» » Tarixdə bu gün - 6 avqust

Tarixdə bu gün - 6 avqust

Müəllif: Vüsal от 6-08-2017, 00:15

6 avqust


Doğum günləri:

1965– Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Rəqs ansamblının solisti və ansamblın baletmeysteri Təranə Hüseyn qızı Muradova anadan olmuşdur.
Tarixdə bu gün - 6 avqustTəranə Muradova 1983-cü ildə Bakı Xoreoqrafiya Məktəbini, 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1982-ci ildən Azərb. Dövlət Rəqs Ansamblında ifaçı-rəqqasə, 1985-ci ildən solist, 1995 ildən isə həm də ansamblın baletmeysteridir. Azərbaycan xalq rəqsləri ("Naz eləmə", "Qavalla rəqs", "Vağzalı", "Mirzəyi"), ispan, qaraçı və digər xalqların rəqsləri repertuarında geniş yer tutur. Ə. Bədəlbəylinin "Qız qalası" baletində gürcü qızının partiyasını oynamışdır. "Səyyah" uşaq rəqs ansamblının bədii rəhbəridir. Bir sıra xarici ölkələrdə çıxış etmişdir.
T.Muradova 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif işi fakültəsini bitirib.
Xalq rəqslərinin mahir ustası kimi artıq bir neçə ildir ki, Avstriyada təcrübə sinfi aparır. Dünyanın bütün ən kiçik və böyük Dövlətlərində Azərbaycan incəsənətini və mədəniyyətini özünəməxsus ustalıqla və incəliklə təmsil edir. Bütün Dövlət tədbirlərində, seçkiqabağı kompaniyalarda, seçkilərlə əlaqədar Bərdə, Quba, Azərbaycan günləri ilə bağlı Rusiya, Ukrayna, Avstriya, Sankt-Peterburq, Yekatrinburq, Ufa, qastrol səfərləri ilə əlaqədar Belarusiya, Minsk, Muqilyov, Zərifə xanım Əliyevanın 80 illik yubileyində, YAP-ın yubileyində, ATA Bankın 10 illik yubileyində, Dünya Rus Mətbuat Konfransında, Dünya Çempionatının mərhələ yarışlarında, Beynəlxalq turnirlərdə, Prezidentin andiçmə mərasimində, Türkiyədə yaşayan azərbaycanlıların ümumi konfransında, 2004-cü ildə keçirilən Taykvando üzrə yarışlarda, Qadınlar gününə həsr edilmiş tədbirdə, Güləş üzrə Dünya Kubok yarışlarında, Xəlil Rzanın anma mərasimində, Hüseyn Cavidin 120 illik yubileyində, ABU Arenanın açılışında, Gimnastika üzrə Dünya Kuboku yarışlarının açılışlarında, Dubaya qastrol səfərində dəfələrlə onu sevərlər qarşısında çıxışları olmuşdur.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür

1979— Azərbaycan xanəndəsi Fərqanə Alim qızı Qasımova 6 avqust 1979-cu ildə anadan olmuşdur.
Tarixdə bu gün - 6 avqust1996-2000-ci illərdə Milli Konservatoriyanın Opera və xanəndəlik fakültəsində təhsil alıb, hazırda Konservatoriyanın aspirantıdır 2002-ci ildən bəri A. Zeynallı adına musiqi məktəbində müəllimədir.
1996-cı ildən başlayaraq atası A.Qasımovla birgə bir neçə dəfə H.Əliyev adına sarayın , M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsinə çıxıb. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə iştirak edib.
2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə olaraq müstəqil səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin – məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür.
1999–cu ildə Avropada A. Qasımovla birgə "Dərin okean məhəbbəti" adlanan diski çıxıb. 2006-cı ildə belçikalı rejissor Kriss Delvill F. Qasımova haqqında "Meditation day" adlı 53 dəqiqəlik sənədli film çəkilib.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Vəfat etmişdir:

1992— Azərbaycanın Milli Qəhrəmanı Zakir Məcidov Nüsrət oğlu Vətənimizin erməni qəsbkarlarından azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə Tarixdə bu gün - 6 avqustqəhrəmancasına həlak olmuşdur.
Zakir Məcidov 1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açmışdır. 1963-cü ildə 17 saylı Bakı şəhəri orta məktəbinə getmiş, təhsilini 70 saylı orta məktəbdə tamamlamışdır. Orta təhsilini 1963-73-cü illərdə Bakıda başa vurduqdan sonra, Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi bitirərək, leytenant rütbəsi almışdır. Vətənə dönən gənc Zakir, əmək fəaliyyətinə başlayaraq, bir müddət Yevlax aviadəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə isə Bakı aviabölüyündə mexanik, 1979-cu ildə Zabrat aviabölüyündə AN-2 təyyarəsində yenidən yay uçuşlarında işləmişdi. 1980-ci ildə (1982) təyinatla Zabrat aviadəstəsində AN-2 təyyarəsinin komandiri təyin edilmişdir. Gənc leytenant 7 il bu müəssisədə çalışmışdır. İstehsalatdan ayrılmadan 1984-cü ildə ixtisasını artırmaq üçün Ukraynanın Kremençuq Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçmişdir. Nəhayət, 1985-ci ildən artıq o, Mİ-2 vertolyotunda heyətin komandiri , daha sonra birinci komandir təyin olundu. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Z.Məcidov, ordakı vəziyyəti görür, buna biganə qala bilmir və Vətənimiz son dərəcə təhlükəli durumda olanda o da könüllülər sırasına daxil olur.
Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan 843 saylı hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə komandir təyin olunur. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edir, düşmənin xeyli texnikasını sıradan çıxarır. 1992-ci il avqustun 6-sı. Z.Məcidov ekipaji ilə birgə üç dəfə uçuş edərək, ermənilərin döyüş əhəmiyyətli Kasapet yüksəkliyindəki mövqələrini darmadağın etmişdi. İgid təyyarəçi növbəti -dördüncü dəfə uçmaq əmrini də hünərlə yerinə yetirdi. Bu, onun son uçuşu oldu. Döyüş əməliyyatını yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələdi. Sayıqlığını itirməyən igid komandir çox çalışır ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Mİ-24 vertolyotunun cəsur heyət üzvləri: birinci komandir Z.Məcidov , təyyarəçi operator, Ukraynalı-Xarkov xilayətinin Zmaev şəhərində doğulmuş, ailəsinin yeganə yadigarı olan Ruslan Polovinko və sərrast nişançı-snayper, Qax rayonunda dünyaya göz açmış Rəhimov Cavanşir İzzət oğlu 19 yaşında doğma Vətənimiz uğrunda qəhrəmancasına həlak oldular.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Zakir Nüsrət oğlu Məcidov ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adına layıq görülmüşdür. Onun yanmış cəsədi Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Neftçala rayon Uşaq Yaradıcılıq Mərkəzi Milli qəhrəman Z.Məcidovun adını daşıyır.
1991-ci ilin noyabırında yenicə ailə qurmuşdu. Ölümündən üç ay sonra oğlu Fuad dünyaya göz açdı.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Məzahir İzzət oğlu Rüstəmov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Tarixdə bu gün - 6 avqustMəzahir Rüstəmov 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirmişdir. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1986-cı ildən Azərbaycan Memarlııq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəsifəsində işləməyə başlayır. 1990-cı ildə Mətbuat və İnformasiya Nazirliyində "Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır. Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetitilməsi Məzahiri narahat edirdi. Daima Vətən, torpaq, qeyrət, namus hissləri ilə yaşayan cəsur Məzahir 1992-ci il 23 mart könüllü olaraq Milli Orduya yazılır. Məzahir Şınıx cəbhəsinə gəlir və komandir müavini vəzifəsinə təyin edilir.
Mutudərə olduqca mühüm strateji yer olduğundan ermənilər buranı işğal etmək istəyirdilər. Buna görə də Məzahir bütün bilik və bacarığından istifadə edərək yalnız döyüşçü kimi deyil, həm kəşfiyyatçı, həm də hərb müəllimi kimi fəaliyyət göstərmişdir. Məzahirin kəşfiyyatçılığı nəticəsində düşmənin bir çox döyüş nöqtələri məhv edilmişdir.Məzahir cəsur komandir olaraq müdafiəni layiqincə yerinə yetirirdi. 1992-ci il 6 avqust ermənilər Mutudərəyə güclü hücum etdilər... Məzahirin komandirliyi ilə döyüşçülər kəndin müdafiəsinə qalxdılar. Son nəfəsinəcən vuruşan komandir bu döyüşdə həlak oldu... Erməni quldurlarını xeyli yaxınlığına buraxan Məzahir əl qumbarasını işə saldı, özü ilə bərabər xeyli qulduru məhv edən Məzahirin bu əfsanəvi qəhrəmanlığı elləri gəzdi. Məzahirin belə ölümü qığılcımı alov etdi...
Polkovnik Cahangir Rüstəmovun başçılığı ilə döyüşçülərimiz hücuma keçərək Mutudərəni və Başkəndi erməni işğalçılarından təmizlədilər. Təəssüf ki, amansız ölüm Məzahirə qələbə sevincini dadmağa imkan vermədi.
Ailəli idi, Təhminə adında qızı var.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Məzahir İzzət oğlu Rüstəmov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.
Gədəbəy rayonunda tuncdan heykəli ucaldılıb.
Qəhrəmanın haqqında "Anama deyin ki", "Əfsanəyə dönmüş ömür", "Ərdağına gedən yol" kitabları və bir çox yerli qəzetlər və jurnallarda, eyni zamanda Türkiyənin "Hüriyyət" və "Zaman" qəzetlərində geniş məqalələr çap edilmişdir.
2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman - İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir.
 
1992— Azərbaycanın Milli Qəhrəmanı Bəylər Tapdıq oğlu Ağayev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Tarixdə bu gün - 6 avqustBəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qaraağac kəndində doğulmuşdur. O, hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1992-ci ildə erməni təcavüzü başlayanda Bəylər təhsilini yarımçıq qoyaraq Milli Ordu sıralarına yazılır.
Bəylər Ağayevin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
1992-ci il... Avqustun 6-sı... Erməni vəhşilərinin növbəti hücumu. Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünü yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: "Biz vətən uğrunda ölümə gedirik, ola bilsin ki, bu döyüş son döyüşümüz olsun". Onlar erməni faşistlərinin xeyli hissəsini məhv etsələr də, özləri də qəhrəmancasına əbədiyyətə qovuşurlar.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Qaraağac kənd tam orta məktəbi qəhrəmanın adını daşıyır.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimov Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Tarixdə bu gün - 6 avqustCavanşir Rəhimov 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı Suraxanı rayonu 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnmişdi. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edilir.
6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı olsa da, uçuşa hazır olduğunu bildirir və yenidən havaya qalxan vertolyot Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur. Bu zaman zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gəlir və yaxınlıqdakı hərbi hissəyə bildirir. Cavanşir 1992-ci il sentyabr ayının 9-da Müdafiə Nazirliyinin əməkdaşları və atasının iştirakı ilə dəfn edilir.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Cavanşir İzzət oğlu Rəhimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Azərbaycanın ən gənc Milli Qəhrəmanıdır.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Suraxanı rayonundakı 146 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır və Qaraçuxur qəsəbə parkında büstü qoyulub.
Milli Qəhrəman Cavanşir Rəhimov haqqında "Cavanşir” adlı sənədli film çəkilmişdir. Qax şəhərindəki Səməd Vurğun adına Mədəniyyət evində rejissor Kəmalə Musazadənin quruluşunda olan "Cavanşir” sənədli filminin təqdimatı keçirilmişdir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz