» » 7 avqust Toğrul Nərimanbəyovun doğum günüdür

7 avqust Toğrul Nərimanbəyovun doğum günüdür

Müəllif: Anaveusaq.az от 7-08-2017, 00:15
 

7 avqust Toğrul   Nərimanbəyovun  doğum günüdür


Bu gün SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı Toğrul Fərman oğlu Nərimanbəyovun doğum günüdür.
Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirmişdir. XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlamışdır. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnmişdir. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olmuşdur. İnsanların daxili aləminin ən incə çalarlarınadək təsvirini verən portretləri bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilmişdir. Təzad və şərtiliyi, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şəkildə əks etdirmişdir. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaratmışdır. Monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.
Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.
2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat etmiş və  Parisin mərkəzində yerləşən "Passi" qəbiristanlığında dəfn olunmuşdur.

7 avqust Toğrul   Nərimanbəyovun  doğum günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz