» » Tarixdə bu gün - 11 avqust

Tarixdə bu gün - 11 avqust

 
11 avqust

Mühüm hadisələr:

2006 - "Xəzər Lənkəran" futbol klubuna məxsus Xəzər Lənkəran Mərkəzi Stadionu istifadəyə verildi.

2012 - XXX London Yay Olimpiadasında Toğrul Əsgərov və Şərif Şərifov Azərbaycana iki qızıl medal qazandırıb. Bu, ölkəmizin idman tarixində ilk belə hadisə idi.

Doğum günləri:

1955 — Azərbaycanın Milli Qəhrəmanı Əli Hüseyn oğlu Məmmədov Naxçıvan şəhərində dünyaya göz açmışdır.
Tarixdə bu gün - 11 avqustOrta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə başa vurmuşdur. 1975-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Macarıstanda keçirmişdir.
1982-ci ildə Polis Akademiyasına daxil olmuşdur. Torpaqlarımıza erməni təcavüzü başlayanda Əli də silaha sarılır.
Əli Məmmədov 1992-ci il 24 sentyabr Laçın cəbhəsində vuruşmağa başlayır. Qızartı yüksəkliyini ələ keçirən döyüşçülərimiz 1 oktyabr 1992-ci il tarixində səhər tezdən güclü hücuma məruz qalırlar. Yaralıları təhlükəsiz yerə çaıxaran və döyüşün qaynar nöqtəsində vuruşan Əli başından ağır yaralanır. Mərd və cəsur döyüşçü bu yaradan da əbədiyyətə qovuşur.
Ailəli idi, iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı küçələrindən biri Əli Məmmədovun adını daşıyır.

Tarixdə bu gün - 11 avqust1958 — Azərbaycan dirijoru, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Azərbaycan Respubikasının Xalq artisti Teymur Ənvər oğlu Göyçayev anadan olmuşdur.
T.Göyçayev Bakı Musiqi Akademiyasının simli alətlər fakültəsini (skripka üzrə) 1981-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak etmiş və laureat adı qazanmışdır. Sənətçi kimi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrində artist işləmiş, 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonralar Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.
1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəridir.
2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2005-ci ildə isə Xalq artisti fəxri adlarını almışdır.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
10 may 2014-cü ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.
10 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
 

Tarixdə bu gün - 11 avqust1970 — 20 Yanvar şəhidi Fərizə Çoban qızı Nəbiyeva 1970-ci il avqustun 11-də keçmiş Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olmuşdur.
1 nömrəli tibb məktəbinin sonuncu kurs tələbəsi idi.
1989-cu ildə subay olan İlhamın evlənməsi məsələsi gündəminə gələndə, o, bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkmişdir. 1989-cu ilin martın 19-da onların nişanı olur. 1989-cu ilin 30 iyununda Fərizə İlhamla Bakıda təzə açılmış "Leyla" şadlıq evində saat 6-da toy mərasimini keçiririlir.
Ailə üzvlərinin sözlərinə görə, İham və Fərizə də vətənpərvərlik hissi qeyri-adi dərəcədə yüksək idi. Azərbaycan Xalq Cəbhəsinin mitinqlərinə də ikisi birlikdə gedirdilər. Amma bu iki vətənpərvər gəncin bəxtiyarlığı uzun sürmür.
1990-cı ilin yanvarında sovet ordusunun əsgərləri İlhamı güllə ilə vururlar. İlham çoxlu qan itirdiyindən xəstəxanada dünyasını dəyişir.
Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib, "Hey, İlham, sənə özümü çatdıracağam" deyib, intihar etmək istəyir. O, birinci dəfə özünü yandırmaq istəsə də, onun qarşısını aldılar. Fəqət, o, artıq qərar qəbul etmişdi…
Təcili yardım maşını gəlib ona iynə vursa da, Fərizə, gecə hər kəs yatandan sonra ikinci dəfə intihara cəhd edir: bir qab sirkəni içirək, canına qıyır.
Fərizə xəstəxanaya çatmadan, təcili yardım maşınında vəfat edir.
İntihar zamanı o, hamilə idi, bətnində 2 aylıq körpəsi vardı.

Tarixdə bu gün - 11 avqust1973—Mayns Universitetinin (AFR) biokimya üzrə professoru Pərvanə Hacıyeva Gürcüstanın Marneuli şəhərində anadan olmuşdur.
1979-1988-ci illərdə Marneuli rayonunun Şulaveri orta məktəbində təhsil alır. Orta təhsilini davam etdirmək üçün o 1988-ci ildə Gəncə şəhərindəki 17 nömtəli orta məktəbə daxil olur.1989-cu ildə bu məktəbi gümüş medalla başa vurur.
Orta məktəbu uğurla başa vuran Pərvanə Hacıyeva 1991-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olur. Burada o tibbi biologiya ixtisası üzrə təhsil alır.
1996-ci ildə təhsilini bu ali məktəbdə başa vurduqdan sonra o AMEA-nin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır.
Pərvanə Hacıyeva 1998-ci ildə Florens şəhərində yerləşən „Nüvə maqnit rezonansı mərkəzi"ndə doktoranturaya daxil olur. Burada o məşhur alim Prof. Ivano Bertininin rəhbərliyi altında metallproteinlərin struktur-bioloji araşdırılması ilə məşğul olur. Doktoranturada təhsil aldığı dövrdə mətbuatda çalışdığı sahə üzrə elmi məqalələrlə çıxış edir. 2000-c ildə „Təbii və modifikasiya olunmuş sitoxromların struktur və çeviklik xassələri" mövzusunda hazırladığı dissertasiya işini uğurla müdafiə edərək Florensiya Universitetində kimya sahəsi üzrə „Doktor" elmi dərəcəsini qazanır.
Doktoranturada təhsilini başa vurduqdan sonra Pərvanə Hacıyeva 2001-2002-ci illər arası elmi fəaliyyətini Münhen şəhərində yerləşən Maks Plank Elmi Tədqiqat İnstitutunun "Psixiatriya" bölməsində davam etdirir.
2002-ci ildə o Mains Tibb Universitetinin „Fizioloji kimya institutu"nda elmi işçi kimi fəaliyyətə başlayır. 2006-cı ildə Mains Universitetinin Patobiokimya İnstitunda təşkil olunmuş „Oksidativ stress, antioksidantlar və mitofagiya" elmi işçi qrupuna rəhbər təyin olunur. Bu qrupa rəhbərlik çərçivəsində Pərvanə Hacıyeva bu sahədə mövcud problemlərin dərindən araşdırılması ilə bərabər, müxtəlif istiqamətlərdə görülən elmi layihələri koordinasiya edir, tələbə və doktorant işlərinə rəhbərlik edir.
2016-cı ildə Pərvanı Hacıyeva biokimya sahəsi üzrə hazırladığı dissertasiya işini Mains Tibb Universitetində müdafiə edərək "Dr.chem. et med. habil " elmi dərəcəsinə layiq görülür.
2016-ci ilin oktyabr ayında Mains universitetində „Patobiokimyəvi adaptasiya” sahəsi üzrə professor vəzifəsinə təyin olunur. Həmin dövrdən bu sahə üzrə elmi praktiki işlərə rəhbərliklə bərabər, o həmçinin univeristetin tədris prosesində xüsusi məsuliyyəti öz üzərinə götürür. O, tələbələrə müalicə işi fənni üzrə mühazirələr oxuyur, biologiya, kimya, əczazlıq və müalicə işi fənlərindən yerinə yetirilən elmi praktiki işlərə rəhbərlik edir. Pərvanə Hacıyeva 2009-cu ildən Mains Universitetində müalicə işi və stomotologiya ixtisaslıarı üzrə buraxılış imtahan komissiyasının üzvüdür.
Məşğul olduğu elmi problemlər
Prof. Hacıyevanın elmi işləri "Selüllar adaptasiya və metabolizm” mövzusu ətrafında cəmləşir. Onun rəhbərliyi altında aparılan tədqiqiatlar stress şəraitində hüceyrələrdə yer alan adaptiv mexanizmlərin tədqiqini əhatə edir. Problemin eksperimental tədqiqində həm mövcud, həm də aktual olan analitik, biokimyəvi, genetik və bioinformatik metodlardan istifadə olunur. Tədqiqatlar canlı vitro sistemlərlə bərabər (hüceyrə strukturları), həmçinin vivo modellər (Caenorhabditis elegans, gəmiricilər və insan toxumaları nümunələri) üzərində aparılır. Mitoxondrial disfunksiya, oksidadtiv stress, həmçinin hüceyrəvi enerji çatışmamazlığı hüceyrələrdə yaranan kompleks stresin induksiya olunmasına gətirib çıxarır. İnduksiya olunmuş nəticənin yalnız kiçik bir hissəsi sıxılmış şəkildə mövcud olur və real halda stresə qarşı müqavimətin adaptiv artırılmasına və bununla hüceyrənin daha yaxşı funksionlallığına şərait yaradır. Tədqiqatların əsas məqsədi hüceyrələrin müqavimətinini artıran və onların funksiyalarının stabilləşdirəbilən adaptasiya mexanizmlərinin erkən üzə çıxarılması və izah olunmasından ibarətdir. Bununla degenerativ xəstəliklər zamanı hüceyrələrin uzun müddət həyatda qalmasına şərait yaratmaq öndə durur.
 
 
Tarixdə bu gün - 11 avqust
1977 —20 Yanvar faciəsinin azyaşlı şəhidlərindən biri - Larisa Fərman qızı Məmmədova Bakı şəhərində anadan olmuşdur.
Larisanın ailəsi beş nəfərdən ibarəti idi və onun Emil adlı qardaşı, Nərminə adlı bacısı vardı.
1990-cı ilin 19 yanvardan 20 yanvara bağlayan gecə Larisa atası Fərman Məmmədov ilə birlikdə atasının işlədiyi leytenant Şmidt adına zavoda getmişdir. Leytenant Şmidt adına zavodun yanında İkarus avtobusunda oturduqları yerdə maşın gülləbaran edilmiş, Larisa ürək nahiyəsindən güllə yarası almış, yerindəcə həlak olmuşdur. Atası Fərman Məmmədov ağır yaralanmışdır
Larisa Məmmədovanın adına Bakı şəhərində küçə yerləşir.
Hər il 20 Yanvar ərəfəsində təhsil aldığı məktəbdə Larisa ilə bağlı anım tədbirləri təşkil edilməkdədir. Larisanın xatirəsinə həsr olunan yazı, şeir, rəsm müsabiqələri keçirilir.
134 saylı məktəbdə onun adını daşıyan şagird təşkilatı fəaliyyət göstərir.
Azərbaycanın xalq şairi Bəxtiyar VahabzadəLarisa ilə bağlı On üç yaşlı körpə bala şeirini yazmışdır:

...On üç yaşlı körpə bala,
Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana,
Kuklan sənə laylay çalar.
Sən özün də kukla idin.
Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu…

Vəfat etmişdir:

Tarixdə bu gün - 11 avqust1958— AXC-nin Dağlılar Respublikasının Maarif Naziri, Azərbaycanın istiqlal hərəkatı və Azərbaycan Xalq Cumhuriyyəti dövlət xadimlərindən biri, maarifçi Nurməmməd bəy Adilxan bəy oğlu Şahsuvarov 75 yaşında vəfat etmişdir.
Nurməmməd bəy Adilxan bəy oğlu 1883-cü ildə Zəngəzur qəzasının Minkənd (Şahsuvarlı) kəndində anadan olmuşdu.
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirmiş (1903), bir müddət Gəncədə rus dili müəlimi işləmşdir. Sonralar Tiflis Aleksandr Müəllimlər İnstitutunu (1915), ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsini (1915) bitirmişdi.
N.Şahsuvarov Rusiya Fevral İnqilabı dövründə siyasi hadisələrdə yaxından iştirak etmiş, 1918-ci ilin yayında Şimali Qafqaz xalqlarının azadlıq hərəkatının nəticəsində yaradılmış Dağlılar Respublikasının xalq maarif naziri təyin olunmuşdu.
1919-cu ilin iyununda Bakıya gələn N. Şahsuvarov Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin birinci hökumətində (Cumhuriyyətin dördüncü nazirlər kabineti) maarif nazirinin müavini vəzifəsində işləmiş, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılması, təhsil və mədəniyyət sahəsində bir sıra mütərəqqi tədbirlərin həyata keçirilməsində, Bakı Dövlət Universitetinin təşkiində yaxından iştirak etmişdir. "İttihad" Partiyasının üzvü idi.
Şahsuvarov 1920-ci il martın 5-də Nəsib bəy Yusifbəylinin ikinci hökumətində (Cumhuriyyətin beşinci nazirlər kabineti) maarif və dini etqad naziri təyin olunmuşdu. Aprel işğalından sonra N.Şahsuvarov Azərbaycan SSR xalq maarif komissarının müavini olmuş, Bakıda orta və ali təhsil ocaqlarında dərs demişdir.
1940-cı ildə saxta ittihmalarla həbs edilərək, Krasnodar diyarına sürgün edilmişdi. 1943-cü ildə sürgündən qayıdaraq, Azərbaycan Tibb İnstitutunda rus dili kafedrasının müdiri işləmişdir.

1973— Tanınmış şair, dramaturq, Əməkdar incəsənət xadimi Zeynal Rza oğlu Xəlilov 59 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 11 avqustZeynal Xəlil 23 mart 1914-cü ildə Gəncədə anadan olmuşdur.
On yeddi yaşında ikən poeziya aləminə gələn Zeynal Xəlil, az bir müddət ərzində özünü tanıtmağa, XX əsrin 30-cu illərində sürətlə irəli çıxan S.Vurğun, M.Müşfiq, R.Rza, S.Rüstəm, M.Rahim, O.Sarıvəlli kimi qüdrətli söz ustaları arasında görünməyə başlayır. "İstək" adlı ilk şe‘rlər kitabı 1936-ci ildə nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: "Yəhərləyin atları", "416", "Döyüşçünün vəsiyyəti" və s. şe‘rlər; Zoya Kosmodemyanskayaya həsr olunmuş "Tatyana" poemasını yazmışdır.
"Düşüncələr", "E‘tibar", "Arzular", "İki dünya", "Bənövşə" , "Şe‘rlər" , "Sevdiyim rəng", "Günəş, dəniz və insan" və s. şe‘r kitablarının, "Ulduzlar" mənzum romanın müəllifidir. "İntiqam" , "Qatır Məmməd" , "Gənc ustalar" , "Ata yolu" pyesləri var. "Qatır Məmməd"in motivləri əsasında eyniadlı film çəkilmişdir.
Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. P. Antokolski , R. Həmzətov, D. Quramişvili, Ş. Petöfi, Qafur Qulam və b.-dan tərcümələr etmişdir.
"Şərəf nişanı" ordeni və medallarla təltif olunmuşdur.
XX əsr Azərbaycan poeziyasının 70-ci illərə qədər davam edən ədəbi-bədii mərhələləri ilə bilavasitə bağlı olan, sürətlə inkişaf edən milli şeirimizin bir sıra forma və məzmun xüsusiyyətlərini özünün bədii sənət nümunələrində əks etdirən Z.Xəlilin ədəbi irsində xalq ədəbiyyatına, klassik irsə, ümumən ədəbi-bədii ənənələrə qayğı,diqqət,sədaqətlə yanaşı müasir həyatın aktual və qabarıq hadisələrinə, "tarix-insan-tale", milli ruh, milli zövq məsələlərinə təbii, orijinal bir münasibət olmuşdur. Buna görə də Z.Xəlilin ədəbi-bədii yaradıcılığı Azərbaycan milli poeziyasının qırx illik (30-70) inkişaf mərhələlərini öyrınmık, tədqiq etmək baxımından nümunəvi poetik mənbələrdən sayılır.
XX əsr Azərbaycan şeirində süjetli lirikanın gözəl nümunələrini yaradanlardan biri də Z.Xəlil olmuşdur. Hadisə, əhvalat və vəziyyətlərin təbii, maraqlı obrazlarla verilməsi, fikrin, mətləbin bədii lövhələrlə çatdırılması Z.Xəlil şeirinə həzn bir romantika,təbii obrazlılıq,estetik,müasir ruh gətirmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz