» » Tarixdə bu gün - 29 dekabr

Tarixdə bu gün - 29 dekabr

Müəllif: Vüsal от 29-12-2017, 00:12

29 dekabr —İlin 363-cü günü (uzun illərdə 364-cü). İlin sonuna 2 gün qalır.

Mühüm hadisələr:
1958 — SSRİ Cinayət Məcəlləsindən "xalq düşməni”ifadəsi götürülür.
1991 — Kərkicahan qəsəbəsi işğal edilib.
1991 — Azərbaycan Respublikasının dövlət müstəqilliyi məsələsi üzrə referendum keçirilmişdir.
1993 — Bioloji müxtəliflik haqqında konvensiya qüvvəyə minmişdir.

Doğum günləri:

1924 —Əməkdar artist, aktyor  Sadıq Hüseynov  Kürdəmir rayonunun Atakişili kəndində anadan olub.
Tarixdə bu gün - 29 dekabrHələ ibtidai məktəbin dördüncü sinfində oxuyarkən Kürdəmir şəhər mədəniyyət evində fəaliyyət göstərən xalq teatrına üzv olub. Orada hazırlanan tamaşalarda müxtəlif rollarda çıxış edib.
Böyük Vətən Müharibəsi başlayanda 18 yaşlı Sadıq Hüseynov ordu sıralarına çağırılır. Müharibə başa çatandan sonra o, Bakıya qayıdır və Gənc Tamaşaçılar Teatrında işə qəbul edilir. Teatr İnstitutunda təhsil alan Sadıq Hüseynov sonradan görkəmli rejissor Adil İsgəndərovun dəvəti ilə 1952-ci ildə Azərbaycan Dövlət Akademik Dram teatrına dəvət alır. Burada müxtəlif obrazlar yaradır. Akademik Dövlət Dram Teatrında səhnəyə qoyulan "Fərhad və Şirin”də Şiruyyə, "Otello”da Senator, "12-ci gecə”də Pavloni, "Vaqif”də Vidadi, "Od gəlini”ndə Yanardağ, "Xəyyam”da Əbu Tahir, "Həyat” pyesində Xəlil, "Günahsız müqəssirlər”də Dudukin, "Qaçaq Nəbi”də Qəhrəman rollarının peşəkar ifaçısına çevrilir.
1990-cı illərdə uşaqların axşam verilişində müdrik Savalan baba obrazı ilə yadda qalıb.
 Sadıq Hüseynov 2003-cü ildə vəfat etmişdir.
 

Tarixdə bu gün - 29 dekabr1921 — Görkəmli yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə Bakı şəhərində anadan olmuşdur.
Əvvəlcə ikiillik müəllimlər institutunda oxumuş və 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1944 — 1974-cü ilə kimi müxtəlif işlərdə fəaliyyət göstərmiş, müəllimlik etmiş, 1974-ci ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir.
"Aləmdə səsim var mənim" ,"Vətənə qayıt", "Yad et məni", "Bakı-1501","Cəlaliyyə", "Sabir", "Eldən elə", "Bir səsin faciəsi", "Gülüstan"dan öncə","Zərrintac-Tahirə", "İşığa doğru", "Bəla" ,"Rübabə-sultanım", "Xəzərin göz yaşları" ,"Eşq sultanı" və s. povest və romanların müəllifidir.
Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir.
 

Tarixdə bu gün - 29 dekabr1929  —Xalq rəssamı, iki dəfə Dövlət mükafatı, "Şöhrət" ordeni laureatı, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqqının üzvü Kamil Nəcəf oğlu Nəcəfzadə   Lənkəran şəhərində doğulub.

1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir.

1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır.

Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.

1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin "Knyaz", 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad və Şirin" tamaşalarını göstərmək olar.

O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir.

Kamil Nəcəf oğlu Nəcəfzadə 29 iyun 2011-ci ildə vəfat etmişdir.

 

Tarixdə bu gün - 29 dekabr1945 —  Məşhur şair, publisist, Lenin komsomolu mükafatı laureatı Nüsrət Yusif oğlu Kəsəmənli

 Ağstafa rayonu rayonunda anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur . Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə 1969-cu ildə qiyabi şöbəyə keçirilmişdir . Universiteti bitirdikdən sonra  - 1978—1985-ci illərdə  Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur .

1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır.

Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınmışdır və bir çox mahnılara şeirlər yazmışdır. Eyni zamanda Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açmışdır.

150-dək şerinə musiqi bəstələnmişdir.

"Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.

Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir.

1985-ci ildən  ömrünün sonuna kimi C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləmişdir . "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olmuşdur .

15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat etmişdir.

 

Tarixdə bu gün - 29 dekabr1973— Aktrisa Gülnarə Baba qızı Abdullayeva  Bakı şəhərində anadan olub.

1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Musiqili Teatr aktyoru fakultəsinə qəbul olub və 1996-cı ildə bitirib. Oxuduğu illərdə eyni zamanda Azərbaycan Dövlət Estrada Teatrında aktrisa vəzifəsində çalışıb. Burada R. İçərişəhərli "Evlənmək istəyirəm” tamaşasında Mehri, E.Defiliponun "Silindir” əsərində isə əsas obrazı canlandırıb. 2000-ci ildən 2008-ci ilə kimi Şuşa Dövlət Musiqili Dram teatrında aktrisa-vokalist kimi fəaliyyət göstərib. Bu teatrın səhnəsində Ə. Haqverdiyevin "Pəri cadu”, N.B. Vəzirovun "Dağılan tifaq”, S. Rüstəmin "Durna”, H. Mirələmovun "Heykəllərin fəryadı” və.s tamaşalarda rol alb. 2013-cü il aprel ayından etibarən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında vokalist-artisti vəzifəsində calışır. Teatrda bir çox tamaşalarda müxtəlif səpkili obrazlarda oynayıb. R.Mirişli və M. Haqverdiyevin "Qısqanc ürəklər” tamaşasında Natella, O. Kazımı və R. Heydər "Qızıl toy"da Zuzu, R.Hacıyev "Talelər qovuşanda"da Sona ,Ü. Hacıbəyli "O olmasın, bu olsun”da Sənəm, F. Sücəddinov və T. Vəliyeva "Mən dəyərəm min cavana”da Naz-naz xanım, E. Sabitoğlu və T. Vəliyeva "Bankir adaxlı”da Səmayə "Yatmış gözəl”də Fauna obrazlarını canlandırıb. Teatr tamaşalarıyla yanaşı bədii film və seriallarda da rol alıb. Musiqili Teatrla yanaşı "Planet Parni iz Baku" KVN teatrında calışır. 


Vəfat etmişdir:

Tarixdə bu gün - 29 dekabr1982 – Məşhur nasir, Azərbaycan ədəbiyyatında detektiv janrının banisi Əmirov Cəmşid Cabbar oğlu 64 yaşında vəfat etmişdir.
Cəmşid Əmirov 1918-ci il fevralın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur.
M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olmuş və təhsilini başa vurduqdan sonra bir sıra respublika qəzetləri ilə əməkdaşlıq etmişdir. Son kursda institutu tərk etdiyinə görə öz ixtisası üzrə (mühəndis-geoloq) işləməyə həvəs göstərməmişdir. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çində olmuşdur.
Ordudan tərxis ediləndən sonra jurnalistliklə yanaşı, müddət Bakı Maliyyə-kredit texnikumunda direktor olmuşdur. Sonra fərdi təqaüdə çıxmışdır.
"Sahil əməliyyatı”, "Brilliant məsələsi”, "Qara "Volqa".
"Şəhər yatarkən " kimi dəyərli əsərlərin meəllifidir.

Tarixdə bu gün - 29 dekabr1989 — Türkiyənin ilk qadın vəkili Sürəyya xanım Əhməd bəy qızı Ağaoğlu-cu ildə vəfat etmişdir.
Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir.
Türkiyənin ilk qadın vəkili Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur.1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurmuşdur. Lakin bu izdivacdan onların övladı olmamışdır.
İstanbul Qız Liseyində təhsil aldığı illərdən vəkil olmaq arzusu ilə yaşayan Sürayyə Ağaoğlu 1920-ci ildə həmin Liseyi bitirir. 1921-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə sənədlərini təqdim etmək üçün müraciət etdikdə problemlə qarşılaşır. Həmin dönəmdə hüquq fakültəsində qadın tələbə olmadığı üçün İstanbul Universiteti rektoru Haldun Taner ona kömək edə bilməyincə, o, rektorun atası Səlahəttin bəyə müraciət etmək qərarına gəlir.
Sürəyya Ağaoğlu Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməlqoyucusudur. Bir sıra hüquqi məqalələrin, "Londonda gördüklərim" və "Bir ömür də belə keçdi" kitablarının müəllifidir.
29 dekabr 1989-cu ildə İstanbulda beyninə qan sızması nəticəsində vəfat etmişdir.

Tarixdə bu gün - 29 dekabr2016— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Salman oğlu Qurbanov vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil oldu. Daha sonra, 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollandı.
Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşdü və şəhid oldu. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qaldı. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verdi.
Çingiz Qurbanov doğulduğu Qusar şəhərində - Şəhidlər Xiyabanında dəfn edilmişdir.
2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı  adına layiq görülmüşdür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz