» » Tarixdə bu gün - 30 dekabr

Tarixdə bu gün - 30 dekabr

Müəllif: Vüsal от 30-12-2017, 10:08

30 dekabr

İlin 364-cü günü (uzun illərdə 365-ci). İlin sonuna 1 gün qalır.

Mühüm hadisələr:

1898 — Gülhanə Hərbi Tibb Məktəbi açılıb.
1922 — SSRİ I Sovetlər qurultayı keçirilib. Sovet Sosialist Respublikaları İttifaqı təsis edilib.
1922 — Nəriman Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsi ZSFSR-dən 1-ci Sədri seçilib.

1989 — Gəncənin tarixi adı XX əsrdə ikinci dəfə bərpa olunub.
1993 — Vatikanla İsrail arasında diplomatik münasibətlər qurulub
1999 — Türkiyə Apelyasiya məhkəməsi edam cəzasına məhkum edilmiş terrorçu Abdulla Öcalanın şikayətini rədd edib.
2006 — İraqın keçmiş prezidenti Səddam Hüseyn səhər saat 5 radələrində asılaraq edam edilib.

Doğum günləri:
 

1915 — Biologiya elmləri doktoru Zibeydə Salam qızı Əzizbəyova Şamaxı şəhərində anadan olmuşdu.

1967-ci ildən Azərb. SSR EA L.M. Komarov ad. Botanika İn-tunda bitkilərin duza davamlılığı laboratoriyasının müdiri işləmişdir. Tədqiqatları, əsasən, bitkilərin duza davamlılığının öyrənilməsinə həsr edilmişdir.

 

Tarixdə bu gün - 30 dekabr1915    Kimya  elmləri doktoru, professor,  AMEA‐ın müxbir üzvü    Bilal Dadaşov    Şamaxı qəzasında (indiki Hacıqabul rayonu) Rəncbər kəndində anadan olmuşdur.

 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir.

Kimya üzrə fəlsəfə doktoru (1944) və elmlər doktoru (1957) elmi dərəcəsini, professor (1963) elmi adını almışdır. Azərbaycan SSR EA‐nın müxbir üzvü seçilmişdir (1980).

B.Dadaşov institutu bitirdikdən sonra Fiziki kimya kafedrasında işləmiş (1934‐1939), kafedranın aspirantı, assistenti olmuş, eyni zamanda, Mamalıq‐feldşer texnikumunda kimya dərsi demişdir (1939‐1944).

1945‐1950‐ci illərdə Azərbaycan EA‐nın Kimya İnstitutunun Kataliz laboratoriyasının müdiri və N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun assistenti və dosenti olmuşdur. Azərbaycan EA‐nın Qeyri‐Üzvi və Fiziki Kimya İnstitutunda Xüsusi yanacaq və yanma laboratoriyasının müdiri, sonra isə Neft‐Kimya Prosesləri İnstitutunda (NKPİ) laboratoriya rəhbəri (1957‐1963) vəzifəsində çalışmışdır.

Azərbaycan EA NKPİ‐nin laboratoriya və Heterogen kataliz şöbəsinin müdiri olmuşdur (1987‐1995).

B.Dadaşov elmi tədqiqat işlərini pedaqoji işlə uzlaşdıran alimlərdən biri idi.

O, 1941‐1949‐cu illərdə Azərbaycan Tibb Universitetində assistent və dosent, 1957‐1959‐cu illərdə Bakı Dövlət Universitetinin dosenti, 1962‐1973‐cü illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) dosent, professor və 1984‐1993‐cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının professoru vəzifələrində çalışmışdır. 1996‐cı ildən ömrünün sonuna qədər müdiriyyət yanında məsləhətçi olub.

B.Dadaşov kataliz sahəsində görkəmli alimdir. Elmi əsərləri parafinlərin dehidrogenləşmə, izomerləşmə və aromatikləşmə prosesləri üçün səmərəli katalizatorların işlənib hazırlanması probleminə həsr olunmuşdur.

B.Dadaşov müəllimi akademik Y.Məmmədəliyev ilə birlikdə benzinin oktan ədədini yüksəltmək üçün riforminq prosesində səmərəli katalizatorlarının sintezi və tətbiqi sahəsində tədqiqatlar aparmışdır (1945‐1950). O, neft məhsullarından raket mühərrikləri üçün ilk dəfə 2 növ səmərəli yanacaq (Naftil‐1Б və Ditsil) almışdır. Bundan başqa aşağı molekullu doymuş karbohidrogenləri hidrogensizləşdirmək üçün yeni katalizator (6A‐24C) təklif etmişdir.

B.Dadaşovun elmi tədqiqatlarının nəticələri 260 elmi əsərdə, o cümlədən 19 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır.

B.Dadaşov 5 elmlər doktoru, 21 kimya üzrə fəlsəfə doktoru hazırlamışdır.

B.Dadaşov Azərbaycan EA NKPİ‐nin D.Mendeleyev adına Kimya cəmiyyətinin sədri, SSRİ EA Rəyasət Heyəti yanında kataliz üzrə Ümumittifaq Şurasının üzvü, alimlik dərəcələri verən ixtisaslaşdırılmış şuraların üzvü olmuşdur.

O, Əməkdar elm xadimi adına layiq görülmüş, "Əməkdə fərqlənməyə görə”, "Qafqazın müdafiəsinə görə” və "1941‐1945‐ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə” medalları ilə təltif olunmuşdur.

AMEA‐ın müxbir üzvü Bilal Dadaşov 2007‐ci ildə Bakıda vəfat etmişdir.


Tarixdə bu gün - 30 dekabr1926 — Məşhur muğam və opera müğənnisi, Xalq artisti Əbülfət Əsəd oğlu Əliyev Şuşada anadan olmuşdur.

Şuşalı musiqiçilər ilin yaz və yay aylarında şəhərin Cıdır düzü, Bazarbaşı

məkanlarında toplaşar və məclislər qurarmışlar. Əbülfətin uşaqlıq illəri də belə məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb.

Qarabağın el şənliklərində oxuduğu "Ay bülbüllər”, "Kimə yalvarım”, "Uca barıdan aşaram mən”, "Uca dağlar” mahnıları musiqisevərlərin ruhunu oxşayır. Qısa müddətdə gənc musiqiçinin səs-sorağı rayon hüdudlarını aşır, Bakıdan dəvətlər alır. O, radioda ilk dəfə "Şuşanın dağları” mahnısını ifa edir. Beləliklə, 19 yaşlı Əbülfət taleyini birdəfəlik Bakıya bağlayır. Azərbaycan Dövlət Filarmoniyasının solisti olur, o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verir. Görkəmli xanəndənin repertuarında "Dinə bilmədim”, "Bu qala, daşlı qala”, "Ay Pəri”, "Endim bulaq başına”, "Bülbüllər gəzər bağı”, "Tel nazik”, "Saçları burma”, "Gəl-gəl”, "Xal yanağında”, "Qara gözlüm” kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb.
1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
1946-cı ildə Elza xanımla ailə həyatı qurub. 1947-ci ildə oğlu Rauf, daha sonra qızı Rəisə dünyaya gəlib.
1957-ci ildə ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə çıxır. Ə.Əliyev həm də tarixə Məcnun obrazını özünəməxsus şəkildə ifası ilə düşüb. Ə.Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunun ah-fəğanlarını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib.
Ə.Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda - İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.

Xalq artisti   fəxri adını alıb.

1967-ci ildə qüvvəyə minən yeni qanuna görə, iş yerləri arasında seçim etmək məcburiyyətində qalır və "mənim doğma idarəm Filarmoniyadır" sözləriylə seçimini ilk iş yerinin üzərində saxlayır.

27 dekabr 1990-cı ildə vəfat edib.


Tarixdə bu gün - 30 dekabr1930 — Azərbaycan alimi, psixologiya elmləri doktoru, Azərbaycan Respublikası Əməkdar elm xadimi, professor Əkbər Salman oğlu Bayramov Ağdam rayonunun Əlimədətli kəndində anadan olmuşdur. 1949-1954 -cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini əla qiymətlərlə bitirmiş, Universitetin Böyük Elmi Şurasının qərarı ilə psixologiya ixtisası üzrə aspiranturaya tövsiyə edilmiş və 1954-1957-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda psixologiya ixtisası üzrə aspiranturada təhsil almış, 1957-1958-ci illərdə Ə.S. Bayramov APİ-də aspirantura şöbəsinin müdiri, 1958-1960-cı illərdə elmi işlər üzrə prorektorun köməkçisi işləmişdir.
1959-cu ildə "Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III - IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri" mövzusunda namizədlik və 1969-cu ildə "Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-1970-ci illərdə APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir.
SSRİ Psixoloqlar cəmiyyəti Azərbaycan şöbəsinin, Azərbaycan Təhsil Nazirliyi Elmi-Metodik Şurasının pedaqogika və psixologiya bölməsinin sədri, Respublika ictimai rəyi öyrənən sosioloji mərkəzin üzvü, onun təşəbbüsü və yaxından köməyi ilə psixologiya elmləri üzrə BDU nəzdində təşkil olunmuş ixtisaslaşdırılmış müdafiə şurasının (1994-2000) sədri, Respublika Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü olmuşdur.
Professor Ə.S.Bayramov zəngin elmi-pedaqoji fəaliyyətinin 35-ildən artıq bir dövrü bilavasitə Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur.

Tarixdə bu gün - 30 dekabr 1930  Görkəmli tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru , professor Cəlal  Mehdi oğlu Abdullayev   Gürcüstanın Qarayazı (indiki Qaradabani) rayonunun Nəzərli kəndində anadan olmuşdur.

 Həmin rayonun Kosalı kənd orta məktəbini bitirdikdən sonra 1951-1956-ci illərdə Azərbaycan Dövlət 

Universitetinin (BDU) filologiya fakültəsində təhsil almışdır.

Cəlal Abdullayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Azərbaycan sovet ədəbiyyatı tarixi kafedrasında baş laborant kimi başlamışdır. O, aspiranturada təhsilini 1958-1961-ci illərdə almış və müəllim kimi fəaliyyət göstərmişdir. Daha sonra kafedra müdiri vəzifəsinədək yüksəlmişdir.

Abdullayev 1979-cu ildən ömrünün axırınadək Bakı Dövlət Univerisitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri olmuşdur. Professor 1980-ci ildən universitetin böyük elmi şurasına üzv seçilmişdir. O, 1994-2001-ci ildən ixtisaslaşdırılmış doktorluq müdafiəsi şurasının sədri olmuşdur.

Cəlal Abdullayev Azərbaycan ədəbiyyatında çağdaş ədəbi-nəzəri fikrin, ədəbi tənqid və ədəbiyyatşünaslığın inkişafında əvəzsiz xidmətlər göstərib. Zəngin yaradıcılıq irsinə malik olan tədqiqatçının ədəbi-tənqidi axtarışları xalq ədəbiyyatının ilk qaynaqlarından tutmuş çağdaş ədəbiyyatın nəzəri problemlərinə qədər bir çox mühüm problemləri əhatə edib.

Onun tədqiqatlarında Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Seyid Hüseyn və başqa klassiklərin elmi-nəzəri və ədəbi-bədii irsi bu və ya digər şəkildə araşdırmaya cəlb olunub. Cəlal Abdullayevin elmi axtarışlarının əsas istiqaməti poeziya ilə bağlı olub. Tədqiqatçının poeziyaya həsr olunmuş məqalələrinin bir qismi "Lirika və zaman"  adlı məqalələr toplusuna daxil edilib.

Səməd Vurğun aşiqi olan professor 1962-ci ildə "Səməd Vurğun və folklor" mövzusunda namizədlik işi, 1974-cü ildə isə "Səməd Vurğunun sənətkarlığı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Cəlal Abdullayevin "Səməd Vurğunun poetikası" , "Səməd Vurğunun sənət dünyası" monoqrafik tədqiqatları, çoxlu sayda məqalələri görkəmli şairin yaradıcılıq irsinin araşdırılmasına həsr edilib.

Cəlal Abdullayev 2000-2001-ci illərdə xaricdə çıxan "Araz", "Xudafərin" jurnallarında məqalələri çıxmışdır. Bütün həyatı və elmi fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olan Cəlal Abdullayevin ali məktəblərin humanitar fakültələri üçün hazırlanmış "Azərbaycan sovet ədəbiyyatı" və "Müasir Azərbaycan ədəbiyyatı" dərsliyi xüsusi əhəmiyyət daşıyır.

Cəlal Abdullayev 2010-cu il mayın 20-də Bakı şəhərində dünyasını dəyişmiş, Xırdalan qəbiristanlığında  dəfn edilmişdir.

 
 Tarixdə bu gün - 30 dekabr1937— Azərbaycan müğənnisi (tenor), Xalq artisti Rauf Yusif oğlu Babayev Qərbi Azərbaycanda Leninakanda (Gümrü) anadan olmuşdur.Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır.

1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır.O, 1965-ci ildən yaradıcılıq taleyini "Qaya" estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının "Qaya" estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində "Qaya" kvartetinin, 1972–1987-ci illərdə "Qaya" dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində "Qaya" dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən "Qaya" dövlət orkestrinin, 2003-cü ildən "Qaya" dövlət ansamblının "Bəri bax" vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət "Qaya" Ansamblının bədii rəhbəri işləmişdir.

Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan "Qaya" vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil etmişdir.

Rauf Babayev 27 mart 2020-ci ildə 82 yaşında vəfat etmiş və   İkinci fəxri xiyabanda dəfn olunmuşdur.


Tarixdə bu gün - 30 dekabr1946—Teatr və kino aktrisası, Xalq artisti Ella İsmayıl qızı Yaqubova Gəncə şəhərində anadan olub.

İbtidai təhsilini Gəncə şəhərində, orta məktəbi isə Bakı şəhərində 44 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olub, 1966-cı ildə oranı bitirdikdən sonra Gəncə Dövlət Dram Teatrına göndərilib həmin teatrda müxtəlif dram əsərlərində iştirak etib. 1968-ci ildə təyinatla Mingəçevir Dövlət Dram Teatrına göndərilib. 300-dən artıq obraz  ifa edib.

1988-ci ildə "Əmək veteranı" medalı, 2009-cu ildə Əməkdar artist fəxri adı, 2013-cü ildə "Tərəqqi" medalı, 2004-cü ildə "Qızıl Dərviş" mükafatı laureatı olmuş, Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilən bədii qiraət festiValının bir neçə dəfə iştirakçısı olmuş, ikinci dərəcəli diplom və digər mükafatlara layiq görülmüşdür. 9 may 2018-ci ildə Prezident Mükafatı laureatı olmuşdur. 27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.

40-ildən artıq Mingəçevir Dövlət Dram Teatrında fəaliyyət göstərməkdədir.

Hal-hazırda Mingəcevir Dövlət Dram Teatrında yaranmış "Ümid" gənc aktyorlar studiyasında müəllim kimi fəaliyyət göstərərir.

"El" region televiziya kanalında fəaliyyət göstərir. Azərbaycan istehsalı olan "Xoca" filmində "Sultan" xanım obrazında və "Həyat varsa" teleserialında çəkilib.

 

Tarixdə bu gün - 30 dekabr1954 —Azərbaycan Respublikasının Xalq artisti, aktrisa,   Prezident təqaüdçüsü Fatma Mahmudova Ağdam rayonunda anadan olub.

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutununu bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Teatrın aparıcı aktrisalarından olan F.Mahmudova bu müddət ərzində bir çox özünəməxsus obrazlar yaratmağa nail olmuşdur. "Dağılan Tifaq"da Sona xanım, "Fərhad və Şirin"də Məryyəm, "Solğun Çiçəklər"də Sara, "Qaçaq Nəbi"də Həcər, "Təhminə və Zaur"da Təhminə, "Qismət"də Ana və s. bu kimi obrazlar onu tamaşaçıların sevimlisinə çevirmişdir. Aktrisa 1987-ci ildə "Pirverdinin Xoruzu" filmində Həlimə roluna çəkilmişdir.

Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan F. Mahmudova 1994-cü ildən taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlamalı olmuşdur. Burada teatrın repertuarında olan tamaşaların əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar yarada bilmişdir. O, "On min dollarlıq keyf" tamaşasında Bağdagül, "Hərənin öz ulduzu"nda Xurma, "Bankir adaxlı"da ağuçu Gülbikə, "Birgünlük siğə"də Adilə Dudu, "Adamın adamı"nda At Balaxanım, "Məsmə xala dayımdır" əsərində Əsmər, "Şeytanın yubileyi"ndə Məryəm və s. rolların öhdəsindən bacarıqla gəlmişdir.

 

 

Tarixdə bu gün - 30 dekabr1955 Filologiya elmləri doktoru, professor, Əməkdar Mədəniyyət İsçisi Tofiq Əbdülhəsənli Neftçala rаyоnunun  Pirəbbə kəndində аnаdаn оlmuşdur.

 

1973-1981-ci illərdə Azərbaycan Dövlət Univеrsitеtinin (indiki Bakı Dövlət Univеrsitеti) filologiya fakültəsində oxumuş və fərqlənmə diplomu ilə bitirərək filoloq, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir.

2000-cı ildə Аzərbаycаn Dövlət İqtisаd Univеrsitеtinin Maliyyə-Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1985-1990-cı illərdə "Gənclik” nəşriyyatının redaktoru işləyib. 1990-1992-ci illərdə Azərbaycan Ali Sovetinin orqanı -"Həyat” qəzetində şöbə müdiri olub. 1992-2002-ci illərdə Milli Məclis orqanı olan "Azərbaycan” qəzetinin şöbə müdiri vəzifəsində çalışıb.  1993-cü ildən  Azərbaycan Respublikası Prezident Aparatının "Respublika” qəzetində redaksiya müdiri vəzifəsində işləyib.

2014-cü ildən filologiya elmləri doktoru, professordur.

1993-cü ildən Аzərbаycаn Dövlət İqtisаd Univеrsitеtinin Azərbaycan dili kafedrasında  müəllim, bаş müəllim, dоsеnt vəzifəsində çalışmışdır. Hаzırdа "Azərbaycan dili” kafedrasının müdiridir.

4 mоnоqrаfiyаnın, 5  dərslik, dərs vəsаiti, habelə müasir  Azərbaycan dilinin və ədəbiyyatının problemlərinə həsr olunmuş onlarla kitabın və monoqrafiyanın, ölкədə və хаricdə çаp оlunmuş 100-dən аrtıq elmi məqаlənin, həmçinin "Azərbaycan dili” və "İşgüzar Azərbaycan dili”  dərsliklərinin müəllifidir.

Respublikanın əməkdar mədəniyyət işçisidir. Rəsmi dövlət qəzetlərində 200-dən artıq publisistik məqaləsi  dərc olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin,  Jurnalistlər Birliyinin və Respublika İqtisadçılar İttifaqının üzvüdür. "Qızıl Qələm”, "Həsən Bəy Zərdabi” və "Araz Ali Ədəbi” mükafatları laureatıdır.


Tarixdə bu gün - 30 dekabr1962 — Azərbaycan Respublikasının Əməkdar artisti Elşən Mansurov anadan olub. 
E.Mansurov1985-1990-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Ağacəbrayıl Abasəliyevin kamança sinfində təhsil almışdır.Təhsil aldığı illərdə Respublikada keçirilən müxtəlif müsabiqələrdə laureat olmuşdur.
1986-cı ildə Bakı şəhərində keçirilən Ü.Hacıbəyli adına I Beynəlxalq Müsabiqədə birinci yerə layiq görülmüşdür. 1986-cı ildən başlayaraq xanəndə Alim Qasımovla birlikdə çalışmışdır. O, dünyanın bir çox ölkələrində Azərbaycan muğamlarının təbliği ilə məşğul olmuşdur.
Bu ölkələrdən Amerika, Fransa, Almaniya, İngiltərə, Belçika, Hollandiya, İspaniya, Danimarka, İsveç, İsveçrə, Finlandiya, İtaliya, Braziliya, İran, Türkiyə, Mərakeş, Tunis, Rusiya və s. göstərmək olar. Dəfələrlə Moskvada keçirilən Azərbaycan Mədəniyyət Günlərində, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq layihələrdə, Dövlət tədbirlərində iştirak etmişdir. 2000-ci ildə uşaqlardan ibarət "Azəri" muğam qrupunu yaratmışdır. 2000-ci ildə Almaniyanın Hanover şəhərində "Expo -2000"-də çıxış etmişdir.
2002-ci ildən Hollandiyada fəaliyyət göstərən Ümumdünya "Atlas" ansamblının üzvüdür. 2004-2006-cı illərdə "Azəri" muğam qrupu ilə bir sıra Avropa dövlətlərində konsertlərlə çıxış etmiş, 2005-ci ildə xanəndə Nəzakət Teymurovanın "Xarı Bülbül" muğam qrupunun tərkibində Yaponiyanın Naqoya şəhərində "Expo-2005"-də iştirak etmişdir.
2006-cı ildən UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında "Əbədi muğam" layihəsində yaxından iştirak edir. UNESCO-nun Şirvanşahlar sarayında (Bakı, İçərişəhər) keçirilən muğam konsertlərinin və nəzərdə tutulan Azərbaycanın rayonlarında keçiriləcək muğamın təbliği layihəsinin koordinatorudur.

1975 — Zəminə Yaşa qızı Orucova   Qarasüleymanlı kəndində anadan olub.

1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu” fakültəsini bitirib. Əvvəllər Azərbaycan Dövlət Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblında, Tənqid-Təbliğ Teatrında aktrisa vəzifəsində çalışıb.

2001-ci il mart ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında assistent, 2001-ci il noyabr ayının 2-dən Bədii quruluş hissə müdiri vəzifəsində çalışır.


Vəfat etmişdir:

Tarixdə bu gün - 30 dekabr1944 — Sovet İttifaqı Qəhrəmanı, baş leytenant  Vladimir  Aleksandr oğlu Balandin (Balandin Vladimir Aleksandroviç) 21 yaşında  faşizmə qarşı  amansız  müharibədə  qəhrəmancasına həlak olmuşdur.
 Vladimir Balandin  17 mart 1923-cü ildə Bakı şəhərinin Suraxanı qəsəbəsində doğulmuşdur.
Milliyətcə rusdur.
1942-ci ildə hərbi təyyarəçilik məktəbini bitirmişdir.
Baş leytenant Vladimir Balandin Belarusiya və Litva Respublikaları uğrunda gedən döyüşlərdə 18 düşmən təyyarəsi vurmuşdur.
Litva Respublikasının Kapsukar şəhərində dəfn edilmişdir.
Vladimir Balandin 19 aprel 1945-ci ildə (ölümündən sonra) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
2 dəfə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdur.
 suraxanı rayonunun  yaraşıqlı küçələrindən biri qəhrəmanın adını daşıyır.
 
Tarixdə bu gün - 30 dekabr 1998 – Sovet İttifaqı Qəhrəmanı Abbas Şahbaz oğlu Quliyev 82 yaşında vəfat etmişdir.

Abbas   Quliyev 1916-cı il sentyabrın 15-də Naxçıvanın Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı pedaqoji texnikumunda təhsil almış, 1937-ci ildə təhsilini başa vuraraq Naxçıvana qayıtmışdır. O, teatr sənəti ilə maraqlanmış, özfəaliyyət dərnəklərinin iştirakçısı olmuşdur.

1941-ci ildə Sovet Ordusuna çağırılmış, Sumı topçuluq məktəbini bitirmişdir. Kapitan A.Ş.Quliyev Dneprdən Visla çayına qədər döyüş yolu keçmişdir. 1944-cü ilin avqustunda Polşa torpağında o, öz topçuları ilə birlikdə xüsusi tapşırığı yerinə yetirərək düşmənin diqqətini yayındırıb Visla çayının sağ sahilinə keçmiş, sonra isə üç gün ərzində faşistlərlə qeyri-bərabər döyüş aparmaqla sovet qoşunlarının maneəsiz çayı keçməsi  və düşməni darmadağın etməsinə şərait yaratmışdı.

1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O vaxtlar "İzvestiya" qəzeti bu münasibətlə yazmışdı: "Naxçıvan teatrı A. Quliyevin şəxsində müvəqqəti də olsa səhnə xadimini itirsə də, Sovet Ordusu onun simasında bacarıqlı və fədakar zabit əldə etmişdi".

Kapitan A.Quliyev müharibə qurtardıqdan sonra, 1945-ci ildə hərbi xidmətdən tərxis olunmuş və Naxçıvanda rəhbər vəzifələrdə işləmişdir.

 

Tarixdə bu gün - 30 dekabr2017  — Görkəmli pianoçu, Xalq artisti Çingiz Hacı oğlu Sadıqov 88 yaşında vəfat etmişdir.

 Cingiz Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olmuşdur.

İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakultəsində (X), 1951-1953-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır.

1953-1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971-1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981-1990-cı illərdə "Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, 1973-1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və muəllimi, 1983-1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991-1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir.

Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət etmişdir.

1994-cu ildən ABŞ-da San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunmuşdur.

Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıxova təbrik məktubu göndərmişdir.

2009-cu ildə oktyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.