və digər görkəmli sənətkarlarla tərəf müqabili olmuşdur. 1956-cı ildən yenidən Musiqili Komediya Teatrında işləməyə başlamışdır.
Uzun illər ərzində baş və xarakterik rolların ifaçısı olmuşdur.
1986-cı ildə təqaüdə çıxmışdır.
Şəfiqə xanım həm də bir çox kinofilmlərdə yaratdığı obrazlarla yadda qalmışdır. Bu filmlər arasında rejissor Həbib İsmayılovun "Ögey ana" (Zeynəb), rejissor Tofiq İsmayılovun "Vulkana doğru" (Ana) və "Bizim məhəllənin uşaqları" (Ana) və s. filmlər vardır.
Şəfiqə Qasımova 3 aprel 2008-ci ildə vəfat etmişdir.

Tarixdə bu gün - 5 dekabr1925— Məşhur rəssam, Əməkdar incəsənət xadimi, Xalq rəssamı, professor Nadir Qəmbər oğlu Əbdürrəhmanov Laçında anadan olmuşdur. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə gətirmişdir.
O, 1941-1944-cü illərdə burada, 1947-1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır.
Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər görkəmli sənətkarlarımızla birlikdə Azərbaycanda gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak etmişdir.
O, 1954-cü ildən Azərbaycan Rəssamlıq məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur.
O, 2008-ci il iyulun 26-da vəfat etmişdir.

Tarixdə bu gün - 5 dekabr1927 — Görkəmli yazıçı Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlib.
1944-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində yeni açılmış şərqşünaslıq şöbəsinə (İran bölməsi) taxil olub. O, 1949-ci ildə yaradıcılıq sınaq qaydası ilə "Azərbaycan gəncləri" qəzetinə işə götürülüb.
1970-ci ildə C.Əlibəyov daha məsul işə – dövlət vəzifəsinə irəli çəkilib. Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunub, 1974-cü ildən isə "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etməyə başlayıb. Bu müddətdə istehsal olunan filmlər say və keyfiyyətcə yüksək qiymətləndirilib, ümumittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülüb: "Dədə Qorqud", "Babək", "Dərviş Parisi partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana", "Papaq" filmləri qızıl fonda daxil edilib.
C.Əlibəyov 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, 1988-1990-cı illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor işləyib. 1990-cı ildən sonra "Yazıçı" nəşriyyatında baş redaktor vəzifəsinə keçirilib, sonralar "Novruz", "Vahid" qəzetlərində baş redaktor, "Elm və həyat" nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışıb.
C.Əlibəyov bədii yaradıcılığa "Azərbaycan gəncləri"ndə işləyərkən başlayıb. Azərbaycan Jurnalistlər, Yazıçılar və Kinematoqrafçılar ittifaqlarının üzvü olub. SSRİ-də yayılmış "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" romanlarının, "Qayaların göz yaşı" povestinin (bunlar Moskvada "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatlarında rus dilinə çevrilərək nəşr edilib) müəllifidir.
Azərbaycanda həmin romnlarla yanaşı, "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanları və "Özümü axtarıram", "Analar..", "Anam Arazım mənim" və digər povestləri çap olunub. Bir neçə pyesin, senarinin, publisist kitabın müəllifidir.
"Gülüstanda qətl" pyesi Azərbayacan Milli Akademik Dram Teatrında tamaşaya qoyulub. Ümumiyyətlə, 40-dan çox bədii əsərin müəllifidir. C.Əlibəyov qələm və foto aparatı ilə dörd qitənin ölkələrini səyahət edib, ABŞ-dan, Türkiyədən, Rusiyadan (Sibirdən), Avstriyadan, İrandan və başqa ölkələrdən yazdığı səfər oçerkləri maraqla qarşılanıb. C. Əlibəyov yüksək hökumət mükafatlarına – orden, medal, fərmanlara layiq görülüb.

Tarixdə bu gün - 5 dekabr1941— Azərbaycan Respublikasının görkəmli dövlət xadimi , general-mayor Məhəmməd Nəbi oğlu Əsədov Zəngilan rayonunun Baharlı kəndində anadan olub.
1965-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət universitetinin "Maliyyə və kredit” fakültəsinə daxil olub. 1965-ci ildə 2 saylı trestdə mühasib işləyib, 1967-1968-ci illərdə Plan şöbəsinin müdiri vəzifəsində çalışıb. 1968-ci ildə Məhəmməd Əsədov Sumqayıt Şəhər Partiya Komitəsinin Sənaye şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkilib.
1973-1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin müdiri, 1975-1978-ci illərdə isə Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. 1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib.
1980-ci ildəMəhəmməd Əsədov Moskva Təhlükəsizlik Akademiyasına göndərilib. 1982-ci ildə akademiyanı qırmızı diplomla başa vurub. Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb.
1983-1986-cı illərdə Jdanov Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib.
Sonra Mərkəzi Komitəyə dəvət edirlər və 1986-cı ildən 1988-ci ilə qədər Məhəmməd Əsədov inzibati orqanlar şöbəsinə müdirlik edir.
1988-1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin , 1989-1990-cı illərdə bu fəaliyyətini Quba Rayon Partiya Komitəsinin birinci katibi kimi məsuliyyətlə davam etdirir.
Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilir.
O, daim sərhəd rayonlarına, Qarabağa, Ağdama, Göygölə, Gədəbəyə, Kəlbəcərə, Laçına, Goranboya, Tərtərə gedir. Çaykənd, Qarabulaq, Todan, Erkəç, Mənəşli və digər kəndlərin quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edir. Qarakənd səmasında verulan vertolyotda həlak olanların arasında Məhəmməd Əsədov da vardı.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakıda Xətai rayon 29 saylı tam orta məktəb onun adını daşıyır. Məktəbin həyətində Məhəmməd Əsədovun büstü ucaldılıb.
Zəngilan, Sumqayıt, Ağsu, Beyləqan, Ağdaş, Quba və Bakıda bir neçə təhsil müəssisəsi, gəmi, küçə və xiyaban, idarə və müəssisə onun adını daşıyır.

Tarixdə bu gün - 5 dekabr1954 — Azərbaycan Respublikasının görkəmli dövlət xadimi, Əməkdar həkim Sərdar İsa oğlu Kərimli Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndində anadan olmuşdur.
1971-ci ildə Bakı şəhərində 30 saylı orta məktəbi bitirdikdən sonra, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda preparatçı işləmiş, 1972-ci ildə müvəffəqiyyətlə imtahan verərək institutun 2-ci müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1978-ci ildə həmin ali məktəbi bitirmişdir.
1978-1980-cı illərdə Bakı zona tələbə inşaat dəstələrinin baş həkimi vəzifələrində işləmişdir. O, 1980-1983cü illərdə Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında əvvəlcə çağırışçı həkim, sonra böyük həkim vəzifələrində çalışmış, eyni vaxtda bir neçə il həmin stansiyanın ilk partiya təşkilatının katibi işləmişdir.
1985-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Təhsili müddətində Bakı Ali Partiya Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişdir. 1985-ci ildə təyinatla Azərbaycan KP Nəsimi Rayon Partiya komitəsinə göndərilmiş, 1989-cu ilə qədər burada təlimatçı kimi çalışmış rayon səhiyyəsinin kuratoru olmuşdur. Sərdar Kərimli 1990-cı ildə Səhiyyə Nazirliyinə işə keçmiş, işlər idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, kadrlar və tədris müəssələri idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, aparıcı mütəxəssisi və rəisi, kadrlar, elm və təhsil baş idarəsinin rəisi, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır.
 

Tarixdə bu gün - 5 dekabr1973 — Azərbaycanın Milli Qəhrəmanı Səxavət Ələmdar oğlu Məhərrəmov

Qərbi Azərbaycanın Şörəyel mahalının Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur.

1988-ci illərdə erməni faşistləri azərbaycanlıları buradan deportasiya edərkən, onun ailəsi əvvəlcə Gürcüstana, daha sonra isə Lökbatan qəsəbəsinə köçərək burada məskunlaşmışlar.

Səxavət 1990-cı ildə burada 106 saylı məktəbi bitirmişdir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri idi. O, şer yazırdı, musiqiyə, şerə həvəsi sonsuz idi.

Qarabağ uğrunda  hərəkata ilk qoşulanlardan biri də Səxavət idi.

1992-ci il 27 iyun Ağdərənin Kiçik Qarabəy (keçmiş Möhçoxlu sayda  erməni yaraqlısı məhv edib qərərgaha qayıdarkən  meşədə mühasirəyə düşür və şiddətli atışma başlayır. Səxavət 19 yaşında canından əziz tutduğu vətən uğrunda qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Səxavət Ələmdar oğlu Məhərrəmov ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri  adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Lökbatan qəsəbəsindəki 106 saylı məktəbə qəhrəmanımızın adı verilib, məktəbin  qarşısında  büstü qoyulub.


Tarixdə bu gün - 5 dekabr1978 — Tanınmış teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü Elçin Vidadi oğlu Əlibəyli İrəvan şəhərində doğulub.
1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub, 2002-ci ildə ADMİU-nun magistraturasını fərqlənmə ilə bitirib. 2002-2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında oxuyub. 1995-1998-ci illərdə "Virtuoze" və "Korifey" productionlarda redaktor, 1998-2005-ci illərdə "SOY TV"də Baş redaktor, 2005-2007-ci illərdə "CNF production"da Baş direktor vəzifəsində çalışıb. 2007-2011-ci illərdə Azad Azərbaycan Teleradio Yayım Şirkətinin Bədii rəhbəri olub. 2011-2012-ci illərdə "Azərbaycan xalçaları" elmi-bədii jurnalının Baş direktoru təyin olunub. 2012-2013-cü və 2016-2017-ci illərdə Publika.az portalında Baş direktor kimi çalışıb. Azərbaycan Media Akademiyasına rəhbərlik edir.
Azərbaycanda mövcud olan telekanalların yaradıcı axtarışları, TV-nin ictimai funksiyaları və onların təcəssüm mənzərəsini təhlil edən kitablarının müəllifidir. Nəzəri və elmi məcmuələrdə elmi, həmçinin dövrü mətbuatda çoxlu sayda məqalələri dərc olunmuşdur.
Televiziyada veriliş aparıcısı və veriliş, filmlərin müəllifi, baş prodüseri kimi tanınıb.

Vəfat etmişdir:

1870 —Məşhur fransız yazıçı Aleksandr Düma 68 yaşında vəfat etmişdir. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır.
Düma 1802-ci ildə anadan olmuşdur.

Tarixdə bu gün - 5 dekabr1941— Məşhur Azərbaycan şairi, ədəbiyyatımızda romantizm ədəbi cərəyanının əsas nümayəndəsi və mənzum faciənin banisi Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə) 49 yaşında represiyaya məruz qoyulmuşdur.
Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani ailəsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.
Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.
Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxmışdır.
Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "Insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "İyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.
Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor Neyzən" poeması, 1930).
Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat etmişdir.
Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırmışdı. "Gözəllik namına, sevqi namına" yazan böyük sənətkar neft buruqlarından və dəniz qəhrəmanlarından, tarlada səhərdən gecəyədək çalışan əmək qabaqcıllarından tərənnüm dolu süni misraların sayını çoxaltmadı. Azərbaycan yaradıcı fikri bu süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və sevgi şairi idi və eləcə də qaldı.
Heydər Əliyevin göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul edilmişdir.
1982-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin katibi olmuş Həmid Cəfərov həmin günləri belə xatırlayır: "… Heydər Əliyev "Bakinski raboçi” qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o, Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin "birinci şəxsinə” - Sov.İKP MK-nın Baş katibi Leonid Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropova müraciət etmişdi…”
1982-ci il oktyabrın 26-da Hüseyn Cavidin nəşi Moskvadan Bakıya, sonra isə Naxçıvana gətirilir. Naxçıvanda - evinin qarşısında dəfn olunmuşdur.

Tarixdə bu gün - 5 dekabr1988 — Məşhur Azərbaycan aktyoru, Xalq artisti Ağasadıq Ağaəli oğlu Gəraybəyli 91 yaşında vəfat etmişdir.
Ağasadıq Gəraybəyli 1897-ci ildə Şamaxıda anadan olub. Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamaşalarda rol alıb.
1940-cı ildə Azərbaycan SSR-nin Xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. "Bəxtiyar"" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy bu obrazlardandır.
1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində - Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, Xalq yazıçıları Mirzə İbrahimovla, Süleyman Rüstəmlə qonşu olub.
2007-ci ildə anadan olmasının 110 illiyi və səhnə fəaliyyətini 80 illiyi təntənəli şəkildə qeyd olunub. 8 noyabr 2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ağasadıq Gəraybəylinin 120 illik yubileyi qeyd olunmuşdur.

Tarixdə bu gün - 5 dekabr1996 — Tanınmış yazıçı, Azərbaycan Əməkdar Mədəniyyət işçisi Xalidə Məmməd qızı Hasilova vəfat etmişdir.
Xalidə Hasilova 1920-ci ildə Zaqatalada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi (1952-1953), "Göyərçin" jurnalının baş redaktoru (1966-1972), uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışmışdır.
Azərbaycan qadınlarının həyatından bəhs edən "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının "İlk məktub" (1951), "Lalənin kitabı" (1955), "İki yoldaş" (1956), "Onun taleyi" (1969), "Nəğməli könül" (1976), "Məhəbbət olmayanda" (1983), "Çətin yollar boyunca" (1986), "Xoruzlu dəsmal" (1994) və s. kitabları çap olunmuşdur. Uzun illər "Göyərçin" və "Azərbaycan qadını" jurnallarının redaktoru olmuş X.Hasilova "Kiçik hekayələr" (1950), "Lalənin kitabı" (1955), "Ulduzlu papaq" (1960), "Atlas yarpaqlar" (1965) və s. uşaq kitablarının müəllifidir. Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirmişdir. N.Nosovanın "Şən ailə" (1951), N.Tixonovun "İgid partizan" (1955), İlda Pereranın "Zənci balası Atolo" (1965), Ə.Nesinin "İndiki uşaqlar möcüzədir" (1972), Melih Bayramın "Günəş gözlü Mustafa Kamal" (1992) və b. kitabları bu qəbildəndir. Xalidə Hasilova bir sıra nəzəri məqalələrin də müəllifidir ki, onların əksəriyyəti uşaq ədəbiyyatı problemlərilə əlaqədardır. Bunlardan "Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında" "Gözəl duyğular", "Uşaqlara yüksək keyfiyyətli əsərlər verək", "Ədəbiyyat və tərbiyə" və s. göstərmək olar.

Tarixdə bu gün - 5 dekabr2016— Əslən azərbaycanlı olan politoloq, yazıçı, filosof və şair; Rusiya İslam komitəsinin sədri Heydər Cahid oğlu Camal 69 yaşında vəfat etmişdir.
Heydər Camal 1947-ci ilin 6 iyun tarixində SSRİ-nin paytaxtı Moskva şəhərində anadan olmuşdur. Atası azərbaycanlı rəssam Cövdət Camal, anası isə rus əsilli İrina Şapovalovadır. Əslən şuşalı olan H.Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir.
Heydər Camal 1965-ci ildə Şərq dilləri institutuna daxil olsa da, 1 il sonra siyasi motivlərlə təhsil ocağından qovulub. 1970-ci illərdə Moskvada nonkonformist andeqraund hərəkatının liderlərindən birinə çevrilib.
1980-ci illərdə Tacikistanda yaşayır və burada İslamın paralel liderləri (sovet orqanları tərəfindən nəzarət edilməyən) ilə yaxınlaşır.
1980-ci illərin sonunda Camal "Yaddaş" cəmiyyəti sıralarına daxil olur, mərkəzi şuraya seçilir. Amma bir il sonra təşkilatla bütün əlaqələrini kəsir.
1990-cı ildə Astraxanda İslam intibah partiyasının qurulmasında iştirak edir və partiya sədrinin köməkçisi təyin edilir. Eyni ildə "Tövhid" informasiya mərkəzini qurur, 1991-ci ildə "Əl-Vəhdət" qəzetini nəşr edir.
1992-ci ildə Ayətulla Xomeyninin oğlu Əhməd Xomeyni ilə əlaqə qurur. Bu əlaqə 1994-cü ilə, yəni Əhmədin vəfatına qədər davam edir.
1992-ci ildən Sudanın ali dini lideri Həsən ət-Turabi ilə ideoloji sahədə münasibət yaranır. Heydər və Həsənin ilk tanışlığı birinci Hartum konfransında baş tutur. Bu konfransa dünyanın bütün müsəlmanları dəvət edilmişdi. Növbəti il Heydər Camal Hartum konfransının ali prezidiumuna seçilir
Avropanın müsəlman intellektualı "İslam-Avropanın şansı"konfransında Camalın inisiativlərini dəstəkləyirlər.
1993-1996-cı illər arasında Heydər Camal İslam problemlərinə həsr edilmiş bir sıra televiziya proqramlarının aparıcısı olur.
1999-cu ildə Sankt-Peterburqda keçirilən "Pravoslav-İslam" konfransında İslamın və Pravoslavlığın strateji partnyorluğunun mümkünlüyü barədə tezis irəli sürür. Eyni ilin sonlarında parlament seçkilərində iştirak edir.
2000-ci ildə Rusiya rəhbərliyinin Məhəmməd Hatəminin rəhbərlik etdiyi iran mollalarının demokratik bloku ilə yaxınlaşmasının əleyhinə çıxır.
Heydər Camal 35 il ərzində tiranlığın istənilən formasına qarşı mübarizə aparıb. Son 10 ildə radikal müxalifətdə təmsil olunub.
Heydər Camal Rusiyanın ən savadlı politoloqlarından və ideoloqlarından biri idi. O, qəti mövqeyinə, prisipinə görə hörmət qazanmış şəxsiyyət idi. Rusiya ictimai rəyində Dağlıq Qarabağ problemini obyektiv, ədalətli müdafiə edən, hər cür erməni uydurmalarına qarşı yerində və tutarlı cavab verən, kifayət qədər prinsipial və vətənpərvər mövqe sərgiləmişdir. Rusiya sistemində müsəlmanların hüquqlarının qorunması üçün fəlsəfi görüşlərini irəli sürən və bu işə olduqca səviyyəli təqdimat verməyi bacaran, Rusiya elitasında sayılıb-seçilən biri idi. Onun fikirlərinə kifayət qədər hörmətlə və ciddi yanaşılırdı. O, Rusiya və dünya siyasətçiləri yanında böyük hörmət və nüfuza malik idi.
Heydər Camal 2016-cı ilin dekabr ayının 4-dən 5-nə keçən gecə Alma-Ata şəhərində vəfat etmiş və vəsiyyətinə əsasən, Alma-Atada dəfn edilmişdir.

Bayramlar və xüsusi günlər:

5 dekabr Beynəlxalq Könüllülər Günüdür.
Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 1985-ci ildə hökumətlərə hər il iqtisadi və sosial inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib. Həmin ildən etibarən dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Azərbaycanda könüllülük hərəkatı son illərdə təşəkkül tapmağa və inkişaf etməyə başlayıb. Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda "Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramının imkanlarından istifadə edilməsi” xüsusilə qeyd olunub. Ölkədə keçirilən beynəlxalq tədbirlərdə ASAN könüllülərinin iştirakı könüllülük hərəkatına xüsusi prestij qazandırıb. Qeyd edək ki, könüllülüyün məqsədi ayrı-ayrı fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir.
 

Tarixdə bu gün - 5 dekabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz