» » Tarixdə bu gün - 14 mart

Tarixdə bu gün - 14 mart


14 mart


İlin 73-cü (uzun illərdə 74-cü) günü.

Mühüm hadisələr:

1996 — Azərbaycan Respublikası Seneqal ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1879 —Məşhur alman fiziki -nisbilik nəzəriyyəsinin b anisi, kvant nəzəriyyəsinin və statistik fizikanın yaradıcılarından biri Albert Eynşteyn Almaniyanın Ulm şəhərində anadan olub. Uşaqlıq illəri Münxen şəhərində keçib. Albertin anası musiqiçi olub və oğluna musiqiyə məhəbbət aşılayıb. Musiqiyə vurğunluğu Eynşteyni ömrü boyu müşayiət edib.
Uşaq yaşlarında Eynşteyndə heç bir dahilik əlaməti müşahidə olunmayıb. O, səbr və hövsələ, yadda saxlamaq üçün böyük zəhmət tələb edən cəbr və həndəsə fənlərini sevməyib. Nəzəri fizika isə tamamilə başqa məsələ idi! Zəngin fantaziyaya geniş meydan açan fizika "yenicə başlayan” dahini müəllimlərindən bir-iki pillə üstün edirdi.
Ailə tez-tez bir yerdən başqa yerə köçdüyündən, Albert təhsil aldığı məktəb və gimnaziyaları dəyişməli olurdu. 1900-cu ildə Münxen Politexnikumunu bitirərək, riyaziyyat və fizika müəllimi diplomu alır. 1901-ci ildə İsveçrə vətəndaşlığı alsa da, 1902-ci ilin yazına qədər daimi iş yeri tapa bilmir. İşsiz olduğuna görə günlərlə ac qalır. Nəticədə qara ciyəri xəstələnir. Alim ömrünün sonunadək qara ciyər xəstəliyindən əziyyət çəkir.
Eynşteyn 1900-1902-ci illərdə məhrumiyyətlərlə üzləşməsinə baxmayaraq, fizikanı daha dərindən öyrənməyə başlayır və xüsusi nisbilik nəzəriyyəsi üzərində çalışır. Hazırda bu nəzəriyyənin əsaslarını yuxarı siniflərdə öyrənirlər. 1905-ci il fizika tarixinə "möcüzələr ili” kimi daxil olur. Həmin il Almaniyanın fizika sahəsində aparıcı jurnalı olan "Fizika salnaməsi”ndə Eynşteynin yeni elmi inqilabın başlanğıcını qoyan üç sanballı məqaləsi dərc olunur. 1905-ci ildə onun xüsusi nisbilik nəzəriyyəsi - işıq sürətinə yaxın sürətlə hərəkət edən cisimlərin mexanikası və elektromexanikası açıqlanır. Elə həmin il Eynşteyn bütövlükdə nüvə energetikasının əsasını təşkil edən kütlə və enerjinin (E=mc²) qarşılıqlı əlaqəsi qanununu kəşf edir.
Eynşteynin əsərləri böyük şöhrət qazanır. 1909-cu ildə o, Sürix Universitetinin, sonra Praqada Alman Universitetinin professoru seçilir. 1914-cü ildə Eynşteyn dərs demək üçün Berlin Universitetinə dəvət olunur. Berlində yaşadığı illərdə ümumi nisbilik nəzəriyyəsini başa çatdırır, şüalanmanın kvant nəzəriyyəsini inkişaf etdirir. Onun fotoeffekt nəzəriyyəsində işıq kvant (foton) axını kimi nəzərdən keçirilir. Fotonların varlığı 1922-ci ildə amerikalı fizik A.Komptonun eksperimentlərində təsdiq olunur. Eynşteyn fotokimyanın əsas qanununu (Eynşteyn qanunu) kəşf edir. Həmin qanuna görə, hər udulan işıq kvantı bir elementar fotokimya reaksiyası doğurur. O, 1916-cı ildə kvant elektronikasının əsasını təşkil edən atomların induksiyalı (məcburi) şüalanması hadisəsini nəzəri cəhətdən göstərir.
Eynşteynin 1916-cı ildə başa çatdırdığı ümumi nisbilik nəzəriyyəsi onun elmi yaradıcılığının zirvəsidir. Eynşteynin ideyaları fizikada məkan, zaman və cazibəyə Nyutonun dövründə formalaşan mexaniki baxışları dəyişib və dünyanın yeni, materialist mənzərəsini açıqlayıb.
1921-ci ildə A.Eynşteynə Nobel mükafatı verilir. Amma o, bu nüfuzlu mükafata dahiyanə ümumi nisbilik nəzəriyyəsinə görə deyil, fotoeffekt nəzəriyyəsinə və nəzəri fizika sahəsində digər böyük işlərinə görə layiq görülür. 1933-cü ildə Almaniyada hakimiyyətə faşistlər gəlirlər. O, ABŞ-da, kiçik və sakit Prinston şəhərinə köçür və yerli universitetdə dərs deməyə başlayır. Eynşteyn ömrünün sonlarında çox səyahət edir, müxtəlif ölkələrdə nisbilik nəzəriyyəsinə dair mühazirələr oxuyur. Dünyanın ən dahi alimi nüfuzu qazanan Eynşteyn sözün əsl mənasında sülhün carçısına çevrilir.
Eynşteyn dünya şöhrətli alim olsa da, hamıya açıq, təvazökar, sadə, mehriban bir insan kimi tanınıb. Yaxın tanışları onu ünsiyyətcil, gülərüz bir insan kimi təsvir edir, onun xeyirxahlığını, insanlara yardım etməyə tələsməsini, təkəbbürdən uzaq olmasını, dəfedilməz cazibəsini vurğulayırlar. Tez-tez onun əla yumor hissindən danışılır. Eynşteyndən laboratoriyasının harada yerləşdiyini soruşanda, gülümsəyərək qələmini göstərirmiş.
Eynşteyn musiqini, xüsusən XVIII əsr bəstəkarlarının musiqisini hədsiz dərəcədə sevirmiş. O, müxtəlif illərdə Bax, Motsart, Şuman, Haydn və Şubert kimi bəstəkarlara üstünlük verirmiş, amma ömrünün son illərində ən çox Bramsı dinləyirmiş. Skripkada gözəl çalan Eynşteyn ondan heç vaxt ayrılmazmış.
Çox böyük elmi nüfuzuna baxmayaraq, təkəbbür hissindən uzaq olan Eynşteyn Səhvə yol verə biləcəyini mümkün sayırmış və belə olduqda yanıldığını etiraf edirmiş. "Zwang” sözü (zoraklılıq, məcburiyyət) onun alman dilində ən çox nifrət etdiyi söz olub.
Albert Eynşteyn 76 yaşında vəfat edib. Böyük alimin çox sadə dəfn mərasimində onun ən yaxın 12 qohumu və dostu iştirak edib.

1938 —Görkəmli Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri yazıçı Anar Rza oğlu Rzayev Bakıda anadan olmuşdur.
Tarixdə bu gün - 14 martAnar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakı-da vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.
1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökümətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir.
Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.
1991-ci ildə Azərbaycan Republikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət haqqında, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.
Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib

1936 —Ssenari müəllifi, Kino redaktoru, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru olmuş
Tarixdə bu gün - 14 martNahid Rəhim oğlu Hacıyev Gədəbəyin Düzrəsullu kəndində anadan olub.
Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs alıb. Bu şəxsiyyətlər elə bir ziyalı ordusu idi ki, onlarla sadəcə təmas qurmağın özü də böyük bir məktəbə bərabər olurdu. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hazırda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru olmuşdur.
Yazıçı ömrünü ləyaqətlə yaşamağı bacaran Nahid Hacızadə həm də görkəmli dramaturqdur. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub. Xalq şairi Bəxtiyar Vahabzadə o zaman (1995) bu əsərə tamaşa etdikdən sonra bir məqaləsində yazırdı: "Qisas qiyamətə qalmaz" tamaşası bugünün səsi kimi milli teatrımızdakı böyük boşluğu doldurur. Bu tamaşa əli qələm tutan bütün dramaturqlarımızı silkələməli, milli teatrımızın böyük ənənəsini yeni əsərlərlə özünə qaytarmalıdır". Unudulmaz xalq şairini məftun edən Nahid Hacızadənin əsərindəki kökə bağlılıq, vətənə məhəbbət və bu duyğuların səhnədə uğurlu həlli idi.
Nahid Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib. Müəllifin "Son qəmin olsun, Vətən!", "Qayalarda qalan səs" və "Yaşa, ey haqq" filmləri Qızıl Fonda daxil edilib. Maraqlıdır ki, Nahid Hacızadə lap gənclik çağlarından poeziyaya maraq göstərib. Onun şeirlərinə çoxlu sayda mahnılar bəstələnib. Tanınmış bəstəkarlardan Hacı Xanməmmədov, Adil Bəbirov, Cavanşir Quliyev, Tahir Əkbər, Səyavuş Kərimi onun sözlərinə musiqi libası biçiblər. Bəstəkar Eldar Mansurov Nahid Hacızadənin sözlərinə bəstələdiyi "Qalx, qalx, ulu torpaq!" mahnısı xalq artisti Mübariz Tağıyevin ifasında neçə illərdir ki, əzəmətlə səslənməkdədir. Bu mahnı Qarabağ müharibəsinin, müqəddəs torpaqlarımızın hünər və rəşadət himni kimi sevilir.
Təbiətindəki səmimiyyət qələminin vasitəsilə sözünə keçən və bunun da nəticəsində dəyərli əsərlər yaradan Nahid Hacızadə söyləyir: "Tanrıma, taleyimə minnətdaram ki, ömrün bu çağına məni yetirdi". Yəqin ki, bu şükranlığın içində müstəqil Azərbaycanın buxovlardan azad olunduğu günün şərafəti də var. Mənəvi zənginliyi, qələminə sədaqəti və məsuliyyəti ilə fərqlənən Nahid Hacızadə Azərbaycanın əməkdar mədəniyyət işçisidir. Onun keçdiyi mənalı həyat yolu çoxumuza örnəkdir. Sözünün kölgəsi olan yazıçıdır. Bu nəcabət də hər kəsə nəsib deyil. Adətən, yazıçının yaradıcılığını təhlil edərkən əsərlərin say və həcmi önəmli deyil. Dəyərləndirmə mövzuya, dilə və üsluba görə aparılır. Çox fərəhli bir haldır ki, Nahid Hacızadə bütün yaradıcılığı boyu doğma dilimizin keşiyində əsl əsgər kimi dayanıb. Bu səbəbdən də yazdıqları maraqla qarşılanıb.
Uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Redaktorluqdan şirkətin sədr müavini vəzifəsinə qədər şərəfli bir yol keçib. Neçə-neçə verilişlər, proqramlar, tamaşalar məhz onun imzası ilə ekran, efir həyatı alıb. Haqqında fikir söyləyənlər çox haqlı olaraq Nahid Hacızadəni Azərbaycan televiziyasında epoxa adlandırıblar. Bu da təsadüfi deyildir. Ustad sənətkarın ömrünün az qala, 40 ilə yaxını radio və televiziya ilə bağlı olub. Nahid Hacızadə bu sahədə bir məktəbdir. Ondan öyrənməyə dəyər.
Əlbəttə, görkəmli yazıçımızın fəaliyyəti təkcə radio və televiziya ilə məhdudlaşmır. Hər şeydən öncə, Nahid Hacızadə nasirdir. O, ədəbiyyata 1969-cu ildə "Ulduz" jurnalında çap edilən "Lirik miniatürlər"lə gəlib. İlk kitabı da 1972-ci ildə "Gənclik" nəşriyyatında çap edilib. "Bir ana tanıyırdım" adlanan bu əsəri ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılandı və qədəmləri yüngül oldu. Beləliklə, yazıçının dalbadal kitabları çap edilməyə başladı. Bu elə bir zaman idi ki, Nahid Hacızadənin işıq üzü görən kitabları 20, 30, 40, 45 min tirajla çap edilirdi. Bəzən kitab mağazalarında onu əldə etmək müşkülə dönürdü. Yazıçının müxtəlif illərdə yazdığı hekayə və povestləri təkcə Azərbaycanda deyil, o vaxt Sovet İttifaqının mərkəzi mətbuat orqanı sayılan "Moskovskiy komsomolets" qəzetində, "Nedelya" həftəliyində, "Oqonyok" jurnalında dərc olunurdu. Nahid Hacızadəni milyonlarla insan oxuyurdu. Ötən əsrin 70-80-ci illərində yazıçının kitabları Moskvadakı "Sovetski pisatel" nəşriyyatında rus dilində nəşr olunurdu. Azərbaycanlı müəllifin əsərləri vətənin sərhədlərini aşaraq dünya xalqlarının dillərinə tərcümə edilirdi.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev yazıçı haqqında qələmə aldığı məqalələrinin birində maraqlı məqama toxunub: "Deyirlər, insan öz zamanının övladı olur. Burada bir həqiqət vardır. İnsan bəzən zamanın burulğanlarında, gündəlik qayğıların məngənəsində mütiləşir, sınır, zamanın hökmünə boyun əyərək dövrünün övladına çevrilir... Nahid müəllim "zamanın övladı" olmaqdan üstün çıxdı". Bəlkə elə bu məziyyətinə görə də Nahid Hacızadə Azərbaycan ədəbiyyatının solmayan səhifələrini yazanlardan biridir. "Ölən əsərlər" müəllifi olmamaq, həqiqətən, qələm sahibi üçün bir şərafətdir.
Nahid Hacızadə uzun sürən xəstəlikdən sonra 2018-ci il yanvarın 18-də vəfat etmişdir.
 
Vəfat etmişdir:

838 — Xürrəmi hərəkatının başçısı Babək Samirə şəhərində edam edilib.
Tarixdə bu gün - 14 mart1 iyul 798-ci ildə Bilalabadda dünyaya gəlib. Əsil adı Həsən olub. Atasının ölümündən sonra karvanlara qoşularaq Azərbaycanın hər tərəfini gəzib. Xürrəmi təlimi ilə tanışlığı Təbrizdə başlayıb...
Bilalabad yaxınlığındakı dağlarda yerləşən Bəzz qalasında Cavidan adlı varlı vilayət hakimi – xürrəmi yaşayırdı. O, bir dəfə qışda qalaya qayıdarkən qar fırtınasına düşür. Məcbur olub Bilalabada dönür. Həsənlə də bu zaman tanış olur. 16-17 yaşlı cavanın ağlına, fərasətinə heyran qalır və onu özü ilə Bəzz qalasına aparır. Həsən az vaxtda hamının hörmətini qazanır və məşhurlaşır. Cavidan döyüşlərin birində öldürüldükdən sonra onun vəsiyyətinə əsasən xürrəmilərə başçılıq edən Həsən özünə Babək adı götürür. Bu olmuşdu 816-cı ildə.
Yəqin bilirsiniz, tarixdə xürrəmilər üsyanı deyilən hadisələr yaşanıb. Bu üsyan Babək tərəfindən qaldırılmışdı. O, həmfikirləri və silahdaşları qarşısında ərəbləri qovmaq və ədaləti bərpa etmək vəzifəsi qoymuşdu. Belə də oldu. Babəkin başçılığı ilə ərəblər öldürülür və ya ölkədən qovulurdu. Az sonra bütün Azərbaycan xürrəmilərin əlinə keçdi. Üsyan şimaldan cənuba adladı. Bu da olmuşdu 819-cu ildə. Bəs sonra nələr baş verir?
Ərəb xəlifəsi Babəkin üstünə bir-birinin ardınca say-seçmə qoşun göndərir. Hər dəfə də məğlub olur. Bu minvalla Babək xilafətə qarşı təxminən 17 il vuruşur. Döyüşlərdə 225 mindən çox ərəb əsgəri və sərkərdəsi öldürülür. Yeni xəlifə Möhtəsim Babəkin üzərinə sərkərdə Afşinin başçılığı ilə daha böyük qoşun göndərir. 836-c ldə Azərbaycana daxil olan Afşin Bəzz qalasını mühasirəyə alır. Qüvvələrin qeyri-bərəbər olduğu bu döyüşdə məğlubiyyətə uğrayan Babək qalanı tərk edir və özünü Bizansa yetirmək istəyir. Afşin onun ardınca hər yana dəstələr yollayır. Təqiblər başlayır.
Təəssüf ki, Babək bu təqiblərdən qaçıb qurtara bilmir. Köhnə tanışlarından olan Səhl ibn Sumbat adlı bir vilayət hakimi Babəki aldadaraq əsir alır və Afşinə təhvil verir. Xəyanət qurbanı olan Babək 838-ci ildə edam olunur...
O vaxtdan görün nə qədər vaxt keçir? Min ildən də çox zaman ötməsinə baxmayaraq Babək və onun başçılıq etdiyi xürrəmılər üsyanı yaddan çıxmır. Bu hadisələr Azərbaycan tarixinin parlaq səhifələrindən biri kimi xalqın hafizəsində yaşayır.

1883 — Aman filosofu, siyasətçisi, marksizm nəzəriyyəsinin banisi. "Kommunist Manifesti" və "Kapital" əsərlərinin müəllifi Karl Henrix Marks Londonda vəfat Tarixdə bu gün - 14 martetmişdir.
Karl Marks 5 may 1818-ci ildə Almaniyanın Triyer şəhərində anadan olub.
O, sosiologiya elminin yaranmasında və inkişafında göstərdiyi böyük xidmətlərinə görə digər alman Maks Veber və fransız Emil Durkhaym ilə birgə sosial elmlərin təməlini qoyan 3 şəxsdən biri sayılır. Marks kapitalist iqtisadi sistemi, burjuaziya və proletariat münasibətləri, dünyanın iqtisadi tarixi və dövlətin kapitalismdəki rolu barədə apardığı geniş, dərin və tənqidi araşdırmalar sayəsində özünə olduqca böyük nüfuz qazanmışdır. Marksdan təsirlənən və onun idealarını inkişaf etdirən saysız-hesabsız sosioloqlar, kriminoloqlar və iqtisadçılar var, hansılar ki, marksist kriminologiyası, siyasi iqtisadiyyatda marksist perspektivi, ailə, din və digər mühum mövzularda Marksist perspektivlərini yaradıblar.
1847-ci ildə Alman emiqrantlarının təşkil etdiyi - "Kommunistlər İttifaqı" adlı cəmiyyətə qoşulur. Bu cəmiyyətin istəyi əsasında 21 fevral 1848-ci ildə məşhur "Kommunist Partiyasının Manifesti"ni tərtib etdilər.
Karl Marks tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında birinci sıraya daxil edilib.
 
Tarixdə bu gün - 14 mart1919 – Görkəmli Azərbaycan şairi, publicist Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov (Əliqulu Qəmküsar) 39 yaşında Tiflisdə qətlə yetirilmişdir.
Yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Ziyalı maarifçi nəsil olan Nəcəfovların nümayəndəsidir.
Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır.
Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir. Hələ məktəbdə ikən şeir yazmağa başlamış, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olmuş, il yarım orada oxumuşdur. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir. Təbriz mühiti şairin xoşuna gəlmir, təəssüratını belə ifadə edir:

Qurtarmadımı ağlamağın mövsimi, yarəb?
Hər gündə münacat olunur məscidimizdə.
Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər,
Bu mərsiyəxanlar nə görüblər biləmizdə.

1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və orada gördükləri Qəmküsarda mövhumata olan nifrəti daha da artırır.
1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayır. "Molla Nəsrəddin" və başqa Bakı qəzet və jurnallarına şeir və məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir. 1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə Cəlil ilə birlikdə "Molla Nəsrəddin" jurnalında yaxından iştirak etməyə başlayır. 1916-cı ilin may ayında juraal müvəqqəti olaraq dayandırılır. Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. "Ölülər" komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar. Qəmküsarın "Ölülər"də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur. 1917-ci ilin axırında Tifiisdə çıxan "Al bayraq", sonra "Gələcək" qəzetlərində şeir və felyetonlar çap etdirir.
Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən öldürülmüş və Tbilisinin botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn edilmişdir.
Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir.

1992 – Məşhur uşaq şairi, ictimai xadim Əliyev Teymur Süleyman oğlu 67 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 14 martTeymur Əliyev 1924-cü il martın 28-də Şuşa şəhərində anadan olmuşdur. 1941-1948-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır .

 

Eyni zamanda "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi (1941), Azərbaycan Radio Komitəsində ictimai-siyasi verilişlər baş redaksiyasında ştatdankənar müxbir (1941-1942), diktor, redaktor, məsul redaktor (1942-1943) kimi fəaliyyət göstərmişdir.

 Onun ilk mətbu əsəri Bakı Mərkəzi Pionerlər Evinin 1938-ci ildə nəşr etdiyi "Şeirlər məcmuəsi"ndə dərc olunan "Azərbaycan" şeiridir. Bundan sonra məktəb illərində onun dövri mətbuatda ("Kommunist", "Yeni yol" və "Azərbaycan pioneri" qəzetlərində) dərc edilən yazılan "Teymur Əlizadə" imzası ilə çıxmışdır. Onun bir sıra siyasi, lirik, əmək və uşaq şeirlərinə mahnılar bəstələnmişdir. "Qar qız" mənzum pyesi M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur (1983). Əsərləri keçmiş SSRİ, həmçinin xarici ölkə xalqlarının dillərində çap olunmuşdur. Bədii tərcüməyə də xüsusi diqqət yetirir. Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı ordeni" (1971), "Şərəf nişanı" ordeni (1979), yeddi medal və üç dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, həmçinin ÜİLKGİ MK və Azərbaycan LKGİ MK Fəxri fərmanları ilə təltif edilmişdir.

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz