» » Tarixdə bu gün - 19 dekabr

Tarixdə bu gün - 19 dekabr

Müəllif: Dəyanət от 19-12-2017, 17:11
 
 
19 dekabr

İlin 353-cü günü (uzun illərdə 354-cü).
İlin sonuna 12 gün qalır.

Mühüm hadisələr:

1793 – Fransa hökuməti pulsuz və icbari ibtidai təhsil barədə qərar vermişdir.
1993 – Fransa prezidenti Fransua Mitranın dəvəti ilə Azərbaycan prezidenti Heydər Əliyev bu ölkədə rəsmi səfərdə olub. Bu, müstəqil Azərbaycanın dövlət başçısının Fransaya ilk səfəri idi.
2005 – 19 fransız tarixçi uydurma "erməni soyqırımı"nı tanıyan qanuna etiraz edib.
2006 – Liviyada 90-cı illərin sonunda 426 uşağı QİÇS-ə yoluxdurmaqda təqsirləndirilən 5 bolqar tibb bacısı və 1 fələstinli həkim edam edilib.
2008 – İqdırda "Ermənilər türk millətindən üzr istəsinlər" adlı internet kampaniya başlayıb.
2014  - Azərbaycan alimlərinin I Qurultayı keçirilib.
 

Tarixdə bu gün - 19 dekabr

Doğum günləri:

1906 – Sovet lideri Leonid Brejnev Yekaterinoslav quberniyasının Kamensk şəhərində anadan olmuşdur.
Tarixdə bu gün - 19 dekabrBrejnev dövrünün dünyamiqyaslı əhəmiyyətli hadisələri
"Dunay" əməliyyatı
1968-ci il 21 Avqustda keçmiş Çexslovakiyaya beş Varşava İttifaqı ölkələrinin (SSRİ, Bolqarıstan, Macarıstan, ADR və Polşa) ordusu daxil oldu. Orduların 36 saat ölkə ərazisində olması Çexoslovakiyada olan sosializmdən "kənaraçıxmaları" aradan qaldıra bildi və "həqiqi" sosializmə qayıdıldı.
Durğunluq
60-cı illərdə beynəlxalq münasibətlər kökündən dəyişmişdi. Hər iki supergüc ABŞ və SSRİ öz hərbi balanslarında bərabərlik yaratdıqdan sonra, daha çox strateji silahların azaldılması və silahlanma yarışını səngitmək istəyirdilər. Buna əsasən bir neçə müqavilə də imzalanmışdır. Boşalmanın ən yüksək həddi 1973-cü ildə açılmış olan Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında müşavirə oldu. Müşavirənin nəticəsi kimi 1975-ci ildə Helsinki də yekun akt imzalandı. Bu akta əsasən Avropada sərhədlərin dəyişdirilməməsi, ölkələrin suverenliyi və ərazi bütövlükləri, ölkələrin bir-birinə hörmətlə yanaşması, gücdən və hədədən istifadə etməmək haqqında ümumi razılıq alındı. Boşalmanın nəticəsi kimi hətta SSRİ-yə Pepsi-kola ixracı başlandı və onun ərazisində yeni zavodun tikintisi layihələşdirildi.
İkinci Vyetnam, amma SSRİ üçün
"Durğunluq" SSRİ-nin 1979-cu il 26 Avqustunda Əfqanıstana öz qoşunlarını daxil etməsi ilə qurtardı. Əfqanıstanda hakimiyyət çevrilişi oldu- Barbak Karmal hakimiyyətə gəldi. Əfqanıstanda olan vəziyyət ABŞ prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə köməkçisi, dünya miqyaslı analitik Zbiqnev Bjezinski prezidentə belə deyir: "Bizdə tarixi şans yaranıb ki, Sovet İttifaqına öz Vyetnamını verək". Sonrakı müddətdə Əfqanıstan "Soyuq müharibə"-nin əsas mərkəzinə çevrilmişdir. Rəsmi məlumatlara görə Sovetlər İttifaqı 15 minə yaxın əsgər itirmişdir (qeyri-rəsmi 40 min). Əfqanıstan tərəfi isə 1 mln-a yaxın şəhid vermişdir (o zaman ölkə əhalisinin sayı 13 mln.)
Olimpiada-1980
1980-cı il 19 iyuldan – 3 avqustadək Moskvada XXII yay olimpiadası keçirildi. ABŞ və bir neçə başqa ölkələr SSRİ-nin Əfqanıstana hücumu ilə əlaqədar boykot elan etdilər. Buna baxmayaraq olimpiada baş tutdu.
 
1921 — Azərbaycanlı boyakar, qrafik və teatr rəssamı, professor, SSRİ xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Cəvahirləl Tarixdə bu gün - 19 dekabrNehru adına beynəlxalq mükafatın, Azərbaycan SSR dövlət mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev Bakıda doğulmuşdur. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir.
Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir.
2002-ci il avqustun 21-də 80 yaşında vəfat etmişdir.
Mikayıl Abdullayevin yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik ümumiləşdirilməsi xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Bu xüsusiyyətlər onun "Mingəçevir işıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində" triptixində, "Çəltik əkən qızlar" əsərində daha aydın görünür. Milli ənənələrin, kənd yerində yaşayan insanların əməyi, məişəti, tipik mənəvi çalarların üzvi şəkildə müasirliklə vəhdətdə verilməsi Mikayıl Abdullayev yaradıcılığına xas xüsusiyyətdir. "Qırx birin iyunu" triptixinin mərkəzi hissəsi xüsusilə diqqəti cəlb edir. 1941- 45-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narahat, keşməkeşli həyatını əks etdirən əsər canlı povestdir. "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini parlaq boyalarla əks etdirir. Bu, rəssamın ən sevimli mövzusudur. İşlədiyi bir sıra tablolarda müasir qadın obrazı əks olunmuşdur. "Qarabağlı qızlar", "Lənkəranlı kolxozçu qadın", "Abşeronlu qadın", "Ananın gəncliyi" kimi əsərləri bu qəbildəndir. Xalq şairi Səməd Vurğun, yüz yaşlı naxışçı usta Babayev, şair, mütəfəkkir Nəsimi və başqa portretlər qalereyası, Abşeron peyzajları, natürmortlar, Əfqanıstan və başqa ölkələrə həsr etdiyi əsərlər Mikayıl Abdullayev yaradıcılıq diapazonunun genişliyinə şəhadət verir.
 
1934 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Şəfaət Tarixdə bu gün - 19 dekabroğlu Mehdiyev Bakı şəhərində Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Şəfaət Mehdiyevin ailəsində anadan olmuşdur. 1952–1957-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunu bitirdikdən sonra - 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda əmək fəaliyyətinə başlamışdır.
2001-ci ildə Arif Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilərək 2007-ci ilədək bu vəzifəni icra etmişdir. 2002-ci ildən etibarən ömrünün sonunadək o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır.
Elmi araşdırmaları yarımkeçiricilər fizikası ilə yanaşı, kosmik informasiya sahəsi ilə sıx bağlı idi.
Arif Mehdiyev bir sıra aerokosmik eksperimentlərin təşkilatçısı və elmi rəhbəri kimi də tanınır. Onun tədqiqatları elmdə yeni istiqamət olan kosmik informatikanın formalaşması və inkişafına xüsusi töhfələr vermişdir.
Arif Mehdiyevin araşdırmalarının nəticələri ölkəmizdə və xaricdə nəşr edilmiş 300-dən artıq elmi əsərdə və 50-dən çox ixtirada öz əksini tapmışdır. Onun rəhbərliyi altında Azərbaycanda onlarla elmlər doktoru hazırlanmışdır.
İlham Əliyev Arif Mehdiyevin "Şöhrət" ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Arif Mehdiyev Azərbaycan elminin inkişafında xidmətlərinə görə bu ordenə layiq görülüb.
18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Arif Mehdiyev "Şərəf" ordeni ilə təltif edilmişdir.

Tarixdə bu gün - 19 dekabr1938 –Filologiya elmləri doktoru, professor Akif Rüstəm oğlu Rüstəmov Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur.
Akif Rüstəmov 1964-1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır.
Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969-1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975-1989), jurnalistika fakültəsinin dekanı (1989-1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur.
 
 Tədqiqat sahəsi
Mass medianın hədəf auditoriyası, KİV-in fəaliyyətində auditoriyanın rolu və yeri.

1939 — Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, Tarixdə bu gün - 19 dekabrprofessor, kimya üzrə elmlər doktoru
Vaqif Məcid oğlu Fərzəliyev Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 189 saylı məktəbdə aldıqdan sonra, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) kimya fakültəsinə qəbul olunub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini qırmızı diplomla bitirdikdən sonra təyinatla Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna göndərilib, həmin il aspiranturaya daxil olub. 1968-ci ildə "Sürtkü yağlarına polimer aşqarların sintezi və tədqiqi" mövzusunda namizədlik dissertasiya mövzusu müdafiə etmişdir. 1986-cı ildə "Sürtkü yağlarına yüksək təsirli kükürdlü aşqarların işlənib hazırlanmasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1987-ci ildə isə professor elmi adını almışdır.
Akademik Vaqif Fərzəliyev neft kimyası və üzvi kimya sahəsində tanınmış alimdir. Sıravi aspirantdan görkəmli alim, bacarıqlı elm təşkilatçısı, nadir elmi istiqamətlər üzrə ixtisaslaşmış institut direktoru və daha sonra AMEA-nın akademik-katibi vəzifələrinədək böyük və şanlı həyat yolu keçmiş alimin tərcümeyi-halı məhz əsl istedadlı və zəhmətsevər ziyalılar üçün səciyyəvidir.
Vaqif Fərzəliyev 670 elmi əsərin, o cümlədən 114 müəlliflik şəhadətnaməsi və patent, üç monoqrafiyanın, bir kitabın müəllifidir. Onun əsərlərinin təxminən 300-ə yaxını xaricdə çap olunmuşdur. 120-dən çox elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub. Beynəlxalq (CRDF, STCU) və respublika (EİF, ARDNŞ-ın Elm Fondu) qrant layihələrinin qalibi olmuşdur.
 
Tarixdə bu gün - 19 dekabr1947 – Azərbaycanın Əməkdar incəsənət xadimi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru olmuş Əlizadə Rəhman Balarza oğlu Bakıda anadan olub.
1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. Nizami adına mədəniyyət evində bədii rəhbər işləyib. 1968- 1983-cü ildən 1993-cü ilədək Mərdəkan Xalq teatrının rejissoru olub.
1993-cü ildən 2006-cı ilədək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə dramaturq tək özünün qələmə aldığı "Sindibadın xoşbəxtlik adasına səyahəti", "Tıq-tıq xanım", "Bilqamıs əfsanəsi", "Keçəlin toyu", "Dəli Domrul", "Damdabaca", "Maymaq", "Eramızdan milyon il əvvəl", "Ay dəli", "Ələkbər əmi gülüş planetində", "Dəcəl çəpişlər, belə-belə işlər" pyeslərinə quruluş verməklə "Kuraj ana" (Bertolt Brext), "Pırpız Sona" (Cəlil Məmmədquluzadə), "Qızıl xoruz" (Aleksandr Puşkin), "Göyçək Fatma" (K.Ağayeva) və s. tamaşaları hazırlayıb.
28 oktyabr 2000-ci ildə Əməkdar İncəsənət xadimi fəxri adı ilə təltiflənib, 2002-ci ildən Prezident mükafatçısıdır.
2006-2009-cu illərdə Azərbaycan Gənclər teatrında baş rejissor işləyib.
2009-cu ilin aprel ayından yenidən Azərbaycan Dövlət Kukla Teatrına baş rejissor təyin olunub. Uilyam Şekspirin "Yay gecəsində yuxu", Nizami Gəncəvinin "Xeyir və Şər" və sairə tamaşalarını hazırlayıb.
2008-ci ildə "Komediyalar" kitabı nəşr olunub. Bu kitabda – "Laləli düzən", "Kəndimizin narları", "Dadaşbala əməliyyatı", "Doğmalar", "Dünyanın axırı", "Günah", "Əbləhlərin toyu" pyesləri toplanıb və s.
Rus dilindən K.Marlonun "Böyük Teymurləng" (Şəki Dövlət Dram teatrında hazırlanıb), J.B.Molyerin "Tartüf" (Lənkəran Dövlət Dram Teatrında hazırlanıb), V.Şekspirin "Yay gecəsində yuxu" (Dövlət Gənclər Teatrında hazırlanıb) əsərlərini tərcümə edib.
Otuz pyesin müəllifidir. İşlədiyi teatrlarda yetmişdən çox tamaşaya quruluş vermişdir.
Rəhman Əlizadə 15 mart 2013-cü ildə, 65 yaşında, ağciyər çatışmazlığından vəfat edib.
 
Tarixdə bu gün - 19 dekabr1950 –Xalq artisti, aktrisa Gülşən Qurbanova Bakıda anadan olmuşdur. 1974-cü ildə Ə.Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir. (1974). 1979 –2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmişdir.
Teatrdan ayrılandan sonra Gülşən Qurbanova telekanallara dəvət almış və uzun müddət AzTV-nin "Gəlin birlikdə gülək” adlı layihəsində çıxış etmişdir. Bu verilişdə onun tərəf müqabilləri Xalq artisti Yasin Qarayev və Əməkdar artist Azər Mirzəyev olurlar. AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq elədi. "Qaynar qazan” verilişinin aparıcısı kimi aktrisa və veriliş tamaşaçılar tərəfindən sevildi. Amma Gülşən xanım bu telekanaldan incik ayrıldı, "Lider” telekanalına üz tutdu və "Mikser” verilişini apardı.
Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış etmişdir.
Köhnə Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
 
Tarixdə bu gün - 19 dekabr1966 — İstedadlı teatr və kino aktrisası, Xalq artisti, Prezident mükafatçısı Mehriban Mürvət qızı Zəki Bakı şəhərində anadan olmuşdur.
1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və Kino Aktyorluğu" fakültəsini bitirmişdir. 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb.
2000-ci ildən 2011-ci ilədək "İbrus" Teatrında fəaliyyət göstərmişdir. 2005-2007-ci illərdə Milli Akademik Dram Teatrında işləmiş Mirmehdi Seyidzadənin əsərləri əsasında hazırlanmış "Füzuli və Əsmər" tamaşasında Əsməri oynamışdır.
1995-ci ildə Bişkəkdə keçirilən Ümümtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən "YUNESKO"-nun tədbiri olan Kitabi-Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmişdir
O, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız ("Ümid"), Lətifə ("Otel otağı"), Elmira ("Ailə"), Gülya ("Məkanın melodiyası"), Teybə ("Küçələrə su səpmişəm"), Maya ("Əlvida, cənub şəhəri"), Nara ("Düyün"), Nərmin ("Yalançılar"). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış etmişdir.
 
Tarixdə bu gün - 19 dekabr1969 – Məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Vaqif qızı Mustafazadə Bakıda anadan olmuşdur.
Anası Eliza Mustafazadə ilə bərabər Almaniyada yaşayır.
Əzizənin atası Vaqif, anası isə Eliza Mustafazadədir.
Valideynləri Əzizənin musiqiyə qarşı həssaslığını o hələ səkkiz aylıq ikən hiss edibmişlər.
Əzizə incəsənətin bütün növlərinə qarşı maraq göstərirdi, xüsusilə rəssamlıq, rəqs və ifaçılıq. İlk dəfə səhnəyə hələ üç yaşında ikən atasıyla birlikdə bədahətən mahnılar ifa edərək çıxmışdır. Sonralar o bədahət-improvizasiya sənətində artan bir bacarıq nümayiş etdirmişdir. Klassik piano təhsilinə kiçik yaşlarında başlamış, İohan Sebastian Bax və Frederik Şopen kimi bəstəkarların əsərlərinə xüsusi maraq göstərmişdir.
Dekabrın 16-sı 1979-cu ildə Əzizənin 10 yaşında olanda atası 39 yaşında Daşkənddə vəfat edir.
Atasını çox sevən Əzizənin bu böyük itkini qarşılaya bilməsi üçün anası öz müğənnilik karyerasını buraxır və qızının yüksək istedadının inkişafına da köməkçi olur.
17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynamışdır. Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçmüşdür.
Əzizə 2007-ci ilin iyununda Bakı Caz Festivalı üçün Azərbaycana qayıtmışdır. Bu müddət ərzində Opera və Balet Teatrında konsert vermişdir. Festivalın sonunda açıq hava altında, Yaşıl Teatrdakı konsertdə giriş ifasını yerinə yetirmişdir. Həmin konsertdə 'Shamans'-ın çox möhtəşəm bir ifasını nümayiş etdirmişdir.
 
Tarixdə bu gün - 19 dekabr1972 — MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyev Zəngilan rayonunda həkim ailəsində anadan olmuşdur.
1979-1989-cu illərdə Zəngilan şəhər 1 saylı orta məktəbdə orta təhsil almışdır.
1990-cı ildə Azərbaycan Texniki Universitetinə qəbul olub. 1995-ci ildə Universiteti bitirmişdir. Bundan sonra MTN-nin həqiqi hərbi xidmət sıralarına qəbul edilir. 1998-2010-cu illərdə baş zabit, bölmə və şöbə rəisi vəzifələrində çalışmışdır.
İşlədiyi illər ərzində Elşad Quliyev Milli Təhlükəsizlik Nazirinin əmri ilə "Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur.
Atası Vəli Quliyev həkim-cərrah, anası Kəsirə Quliyeva isə həkim-ginekoloqdur.
Həyat yoldaşı Sevinc xanım, oğlanları Əmmar və Nəimdir.
Qarabağ müharibəsi veteranıdır. 1995-ci ildən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində çalışmışdır.
6 aprel 2012-ci ildə Gəncə şəhəri Nizami rayonu Mahrasa bağı adlanan ərazidə silahlı qruplaşmayla MTN-in "Qartal" xüsusi təyinatlı dəstəsinin əməkdaşları arasında baş vermiş silahlı insident zamanı həlak olmuşdur.

Vəfat etmişdir:

1990 — Xalq yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Məmmədxanlı Ənvər Qafar oğlu Bakıda 77 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 19 dekabrƏnvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikomunda təhsil almışdır. Sonra Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdır. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi, Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi , İkinci dünya müharibəsi dövründə Cənub-Qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. Daha sonra Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir. 1944-1946-cı illərdə Təbrizdə nəşr olunan "Vətən yolunda" ordu qəzeti redaksiyasıda xüsusi müxbir kimi çalışmışdır . Ordudan tərxis ediləndən sonra- 1946-1964 –cü illərdə "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olmuşdur .
Ədəbi fəaliyyətə 1930-cu illərdən başlamışdır.
"Qərb cəbhəsindən məktub", "Analar yollara çıxdılar", "Yeni ilin hökmü", "Silahlı dağlar", "Qanlı möhür", "Buz heykəl", "Haralısan əsgər qardaş?", "Ananın ölümü","Ulduz", "Od içində" pyesləri və "Şirvan gözəli" kimi dəyərli əsərlərin müəllifidir.
1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.