» » Tarixdə bu gün - 15 mart

Tarixdə bu gün - 15 mart

 

15 mart

İlin 74-cü (uzun illərdə 75-ci) günü.

Doğum günləri:

1897 —Məşhur Azərbaycan aktyoru, Xalq artisti Ağasadıq Ağaəli oğlu Gəraybəyli Şamaxıda anadan olub. Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və 
Tarixdə bu gün - 15 martHeyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. "Bəxtiyar"" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy bu obrazlardandır.
1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, Xalq yazıçısı Mirzə İbrahimovla, Xalq şairi Süleyman Rüstəmlə qonşu olub.
1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin babasıdır.
2007-ci ildə anadan olmasının 110 illiyi və səhnə fəaliyyətini 80 illiyi təntənəli şəkildə qeyd olunub. 8 noyabr 2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ağasadıq Gəraybəylinin 120 illik yubileyi qeyd olunmuşdur. Yubileydə aktyorun obrazını Rafiq Əzimov ifa edib.

Tarixdə bu gün - 15 mart1893 — Məşhur Xalq aşığı Aşıq Şəmşir Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.
Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla - Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir.
Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Nə yaxşı ki, fitrət sahibinin lent yazıları bu günümüzəcən gəlib çatıb.
Professorlardan M.Arif, H.Araslı, M.H.Təhmasib, M.Quluzadə, M.Vəkilov, V.Vəliyev, P.Əfəndiyev, Q.Xəlilov, Q.Namazov, İ.Abbas, S.Paşayev, T.Bünyadov, C.Abdullayev, dosentlərdən Y.Babayev, M.Allahmanov, İ.Ələsgərov, görkəmli şair-yazıçılarımızdan S.Vurğun, O.Sarıvəlli, N.Xəzri, M,Rahim, T.Bayram, Q.İmamverdiyev, M.Aslan, M.İsmayıl, H.Kürdoğlu, N.Həsənzadə, Z.Yaqub, Ş.Əsgərov, İ.Tapdıq, S.Rüstəmxanlı, Z.Cabbarlı, F.Sadıq, A.Babayev, Ə.Qurbanov, A.Əlizadə, B.Vətənoğlu, İ.Coşqun, S.Sərxanlı kimi qələm sahibləri ilə yanaşı cild-cild romanlar, povestlər müəllifləri Ə.Vəliyev, B.Bayramov, İsa Muğanna, İ.Məlikzadə, Ə.Qasımov, C.Əlibəyli, S.Əhmədov kimi sənətkarlar ayrı-ayrı illərdə dövri mətbuatda Dədə Şəmşirin sənət dünyasından, şeirlərinin poetik vüsətindən, sanbal-siqlətindən söz açıblar.
İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır.
Aşıq Şəmşirin "Şerlər” adlı ilk kitabı 1959-cu ildə "Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın "Qoşmalar”, "Seçilmiş əsərləri”, "Dağ havası”, "Şerlər”, "Öyüdlər” və s. kitabları işıq üzü görüb.
Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş ”Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (Osman Sarıvəlli, 1973), "Saxla izimi, dünya” (Məmməd Aslan, 1989), "Dədə Şəmşir yaddaşlarda” (Qənbər Şəmşiroğlu, 2000) kitabları vardır.
Aşıq Şəmşir 1980-ci ildə 87 yaşnda dünyasını dəyişib.

1919— Məşhur muğam ustası, Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynov Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi Hüseynəli Hacıbaba oğlunun Tarixdə bu gün - 15 martailəsində anadan olmuşdur. Erkən yaşlarında məsçidlərdə, yas məclislərində nohə və mərsiyyə söyləyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov, Zülfünün oxuduqlarını təkrar edir onu yamsılıyarmış.
1945-ci ildə müharibə bitəndən sonra Sara xanım Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Əhməd müəllim gənc Hacıbabanı öz ansamblına nağaraça ifaçısı kimi işə götürür. Hacıbaba ustad həmin ansamblda üç il çalışmışdır. Həmin vaxtlarda Hacıbaba Hüseynov ansamblla çıxış edən xanəndələrdən, musiqiçilərdən, Əhməd Bakıxanovdan muğamın incəliklərini öyrənir və ömrünün sonuna qədər Əhməd Bakıxanovu özünün əsas ustadı hesab edir.
1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra, Əhməd Bakıxanov Hacıbaba Hüseynovu Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edir. Hacıbaba Hüseynov ömrünün sonuna qədər, 30 il ərzində həmin məktəbdə dərs demiş, xanəndələr yetişdirmişdir. Xanəndənin tələbələri arasında belə görkəmli sənətkarlarımız var - Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Aqil Məlikov, Səfər Mirzəyev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə, Sahib İbrahimov və s. Görkəmli sənətkarlarımız Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə və Alim Qasımov Hacıbaba Hüseynovun birbaşa tələbələri olmasalar da, onun ifasından çox bəhrələniblər və qoyduğu məktəbin laiqincə təmsil ediblər. Hacıbaba Hüseynovun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır.
Hacıbaba Hüseynov muğamda oxunan - Rast muğamının "Üşşaq" və "Hüseyni", Novruz-rəvəndə, digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Hacıbaba Hüseynovun təşəbbüsü ilə Bayatı-şiraz muğamının "Dilruba" şöbəsi dərsliyə əlavə olunub.
24 oktyabr 1993-cü ildə vəfat edib və Birinci Fəxri Xiyabanda dəfn olunub.

Tarixdə bu gün - 15 mart1923 — Azәrbaycan Respublikasının Əmәkdar incәsәnәt xadimi, rəssam Nәcәfqulu Әbdülrəhim oğlu İsmayılov Bakı şəhərində doğulub. 
1936-1940-cı illərdə Azərbaycan Rəssamlıq Məktəbində təhsil alıb.
1952-1977-ci illərdə "Kirpi" satirik jurnalında baş rəssam kimi çalışmışdır.
Yaradıcılığı boyu rəngkar kimi fəaliyyət göstərmişdir. Süjetli, portret və mənzərə janrında çoxsaylı əsər yaratmışdır.
Bunlara misal olaraq; "Nizami və Xaqani", "Realist rəsam" (1973), "Ana" (1968), "Maarifçi Abbasqulu ağa Bakıxanov" (1985), "Xanəndə"
(1980), "Qubalı Fətəli xanın portreti" (1947), "Notrdam cənubdan" (1961), "Neft mənzərəsi" (1951) və s.əsərləri  göstərmək olar.
Bu əsərlər  XX  əsrin  ortalarında süjetli, portret və mənzərə janrında çəkilmiş ən qüvvcətli rəngarlıq nümunələrindən  hesab olunur.
Bu gün Əməkdar incəsənət xadiminin  95 yaşı tamam olur.
 
  
Tarixdə bu gün - 15 mart 1939 - Mehman rolunun ifaçısı Bimbulat Zaurbekoviç Vatayev Şimali Osetiyada anadan olub.
1964-cü ildə B.Şuşkin adına Teatr Məktəbində təhsil alıb .
1959-cu ildən Şimali Osetiya Musiqili Dram Teatrının aktyoru olmuşdur. Bimbulat Vatayev həmçinin Taqanka Teatrında aktyor (1964-1965), Tacikfilmdə aktyor və rejissor (1969-1975), Şimali Osetiyada Mədəniyyət naziri kimi (1994-1998) çalışıb.
RUsiya Respublikasının, həmçinin Şimali Osetiya Muxtar Respublikasının Xalq artisti (1968), Tacikistan Dövlət mükafatı laureatı (1973) adlarına layiq görülüb.
Bimbulat Vatayev 9 may 2000-ci ildə vəfat edib.

1941— Tanınmış şair, tərcüməçi, publicist İsa Mustafa oğlu İsmayılzadə Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Burada orta Tarixdə bu gün - 15 martməktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır .
Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" almanaxında və "Azərbaycan gəncləri" qəzetində çap etdirdiyi ilk şeri ilə başlamışdır. O, Qardabanidə orta məktəbdə müəllim Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri , "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləmişdir (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir (1994-cü ildən). Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilmişdir.
Öz yaradıcılığında poetik tərcüməyə də xüsusi diqqət vermiş, sosialist ölkələri yazıçılarının Moskvada keçirilən birinci Beynəlxalq simpoziumunda , Asiya və Afrika ölkələri yazıçılarının Yurmalada keçirilən seminar-müşavirəsində iştirak etmişdir.
1997-ci il iyulun 14-də vəfat etmişdir.

Tarixdə bu gün - 15 mart1941— Tanınmış şair, tərcüməçi, Rəsul Rza adına mükafat laureatı , Əməkdar incəsənət xadimi Məmmədsalahlı Ələkbər Baba oğlu Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olmuşdur. Orta məktəbi Qonaqkənddə başa vurub ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, illər keçdikcə dövri mətbuatda çıxış etmişdir. "Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olmuşdur. Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor, "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor , Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini işləmişdir. Sonra "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri , redaktor vəzifəsində çalışmışdır . Hazırda "Qobustan" jurnalının baş redaktorudur . 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlamışdır. Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı vardır. "Kölgədən qorxan" Şəki, "Yayın qış gecələri" Sumqayıt, "Nağaraçı naxırçı" pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.

Vəfat etmişdir:

Tarixdə bu gün - 15 mart1995 — Azərbaycanın Milli Qəhrəmanı Fərhadislam oğlu Ağayev 19 yaşında vəfat etmişdir.
Fərhad Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olmuşdur. O 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən sonra, 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır.
Fərhad Ağayev 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür, ilk döyüşlərini Füzuli rayonunun Seyidəhmədli kəndində keçirir. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. 1995-ci il 13 mart Fərhad Ağayev qardaş gülləsindən ağır yaralanır, 15 mart 1995-ci il tarixdə bu yaradan həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Ağayev Fərhad İslam oğlu olümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Sabirabad rayonundakı şəhidlər xiyabanında dəfn edilmişdir.
Bitirdiyi orta məktəb onun adını daşıyır.

Tarixdə bu gün - 15 mart1995— Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayev Vətən və dövlətçiliyimiz naminə şəhid olmuşdur.
Nazim Babayev 7 fevral 1975-ci ildə Salyan rayonunda anadan olmuşdur.
1992-ci ildə kənd orta məktəbini bitirir. 1993-cü ildə Milli Orduya çağırılır.
Nazim Babayev torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanır. Nazim Füzuli, Tərtər bölgəsində vuruşurdu.
1995-ci il mart hadisələri zamanı gənc Nazim silahlı dəstələrin tərksilah edilməsində iştirak edirdi və 15 mart 1995-ci il qardaş gülləsindən həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Salyan rayonu Qaraçala kənd qəbristanlığında dəfn edilmişdir.
Salyan şəhərindəki mərkəzi parkda büstü qoyulmuşdur.

2011— Filologiya elmləri namizədi, professor Mustafa Mir Qasım oğlu Mustafayev 84 yaşında vəfat etmişdir.
 Mustafa Mustafayev (Mir Mustafa Mir Qasım oğlu Mir Mustafayev - Talışlı) 18 noyabr 1926-ci ildə Lənkəran qəzasının Mahmudavar (indi Masallı rayonuna Tarixdə bu gün - 15 martdaxildir) qəsəbəsində anadan olmuşdur. O, XVIII əsrdə Talış xanlığının əsasını qoyan general-mayor Mir Mustafa xan Talışlının törəmələrindəndir. Sovet hakimiyyətinin ilk illərində inzibati tədbirlərlə əlaqədar ailəsi ilə Şirvana köçürülmüşdür. Mustafa Mustafayev ibtidai və orta təhsilini Şamaxı şəhərində almışdır. 1944-cü ildə hərbi səfərbərliyə alınmış, 1946-cı ildə Hərbi xidmətdən tərxis olunmuşdur.
1946-1947-ci illərdə Bakıda neft (Kirovneft, indiki Binəqədi) mədənlərində fəhlə və çilingər işləmişdir.
1948-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, kursu müvəffəqiyyətlə bitirdikdən sonra "dil-ədəbiyyat" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirən Mustafa Mustafayev Lənkərana beş il təyinat almış, rayonun Mamusta və Kərgəlan kəndlərində dil-ədəbiyyat müəllimi və dərs hissə müdiri işləmişdir.
1958-ci ildən Bakıya köçmüş, Xəzər gəmiçiliyi idarəsində təhsil işləri üzrə müdir vəzifəsində çalışmışdır.
1961-ci ilin yanvarın 1-də "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” ixtisası üzrə V.İ.Lenin adına ADPİ-nin əyani aspiranturasına qəbul olunmuşdur. 1965-ci ilin aprelində "Q. Zakir şeirinin sənətkarlığı " mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Bir müddət institutun tədris hissəsində çalışdıqdan sonra müsabiqə yolu ilə "Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası" kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrini tutmuşdur.
Mustafa müəllimin professional elmi-pedaqoji fəaliyyəti ictimaiyyətin nəzərini cəlb etmiş, institutun elmi şurası 1990-cı ildə SSRİ Ali Attestasiya Komissiyası qarşısında professorluq elmi dərəcəsi verilməsi haqqında vəsadət qaldırmışdır.
O, 150-dən artıq elmi-nəzəri problemlərə həsr edilmiş məqalələrin, resenziyaların, monoqrafiyaların müəllifidir.

2012 —Akademik, görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi Bəkir Nəbiyev Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. 1949-1954-cü Tarixdə bu gün - 15 martillərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. Eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olmuşdur.
Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən "Dama-dama göl olar" rəyi ilə başlamışdır. Universiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləmişdir . ADU-nun aspiranturasına daxil olmuş, "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir .
1959-1961-ci illərdə "Kommunist" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri işləmişdir . 1961-71 –ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi , 1971-1986-cı illərdə Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru , 1982-1986-cı illərdə Azərbaycan Ədəbiyyat Fondunun sədri işləmişdir.
AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmuşdur . "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin baş redaktorudur. Ali məktəblərdə mühazirələr oxumuşdur. Təfəkkür Universitetində filologiya kafedrasının müdiri olmuşdur . 30 cildlik "Türk dünyası ədəbiyyatı" ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisi idi.
Azərbaycan EA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin rəhbəri olmuşdur.

Bayramlar və xüsusi günlər:

15 mart Beynəlxalq İstehlakçılar Günüdür.
 İstehlakçı gəlir əldə etmək məqsədi güdmədən əmtəələri alan və istifadə edən, xidmət və iş sifariş verən vətəndaşdır. İstehlakçı aldığı əşyanın, məhsulun, ona göstərilən xidmətin keyfiyyətli olmasında maraqlıdır. Bu, istehlakçının keyfiyyət hüququdur. Biz əmin olmalıyıq ki, aldığımız qida məhsulları ekoloji və gigiyenik cəhətdən sağlamlığımız üçün heç bir təhlükə törətmir. Yaxud hər hansı bir elektrik cihazı mənzildə yanğına səbəb olmayacaqdır. Bu, istehlakçının təhlükəsizlik hüququdur. Əmtəə, xidmətlər və s. haqqında məlumat almaq informasiya hüququnu özündə əks etdirir. İstehlakçı dəymiş ziyanın ödənilməsi hüququna malikdir. Belə ki, aldığımız hər hansı bir əşya sağlamlığımıza və yaxud əmlakımıza ziyan vurarsa, onda onun əvəzini bərpa etməyi tələb etmək hüququmuz vardır. Beləliklə, istehlakçının hüququnun qorunması zəruridir.
Hər birimizin istehlakçı kimi hüquqlarımızın pozulduğu hallar azmı olub?
Ümumdünya İstehlakçılar İttifaqı dünyada istehlakçıların hüquqlarını qorumaqla məşğuldur. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da "İstehlakçıların hüquqlarının qorunması haqqında Qanun" qəbul olunmuşdur. Bu qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir.
Ümumdünya İstehlakçılar Gününün elan edilməsi ABŞ prezidenti Con Kennedinin 1961-ci il martın 15-də Konqresdə etdiyi çıxışla bağlıdır. Kennedi çıxışında yuxarıda göstərilən məşhur dörd hüququ sadalamış, onu istehlakçının hüququ adlandırmışdır. Kennedi demişdir: "İstehlakçılar biz hamımızıq. İstehlakçılar böyük iqtisadi gücdür və demək olar ki, istənilən özəl və dövlət iqtisadiyyatında həlledici rol oynayırlar. Lakin belə bir yekdil səs təəssüf ki, həmişə eşidilmir". Ümumdünya İstehlakçılar İttifaqı Təşkilatı həmin sözləri özünün manifestinə çevirmişdir.
İstehlakçıların Hüquqlarını Müdafiə Günü ilk dəfə 1983-cü il martın 15-də qeyd olunmuşdur. İki il sonra - 1985-ci il aprelin 9-da BMT Baş Məclisi istehlakçıların hüquqlarının müdafiəsi üçün rəhbər prinsipləri müəyyənləşdirdi. Bu prinsiplərin qəbul olunması nəticəsində istehlakçı hüquqları beynəlxalq səviyyədə tanınaraq qanuniləşdirildi.
15 martın Ümumdünya İstehlakçılar Günü kimi qeyd edilməsi beynəlxalq ictimaiyyəti istehlakçıların hüquqlarının qorunması problemlərinin həllinə yönəldir. Ümumdünya İstehlakçılar İttifaqı müstəqil, qeyri-kommersiya, gəlirsiz, qeyri-siyasi təşkilat kimi 1961-ci ildə Niderlandda qeydiyyatdan keçmişdir. Bu təşkilat özündə 72 ölkədən istehlakçıların hüquqları problemləri ilə məşğul olan 180 ictimai və dövlət təşkilatını birləşdirir. Azərbaycanda da belə bir qeyri-hökumət təşkilatı XX əsrin 90-cı illərinin ortalarından fəaliyyət göstərir.

Tarixdə bu gün - 15 mart

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz