» » Tarixdə bu gün - 24 oktyabr

Tarixdə bu gün - 24 oktyabr

Müəllif: Vüsal от 24-10-2018, 00:15
 
24 oktyabr

İlin 297-ci günü
İlin sonuna 68 gün qalır.

Mühüm hadisələr:

1919 - ABŞ-ın Cənubi Qafqazdakı hərbi nümayəndəsi polkovnik Qaskel Ermənistanla Azərbaycanın Naxçıvan üstündə mübahisəsini çözmək üçün bölgənin neytral zona elan edilməsi və ABŞ general-qubernatorluğunun idarəçiliyinə verilməsi təşəbbüsü ilə çıxış edib.
ABŞ rəsmisi bunun müqabilində Qarabağ və Zəngəzurun Azərbaycan ərazisi kimi tanınacağını vəd edib.
Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi ABŞ nümayəndəsinin bu təklifini rədd edib.

1992- ABŞ Konqresində keçmiş sovet respublikalarına humanitar yardımı tənzimləyən qanuna - "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəliş əlavə edilib.
Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən sənəd Azərbaycana ABŞ-ın dövlət yardımını qadağan edirdi.
Azərbaycan uzun müddət 907-nin ləğvi üçün səy göstərdi, yalnız 2001-ci ilin sonunda Konqres ABŞ administrasiyasının müraciət əsasında qadağanın qüvvəsini dayandırdı.

1993 - Ermənistanın işğalçı qüvvələri Qarabağın cənubunda yeni hücuma keçiblər. Füzulinin Horadiz qəsəbəsi ətrafında və Arazboyu kəndlərində döyüşlər başlanıb.

2002 
- Bakıda Hüseyn Cavidin ev-muzeyi açılıb.

2008 — Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilmişdir.

Tarixdə bu gün - 24 oktyabr

2011
— Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.

Doğum günləri:

1882 - Məşhur Azərbaycan  şairi, ədəbiyyatımızda romantizm ədəbi cərəyanının əsas nümayəndəsi və mənzum faciənin banisi Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə)   Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani ailəsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxmışdır.

Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "Insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "İyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.

Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor Neyzən" poeması, 1930).

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat etmişdir.

Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırmışdı. "Gözəllik namına, sevqi namına" yazan böyük sənətkar neft buruqlarından və dəniz qəhrəmanlarından, tarlada səhərdən gecəyədək çalışan əmək qabaqcıllarından tərənnüm dolu süni misraların sayını çoxaltmadı. Azərbaycan yaradıcı fikri bu süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və sevgi şairi idi və eləcə də qaldı.

Heydər Əliyevin göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul edilmişdir.

1982-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin katibi olmuş Həmid Cəfərov həmin günləri belə xatırlayır: "… Heydər Əliyev "Bakinski raboçi” qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o, Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin "birinci şəxsinə” - Sov.İKP MK-nın Baş katibi Leonid Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropova müraciət etmişdi…”

1982-ci il oktyabrın 26-da Hüseyn Cavidin nəşi Moskvadan Bakıya, sonra isə Naxçıvana gətirilir. Naxçıvanda - evinin qarşısında dəfn olunmuşdur.


Tarixdə bu gün - 24 oktyabr

Tarixdə bu gün - 24 oktyabr

1929 - Ədəbiyyatşünas alim, professor Şəmistan Abdu oğlu Mikayılov Borçalı mahalının (Gürcüstanın Bolnisi rayonu) Faxralı kəndində doğulub. Ədəbiyyat dərsliklərinin, bir çox tədqiqat əsərlərinin müəllifidir.

Bayram və xüsusi günlər:

1945- Birləşmiş Millətlər Təşkilatının yarandığı gündür. Birləşmiş Millətlər Təşkilatı, BMT (ing. United Nations Organization, UNO) — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdır. Hal-hazırda 193 ölkə bu təşkilatın üzvüdür. Müstəqil dövlətlərdən yalnız Vatikan BMT-nin üzvü deyil. BMT-nin qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İkinci dünya müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.
Azərbaycan Respublikası 1992-ci ildən  BMT-nin üzvüdür.

Tarixdə bu gün - 24 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz