» » Tarixdə bu gün - 8 sentybr

Tarixdə bu gün - 8 sentybr

Müəllif: Vüsal от 8-09-2017, 00:15
8 sentyabr

İlin 251-ci günü (uzun illərdə 252-ci)
İlin sonuna 114 gün qalır.

Mühüm hadisələr:

1636 — ABŞ-ın ən qədim universiteti – Harvard Universiteti yaradılmışdır.
1930 — 3М şirkətinin əməkdaşı Riçard Dryu yapışqanlı lent – skotçu kəşf etmişdir.
1941 — alman qoşunları Leninqradın blokadasına başladılar.
1991 – Ayaz Mütəllibov Azərbaycan Respublikasının   ilk prezidenti seçilir.

Doğum günləri:

1812 —
A.S.Puşkinin həyat yoldaşı Natalya Qonçarova anadan olmudur.
1863-cü ildə vəfat etmişdir.

1923 — Məşhur  avar şairi, yazıçısı, publisist, siyasi xadim  Rəsul Həmzət  oğlu  Həmzətov Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair  Həmzə Sadasanın  Tarixdə bu gün - 8 sentybrailəsində dünyaya göz açmışdır. Milliyyətcə avardır. Onun ilk müəllimi atası olmuşdur.

 Rəsul Həmzətov özünün ilk şerini 11 yaşında yazmışdır. Kənd məktəbini bitirdikdən sonra pedaqoji məktəbə daxil olmuşdur.

1940-cı ildə bir vaxtlar oxuduğu məktəbə müəllim işləməyə qayıdır. Ancaq burada o, uzun müddət işləmir. Bir neçə iş yerini dəyişən Həmzətov, avar səyyar teatrında rejissor köməkçisi, "Bolşevik qor" qəzetində və radioda işləmişdir.

1943-cü ildə ilk şeirlər toplusu – "Sevgi məşəli və acı ədavət" çap olunur. 1945-1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyur. 1947-ci ildə rus dilində ilk şeirlər kitabı işıq üzü görür. Bundan sonra rus və avar dillərində Rəsul Həmzətovun 25-dən çox kitabı dərc olunmuşdur: "Слово о старшем брате" (1952), "Дагестанская весна" 1955), "Горянка" (1958), "В горах мое сердце" (1959), "Высокие звезды" (1962), "Четки лет", "Две шали", "Письмена" və s.

Rəsul 2003-cü il noyabr ayının 3-də vəfat edib. O, Mahaçqalada Tarki-tau dağlarının ətəyindəki qəbristanlıqda, həyat yoldaşı Patimatın qəbri ilə yanaşı dəfn edilib.

Rəsul Həmzətov Dağıstan şairi olsa da, Dağıstanda böyüyüb boya-başa çatsa da Azərbaycana, onun xalqına, poeziyasına çox bağlı olub. O, özünün nə qədər müdrik şeirlərini Azərbaycana həsr etmişdir. Bakıya, neftçilərə, dəniz şəhərimizə və özü "böyük ustadım" deyə çağırdığı Səməd Vurğuna. Rəsul Həmzətov hər dəfə Bakıya gələndə elə vağzaldan, yaxud hava limanından maşınını birbaşa Fəxri xiyabana sürdürərdi, əlində tər çiçəklər böyük ustadın məzarına yaxınlaşardı. Sirli sükut içində onunla danışıb söhbət edər, ondan sonra – oğulluq borcunu yerinə yetirmiş sənətkar asta, yorğun addımlarla mehmanxanaya yollanardı. Rəsulun şeirlərinin bir hissəsini Azərbaycan dilinə Tofiq Bayram tərcümə edib.


 1928  — Azərbaycanın  Xalq rəssamı , Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi   Tofiq Məmmədəli oğlu Ağababayev   Bakıda hərbçi ailəsində Tarixdə bu gün - 8 sentybranadan olub.

 

Orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbinin rənkarlıq şöbəsinə daxil olub (1946-51). Rəssam 1953-59-cu illərdə Baron Ştiqlist adına Sant-Peterburq Rəssamlıq Akademiyasının (keçmiş V.Muxina adına Ali Bədii-Sənaye rəssamlıq məktəbi) keramika-şüşə fakültəsində təhsil alaraq, şüşə-keramika ixtisasına yiyələnib.

Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. "Azərbaycan lirikası” triptixi (keramika, 1960, Azərbaycan İncəsənət Muzeyi), Bakı Dövlət Sirkində "Azərbaycan sirki” mozaik lövhəsi 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin mükafatına layiq görülüb ("Zorxana” və s., smalta, 1967). Bakıda uşaq dəmir yolu parkı yaxınlığında miniatür üslubda "Bahar” mozaik pannosu (mərmər, smalta, 1970), həmçinin "Abşeron qoruğu", "Bakı nefti cəbhəyə", "Meşəbəyi", "Torpağın nəfəsi", "May, 1945-ci il, Bakı" və s. dekorativ əsərləri diqqəti cəlb edir.

Yağlı boya ilə işlənmiş portretləri: "Tələbə qız” (1972); "Akademik Z.Bünyadov” (1978); "Akademik İ.Orucova” (1978); "Şah İsmayıl” (1988–89); "Ü.Hacıbəyov” (1992). 1966-68-ci illərdə Bakı şəhərinin baş rəssamı vəzifəsində çalışıb. Bakı Sovetinin üzərində gerbin bərpası, Bakının simvolik açarının düzəldiməsi Tofiq Ağababayevin adı ilə bağlıdır. Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonunun mozaik işləri rəssama məxsusdur.

Şah İsmayılın portreti Üfutsi qalereyasında bir küncü möhürlü sənəd kimi götürülüb saxlanılır. Son illər rəssam rəngkarlıqla çox ciddi məşğuldur. Belə əsərlərdən "Ümid rəngləri", "Sözsüz", "Yaz mahnısı", "Şərq motivi", "Yaz nəfəsi" adlarını çəkmək olar. Tofiq Ağababayevin əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ muzeyində, London, Kanada və bir çox başqa muzeylərdə, şəxsi qalereyalarda saxlanılır

 
Tarixdə bu gün - 8 sentybr1949 — Əmәkdar İncəsənət xadimi Hüseynağa Atakişiyev Bakıda anadan olub.
M.Əliyev adına İncəsənət İnstitutunu bitirdikdən sonra (1975) bir müddət Şəki Dövlət Teatrında işləyib. Məhz orada Vaqif Səmədoğlunun məşhur "Bəxt üzüyü" əsərini səhnəyə qoyan ilk rejissor olur.
Sonra Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib.
1989-cu ildə Gənclər Teatrını açıb və vəfatına qədər teatrın bədii rəhbəri və direktoru olub.
"Üzeyir ömrü" bәdii televiziya filmindә Hacıbəyovun obrazını yaratmış, 1995-ci ildә İstanbulda Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasını tamaşaya qoymuşdur.
Filmoqrafiya
1."Üzeyir ömrü" (film, 1981)
2."Ac həriflər" (film, 1993)(tammetrajlı film-tamaşa)(Aztv)
3."Olum, ya olüm və ya hər şeyə rəğmən" (1994)
4."Ömürdən uzun gecə" (1996)
5."Fatehlərin divanı" (1997)
Əməkdar İncəsənət xadimi Hüseynağa Atakişiyev 9 aprel 2006-cı ildə vəfat edib.
 

1949— Azərbaycan teatrşünas-tənqidçisi, jurnalist, Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Əziz oğlu Rəhimli Yevlax Tarixdə bu gün - 8 sentybrrayonunun Malbinəsi kəndində doğulub.

 Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinifini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib (1972). Hələ institutun son kursunda oxuyanda "Kommunist" (indiki "Xalq qəzeti") qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib. Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973 - may 1974) yenə redaksiyaya qayıdıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. "Azərbaycan" qəzetinin baş redaktoru, prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi işləyib (1991 - 1993). Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri olub.

Teatra aid ilk yazısı dövri mətbuatda 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində çap olunan İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. İlham Rəhimli 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir. 2007-ci ilin aprel ayından Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin "Maarifçilik" redaksiyasında baş redaktor vəzifəsində çalışıb. 2011-ci il aprel ayının 14-dən Mədəniyyət kanalının direktor müavinidir.

Azərbaycan Televiziyasında "Ekran. Kino. Yeniliklər", "Teatr", "Yeni tamaşalar", "Aktyorlar və rollar", "Sərbəst söhbət" verilişlərinin müəllif-aparıcısıdır. Azərbaycan Jurnalistlər İttifaqının, Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Yazıçılar Birliylnin üzvüdür.

Nəzəriyyəçi alim, milli teatrımızın tədqiqatçısı kimi Dehli, Praqa, Moskva, Tehran, Dəməşq, Kiyev, İstanbul, Berlin, Brüssel, Paris, Roma... şəhərlərində Beynəlxalq teatr simpoziumlarında elmi məruzələrlə çıxışlar edib. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" (5 may, 1977), Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" (10 mart 1992), "Humay" mükafatlarıı laureatıdır.

1989-cu il sentyabrın 1-də ona Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı verilib. Sənətşünaslıq doktoru və professorudur.


Vəfat etmişdir:
 

1943 — İkinci dünya müharibəsinin iştirakçısı, SSRİ dövlət xadimi və məşhur Azərbaycan yazıçısı Nəriman Nərimanovun oğlu  Nəcəf Nəriman oğlu Nərimanov 24 Tarixdə bu gün - 8 sentybryaşında cəbhədə həlak olmuşdur.

Nəcəf Nərimanov 2 dekabr 1919-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur.

Görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun yeganə oğlu qvardiya baş leytenantı Nəcəf Nərimanov (1919-08.09.1943) Stalinqrad döyüşlərində igidlik göstərmiş, birinci dərəcəli Vətən Müharibəsi ordeni və "Stalinqradın müdafiəsi uğrunda" medalı ilə təltif olunmuşdur.

Moskva şəhərindən hərbi xidmətə çağırılmışdır. Tağım komandiri kimi qulluq etmiş, 1943-cü ildə həlak olmuşdur.

Ukrayna Respublikasının Donetsk vilayətinin Volnovaxa şəhərində dəfn edilmişdir.


                Nəriman Nərimanovun oğluna   məktubundan:

"Əziz oğlum Nəcəf! Əgər ömür vəfa qılsa, çalışacağam səni elə hazırlayım ki, bəşəriyyət üçün daha çox iş görəsən. Ancaq taleyin hökmüylə tezliklə əbədi məskənə köçəsi olsam, onda səndən xahişim bu olar ki, heç olmasa daim özgələrin dərd-sərini çəkən atan kimi cüzi işləri yerinə yetirəsən.

Mənim həyatım, ömrüm qayğılarla dolu olub. Qardaşımın və bacılarımın ailələri iyirmi yaşımdan mənim boynumda olub. Bu 30 ildə 11 adam böyüdüb boya-başa çatdırmışam. Onlardan 8 qız uşağını ərə vermişəm, yerdə qalan üçünü cüzi məvacibimlə böyütmüşəm. Bütün bu işləri sahmana salandan sonra yenidən oxumağa başladım, 30 yaşında universitetə daxil oldum. Universiteti qurtardıqdan sonra var qüvvəmi Salman qardaşımın balalarının tərbiyəsinə sərf etdim. Bütün bunlardan yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verəndən sonra azad olmuşam. Bu məktubu isə aradan bir il keçəndən sonra, məhz 1925-ci ildə yazıram. Bütün bunları sənə ona görə yazıram ki, məni bəşəriyyət üçün az iş görməyim üstündə qınamayasan. Bu mənada, ümidvaram ki, sən gördüyüm işləri davam etdirib, başa çatdıracaqsan.

Əziz oğlum! Əgər həyatımı öyrənsən, əmin olarsan ki, mən ömrümün ən azı 1925-ci ilədək olan dövrünü başqaları üçün yaşamışam. Bəs sonrası necə olacaq? Sonrası beləcə də davam edəcək, çünki mən yalnız belə ictimai işdə məmnunluq tapıram. Üstəlik, Rusiyadakı indiki quruluş mənim ruhi aləmimə hər şeydən daha çox uyğundur.

Ümumiyyətlə, mən insanın insan tərəfindən əsarətinin əleyhinəyəm. Harada olursa-olsun, bütün varlığımla köləliyə qarşıyam. Bəşəriyyətin tezliklə nadanlıqdan və eləcə də köləlikdən azad olması üçün yollar axtarmışam. Sosial-demokrat da olmuşam. Lakin bu təşkilat get-gedə idealdan daha çox uzaqlaşır. Bolşeviklərin proqramını xüsusi məmnunluqla qəbul etmişəm, çünki həmin sənəddə tezliklə məhz öz proqramımın həyata keçiriləcəyini - yer üzündə köləliyin məhv ediləcəyini görmüşəm və görürəm.

Bəlkə də sən bu sətirləri oxuyarkən bolşevizm heç olmayacaq. Lakin bu, heç də o demək deyil ki, bolşevizm yaramır; bu, o demək olacaq ki, biz onu saxlamağı bacarmadıq, yetərincə qiymətləndirmədik, işin qulpundan pis yapışdıq. Sözün açığı, hakimiyyətlə o qədər lovğalandıq ki, başımız boş-boş işlərə, dedi-qodulara qarışdı, vacib olanı əldən buraxdıq. Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: hakimiyyət yetərincə yaxşı, görkəmli işçilərin çoxunu korladı. Onlar nəhəng dövlətin taleyini əllərinə alaraq və hesabat vermədən diktatorluq etmək qərarına gəldilər... Belə rəhbərlik ilk vaxtlar üçün zəruri idi, lakin bu vəziyyəti indiyədək davam etdirmək bolşevizmin süqutunu yaxınlaşdırmaq deməkdi.

İndi bu sətirləri sənə yazdığım vaxt işimiz o yerə çatıb ki, ən yaxın kommunist dostlar Lenindən sonra özlərini onun qanuni varisi adlandıran şəxslərin dövləti idarə edə bilməmələrindən yaranan nöqsanlarımız barədə bir-biri ilə danışa bilmirlər...

Bunları sən mənim MK-dakı geniş məruzəmdən öyrənəcəksən. Həmin məruzə sənə bütün bunlardan baş çıxarmağa imkan yaradacaq və elə bu məruzədən də öyrənəcəksən ki, çoxları öz vəzifə-mənsəblərini itirə biləcəkləri qorxusundan dinmədikləri halda, sənin atan bu barədə cəsarətlə danışırdı.

Əzizim Nəcəf! Vəzifə-mənsəb arxasınca qaçma, çünki bu, insanı korlayır. Əgər bir adamı yaxşı tanımaq, onun bütün daxili aləminə bələd olmaq istəyirsənsə, onu bir müddət vəzifə başına qoy. Tezliklə həmin adamın müsbət və mənfi cəhətləri üzə çıxacaq. Bu baxımdan əgər sən kütlələri hiyləsiz-yalansız öz arxanca aparmağa hazır deyilsənsə, yaxşısı budur, ondan imtina edəsən... Əgər kütlə (fəhlə və kəndlilər) səni dəyərləndirərsə, hakimiyyətdə iştirakını zəruri hesab edərsə, sənə etibar edərsə və sən bu etibara əsasən ümumi işə müəyyən fayda verəcəyinə əmin olarsansa, onda imtina etmə.

Burada yalnız bircə şərt var ki, gərək onu müəyyənləşdirəsən: yəni kütlə sənin hakimiyyətdə iştirakını öz arzusu ilə, könüllümü qəbul edib, yoxsa məcburi? Əgər səndə zərrə qədər şübhə yeri varsa ki, kimlər tərəfındən olursa-olsun məcburi seçilirsən, onda yaxşı olar, imtina edəsən. Əks halda ləyaqətini nəinki təkcə kütlə, həm də öz qarşında itirəcəksən. Hər dəfə hakimiyyətə öz ləyaqətinə görə yox, məcburi gəldiyini dərk etdikcə, müəyyən ruhi sıxıntı, əzab çəkəcək, sistematik olaraq ləyaqətini nəinki kütlələrin, həm də öz gözündə itirəcəksən... Buradan da sənin sonrakı dünyagörüşündə pozuntu əmələ gələcək. Bu isə ictimai xadimin həyatında təhlükəli məqamdır.

Sən müstəqil həyata hazır olduğun zaman bütün bunlara tab gətirmək mümkündür. Bu, nə deməkdir? Yəni özünə elə peşə və ya sənət seçməlisən ki, şəxsiyyətdən, yaxud idarədən az asılı olsun. Sənə aydın olsun deyə, öz həyatımdan misal çəkəcəyəm. Artıq bilirsən ki, universitetə daxil olum deyə 30 yaşında kamal attestatı almaq üçün imtahan verdim. Sonra belə bir sual qarşısında qaldım: hara daxil olmalı? Yaşım və bütün həyat şəraitim mənə tezliklə universiteti bitirməyi diqtə edirdi. Odur ki, elə fakültə seçmək lazım idi ki, az vaxt aparsın. Qarşımda belə bir sual dayanmışdı: hüquq (o vaxt hüquq fakültəsi asan fakültə sayılırdı), yaxud təbiyyat fakültəsinə daxil olum? Çünki həmin fakültələrdə 4 il oxumaq lazım idi. Bu fakültələri bitirdikdən sonra şəxsiyyətlərdən, yaxud idarələrdən daha çox asılı olmayım deyə, fikirdən vaz keçdim və ömrüm boyu kənar şəxslərdən az asılı olmaq üçün tibb fakültəsinə daxil oldum.

Bu, səbəbin biridir, digər səbəb isə belə idi: sənin nənən, mənim anam Həlimə rəhmli, başqalarının halına acıyan, xeyirxah qadın idi. Ehtiyacı olanlara imkan daxilində əl tutar, qonşuluqdakı xəstə qadınların qayğısına qalar, bir tikə çörəyini onlarla bölüşərdi. Kiçik yaşlarımdan müşahidə etdiyim üçün, çox güman bütün bunlar mənə təsir gostərmişdi... Odur ki, tibb fakültəsində oxumaq uzun vaxt aparsa da, çətinlikləri çox olsa da, şəxsiyyət və idarələrdən mümkün qədər asılı olmamaq və daha çox ruhi rahatlıq əldə etmək üçün mən həmin fakültəyə daxil oldum...”

 

1991 – Azərbaycanın Xalq rəssamı, naxışşünas və xalçaşünas Lətif Hüseyn oğlu  Kərimov 84 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 8 sentybrLətif Kərimov 1906-cı ildə Azərbaycanın Qarabağ mahalının Şuşa şəhərində anadan olmuşdur. Onların nəsli – bütün "Allahverənlər" tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olmuşdur.

1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçmüşdür. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarmışdır. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənmişdir.

Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənirdi.

O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərmişdir.

İlk dəfə olaraq Bakıda və Qubada (1932-1936) xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olmuşdur. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərmişdir.

1930-1940-cı illər Lətif Kərimovun yaradıcılığında xüsusi yer tutur. Bu illərdə yaratdığı bədii tərtibatlarda və başqa sahələrdə Şərqin bədii sənət xəzinəsindən ilham almış ustad əlinin izlərini görürük.

Lətif Kərimovun xalçaları həmin illərdən başlayaraq artıq Azərbaycandan uzaqlarda da böyük rəğbət və maraqla qarşılanır. Onun Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə Ümumdünya sərgisində uğurla nümayiş etdirilmişdir. O, min illərdən başlayaraq Azərbaycan xalçaçılarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplanmış və beləliklə Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlamışdır.

Onun 1937-1939-cu illərdə Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan Respublikasının pavilyonuna verdiyi bədii tərtibat, binanın Milli memarlıq forması ilə möhkəm vəhdət təşkil edirdi.

Lətif Kərimov tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlamışdır. Bu xalçalarda şairin "Xəmsə"sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilmişdir.


2005  Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru,  Xeyrulla Qulam oğlu Məmmədov  70 yaşında qəflətən vəfat etmişdir.

Tarixdə bu gün - 8 sentybr Xeyrulla Məmmədov 1934-cü ilin avqust ayında Lerik rayonu Zuvand mahalının Hoveri kəndində dünyaya göz açıb. 1952-ci ildə Lerik kənd (o vaxtlar kənd sayılırdı) orta məktəbini bitirib.

1957-ci ildə S.M.Kirov adına ADU-nun (indiki BDU-nun) filologiya fakültəsini bitirib.

 1957-1960-cı illərdə Lerik qəsəbə orta məktəbində Azərbaycan dili və ədəbiyyatı  müəllimi kimi pedoqoci fəaliyyət göstərib. Eyni zamanda internat məktəbində baş tərbiyəçi işləyib. Lerik rayonda çıxan "Kolxoz yolu” qəzetində müntəzəm çıxış edib və bu qəzetin məsul katibi işləyib.

 1960-1963-cü illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoci İnstitutunun  aspiranturasında oxuyub.

1963-cü ilin noyabr ayından ömrünün sonuna kimi  ADPİ-da (sonra ADPU)Azərbaycan ədəbiyyatı tarixi kafedrasına  fəaliyyət göstərmişdir.

 1963-1965-ci illərdə səsvermə yolu ilə həmin kafedrada müəllim işləyib.

1965-1967-ci illərdə baş müəllim, 1967-1982-ci illərdə isə dosent vəzifələrində çalışıb.

1968-1970-ci illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrası müdirinin müavini vəzifəsinə təyin olunub. 1982-ci ildə   "XIX əsrin sonu, XX əsrin əvvəllərində” (1880-1905) "Azərbaycanda maarifçi realist ədəbi hərəkat” mövzusunda doktorluq dissertasiyası  müdafiə etmişdir. 


2015 – Azərbaycanın məşhur kamança ifaçısı, Xalq artisti Habil Əliyev Bakıda 88 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 8 sentybrHabil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.
Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asdılar və çox razı qaldılar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu.
Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.
Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olmuşdur.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.
Habil Əliyev səhhətində yaranan problemlərə görə 2015-ci il avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmışdır. Daha sonra yenidən komaya düşmüş və sentyabrın 8-də vəfat etmişdir.
Habil Əliyev Bakıda I Fəxri Xiyabanda dəfn edilmişdir.

Bayramlar və xüsusi günlər:

Hər il sentyab ayının 8-i Beynəlxalq Jurnalist Həmrəyliyi Günü kimi qeyd olunur. .
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü 1958-ci ildən etibarən qeyd edilir. Həmin il Beynəlxalq Jurnalistlər Təşkilatının Buxarestdə keçirilmiş IV Konqresində bununla bağlı qərar qəbul olunmuşdur. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilmişdir.

Tarixdə bu gün - 8 sentybr
8 sentyabr Beynəlxalq Bilik Günüdür.
Beynəlxalq Bilik Günü UNESCO (Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatı) tərəfindən 1965-ci ilin 8 sentyabr tarixində elan olunub.
Məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkməkdir. UNESCO həmçinin beynəlxalq ictimaiyyətə savad almağın insan haqlarından biri olduğunu xatırladır .
Tarixdə bu gün - 8 sentybr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz