» » Tarixdə bu gün - 2 mart

Tarixdə bu gün - 2 mart

2 mart
İlin 61-ci (uzun illərdə 62-ci) günü.

İlin sonuna 304 gün qalır.

Mühüm hadisələr:

1992 — Azərbaycan BMT-yə üzv qəbul olunmuşdur.
1995 - Azərbaycan Respublikası Burundi ilə diplomatik əlaqələr qurmuşdur.
1995 – Yahoo! Şirkəti qurulub.

Doğum günləri:

Tarixdə bu gün - 2 mart1881 —Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Mustafa ağa qızı Vəkilova Qazax qəzasının Salahlı qəryəsində anadan olmuşdur. Onun qardaşları Məmməd ağa və İsmayıl ağa Qori Müəllimlər Seminariyasında şuşalı Firidun bəylə birgə oxuyurdular. 1897-ci ildə tələbə dostları ilə birgə Salahlıya gələn Firidun bəy Badisəba xanımla ailə qurmuşdur.
Firidun bəy Qoridə müəllim işləyəndə Badisəba xanımın təhsili ilə fərdi məşğul olmuş və onun maarifçi-qadım kimi yetişməsində böyük zəhmət çəkmişdir. Badisəba xanım öz xərcilə 1918-ci ildə Qazaxda "Yetim və qaçqın uşaqlar evi” açmışdır. 1920-ci ilin iyun ayında bolşevik-daşnaklar tərəfindən Gəncədə güllələnən Firidun bəydən sonra Badisəba xanım onun maarifçilik fəaliyyətinin davamçısı olmuşdur. Bakı Pedaqoji Texnikumunda müəllim işləyən Badisəba xanım həm də pedaqoji institutda ali təhsil almışdır.
1925-ci il mayın 1-də Maarif Komissarlığının əmrilə Badisəba xanım Köçərli Zaqatalaya göndərilmiş və orada ilk dəfə Pedaqoji Texnikum təşkil etmişdir. 1929-cu ildə isə Quba Pedaqoji Texnikumunun yaradıcısı olan bu fədakar qadın 1930-cu ildə Şəkidə 2 saylı uşaq evinin də yaradıcısı və direktoru olmuşdur. Yüzlərlə kimsəsiz uşağın böyüməsində və təhsil almasında Badisəba xanım Köçərlinin əvəzsiz xidməti var. Yorulmaz maarif xadiminin böyüməkdə olan balalarımıza təmannasız qayğısı əməkdar müəllim adı ilə, "Şərəf nişanı” ordeni və "Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunmuşdur.
Badisəba xanımın səmərəli xidməti mərhum yazıçı Hacıağa Cümşüdlünün "Badisəba” povestində və akademik Bəkir Nəbiyevin "Firidun bəy Köçərli” monoqrafiyasında öz əksini tapmışdır.
1954-cü ildə 73 yaşında Bakıda vəfat etmişdir.

Tarixdə bu gün - 2 mart1960 — Azərbaycanın Milli Qəhrəmanı Məzahir İzzət oğlu Rüstəmov Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. 1977-ci ildə Nizami rayonundakı 32 saylı 
məktəbi bitirmişdir. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1986-cı ildən Azərbaycan Memarlııq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəsifəsində işləməyə başlayır. 1990-cı ildə Dövlət Mətbuat Nazirliyində "Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır. Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetitilməsi Məzahiri narahat edirdi. Daima Vətən, torpaq, qeyrət, namus hissləri ilə yaşayan cəsur Məzahir 1992-ci il 23 mart könüllü olaraq Milli Orduya yazılır. Məzahir Şınıx cəbhəsinə gəlir və komandir müavini vəzifəsinə təyin edilir.
Mutudərə olduqca mühüm strateji yer olduğundan ermənilər buranı işğal etmək istəyirdilər. Buna görə də Məzahir bütün bilik və bacarığından istifadə edərək yalnız döyüşçü kimi deyil, həm kəşfiyyatçı, həm də hərb müəllimi kimi fəaliyyət göstərmişdir. Məzahirin kəşfiyyatçılığı nəticəsində düşmənin bir çox döyüş nöqtələri məhv edilmişdir.Məzahir cəsur komandir olaraq müdafiəni layiqincə yerinə yetirirdi. 1992-ci il 6 avqust ermənilər Mutudərəyə güclü hücum etdilər... Məzahirin komandirliyi ilə döyüşçülər kəndin müdafiəsinə qalxdılar. Son nəfəsinəcən vuruşan komandir bu döyüşdə həlak oldu... Erməni quldurlarını xeyli yaxınlığına buraxan Məzahir əl qumbarasını işə saldı, özü ilə bərabər xeyli qulduru məhv edən Məzahirin bu əfsanəvi qəhrəmanlığı elləri gəzdi. Məzahirin belə ölümü qığılcımı alov etdi...Polkovnik Cahangir Rüstəmovun başçılığı ilə döyüşçülərimiz hücuma keçərək Mutudərəni və Başkəndi erməni işğalçılarından təmizlədilər. Təəssüf ki, amansız ölüm Məzahirə qələbə sevincini dadmağa imkan vermədi.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.
Gədəbəy rayonunda tuncdan heykəli ucaldılıb.
Qəhrəmanın haqqında "Anama deyin ki", "Əfsanəyə dönmüş ömür", "Ərdağına gedən yol" kitabları və bir çox yerli qəzetlər və jurnallarda, eyni zamanda Türkiyənin "Hüriyyət" və "Zaman" qəzetlərində geniş məqalələr çap edilmişdir.
2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman - İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir.

Vəfat etmişdir:

Tarixdə bu gün - 2 mart1940 — Pedaqoq, hidro meliorator mühəndis Həsən İsmayılov (Tağı oğlu) 24 yaşında Sovet - Fin müharibəsində qəhrəmancasına həlak olmuşdur.
Həsən İsmayılov (Tağı oğlu) 1915-ci ildə (bəzi sənədlərdə təvəllüd tarixi 1913 göstərilir) Naxçıvan MR, Şərur rayonunun Çomaxtur kəndində erməni daşnaqlarına qarşı mübariz, partizan dəstəsinin komandiri Tağı Məşədi Mahmud oğlu İsmayılovun ailəsində anadan olmuşdur.
1931-ci ildə Yengicə kənd orta məktəbini yüksək qiymətlərlə bitirən Həsən İsmayılov, 1934-1939-cu illərdə Ağamalıoğlu adına Bakı Kənd Təsərrüfatı Texnikumunda meliorator-hidrotexnik ixtisası üzrə təhsil almışdır.
O, geniş erudisiyası və istedadı sayəsində musiqi alətlərində, xüsusilə də tarda mahir ifa etməyi öyrənmiş, musiqi təhsili də almışdır.
Təhsilini uğurla başa vuran Həsən İsmayılov Naxçıvan Su Təsərrüfatında çalışmış, eyni zamanda Ordubad Pedaqoji Məktəbini bitirmişdir.
Daha sonra o, Şərurun Aralıq, Şəhriyar və bir neçə digər kəndlərində müəllim işləmiş, insanların maariflənməsi üçün var gücü ilə çalışmışdır.
Həmin dövrdə savadlı kadrlara olan ehtiyacın ödənilməsi mümkün deyildi. Odur ki, Həsən İsmayılov kimi ziyalılar eyni zamanda bir neçə yerdə işləməyə məcbur olurdular. Bu səbəbdən də o, bir müddət məhkəmə orqanlarında da çalışmış, qüsursuz xidmət göstərmişdir.
Həsən İsmayılov Naxçıvan Firqə Şura Məktəbini bitirmişdi. O, həmçinin, xüsusi nişançılar hazırlayan atıcılıq kursunda fəal iştirakına və kursu uğurla başa vurduğuna görə, birinci dərəcəli "Voroşilov” nişanı ilə təltif olunmuşdur.
Həsən İsmayılov 25 mart 1939-cu il tarixində taleyin amansız gərdişi onu doğma el-obasından ayırır o, SSRİ ilə Finlandiya arasındakı müharibəyə cəlb olunur.
Həsən İsmayılov qısa olsa da, zəngin həyat yolu keçib, uzun insan ömrünə sığmayacaq qədər işlər körməyə nail olub. Onun həyatının mülki həyatda keçən hissəsinə dair xatirələr, dildən-dilə keçən məlumatlar kifayət qədərdir. Hərbi xidmət və müharibə dövrünə aid həyat yolunu isə yalnız arxiv sənədlərinə müraciət etməklə öyrənmək mümkündür. Keçmiş SSRİ-nin arxivlərindəki məlumatlara əsasən, Həsən İsmayılov SSRİ-Finlandiya müharibəsində xüsusi qəhrəmanlıq və şücaət göstərmiş, şəxsi fədakarlığı ilə digərlərindən fərqlənmişdir.
Lakin amansız əcəl Həsən İsmayılovun ömür yolunun yarımçıq qalmasına səbəb olmuş, özü, doğmaları, xalqı və canından artıq sevdiyi Azərbaycanın inkişafı üçün sonsuz arzularla döyünən ürəyi əbədi olaraq susmuşdur.

Tarixdə bu gün - 2 mart2005 — Tənqidçi, ədəbiyyatşünas, Əməkdar ali məktəb işçisi, filologiya elmləri doktoru, professor Əkbər Məmməd oğlu Ağayev 74 yaşında Bakıda vəfat etmişdir.
Əkbər Ağayev 1915-ci ildə Şuşada anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsini bitirmişdir. Moskvada Ali Diplomatiya Məktəbində təhsilini başa vurduqdan sonra, müxtəlif mətbuat orqanlarında çalışmaqla yanaşı, ali məktəblərdə mühazirələr də oxumuşdur.
Ədəbi fəaliyyətə hələ 1935-ci ildə başlamış Əkbər Ağayevin "Nizami və dünya ədəbiyyatı", "Şeirimizin yeni nəsli", "Lirikanın qüdrəti", "Dramaturgiyanın bəzi məsələləri", "Ədəbiyyat tarixi haqqında qeydlər" və s. kimi ədəbiyyatşünaslıq və ədəbi tənqidə həsr olunmuş xeyli məqaləsi məlumdur ki, onların arasında rus və dünya ədəbiyyatına həsr olunmuş "Anri Barbüs", "Höte Nizami haqqında", "Fransız xalqının böyük oğlu", "Humanist sənətkar", "Xalq nəğməkarı", "Səhər şəfəqləri" kimi əsərlər də vardır. "M.Y.Lermantov" (1941), "A.İ.Gertsen" (1962), "Sənətkarlıq məsələləri" ( 1962), "Nizami və dünya ədəbiyyatı" (1964), "Sənətkara töhfə" ( 1978), "Sənətin tərənnümü" və s. kitabları işıq üzü görmüşdür.
Tərcümə sənəti ilə də yaxından məşğul olan müəllif dünya ədəbiyyatının görkəmli nümayəndələinin əsərlərini dilimizə tərcümə etmişdir. A.S.Puşkin, M.Y.Lermontov, A.A.Çexov, L.N.Tolstoy və b. rus ədiblərindən tərcümələri vardır. Xarici ölkə yazıçılarından D.Defonun "Robinzon Kruzo", F.Lankerin "Uşaqlar və xəncər", O.Sekoranın " Qarışqalar təslim olmur", N.Kalmanın "Qara Salli", Jül Verinin "Arxipelaq alovlanır", Ç.Dikkensin "Oliver Tvistin macəraları", A.Qaydarın "Seçilmiş hekayələri", N.K.Karamzinin "Zavallı Liza", V.Korolenkonun "Qəribə qız", Bualonun "Poeziya sənəti", V.Belinskinin "Seçilmiş məqalələri" və s. kitab halında nəşr olunmuşdur.

Tarixdə bu gün - 2 mart2005 — Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü olmuş Zakir Cabbar bəy oğlu Məmmədov 66 uaşında Bakıda vəfat etmişdir.
Zakir Məmmədov 16 avqust 1936-cı ildə Ağdamda anadan olmuşdur.
Anası Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyova, atası Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyovdur. Cabbar bəy Vəlibəyov Baharlı tayfasına mənsub, dövrünün görkəmli ziyalılarından idi. Baharlı kəndində böyük torpaq sahibi olan Cabbar bəy öz evində məktəb açaraq müəllimlik fəaliyyəti ilə məşğul olmuş, yeni tipli məktəbin əsasını qoymuşdur.
Cabbar bəy repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. Həbs edilərkən Cabbar bəyin evindəki bütün sənədlər və kitablar götürülmüşdür. Buna görə də Zakir Məmmədovun doğum haqqındakı şəhadətnaməsi itmişdir. Sonralar ona kənd soveti tərəfindən 1939-cu ildə doğulması haqqında şəhadətnamə verilmişdir.
Zakir Məmmədov siyasi təqib şəraitində böyümüş, bunun üçün dayısı Məmməd Məmmədovun məsləhəti ilə anasının soyadına keçirilmişdir. Məlumdur ki, sovet hakimiyyəti qurulduqdan sonra bəy nəslinə mənsub olanların əksəriyyətinin soyadındakı bəy sözünü ixtisar edərək onlara pasport verilirdi. Buna görə də alimin soyadı Məmmədbəyov deyil, Məmmədov olmuşdur.
Zakir Məmmədov orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olmuş, şeirlər yazmış, rəsmlər çəkmişdir. Onun şeirləri rayon qəzetində dərc edilmiş, çəkdiyi rəsmlər məktəb sərgisində, sulu boya ilə çəkdiyi "Gənc miçurinçilər" tablosu isə 1955-ci ildə Respublika sərgisində nümayiş etdirilmişdir. "Yoldaşlıq köməyi" adlı bir mənzum pyesi 1955-ci ildə Ağdam pionerlər evinin özfəaliyyət kollektivi,1956-cı ildə isə Bərdə pionerlər evinin özfəaliyyət kollektivi tərəfindən tamaşaya qoyulmuşdur.
Orta məktəbdə oxuduğu illərdə Zakir Məmmədovun bədii yaradıcılığı haqqında Ağdamda çap edilən "Lenin yolu" (indiki "Ağdam") qəzetində məqalələr dərc edilmişdir.
Zakir Məmmədov 1957-ci ildə Ağdam 1 saylı orta məktəbi medalla bitirmiş, elə həmin ildə də Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin yeni açılan ərəb şöbəsinə daxil olmuşdur.
Zakir Məmmədov universitetdə birinci kursda təhsil alarkən, 29 noyabr1957-ci ildə atası Cabbar bəy Azərbaycan SSR Ali Məhkəməsinin qərarı ilə bəraət almışdır.
Zakir Məmmədov universitetdə təhsil aldığı illərdə əla təhsilə və ictimai işə görə Az.LKGİ-nin fəxri fərmanı ilə təltif edilmişdir. Çox tirajlı Universitet qəzetində şeirlər, ərəbcədən tərcümələr dərc etdirmişdir. O, elmi fəaliyyətlə məşğul olduğu dövrdə də, şeirlər yazmışdır.
Zakir Məmmədov Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuş Ələsgər Məmmədovdan ərəb dilini mükəmməl öyrənərək 1962-ci ildə universiteti bitirmişdir. Elə həmin il AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir.
1962-1963 illərdə Misirdə Asuan SES-in inşasında ilk azərbaycanlı ərəbşünas tərcüməçi kimi çalışmışdır. 1964-cü ilin 1 yanvarından AMEA-nın Fəlsəfə sektorunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) işə başlamışdır.
"Siracəddin Urməvinin məntiqi görüşləri" adlı namizədlik dissertasiyasını 1967-ci ildə tamamlasa da, 1969-cu ildə müdafiə etmişdir. "Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir" adlı doktorluq dissertasiyasını 1974-cü ildə tamamlamış, monoqrafiya kimi 1978-cü ildə çap etdirmiş, doktorluq dissertasiyası kimi 1990-cı ildə müdafiə etmişdir.Zakir Məmmədov 1969-cu ildən 1970-ci ilə qədər Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor vəzifəsində (yarımştat) işləmiş, milli fəlsəfəmizə dair materialların Azərbaycan Sovet Ensiklopediyasında geniş yer tutmasına çalışmışdır. Azərbaycanın peşəkar filosofları məhz onun tədqiqatı sayəsində bu on cildlik əsərə düşmüşdür (42 məqalə).
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 30-dan çox elmi kitabın (çap edilmiş və edilməmiş), 250 elmi məqalənin, o cümlədən xaricdə çıxmış 6 elmi məqalənin müəllifidir. Uzun müddət fəlsəfə, Azərbaycan fəlsəfəsi tarixi, Şərq fəlsəfəsi tarixi fənlərini dövlət ali məktəblərində, əsasən də Bakı Dövlət Universitetində tədris etmişdir.
AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda (indikiFəlsəfə və Hüquq İnstitutu) 1997-ci ildən həyatının sonuna qədər təsis etdiyi Şərq fəlsəfəsi tarixi və dinşünaslıq şöbəsinin müdiri işləmişdir.


Tarixdə bu gün - 2 mart2018 — Sevimli bəstəkarımız , Əməkdar incəsənət xadimi Tahir Əkbər (tam adı: Tahir İsmayıl oğlu Əkbərov) 72 yaşında vəfat etmişdir.
Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib.
Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Dəşkənd Dövlət Konservatoriy nəzdində musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildə keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. "Simfonik rənglər", ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri Azərbaycan peşəkar musiqisində yeni janrlar hesab olunur.
Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən "Dərdin alım", "Heç küsməyin yeridirmi?", "Azərbaycan", "Əzizim", "Heyfim gəldi", "Qalardım", "Bir qız bir oğlanındır", "Xəzəllərin rəqsi" və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Onun mahnıları nəinki Azərbaycan, hətta qardaş Türkiyə müğənnilərinin də ifalarında sevə-sevə səslənib. Buna misal olaraq Nəşə Karaböcəyi göstərə bilərik. Türkiyədə məşhur olan bu müğənni bəstəkarın "Heç küsməyin yeridirmi?" mahnısını hər zaman repertuarına salıb. Tahir müəllimin "Amin" mahnısı müğənni Brilyant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə salınıb və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılıb. Şanxayda keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində Tahir Əkbərin "El oğlu, hay ver..." əsəri 26 ölkədən finala çıxan qaliblərdən biri olub. Bu mahnı dünya azərbaycanlılarına ünvanlanan və onları həmrəyliyə çağıran əzəmətli bir əsərdir. Bunun davamı kimi Dünya Azərbaycanlılarının 2-ci qurultayı ərəfəsində Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Həmrəylik" himni xor və simfonik orkestrin ifasında səslənib. 2006-cı il noyabr ayının 9-da filarmoniyada Bəstəkarlar Birliyinin təqdimatı və Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı ilə Tahir Əkbərin 60 illik yubileyi təntənəli surətdə keçirildi.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz