» » Tarixdə bu gün - 13 noyabr

Tarixdə bu gün - 13 noyabr

13 noyabr

İlin 317-ci günü (uzun illərdə 318-ci).
İlin sonuna 48 gün qalır.

Mühüm hadisələr:

1920 — Cenevrədə 45 ölkədən 5000 nümayəndənin iştirakı ilə Millətlər Cəmiyyətinin təsis toplantısı açılmışdır.
2008— Bakıda Enerji Sammiti keçirilmişdir.

Doğum günləri:

Tarixdə bu gün - 13 noyabr1939 – 20 Yanvar şəhidi, professor İsmayıl Mursaqulov smayıl Həsən oğlu Mursaqulov Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində anadan olmuşdur.
1947-ci ildə Marneuli orta məktəbinin birinci sinfinə daxil olmuş, 1958-ci ildə qızıl medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və 1963-cü ildə fərqlənmə diplomu ilə bitirərək təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilmişdir. 1963-67-ci illərdə SSRİ Elmlər Akademiyası Ümumi Kimya İnstitutunun (Moskva) aspiranturasında təhsil almışdır. olmuş və oranı 1966-cı ildə başa vurmuşdur.
1966-1967-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1967-74-cü illərdə isə Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir.
İ.H.Mursaqulov 1974-1978-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda Sumqayıt Filialında, 1977-ci ildən Azərbaycan EA Xlor-üzvi Sintez İnstitutunda böyük elni işçi, 1978-ci ildən ömrünün sonuna qədər laboratoriya və şöbə müdiri vəzifəsində işləmişdir.
1987-ci ildə isə ona professor adı verilmişdir.
Professor İ.H.Mursaqulov müasir üzvi kimya elminin mürəkkəb və və maraqlı bir sahəsi sayılan üzvi birləşmələrin fəza kimyası və konformasiya analizi sahəsində tanınmış görkəmli alim idi. Onun tərəfindən ilk dəfə olaraq tərkibində öz təbiəti ilə müxtəlif heminal fraqmentlər və visinal vəziyyətdə əvəzediciləri olan 1,2,3-üçəvəzli tsikloheksanların məntiqi seçilmiş sıralarının konformasiya xassələri sistematik tədqiq edilmişdir. O, həmçinin müxtəlif əvəzli fenol və tiofenolun siannorbornenləşməsi reaksiyalarında alınan bitsiklik məhsulların, eləcə də izoprenoidlərin fəza kimyasını tədqiq etmişdir. Professor İ.H.Mursaqulov fəza kimyasına dair 130-dan çox elmi əsərin, o cümlədən 15 ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 12 namizədlik dissertasiyası işi müdafiə edilmişdir. 1990-cı il yanvarın 20-də Sovet İmperiyasının Bakı şəhərinə qoşun yeridərək xalqımızın başına gətirdiyi vəhşi cinayət qurbanlarından biri də professor İsmayıl Həsən oğlu Mursaqulovdur. 1990-cı il yanvarın 24-də qanlı yanvar hadisələri zamanı Bakıdan Sumqayıta həmkarları ilə birlikdə işə gedərkən Sovet hərbiçilərinin vəhşiliyi nəticəsində ağır zədə almış və fevralın 3-də, ömrünün çiçəkləndiyi bir vaxtda həyatdan vaxtsız getmişdir.
Professor İsmayıl Mursaqulov Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Tarixdə bu gün - 13 noyabr1939 – Azərbaycan Respublikasının Xalq artisti, aktrisa Solmaz Cəbrayıl qızı Qurbanova Bakıda anadan olub.
Sənətə 1955-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Yeniyetmə oğlan rollarında çıxış etmiş S.Qurbanova teatrın səhnəsində əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb.
Onun Qavroş (V.Hüqonun "Səfillər" romanı əsasında), Antonio ("Puerto Sorido alovları", M.Minçkovski), Rəcəb ("Anacan", Y.Əzimzadə ), Petya ("İnqilab naminə", M.Şatrov), Kamal ("Sehrli yaylıq", K.Həsənov), Cülyetta, Culiya ("Romeo və Cülyetta", "İki veronalı", U.Şekspir), kraliça ("İki ağanın bir nökəri", K.Qoldoni), Cemma ("Ovod", E.Voyniç), Flavio ("Sükut divarı", P.Missini), Yaqut ("Məlikməmməd", Ə.Abbasov), Paşa xala ("Unutmayın", Y.Əzimzadə), Dilarə ("Ötən ilin son gecəsi", Anar), Şəcərət ("Əlvida, Hindistan", Q.Rəsulov), Afərid ("Söhrab və Rüstəm", İ.Coşğun), Bibi ("Bala bəla sözündəndir" Əli Əmirli), Qəmər banu ("Mahmud və Məryəm", Elçin) və s. rolları hər zaman yaddaşlardadır.
Solmaz Qurbanova 4 iyun 2013-cü ildə Bakıda dünyasını dəyişib.

Tarixdə bu gün - 13 noyabr1940 – Kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Abasqulu Məmməd oğlu Quliyev Qərbi Azərbaycanın Masis rayonunda anadan olmuşdur.
Abasqulu Quliyev Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, Sumqayıtda yerləşən "Səthi aktiv maddələr” zavodunda işləmişdir. 1964-68-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyasının Yüksək Molekullu Birləşmələr İnstitutunun (Sankt-Peterburq) aspiranturasında oxumuşdur. 1970-ci ildə namizədlik, 1987-ci ildə "Viniltsiklopropanlar birləşmə, telomerləşmə və polimerləşmə reaksiyalarında” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun əsas tədqiqat obyekti funksional əvəzli viniltsiklo propanların birləşmə və izomerizasion polimerləşmə reaksiyalarının elmi əsaslarının yaradılması, karben və tsiklopropan kimyasının inkişaf etdirilməsindən ibarətdir.
Abasqulu Quliyev Türkiyədə keçirilən bir sıra beynəlxalq konfransların iştirakçısı olmuş və məruzə ilə çıxış etmişdir. Macarıstan, Bolqarıstan, İngiltərə, Almaniya, Braziliya və İspaniyada keçirilən konfransların materiallarında elmi əsərləri dərc edilmişdir.
O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya elmləri üzrə Ekspert Şurasının üzvüdür.

Tarixdə bu gün - 13 noyabr1940 – Məşhur futbolçu, SSRİ idman ustası Kazbek Əlirza oğlu Tuayev Ələt qəsəbəsində anadan olmuşdur.
Xalq Təsərrüfatı və Bədən Tərbiyəsi İnstitularını bitirmişdir.
"Neftçi" komandasının heyətində SSRİ çempionatının bürünc medalını qazanmış, adı 3 dəfə SSRİ-nin ən güclü 33 futbolçusunun siyahısına düşmüş, SSRİ milli komandasında çıxış etmiş, məşqçi karyerası ərzində klublarda və Azərbaycan milli komandasında müxtəlif uğurlu nəticələr qazanmış, "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
4 dəfə dünyanın ən böyük ölkəsinin formasını geyinib. 1964-cü ildə İspaniyada keçirilən Avropa çempionatına da yollanıb. Ancaq zədə ucbatından meydana çıxa bilməyib. Tuayev həm futbolçu, həm də məşqçi karyerasını demək olar ki, Azərbaycan futboluna həsr edib. Onun rəhbərliyi altında neçə-neçə oyunçu futbolun sirlərini öyrənib. Müstəqillik dövründə UEFA kubokunda Azərbaycanı ilk dəfə təmsil edən "Turan”ın baş məqşçisi Tuayev olub (1994-cü il). Azərbaycan klubları UEFA kubokunda ilk qələbəni də məhz onun rəhbərliyi altında qazanıb (Neftçi – Lokomotiv Sofiya 2:1). Elə milli komandamız da rəsmi oyunlarda ilk xallarını məhz Kazbek Tuayevin dövründə qazanıb:
Əfsanəvi qapıçı Lev Yaşin onun haqqında bu fikirləri səsləndirib: "Bir çox hücumçulara qarşı oynamışam. Ancaq ən çox ehtiyat etdiyim hücumçu Kazbek Tuayev olub. Onun meydanın hansı hissəsindən və nə vaxt topa zərbə endirəcəyini müəyyənləşdirmək çox çətin idi. Üstəlik, onun zərbəsindən sonra top da olduqca qəribə trayektoriya cızırdı”.

Tarixdə bu gün - 13 noyabr1945 –Azərbaycan Respublikasının Xalq artisti, aktrisa Elmira Məhərrəm qızı İsmayılova İrəvanda ziyalı ailəsində anadan olub. 1968-ci ildə Ermənistan Respublikasının X.Abovyan adına Pedaqoji İnstitutunu bitirmişdir. Elə həmin ildən etibarən o, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyir.
E.İsmayılova aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox müxtəlif janrlı obrazlar yaratmışdır. Onun Humay (S.Rəhman, "Əliqulu evlənir"), Afət (M.Şamxalov "Qaynana"), Qrafinya (U.Şekspir, "Axırı xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Dilbər xanım (N.Vəzirov, "Hacı Qəmbər"), Oqudalova (A.Ostrovski "Cehizsiz qız"), Smeraldina (K.Qoldoni, "İki ağanın bir nökəri"), Böyükxanım (C.Cabbarlı, "Aydın"), Xala (Ü.Hacıbəyov, "Arşın mal alan"), Nazik (S.Rəhman, "Ulduz") və s. rolları tamaşaçı rəğbətini qazanmışdır. E.İsmayılova "Ömürdən uzun gecə" (Hidayət), "Əkizlərin nağılı" (P.Pançev) kimi televiziya filmlərində çəkilmişdir.

Tarixdə bu gün - 13 noyabr1946 –Texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev Naxçıvan şəhərində anadan olub.
Dispers sistemlərdə hidrodinamika, kütlə və istilik mübadiləsi, kimya proseslərin modelləşdirilməsi, intensivləşdirilməsi və yeni texnologiyaların, apparat tərtibatının işlənib hazırlanması. Suspenziyalarda və emulsiyalarda fiziki –kimya və kütlə mübadiləsi proseslərinin (koaquliyasiya, birləşmə, ayrılma və parcalanma) modelləşdirilməsi və texnologi proseslərdə tədbiqi. Q.Kəlbəliyev 220 elmi əsərin, 8 müəlliflik şəhadətnaməsi və patentin 4 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru, 4 fəlsəfə doktoru yetişdirilib.
1999–2006 illərdə Türkiyə Cumhuriyyəti, Malatya şəhəri, İnönü Universitetinin Kimya mühəndisliyi fakültəsində dərs demişdir.
AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi kimya İnstitutunda şöbə müdiridir.
2015-ci ildə "Şöhrət” ordeni ilə təltif olunub.

Vəfat etmişdir:

Tarixdə bu gün - 13 noyabr1941 – Görkəmli Azərbaycan aşığı Aşıq Hüseyn Cəfərqulu oğlu Bozalqanlı 73 yaşında vəfat etmişdir.
Aşıq Hüseyn Bozalqanlı 1868-ci ildə Tovuz rayonunda Bozalqanlı kəndində anadan olub. Kənddə yeni açılan dini məktəbdə, molla Səməd Axundun məktəbində üç il təhsil alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Çox kiçik yaşlarından şerə, sənətə bağlanıb, hələ on iki yaşında ikən şer yazmağa başlayıb. Toylarda, məclislərdə aşıqlara qulaq asıb, aşıq sənətinə də uşaqlıqdan valeh olub.
Cəmi üç ay aşıq Məmmədquluya şagird olub. Fitri istedada malik olan Hüseyn toylarda, ziyafətlərdə bacarıqlı aşıq kimi şöhrət qazanıb. Bu, təsadüfi deyildi - Hüseyn haqq aşığı idi, dərsi də ona möcüzələr yaradan Allah vermişdi.
Aşıq Hüseyn Bozalqanlı həmişə hazırcavab, özünə inamlı olub. Atası Məşədi Cəfərqulu kimi comərdliyi, qəhrəmanlığı ilə seçilən nadir şəxsiyyətlərdən biri hesab edilib. O, həmişə üstündə sazla yanaşı, mauzer də gəzdirərmiş...
Aşıqlarla deyişmədə heç vaxt sözünü birinci deməzmiş, öz rəqibinə fürsət verər və nəticədə təmkinilə qalib gələrmiş.
Görkəmli sənətkar Qurbani, Abbas Tufarqanlı, Vaqif kimi sənətkarların irsilə tərbiyələnən, aşıq poeziyasının bütün formalarında yaratdığı şerlərlə - gözəlləmələr, qoşmalar, təcnislər, dodaqdəyməzlər, divanilər, gəraylılar, dastanları ilə aşıq və şairlər içərisində həmişə seçilərmiş.
Azərbaycan xalq yaradıcılığının inkişafında da Aşıq Hüseynin böyük xidməti olub. O, "Qara Tanrıverdi", "Nəriman", "Xanlar", "Hacı Tağı" dastanlarının yaradıcısıdır. "Koroğlu" dastanının ən kamil bilicisi məhz Aşıq Hüseyn hesab edilib. Dastanın bir neçə qolu - "Koroğlunun Toqat səfəri", "Bağdad səfəri", "Həmzənin Qıratı aparması", "Koroğlunun vuruşması" və s. qolları Aşıq Hüseynin dilindən yazılıb.
Bu böyük sənətkar dövrünün görkəmli tarixi şəxsiyyətləri ilə qarşılaşıb və həmişə də onların məhəbbətini qazanıb.
1917-1922-ci illərdə Həmid Sultanovun tapşırığı ilə tez-tez Aşıq Hüseyn, Aşıq Mirzə və Xəyyam Mirzədən ibarət aşıq məclisi təşkil olunarmış...
Metex qalasında həbsdə olarkən N.Nərimanovla yaxından tanış olur və sonradan "Qoca Şərqin Nərimanı gəlirmi?" şerini və "Nəriman" dastanını yazır.
Bədahətən söz deməkdə də Aşıq Hüseynin əvəzi olmayıb. Buna görə də sevimli xalq şairimiz Səməd Vurğun onu "əli qılınclı şair" adlandırar və həmişə ona dərin məhəbbət bəsləyərdi.
"Geri dur" müxəmməsi və digər şerlərindən aydın olur ki, Hüseyn Bozalqanlı Sədi, Firdovsi, Füzuli kimi klassiklərin əsərlərinə dərindən bələd olub. Satira isə onun yaradıcılığında xüsusi yer tutub. Müxəmməslərində satirik poeziyamızın novatoru Sabir duyğuları duyulur.
1937-ci il noyabrın 13-də aşıq Hüseyn Bozalqanlı Azərbaycan Yazıçılar İttifaqının üzvü və ittifaq nəzdində olan aşıqlar bölməsinin rəhbəri seçilib. Ustad sənətkar I və II Aşıqlar qurultaylarının, eləcə də, Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin iştirakçısı olub. Şairin əməyi dövlət tərəfindən çox yüksək qiymətləndirilib. O, "Şərəf nişanı" ordeni və fəxri fərmanla mükafatlandırılıb, 1941-ci il oktyabrın 16-da isə ən yüksək fəxri ada - Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülüb.
Ölməz sənətkarin on dörd şagirdi olub. O, müasirləri məşhur Aşıq Ələsgər, Növrəs İman, Aşıq Ağacan, Xəyyam Mirzə, Qazaxlı Mirzə Səməd, şair Vəli, şair Nəcəf və başqaları ilə deyişib.

Tarixdə bu gün - 13 noyabr1983 – Azərbaycanın görkəmili teatr və kino aktyoru, Xalq artisti Əliağa Ağayev 70 yaşında Bakıda vəfat etmişdir.
Əliağa İsmayıl oğlu Ağayev 21 mart 1913-cü ildə Bakıda doğulub. 1930-cu ildə yeddinci sinifi bitirərək Paris kommunası adına Gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Əliağa burada zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qara olub.
1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb. Aktyor GTT-də müasir dramaturqların əsərlərində, klassik milli və tərcümə əsərlərində koloritli silsilə rollar yaradıb.
Müxtəlif çeşidli rolları, xüsusən "O olmasın, bu olsun" bədii filmindəki Məşədi İbad obrazı ilə respublikadan kənarda da şöhrətlənən Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun "Əcəb işə düşdük" komediyasında (2 dekabr 1961) Abış Surxayeviç obrazıdır.
Əliağa Ağayev kinoda Məşədi İbaddan əlavə Xan ("Sehrli xalat"), Şıxəli ("Görüş") kimi irihəcmli rollarla yanaşı, "Əhməd haradadır?" (Kassir), "Qanun naminə" ("Mehman". Anbardar), "Bir məhəlləli iki oğlan" (Feyzi) və digər filmlərdə yaddaqalan epizod surətlərə də çəkilib.
Televiziyanın fondunda aktyorun iştirak etdiyi tamaşaların və satirik səhnəciklərin lentləri saxlanır.
Əliağa Ağayev ilk növbədə komik xarakter aktyoru idi və buna görə də komizmi zahiri əlamətlərdə deyil, surətin təbiətində, daxili varlığında, düşüncə tərzində canlandırmağa üstünlük verirdi. Həm zahiri əlamətlər cəhətdən, həm də daxilən rolun ifasında istifadə etdiyi vasitələrin məntiqi ahəngdarlığına çalışırdı. Həyatda da şuxluğu xoşlayan Əliağa Ağayev 13 noyabr 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini əbədi qapayıb. Məzarı Yasamal qəbiristanlığındadır.
 
Tarixdə bu gün - 13 noyabr2006— Azərbaycan Respublikasının Xalq artisti Oqtay Cəfər oğlu Ağayev 72 yaşında vəfat etmişdir.
Oqtay Ağayev 1934-cü ildə Bakıda dünyaya gəlib. Babası Ədalət Partiyasının sədri olub. 1937-ci ildə partiyanın digər üzvləri kimi o da SSRİ-nin Komi bölgəsinə sürgün edilib. Digər "xalq düşmənləri" kimi onun da ailəsinin başına müsibətlər gəlib. Bütün var-dövlətləri, evləri əllərindən çıxandan sonra Bəhram Ağayevin ailəsi babalarının İçərişəhərdəki evində qalmalı olublar.
O. Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün çox çətin keçib. Sənətkar musiqini uşaqlıqdan sevib. 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen olub. Təxminən 78 yaşlı bu qadın özü də müğənnilik edib. O, Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafında böyük zəhmət çəkib.
Əsgərlikdən qayıdandan sonra O. Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada ölməz Bülbülün sinfini bitirmişdi və texnikumda dərs deməyə başlamışdı. O. Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyi ilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub.
O. Ağayev dünyanın bir sıra xarici ölkələrində (Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib.
O. Ağayev kino sənətində də fəaliyyət göstərib. Vaqif Mustafayevin ""Yapon" və yaponiyalı" filmində milis rəisi rolunda çəkilib. "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.
Ürək-damar xəstəliyindən əziyyət çəkən xalq artisti Oqtay Ağayev 2006-cı il noyabrın 14-də vəfat edib.
Yasamal qəbirstanlığında torpağa tapşırılıb.

Bayramlar və xüsusi günlər:

13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür.
Bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə o, öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib. 30 mindən çox görmə qüsurlu şəxs olan Azərbaycanda isə 2002-ci ildən etibarən Gözdən Əlillər Cəmiyyəti fəaliyyət göstərir.

Tarixdə bu gün - 13 noyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz