» » Tarixdə bu gün - 9 sentyabr

Tarixdə bu gün - 9 sentyabr

Müəllif: Vüsal от 9-09-2018, 00:15

9 sentyabr


İlin 252-ci günü (uzun illərdə 253-cü)
İlin sonuna 113 gün qalır.

Mühüm hadisələr:
1570 — Osmanlı ordusu Kipri tutmuşdur.
1801 — Rus qoşunu Bakı ətrafı əraziləri işğal etmişdir.
1825 — Bethovenin son konserti olmuşdur.
1922 — 30 avqust zəfərindən sonra yunan ordularını geri oturdan türk ordusu İzmirə daxil olmuşdur.
2009 — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanmışdır.

Doğum günləri:
Tarixdə bu gün - 9 sentyabr1828 —  Məşhur Lev Tolstoy  Tula  quberniyasında anadan olmuşdur.
Yazdığı "Hərb və Sülh" və "Anna Karenina" əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmışdır. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinqkimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır. Sonralar yazdığı məşhur "Kazaklar" və "Hacı Murad" povestlərinin və başqa əsərlərinin materiallarını da Tolstoy Qafqazda toplamışdır. 1854-cü ildə Tolstoy hərbi qulluq zamanı Sevastopola, döyüşən orduya dəyişilir. Hərbi qulluq zamanı o, rus, bəlkə də dünya ədəbiyyatında müharibə səhnələrini düzgün, real təsvir edən özünün gözəl "Sevastopol hekayələri"ni yazır.
Artıq 1855-ci ildə L.Tolstoy tanınmış bir yazıçı kimi Sevastopoldan Peterburqa qayıdaraq "Ailə xoşbəxtliyi" əsərini çap etdirir. O, 1862- ci ildə "Yasnaya Polyana" adlı pedaqoji jurnal buraxmağa müvəffəq olur. 1863-1869 -cu illərdə "Hərb və sülh" romanı üzərində işləmişdir. Dünya ədəbiyyatında belə geniş planda yazılmış kamil əsər tapmaq çətindir. G. Plexnov və A. Lunaçarski Tolstoy dühasını yüksək qiymətləndirib, onun "Hərb və sülh" romanını dünya ədəbiyyatında ən gözəl əsər saymışdır. "Hərb və sülh"dən sonra dünya şöhrəti qazanan əsəri "Anna Karenina" romanı olmuşdur.
Tolstoy 1880-1890-cı illərdə "İvan İliçin ölümü" (1884-86), "Xolstomer" (1885), "Kreyser sonatası" (1887-1889), "Sergi ata" (1898), "Cəhalət hökmranlığı" (1886), "Maarifin bəhrələri" (1891) əsərlərini yazmışdır.

 20 noyabr 1910-cu ildə  82 yaşında Tambov şəhərində vəfat edib.

 

1876 —Məşhur  xanəndə,   Əməkdar artist  İslam Əbdül oğlu Abdullayev Şuşa şəhərində anadan olmuşdur. Qarabağ muğam məktəbinin görkəmli Tarixdə bu gün - 9 sentyabrnümayəndələrindən biridir. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah” muğamının təkrarsız ifaçısı kimi tanınmışdır.

"Segah” muğamını və onun bütün variantlarını –"Zabul-Segah”, "Mirzə Hüseyn segahı”, "Orta Segah”,” Xaric Segah” muğamlarının xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam” adlandırılmışdır. İsalm Abdullayev Şuşa şəhər məkətbində təhsil almışdır.

Musiqişünas alim Mir Möhsün Nəvvabdan, xanəndə Hacı Hüsüdən və Qarabağın bir çox məşhur xanəndələrindən muğamları öyrənmiş, xanəndəlik sənətinə yiyələnmiş və tarzən Mirzə Sadıq Əsəd oğlunun müşaiətilə çıxış etməyə başlamışdır. İsalm Abdullayev gözəl və təsirli səsi, bənzərsiz ifaçılıq qabiliyyəti sayəsində Azərbaycanda və onun hüdudlarından kənarda da məşhurlaşmışdır.

1910-1915 ci illərdə "Sport-Rekord” və "Ekstrafon” səsyazma şirkətləri tərəfindən İslam Abdullayevin ifasında "Segah”, "Bayatı-Qacar”, "Şahnaz”, "Şüştər” muğamları və bir sıra təsniflər qrammafon vallarına yazılmışdır.

İslam Abdullayev gözəl pedoqoq olmuşdur. Xan Şuşinski, Yaqub Məmmədov, Sahib Şükürov kimi xanəndələrin yetişməsində böyük rol oynamışdı. Ömrünün sonuna yaxın Ağdama köçmüş, burada musiqi məktəbində muğamdan dərs demiş, bir çox xanəndələrin ustadı olmuşdur.

İslam Abdullayev Mir Möhsün Nəvvabın tələbəsi olmuşdur. "Segah", "Bayatı-kürd", "Bayatı-qaçar" və s. muğamları ifa etmişdir. Şuşada musiqi məktəbinin direktoru işləmişdir. Gəncədə xalq çalğı alətləri orkestri təşkil etmiş, Ağdam şəhərində muğamatdan dərs demişdir.

22 sentyabr 1964-cü ildə vəfat etmişdir.

 

 Tarixdə bu gün - 9 sentyabr1900— Məşhur kimyaçı alim (analitik və qeyri-üzvi kimya), professor, Azərbaycan Milli EA-nın  akademiki , Azərbaycan Respublikası Əməkdar elm xadimi  Həbibulla bəy Şahtaxtinski anadan olmuşdur. 

Azərbaycan  Dövlət Universitetinin (indiki BDU) tibb fakültəsini (1926) və Azərb. Politexnik İnstitutunun kimya-texnologiya fakültəsini (1930) bitirmişdir. 1930-1972 illərdə respublikanın ali məktəblərində dərs demiş, Politexnik institutunda miqdari kimyəvi analiz kafedrasının, Azərb. Sənaye İnstitutunda (indiki Neft Akademiyası) analitik kimya kafedrasının müdiri olmuşdur (1937-59). 1959-86 illərdə Azərb. EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda mineral maddələr texnologiyası laboratoriyasının müdiri işləmişdir. Əsas elmi tədqiqatları analitik və qeyri-üzvi kimya texnologiyasının nəzəri və təcrübi problemlərinə həsr edilmişdir. H.Şahtaxtinski analitik kimya elmində yeni səhifə açan ”Yodometriyanın arsenat metodu” mövzusunda geniş elmi tədqiqatlar aparmış və bir çox elementlərin analitik təyini üçün yeni arsenat-yodometrik üsul vermiş, Azərbaycanın faydalı qazıntı sərvətlərindən alunitin, dəmir filizinin, titanlı dəniz qumunun, tərkibində faydalı komponentlər olan polimetal filizlərin kompleks emalı üçün orijinal texnoloji sxemlər işləyib hazırlamış, bunların birinin laboratoriya qurğularında və yarımsənaye miqyasında sınaqdan keçirilməsinə nail olmuşdur. H.Şahtaxtinskinin rəhbərliyi ilə metallurgiya zavodlarının tullantı qazlarından konversiya olunmuş təbii qazla elementar kükürdün alınması üzrə iş başa çatdırılmış və istehsalata tətbiq olunması tövsiyə edilmişdir. H.Şahtaxtinski kimya fənnini respublikada ilk dəfə tədris edənlərdən biridir. Onun 1937 ildə çapdan çıxmış ”Miqdari kimyəvi analiz" dərsliyi sonralar (1953) da nəşr olunmuş və bu günədək ali məktəb tələbə və müəllimlərinin istifadə etdiyi ən qiymətli vəsaitdir.

Baxşəli ağanın o biri oğlanları - Nemətulla bəy, Ətaulla bəy və Həbi bulla bəy Azərbaycan elmində çox böyük xidmətlər göstərmişlər. Onların üçü də Bəhmən Mirzənin nəvələri olan 3 bacıyla - Zəhra, Ziba və Leyla xanımlarla ailə qurmuşlar. Leyla xanım Həbibulla ağa Şahtaxtinski ilə ailə qurmuşdur.

H.Şahtaxtinski 7 monoqrafiya və dərsliyin, 380-dən çox məqalə və digər elmi əsərin müəllifidir. Yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidməti var. H.Şahtaxtinskinin rəhbərliyi ilə 3 elmlər doktoru, 35 fəlsəfə doktoru yetişdirilib.

22 sentyabr 1986-cı ildə vəfat etmişdir.


Tarixdə bu gün - 9 sentyabr1924 Astrofizika üzrə Azərbaycanda ilk fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü, Əməkdar müəllim, professor Rəhim Əyyub oğlu Hüseynov Şuşa şəhərində anadan olmuşdur.

1933-cü ilin payızında ailəsi ilə Ağdam şəhərinə köçüb və  yüksək hazırlığına görə birbaşa 1 nömrəli natamam orta məktəbin IV sinfinə qəbul olub. 1937-ci ildə bu məktəbin VII sinfini əla qiymətlərlə bitirərək təhsilini Bakıda davam etdirib. 1940-cı ildə orta məktəbi əla qiymətlə bitirərək, həmin il imtahansız Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib.

Aspiranturada oxumaq üçün universitetdə saxlanılan Rəhim Hüseynov 1946-1949-cu illərdə "astrofizika" ixtisası üzrə aspirant olub. Elə 1946-cı ilin yayında Azərbaycan Elmlər Akademiyası və Azərbaycan Dövlət Universitetinin respublikada gələcək Astrofizika Rəsədxanası üçün əlverişli yerin seçilməsi məqsədi ilə birgə elmi ekspedisiyanın iştirakçısı olub.

1953-cü ildən fəaliyyətdə olan Pirqulu Astronomiya stansiyasında (1956-cı ildən Şamaxı Astrofizika Rəsədxanası) "Günəş fizikası" şöbəsinə rəhbərlik edən Rəhim Hüseynov, eyni zamanda Rəsədxana direktorunun elmi hissə üzrə müavini təyin olunub. Rəsədxana yaranan ili onun baş planında nəzərdə tutulan və bir neçə il öncə Leninqradda xüsusi zavodda sifariş olunan Üfüqi Günəş Teleskopu adlanan müasir teleskop alınaraq qurulub və işə salınıb. Bu işlərdə Rəhim Hüseynov çox əmək sərf edib. Rəsədxanada əvəzçi və tam ştatda işlədiyi 20 ildən çox müddətdə bu elm ocağının yaranması və inkişafında Rəhim müəllim əlindən gələni edib.

Qeyd edək ki, 1957-ci ildə Yerin ilk süni peyki buraxılan ərəfədə Rəhim Hüseynov bu peyki müşahidə etmək məqsədilə universitetdə xüsusi stansiyanın yaradıcısı, rəhbəri və əsas aparıcısı olmuşdur.

O, 1953-cü ildə astrofizika üzrə respublikamızda ilk elmlər namizədi, 1971-ci ildə isə ilk elmlər doktoru elmi dərəcəsi alan alimdir. Rəhim Hüseynovun elmi istiqaməti "Astrofizika və radioastronomiya", "Günəşin radio - optik şüalanma xüsusiyyətləri və relyativist elektronların Günəşin məhəlli maqnit sahələrində şüalandırması", "Günəşin alışmalarının ilk mərhələsində güclü nöqtəvi partlayış nəzəriyyəsinin tətbiqi", "Planetar dumanlıqların əsas parametrlərinin təyini üsulları" olmuşdur.

Onun elmi tədqiqat nəticələri Günəşin radioşüalanmasının interpretasiyası ilə məşğul olan məşhur dünya astrofiziklərindən Şklovski, Pikelnerin və başqaları aldıqları nəticəyə müəyyən mənada düzəliş kimi qiymətləndirilmişdir. Günəş radioşüalanmasının yaranma mexanizmini öyrənən ilk alimlərdən biri Rəhim Hüseynov olmuşdur. Onun Günəş protuberanslarına aid işləri 1938-1961-ci illər arasındakı müddəti əhatə edən eruptiv protuberanslar kataloquna daxil edilib.[2] Sonralar o, Günəş alışmasını Balmer kontikiuunda görünməsi şərtini, onun incə quruluşunu araşdırıb, alışmaların parametrlərinin təyin metodunu işləyib.

O, 1969-cu ildən Beynəlxalq Astronomiya İttifaqına üzv seçilmiş və bu ittifaqın ABŞ-da, Çexoslovakiyada, İngiltərədə keçirilən qurultaylarının iştirakçısı olmuşdur. Baş Astronomiya (Pulkovo) Rəsədxanasında, Krım Astrofizika Rəsədxanasında, Moskva, Sankt-Peterburq, Kiyev universitetlərində, Rumıniya, Çexoslovakiya və Türkiyənin elmi təhsil mərkəzlərində və müəssisələrində çoxsaylı elmi məruzələrlə çıxış etmişdir. O, həmçinin Avropa Astronomiya Cəmiyyətinin də üzvü olmuşdur.

1975-ci ildə Azərbaycan Dövlət Universitetində təşkil olunmuş astrofizik kafedrasına 17 il professor Rəhim Hüseynov rəhbərlik etmişdir. 1992-ci ildən ömrünün sonuna qədər isə Bakı Dövlət Universitetinin professoru vəzifəsində işləmişdir.

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına  astrofizika   ixtisası üzrə müxbir üzv seçilmişdir.

65 illik elmi-pedaqoji fəaliyyətində professor Rəhim Hüseynovun 100-dən çox elmi əsəri (o cümlədən 30-dan çoxu xarici ölkələrdə) çapdan çıxıb.[2] Bundan başqa o, 70-dən çox elmi məqalənin, 6 elmi-kütləvi kitabın, bir monoqrafiyanın, ali və orta məktəblər üçün dərsliklərin müəllifi olmuşdur.

Həm müəllifi, həm də redaktoru olduğu, fizika-riyaziyyat elmi üzrə 9.000 söz və söz birləşmələrindən ibarət olan Azərbaycanca-Rusca-İngiliscə ilk fundamental "Astronomiya Terminləri Lüğəti"nin işıq üzü görməsi də professor Rəhim Hüseynovun böyük əhəmiyyət kəsb edən xidmətlərindəndir.

Rəhim Hüseynov 2012-ci il avqustun 21-də ömrünün 88-ci ilində vəfat etmişdir.


Tarixdə bu gün - 9 sentyabr1926 —  Məşhur pediatr və kardioloq, tibb elmləri doktoru , professor , SSRİ Tibb EA-nın müxbir üzvü, Əməkdar elm xadim, Azərbaycan EA-nın həqiqi üzvü , Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatıƏdilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır.

1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür.
1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədridir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Adilə Namazovanın tədqiqatları uşaqlarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin, ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. O, ürək üzərində cərrahi əməliyyata - korreksiyaya göstəriş və əks-göstərişi müəyyənləşdirmiş, ilk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə nəticələrini qiymətləndirmişdir.
Azərbaycanın ilk qadın pediatr alimi sayılır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.
SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü olmuşdur.
"Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tarixdə bu gün - 9 sentyabr1937 — Əməkdar incəsənət işçisi, Səməd Vurğun Fondunun prezidenti və Səməd Vurğunun ev-muzeyinin direktoru olmuş Aybəniz Vəkilova Xalq şairi Səməd Vurğunun qızı, Xalq yazıçıları Yusif və Vaqif Səmədoğlu qardaşlarının bacısıdır.
Aybəniz xanım 1937-ci il sentyabrın 9-da Bakıda anadan olub.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, uzun müddət Nizami adına Ədəbiyyat Muzeyində elmi işçi işləyib. 2006-2009-cu illərdə Səməd Vurğunun ev muzeyinin direktoru olub.
Muzeyin ilk direktoru Səməd Vurğunun həyat yoldaşı Xavər xanım olub. Daha sonra bu vəzifəni qızı Aybəniz Vəkilova, nəvəsi Aygün Vəkilova icra edib.
Hazırda muzeyin direktoru Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilovadır.
Aybəniz xanım Səməd Vurğunla bağlı bir neçə kitabın müəllifidir.
Səməd Vurğunu irsinin təbliği sahəsindəki xidmətlərinə görə 1996-cı ildə "Şərəf" ordeni ilə təltif edilib.
2002-ci ildə Əməkdar incəsənət işçisi fəxri adı verilib, 2003-cü ildə isə Prezident təqaüdünə layiq görülüb.
13 iyun 2009-cu ildə vəfat edib.

Tarixdə bu gün - 9 sentyabr 1958 — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Xalq artisti  Kamran Məmmədqulu oğlu Quliyev Naxçıvanda anadan olmuşdur.

1981-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub 1986-cı ildə İnstitutu bitirib. K.Quliyev 1979-cu ildən Naxçıvan teatrında aktyor işləyir. 1997-ci ildən teatrın baş rejissorunu əvəz edib. 2004-cü il fevraldan teatrın direktoru və baş rejissorudur. Teatrda işlədiyi müddətdə H. Cavid "Şeyx Sənan"da Keşiş, "Uçurum"da Uluğ bəy, "Ana"da Səlim, "Topal Teymur"da Əmir Teymur, A. N. Ostrovski "Günahsız müqəssirlər"də Neznamov, A. Dudayev "Astana"da Nikolay, H. Arzulu "Əlincə qalası"nda Əmir Altun, "İtilənən Xəncərlər"də Qubuşov, C. Məmmədquluzadə "Kamança"da Qəhraman Yüzbaşı, "Anamın kitabı"nda Mirzə Məmmədəli, O. Kamal "Yad qızı"nda Məzhər bəy, A. Turan Oflazoğlu "Dəli İbrahim"də Silahdar Yusif, N. Nərimanov "Nadir şah"da Nadir şah, N. Həsənzadə "Atabəylər"də Qızıl Arslan, "Pompeyin Qafqaza yürüşü"ndə Pompey, İ. Əfəndiyev "Hökmdar və qızı"nda, İbrahim xan və s. rollar oynamışdır. Rejissor kimi Anarın "Sizi deyib gəlmişəm"(1992-ci il), Həmid Arzulunun "İtilənən xəncərlər"(1996), "Ərsizlər və arsızlar"(1999), "Mərhəmət məhəbbət deyil"(2003), Rauf İçərişəhərlinin "Arzum çin oldu"(1997), "Kələkbaz qızlar"(1999), Ramiq Muxtarın "Şəhərli kürəkən"(1998), Ü. Hacıbəyovun "Arşın Mal Alan"(1999), Həsən Elsevərin "Qorxulu oyun"(2000), H. Cavidin "Topal Teymur"(2000), "İblis"(2003), Elçinin "Mənim ərim dəlidir"(2001), "Mənim Sevimli dəlim"(2002), İ. Əfəndiyevin "Şeyx Xiyabani"(2001) Adil Babayevin "Yarımçıq şəkil"(2001), N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü"(M. Fərzəlibəyli ilə birlikdə 2002), İ. Məlikzadə "Gəl qohum olaq"(2002), M. F. Axundovun "Lənkəran xanın vəziri"(2004), Hidayətin "Bu dünyanın adamları"(2004), C. Məmmədquluzadə "Dəli Yığıncağı"(2005), Elman Həbib "Sahilsiz çaylar"(2005), Mir Cəlal "Dirilən adam"(2006) əsərlərinə quruluş vermişdir.


1962– Azərbaycan aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti  Füzuli İsmət oğlu Hüseynov

Tarixdə bu gün - 9 sentyabrBalakən rayonunda anadan olub. 1984-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülmüşdür.

Burada çalışdığı illər ərzində F.Hüseynov bir çox müxtəlif janrlı əsərlərdə maraqlı obrazlar yaratmaqla, öz istedadını biruzə vermişdir.

O V. Səmədoğlunun "Yayda qartopu oyunu"nda Adil, İ. Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı"nda Ayaz Turan, "Bizim qəribə taleyimiz"də Samir, "Şeyx Xiyabani"sində Şeyx Xiyabani, F. Q. Lorkanın "Qadın faciəsi"ndə Viktor, Anarın "Təhminə və Zaur"unda Spartak, S. Rəhmanın "Yalan"ında Şamil, N. Xəzrinin "Gecə döyülən qapılar"ında Səfər, V. Şekspirin "Kral Lir"ində Edmond kimi sanballı rollar silsiləsi yaradaraq, tamaşaçı rəğbətini qazanmış, onun sevimli sənətçisinə çevrilmişdir.

Akademik Milli Dram Teatrındakı fəaliyyəti ilə paralel olaraq, F. Hüseynov "Azərbaycanfilm"in istehsal etdiyi bir neçə filmdə də çəkilmişdir. "Təhminə"dəki Spartak, "Bəyin oğurlanması"ndakı Elxan, "Ölülər"dəki Mirzə Cəlil və s. bu kimi obrazlar aktyorun yaradıcılıq imkanlarının geniş diapazonunu bir daha təsdiqləyir.

F. Hüseynov Azərbaycan Televiziyasında çəkilmiş ilk teleseriallarda klassik milli, türk və dünya dramaturgiyasının nümunələrindən olan "Yad qızı", "Kamança", "Ortabab amerikalı qadın", "Dədə Qorqud", "Sonuncu şahid", "Kimdir haqlı?" və başqa tamaşalarda maraqlı obrazlar qalereyası, dolğun xarakterlər, və ən başlıcası, yaradıcılıq imkanlarının çoxşaxəliyini aça bilmişdir.

Sonralar səhhəti ilə bağlı F.Hüseynov sənətdən ayrı düşmüş, lakin 2004-cü ilin aprel ayından yenidən Akademik Milli Dram Teatrına qayıtmışdır.

N. Hikmətin "Yusif və Züleyxa"sında Yusif, V.Şekspirin "Antoni və Kleopatra"sında Antoni obrazlarını. M. Fərzəlibəyovun quruluşunda hazırlanmış "Misir gecələri" tamaşasında oynamışdır.

30 aprel 2014-cü ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

 
Vəfat etmişdir:

Tarixdə bu gün - 9 sentyabr1982 —  Xidmətlərinə görə "Qırmızı əmək bayrağı”, iki "Şərəf nişanı” ordeni və bir neçə medallarla təltif edilmiş  Azərbaycan Respublikasının Əməkdar artisti, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov 73 yaşında vəfat etmişdir.

Azərbaycan teatrının tanınmış rejissorlarından olan Ələsgər   Şərifov 25 dekabr 1909-cu ildə Şamaxıda imkanlı ailədə doğulub. Onun altı yaşı olanda ailəsi Bakıya köçüb və Ələsgər burada təhsil məktəbinə gedib. Həmin illərdə Bakı teatrının ən görkəmli simalarından biri    aktyor və rejissor, təşkilatçı Abbasmirzə Şərifzadə Ələsgərin əmisi oğlu idi. Təbii ki, bu, onun qəlbində səhnə sənətinə maraq oyanmasında mühüm rol oynayıb. Ələsgər Şərifov Bakıda Nəriman Nərimanov adına texnikumun elektromexanika fakültəsinin axşam şöbəsinə daxil olub. Eyni zamanda 1923-cü ildə açılan teatr texnikumunun ilk tələbələri sırasında təhsil alıb. Tələbəlik illərində Mustafa Mərdanovun, Mirseyfəddin Kirmanşahlının, Süleyman Səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri Şvarts adına klubun dram dərnəyində "İblis" (Hüseyn Cavid), "Aydın", "Sevil", "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Qaçaqlar" (Şiller), "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşalarında baş rolları oynayıb. Həmçinin Akademik teatrın tamaşalarında epizod rollarda səhnəyə çıxıb. 1926-cı ildə texnikumun buraxılış kursunda oxuyan Ələsgər Şərifov imtahanları vaxtından əvvəl verərək Moskvaya ali təhsil almağa gedib. Ancaq orada oxumaq ona iki il sonra nəsib olub. Buna görə Bakıya qayıdaraq aktyor işləyib. Moskvada Teatr Sənəti İnstitutunun eksperimental teatr emalatxanasında islahatçı rejissor Vsevolod Meyerxoldun kursunda iki il təhsil alıb. Ali rejissor diplomu ilə Bakıya gələndə Akademik Milli Dram Teatrının yaradıcı heyətinə qəbul olunub. Az sonra Azərbaycanın kənd rayonlarında əhalinin mədəni səviyyəsini yüksəltınək məqsədilə Bakıda kolxoz-sovxoz Teatrı yaranıb və oranın bədii rəhbərliyi Ələsgər Şərifova tapşırılıb. Səyyar fəaliyyət göstərən kollektiv ilin üç-dörd ayını Bakıda olub tamaşalar hazırlayır, sonra həmin repertuarla rayonlara gedib tamaşalar göstərirdi. Gənc rejissor həmin teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun", Sabit Rəhmanın təbdil etdiyi "Varlı gəlin", Cəfər Cabbarlının "Almaz", "Sevil", "Yaşar" pyeslərinə quruluşlar verib.

İlin müxtəlif aylarında boş qalan Ələsgər Şərifov 1932-ci ildə Akademik teatrda Rza Darablı, Rza Təhmasib, İsmayıl Hidayətzadə ilə birgə Hüseyn Cavidin "Şeyx Sənan" faciəsinə rejissorluq edib. Müəyyən təcrübə toplayan Ələsgər Şərifov 1934-cü il iyun ayının 11-də Milli Dram Teatrına rejissor götürülüb. 1935-ci ildə bu teatrda ilk müstəqil işi kimi Qurban Musayevin "Qızıl çeşmə" dramına quruluş verib. Teatrda Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (1938, 1940, 1948, 1957), İmran Qasımovun "Arzu" (1938), Məmmədhüseyn Təhmasibin "Bahar" (1940), "Aslan yatağı" (1942), Cəfər Cabbarlının "Oqtay Eloğlu" (1940), "Sevil" (1944), "Od gəlini" (1951 və 1961), Abdulla Şaiqin "Nüşabə" (1946), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (1948), Cabbar Məcnunbəyovun "Məhəbbətin hökmü" (1962), Hüseyn Cavidin "Səyavuş" (1963), Qeybulla Rəsulovun "Söz yarası" (1966), Mirzə İbrahimovun "Közərən ocaqlar" (1967), Seyfəddin Dağlının "Mənziliniz mübarək!" (1971) pyeslərinin quruluşçu rejissoru olub.


Bayramlar və xüsusi günlər:

9 sentyabr Dünya Gözəllik Günüdür.
 
  Beynəlxalq Estetika və Kosmetologiya Komitəsinin təşəbbüsü ilə 9 sentyabr Dünya Gözəllik Günü kimi qeyd olunur. Bu gün kosmetologların peşə  bayramıdır  və  1995-ci ildən gözəllik sənayesinin bütün mütəxəssisləri tərəfindən qeyd edilir.
Bu  günün münasibəti ilə gözəllik müsabiqələri,  bayram konsertləri, festivallar və şoular keçirilir. 
Stilistlər, makiyaj rəssamları, kosmetologlar və bərbərlər arasında peşəkar bacarıq yarışmaları  təşkil edilir.
Gözəllik salonlarında və idman klublarında, eləcə də digər  gözəllik mərkəzlərində  bu günün  şərəfinə təqdim olunan güzəştlər edilir. 
  

Tarixdə bu gün - 9 sentyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz