» » Tarixdə bu gün - 13 avqust

Tarixdə bu gün - 13 avqust


13 avqust

Doğum günləri:

 

Tarixdə bu gün - 13 avqust1941– Azərbaycan Respublikasının Xalq artisti Elmira Allahverdi qızı Rəhimova Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965), Azərbaycan Dövlət Dillər İnstitutunu (1970) bitirmişdir.
1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.
50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınmış, Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961).
Hindistanda olmuş, hind mahnı və rəqslərini öyrənmişdir. Azərb. bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa etmişdir. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir.
Anand adında bir oğlu və iki nəvəsi vardır.
Elmira Rəhimova bir müddət Hindistanda yaşayıb. Müğənninin açıq səma altında oxuduğu Qənbər Hüseynlinin "Cücələrim" mahnısı sürəkli alqışlarla qarşılanır. Ən maraqlısı o idi ki, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyur və sonra müğənnidən həmin mahnını təkrar etməsini xahiş edirlər.

 
Tarixdə bu gün - 13 avqust 1947— Görkəmli  teatr rejissoru,   Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri; Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru (2015-ci ildən) və direktoru Azər Paşa Zəfər oğlu Nemətov   Bakı şəhərində anadan olmuşdur.

31 saylı orta məktəbdə təhsil almışdır. Azər Paşa Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. Diplom işi "Qardaşım klarnet çalır"" (A.Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus bölməsində göstərilib. 1972-ci ildə GTT-də əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında. 1977-ci ildə Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983-1990) işləyib.

1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissorudur. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatıdır (1985). Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb.

31 avqust 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilmişdir.

23 dekabr 2015-ci ildə TÜRKSOY-un "Haldun Taner" mükafatına layiq görülmüşdür.

6 yanvar 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə təyin edilmişdir.


 
Tarixdə bu gün - 13 avqust 1967  —Azərbaycan Respublikasının Xalq artisti  Aygün Əliqulu qızı Bayramova Ağdamda anadan olmuşdur.

Aygün Bayramova 1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunu Şövkət Ələkbərovanın sinfi üzrə bitirmişdir.

1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlamışdır.

1989-cu ildən Muğam Teatrının solistidir. Gözəl səs tembrinə, oxu mədəniyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır.

2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

Teatrın səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları – "Leyli və Məcnun"da Leyli, "Natəvan"da Müğənni, "Koroğlu"da Xanəndə qız, "Aşıq Qərib"də Şahsənəmi böyük ustalıqla ifa etmişdir.

Muğam sənətinin istedadlı nümayəndələrindən biri olan A.Ə.Bayramova bir çox xarici ölkələrdə milli musiqi sənətimizi layəqətlə təmsil etmiş, tamaşaçı məhəbbəti qazanmışdır.


Tarixdə bu gün - 13 avqust1975—Bariton opera müğənnisi, Xalq artisti , Dövlət Akademik Böyük Teatrın solisti Elçin Yaşar oğlu Əzizov Bakıda anadan olub.
İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK yarışında çıxış edib.Bununla o, "Parni iz Baku" komandası ilə tanış olur və onlara qoşulur.Həmin il "Bakılı oğlanlar" KVN çempionu oldu və 1993-cü ildə finala yüksəldi. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub.2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazandı. Elçin məlahətli tenor səsi ilə hamının alqışını qazanır.
2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və onun konsert proqramı ilə çıxış edir. Filarmoniyada Əzizov,Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında, Elçin Əzizov Türkiyəyə dəvət olunub.2005-ci ildə Avstriyada "Motsareum" Universitetinin yay Akademiyasında təhsil alıb.2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb.İlk dəfə Jorj Bizenin Karmen operasında Eskamilyo rolunda çıxış edib. Müxtəlif opera tamaşalarında iştirak edib, filmlərə çəkilib. Rusiya istehsalı olan "Turistlər" serialında (Lean-M, Ren TV, 2005, Rusiya) Jan rolunu ifa edib. Bülbül adına 3-cü Beynəlxalq Müsabiqənin (2005) laureatı, Motsart 9-cu Beynəlxalq Müsabiqənin finalçısı (2006, Zaltsburq), Beynəlxalq Musiqi Xadimləri İttifaqının müfatakçısıdır (2006, Moskva).
2008-ci ildə Moskvada Böyük Teatrda Modest Musorqskinin "Boris Qodunov" operası ilə debüt edib.
27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Elçin Əzizov Azərbaycanın böyük ədibi və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Həmidə Məlikova ilə evlidir. Cəmil adında oğulları var.

Vəfat etmişdir:

Tarixdə bu gün - 13 avqust1991— Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti , opera müğənnisi  Hüsnü Baba oğlu Qubadov  Bakı şəhərində vəfat etmiş və doğulduğu kənddə dəfn edilmişdir.

Hüsnü   Qubadov   4 yanvar 1922 –ci ildə  Ordubad rayonunun  Disər kəndində anadan olmuşdur.

1938-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, təhsil illərində İbrahim Həmzəyevin yaratdığı dram dərnəyində iştirak etmiş, Səməd Vurğunun "Vaqif" dramında xanəndə rolunu oynamışdır. O vaxtdan uşaqlıqdan həvəs göstərdiyi müğənnilik sənətinə bağlanmış, özfəaliyyət olimpiadalarında uğur qazanmış, 1958-ci ildə isə Respublika Özfəaliyyət Müsabiqəsinin laureatı olmuşdur. Həmin il M.F.Axundov adına Opera və Balet Teatrına dəvət edilmiş, onun səhnəsində yaddaqalan obrazlar yaratmışdır. Təbii ifa tərzi ilə seçilən müğənni İbn Səlam, Məcnunun atası, Kərəm ("Leyli və Məcnun", Üzeyir Hacıbəyli), "Əsli və Kərəm", Çapqınçı, Rəmmal ("Şah İsmayıl", Müslüm Maqomayev) və s. rolları ifa etmişdir. Teatrın tərkibində Tiflisdə (indiki Tbilisi), Gəncə, Naxçıvan, Şəki və respublikanın digər şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur. Onun ifasında "Şuşa yaylağı", "Üçtelli durna", "Bəhbəh", "Dilin can incidəndir" və digər mahnılar, habelə Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası (YUNESKOnun xətti ilə) qrammofon valına yazılmışdır.

Müğənni 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 


  2004 — Azərbaycan teatr və kino aktrisası, Xalq artisti Sədayə İsmayıl qızı Mustafayeva78 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 13 avqustSədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi ilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır.

"Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtgin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S.Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S.Mustafayeva məktəbinin yetirməsidir.

Xalq artisti S.Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilmişdir. "Qanun naminə" Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət"də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filimlərini misal göstərmək olar.

 

2000-ci ildə "Əsgəroğlu" nəşriyyatı tərəfindən teatrşünas-tənqidci Anar Bürcəliyevin "Səhnə həyat nurumdur" adlı monoqrafiyası çap edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz