» » Tarixdə bu gün - 22 noyabr

Tarixdə bu gün - 22 noyabr

Müəllif: Vüsal от 22-11-2017, 00:15
22 noyabr
İlin 326-cı günü (uzun illərdə 327-ci).
İlin sonuna 39 gün qalır.
Mühüm hadisələr:
1960 — İlk "Zaporojes" avtomobili konveyerdən çıxmışdır.
1968 — Türkiyədə ilk dəfə ürək transplantasiyası həyata keçirilmişdir.
2003 — Eduard Şevardnadze əleyhdarları Gürcüstan parlamentinə basqın etmişdir. Şevardnadze ölkədə vəziyyətin gərgin olduğunu nəzərə alaraq fövqəladə vəziyyət elan etmişdir.
2004 — Ukraynada "məxməri inqilab" başlamışdır.
1918 — Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ADR Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.
1995 — Azərbaycan Respublikası Yamayka ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1881 — Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbiçi və siyasi xadim Ənvər Paşa İstanbulda Divanyolunda dünyaya gəlmişdir.
Tarixdə bu gün - 22 noyabrAtası inşaat mühəndisi Hacı Əhməd paşa , anası Aişə Dilarə xanımdır. Ata tərəfdən soyu Qaqauz türklərinə dayanır. Ailənin 5 övladından ən böyüyüdür.
Birinci dünya müharibəsinin məğlubiyyətlə nəticələnməsindən sonra Qafqazda və Mərkəzi Asiyada yaşayan türk xalqlarının dirçəlməsi və birləşməsi üçün mübarizə aparmış, bu uğurda qoşulduğu bir qiyamda Tacikistanda rus ordusu tərəfindən öldürülmüşdür .
Düşənbənin təxminən 200 km şərqindəki Belçivan şəhərinə bağlı Obtar kəndində olan Ənvər paşanın məzarı Prezidentin baş müşaviri Münif İslamoğlu rəhbərliyindəki mütəxəsislər və elm adamlarından ibarət 8 nəfərlik heyət tərəfindən 30 iyul 1996-cı ildə açıldı. Xarici quruluşundan Ənvər paşaya aid olduğu anlaşılan cənazə Tacikistandakı siyasi qarışıqlıqlara görə çətinliklə paytaxt Düşənbəyə gətirilmiş və burada Türk bayrağına sarılı tabuta qoyularaq İstanbuldakı rəsmi mərasim üçün hazırlanmışdır.
3 avqust 1996-cı ildə İstanbula gətirilən nəşi gecə Gümüşsuyu Hərbi Xəstəxanasında saxlanılmışdır. Ölüm ildönümü olan 4 avqust 1996-cı ildə Şişli məscidində 8 imamın qıldırdığı cənazə namazının ardından Şişlidəki Abide-i Hürriyət təpəsində, İstanbul Böyükşəhər Bələdiyyəsi və Mədəniyyət Nazirliyi tərəfindən ortaq olaraq hazırlanan və Tələt paşannı yanında olan məzarda dəfn edilmişdir.
Mərasimə o dövrün prezidenti Süleyman Dəmirəl, Milli Müdafiə naziri Turxan Tayan, Abdullah Gül, səhiyyə naziri İldırım Aktuna, Mədəniyyət naziri İsmayıl Qəhrəman, ANAP millətvəkili İlhan Kəsiçi və İstanbul valisi Rıdvan Yenişənlə Ənvər paşanın nəvəsi Mayatepeklə digər yaxınları da qatılmışdı.
Ənvər paşa Azərbaycana xüsusi məhəbbəti olan görkəmli xadimdir.

1922 —Əəfsanəvi Azərbaycan təyyarəçisi, Sovet İttifaqı Qəhrəmanı Adil Hüseyn oğlu Quliyev Bakıda anadan olmuşdur.
Tarixdə bu gün - 22 noyabrBakı 14 saylı məktəbi bitirmişdir. (Bəzi məlumatlara görə 132 saylı məktəb). 1941-ci ildə hərbi xidmətə çağrılmış və 1942-ci ildə Stalinqrad hərbi təyyarəçilik məktəbini bitirmişdir.
1942-ci ilin oktyabrından Belorussiya, Pribaltika və Şərqi Prussiya səmalarında vuruşmuşdur.
14 mart 1943-cü ildə Staraya Russa şəhəri yaxınlığında təyyarəsi vurulmuşdu. O, təyyarəni cəbhə xəttinə qədər çatdırıb, paraşütlə tullanmış və öz tərəfimizə keçə bilmişdi.
Sovet İttifaqı Qəhrəmanı adı, Lenin ordeni və 5932 №-li Qızıl Ulduz medalı ona 1945-ci ilin 23 fevralında verilmişdir.
1956-cı ildə Hərbi Hava Qüvvələri Akademiyasını bitirmişdir. 1966-cı ildə polkovnikrütbəsində istefaya çıxmışdır.
Uzun müddət Bakı Aeroportunun rəisi işləmişdir.
SSRİ Ali Sovetinin deputatı olmuşdur.
3 Lenin ordeni, Qırmızı Bayraq ordeni, Aleksandr Nevski ordeni, I və II dərəcəli Vətən Müharibəsi ordenləri və Qırmızı Ulduz ordeni ilə təltif edilmişdi.
1992-ci ildə vəfat etmiş və Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

1922 — Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti , SSRİ Dövlət Mükafatı Laureatı , Sosialist Əməyi Qəhrəmanı , Azərbaycan SSR Dövlət Mükafatı Tarixdə bu gün - 22 noyabrLaureatı F ikrət Məşədi Cəmil oğlu Əmirov Kirovabad(Gəncə) şəhərində anadan olmuşdur.
Uşaqlıq illəri musiqi aləmi ilə əhatə olunmuş F. Əmirov musiqiyə olan həvəsi hələ kiçik yaşlarından özünə biruzə verirdi. O, daima xanəndə və aşıqların, eləcədə instrumentalistlərin ifasını diqqətlə dinləmiş, xalq musiqi yaradıcılığını izləmişdir. Bu da onun musiqi düşüncəsinin formalaşmasını təmin etmişdir. Hələ uşaq yaşlarından tarın yaxşı ifaçısı kimi çıxış edərək öz məharətini nümayiş etdirirdi.
Professional musiqiçi olmaq məqsədilə o, 1938- ci ildə tar ixtisası üzrə Kirovabad musiqi texnikumunu bitirdikdən sonra Bakıya gələrək musiqi texnikumunda təhsilini davam etdirir. 1939- cu ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra o, Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Burada F. Əmirov xarici ölkə musiqi tarixi və ədəbiyyatı ilə yaxından tanış olur. Xarici ölkə bəstəkarlarının müxtəlif janrla əsərlərini dinləyərək öyrənir. Tələbəlik illərində o, "Variasiyalar”, "Romantik sonata”, "Prelüdlər”, "Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə” simfonik poemasını, eləcə də M. S. Ordubadinin liberettosu əsasında 1946- cı ildə "Gözün aydın” musiqili komediyalarını yazmışdır. Həmin dövrdə o, skripka və fortepiano ilə simfonik orkestr üçün ikili konsert, A. Babayev birlikdə fortepino ilə xalq çalğı alətləri orkestr üçün konsert, görkəmli Azərbaycan şairinə həsr etdiyi "Nizaminin xatirəsinə” sinfoniyasını yazmışdır.
1948- ci ildə F. Əmirov bir pərdəli "Ulduz” operası ilə konservatoriyanın bəstəkarlıq fakultəsini bitirir. O, öz yaradıcılığında milli folklorun öyrənilməsinə xüsusi diqqət yetirir. O, muğam improvizasiya üsulundan, eləcə də muğamın ritmik xüsusiyyətlərindən, həmçinin xalq mahnılarından istifadə edərək "Şur” və "Kürd...Ovşarı”simfonik muğamlarını yaratmışdır. Bu simfonik muğamlar 1949- cu ildə Dövlət mükafatına layiq görülmüşdür.
F. Əmirov xalq mahnılarının toplanması, nota salınması sahəsində də fəaliyyət göstərərək külli miqdarda Azərbaycan xalq mahnılarını nota salaraq tərtib etmişdir.Məsələn, "Küçələrə su səpmişəm”, "Gözəlim sənsən” və s. Bəstəkarın opera janrına müraciət etməsi onun ən böyük, naliyyətlərindən idi.
F. Əmirov bir sıra dram tamaşalarına da musiqi yazmışdır. Məsələn S. Vurğunun "Xanlar”, "Vaqif”, H. Cavidin "Şeyx Sənan”, "Cavanşir”, və s. O, həmçinin Ü. Hacıbəyovun ənənələrini davam etdirərək bir sıra kamera- instrumental əsərlər də yazmışdır. Fortepianonun müşayiətilə skripka və violonçellər unisonu üçün Ü. Hacıbəyova həsr olunmuş "Xatirə” elegiyası,
F. Əmirov həmçinin vokal musiqisi sahəsində də geniş surətdə fəaliyyət göstərmişdir. O, Nizami Gəncəvi, M, Lermonatov, A.S.Puşkin eləcə də S.Rüstəm, M.Dilbazi poeziyalarının təsiri nəticəsində bir sıra mahnı və romanslar yazmışdır. Məsələn, Nizami Gəncəvinin sözlərinə "Gülüm” M.Y.Lermontovun sözlərinə "Ulduz” romansları, A.S.Puşkinin anadan olmasının 150 illik yubileyi münasibətilə şairin sözlərinə simfonik orkestrin müşayiətilə fenor və bariton üçün "Qış yolu” vokal poemasını yazmışdır.
1961-ci ildə F.Əmirov simfonik orkestr üçün "Azərbaycan kapriççiosu”nu, həmçinin simfonik orkestr üçün”Azərbaycan qravürlərini”, "Nəsimi” vokal-simfonik poemasını, 1973-cü ildə yeni tembr-koloritə əsaslanan "Gülüstani-Bayatı Şiraz” simfonik muğamını yazmışdır. Əsərdə vokal və simfonik-orkestr ifasının tembr ahəngdarlığının xalq milli janr və formaları ilə vəhdət təşkil etməsi milli simfonizmin inkişafına imkan yaradır..
1956-cı ildə Azərbaycan Opera və Balet teatrının direktoru vəzifəsində çalışmış, Azərbaycan Bəstəkarlar İttifaqının katibi olmuş, SSSRİ Bəstəkarlar İttifaqının ikinci ümumittifaq qurultayında Rəyasət Heyətinin üzvü olmuşdur. Musiqi sənətinin inkişafı sahəsində böyük nailiyyətlərə görə F.Əmirov 1955-ci ildə Az.SSR-nin Əməkdar incəsənət xadimi, 1958-ci ildə Az.SSR-nin xalq artisti fəxri adına layiq görülmüşdür. O, 1947-ci ildə "Qafqaz uğrunda”, "Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbə” medalları ilə təltif edilmişdir. 1982-ci ildə Sosialist Qəhrəmanı adına layiq görülmüşdür.
Fikrət Əmirov 1982-ci ildə ildə Bakıda vəfat etmişdir.

1922— Məşhur Azərbaycan yazıçısı, ssenaristi, Əməkdar incəsənət xadimi , Azərbaycan Dövlət Mükafatı Laureatı , Azərbaycanın Xalq yazıçısı Hüseyn Abbas Tarixdə bu gün - 22 noyabroğlu Abbaszadə Bakı şəhərində anadan olmuşdur.
Orta təhsilini bitirdikdən sonra II Dünya müharibəsinin başlanması ilə əlaqədar o, ordu sıralarına çağırılmışdır. Hüseyn Abbaszadə 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir.
Müharibədən qayıdan Hüseyn Abbaszadə 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil almışdır.
Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, 60 ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş "General” romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir.
Hüseyn Abbaszadənin Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, bir sıra hərbi orden və medallarla, habelə müstəqil Azərbaycanın ali mükafatı – "Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Hüseyn Abbaszadə 2007-ci il dekabrın 12-də Bakı şəhərində vəfat etmişdir.

1933 — Məşhur Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Xalq artisti , SSRİ Dövlət Mükafatı Laureatı , Azərbaycan SSR Dövlət Mükafatı laureatı Rasim Mirqasım oğlu Ocaqov Şəki şəhərində anadan olub.
1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.
50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.
Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olmuşdur. Onun ikinci rejissor işi "Tütək səsi" filmi oldu. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.
R.Ocaqov 2006-cı ildə Bakıda vəfat etmişdir.
 
Tarixdə bu gün - 22 noyabr1938— Məşhur Azərbaycan teatr və kino aktyoru, Xalq artisti , SSRİ və Azərbaycan Dövlət Mükafatları Laueratı Həsən Ağaməmməd oğlu Məmmədov Salyan rayonunda doğulmuşdur.
salyanda 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etmişdir.
1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960-1961) işləmişdir. H.Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. O, elə həmin ildən kinoda da fəaliyyət göstərmişdir. H.Məmmədov 50-dən çox filmdə çəkilmişdi.
İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il 2 fevralda köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilmişdi. O, 1989-cu il 17 mayda dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynamışdı. H.Məmmədov Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il 21 noyabrdan ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışmışdı.
Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.
Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur.
H.Məmmədov 2003-cü il 26 avqustda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.

Tarixdə bu gün - 22 noyabr1950 —Tanınmış Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Rəhim oğlu Quliyev Şəkidə doğulub.
Orta rus məktəbini 1967-ci ildə, Şəki Musiqi Texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri fakültəsinin Tar şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinifini bitirib.
Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. C.Quliyev ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq etmişdir. C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir.
1990-1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980 – 1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında – Bakı Musiqi Akademiyasında, 1994 – 2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib.
2005-ci ildən – Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitəsinin Səhnə Sənətləri Fakultəsinin professorudur.

Vəfat etmişdir:
 

Tarixdə bu gün - 22 noyabr1973 —Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim, Azərbaycanda elmi anatomiyanın banisi, uzun illər qayğıkeş pedaqoq, bacarıqlı təşkilatçı kimi insan anatomiyası kafedrasının müdiri vəzifəsində çalışmış əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Kamil Əbdülsalam oğlu Balakişiyev 67 yaşında vəfat etmişdir.
Kamil Balakişiyev 1906-cı il sentyabr ayının 20-də Bakının Novxanı kəndində anadan olmuşdur.
O, orta təhsilini ikinci dövlət kişi gimnaziyasında almış, 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. Hələ ikinci kurs tələbəsi ikən pedaqoji və elmi-tədqiqat işlərinə ciddi maraq göstərdiyinə görə insan anatomiyası kafedrasına qəbul olunmuşdur. Onun fitri istedadı kafedra rəhbərliyinin diqqətini cəlb etmiş və bir qədər sonra insan anatomiyası fənni üzrə sərbəst surətdə məşğələlər aparmasına icazə verilmişdir.
Beşinci kurs tələbəsi olarkən K. Balakişiyev öz müəllimi A. Valenkaya ilə birlikdə rus dilində "Osteologiya üzrə praktik məşğələlərə rəhbərlik" adlı dərs vəsaiti yazmış və həmin vəsait 1926-cı ildə çap olunmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində isə o, Azərbaycan dilində latın qrafikası ilə silsilə dərslik və dərs vəsaitləri çap etdirərək ölkə anatomiyası tarixində yeni səhifə açmışdır.
1930-cu ildə 24 yaşında elmi-pedaqoji fəaliyyətindəki xidmətlərinə görə K.Balakişiyev privat-dosent elmi adına layiq görülmüşdür. O, praktik məşğələlər aparmaqla yanaşı, tələbələrə həm rus, həm də Azərbaycan dilində normal anatomiya fənni üzrə mühazirələr oxumağa başlamışdır. Hələ tələbəlik illərindən ardıcıl olaraq elmi-tədqiqat işləri ilə məşğul olan alimə 1935-ci ildə dövri mətbuatda çap etdirdiyi sanballı elmi-tədqiqat işlərinin nəticələrinə görə tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir. Həmin illərdə Kamil müəllim bud sinirinin kötükdaxili quruluşunu öyrənməklə Azərbaycanda periferik sinir sisteminin morfo-funksional xüsusiyyətlərinin öyrənilməsinin əsasını qoymuşdur.
Kamil Balakişiyev 1936-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun elmi şurasının açıq iclasında "Sidik kanalı soğanağı (Meri və Kuper) vəziləri" mövzusu üzrə doktorluq dissertasiyası müdafiə etmiş və 30 yaşında olarkən tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Gənc alim müdafiə ərəfəsində Sankt-Peterburqda 6 ay müddətində elmi ezamiyyətdə olmuş, onun elmi-tədqiqat işi Rusiyanın məşhur alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.
1937-ci ilin avqust ayında Azərbaycan Dövlət Tibb İnstitutunun normal anatomiya kafedrasına ilk dəfə olaraq milli kadr – professor Kamil Balakişiyev rəhbərlik etməyə başlamışdır. O, ömrünün sonuna qədər (1973) bu məsuliyyətli və çətin vəzifəni böyük müvəffəqiyyətlə yerinə yetirmişdir. Kamil müəllim eyni zamanda 1937–1941-ci illərdə Bakı Dövlət Universitetinin anatomiya kafedrasına, 1938–1940-cı illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun anatomiya və fiziologiya kafedrasına rəhbərlik etmişdir.
1942-ci ildə Azərbaycanda səhiyyənin, tibb elmi və təhsili sisteminin inkişafında, eləcə də yüksək ixtisaslı tibb kadrlarının yetişdirilməsindəki xidmətlərinə görə Kamil Balakişiyev "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
O, 1943–1945-ci illərdə ATİ-nin müalicə-profilaktika fakültəsinin dekanı, 1944 – 1945-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının "Tibb" bölməsinin baş elmi işçisi vəzifəsində çalışmışdır.
Əsas iş yeri Azərbaycan Dövlət Tibb İnstitutunun normal anatomiya kafedrası olsa da, K.Balakişiyev Bakının digər ali məktəblərində də insan anatomiyası kafedraları təşkil etmişdir. Bununla yanaşı o, Azərbaycanda təkcə anatomiya deyil, histologiya elminin də inkişafına güclü təkan vermişdir. Kamil müəllim Azərbaycanda ilk dəfə olaraq ana dilində histoloji terminlərin yaradıcısı olmuş və bu haqda dəyərli kitab çap etdirmişdir. O, həmçinin Bakının bir sıra xəstəxanalarının cərrahiyyə şöbələrində həkim-cərrah kimi fəaliyyət göstərmişdir.
Kamil Balakişiyevin rəhbərliyi altında 15 nəfər elmlər doktoru və namizədi yetişdirilmişdir. O, 100-ə yaxın elmi işin, o cümlədən orijinal dərslik və dərs vəsaitinin, lüğət və terminologiyanın, elmi-kütləvi məqalənin müəllifi olmuşdur. Alim əldə etdiyi çoxillik elmi-pedaqoji təcrübə əsasında hazırda monumental abidə kimi dəyərləndirilən elmi məqalələr, əvəzsiz dərslik və dərs vəsaitləri, nomenklaturalar yaratmışdır.
Kamil Balakişiyev görkəmli alim, qayğıkeş müəllim, istedadlı pedaqoq olmaqla yanaşı, bacarıqlı təşkilatçı, ictimai işlərin fəal iştirakçılarından idi. Onun çoxillik elmi-tədqiqat və pedaqoji fəaliyyəti inzibati və ictimai işlərlə sıx bağlı, əlaqəli olmuşdur. O, uzun illər səhiyyə sahəsində müxtəlif mötəbər vəzifələrdə çalışmışdır. 17 il Azərbaycan Tibb İnstitutunda tədris işləri üzrə prorektor, Səhiyyə Nazirliyində idarə rəisi, Azərbaycan Elmlər Akademiyasının Terminologiya Komitəsinin tibb bölməsinin sədri vəzifələrini layiqincə yerinə yetirmişdir. İşlədiyi bütün kollektivlərdə daim öz ideal səliqə-sahmanı, səmimiyyəti, insani keyfiyyətləri ilə dərin izlər qoymuş, rəğbət qazanmışdır.
Böyük alim 1973-cü ilin noyabrın 22-də vəfat etmişdir.
1996-cı ildə ATU-nun insan anatomiyası kafedrası rəhbərliyinin yüksək instansiyalara müraciəti nəzərə alındı və K.Balakişiyevin yubileyi ilk dəfə dövlət səviyyəsində geniş qeyd edildi. Hazırda Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.

2012 — Azərbaycan şairi, publicist və dramaturq Kələntər Şıxkərim oğlu Kələntərli 79 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 22 noyabrKələntər Kələntərli 1933-cü ildə mart ayının 20-də Qusar rayonunun Sudur kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1954-1958-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsində təhsil almışdır. Lakin ağır, çətin ailə vəziyyətinə görə ali təhsili başa vura bilməmiş və dördüncü kursdan çıxıb işləməyə məcbur olmuşdur.
1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Kitabxanasında şöbə müdiri, 1960-cı ildə "Mübariz keşikdə" qəzetində şöbə müdiri, 1961-1962-ci illərdə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində işləmişdir. K.Kələntərli 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1963-1964-cü illərdə Natəvan klubunun direktoru olmuşdur. 1966-1968-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında Incəsənət şöbəsinin redaktoru, 1984-1986-cı illərdə "Qızıl Şərq" mətbəəsində korrektor, 1990-1992-ci illərdə "Amal" qəzetində şöbə müdiri işləmişdir.
K. Kələntərli 1959-cu ildən 1966-cı ilin axırına kimi, "Azərbaycan gəncləri" qəzetinin Sabir adına Kitabxanada təşkil etdiyi "Ədəbi məclisin" rəhbəri olub.
1993-cü ildən Azərbaycan Respublikası Dövlət Televiziya və Radio verilişləri şirkətində radionun Ləzgi Redaksiyasının Baş redaktoru vəzifəsində çalışır. Əsərlərini Azərbaycan və ləzgi dilində yazır. Bədii yaradıcılığa 50-ci illərdən başlamışdır. Şeirləri, poemaları, ədəbi-tənqidi və publisist məqalələri "Azərbaycan", "Qobustan", "Ulduz" və s. jurnallarda, eləcə də qəzetlərdə müntəzəm çap olunur. "Dağlar silkələndi", "Şöhrət axtaran xanım" və "Lənət şeytana, yaxud belə-belə işlər" mənzum pyesləri xalq teatrında tamaşaya qoyulmuşdur.
"Şuşam geri alınmasa" və "Ağ atlı oğlan" poeması xüsusilə diqqəti cəlb edir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.

Tarixdə bu gün - 22 noyabr2012 —Azərbaycan aktyoru rejissor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureat Yaşar Nuri Vəfat etmişdir.
Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir.
Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir.
Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur.
Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında isə saysız-hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir.
Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşara bir qayda olaraq xarakter rollar tapşırılırdı. Səhnədə ilk rolu Aleksandr Vampilovun "Övlad" ("Böyük oğul") (28 dekabr, 1974) komediyasının tamaşasında Silva rolu olub. Yaşarın istər teatrda, istərsə də kino və telekrandakı rolları həcmindən asılı olmayaraq tamaşanın "ağırlıq nöqtəsi"nə dönür. Həmin tamaşalarda aktyorun yanında layiqli yöndaşı olmayanda səhnə əsəri müvazinətini itirir.
İlk tamaşası 1988-ci il sentyabr ayının 24-də göstərilən "Qanlı Nigar" tamaşasında sözün əsl mənasında iki qütb var: birisi Abdi, digəri Nigar. Məhz bu iki personajin ətrafında gedən mürəkkəb, çalpaşıq, təzadlı, yumorlu hadisələr-ümumbəşər məna kəsb edir, düşündürür, güldürür, həyəcanlandırır, ağladır.
Vaqif İbrahimoğlunun yüksək məharətlə, milli teatr poetikası əsasında orijinal quruluş verdiyi bu folklor mənşəli pyes Yaşar Nuri (Abdi) və Amaliya Pənahovanın (Qanlı Nigar) benefisinə, sənət bayramına çevrildi.
Cəmil Əlibəyovun "Gülüstanda qətl" pyesi əssında Azərbaycanın əməkdar incəsənət xadimi Ağakişi Kazımovun hazırladığı eyni adlı tamaşada mənfidən də mənfi personaj, son dərəcə qılaflı, mafiya başçılarından biri Şahməmməd İsmiyeviçdir. O zaman belə bir rolun Yaşara tapşırılmasının düzgün olub olmadığı barədə uzun mübahisələr düşmüşdü. Lakin müəllif Cəmil Əlibəyov teatrla birgə işin başlanğıcından çox mübahisə etdi, dəlillər gətirdi. Budəfəki müəllif "inadkarlığı" özünü tam doğrultdu. Tamaşa gözəl aktyor rolu ilə zənginləşdi, bədii publisistikamızda yeni bir baxım bucağı həyat hüququnu tapdı.

Bayramlar və xüsusi günlər:

Tarixdə bu gün - 22 noyabr


22 noyabr Azərbaycan Ədliyyə işçilərinin peşə bayramı günüdür.
Ədliyyə Nazirliyi 1918-ci il may ayının 28-də—Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün yaradılıb. Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayır, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilir, binalar qaydaya salınır və çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilir. Azərbaycan Demokratik Respublikası 1920-ci il aprel ayının 28-də süqut etdikdən sonra Ədliyyə Nazirliyi ləğv edilir və yerinə Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilir. 1959-cu ildə Ədliyyə Komissarlığının yenidən fəaliyyəti dayandırılır və onun səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülür.
Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmək, əhaliyə hüquqi yardımı yaxşılaşdırmaq, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmək, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edildi və Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edildi.

Sumqayıt şəhərinin yaranma günü

Tarixdə bu gün - 22 noyabr

Sumqayıt — Azərbaycan Respublikasında respublika tabeli şəhər.
Əhalisinin sayına görə və sahəsinə görə Bakıdan və Gəncədən sonra üçüncü böyük şəhər.
Şəhər Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir. Hacı Zeynalabdin və Corat qəsəbələri rayon tabeliyindədir.
Ərazisi 94.17 km², əhalisinin sayı 2018-ci il siyahında 326.020 nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 3.570 nəfər/km² təşkil edir
Tarixçilər tərəfindən sübut olunub ki, Eramızdan əvvəl 7-ci əsrdə Sumqayıtın ərazisində midya tayfalarının yaşayış məskəni olub. İndiki İcra Hakimiyyəti binası üçün bünövrə qazılarkən qədim saxsı məmulatlar, qablar, sikkələr aşkar olunmudu və beləliklə bu yerdə qədim şəhərcik yerləşdiyi məlum olmuşdur.Şəhərin adıyla bağlı bir cox əfsanələr məlumdur. Bu əfsanələrdən birinə görə qədim keçmişdə belə bir hadisə baş verib:
Şəhərdən karvan keçirmiş. Bu karvanda bir-birini sevən iki gənc varmış. Sum adlı oğlan və Ceyran adlı qız. Karvandakı su ehtiyatı qurtardıqdan sonra susuzluqdan əziyyət çəkən Ceyranın əzablarına dözə bilməyən Sum bulaq axtarmağa getdi. Bədbəxtik baş verəcəyini hiss edən Ceyran " Sum qayıt, Sum qayıt” deyə qışqıraraq sevgilisini geri qaytarmağa çalışsa da buna nail ola bilmir.
Şəhərin təməli atılmamışdan əvvəl bu yerdə Sumqayıt adlı 4 obyekt olub: yaşayış məskəni, çay, dəniz fənəri və dəmir yolu stansiyası. Ədəbiyyatda bu toponimin aşağıdakı variantları mövcuddur: Sumqayıt, Suqayıt, Sumqay, Suqait.
Rus səyyahı İ.Berezin özünün yol qeydlərində yazır ki: " Şəhərin yaxınlığından Sumqayıt və ya Suqayıt adlanan çay axır. İsti və quraqlıq vaxtlarda çay quruyur yağış yağanda isə yenə canlanır. Çayın adı da hər halda bununla bağlıdır.”
Aparılan tədqiqatlara əsasən 7-ci əsrin əvvəlində Sumqayıtın ərazisində pers tayfaları yaşayırdı. Bu vaxtlar Sumqayıtçayın hər iki sahili boyunca karvan yolları keçirmiş və arxeoloji qazıntılar zamanı aşkar olunmuş körpü və karvansaray qalıqları bu fərziyyəni təsdiq edir. Sumqayıt haqqında ilk yazılı məlumat isə İngilis səyyahı H.Berou tərəfindən 1580-ci ildə verilmişdir. Fransız yazıçısı A.Düma 1858-ci ildə "Qafqaza səyahət” kitabında Sumqayıt adlı poçt stansiyasından söz etməkdədir.
1935-ci ildə Ağır Sənaye üzrə Xalq Komissariatının Kollegiyasında Azərbaycanlı mütəxəssislərin iştirakı ilə qərara alınır ki, Abşeron yarımadasında İstilik Elektrik Mərkəzi və sənaye müəssisələrinin tikintisi üçün yer seçilsin. Bir müddət keçdikdən sonra yeni sənaye şəhərinin tikilməsi üçün Abşeron yarımadasının şimal-qərbində , Bakı şəhərinin 30-35 kilometrliyində Sumqayıt dəmir yolu stansiyanın yaxınlığında yer ayrıldı. Tikinti zamanı inşaatçıların qarşılaşdığı çətinlikləri təsvir etmək üçün onlardan birinin xatirələrinə müraciət edək :” Çox şiddətli küləklər inşaatçıların işini ləngidirdi: gün ərzində qazılan tranşeylər gecə yenidən qumla dolurdu… Bəzi barakları qum gecə boyunca elə örtürdü ki, bu barakı qumdan təmizləmək üçün iki, üç yük maşını lazım olurdu”.

Şəhərin inkişaf mərhələləri

1938-ci il – indiki İES-in yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlandı.
1939-40-cı illər – Sintetik Kauçuk, Boru yayma və Kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən müharibəsinin başlaması ilə bütün tikinti işləri durdurulur.
1941-ci il – İES işə düşdü və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanını verdi.
1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisi.
1945-ci il – Sumqayıt Kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.
1949-cu il – Azərbaycan Ali Soveti Prezidiumunun qərarı ilə Sumqayıta şəhər statusu verildi. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.
1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başladı. Sintetik Kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.
1953-cü il Marten sobalarında ilk polad əridilməsi.
1955-ci il Sumqayıt Alüminyum zavodu işə başladı.
1957-59-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.
1960-ci il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.
1961-68-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
1970-80-ci illər – Yüngül və maşınqayırma sənayesinin inkişafı.
Bu vaxtlar Sumqayıt artıq keçmiş SSRİ-nin aparıcı sənaye şəhərlərindən biri kimi tanınmışdı.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz