» » Tarixdə bu gün - 20 noyabr

Tarixdə bu gün - 20 noyabr

Müəllif: Vüsal от 20-11-2017, 00:15

 
20 noyabr

İlin 324-cü günü (uzun illərdə 325-ci). İlin sonuna 41 gün qalır.

Mühüm hadisələr:

1945 — İkinci Dünya Müharibəsi hərbi cinayətkarlarının mühakimə edildiyi "Nürenberq prosesi" başlamışdır. Nürenberq prosesi həm də sinxron tərcümənin başlanğıcı kimi qəbul edilir.

1959 — BMT "Uşaq hüquqları haqqında Bəyannamə" qəbul etmişdir.
1975 — Bakıda Üzeyir Hacıbəyovun ev muzeyi açılmışdır.
1979 
— Xəstələrə ilk dəfə süni qan köçürülmüşdür.
1985
 — Microsoft Windows 1.0. təqdim edilmişdir.
1991 — Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri vurulmuşdur.
İstintaq sənədlərinə görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Tarixdə bu gün -  20 noyabr

Məmmədov Vəli Hüseyn oğlu —

1931-ci il yanvarın 7-də Yardımlı rayonunda anadan olmuşdur.

 Yardımlı kənd orta məktəbini bitirmişdir. 1947-1952Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir .

1953-cü ildə  ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuş, N. Nərimanovun yaradıcılığı mövzusunda tədqiqat aparmışdır . Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunda kiçik elmi işçi olmuşdur (1957-1960), "Azərbaycan ədəbiyyatı tarixi"nin (üç cilddə) ikinci cildinin yazılması və hazırlanmasında fəal iştirak etmişdir.

1960-1963-cü illərdə Azərbaycan KP MK-da təlimatçı, şöbə müdiri , Baş Siyasi Ədəbiyyat idarəsinin rəisi (1963-1965), yenidən Azərbaycan KP MK-da elm və mədəniyyət şöbəsinin müdir müavini (1965-1966), Bakı şəhər partiya komitəsində ideologiya üzrə katib (1966-1971), siyasi maarif evinin müdiri, eyni zamanda Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdir müavini (1971-1988), indiki Səbayel rayon partiya komitəsinin birinci katibi (1988-1990) vəzifələrində işləmişdir.

20 noyabr 1991-ci ildə erməni terrorizminin qurbanlarından biridir, məlum vertalyot qəzasında həlak olub.

Tofiq Kazım oğlu İsmayılov —

1933-cü il iyunun 21-də Bakı şəhərində anadan olmuşdur.

Tofiq İsmayılov 1941-1951ci il illərdə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra elə həmin ildə Moskva şəhərində Qırmızı Əmək Bayraqlı Elektrotexniki Rabitə İnstitutuna daxil olmuş və 1956-cı ildə bu institutu müvəffəqiyyətlə bitirərək Moskva şəhərində müxtəlif qabaqcıl müəssisələrdə əmək fəaliyyətinə başlamışdır.

1967-ci ildən 1985-ci ilədək Tofiq İsmayılov Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində çalışməşdır:  1982-ci ildən ömrünün sonuna qədər Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində çalışmışdır. 1969-cu ildə o, müvəffəqiyyətlə elmlər namizədliyi, 1979-cu ildə isə doktorluq disertasiyasını müdafiə edərək texnika elmləri doktoru, sonralar isə professor elmi adına layiq görülmüşdür.

T.K. İsmayılov 1991-ci ilin sentyabrında Azərbaycan Respublikasının ilk Dövlət Katibi vəzifəsinə təyin edilmişdi.

1991-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq Kazım oğlu İsmayılov Qarabağın Qarakənd kəndi üzərində "Mİ-8" hərbi vertolyotunda faciəli surətdə həlak oldu.

Zülfü Saleh oğlu Hacıyev—

1935-ci ildə  Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi medalla, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini isə fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib. Bir müddətdən sonra Sumqayıt şəhərinə qayıtmış, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan Qırmızı Əmək Bayrağı Ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsinə irəli çəkilmişdir.

O, Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışmış, plenum üzvü, ali və yerli sovetə deputat seçilmişdir. 1976-cı ildən ömrünün sonunadək 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Zülfü Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt həm də Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü olmuş, son vaxtlar isə həmin komitəyə sədrlik edirdi.

Qarakınd səmasında vurulan vertolyot da şəhid olanlardan biri də Zülfü Hacıyev idi.

Sumqayıtda on dörd il işlədiyi trestə, tikdirdiyi on beş orta məktəbdən birinə, saldırdığı ən geniş, yaraşıqlı küçələrdən birinə Zülfü Saleh oğlu Hacıyevin adı verilmişdir.

Gəncə şəhərində və Sumqayıt şəhərində küçələrdən biri onun adını daşıyır.

Sabirabad rayon 7 saylı tam orta məktəbi, Sumqayıt şəhər 17 saylı orta məktəbləri də Zülfü Hacıyev adınadır.

1982-ci ildə istehsal olunan gəmi (IMO № 7912161) Zülfü Hacıyevin adını daşıyır.

Osman Mirzəhüseyn oğlu Mirzəyev —

1937-ci il aprelin 13-də Bakının Keşlə qəsəbəsində anadan olmuşdur.

190 saylı orta  məktəbdə təhsilini başa vuraraq S.Kirov adına Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsinin jurnalistika şöbəsinə qəbul olunmuşdur.

7 il     "Molodyoj Azerbaydjana" qəzetində  fəaliyyət göstərmişdir.

1968-1990-cı illərdə "Vışka"da çalışan Osman Mirzəyev qəzetin ən mühüm şöbələrindən olan partiya həyatı və təbliğat şöbəsinin müdiri vəzifəsindən məsul katib vəzifəsinədək böyük yaradıcılıq yolu keçmişdir. Daha sonra, 1978-ci ildə isə o, redaktor müavini vəzifəsinə təyin olunmuşdur.

1988-ci ildə isə mətbuat sahəsində göstərdiyi xidmətlərə görə "Azərbaycan SSR-in Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.

1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Apparatında məsul vəzifəyə irəli çəkilmişdir.

Qarakınd səmasında vurulan vertolyot da Osman Mirzəyev də vardı.

 Məhəmməd Nəbi oğlu Əsədov—

 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub.

1965-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət universitetinin "Maliyyə və kredit” fakültəsinə daxil olub. 1965-ci ildə 2 saylı trestdə mühasib işləyib, 1967-1968-ci illərdə Plan şöbəsinin müdiri vəzifəsində çalışıb. 1968-ci ildə Məhəmməd Əsədov Sumqayıt Şəhər Partiya Komitəsinin Sənaye şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkilib.

1973-1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin müdiri, 1975-1978-ci illərdə isə Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. 1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib.

1980-ci ildəMəhəmməd Əsədov Moskva Təhlükəsizlik Akademiyasına göndərilib. 1982-ci ildə akademiyanı qırmızı diplomla başa vurub. Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb.

1983-1986-cı illərdə Jdanov Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib.

Sonra Mərkəzi Komitəyə dəvət edirlər və 1986-cı ildən 1988-ci ilə qədər Məhəmməd Əsədov inzibati orqanlar şöbəsinə müdirlik edir.

 1988-1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin ,   1989-1990-cı illərdə bu fəaliyyətini Quba Rayon Partiya Komitəsinin birinci katibi kimi məsuliyyətlə davam etdirir.

Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilir.

O, daim sərhəd rayonlarına, Qarabağa, Ağdama, Göygölə, Gədəbəyə, Kəlbəcərə, Laçına, Goranboya, Tərtərə gedir. Çaykənd, Qarabulaq, Todan, Erkəç, Mənəşli və digər kəndlərin quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edir. Qarakənd səmasında verulan vertolyotda həlak olanların arasında Məhəmməd Əsədov da vardı.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bakıda Xətai rayon 29 saylı tam orta məktəb onun adını daşıyır. Məktəbin həyətində Məhəmməd Əsədovun büstü ucaldılıb.  

Zəngilan, Sumqayıt, Ağsu, Beyləqan, Ağdaş, Quba və Bakıda bir neçə təhsil müəssisəsi, gəmi, küçə və xiyaban, idarə və müəssisə onun adını daşıyır.

İsmət İsmayıl oğlu Qayıbov—

8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində müəllim ailəsində anadan olub.

 Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə almışdır.

 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

1969-cu ildə Əli-Bayramlı Şəhər Komsomol Komitəsinin birinci katibi seçilir.

1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilir.1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987-1990-cı illərdə n Sumqayıt şəhərinin prokuroru, 1990 —  1991 Azərbaycan SSR Baş Prokuroru  

vəzifələrində çalışmışdır.

1991-ci il noyabrın 20-də Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Həlak olanlar arasında İsmət Qayıbov da var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak oldu.

Gəncə şəhərində təhsil aldığı 1 saylı orta məktəb, Bakıdakı Bakıxanov qəsəbə stadionu, Qubadlı rayonunda onun adına Saray kənd tam orta məktəbi, Maştağa qəsəbəsində İdman Təlim Mərkəzi, Mingəçevirdə 10 saylı tam orta məktəb və neft tankeri onun adını daşıyır. Sumqayıtda 1 saylı tam orta məktəbi və küçə onun adını daşıyır.

 İsmət Qayıbovun abidəsi Bakıdakı Fəxri Xiyabanda yerləşir.

Qurban Namazəliyev —

17 noyabr 1947-ci ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur.

1954-1965-ci illərdə orta məktəbdə təhsil almışdır.  1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra Bakı şəhəri 4 №-li tikinti trestində mühəndis, usta, sahə rəisi, baş mühəndis, daha sonra  Nazirlər Sovetində tikinti şöbəsində çalışmışdır. 5 il Naftalan şəhər sovetinin sədri işmişdir. 1991-ci il avqust ayından Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini təyin edilmişdi.

1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulmuş və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – dövlət katibi, Məhəmməd Əsədov – Daxili İşlər Naziri, İsmət Qayıbov – Azərbaycan Respublikasının Baş Prokuroru və digər şəxslərlə bərabər Qurban Namazalıyev də şəhid olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilib.

Qurban Namazalıyev Xurşud xanımla ailə qurmuşdu.

Ruslan adlı oğlu, Leyla və Nigar adlı qızları vardır.

Vaqif Cəfər oğlu Cəfərov—

1949-cu il, aprel ayının 18-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur.

1966-cı ildə Şuşa şəhəri 1№-li orta məktəbini, 1972-ci ild də M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunun energetika fakültəsinin bitirmişdir.

1973-ci ildə ordudan tərxis olunaraq, Şuşaya qayıdıb müəyyən dövrlərdə "Şuşa" qəzeti redaksiyasında şöbə müdiri, DQMV Komsomol Komitəsi təşkilat şöbəsində təlimatçı, 1974-1976-cı illərdə Ağdərə rayon komsomol komitəsinin II katibi vəzifəsində işləmişdir.

1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur.

1988-ci ilin avqust ayından 1991-ci ilin oktyabr ayınadək Vaqif Cəfərov Şuşa rayon Partiya Komitəsinin I katibi vəzifəsində işləmişdir.

1991-ci ilin oktabr ayında Azərbaycan Respublikasının Tikinti- Sənaye nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

1991-ci il noyabr ayının 20-də torpağlarımızın suverenliyi uğrunda apardığı mübarizə zamanı Qarabağda Qarakənd səması erməni düşmənlərimiz tərəfindən vurulmuş Mi-8 vertolyotunda bir çox görkəmli dövlət məmurları ilə birlikdə şəhid olmuşdur.

Ağcabədi rayonundakı məktəblərin biri və Xəzər Dəniz Gəmiçiliyinin nəzdində olan gəmilərdən biri Vaqif Cəfərovun adını daşıyır.

Alı Mustafa oğlu Mustafayev—

 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur.

 1969-cu ildə kənd məktəbini bitirmiş, ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

Alı Mustafayev "Günün ekranı” proqramının aparıcı əməkdaşlarından biri idi.

Alı Mustafayev, Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdır.

O, 1989-1990-cı illərdə Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur.

Bakı şəhər Nərimanov rayonundakı 202 saylı orta məktəb və küçə Alı Mustafayevin adını daşıyır.

 Onun adını həm də 1992-ci ildən gəmi daşıyır.[

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Fəxrəddin İbrahim oğlu Şahbazov —

22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdur.

1957-1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır.

1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır.

1988-ci ildən başlayaraq ermənilər  Dağlıq Qarabağa hücum edəndə  Fəxrəddin könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Bakı şəhərinin Məmməd Əmin Rəsulzadə qəsəbəsindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır.

Tarixdə bu gün -  20 noyabr

   

 Tarixdə bu gün -  20 noyabr

1992 — Azərbaycan-İran birgə komissiyasının 6 noyabrda Bakıda başlayan iclası başa çatmışdır. İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında memorandum imzalamışdır.

2000 — Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş 730-cu görüşündə AŞPA-nın 2001-ci ilin yanvar ayında keçiriləcək növbəti sessiyasına qədər bütün iclaslarının gündəliyinə "Ermənistan və Azərbaycanın demokratik inkişafının müşahidə edilməsi" adlı bənd daxil edilməsi qərara alınmışdır. Bir digər qərarla, Monitorinq Qrupu ("AQO" qrupu) İtaliyanın Daimi Nümayəndəsinin Sədrliyi ilə Avstriya, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Latviya, Niderland, Rumıniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Türkiyə və Almaniya nümayəndələrindən təşkil edilmişdir.
2003 — İstanbulda ingilis səfirliyinə və HSBS banka silahlı hücum nəticəsində 30 nəfər həlak olmuş, 450-dən çox insan yaralanmışdır. 
 

 Doğum günləri:


 

Tarixdə bu gün -  20 noyabr  1904 —  Məşhur neftçi, Sosialist Әməyi Qəһrəmanı , SSRİ Dövlət mükafatı laureatı Mixail Pavloviç Kaveroçkin Şamaxı qəzasının Mərəzə rayonunda anadan olmuşdur.

M.Kaveroçkin əmək fəaliyyətinə 1920-ci ildə başlamışdır. 1925—57-ci illərdə Azərbaycan SSR neft sənayesində çalışmışdır. Kaveroçkin açıq dənizdə (Xəzərdə) dərin neft quyusu qazmağın pionerlərindən olmuş, 1949-cu ildə Neft Daşlarında ilk kəşfiyyat quyusunu qazımışdır. 1955—57-ci illərdə Azərbaycan SSR Ali Soveti sədrinin müavini seçilmişdir. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir.

1947-ci ildə Bakıda Dəniz Qazma Tresti yaradıldı. Bu trestin Buzovnada yenidən yaradılmış kontoruna daxil olan ilk qazma ustalarından biri 1945-ci ildə ordudan tərxis olunan M.P.Kaveroçkin olmuşdur.

 

Mərdəkan-dənizdə 3 №-li quyunun qazılması ona həvalə edildi. Mərdəkan neft sahəsində quyunun qazılmasını başa çatdırdıqdan sonra 1946-cı ildə Gürgən-dəniz sahəsinin kəşfiyyatına başlayan briqada burada 1946-1949-cu illər ərzində bir neçə neft quyusunun qazılmasını başa çatdırdı.  Onlar ardıcıl olaraq Çilov adasında, Qriqorenko Daşlarında, Qarabatdaq Daşı adasında, o cümlədən Darvin b., Andryevskidə, (şimali Artyom adası) axtarışlar apardılar. Kəşfiyyatın dəniz sahələrinin bir sırasında aparılmasına baxmayaraq, geoloqların diqqətini daha çox Cənub-Şərqi Çilov adasının 22 km yerləşən, sualtı qaya silsilələri ilə əhatə olunmuş kiçik ada – "Neft Daşları” cəlb edirdi.

 

Geoloqların əldə etdikləri nəticələr o qədər səmərəli və inandırıcı idi ki, artıq 1948-ci ildə dərin kəşfiyyat quyusunun əsasının qoyulmasının zəruriliyi haqda məsələ qaldırıldı. 1948-ci ilin dekabrında yeni sahələrin hazırlanma kontorunun direktoru B.M. Poşinin rəhbərliyi ilə adaya inşaatçıların briqadası gəldi və qazma üçün bütün tikinti işlərini vaxtından əvvəl başa çatdırdılar. Artıq qazma işlərinə başlamaq olardı, lakin qazma kontorunun və dəniz qazma trestinin rəhbərliyi gözlənilmədən yeni çətinliklərlə üzləşdi. Çətin hidrometeoroloji şərait, adanın materikdən çox uzaqda yerləşməsi, buruğun və briqadanın lazımi avadanlıqlarla, materiallarla, su və ərzaq məhsulları ilə təchiz olunmasında meydana çıxacaq çətinliklər və əlbəttə ki, aşağı əmək haqqı qazmaçıları qorxudurdu. Dənizi sonsuz məhəbbətlə sevən, qazma texnologiyasına yaxşı bələd olan Kaveroçkin briqadanın üzvləri ilə asanlıqla ümumi dil tapırdı.

 

Elə bunun nəticəsi idi ki, M. Kaveroçkinin Neft Daşlarına birinci kəşfiyyat quyusuna usta təyin olunması haqda əmr verildi. 1949-cu ilin ilk günlərində tanınmış usta Kaveroçkinin briqadası adaya yaxınlaşdı və qayalar evdə məskunlaşdı. Ağır, gərgin əməklə dolu bir neçə ay keçdi. Quyunun qazılması başa çatmaq üzrə idi. Quyunun dibindən götürülmüş süxur nümunələri briqadanı, geoloqları və bütün dəniz kəşfiyyatçılarını sevindirdi. Balta dərinə getdikçə quyudan götürülən süxurlar bir o qədər neftlə zəngin olurdu. Yeni kəşfiyyat quyularının planı hazırlanır, bu zəngin sahənin işlənmə planı qurulurdu. Gərgin əmək, böyük iradə qüvvəsi hesabına başa gələn qələbə axır ki ,əldə olundu. 1 quyu güclü neft fontanı vurdu.

 İlk quyunun qazılmasından 8 il sonra -  1957-ci il noyabrın 21-də fırtınalı gecədə güclü dalğalara tab gətirməyərək dağılan dəniz özülü özünün nəhəng metal hissələri altında növbədə olan Kaveroçkinin briqadasını – Süleyman Bağırovu, Nikolay Duplixini, İbrahim Sadıqovu, Məmməd Muradovu, Bala Mirzəyevi və başqalarını əbədi sükuta qərq etdi.

Tarixdə bu gün -  20 noyabr1935 — Məşhur  muğam ifaçısı,  Azərbaycan Respublikasının Xalq artisti Qədir Çərkəz oğlu Rüstəmov ildə Ağdam rayonunda anadan olmuşdur.

Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdır.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – "Rast”, "Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında "Sona bülbüllər” mahnısı xüsusilə sevilir.

Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarır.

14 dekabr 2011-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur.

 

Tarixdə bu gün -  20 noyabr1958 — Azərbaycanın Milli Qəhrəmanı  Əlabbas Qara oğlu  İsgəndərov Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur.

Əlabbas cavanlığında Kolanı obasında əyilməzliyi, ədəb-ərkanı  ilə ad-san çıxarmış,   hamının hörmətini qazanmışdır.

18 yaşı tamam olduqda ordu sıralarına çağırılır, tərxis edildikdən sonra isə öz doğma obasına dönərək təsərrüfatla məşğul olur. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas oldu.

1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz mühasirdən çıxa bilmirdi: erməni yaraqlıları onları hər tərəfdən atəşə tuturdular, məhz Əlabbasın qəhrəmanlığı ilə onlar gizli yollarla hərbi hissəyə dönə bildilər.

 4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə  Əlabbas qəhrəmancasına həlak oldu.

Evli idi, üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə Əlabbas Qara oğlu İsgəndərov  ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı  fəxri adına layiq görülmüşdür.

Ağdamın Şəhidlər Xiyabanında dəfn edilmişdir.


Tarixdə bu gün -  20 noyabr1960— Azərbaycanın Milli Qəhrəmanı  Gültəkin Məlik qızı Əsgərova  Bakı şəhərində anadan olub.

978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Gültəkin fizika, kimya, riyaziyyat fənləri üzrə məktəbdə keçirilən olimpiyadalarda daim iştirak edərək həmişə qalib adını qazanıb. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra isə Uroloji xəstəxanada...

O, burada anestezioloq-reanimatoloq vəzifəsində işləyir, həkimlərin dərin hörmətini qazanır. Dağlıq Qarabağ hadisələri başlayanda qəlbi qəzəb alovuna bürünür. 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərir. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparır, onlara ilk tibbi yardım göstərir. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edir. Uzun döyüş yolu keçən Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur.

Ailəli idi. Bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdur.

Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, Bakı şəhər Nərimanov rayonunda büstü qoyulmuşdur. Xəzərdə üzən gəmilərdən biri Qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılmışdır. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə də büstü qoyulmuşdur. 


Vəfat etmişdir:

Tarixdə bu gün -  20 noyabrL.N.Tolstoy1910 — Görkəmli rus yazıçısı Lev Tolstoy 82 yaşında vəıfat etmişdir.
 9 sentyabr 1828-ci ildə Tula quberniyasında - Yasnaya-Polyanada anadan olub.
Yazdıçı "Hərb və Sülh" və "Anna Karenina" əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmışdır. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinqkimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Tolstoy 1880-ci ilin martında şair Afanasi Fetə məktubunda yazırdı ki, Azərbaycan mütəfəkkiri və şairi Mirzə Şəfi Vazehin əsərlərini oxuyub və onları yüksək qiymətləndirir.
L. Tolstoyun hekayələri ilk dəfə Azərbaycan dilinə 1882-ci ildə tərcümə olunub. XIX əsrin sonları və XX əsrin əvvəllərində L.Tolstoyun əsərlərinə Azərbaycanda çıxan "Kaspi”, "İttifaq”, "Səda”, "Təzə həyat” qəzetlərində geniş yer verilib.
1894-cü ildə Bakı şəhər rus-müsəlman məktəbinin direktoru Sultanməcid Qənizadə L.Tolstoyun "Birinci araqçəkən” komediyasını azərbaycan dilinə tərcümə edib və ona həvəskar səhnədə quruluş verib.
1907-ci ildə Hacıağa Abbasov məktəbin direktoru Sultanməcid Qənizadə ilə birlikdə Yasnaya Polyanaya gəlir və L.Tolstoyun hekayəsini Azərbaycan dilinə özünün tərcüməsində yazıçıya hədiyyə edir. L.Tolstoy isə ona üzərində avtoqrafı olan "Hərb və sülh” romanını bağışlayır.
S. Qənizadə nəinki L.Tolstoyun ömrünün sonunadək yazıçı ilə məktublaşır, xalq maarifi məsələləri ilə bağlı ondan məsləhətlər alır, həm də tez-tez Yasnaya Polyanaya baş çəkirdi.
 

1983 – Görkəmli  ədəbiyyatşünas, akademik, professor, Əməkdar elm xadimi Həmid Hacı Məmmədtağı oğlu Araslı 74 yaşında vəfat etmişdir.

Tarixdə bu gün -  20 noyabrHəmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açmışdır.

H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır. 1922-ci ildə Gəncə Darülmüəllimi Seminariyasında təhsilini davam etdirir. 1926-cı ildə seminariyanı bitirib Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində işləyir. O, bu illərdə folklor nümunələrini toplamaqla məşğul olur, tələbələrini də bu işə cəlb edir. 1929-cu ildə Bakıya gəlib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu vaxtından əvvəl bitirib 1931-ci ildə Gəncəyə qayıdaraq maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. 1932-ci ildə Bakıya gəlib aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsində müdir işləyir.

1938-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən dərs deməyə başlayır. 1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili İnstitutunda orta əsrlər ədəbiyyatı, 1957-ci ildə isə mətnşünaslıq şöbələrinə rəhbərlik edir. 1943-cü ildə "XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını alır. 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunur. 1954-cü ildə "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bir il sonra ona professor adı verilir.

H. Araslı Azərbaycan ədəbiyyatı ilə bağlı təkcə keçmiş sovet məkanında deyil, dünya miqyasında aparılan tədqiqatları diqqətlə izləyir, onun qədimliyinə xələl gətirən mülahizələrə həssaslıqla yanaşır, Azərbaycan ədəbiyyatı və onun nümayəndələri haqqında söylənilən haqsız fikirlərə, qərəzli mülahizələrə qarşı çıxır, həqiqəti axıra qədər müdafiə edir. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində H.Araslının müstəsna xidməti olmuşdur. 1943-1944-cü illərdə nəşr olunmuş iki cildliyin – "Müxtəsər Azərbaycan ədəbiyyatı" tarixinin ilk cildində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni mənzərəsini vermiş, o əsrlərdə yaşayan sənətkarların dolğun portretlərini yaratmışdır.

Türkdilli Azərbaycan ədəbiyyatının təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai, Füzuli kimi sənətkarların da Azərbaycan ədəbiyyatı tarixindəki yerini müəyyənləşdirərək onların bədii-ictimai fikir tarixinə təsirini aydınlaşdırır. Azərbaycan şairlərindən İ.Həsənoğlu, Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xətai, Kişvəri, Həbibi, Füzuli, Qövsi, Saib, Məsihi, Fədai, Vidadi, Vaqif və başqaları haqqında ilkin mötəbər tədqiqat, dəyərli elmi-nəzəri ümumiləşdirmələr də H.Araslıya məxsusdur.

H.Araslının klassik irsin öyrənilməsi ilə bağlı fəaliyyətinin mühüm bir hissəsi Nizami və Füzuli yaradıcılığının tədqiqi istiqamətində olmuşdur. SSRİ və dünya ədəbiyyatşünaslığında yanlış konsepsiyaların geniş yayıldığı bir zamanda Nizami sənətinin milli ruhuna xüsusi həssaslıqla yanaşmış, "Şairin həyatı", "Nizami Gəncəvi əsərləri" və ayrı-ayrı tədqiqatlarında şairin öz irsinə əsaslanaraq onun türkcə düşünüb farsca yazdığını elmi dəlillərlə sübut etmişdir. Alim Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövr, mərhələnin yetirdiyini söyləyir.

H.Araslı Məhəmməd Füzulinin də ardıcıl tədqiqatçısı və Azərbaycandan uzaqlarda tanınan naşiri olmuşdur. Şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekunu – rus və Azərbaycan dillərində nəşr edilən "Böyük Azərbaycan şairi Füzuli" monoqrafiyası vardır.

H.Araslı müasir Azərbaycan folklorşünasıdır. O, Azərbaycan şifahi xalq ədəbiyyatı və folklorunun tədqiqi sahəsində də böyük əmək sərf etmişdir. "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" kitabı və "Aşıq yaradıcılığı" əsərlərində Qurbani, Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər və başqa klassik aşıqların həyat və yaradıcılığı, XVII əsrdə yaranan "Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl" və "Koroğlu" eposu haqqında orijinal elmi mülahizələr söyləmişdir.

Alim digər Şərq xalqlarının ədəbi irsinə də geniş maraq göstərmiş, Azərbaycan ədəbiyyatı və klassikləri ilə bağlı olan Şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini də tədqiq etmiş, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi də məşhurlaşmışdır.

H.Araslı həyatı boyu yüksək ixtisaslı kadrların hazırlanması üçün də fədakarlıqla çalışmış, təkcə Azərbaycanda deyil, Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik etmiş, onlarca elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz