» » Tarixdə bu gün - 30 iyun

Tarixdə bu gün - 30 iyun


30 iyun
 
İlin 181-ci (uzun illərdə 182-ci) günü.

Doğum günləri:

1812 – Məşhur Azərbaycan yazıçısı, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiy Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov və ya Mirzə Fətəli Tarixdə bu gün - 30 iyunAxundov (Axundzadə) Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir.
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.
Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.
Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və köhnə müsəlman qəbirstanlığında (indiki Tbilisi botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonu) dəfn olunmuşdur.
Axundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluluğu fikrini müdafiə edirdi.
M.F.Axundzadə 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərmişdir. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli Axundzadə dramaturgiyasının ənənələri işığında inkişaf etmişdir.
Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur "Hacı Qara” əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. Mirzə Fətəli Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də Mirzə Fətəli Axundzadənin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarmışlar.
M.F.Axundovun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda Alman jurnalı Magazin für die Literatur des Auslandes (Xarici ədəbiyyat jurnalı) yazırdı: "Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaqlar, lakin onların arasından qəflətən dramatik dahi meydana çıxdı, Tatar Molyeri, hansının ki, adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətə layiqdir. O, Mirzə Fətəli Axundovdur".
Axundovun nəzəri-estetik fikirlərinin formalaşmasında aydındır ki, onun yaşadığı mühitin, tanış və ünsiyyətdə olduğu mütərəqqi ziyalıların, oxuduğu klassik və dünya ədəbiyyatı nümunələrinin çox böyük təsiri olmuşdur. Homer, Firdovsi, Nizami Gəncəvi, Sədi Şirazi, Uilyam Şekspir, Cami, Puşkin və s. kimi klassiklərin əsərlərini mükəmməl bilməsi onun sənət və sənətkar haqqında estetik zövqünün formalaşmasında çox böyük rol oynamışdır.
M.F. Axundovun fəlsəfə, ədəbiyyat, sənət haqqında fikir və mülahizələri əsasən onun ''Kəmalüddövlə məktubları'' adlı fəlsəfi traktatında, eləcə də "Föhristi-kitab”(1859), "Nəzm və nəsr haqqında”(1859), "Tənqid risaləsi”(1860), "İranın yüksək millət qəzetəsi haqqında kritika” (1866), "Mirzə Ağanın pyesləri haqqında kritika”(1871) və s. bu kimi məqalələrində böyük mütəfəkkirin sənətdə realizm, ənənə (tendensiya), bədiilik və onun meyarları, məzmun və forma vəhdəti, ideya və müasirlik, tənqid və onun əhəmiyyəti və s. bu kimi məsələlərlə bağlı fikir və mülahizələri öz əksini tapmışdır.
Ədəbiyyat tariximizdə dramaturgiyanın, realist bədii nəsrin, ədəbi tənqidin ilk nümunələrini yaradan Axundov həmin janrların nəzəri-estetik prinsiplərini də hazırlamışdır. Böyük mütəfəkkirin bütün ədəbi və nəzəri irsində ən başlıca meyar sənətin, ədəbiyyatın real həyatı nə dərəcədə əks etdirməsi, idraki və tərbiyəvi əhəmiyyəti, xalq həyatı ilə birbaşa əlaqəsi ilə bağlıdır. Elm və təhsil vasitəsi ilə mədəniləşmək, xalqa məxsus elmi və ədəbi irsi mühafizə etməyi bacarmaq, tərəqqiyə mane olan hər şeyə qarşı amansız mübarizə aparmaq Mirzə Fətəlini daim düşündürən, qayğılandıran məsələlər olmuşdur. Elə buna görə də o, əlifbanı dəyişməyi bu yolda atılan ən vacib amillərdən biri sayırdı.

Tarixdə bu gün - 30 iyun1915— Sovet İttifaqı Qəhrəmanı Müseyib Bağır oğlu Bağırov Gəncə şəhərində dünyaya göz açmışdır.
1933-cü ildə Bakı dənizçilik texnikumunu qurtarmışdır.
1941-ci ildə orduya xidmətə getmişdir.
1943-cü ildə hərbi məktəb  bitirərək 4-cü ordu tərkibindəki 69-cu qvardiya atıcı diviziyasında bölmə komandiri olmuşdur.
Qvardiya baş leytenant M.Bağırov Paltava vilayətinin Zenkov şəhəri ətrafındakı döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş, düşmən səngərinə birinci girərək onlarla faşisti məhv etmiş və ağır yaralansa da döyüş meydanını tərk etmişdir.
1944-cü ilin 22 fevralında ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Kapitan M.Bağırov 1945-ci ilin oktyabrında hərbi xidmətdən tərxis edilərək Bakıda işləməyə başlamışdır.
17 may 1981-ci ildə  66 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 30 iyun1928— Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, AMEA-nın akademiki Cəlal Əlirza oğlu Əliyev Naxçıvan şəhərində anadan olmuşdur.
Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifi idi.
1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır.
1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olmuşdur.
Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvü idi.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2010-cu il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputat seçilmişdir. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.
Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra 2016-cı il yanvarın 31-də dünyasını dəyişib.
Akademik Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Tarixdə bu gün - 30 iyun1976– Azərbaycanın Milli Qəhrəmanı Elşən İbrahim oğlu Hüseynov Qıraqlı kəndində anadan olmuşdur.
1983-cü ildə burada məktəbə getmiş, 1993-cü ildə burada məktəbi bitirmişdir.
1994-cü ildə Milli Orduya çağırılmışdır.
...13-17 mart hadisələri zamanı Elşən də silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edirdi. Silahlı dəstənin zərərsizləşdirilməsi zamanı Elşən Hüseynov qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-cil tarixli 307 saylı fərmanı ilə Hüseynov Elşən İbrahim oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Saatlı rayonunun Qıraqlı kəndində dəfn edilmişdir.
Saatlı rayon mərkəzi xəstəxanası onun adını daşıyır.
2012 -ci ildən həmin xəstəxanadan onun adı götürülüb. Onun adı heç bir yerdə əbədiləşdirilməyib.

Vəfat etmişdir:

1925 – Azərbaycanın hərb xadimi, general-mayor Firidun bəy Camal bəy oğlu Vəzirov repressiya qurbanı olmuşdur.
Tarixdə bu gün - 30 iyunFiridun bəy Camal bəy oğlu 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Kropivnitskidəki (əvvəlki Yelizavetqrad) suvari məktəbini əla qiymətlərlə bitirmişdir. Hərbi xidmətə unter-zabit (xarici ordularda aşağı komanda heyətinə mənsub hərbi qulluqçu.) rütbəsində yeddinci Belarus qusar alayında başlamışdır. 1906-cı ildə ordudan tərхis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Miхaylovsk prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır. 1925-ci ilin 30 iyun tarixində güllələnmişdir.
Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət хanım evdar qadın idi. 1868-ci ildə Kropivnitskidəki yunkerlər məktəbini ikinci dərəcə ilə bitirmişdir. Firudin bəy Vəzirov sonralar Litva tatarı Zinayda Kriçinskaya ilə evlənmiş, daha sonra Zinayda xanım adını müsəlman adına dəyişərək Zeynəb Vəzirova olmuşdur. 1902-ci il 22 dekabr tarixində Nigar adlı qız övladı dünyaya gəlmişdir.
Firudin bəy Vəzirov həyat yoldaşı Zeynəb xanımla birlikdə rus qoşunları tərkibində 1877-78-ci illərdə Bolqarıstanın Osmanlı imperiyasından azad olunması uğrunda döyüşlərdə iştirak etmişdir. 1877-ci ildə Tver-Draqun alayında хidmət edən rotmistr Firidun bəyi dördüncü eskadrona komandir təyin etmişdilər. Onun komandirlik etdiyi eskadron avqustun 19-dan sentyabrın 8-dək Odessa şəhəri yaхınlığındakı Mehmetçi, Dobruji, Çobanköysü, Hacıoğlu, Bazar düzü kəndlərini düşməndən təmizlədi. Müharibədən sonra хidmət yeri ikinci Qafqaz kavaleriya diviziyasına dəyişdirilən podpolkovnik Firidun bəy Vəzirovu əlaçı zabit kimi Qafqaz-Hərbi Dairə məhkəməsinin üzvü seçdilər. 1897-ci il oktyabrın 13-də polkovnik rütbəsi ilə təltif olunan Firidun bəy iki il sonra onuncu Novotroski draqun alayına komandir təyin olundu. Bir müddət Varşava, Rılski və başqa şəhərlərdə hərbi хidmətdə olan Firidun bəy Vəzirov 1906-cı il aprelin 18-də general-mayor rütbəsilə təltif olundu. Müharibədən sonra podpolkovnik Vəzirovun xidmət yeri ikinci Qafqaz Kavaleriya diviziyası olur, hətta o, əlaçı zabit kimi Qafqaz Hərbi Dairə Məhkəməsinin üzvü seçilir.
1919-cu il mayın ilk günlərində Tiflisdə yaşayan general-mayor Firudin bəy Vəzirovun ünvanına Bakıdan bir məktub gəlir. Məktubda deyilirdi:
"Çox hörmətli Firudin bəy cənabları, Azərbaycan Demokratik Cümhuriyyətinin yaratdığı milli ordudan, şübhəsiz ki, xəbərdarsınız. Xalqımızın sərkərdə oğlu kimi, yəqin ki, bu şad xəbərə siz də sevindiniz. Yeni yaranan orduda xidmət etmək üçün sizin kimi bacarıqlı və təcrübəli sərkərdələrə çox böyük ehtiyacımız var. Onu da xatırladım ki, könüllülər hesabına ordumuzun sayı gündən-günə artır. Ağır şəraitdə də olsa, baş qərargah yaradılmasına nail olduq. Qərargahın nəzdində ümumi şöbə, növbətçi general şöbəsi, suvari şöbəsi, mətbuat və başqa şöbələr artıq fəaliyyətdədir. Azərbaycan höküməti ordu üçün dövlət büdcəsindən xeyli vəsait ayırmışdır. Hazır ki vaxtda hərbi ləvazimatla yanaşı, yeni zabit heyətinin hazırlığında da çətinliklərimiz çoxdur. İnanırıq ki, Azərbaycanın müstəqillik qaazandığı vaxtda gənc Azərbaycan ordusunun sıralarında xidmət edən oğullarımız üçün siz hərbi təcrübənizi əsirgəməyəcəksiniz. Ona görə də çox xahiş edirəm, baş qərargahda birgə çalışmaq üçün dəvətimizi qəbul edəsiniz.”
Hörmətlə: Baş Qərargahın rəisi general-mayor Əbdülhəmid bəy Qaytabaşı "
Bu məktubu alan general ailəsi ilə bərabər Bakıya köçmüşdür. Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun 7 avqust 1919-cu il tarixli 351 nömrəli əmri ilə general-mayor Firudin bəy Vəzirov Bakı şəhərinin komendantı təyin olunmuş, eyni zamanda Bakı şəhər qarnizonu rəisi vəzifəsinin icrası da müvəqqəti olaraq ona tapşırılmışdır. 1919-cu il avqustun 16-da 2-ci piyada diviziyasının komandiri general-mayor İbrahim ağa Usubov Bakı qarnizonunun rəisi təyin edildiyindən Firidun bəy Vəzirov xidmətini yalnız Bakı şəhər komendantı kimi davam etdirmişdir.
Nizami qoşun hissələrində otuz səkkiz illik qüsursuz хidmətində general Firidun bəy Vəzirov yüksək ali ordenlərlə təltif olunmuşdur.
1877-78-ci illərdəki müharibədə göstərdiyi sərkərdəlik qabiliyyətinə görə "Tunc medal", üçüncü Aleksandrın imperatorluq etməsinin ildönümü şərəfinə "gümüş medalla" təltif olunmuşdur.
1921-ci il iyunun 2-də AzÇK tərəfindən həbs olunur. F.Vəzirov "İslam” Partiyasının agenti kimi ittiham olunur. Onu çar və "Müsavat” ordusundakı xidmətlərinə, hətta Tbilisidəki dədə-baba malikanəsinə görə ittiham edirlər. Sənədlərlə yaxından tanış olan Şəmistan Nəzirlinin yazdığına görə, əslində generalı bir il əvvəl olmuş Gəncə üsyanına görə sorğu-suala tuturdular... İstintaqa verilən cavabdan aydın olur ki, Firudin bəy Bakının komendantı olduğunu, Sovetlər gələnədək bu işdə çalışdığını bildirib. Nə "Müsavat” vaxtı, nə də sonra heç bir partiyanın üzvü olmadığını, bolşevik işğalından sonra əvvəlcə Çingiz İldırımın qərargahında ehtiyat zabiti vəzifəsində saxlandığını, daha sonra Əliheydər Qarayevin yanında xüsusi tapşırıqlar üzrə əməkdaş kimi çalışdığını deyib:
"Müsavat” liderləri ilə elə bir yaxınlığım olmayıb, onları dövlət başçısı kimi tanıyırdım. Azərbaycanda, Bakıda olan vaxt həmişə hərbi xidmətlə məşğul idim. Heç bir partiyanın, təşkilatın üzvü deyildim. Təkrar edirəm, mən hərbçiyəm, hərbi nizamnaməyə tabe olan süvari-kavaleriya generalıyam. Sizin dediyiniz "İttihadi-islam” və "Turanın böyük islamı” partiyaları haqqında heç nə eşitməmişəm, heç nə bilmirəm”.
"Özümü heç nədə, heç bir hadisədə günahkar bilmirəm...”..
"1921-ci il iyunun 19-da Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzası ilə Fövqəladə Komissiyaya order göndərilir: "Sizə tapşırılır ki, bu orderi alan kimi Firudin bəy Vəzirovu (keçmiş general) həbsdən azad edəsiniz”. Generalı azad edirlər... 1925-ci ildə bolşeviklərin orqanı olan "Qızıl əsgər” jurnalında "Dağlı Əli Hüseyn” imzalı bir yazı çıxır. Yazıda 1920-ci il aprelində bolşeviklərin Bakıya "zəfər yürüşü» təsvir olunur və general Vəzirovun o vaxt mövqe komandiri olduğu vurğulanır. Dağlı Əli Hüseyn Firudin bəyə: «Bu gündən sonra (aprelin 29-dan sonra) bizlər mövqe komandiri olacağıq” --deyir. Bu yazıdan sonra general təkrar həbs olunur. 1925-ci il iyunun 30-da onu güllələyirlər. Güllələnərkən generalın 75 yaşı vardı. N.Nərimanov bu dəfə onun dadına çata bilmir. Çünki artıq həyatda yox idi. Həmin il martın 19-da Moskvada həyatla vidalaşmışdı...
General-mayor Firidun bəy Vəzirova məхsus sənədlər arasında tərcümələr də tapılmışdır. Rus və ərəb əlifbasında yazılmış "Beşik mahnıları", məşhur maarifçi İsmayıl bəy Əfəndiyevin Nuхa qəzasının kəndlərindən topladığı bayatıları, beşik mahnılarını, atalar sözlərini general rus dilinə tərcümə edib. Uzun müddət Rusiyanın ayrı-ayrı şəhərlərində yad mühitdə hərbi хidmətdə olmasına baхmayaraq, general Firidun bəy Vəzirov ana dilini incəliklərinə qədər qoruyub saхlaya bilib.

1940- Görkəmli maarif xadimi, müəllim Əmir bəy Məşədi Əlibala oğlu Ağayev repressiya qurbanı olmuşdur.
Tarixdə bu gün - 30 iyunƏmir bəy Ağayev 1886-cı ildə Gəncədə anadan olmuşdur. Atası Məşədi Əlibala ticarətlə məşğul olmuş, Gəncədə indiki Cavadxan və Mirəli Qaşqay küçələrinin kəsişdiyi yerdə parça dükanları vardı[1]. Məşədi Əlibala 1879-cu ildə Nərgiz xanımla evlənmiş, onun Həcər, Kübra, Zəki, Abdulla, Əmir adlı övladları olmuşdur.
Əmir bəy Ağayevin böyük qardaşı Abdulla bəy Gəncənin ilk əczaçılarından biri olmuş, 1917-ci ildə Xarkov Universitetinin tibb fakültəsinin əczacılıq şöbəsini bitirərək Gəncəyə qayıtmışdır. Burada atasının dükanlarından birini özünə aptek edərək ixtisası üzrə işləmişdir.
Abdulla bəy Ağayevin əmisi oğlu Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından Həsən bəy Ağayev Gəncənin ilk azərbaycanlı general-qubernatoru olmuş Xudadat bəy Rəfibəylilə birlikdə "Yelizovetpol tibb cəmiyyətini" yaradaraq imkansız insanlara dərman yazdıqda reseptə işarə qoyarmışlar. Xəstələri Abdulla bəy Ağayevin aptekinə göndərər, o da reseptəki işarəyə görə dərmanı pulsuz verərmiş. Həkimlər dərmanın dəyərini sonra özləri ödəyərmişlər. Abdulla bəy Ağayev XI qızıl ordu tərəfindən öldürülmüşdür.
Əmir bəy Ağayev iki yaşında olarkən atası vəfat etmiş, qohumlarının maddi köməyi ilə Gəncədə Molla Məhəmməd Pişnamazzadənin məktəbini, gimnaziyanı, sonra da 1911-ci ildə müəllimlər seminariyasını bitirmişdir. Bir neçə il müəllimlik etdikdən sonra təhsilini davam etdirmək üçün anası Nərgiz xanımla Bakıya gəlmişdir. Burada Hacı Zeynalabdin Tağıyevin himayəsində yaşamış, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil-Ədəbiyyat fakültəsinə daxil olmuş, təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Həmin fakültədə dil-ədəbiyyat fənnindən dərs deyən Əmir bəy Ağayev kafedra müdiri vəzifəsində çalışmışdır.
Ədəbiyyata olan həvəsi Əmir bəy Ağayevi böyük mütəfəkkir, ədəbiyyatşünas Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşviq, Abdulla Şaiq və başqaları ilə yaxınlaşdırır, onlarla əməkdaşlıq edir.
Əmir bəy Ağayev əmisi oğlu, böyük ictimai-siyasi xadim Həsən bəy Ağayevin yaxın silahdaşı olub, ona dövlət işlərində kömək etmişdir. Azərbaycan alimi, professor Ədalət Tahirzadənin Həsən bəy Ağayev haqqında bir məqaləsində bu parlaq şəkildə göstərilmişdir.
Əmir bəy Ağayev 1937-ci repressiya məruz qalmış, həbs edilərək Arxangelskə sürgün edilmişdir. Burada həbs düşərgəsində meşə sındırmağa məhkum edilmişdir.
Əmir bəy Ağayev həbsdə olarkən SSRİ Baş prokuroruna çatdırmaq üçün ailəsinə iki məktub göndərmişdir.
Əmir bəy Ağayevin ikinci məktubunda yazılmışdır: "Həbs olunmam barədə hökm çıxarılmasına əsas verən səbəblər mənə məlum deyildir, mənə yalnız məhkumluq müddətini bildirmişlər. İstintaqın gedişindən və müstəqin mənə verdiyi suallardan çıxardığım nəticələrə görə Müsavat partiyasına üzv olmağıma və Bakı şəhər fəhlə fakultəsində bir yerdə işlədiyimiz Türkiyə konsulluğunun katibi Ruhi ilə tanış olmağıma görə günahkar hesab edilirəm". Şikayət məktubu bu sözlərlə bitirilmişdir: "Mənim 27 illik müəllimlik fəaliyyətimi, Sovet hakimiyyətinə sədaqətliyimi nəzərə alaraq, xahiş edirəm həbsimlə əlaqədar olan sənədləri yoxlayıb, məni azad edib, sevimli peşəmə və körpə övladlarıma qaytarasınız".
Əmir bəy Ağayevin birinci məktubu Bakı vağzalından göndərilmişdi. Həyat yoldaşı Tuqra xanım məktubu alan kimi dərhal yerinə çatdırdıqda, başına nə müsibət gətirmişdilərsə, dəniz kənarındakı binadan çıxanda nəinki evinin ünvanını, öz adını da unutmuşdu. Buna görə ikinci məktubu göndərilməmişdi.
30 iyun 1940-cı ildə sürgündə vəfat edən görkəmli pedaqoq 1956-cı ildə bütün repressiya qurbanları kimi bəraət almışdır.
Əmir bəy Ağayevin oğlu Azər Ağayev 1928-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun adını Hüseyn Cavid qoymuşdur. Bu münasibətlə hazırlanan məclisə başçılıq edən Hüseyn Cavid valideynlərə müraciətlə demişdir: Əmir əfəndi, Tuqra xanım, bu yavrunun adını mən qoydum Azər! Atəşkənələr, furtunalar yavrusu Azər! Əmir bəy Ağayev həbs ediləndə Azər Ağayevin 9 yaşı olmuşdu. O, gənclik illərindən atasını axtarmaq fikri ilə Sibirə səfərlər edir, Əmir bəy Ağayevin nəşini gətirdib vətənində dəfn etmək istəsə də, arzusuna çata bilmir. 2007-ci ildə Azər Ağayev dünyasını dəyişmişdir. Doğmaları onun arzusunu yerinə yetirərək Hüseyn Cavidin adqoyma günündə dediyi sözləri, atasının rəsmini məzar daşının üzərində həkk etdirirlər.
Əmir bəy Ağayevin ikinci övladı Solmaz Əmir bəy qızı 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Solmaz Ağayeva 1945-1955 illərdə Bakı şəhərindəki 132 saylı məktəbdə təhsil almışdır. 1955-ci ildə Gəncə şəhərində Kənd Təsərrüfatı İnstitutunun Üzümçülük meyvə-tərəvəzçilik fakültəsinə daxil olub, 1960-cı ildə həmin fakültəni bitirmişdir. 1962-1967 illərdə Bakıda Elmi-tədqiqat Tərəvəzçilik İnstitutunda elmi işçi vəzifəsində işləmiş, 1970-ci ildə aspiranturaya daxil olub, 30-dan artıq pomidor sortlarının şaxtaya və xəstəliklərə davamlılığını, məhsuldarlığını sınaqdan keçirərək namizədlik dissertasiyasını müdafiə etmişdir. Solmaz Ağayeva bir monoqrafiyanın, bir çox məqalənin müəllifidir.
Solmaz Ağayeva 1956-cı ildə Surxay Tağızadə ilə evlənmişdir. Onların Namiq, İmran, Aytən adlı üç övladı var. Namiq Tağızadə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi metodik və texniki-kriminalistika şöbəsinin rəisi, ədliyyə müşaviri vəzifəsində çalışmışdır.
Kiçik oğlu İmran Tağızadə də hüquqşünas idi. Aytən Tağızadə isə musiqi sahəsində fəaliyyət göstərir, mayestro Niyazi haqqında ilk tədqiqat əsərinin müəllifidir.
 
1975 — Azərbaycan şairi Sərdar Əsəd (Sərdar Heydər oğlu Əsədov) 46 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 30 iyunSərdar Əsəd 1929-cu il avqustun 29-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Atası Heydər kişi savadsız bir kəndli, anası Həsyə xanım təhsil görməmiş kənd qadınlarından idi.
1955-ci ildə APİ-nin filologiya fakültəsini bitirmişdi. 1955-ci ildə institutun ali məktəblərarası ştanq yarışlarında Sərdar Əsəd birinci yeri tutmuşdur.
Sərdar Əsəd "Ədəbiyyat və incəsənət” qəzetində (indiki "Ədəbiyyat” qəzeti) düz beş il - 1958-1963-cü illərdə işləmişdir.
İstedadlı şair Sərdar Əsəd də hələ gənclik illərini başa çatdırmamış ömrünü başa çatdırsa da, kifayət qədər bədii irs qoyub gedib. Sərdar ədəbiyyata 50-ci illərdə gələn Əli Kərim, Qulu Xəlilov, Əlfi Qasımov, Tofiq Mütəllibov, Fikrət Sadıq nəslinin nümayəndələrindən idi.
Sərdar Əsəd 40 yaşının tamamında yazdığı "Ömür keçdi yarıdan" şeirində mənalı həyat yolunun çətinliklərini qeyd etmişdir.
Yaradıcılığının lap erkən çağında - 1954-cü ildə qələmə aldığı "Şairin arzusu" şeirini onun poeziya yolunun proqram sənədi saymaq olar.
Yer ulduzu" (1974) kitabından aydın olur ki, mərkəzi mətbuatda hələ APİ-nin filologiya fakültəsinin birinci kurs tələbəsi olduğu dövrdən - 1952-ci ildən çap olunmağa başlayıb. "Gənclik illəri" adlı ilk şeir kitabını 1957-ci ildə nəşr etdirə bilmişdi. Bu kitabda və bundan üç il sonra çap etdirdiyi "Səni axtarıram" kitabında hər bir şeirin yazılma tarixi var. 1960-cı ildə nəşr olunan "Səni axtarıram" kitabında son şeirləri 1957-ci ilə aiddir. Bu, o dövrdə nəşr işinin nə qədər çətin olduğunu, bir kitabın çapı üçün ən azı üç il gözləmək lazım gəldiyini göstərən bir faktdır. 50-ci illərə aid bir sıra şeirlərinin "Yanan memar" (1963), "Cərrah ürəyi" (1965), "Simlərin tufanı" (1971) kitablarına daxil edilməsi göstərir ki, ilk kitabları yazdıqlarını əhatə etməmiş, seçmə şeirlərdən ibarət olmuşdu. Sağlığında bunlarla yanaşı, "Gözəl", "Meşədə qonaqlıq" və başqa şeir, həmçinin Bartodan, Rodaridən tərcümə kitablarını da çap etdirə bilmişdi. Kitabları İ.Soltan, N.Həsənzadə, M.Araz, E.Borçalı, Ə.Salahzadə və başqalarının redaktorluğu ilə çap olunmuşdu.
1977-ci ildə vəfatından iki il sonra şeir və poemalardan ibarət "Dağları aşdı sellər" kitabı nəşr olunub.

1969 — Görkəmli şair, tərcüməçi Əli Paşa oğlu Kərimov vəfat etmişdir.
Tarixdə bu gün - 30 iyunƏli Kərim 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra "Azərbaycan” jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.
Əli Kərimin ömrü,öz şair sözü kimi, poeziyada atributa çevrildi. Bu gün onun üslubunu,deyim tərzini,söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə "Azərbaycan pioneri” qəzetində çıxmış "Təzə müəllim” şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya” poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan "İki sevgili”kitabı olmuşdur.
Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür.
Göyçayda Əli Kərim adına park salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. AMEA-nın Həqiqi üzvü, professor Tofiq Hacıyev onun yaradıcılığı barədə yazır: "Ə.Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: ”Babəkin qolları”nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; "Heykəl və heykəlin qardaşı” poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, hekəlidir. "Gül və çörək”, "Sevirəm”, "Bomba üstündə ev”, "Çiçəklər iclasda” kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir.
Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı "Bir santimetr haqqında ballada”poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı vardır: "İlk simfoniya” poemasını oxuyarkn əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir. "Heykəl və heykəlin qardaşı” poemasında müharibə səhnələri ilə sülh dövrünü təsərrüfat-quruculuq mənzəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir...”
 
1992 — Əbülfəz Bəbir oğlu Mehdiyevb Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Tarixdə bu gün - 30 iyunƏbülfəz Mehdiyev 1965-ci il noyabrın 1-də Qubadlı rayonunun Tarovlu kəndində anadan olmuşdur. 1971-ci ildə Qubadlı qəsəbəsində orta məktəbin birinci sinfinə daxil olmuşdu. 1979-cu ildə səkkizillik təhsil alandan sonra Şuşa şəhərindəki Musiqi məktəbinə qəbul olmuşdu. 1982-ci ildə musiqi məktəbini müvəffəqiyyətlə başa çatdırandan sonra Qubadlıya qayıtmış və qəsəbə musiqi məktəbində müəllim işləməyə başlamışdı. 1983-cü ildə Əbülfəz sovet ordusu sıralarına çağırılmış və hərbi xidməti qurtardıqdan sonra Vətənə qayıtmış, Qubadlı qəsəbə musiqi məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdi.
Əbülfəz Mehdiyev 1987-ci ildə Bakı şəhər Kooperativ Texnikumunun qiyabi şöbəsinə daxil olmuş və 1991-ci ildə texnikumu bitirdikdən sonra rayon İstehlak Cəmiyyəti sistemində işləməyə başlamışdı. Lakin Qarabağ hadisələri, erməni xəyanətkarlığı, daşnakların haqsız iddiaları, onları dəstəkləyənlərin ədalətsizlikləri gənc Əbülfəzin səbrin tükəndirmiş, işdən əl-qolunu soyutmuşdu.
Əbülfəz Mehdiyev, elə həmin (1987-ci) il Azərbaycanın dilbər guşələrindən sayılan Qubadlı torpaqlarının müdafiəsinə qalxmış və bu məqsədlə xalqımızın qeyrətli oğlu Əliyar Əliyevin başçılıq etdiyi ərazi özünümüdafiə taboruna qəbul edilmişdi.
O, az vaxt ərzində istedadlı bir topçu kimi şöhrət qazanmışdı. Əbülfəz 18 nəfərlik bir dəstə ilə Ermənistanla sərhəd olan Əyin, Aşağı Cibikli, Yuxarı Cibikli, Çardaqlı və Tarovlu kəndlərinin müdafiəsində böyük igidliklər göstərmiş, quldur basqınlarının qarşısını almışdı.
Cəsur topçularımız sərrast zərbələri ilə dəfələrlə düşmənin atəş nöqtələrini susdurmuş, bir çox postlarını darmadağın etmiş, hərbi sursat və zirehli maşınlarını qənimət kimi ələ keçirmişdilər. Eşidəndə ki, ermənilərin Davudbek kəndindən onun doğulub boya başa çatdığı Tarovlu kəndinə növbəti hücum olacaq, o öz silahdaşları ilə birlikdə doğma kəndin müdafiəsinə getdi.
1992-ci il iyun ayının 30-da doğma Tarovlu kəndinin müdafiəsi uğrunda gedən döyüş igid topçunun son vuruşu olmuşdu. Həmin gün düşmən böyük qüvvə ilə Tarovlu kəndinə hücum etmişdi. Əlavə qüvvə köməyə gələnə qədər Əbülfəz dostu İrşad Həsənquliyevlə cəsarətlə döyüşə atılmışdı. Arxa-arxaya verən iki dost sayca xeyli üstün olan düşmənə qarşı mərdliklə vuruşmuş, dinc əhalini qəfil basqından xilas etmiş, 8 erməni quldurunu öldürmüşdülər. Bir neçə saat davam edən bu qanlı döyüşdə Əbülfəz sinəsindən ağır yaralanmış və qəhrəmanlıqla həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 iyun tarixli 2905 nömrəli Sərəncamı ilə Mehdiyev Əbülfəz Bəbir oğlu "Vətən uğrunda" medalı ilə (ölümündən sonra) təltif olunmuşdur

Bayramlar və xüsusi günlər:

30 iyun Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur.
Bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsinin qurbanları İlham və Fərizənin toy günü ilə əlaqədardır.
İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi təmiri zavodunda işləməyə başlayıb.
Fərizə 1989-cu ilin 30 iyununda gəlin köçüb.
1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə hazırkı "20 Yanvar" dairəsində sovet əsgərlərinin gülləsinə tuş gəlib.
Fərizə bütün bunlarla barışa bilməyib. Bir dəfə özünü yandırmaq istəsə də, qohumları duyuq düşüb qarşısını alıblar. Amma Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir. Və son olaraq göz yaşı içində məktub yazmaq istəyib, bir-iki cümlə yazandan sonra ardını gətirə bilmir : "Sən mənsiz ölməyi bacardın, amma mən sənsiz yaşayamam…”
Fərizə bətnindəki körpəni də özü ilə məzara aparır...

Tarixdə bu gün - 30 iyun


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz