» » Tarixdə bu gün - 23 fevral

Tarixdə bu gün - 23 fevral

23 fevral — İlin 54-cü günü.

Doğum günləri:

Tarixdə bu gün - 23  fevral1909 – Görkəmli ədəbiyyatşünas alim, akademik, Əməkdar elm xadimi Həmid Hacı Məmmədtağı oğlu Araslı Gəncədə dünyaya göz açmışdır. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olmuşdur.
H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır. Çox keçmir ki, o, anasını da itirir və qohumlarının himayəsində yaşamalı olur. 1922-ci ildə Gəncə Darülmüəllimi Seminariyasında təhsilini davam etdirir. 1926-cı ildə seminariyanı bitirib Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində işləyir. O, bu illərdə folklor nümunələrini toplamaqla məşğul olur, tələbələrini də bu işə cəlb edir. 1929-cu ildə Bakıya gəlib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu vaxtından əvvəl bitirib 1931-ci ildə Gəncəyə qayıdaraq maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. 1932-ci ildə Bakıya gəlib aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsində müdir işləyir. Həmin illərdə Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm bir işə başlayır və tezliklə yaratdığı fondun direktoru olur. 1935-ci ildən elmi yaradıcılığa başlayır. Bir il sonra (1936) Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir. 1938-ci ildə fondda saxlanılan əlyazmalar içərisində sovet ideologiyasına uyğun olmayan nümunələr aşkar edib onu işdən azad edirlər. 1938-1939-cu illərdə Azərnəşrin Bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsinə qəbul olunur. 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən dərs deməyə başlayır. 1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili İnstitutunda orta əsrlər ədəbiyyatı, 1957-ci ildə isə mətnşünaslıq şöbələrinə rəhbərlik edir. 1943-cü ildə "XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını alır. 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunur. 1954-cü ildə "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bir il sonra ona professor adı verilir.
H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın əməkdar elm xadimi adına layiq görülüb.

Tarixdə bu gün - 23  fevral1909 – Məşhur alim, tibb elmləri doktoru, professor Fuad Əlaəddin oğlu Əfəndiyev Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Orta təhsilini Bakıda almışdır. 1927-1932-ci illərdə indiki Azərbaycan Dövlət Tibb Universitetində təhsil almışdır. 1934-cü ildə dissertasiya müdafiə edib tibb elmləri namizədi, 1943-cü ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Fuad Əfəndiyev pedaqoji sahə ilə yanaşı elmi işlə də məşğul olmuşdur. 1944-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetində 2-ci fakültə cərrahlığı kafedrasının müdiri işləmişdir. O, hematologiya və qanköçürmə sahəsində də tədqiqat işləri aparmış, 1957-ci ildə onun təşəbbüsü ilə 4 saylı klinikada köks cərrahlığı şö’bəsi yaradılmışdır. 1961-ci ildə Azərbaycan Ekspertimental və Klinik Tibb İnstitutunun təşkilatçısı və ilk direktoru olmuşdur.
Fuad Əfəndiyev 1942-ci ildən Azərbaycan SSR əməkdar həkimi, 1943-cü ildən professor olmuş, 1956-cı ildə Azərbaycan SSR əməkdar elm xadimi adına layiq görülmüş, 1959-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir. Fuad Əfəndiyevin tədqiqatı əsasən, köks cərrahlığı, hematologiya, qankörçümə, qanın laxtalanması və s. həsr edilmişdir, Plevra boşluğunda qanın infeksiyalaşmasını asanlıqla tə’yin etməyə imkan verən orijinal üsül təklif etmiş ("Əfendiyev sınağı"), ağciyər operasiyalarını asanlaşdırmaq üçün xüsusi alət və aparatlar yaratmış, hemotoks və hesartrozların ekspress üsulla müalicəsinin mümkün olduğunu göstərmişdir. N.N. Burdenko adına mükafata layiq görülmüş, Azərbaycan SSR Ali Sovetinin (3-6-cı çağırış) deputatı olmuşdur. "Qırmızı Əmək Bayrağı" ordeni, "Qırmızı Ulduz" ordeni və medallarla təltif edilmişdir. 4 saylı Bakı şəhər xəstəxanası Fuad Əfəndiyevin adını daşıyır. Fuad Əfəndiyevin elmi və pedaqoji fəaliyyəti 100-ə yaxın elmi məqalədə, 3 monoqrafiyada öz əksini tapmışdır.
Fuad Əfəndiyev 1963-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Tarixdə bu gün - 23  fevral1911 — Məşhur Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın Xalq artisti Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli
Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəlbəy Bədəlbəylinin və Rəhimə xanım Qacarın ailəsində dünyaya gəlmişdir.
Bakıda orta məktəbdə ibtidai təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Ş.Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olmuşdur. Bu illərdə o, böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edir, aktyorluq istedadını sınayır.
1927-1932-ci illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhsil alır: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olur.
Həmin illərdə Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalır. Bəzən C.Cabbarlının "Od gəlini" və "Sevil" tamaşalarında səhnə arxasından aktyorları tarda müşayiət edirdi.
Eyni zamanda, dramaturq və rejissor Cəfər Cabbarlı ilə dostlaşaraq, ona səhnə ilə bağlı fəaliyyətində köməklik göstərir. Bu da onun rejissorluq sənətinə marağını artırır və o, C.Cabbarlının əsərlərinin tamaşalarında rejissor assistenti kimi çalışmağa başlayır.
1930-1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında "İncəsənət və ədəbiyyat" şöbəsinin müdiri vəzifəsində çalışır, həmin qəzetin səhifələrində bir sıra tamaşalar haqqında məqalələri dərc olunur.
1932-ci ildən (may ayından başlayaraq) 1942-ci ilə kimi – Azərbaycan Dövlət Dram Teatrında rejissor assistenti və rejissor kimi fəaliyyət göstərir.
1941-1942-ci illərdə Ş.Bədəlbəyli sovet ordusunun hissələri tərkibində İrana göndərilir, "Qırmızı Şərq", "Vətən uğrunda" qəzetlərinin müxbiri kimi Təbrizdə fəaliyyət göstərir. Burada Ş.Bədəlbəylinin rəhbərliyi altında həvəskar aktyorların iştirakı ilə Ü.Hacıbəylinin "Arşın mal alan", Z.Hacıbəyovun "Evliykən subay", "Əlli yaşında cavan" musiqili komediyaları tamaşaya qoyulur.
1949-1956-cı illərdə Ş.Bədəlbəyli M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışır.
1951-ci ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində İncəsənət işləri idarəsi tərəfindən Ş.Bədəlbəyli Azərbaycan Dövlət Mahnı və rəqs ansamblının yaradıcı heyətinin ifaçılıq məharətini professional səviyyəyə yüksəltmək üçün Komissiyanın sədri təyin olunur.
1959-1965-ci illərdə - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və baş rejissoru təyin olunur.
1964-cü il, 29 iyul – Ş.Bədəlbəyli Azərbaycanın xalq artisti fəxri adına layiq görülür.
1965-1974-cü illərdə Ş.Bədəlbəyli təkrarən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və bədii rəhbəri vəzifəsində çalışmışdır.
1974-1976-cı illərdə Ş.Bədəlbəyli yenidən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri təyin olunur.
1976, 28 oktyabr – Ş.Bədəlbəyli Azərbaycan Teatr Cəmiyyəti İdarə Heyətinin sədri seçilir.
Şəmsi Bədəlbəyli 24 may 1987-ci ildə vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Tarixdə bu gün - 23  fevral1928— Görkəmli alim, ictimai-siyasi xadim, AMEA-mım müxbir üzvü , uzun müddət AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru işləmiş Budaq Əbdüləli oğlu Budaqov 28 fevral 1928-ci ildə Qərbi Azərbaycanda Zəngibasar bölgəsinin Çobankərə kəndində (indiki Masis rayonu, Ermənistan SSR) anadan olmuşdur. 1933-1940-cı illərdə Ermənistan SSR Zəngibasar rayonunun Mehmandar kənd natamam orta məktəbində oxumuşdur. 1940-41-ci illərdə İrəvan şəhərində yerləşən Azərbaycan Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Budaq Budaqov ilk əmək fəaliyyətinə döğulduğu kənddə kolxoz briqadirinin köməkçisi kimi başlamışdır. 1945-ci ilə kimi bu vəzifədə çalışmışdır. 1945-1947-ci illərdə isə təhsilini yenidən davam etdirmişdir. İrəvanda təhsilini başa vurduqdan sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur. Buradakı təhsilini 1951-ci ildə bitirdikdən sonra təhsilini davam etdirərək SSRİ EA Coğrafiya İnstitutunun aspiranturasını oxumuşdur. 1955-ci ildə Coğrafiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası mövzusunda dissertasiya işini müdafiə etmişdir (Moskva). 1955-1958-ci illərdə -Azərbaycan SSR Coğrafiya İnstitutunda kiçik elmi işçi əmək fəaliyyətinə başlamışdır. Artıq alim 1958-ci ildə SSRİ AAK-ın qərarı ilə baş elmi işçi adı almışdır. 1958-1962-ci illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin elmi katibi, 1965-1968-ci illərdə Bakı Dövlət Universitetinin Fiziki coğrafiya kafedrasının (yarım ştatda) müəllimi kimi fəaliyyət göstərmişdir. 1967-ci ildə coğrafiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiya>sı və yeni tektonikası mövzusunda dissertasiya işini müdafiə etmişdir (Bakı). 1967-1986-cı illərdə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq şöbəsinin rəhbəri, 1970-1990-cı illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin prezident müavini, 1974-1983-cü illərdə isə AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini kimi vəzifələri tutmuşdur. Müxtəlif dövrlərdə bir çox məsul vəzifələrə təyin olunmuşdur:AMEA müxbir üzvü (1976, Dövlət imtahanı komissiyasının sədri (APİ. Coğrafiya ixtisası üzrə. Bakı) (1982), AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini (1986), AMEA Coğrafiya İnstitutunun fiziki coğrafiya və xəritəçilik şöbəsinin rəhbəri (1986), AMEA həqiqi üzvü (1989), Azərbaycan Coğrafiya Cəmiyyətinin V qurultayında cəmiyyətin prezidenti və AMEA Coğrafiya İnstitutunun coğrafiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şurasının sədri (1990), Azərbaycan İctimai-Siyasi Kollecində Təbiət kafedrasının müdiri və Azərbaycan Ağsaqqallarnın üçüncü növbədən kənar qurultayında Respublika Ağsaqqallar Şurasının sədri (1997), Lütvizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü (1999), Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının üzvü (1999) və komissiyanın sədri (2000-ci ildən) olmuşdur.
1 noyab4 2012-ci ildə 84 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 23  fevral1938 — Görkəmli Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor. Qəmərşah Cavadov Quba rayonunun Aydınkənd kəndində anadan olmuşdur. Atası və beş əmisini Böyük Vətən Müharibəsində itirmişdir. Orta məktəbi bitirdikdən sonra 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Universiteti tarixçi ixtisası ilə bitirdikdən sonra bir müddət Dəvəçi rayonunun (indiki Şabran rayonu) Aygünlü kənd məktəbində müəllim işləmişdir. Sonra Azərbaycan EA Tarix İnstitutunda etnoqrafiya ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. Bu o dövr idi ki, dünya xalqlarının - tarixi-etnoqrafik atlaslarının yazılmasına başlanmışdı. Bu fundamental əsərin bir bölməsi Qafqaz xalqlarının əkinçilik təsərrüfatına, onun əmək alətlərinin xəritələşdirilməsinə həsr edilmişdi. Azərbaycanda ilk dəfə idi ki, ənənəvi əkinçilik alətlərinin toplayıb növlərini aşkar etmək, xüsusiyyətlərini müəyyənləşdirmək, inkişaf dinamikasını izləmək, forma və variantlarını tapıb xəritələşdirmək, beləliklə də azərbaycanlıların dünya xalqları sırasında özünəməxsus əkinçilik texnikasına malik olduğunu sübut etmək tələb olunurdu. Bunun öhdəsindən məhz Qəmərşah Cavadov gəldi. 20 illik gərgin axtarışlar nəticəsində Azərbaycan tarixşünaslığı üçün son dərəcə vacib olan bu məsələləri tutarlı mənbələr və etnoqrafik faktlar əsasında sübuta yetirdi. Qəmərşah Cavadov ilk dəfə olaraq xalq əkinçilik texnikasının məhəlli köklərini və inkişaf mənbələrini müəyyən etməklə azərbaycanlıları gəlmə etnos sayanlara tutarlı cavab verdi. Dünya şöhrətli akademik V.K.Bondarçuk Qəmərşah Cavadovun elmi monoqrafiyasına yazdığı rəydə bildirirdi: "Q.Cavadovun monoqrafiyası onun müəllifinin Azərbaycan xalqının əkinçilik texnikasının öyrənilməsi və tədqiqi sahəsində nə kimi böyük, əzəmətli işlər gördüyünü qiymətləndirməyə əsas verir. Gənc alimin tədqiqatları... dünya etnoqrafiya elminə böyük töhfədir".
Həyatını və elmi fəaliyyətini Azərbaycan EA-ya bağlayan, ömrünün 40 ildən artıq bir dövrünü tarix və müasir etnoqrafiyanın müxtəlif məsələlərinə həsr edən Q.Cavadov 300-ə yaxın elmi məqalənin və 10 monoqrafiyanın müəllifidir. Bunların arasında "XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri", "Azərbaycanda əkinçilik mədəniyyəti: ənənələr və müasirlik", "Əkinçilik mədəniyyətimizin sorağı ilə", "Xalq təbabətimiz məişətimizdə", "Udilər", "Talışlar" kitabları xüsusi yer tutur. Müəllif bu əsərlərində Azərbaycan etnoqrafiyasının müxtəlif problemlərinin həllinə nail olaraq azərbaycançılıq, onun etnik əsasları, Azərbaycan xalqının etnososial birliyinin yaranmasında respublikamızın ərazisində məskunlaşmış azsaylı xalq və etnik qrupların rolunu da ciddi və obyektiv tədqiq etmişdir.
Qəmərşah Cavadov yalnız elm və ictimai fəaliyyətlə məşğul olmurdu. O, həm də respublikamızda peşəkar etnoqraf kadrların yetişməsi üçün əlindən gələni əsirgəmirdi. Onun faydalı məsləhətləri və tövsiyələri həm də yüksək ixtisaslı elmi kadrların yetişdirilməsi üçün böyük əhəmiyyət daşıyır.
1998-ci ildə həmkarları, tələbə və dostları bu nüfuzlu alimin 60 illik yubileyini səmimiyyətlə qeyd edərək arzulamışdılar ki, Azərbaycanın tarixi etnoqrafiyasının tədqiqi sahəsində Qəmərşah Cavadovun elmi nailiyyətləri, uğurları çox olsun. Amma Qəmərşah Cavadov 2005 ci il aprelin 27-də 67 yaşında gözlərini əbədilik yumdu bu arzuları doğrultmağa ömür vəfa etmədi.

Tarixdə bu gün - 23  fevral1946 — Ukrayna əsilli Azərbaycan futbolçusu və məşqçisi.
Anatoli Banişevski Bakıda kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində anadan olub.
Uşaq futboluna Bakının "Lokomotiv” klubunda başlayıb. Razində (indiki Bakıxanov qəsəbəsi) "Lenin komsomolu" adına stadionda "Lokomotiv"lə "Spartak"ın oyunu keçirilirdi. "Neftyanik" (indiki "Neftçi") baş məşqçisi Boris Arkadyev və Ələkbər Məmmədov da oyuna baxır, ən perspektivli oyunçuları seçirdilər. Lokomotiv 4:3 hesabı ilə qalib gəlsə də, rəqibin qapısına vurulan topun üçünü də Banişevski vurmuşdu. Banişevskinin böyük futbola sıçrayışı bax, həmin oyundan başladı. 16 yaşında "Neftyanik"ə cəlb olunan Banişevski 1963-cü ildə komandanın əsas heyətində debüt edib.O, peşəkar karyerası ərzində - 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib. "Neftçi"nin 1966-cı ildə futbol üzrə SSRİ ççempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. 1966-cı ildə "Neftyanik” bürünc medal qazanandan sonra Heydər Əliyev ona ev vermişdi.
Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib
Banişevski SSRİ yığmasının məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında Nikolay Morozov tərəfindən SSRİ yığma komandasına cəlb edilib.1965-ci ildə Moskvada keçirilən SSRİ – Braziliya oyununda Banişevski oyunun qurtarmasına 15 dəqiqə qalmış Valentin İvanovu əvəz elədi. Bu,  onun ilk debütü oldu.
Tezliklə Banişevski məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb. Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş 1966 FİFA Dünya Kubokunda da iştirak edib. 1968 və 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarına da qatılan Banişevski son yarışda gümüş mükafata layiq görülüb. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib
Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb.[3] Onun ilk klubu "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A.Banişevski 1983-cü ildə "Neftçi"dən ayrılmaq qərarına gəlib.
1984-1988-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb.
1979-cu ildən başlayan şəkərli diabet ona çox əziyyət verirdi 1988-ci ildə xəstəlik onda artıq kəskinləşdi. Hətta komaya da düşdüyü vaxtlar olurdu. O, iynədən dəhşətli dərəcədə qorxurdu. Ona spirtli, soyuq içkilər, yağlı və qızardılmış yeməklər olmazdı. Lakin, o, evdən kənarda bunlara nəzarət etmirdi
Anatoli Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib.
Aktyor Andrey Mironov və müğənni Vladimir Vısotski ilə çox yaxın münasibətləri vardı.
2 fevral 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.

Tarixdə bu gün - 23  fevral1957 — Azərbaycanın Milli Qəhrəmanı Ərəstun ispəndi oğlu Mahmudov İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.
Ərəstun 1970-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi bitirmişdir. 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Xaricdə bir neçə Avia məktəb bitirən Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə uçuşlar edərdi.
Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci il olur Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu.
Oğlu, bort operatoru olan Elnur Mahmudovun da aqibəti eynilə atası, hava gəmisinin bort mexaniki Ərəstun Mahmudov kimi qəzada həlak olmaq olmuşdur. Belə ki, 30 yaşlı Elnur Mahmudov 6 iyul 2011-ci ildə Azərbaycan yük təyyarəsinin Əfqanıstanda qəzaya uğramısı nəticəsində həlak olmuşdur..
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov Ərəstun İspəndi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhərmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Oxuduğu 220 saylı orta məktəb onun adını daşıyır.
Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Vəfat etmişdir:
 
Tarixdə bu gün - 23  fevral1923 — Azərbaycan Respublikasının ilk diplomatlarından biri İbrahim Əbilov 42 yaşında İzmirdə vəfat etmişdir.
İbrahim Əbilov 1881-ci ildə Ordubadda anadan olmuşdur.
Məhəmməd Tağı Sidqinin Ordubaddakı "Əxtər" məktəbində oxumuş, atasının vəfatından sonra ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoymuşdur.
1903-cü ildən Petrovsk-Portda (indiki Mahaçqala) və Bakıda fəhləlik etmiş, inqilabi hərəkata qoşulmuş, ilk Azərbaycan sosial-demokrat təşkilatı "Hümmət"in (menşevik) üzvü kimi fəaliyyət göstərmişdir. 1907-ci ildə Bakı Xəzər Ticarət donanması dənizçilərinin tətilinin təşkilatçılarından olub.
1908-ci ildə Güney Qafqazda və Güney Azərbaycanda iranlı zəhmətkeşlər arasında inqilabi iş aparan "İctimaiyyun-Amiyyun" (azərb. "Mücahid") sosial-demokrat təşkilatının sədri Nəriman Nərimanovun tapşırığı ilə İrana göndərilmişdir.
1909-cu ildə Bakıya qayıdan Əbilov 1912-ci ildə dərc olunan "Bakı həyatı" qəzetində redaktor vəzifəsində işləmişdir. Çar höküməti tərəfindən dəfələrlə həbs edilən İbrahim Əbilov Tiflisdə menşevik "Hümmət" təşkilatının görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərmişdir.
1918-ci ilin axırlarında Bakıya gələn Əbilov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə deputat seçilmiş və onun sosialist fraksiyasına başçılıq etmişdir. 1920-ci ildə Bakı menşeviklərinin orqanı olan "İskra" qəzetinin redaktoru idi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR daxili işlər nazirinin müavini təyin olunmuş, Şərq xalqlarının Bakıda çağrılan birinci qurultayında Şərq Xalqları Təbliğat və Təşviqat Şurasının katibi seçilmişdir. 1921-ci ilin iyununda Azərbaycan nümayəndə heyətinin tərkibində Kommunist İnternasionalının üçüncü konqresində iştirak etmişdir.
1921-ci ildə Nəriman Nərimanovun tövsiyəsi ilə Azərbaycan SSR-in, sonra isə ZSFSR-in Türkiyədə fövqəladə və səlahiyyətli səfiri olmuş, Sovet-Türkiyə, o cümlədən Azərbaycan-Türkiyə dostluq münasibətlərinin təşəkkül tapmasında və möhkəmləndirilməsində böyük rol oynamışdır. Onun təşəbbüsü ilə Türkiyənin Trabzon və Samsun şəhərlərində Azərbaycanın konsulluqları açılmışdır. İbrahim Əbilovun səmərəli diplomatik fəaliyyəti və bilavasitə iştirakı sayəsində sovet respublikaları ilə Türkiyə arasında bir sıra ikitərəfli və çoxtərəfli müqavilələr imzalanmışdır. Naxçıvan muxtariyyətinin təməlini qoymuş 1921-ci il Moskva və Qars müqavilələrini digər naxçıvanlı diplomat, Sovet-Türkiyə danışıqlarında Azərbaycan nümayəndə heyətinin başçısı Behbud ağa Şahtaxtinski ilə birlikdə Əbilov da imzalamışdır.
Türkiyə Respublikasının banisi və ilk prezidenti olan Mustafa Kamal Atatürk ilə Əbilov arasında dostluq münasibətləri var idi. Əbilov Azərbaycan höküməti adından dostluq və qardaşlıq rəmzi olaraq Atatürkə qızıl xəncər hədiyə vermiş, Atatürk Ankarada Azərbaycan səfirliyinin binası üzərində ölkəmizin bayrağının qaldırılması mərasimində iştirak etmişdir.

Tarixdə bu gün - 23  fevral2008 - Tanınmış tərcüməçi, publisist, Azərbaycanın Əməkdar jurnalisti Hacı Əliheydər oğlu Hacıyev 83 yaşında Bakıda vəfat etmişdir.
Hacı Hacıyev 1925-ci il fevralın 18-də Bakı şəhərində kommersant ailəsində anadan olmuşdur. Burada şəhər məktəbində orta təhsilini başa vurmuşdur .
1950-1957 -ci illərdə ADU-nun filalogiya fakültəsində qiyabi təhsil almışdır . "Azərbaycan gəncləri" qəzetində ədəbı işçi, şöbə müdiri (1950-1953), Azərbaycan radiosunda məsul redaktor və baş redaktor (1953-1959), Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatında redaktor (1959-1961), "Ekran” Yaradıcılıq Birliyinin sədri (1968-1970) ,Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" jurnalında baş redaktor (1970-1974) vəzifələrində çalışmışdır. Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi (1974-1989) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin sədri olmuşdur (1989-2006). 2006-cı ildən qurumun fəxri sədri seçilib.
Ədəbi yaradıcılığında bədii tərcümə və publisistika xüsusi yer tutur. Dünya ədəbiyyatından Azərbaycan dilinə çevirdiyi əsərləri vaxtaşırı nəşr etdirmiş, rəğbətlə qarşılanmışdır. A.Çexovun "Gecikmiş güllər" povesti, Misir ədiblərinin hekayələri onun tərcüməsində ayrı-ayrı kitablarda nəşr olunmuşdur. M.Qorkidən Azərbaycan dilinə çevirdiyi "Qoca" pyesi mavi ekranda və efirdə verilmişdir. Türkiyənin "Yeni forum" və "Tanıtım" jurnallarında, eləcə də bir sıra xarici mətbuatda siyasi publisistik məqalələri dərc edilmişdir. Türkiyənin Kayseri şəhərində Ümumdünya Azərbaycan konqresində (1990), Bodrumda "Türk millətlərinin siyasi və iqtisadi gələcəyi" simpoziumunda (1991) Azərbaycanda milli istiqlal hərəkatı və siyasi vəziyyət probleminə dair məruzə ilə çıxış etmişdir.
Hacı Hacıyevın təşəbbüsü ilə Həsən bəy Zərdabi mükafatı təsis olunub.

Tarixdə bu gün - 23  fevral1979 — Azərbaycanın Xalq artisti Hüseynağa Ələsgər oğlu Sadıqov 68 yaşınd Bakıda vəfat etmişdir.
Əslən Cənubi Azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub.
Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub.
1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb.
"Komsomol poeması" tamaşasında oynadığı Mirpaşa roluna görə 1967-ci ildə Respublika Lenin komsomolu mükafatına layiq görülüb.
Teatr sənətinin inkişafında, xüsusən gənc tamaşaçıların, məktəb şagirdlərinin, yeniyetmələrin estetik zövqlərinin münbit zəminə düşməsində göstərdiyi səhnə xidmətlərinə görə 1 iyul 1956-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 9 fevral 1979-cu ildə Xalq artisti fəxri adları ilə təltif edilib..

Tarixdə bu gün - 23  fevral2003— Məşhur aktyor, Xalq artisti, SSRİ Ali Sovetinin deputatı olmuş Həsənağa Səttar oğlu Turabov 64 yaşında Bakıda vəfat etmişdir.
Həsənağa Turabov 1938-ci il martın 24-də Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur.
Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir.
Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb.[3] "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək... Ürək...", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir. "Qanlı zəmi" filminin isə rejissoru olmuşdur. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olmuşdu.
Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz