» » Tarixdə bu gün - 12 aprel

Tarixdə bu gün - 12 aprel

12 aprel

İlin 102-ci (uzun illərdə 103-cü) günü.

Mühüm hadisələr:

1961 – Kosmosa ilk insan göndərildi. Vostok gəmisi ilə kosmosa gedən Yuri Qaqarin kosmosda 108 dəqiqə qaldı.

Doğum günləri:

1889 — Məşhur Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi ( Cabbar Qaryağdıoğlu onu "Şərq musiqisinin incisi" adlandırmışdı) Tarixdə bu gün - 12 aprelSeyid Şuşinski indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirrlərinə yiyələnmək üçün ən əvvəl iki il Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinsi ifa üçün mürəkkəb muğam olan "Çahargah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra "mayə"yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu.
Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şerini "Müxalif"də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şier və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. "Ayıl ey millət", "Mən bir türkəm", "Millət istərsə" və s.
Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərmişdi. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək etmişdi, özü də aktyor kimi bir sıra rolları oynamışdı. Seyid Şuşinski "Çahargah"dan başqa "Mahur", "Nəva", "Məsnəvi", "Osmanı", "Arazbarı", "Heyratı" kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxumuşdur. ("Rast-Humayun", "Qatar-Bayatı", "Şur-Şahnaz") "Rast"da və "Kürdi-Şahnaz"da "Dilkəş"i ilk dəfə Seyid Şuşinski ifa etmişdi.
Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı "Şur" və "Kürdi-Ovşarı" simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olmuşdu.

1907— Azərbaycan yazıçısı, ədəbiyyatşünası, folklorşünası, dramaturqu, ssenari müəllifi, tərcüməçisi, filologiya elmləri doktoru, professor Təhmasib Tarixdə bu gün - 12 aprelMəmmədhüseyn Abbasqulu oğlu Naxçıvan şəhərində anadan olmuşdur.
1923-1927-ci illərdə Bakı pedaqoji texnikumunu bitirmişdir. 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik edəndən sonra 1930-1933-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir . 1933-1936-cı illərdə Kürdəmir, Əli Bayramlı, 1939-1951-ci illərdə Göyçay şəhər maarif şöbələrində metodist, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim ,1951-1959-cu illərdə dosent, 1944-cü ildən vəfatınadək Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, şöbə müdiri işləmişdir .
Ədəbi yaradıcılığa 1934-cü ildən başlamışdır. "Qaçaq Nəbi" adlı ssenarisini 1938-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirmişdir. "Bir qalanın sirri" , "Onu bağışlamaq olarmı?" ssenariləri əsasında eyni adlı filmlər çəkilmişdir. "Bahar", "Aslan yatağı" , "Çiçəklənən arzular", "Hind nağılı", "Rübailər aləmində" və b. pyes-nağılları respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. 1965 -ci ildə "Azərbaycan xalq dastanları (orta əsrlər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.1965
1946-1977-ci illərdə "Koroğlu", "Molla Nəsrəddinin lətifələri", "Aşıq Ələsgər", "Kitabi-Dədə Qorqud", "Azərbaycan dastanları" və digər xalq incilərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında fəal çalışmışdır.
Azərbaycan folkloru kursu (1940), Azərbaycan xalqının qəhrəmanlıq eposu (parçalar) (1941), Azərbaycan xalqının qəhrəman oğulları (1942), Çiçəkli dağ (nağıl-pyes) (1965), Azərbaycan xalqının dastanları (1972) və s. kitabların müəllifidir.
Məhəmmədhüseyn Təhmasib 1982-ci il oktyabr ayının 5-də Bakıda vəfat etmişdir.

1912— Azərbaycan aktyoru, GTT-nın yaradıcılarından biri, Aktyor kimi xarakterik və tipik obrazların mahir ifaçısı
Tarixdə bu gün - 12 aprelMəmmədağa Ağakərim oğlu Dadaşov Bakıda doğulub. Səhnəyə ilk dəfə on dörd yaşında, oxuduğu məktəbdə çıxıb. 40 saylı pioner dəstəsinin dram dərnəyinə üzv olub. GTT məhz həmin dərnəyin bazası əsasında yaranıb və truppanın ilk aktyorlarının sırasında Məmmədağa Dadaşov da olub. Ömrünün sonuna qədər səhnədən və bu kollektivdən ayrılmayıb.
Məmmədağa Dadaşov komediya, faciə, dram əsərlərində və nağıl-tamaşalarda müxtəlif səciyyəli rollar oynayıb. Azad ("Azad", Əyyub Abbasov), Valer, Leandr ("Zorən təbib" və "Skapenin kələkləri", Jan Batist Molyer), Vəhşi pişik ("Özbaşına gəzən pişlk", Reyhard kiplinq), El oğlu ("E1 oğlu", Abdulla Şaiq), Çingiz ("Nərgiz", Mirmehdi Seyidzadə), Məhkəmə sədri ("Müfəttiş", Nikolay Qoqol), Ağa Zaman, Məşədi Qurban, Hatəmxan ağa ("Molla İbrahimxəlil kimyagər", "Xırs quldurbasan" və "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Hacı Saleh ("Tamahkar", Süleyman Sani Axundov), İmran ("Anacan", Yusif Əzimzadə), Nüsrət ("Yaşar", Cəfər Cabbarlı), Simnar xan ("ÇİÇəkiİ dağ", Məmmədhüseyn Təhmasib), Casus ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı əsasında səhnələşdirənləri Zəfər Nemətov və Əli İsmayılov), Qasım xan ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Milan Hersoqu, Montekki ("iki veronalı" və "Romeo və Cülyetta", Vilyam Şekspir), Mirbağır ağa ("Yarımçıq şəkil", Adil Babayev), Molla Səfi ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Jandarına polkovniki ("Ovod", Etil Voyniç), Tağı müəllim ("Şirinbala bal yığır", Salam Qədirzadə) rollarında özünün aktyorluq bacarıq və qabiliyyətini daha ifadəli şəkildə göstərə bilib.
27 fevral 1957-ci ildə Məmmədağa Dadaşova əməkdar artist fəxri adı verilib. Aktyor Bakıda 1996-cı ildə vəfat edib.

1928 — Azərbaycanın görkəmli Xalq yazıçısı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı İsa Tarixdə bu gün - 12 aprelMuğanna  (İsa Mustafa oğlu Hüseynov) Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.
Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.
1 aprel 2014- cü ildə  85 yaşında vəfat etmişdir. 
 
Tarixdə bu gün - 12 aprel1942 — SSRİ dönəmində tanınmış neftçi, buruq ustası, Sosialist Əməyi Qəhrəmanı, Hindistanın fəxri vətəndaşı, 4 çağırış Azərbaycan SSR Ali Sovetinin, SSRİ-nin xalq deputatı olmuş Akif Məmi oğlu Əmənov anadan olmuşdur.
O, 1991-ci ildə SSRİ xalq deputatı statusunda o vaxtkı hakimiyyət tərəfindən təzyiqlərlə üzləşərək Naxçıvanda yaşayan Heydər Əliyevin görüşünə gedib.
Mərhum prezident ona bildirib ki, A.Əmənovu ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına təqdim etmək istəyibmiş.
A.Əmənov hazırda prezident təqaüdçüsüdür. Prezident İlham Əliyevin sərəncamı ilə ona Bakı şəhərində üç otaqlı mənzil bağışlanıb.
2010-cu ildə Milli Məclisə seçkilərdə iştirak etmək üçün Sosialist Əməyi Qəhrəmanı Akif Əmənov namizədliyini irəli sürüb.
Adlı–sanlı buruq ustası A.Əmənov 46 saylı Şirvan seçki dairəsi üzrə sənədlərini DSK-ya təqdim edərək imza vərəqələri götürüb.
A.Əmənov kampaniyaya bitərəf kimi qoşulub.

1956 — Azərbaycanın tanınmış xanəndələrindən biri olan Şahmalı Mirsəqulu oğlu Hacıyev (Şahmalı Kürdoğlu)A ğdam bölgəsinin Qiyaslı kəndində anadan olub .
Tarixdə bu gün - 12 aprelÖtən əsrin əvvəllərində qəddar ermənilərin soydaşlarımıza qarşı törətdiyi haqsızlıqlar neçə-neçə ailənin öz yurdundan, yuvasından didərgin düşməsinə səbəb olub. Yandırılan, dağıdılan mülklər, malikanələr deyildi. Mənəviyyat da qətlə yetirilirdi. İnsanlar qəzavü-qədərin yazdığı qara yazıların badına gedirdi. Haqsızlıqlara dözməyən Mirsəqulu Fətəliyev Dərələyəzi bürümüş erməni taunundan xilas olmaq üçün çox gənc yaşlarından Qarabağa üz tutub. Qisas aldığı daşnaklar isə zaman-zaman bu qoçaq, mərd türk balasını daim axtarıblar. Sonda Ağdamın Qiyaslı kəndinə sığınan Mirsəqulu düşmən hədəfinə keçməmək üçün adını gizlədib. Vaxtilə dağların o tayından Qarabağa gələn insanları yerli əhali "kürd" çağırardı. Erməni riyakarlığından gizlənən Mirsəquluya bu ad sərf edirdi. Elə bu adla da tanınıb, hörmət, nüfuz qazanıb. Kürd adlanan bu yaraşıqlı oğlan günlərin birində də Qiyaslı gözəli Gülnisənin qəlbinə od saldı. Onlar eyni bir ocağı alışdırdılar. Erməni gözündən yayınmış Mirsəquluya Allah bir oğul bəxş etdi. Adını Şahmalı qoydular. Ana ərinin başına gələn bədbəxt hadisələrdən xəbərdar idi. Ona görə də oğlunun soyadını "Hacıyev" yazdırdı ki, ermənilər onu tapmasınlar. Şahmalı böyüdükcə Mirsəqulu kişi fikir edirdi ki, doğma balası onun soyadını daşımır. Ona görə də el-obada Kürd adı ilə tanınan atanın bu qondarma ismi Şahmalının baş biletinə əslində, soyad kimi düşdü.
Azərbaycan muğam tarixində özünəməxsus xidmətləri olan bir sıra Qarabağ xanəndələrinin cərgəsində xüsusi dəsti-xətti ilə seçilən İslam Abdullayev, Xan Şuşinski, Seyid Şuşuniski kimi əvəzsiz xanəndələrin layiqli davamçısı olmaqla bərabər muğam tariximizdə şəhid xanəndə kimi anılmaqdadır. Xanəndə Ş.Kürdoğlu Seyid Şuşinski məktəbinin və eləcə də Qarabağ ictimai mühitinin yetirməsidir. Şahmalı Kürdoğlu Ağdam pedaqoji institutunu (indiki Şuşa Pedaqoji Texnikumu) Aşqabad Universitetinin hüquq fakültəsini, Asəf Zeynallı adına musiqi texnikumunu, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş öz dövrünün vətənpərvər ziyalılarından olaraq Azərbaycan muğamının inkişafında əvəzsiz xidmətlər göstərmişdir.

1985 - Şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Həmid oğlu Məmmədyarov 1985-ci il aprelin 12-də Sumqayıt şəhərində anadan olub. Sumqayıtda Tarixdə bu gün - 12 aprel23 nömrəli məktəbi bitirib.
1993-cü ildə Şəhriyarın atası ona şahmat oynamağı öyrədib və həmin ilin yayında Şəhriyar, onun ilk şahmat məşqçisi olan Validə Bayramovanın işlədiyi Sumqayıt şahmat məktəbində dərslərə başlayıb.
O, 1996-cı ildə Şirvan şəhərində keçirilən turnirdə iştirak edərək, turnirin qalibi olmuşdur. Həmin ildə Şəhriyar Məmmədyarov Beynəlxalq açıq turnirin C qrupunda birinci yerin sahibi olmuşdur.
1997-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Milli Şahmat Çempionatında ilk dəfə iştirak edərək, 2-ci yer sahibi oldu.[4]
1998-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Çempionatında 2-ci yerə sahib olaraq, Avstriyada keçirilən Avropa Çempionatlarında iştirak hüququ qazandı. O, həm də Azərbaycanın Zaqatala şəhərində keçirilən uşaqlar arasında Dünya Olimpiadasında 2-ci yerin sahibi olaraq Azərbaycan Milli Komandası tərkibində iştirak hüququnu qazanmışdı. Şəhriyar Məmmədyarov Türkiyədə keçirilən uşaqlar arasında Dünya Olimpiadasında öz lövhəsində gümüş medalın sahibi olmuş və bununla beynəlxalq turnirlərdə birinci müvəffəqiyyətini qeyd etmişdi.
2000-ci ildə Şəhriyar Məmmədyarov 16-18 yaşadək Azərbaycan Şahmat Çempionatının qalibi olmuşdur.
2001-ci ildə Məmmədyarov 16 yaşadək Avropa Şahmat Çempionatında gümüş medalın sahibi olmuşdur.
2001-ci ildə Məmmədyarov Bakıda keçirilən gənclər arasında Avropa Şahmat Çempionatında gümüş medalın sahibi oldu. O, həmin ildə 18 yaşadək Avropa Şahmat Çempionatında 11 xaldan 10-u udaraq rekord yazmışdır.
2003-cü ildə Məmmədyarov Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirilən U20 Dünya Çempionatında qızıl medalın sahibi oldu. O, həmin ildə 18 yaşadək Dünya Çempionatında qızıl medal qazanmışdır.
O, 2004-cü ildə Türkiyədə keçirilən Klublar arası Avropa Çempionatında 1-ci lövhədə 1-ci yerin sahibi və Dubay Open turnirinin qalibi olmuşdur.
2005-cü ildə Məmmədyarov İstanbulda 20 yaşadək gənclər arasında keçirilən Dünya Çempionatında yenidən çempion titulu qazanaraq, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçı oldu.

Vəfat etmişdir:

1995 - Azərbaycanın rəsmi milyarderi Yelmar İsbəndiyar oğlu Məmmədov rəsmi məlumatlara görə Daşkənddə yataq otağına qaz sızıb və qaz sızmasından vəfat edib.
Tarixdə bu gün - 12 aprelYelmar Məmmədov 28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olmuşdur. Çox kiçik yaşlarından anasını itirmişdir. Anadan yetim qalan balaca Yelmar körpəlikdən həyatın acılarını dadmış, zəhmətin nə olduğunu öyrənmişdir.
Orta məktəbi bitirəndən sonra Bakıya gələrək ali məktəbə imtahan verir, ancaq müsahibədən keçə bilmir.
1975-1976-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir.
1976-cı ildə hərbi xidmətə gedir. Hərbi xidmətini RSFSR-in Çita şəhərində başa vurur.
Hərbi xidmətdən sonra, 1978-ci ildə təsadüf nəticəsində Daşkəndə gəlir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda 1983-cü ildə Daşkənd Ali Milis Məktəbinə daxil olur. Sonralar isə Moskvada Ümumittifaq Ali Hüquq Məktəbinin qiyabi şöbəsində oxuyur.
Ehtiyac üzündən Komi Respublikasının Uxta şəhərinə gedir. Uxta şəhərində Neft Kəşfiyyatı idarəsində işə girir. Əvvəlcə fəhlə, sonra usta, mühəndis, şöbə rəisi və baş mühəndisin müavini olur.
1988-ci ildə sahibkarlıq haqqında qanunun çıxmasından faydalanaraq, lazımi yerlərə müraciət edib, əvvəlcə dörd nəfərlik "Trud" kooperativini açır. İlk işləri bir zavodun damını örtmək olur. Bu işdən əldə olunan gəlirlə yeni avadanlıq alır, əlavə işçi qəbul edir. Artıq 1 ildən sonra onun işçilərinin sayı min nəfər olur. Az sonra Komi Respublikasının Xalq deputatı seçilir.
1990-cı ildə "Mariya" Assosiasiyasını təsis edir. Bundan sonra fəaliyyətləri bir qədər də genişlənir. Bir neçə şəhərdə "Mariya" Assosiasiyasının filialları yaranır. Bir neçə bank açırlar. Rusiya televiziyası ilə göstərilən "Mariya Assosiasiyası" adlı sənədli filmdən sonra hər yerdə tanınmağa başlayır. Həm milyonçu həm də səxavətli adam kimi tanınır, şöhrətlənir.
Yelmar Məmmədov Almaniya və Finlandiyada müxtəlif müqavilələr bağlayır, Ermənistan istisna olmaqla, keçmiş Sovet respublikaları ilə əlaqələr yaradır. Fəaliyyət dairəsini daha da genişləndirib, ABŞ-la iqtisadi əlaqələrə malik olur.
1992-ci ilin avqust ayında Azərbaycana qayıdır. Cəbhədəki məğlubiyyətlər ona pis təsir edir. Məhz buna görə də bir təyyarə icarəyə götürür, cəbhə üçün paltar, müxtəlif ərzaq malları yükləyib Bakıya gəlir. Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır. Elə bu məqsədlə də Bakıda "Yelmar İnterneyşil" kooperasiyasını yaradır. Həmin kooperasiyaya 3 tikinti idarəsi, 3 müstəqil bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxil idi. Orada 3000-dən çox adam işləyir.
Bakıda olduğu dövrdə Azərbaycan Yurddaş Partiyasının sədr müavini seçilir və "General Məhəmməd Əsədov" mükafatına layiq görülür.
Yelmarın dörd övladı – iki qızı, iki oğlu var.

2013 — Azərbaycan və Rusiya Xalq artisti Nodar İzzətoviç Şaşıqoğlu 86 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 12 aprelO, təkcə bir filmin uğuru ilə Bakıya həmişəlik bağlandı. 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qaldı. Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub. Yəni aktyorluq bizim ailəyə xas bir sənətdir.
"Əslimiz acarıstanlı olsa da, Tiflisdə yaşamışıq. Mən orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirmişəm. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işlədim. Moskva qısa zaman kəsiyində məni özünə cəlb etdi. 5-6 il Taqanka Teatrında çalışdım.
İlk rolum "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə oldu. Orada mən türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi yaratdım. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynadım. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışdım.
Yenidən teatra qayıtmağım məni kinoya daha sıx bağladı. Bir gün bizim məşqlərə rejissor Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) gəldi. Mehdi Hüseynzadə roluna aktyor axtarırdılar. Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla tanış olanda təsadüfən özümü belə təqdim etdim: Nodar Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad rəsmiləşdi. Atamalıbəyov dedi ki, elə bizə sən lazımsan. "Sınaq çəkilişinə gəl, Tofiq Tağızadə sizinlə söhbət edər." "Uzaq sahillərdə" filmindən sonra dalbadal "Əsl dost", "Mateo Falkone", "Onun böyük ürəyi", "Bizim küçə", "Leyli və Məcnun" filmlərinə çəkildim. Yeri gəlmişkən, Məcnun mənim ən sevimli rolumdur. Bu obrazı bir də ona görə sevirdim ki, film rus dilində də səsləndirildi və mən səsləndirmədə öz səsimlə danışdım. Təbii ki, aktyor özü ifa etdiyi rolu səsləndirəndə effekt daha yaxşı alınır. Yeri gəlmişkən deyim ki, məni bütün digər filmlərdə səsləndirən gözəl aktyor Əli Zeynalovun işindən razı qalmışam.
Tələbəlikdən ürəyimdə gəzdirdiyim arzumu həyata keçirmək üçün Aleksandrisk Teatrına üz tutdum. Sənətə bu teatrın Çerkasov, Simonov kimi aktyorlarının ifasında "İvan Qroznı", "Birinci Pyotr" kimi möhtəşəm filmlərini görüb gəlmişdim. Teatra gəlib bildirdim ki, burada işləmək mənim çoxdankı arzumdur. Məşq zalında soruşdular ki, nə ifa edə bilərəm. Qiraət mənim ikinci peşəm olduğu üçün bu, çətin olmadı. Onu da deyim ki, mən Mayakovski, Lermontov, Yesenin, Qarsiya Lorka adına müsabiqələrin qalibi olmuşam. Aleksandrisk Teatrında ilk rolum Puşkinin "Kiçik faciələr" əsərində Don Juan obrazı oldu. Çoxlu əsas rollar oynadım. Amma ordakı məşqlərimə tez-tez Bakıya gəlişim mane olurdu. Dövlət tədbirləri keçirilərkən Heydər Əliyev məni Bakıya iştirak etmək üçün dəvət edirdi. Təsəvvür edin ki, Moskvada "Sirano De Berjerak" əsərində baş rolun məşqlərini yarımçıq qoyub Bakıya konsertə - şer oxumağa gəlirdim.
-"Uzaq sahillərdə"dən sonra bir andaca məşhurlaşdınız. Bu məşhurluq sizin rahat həyatınıza mane oldumu?
- Mehdinin obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni xüsusiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən hardasa mövcud şəraitdə özümü oynayırdım. Rejissorla Mehdinin obrazını üç hissəyə bölmüşdük: Mixaylo kişfiyyatçı-partizan, faşist və rəssam. Filmin premyerası "Nizami" kinoteatrında keçirildi. "Vətən"də göstəriləndə bilet almaq istəyənlərin növbəsi "Azneft"dən başlayırdı. Kinotetra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı. İnanırsınız? Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşlarda adam əlindən yer olmurdu. Çox çətin idi"
Azərbaycan.SSR xalq artisti (1983).Azərbaycan və Rusiyanın xalq artistidir. B.V.Şşükin ad. Moskva şəhərinin teatr-məktəbində savad almışdır.Moskvanın Y.Vaxtanqov ad. Taqankadakı teatrda, Leninqradın A.S.Puşkin ad. teatrda aktyor işləyib.
"Mosfilm", "Dovjenko", "Odessa", "Azərbaycanfilm" kinostudiyalarda işləyib.
M.Şaşiq-oğlu teatr səhnələrində Don Quan (A.S.Puşkin "Kiçik tragediyalar"), Sirano (E.Rostan "Sirano de Bercerak"), Kreont (Q.Qauptman "Antiqo-solntsa"), kinoda Zakir "Telefonçu qız", Rakov "Beş künc" , Məcnun "Leyli və Məcnun", Mixaylo "Uzaq sahillərdə", kimi obrazları yaradıb. 2003-cü ildən M.Şaşiq-oğlu S.Vurğun adına Rus Dram teatrına qayıdıb və teatrımızın səhnəsində Sorin (A.P.Çexov "Qağayı"), Kral Lir (U.Şekspir "Kral Lir") obrazları parlaq ifa edir.
12 aprel 2013-cü ildə Bakıda vəfat etmişdir.
 
Bayramlar və xüsusi günlər:
Tarixdə bu gün - 12 aprel12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. "Vostok” kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib.

SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda da bir çox ölkələr tərəfindən bu gün qeyd olunur.
Qeyd edək ki, məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 32 ölkədən bir neçə yüz kosmonavt və astronavt olub. Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavt Sergey Avdeyevdir. O, açıq fəzada 747 sutka 17 saat keçirib. Bir uçuşun davamiyyətinə görə isə lider, ixtisasca həkim olan Valeri Polyakovdur. O, "Mir" stansiyasında bir ildən çox - 437 sutka 17 saat olub. Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub. Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt məhz rusiyalı Valentina Tereşkovadır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz