» » Tarixdə bu gün - 21 noyabr

Tarixdə bu gün - 21 noyabr

Müəllif: Vüsal от 21-11-2017, 00:15

21 noyabr

İlin 325-ci günü (uzun illərdə 326-cı).
İlin sonuna 40 gün qalır.

Mühüm hadisələr:

1877 — Tomas Edison səsyazan cihaz (fonoqraf) icad etdiyini bildirmişdir.
1955 — İran, Türkiyə, İraq, Pakistan və İngiltərə "Bağdad paktı" təçkilatını təsis etmişlər.
1956 — BMT sovet qoşunlarının Macarıstana daxil olmasını pisləmişdir.
1957 — Xəzər dənizində fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik iki neftçi briqadası həlak olub.
1990 — Naxçıvan MR Ali Məclisi 20 yanvar hadisələrinə siyasi qiymət vermişdir.
1992 — Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edilmişdir.
1994 — Əhalinin sosial müdafiəsi Fondu təsis edilmişdir.
1994 — Parisdə keçirilən iclasda ATƏM-in adı dəyişilərək ATƏT olmuşdur.
2007 — Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməli qoyulmuşdur.
2008 — İstanbulda Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının I konfransı keçirilmişdir.

Doğum günləri:

Tarixdə bu gün - 21 noyabr1972 — Azərbaycanın Milli Qəhrəmanı Mehman Rəşid oğlu Sayadov Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur.
Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır.
5 noyabr 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq, Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı.
Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Döyüş meydanında gənc Mehmanın cəsədi ətrafında onlarla erməni işğalçılarının meyiti səpələnmişdi. Bu Mehmanın əsl qəhrəmanlığından xəbər verirdi. Onun bu qəhrəmanlığı Qarabağ müharibəsi dövründə dildən-dilə, eldən elə gəzdi.
Bütün cəhdlərə baxmayaraq qəhrəmanımızın cəsədini döyüş meydanından çıxarmaq mümkün olmamışdır.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Mehman Rəşid oğlu Sayadova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Vəfat etmişdir:

Tarixdə bu gün - 21 noyabr1909 - Bakı Muğam Məclislərinin yaradıcısı Məşədi Məlik bəy Ağa Salah bəy oğlu Mansurov 64 yaşında vəfat etmişdir.
Məşədi Məlik bəy Mansurov (Mansurbəyov) 1845-ci ildə Bakıda, İçəri şəhərdə bəy nəslindən olan varlı mülkədar ailəsində dünyaya göz açmışdır. Əsil adı Məlik-Məmməddir, qısaca olaraq Məşədi Məlik bəy deyə çağırırdılar. Məşədi Məlik bəy 3 yaşında olarkən atası Ağa Salah bəy vəfat edir. Onun tərbiyəsi ilə anası Qızxanım və əmisi Ağa Hacı Əli bəy məşğul olurlar. Yazıb-oxumağı o, hələ uşaq yaşlarından mədrəsədə öyrənir. Gənc yaşlarından böyük qardaşı Məşədi İsmayıl bəylə birgə poeziya və musiqi ilə maraqlanmağa başlayırlar. Elə o vaxtlar Məşədi Məlik bəy tarda, kamançada, cürə sazında, qarmonda və dəfdə çalmağı öyrənir. Musiqiyə olan bu həvəslə Məşədi Məlik bəy Mansurov artıq 18 yaşında Bakı muğam məclislərinin təməlini qoyur və yaradıcısı olur. Onun İçəri şəhərdəki evində ilk muğam məclisi 1863-cü il tarixi ilə qeyd olunur. Bu məclislərə Azərbaycanın hər yerindən muğam biliciləri toplaşırdı. Sadıqcan, kamançaçı Mirzə Səttar, Seyid Mirbabayev, Hacı Hüsü, Mirzə Fərəc, Məşədi İsi, Əli Şirazi, Ala Palaz oğlu molla Rza, Məşədi Zeynal, Ağa Kərim Salik, keçəçi oğlu Məmməd, balaxanlı Əli Zühab, şamaxılı Mirzə Məmmədhəsən, şəkili Ələsgər, içərişəhərli Məşədi Baldadaş, Ağa Səid oğlu Ağabala, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, İslam Abdullayev kimi və bir çox başqa musiqiçilər bu məclislərdə öz bacarıqlarını göstərərdilər.
Məşədi Məlik bəy vağzalda və körpülərdə adam qoyar və tapşırarmış: "Elə ki, gördünüz bir adam əlində musiqi aləti gəlir, onu gətirin mənim evimə". O, bu musiqiçiləri çalıb-oxutdurar, qulaq asandan sonra ədəb-ərkanla yola salarmış. Məşədi Məlik bəy Mansurovun məclislərində muğamların tamam-dəstgah və düzgün oxunmasına fikir verirdilər. Araya hərdən mübahisələr də düşərdi. Belə məğamlarda məclis əhli muğamların bilicisi və mahir ifaçısı Məşədi Məlik bəyə və onun qohumu şair Ağa Kərm Salikə müraciət edirdilər. Köhnə Badi-Kubədə hamı yaxşı bilirdi ki, hər dəfə musiqi səsi gələndə Məşədi Məlikin evində muğam məclisi var. Qonşuluqda yaşayan molla qəzəblə lənət yağdırardı: "Allah sizə qənim olsun, bu evdə şeytanlar yuva salıb". Amma qonşular mollanın bu lənətlərinə gülərdilər. Şəhərin bütün şair və musiqiçiləri, ziyalı və mülkədarları Məşədi Məlikin evinə toplaşardılar.
Bakı muğam məclislərinin şöhrəti Şamaxı, Qarabağ, Tiflis, hətta İranda da geniş yayılmışdı. Bu yerlərdən gələn xanəndə və ifaçılar məhz Bakı məclislərində əsl sənət məktəbi keçiblər. Bu məclislər qədim Azərbaycan muğamlarının öyrənilməsi, elmi-tədqiqi və geniş yayılmasında önəmli rol oynayıb. O vaxtın bir çox varlı adamları kimi, Məşədi Məlik bəy bütün ömrünü incəsənətə xidmətə həsr etmişdir. Mesenat kimi gənc istedadların himayədarı idi, onlara peşəkar kimi formalaşmaqda köməyini əsirgəmirdi. Məşədi Məlik bəy Mansurov yüksək intellektli və çox savadlı bir adam idi. Ərəb və fars dillərini mükəmməl bilirdi, rusca danışırdı. Bakının ziyalı və elitası ilə yaxından dostluq edirdi. Memarlar - Qoslavski, Ploşko, fon der Nonne, iş adamları - fon Velke, Rotşild, Nobel qardaşları və bir çoxları Məşədi Məlik bəyin evlərində və bağlarında hər zaman əziz qonaq olarmışlar. Məşədi Məlik bəy Mansurov böyük var-dövlət sahibi idi. Bakıda və onun ətraflarında çoxlu mülkləri, bağları, əkin sahələri, qara şəhərdə icarəyə verilmiş çoxlu torpaqları vardı.
Məşədi Məlik bəy Mansurov 1327-ci il məhərrəm ayının 12-də, yəni, 1909-cu il yanvarın 21-də Bakıda vəfat edib.
Məşədi Süleyman bəy Mansurovun atasıdır.
Mirzə Mansur Mansurovun atasıdır.
Tarzən Bəhram Mansurovun babasıdır.
Tarzən Nadir Mansurovun babasıdır.
Bəstəkar Eldar Mansurovun ulu babasıdır.
Tarzən Elxan Mansurovun ulu babasıdır.
Kinooperator Aydın Mansurovun ulu babasıdır.

Tarixdə bu gün - 21 noyabr1957 —Məşhur neftçi, Sosialist Әməyi Qəһrəmanı , SSRİ Dövlət mükafatı laureatı Mixail Pavloviç Kaveroçkin dənizdə faciəli şəkildə həlak olmuşdur.
M.P.Kaveroçkin 1904 –cü il noyabrın 20-də Şamaxı qəzasının Mərəzə rayonunda anadan olmuşdur.
O, əmək fəaliyyətinə 1920-ci ildə başlamışdır. 1925—57-ci illərdə Azərbaycan SSR neft sənayesində çalışmışdır. Kaveroçkin açıq dənizdə (Xəzərdə) dərin neft quyusu qazmağın pionerlərindən olmuş, 1949-cu ildə Neft Daşlarında ilk kəşfiyyat quyusunu qazımışdır. 1955—57-ci illərdə Azərbaycan SSR Ali Soveti sədrinin müavini seçilmişdir. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir.
1947-ci ildə Bakıda Dəniz Qazma Tresti yaradıldı. Bu trestin Buzovnada yenidən yaradılmış kontoruna daxil olan ilk qazma ustalarından biri 1945-ci ildə ordudan tərxis olunan M.P.Kaveroçkin olmuşdur.
Mərdəkan-dənizdə 3 №-li quyunun qazılması ona həvalə edildi. Mərdəkan neft sahəsində quyunun qazılmasını başa çatdırdıqdan sonra 1946-cı ildə Gürgən-dəniz sahəsinin kəşfiyyatına başlayan briqada burada 1946-1949-cu illər ərzində bir neçə neft quyusunun qazılmasını başa çatdırdı. Onlar ardıcıl olaraq Çilov adasında, Qriqorenko Daşlarında, Qarabatdaq Daşı adasında, o cümlədən Darvin b., Andryevskidə, (şimali Artyom adası) axtarışlar apardılar. Kəşfiyyatın dəniz sahələrinin bir sırasında aparılmasına baxmayaraq, geoloqların diqqətini daha çox Cənub-Şərqi Çilov adasının 22 km yerləşən, sualtı qaya silsilələri ilə əhatə olunmuş kiçik ada – "Neft Daşları” cəlb edirdi.
Geoloqların əldə etdikləri nəticələr o qədər səmərəli və inandırıcı idi ki, artıq 1948-ci ildə dərin kəşfiyyat quyusunun əsasının qoyulmasının zəruriliyi haqda məsələ qaldırıldı. 1948-ci ilin dekabrında yeni sahələrin hazırlanma kontorunun direktoru B.M. Poşinin rəhbərliyi ilə adaya inşaatçıların briqadası gəldi və qazma üçün bütün tikinti işlərini vaxtından əvvəl başa çatdırdılar. Artıq qazma işlərinə başlamaq olardı, lakin qazma kontorunun və dəniz qazma trestinin rəhbərliyi gözlənilmədən yeni çətinliklərlə üzləşdi. Çətin hidrometeoroloji şərait, adanın materikdən çox uzaqda yerləşməsi, buruğun və briqadanın lazımi avadanlıqlarla, materiallarla, su və ərzaq məhsulları ilə təchiz olunmasında meydana çıxacaq çətinliklər və əlbəttə ki, aşağı əmək haqqı qazmaçıları qorxudurdu. Dənizi sonsuz məhəbbətlə sevən, qazma texnologiyasına yaxşı bələd olan Kaveroçkin briqadanın üzvləri ilə asanlıqla ümumi dil tapırdı.
Elə bunun nəticəsi idi ki, M. Kaveroçkinin Neft Daşlarına birinci kəşfiyyat quyusuna usta təyin olunması haqda əmr verildi. 1949-cu ilin ilk günlərində tanınmış usta Kaveroçkinin briqadası adaya yaxınlaşdı və qayalar evdə məskunlaşdı. Ağır, gərgin əməklə dolu bir neçə ay keçdi. Quyunun qazılması başa çatmaq üzrə idi. Quyunun dibindən götürülmüş süxur nümunələri briqadanı, geoloqları və bütün dəniz kəşfiyyatçılarını sevindirdi. Balta dərinə getdikçə quyudan götürülən süxurlar bir o qədər neftlə zəngin olurdu. Yeni kəşfiyyat quyularının planı hazırlanır, bu zəngin sahənin işlənmə planı qurulurdu. Gərgin əmək, böyük iradə qüvvəsi hesabına başa gələn qələbə axır ki ,əldə olundu. 1 quyu güclü neft fontanı vurdu.
İlk quyunun qazılmasından 8 il sonra - 1957-ci il noyabrın 21-də fırtınalı gecədə güclü dalğalara tab gətirməyərək dağılan dəniz özülü özünün nəhəng metal hissələri altında növbədə olan Kaveroçkinin briqadasını – Süleyman Bağırovu, Nikolay Duplixini, İbrahim Sadıqovu, Məmməd Muradovu, Bala Mirzəyevi və başqalarını əbədi sükuta qərq etdi.

Bayramlar və xüsusi günlər:

21 noyabr Ümumdünya Salam Günüdür.
1973-cü ildən etibarən hər il keçirilir. Bu günü Maykl və Brayn Makkomak qardaşları müharibənin qızğın vaxtında beynəlxalq gərginliyin artmasına qarşı etiraz əlaməti olaraq fikirləşiblər. Onlar səmimi salamlarla dolu olan məktubları dünyanın bütün nöqtələrinə göndərmiş və məktubu oxuyandan belə bir məktubdan heç olmasa daha on nəfərə göndərməyi xahiş etmişdilər. Bu fikir hər kəs tərəfindən dəstəkləndi və o vaxtdan etibarən 21 noyabr tarixi şən emosiyalar və xoş əhval-ruhiyyəli Ümumdünya Salam Günü kimi qeyd edilir.

 

Tarixdə bu gün - 21 noyabr 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz