» » Tarixdə bu gün - 9 dekabr

Tarixdə bu gün - 9 dekabr

Müəllif: Vüsal от 9-12-2017, 00:15
9 dekabr

İilin 343-cü günü (uzun illərdə 344-cü).
İlin sonuna 22 gün qalır.

Mühüm hadisələr:
1917 — İngiltərə ordusu Osmanlı dövlətinin tabeliyində olan Qüdsü işğal edib
1950 — Harri Gold atom bombasının sirlərini SSRİ-yə verdiyi üçün 30 il müddətinə azadlıqdan məhrum edilib
1985 — BMT-nin üzv ölkələri yekdilliklə terrorizmin bütün formalarını cinayət kimi qiymətləndirən qətnamə qəbul ediblər
1925 — Zaqafqaziya kommunist təşkilatlarının IV qurultayı başa çatıb
1927 — Sovet şairi Mayakovski Bakıya gəlib
1989 — AXC idarə heyəti buraxılıb, onun səlahiyyətlərini yerinə yetirən, radikallardan ibarət Müvəqqəti Təşkilat Qrupu yaradılıb və nəticədə radikallar daha da fəallaşıb
2007 — Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilib
 
Doğum günləri:

Tarixdə bu gün - 9 dekabr1994 — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Nicat Əli oğlu Xəlilli Zaqatala rayonunun Muğanlı kəndində anadan olub.
2001-2012-ci illərdə O.Rəsulov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb.
Nicat Xəlilli 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nicat Xəlilli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Milli ordumuzzun sıralarında Kəlbəcər və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Nicat Xəlilli oktyabrın 8-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Zaqatala rayonunun Muğanlı kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizəlrdə əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Xəlilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
 
Tarixdə bu gün - 9 dekabr2000 — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi Emil Zaman oğlu Əmirov Mingəçevir şəhərində anadan olub
Emil Əmirov 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycan torpaqlarına yenidən təcavüzü ilə başlayan Vətən müharibəsində i Milli ordumuzun sıralarında Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Emil Əmirov oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Bu döyüşlərdə əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əmirov ölümündən sonra "Vətən uğrunda" medal, 9.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Vəfat etmişdir:
 
Tarixdə bu gün - 9 dekabr1048 —Şərqin böyük mütəfəkkiri Əl-Biruni 75 yaşında vəfat etmişdir.
Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə anadan olmuşdur.
Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. Bu səyahətlər zamanı Biruni türk xalqlarının yaşadıqları ərazilər, onların adət-ənənə və mərasimləri barədə ətraflı məlumatlar əldə etmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazmışdır. "Nihâyâtü'l-Emâkin", qısa şəkildə "Hindistan" adlandırılan bu əsərdə Biruni, ilk dəfə olaraq yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu Kopernikdən 500 il əvvəl söyləmiş və məşhur hind astronomu Brahmaquptanın "Yer hərəkətdə, göylər isə sükunətdədir" fikrini əsaslandırmışdır. Beləliklə, o, Koperniklə başlayan müasir astranomiya və fizikanın ilk təməllərini yaratmışdır. Orta Asiyanın topoqrafiyasına dair əsərində Amu-Dərya çayının bir neçə dəfə öz yatağını dəyişməsi barədəki tədqiqatları xüsusilə maraqlıdır.
Biruni dünyanın bir çox ölkələrinin şəhərləri, o cümlədən Azərbaycanın o zaman məlum olan Bakı, Dərbənd, Bərdə, Beyləqan, Bəzz, Təbriz, Ərdəbil kimi qədim və böyük şəhərlərinin enlik və uzunluq dairələrini göstərmişdir. Ömrünün sonuna yaxın yazdığı "Kitâbü’l-Camahir fi Marifeti'l-Cevahir" kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş məlumat vermişdi.
Əl-Biruni, cisimlərin sıxlığını təyin edən cihaz düzəltmiş və "Xüsusi çəki" kitabında onu təsvir etmişdir. Bu xüsusi qab olub, içərisinə salınan cismin həcminə uyğun çıxarılan suyun həcmini dəqiq ölçmək üçün nəzərdə tutulmuşdur. O, cihazın dəqiq hazırlanmasına səy göstərmişdir. Əl-Biruni mayelərdə xüsusi çəkini ölçmək üçün düzəltdiyi başqa bir cihazın köməyi ilə suyun soyuq və isti hallarda, şirin və duzlu suların xüsusi cəkilərini təyin edərək göstərmişdir ki, suyun sıxlığı ilə onun xüsusi çəkisi arasında bir asılılıq mövcuddur.
Biruninin Gürgəncdə yazdığı "Müqayisəli çəki" adlı kitabında substansiyanın müqayisəli çəkisinin onun kimyəvi xassələri ilə əlaqəsinə aydınlıq gətirilmişdir. İbn Sina substansiyaların transmutasiyası üzrə də elmi tədqiqatlar aparmışdı. Bunların nəticələrini o, "İksir haqqında elmi əsər"ində ("Risolat əl-İksir") təsvir etmişdi. Məlum olduğu kimi, bu kitab 1005-ci ildə Xarəzmdə yazılmışdır.
Biruni 994-cü ildə Amu-Dərya çayının qərb sahili ilə Kot şəhəri arasında yerləşən, Buşkanz şəhərinin ekliptik səthinin ekvatora nisbətən əyilmə ölçüsünü dəqiq təyin etmişdir. 995-ci ildə Biruni Yer kürəsinin modelini hazırlamağa başladı. Bu, müxtəlif şəhərlərin, kəndlərin və coğrafi obyektlərin yerini dəqiq təyin etmək üçün diametri təqribən 5 metrə yaxın olan ilk relyefli qlobus idi.
Gürgəncdə öz elmi fəaliyyəti ilə məşğul olduğu vaxtda Biruni tərəfindən coğrafiyaya, hidrologiyaya, mineralogiyaya aid bir sıra tədqiqatlar da aparılmışdı.

Tarixdə bu gün - 9 dekabr1903- Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist böyük mütəfəkkir, gözəl müəllim  Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu Səfərov 49 yaşında Kəngərli rauonunun Qarabağlar kəndində vəfat etmişdir.
Məhəmməd Tağı Sidqi 22 mart 1854-cü ildə Ordubadda anadan olmuşdur.
Məhəmməd Tağı Sidqi mədrəsə təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolu oynayırdı. Sidqi Ordubadda "Əxtər" (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə "Tərbiyə" ("Məktəbi-Tərbiyə", 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur.
Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin ("Nümuneyi-əxlaq", "Töhfeyi-bənat, yainki Qızlara hədiyyə", "Müxtəsər coğrafiya risaləsi" və s.) müəllifidir (əlyazmaları Azərbaycan Mlli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanır). Sidqi müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən idi. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), "Məsnəviyyati-mənəviyyə" adlı irihəcmli mənzumədən, "Kəbb Nəsir" mənzum hekayətindən, "Heykəli-insanə bir nəzər" ədəbi-fəlsəfı traktatından (1912-ci ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. "Məktəb hekayələri" kimi tanınan bu əsərlərdə ("Məktəbə davam", "Gözütox uşağın hekayəti", "Yalançı uşaq", "Səxavətli uşaq" və s.) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ etmişdir. Onun təşəbbüsü ilə "Tərbiyə" məktəbində A.S.Puşkinin anadan olmasının 100 illik yubileyi keçirilmiş (1899), bu münasibətlə Sidqi məruzə etmişdir (1914-cü ildə kitabça halında çapdan çıxmışdır). Sidqi publisistika sahəsində də fəaliyyət göstərmiş, "Tərcüman" (Baxçasaray), "Əxtər" (İstanbul), "Həblülmətin" (Kəlkətə), "Kaspi" (Bakı), "Nasiri" (Təbriz) və s. qəzetlərlə yaxından əməkdaşlıq etmiş, ara-sıra məqalələr dərc etdirmişdir. Ana dilində "Çıraq" adlı qəzet çıxarmaq üçün təşəbbüs göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 150 illik yubileyinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqında" 11 mart 2004-cü il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Kukla Teatrına Məhəmməd Tağı Sidqinin adı verilmiş, onun adını daşıyan Naxçıvan şəhər 4 nömrəli və Ordubad şəhər 1 nömrəli orta məktəblərində xatirə güşələrinin yaradılması, seçilmiş şerlərinin nəşr olunması və digər tədbirlər nəzərdə tutulmuşdur.
Məzarı Naxçıvan şəhərindədir.

Tarixdə bu gün - 9 dekabr1963 —Tanınmış rejissor, Əməkdar İncəsənət xadimi Lətif Səfərov 43 yaşında Bakıda faciəli şəkildə həlak olmuşdur.
Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulub. 7 yaşında ikən rejissor Leo Murun "Gilan qızı" ("Tunc ay") filmində çəkilib. Sonra yaradıcı heyətlə birlikdə Bakıya gələrək studiyada ştata qəbul olunub. 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarını oynayıb. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən sənətin sirlərini öyrənib. Müharibənin başladığı üçün təhsilini yarımçıq qoyaraq Bərdəyə qayıdıb və 1941-1946-cı illərdə burada müəllimliklə məşğul olub. 1946-cı ildə Moskvaya geri dönərək təhsilini davam etdirib. 1950-ci ildə təhsilini başa vurub və professional kinematoqrafçı kimi Bakıya dönüb, kinostudiyada işləməyə başlayıb. 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verib. 1955-ci ildə ona "Sevimli mahnı" ("Bəxtiyar") filmini çəkmək həvalə olunub. Bu lentlə o, böyük kinoda ilk filmini yaradıb. Filmin ssenarisini Boris Laskin və Nikolay Rojkov qələmə almışdı və ssenari nə qədər beynəlmiləl ruhlu idisə, film bir o qədər milli alınmışdı. O, baş rola Rəşid Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı Tofiq Quliyevin lirik mahnıları məhz belə bir müğənninin rola dəvət olunmasını tələb edirdi. Rəşid Behbudovun "Arşın mal alan" filmindəki uğuru onun özünü də kinoya bağlamışdı. Beləliklə, Rəşid Behbudov bu filmilə özünün yeni bir ekran triumfunu etmiş oldu. "Bəxtiyar" filmi Azərbaycan kinosunda musiqili bədii filmin ən layiqli nümunəsinə çevrildi. Tofiq Quliyevin filmdəki "Zibeydə", "Qızıl üzük", "Bakı" mahnıları dillər əzbəri oldu. Rejissor bu filmdə həm də çox maraqlı bir aktyor ansamblı yarada bilmişdi. Rəşid Behbudovla yanaşı tanınmış aktyorlar Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli və digərlərinin oyunu filmin ümumi ahənginə xüsusi təsir göstərmişdi.
Lətif (film, 1930) filmindən kadr. Lətif Səfərov Lətif rolunda.
"Qızmar günəş altında", "Leyli və Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bildi.
Lətif Səfərov 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Sonra "Koroğlu" filmini lentə almağa başlayıb. 1963-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən çıxarılıb.
Lətif Səfərov 1963-cü il dekabrın 9-da ov tüfəngi ilə intihar edib.
Müğənni Şövkət Ələkbərovanın həyat yoldaşı olmuşdur.

Tarixdə bu gün - 9 dekabr1973 —Azərbaycanın Xalq artisti , görkəmli aktyor Lütfəli Əmir oğlu Abdullayev 59 yaşında Bakıda vəfat etmişdir.
Lütfəli Abdullayev 1914-cü il mart ayının 22 -də Nuxa şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və vodevillərdə oynayıb.
1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salmışdır. Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçib. Burada Tulio ("Rəqs müəllimi", Lope de Veqa), Rəşid ("Kimdir müqəssir?", Georgi Mdivani), Tağı ("Köhnə dudman", Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı), Nadir ("Çiçəklənən arzular", Məmmədhüseyin Təhmasib) rollarında çıxış edib. İki ildən sonra o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb.
1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb. Lütfəli Abdullayev teatrın aparıcı sənətkarı kimi Musiqili Komediya Teatrının, demək olar, ən populyar, uğurlu və uzunömürlü tamaşalarında çıxış edib. Onun yaradıcılığını üç bölümə ayırmaq olar:
-klassik operettalarda oynadığı rollar;
-tərcümə əsərlərində ifa etdiyi səhnə surətləri;
-çağdaş bəstəkarların musiqili komediyalarında yaratdığı koloritli personajlar.
Klassik operettalardakı rollar siyahısına Üzeyir bəy Hacıbəyovun əsərlərində oynadığı Vəli və Soltan bəy ("Arşın mal alan"), Hambal, Cəfər və Məşədi İbad ("Məşədi İbad"), Zülfüqar bəy Hacıbəyovun əsərlərində ifa etdiyi Kəblə Heydər ("Evliykən subay"), Vəli və Sandro ("Aşıq Qərib"), Qulu ("Əlli yaşında cavan") obrazları daxildir.
Aktyorun milli və tərcümə klassik əsərlər əsasında müasir bəstəkarların musiqi bəstələdikləri komediyalardakı Kərim ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə və Niyazi), Qulaməli ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Trufaldino ("İki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə və Vasif Adıgözəlov ilə Ramiz Mustafayev), Baqqal ("Keçmişin məişət səhnələri", Mirzə Ələkbər Sabirin satirik şeirləri əsasında libretto müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) rollarını da buraya daxil etmək olar.
Tərcümə edilmiş musiqili komediyada oynadığı komik personajlar: Hamlet ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şoto Milorava), Avo ("Şirin arzular"), Çako ("Keto və Kote", Vladimir Dolidze).
Aktyorun əlvan yaradıcılığında çağdaş sənətkarların yazdıqları musiqili komediyalarda oynadığı rollar çoxluq təşkil edir. Bunlardan əsasları Möhsün ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qoşun ("Toy kimindir?", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Dursun və Kərim kişi ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Məhəmməd ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Güloğlan ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Bağırov), Şakir ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Dilavərzadə ("Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid Rüstəmov), Səməndər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Hacı Kərim ("Hacı Kərimin Aya səyahəti", Qulamrıza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev), Murtuzov və Alanzadə, Eynəkii ("Özümüz bilərik", "O1madı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Darçmov ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Səbrəli ("Bizə bircə xal lazımdır", Qulamrıza Cəmşidi ilə Bəşir Səfəroğlu və Telman Hacıyev), Qüdrət Səda ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov), Cabbar ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev), Məmmədəli ("Məmmədəli kurorta gedir", Atif Zeynallı və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Polad baba ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov), Ələsgər ("Həmişəxanım", Salam Qədirzadə və Süleyman Ələsgərov), Mitoş ("Hicran", Sabit Rəhman və Emin Mahmudov (Sabitoğlu) obrazlarıdır.
Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı "Arşın mal alan" filmində Vəli rolu olub. O, bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar "SSRİ Dövlət mükafatı" adlandı) layiq görülüb. Lütfəli Abdullayev həmçinin "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefçilov) filmlərinə çəkilib.
Öz yaradıcılığında "Qaravəlli" oyun-tamaşa estetikasının "açıq yumor" üslubundan daha çox bəhrələnən Lütfəli Abdullayev tipik xarakterlər yaratmağa üstünlük verib. Bu istiqamətdə əsasən şarjla qroteskə əsaslanıb. Zil olmayan, lakin şirin ləhcəli avazını oynadığı obrazların xarakterinə uyğunlaşdırmağı məharətlə bacarıb.
Yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə ona xalq artisti fəxri adı verilib.
Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır. Bakıda adına küçə var.
2014-cü ildə Lütfəli Abdullayev haqqında "Ürəklərdə yaşayan sənətkar Lütfəli Abdullayev" qısametrajlı səndəli fim çəkilmişdir.Filmin rejissoru Sənan Sultanovdur. Baş rolda Məhəmməd Samiroğlu oynayır.
Lütfəli Abdullayev bir çox Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə,1946 cı ildə SSRİ Dövlət mükafatı ilə təltif edilmişdir.
13 fevral 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
 
1991 - Azərbaycanın Milli Qəhrəmanı Rizvan Rəhmən oğlu Teymurov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Tarixdə bu gün - 9 dekabrRizvan Teymurov 16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində anadan olmuşdur. 1984-cü ildə Quşçular kəndindəki orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmışdır. Rizvan 1987-ci ildə iş üçün Arxangelsk vilayətinə gedir. 1990-cı ildə isə Vətənin çətin məqamında geri dönərək Şuşa rayon Daxili İşlər Şöbəsinin nəznində yaranan polis alayına yazılmışdır.
Cəsur, qeyrətli oğullardan ibarət olan bu polis alayı Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində onlarla erməni yaraqlılarını məhv etmişdi. Rizvan Qarabağı qarış-qarış gəzmişdi, dəfələrlə qaynar döyüşlərdə ermənilərlə amansız döyüşlərdə iştirak etmişdir . 1991-ci il 9 dekabr Kərkicahan ətrafında gedən qanlı döyüşlərdə cəsur polis əməkdaşı qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası pPrezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Şuşa rayonunun Quşçular kəndində dəfn edilib.
Bakının Nizami rayonundakı küçələrdən biri və həmçinin Quşçular kənd orta məktəbi onun adını daşıyır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.