» » Tarixdə bu gün - 28 iyun

Tarixdə bu gün - 28 iyun

Müəllif: Vüsal от 28-06-2017, 00:15
28 iyun

İlin 179-cu (uzun illərdə 180-ci) günü

Mühüm hadisələr:

1995 — Azərbaycan Respublikası Makedoniya Respublikası ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1837 —  Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872) olmuş Həsən bəy Zərdabi (Həsən bəy Məlikov)
28 iyun 1837-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur.
Tarixdə bu gün - 28 iyunİlk təhsilini mollaxanada almış, sonra Şamaxı şəhər məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə imtahansız daxil olmuş, dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirmişdir.
Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilmişdir. Lakin vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirmişdir. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləmiş, daha sonra 1869-cu ildə Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlamışdır. Mütərəqqi fikirlərinə görə dəfələrlə təqib edildiyindən müəllimlikdən əl çəkmiş, xalqı üçün geniş mədəni tədbirlər həyata keçirmək uğrunda fəaliyyətə başlamışdır. Vaxtilə evlərində keçirilən şeir və musiqi həvəskarlarının məclisləri onda dərin iz buraxmışdır.
Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramatuqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M. F. Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyaları tamaşaya qoyulmuşdur.
O, zəhmətkeş kütlələrin xoşbəxtlik və tərəqqisini elmdə görmüş, elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət vermişdir. Həsən bəy Zərdabi geniş ictimai fəaliyyət göstərmiş, N.Nərimanov ilə birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak etmişdir. Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. Gündəlik həyatında və işində xalqla sıx bağlı olmuş, asudə vaxtlarını xalq arasında keçirmiş, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirmişdir. Apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdır.
Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatın yaranması zərurətini doğurmuşdur. Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmişdir. Bununla əlaqədar o İstanbuldan hürufat gətirtdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür.
"Əkinçi" qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunmuşdur.
Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi.
İlk mətbu orqan kimi "Əkinçi" öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini "ziyalı" sayan bəzi üzdəniraq insanlar yerbəyerdən "Əkinçi"nin üzərinə hucuma keçdilər.
1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan "Əkinçi" realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.
1880-cı ildən etibarən Həsən bəy Zərdabi doğma kəndi Zərdabda yaşamışdır. O, kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq o yenə də mətbuatda fəal iştirak edirdi.
1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.
Həsən bəy Zərdabi 1875-ci ildə "Əkinçi" qəzetinin 1, 4, 8-ci, 1876-cı ildə 26-cı saylarında və 1899-cu il "Kaspi" qəzetinin 172-ci sayında tоrpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vermişdir, tоrpağın xışla deyil, kоtanla şumlanmasını təklif etmişdir.
Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olmuşdur.
Həsən bəy Zərdabi (Həsən bəy Məlikov) Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk türkdilli qəzet – "Əkinçi"nin naşiri (1875), Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906).

1914 — Xalq artisti,  teatr və kino aktrisası  Barat Şəkinskaya Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi Tarixdə bu gün - 28 iyunqızı olub. Barat Şəkinskaya ilk təhsilini Şuşada alıb. 1923-cü ildə Gəncəyə köçüblər. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib.
Barat Şəkinskaya üç dəfə ailəli olmuşdur. İlk dəfə 16 yaşında aktyor Miribrahim Həmzəyevə ərə gedən Şəkinskayanın bu izdivacdan qızı Solmaz Həmzəyeva dünyaya gəlir. Solmaz xanım ömrünün əlli ilini Azərbaycan Televiziyasında rejissor vəzifəsində çalışıb. İki ildən sonra ailə dağılır. Barat Şəkinskaya ikinci dəfə 1936-cı ildə görkəmli rejissor Şəmsi Bədəlbəyli ilə ailə qurur, bu nikahdan qızı Rövşanə Bədəlbəyli doğulur. Üçüncü və sonuncu evliliyi teatr rejissoru Mehdi Məmmədovla olur. Bu evllilikdən olan oğlu rəssam və kino aktyoru Elçin Məmmədovdur.
Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə Azərbaycan teatrı tarixinə yazılıb. Aktrisa Moris Meterlinqin "Göy quş” (Tiltil), Şekspirin "Kral Lir” (Kardeliya), "Romeo va Cülyetta” (Cülyetta), "Otello” (Dezdemona), "On ikinci gecə” (Viola),"Polad qartal”,(Şəfiqə),Şillerin "Məkr və məhəbbət” (Luiza), Karlo Haldoninin "Mehmanxana sahibəsi” (Mirandalina), Lope de Veqanın "Rəqs müəllimi” (Florela), Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər” (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub.Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Axırıncı dəfə o, uşaq rolunu 37 yaşında oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin "Çiçəklənən Arzular" pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub. "Azərbaycan səhnəsinin Cülyettası" deyə çağırılan Barat Şəkinskaya 1935-ci ildən xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub.Aktrisanın iştirak etdiyi "Arxip baba və Lyonka”, "Ad günü”, "Köhnə qala”, "Çippolino”, "Buratino”, "Sirk gəlir” və onlarca bu səpkili tamaşalar Teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılır.Barat Şəkinskaya Azərbaycanın bir sıra məşhur, dillər əzbəri olan filmlərində maraqlı obrazlar canlandırıb. "Görüş" (1955), "O olmasın, bu olsun" (1956), "Qızmar günəş altında" (1957), "Kölgələr sürünür" (1958), "Qəribə əhvalat" (1960), "Telefonçu qız" (1962), "Azərbaycan teatrının ustaları" (1966), "Evin kişisi (1978), "Onun bəlalı sevgisi" (1980), "Üzeyir ömrü" (1981) filmlərində Barat xanımın oynadığı rollar film tariximizin qiymətli incilərindəndir. Barat Şəkinskaya 23 yaşında,4 may 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 21 iyul 1949-cu ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.[1] Sənətə böyük ehtiramı olan Barat Şəkinskaya elə bu məhəbbət üzündən də səhnəni tərk edib. Aktrisanın 70-ci illərdə səhnə ilə vidalaşma səbəbini İlham Rəhimli belə izah edir: "Səbəbini bir dəfə ondan soruşdum. Dedi ki, bir gün məşqdə idim. Məşq gedirdi. Mən bir də gördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı". Xalq artisti Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə 84 yaşında dünyasını dəyişib.Bakıda İkinci Fəxri Xiyabanda dəfn olunub.
 

 1925 -Gülağa Məmmədov  Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb. Çox kasıb ailədə böyüyüb. Atası çəkmətikən, Tarixdə bu gün - 28 iyunanası evdar qadın olub. Kirayədə yaşayıblar, ailə atasının cüzi qazancı ilə dolanıb.
Uşaqlıqdan Musiqiyə böyük marağı olan Gülağa tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyarmış. 12 yaşında olarkən, təsadüfən küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidərək ayaq saxlayır. Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və balaca istedadla tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Azyaşlı Gülağa Üzeyir Hacıbəyov, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarların münsiflər heyətinin tərkibində olduğu müsabiqədə iştirak edir və səsi bəyənilir.
Gülağa Məmmədov 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Böyük Teatrın səhnəsində Maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun Səni gördüm, aşiq oldum ariyası böyük alqışlarla qarşılanır.
Gülağa Məmmədov çoxlu sayda mahnı və romanslar ifa etmişdir.
  Azərbaycan televiziyası və radiosunun "Qıızıl fond"unda ölməz sənətkarın nadir sənət nümunələri qorunur.
Gülağa Məmmədov 7 iyun  1994-cü -cü ildə 68 yaşında Bakıda  vəfat etmişdir.

Tarixdə bu gün - 28 iyun1952 —    Azərbaycanın Milli Qəhrəmanı Ənvər Fərəcov Goranboy rayonunun Sarov kəndində doğulmuşdur. 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1990-cı ildə Özbəkistan Milis Akademiyasını bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilmişdir.
Ermənilər torpaqlarımıza basqın edəndə Ənvər də cəbhəyə yola düşür, şərəfli döyüş yolu keçir.
18 avqust 1991-ci ildə Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır.
11 sentyabr 1991-ci il…Yağı düşmən böyük qüvvə ilə Goranboy rayonunun Erkəç, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi. Bu, Ənvər Fərəcovun son döyüşü oldu: Ənvər həmin döyüşdə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Tarixdə bu gün - 28 iyun1974 — Azərbaycanın Milli Qəhrəmanı Zaur Sarıyev Şəmkir rayonunda anadan olmuşdur. 1981-1989-cu illərdə burada təhsil almışdır. 1993-cü il 6 iyul Zaur hərbi xidmətə çağırılır. Zaur "N" saylı hərbi hissədə qısa vaxt ərzində təlim alaraq cəbhəyə göndərildi.
Cəsur döyüşçü Füzuli, Ağdam, Kəlbəcər, Murovdağ cəbhələrində rəşadətlə vuruşaraq hər kəsi özünə heyran qoymuşdu. 1994-cü ilin sərt qışı idi. Zaur döyüşçü dostları ilə Murovdağ istiqamətində kəşfiyyat əmri alır. Döyüşçülər həmin əməliyyat zamanı mühasirəyə düşürlər, 13 gün sonra xeyli erməni yaraqlısını məhv edən əsgərlər mühasirəni yarıb çıxmağa müvəffəq olurlar. Zaurun əl-ayağı donmuşdu, iki ay müalicə olunan cəsur düyüşçü yenidən səngərə dönür. Zaur çavuş rütbəsi alaraq qrup komandirliyi vəzifəsinə təyin edilir. Uzun və şərəfli döyüş yolu keçmiş Zaur ağlına belə gətirməzdi ki, qarşıda dövlətimiz, Vətənimiz üçün daha təhlükəli günlər var. 1995-ci il 13-17 mart hadisələri baş verdi. Silahlı dəstənin zərərsizləşdiriləməsində canlarından belə keçən döyüşçülərdən biridə Zaur idi. Zaur Sarıyev silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Sarıyev Zaur Rəşid oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Qəhrəman Şəmkir rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Vəfat etmişdir:

1920 - Azərbaycan hərbi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru Əbdülhəmid bəy Qaytabaşı vəfat etmişdir.
Tarixdə bu gün - 28 iyun10 iyul 1884-cü -cü ildə Tiflisdə anadan olmuşdur.Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 1918-ci il 15 noyabr tarixli əmri ilə Ümumi qərargahın tərkibindəki növbətçi general vəzifəsinə təyin olunmuşdu. Onun tabeliyində müfəttişlər bölməsi, təmir və bərpa bölməsi, ümumi bölmə, qeyri-nizami bölmə və nəşriyyat var idi.
Ulu babası kapitan Əbdülməcid bəy XVIII əsrin sonlarında Türkiyənin İstanbul şəhərindən Tiflisə köçmüşdür. Alay başçısı olduğuna görə ona Xaytabaşı titulu verilir. Ruslar onun Xaytabaşı soyadını sənədlərində səhvən, təriflə Qaytabaşı kimi yazmışlar. Sonralar rəsmiləşən bu nadir soyad 1920-ci ilin iyun ayında general Əbdülhəmid bəy güllələnənə qədər işlənmişdir.
Əbdülhəmid bəyin atası Şərif bəy Qaytabaşı 1835-ci il oktyabrın 26-da Tiflis Quberniyasında anadan olmuşdur. 1890-cı ildə tərtib olunmuş sənədlərdə onun süvarı qoşunlarında Şərq dillərinin tərcüməçisi olduğu, podpolkovnik kimi şərəfli yolu, orden və medalları göstərilmişdir.
1918-1920-ci illərdə Milli Ordumuzun sıralarında şərəflə xidmət edən ən yaxşı generallardan biri idi. Əbdülhəmid bəy Birinci Dünya Müharibəsi illərində iki yüz beşinci Şamaxı piyada alayında ştabs-kapitan rütbəsində döyüşlərdə iştirak edib. 1916-cı ildə dördüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif olunmuşdur.
Yunker Əbdülhəmid bəy Peterburq yaxınlığındakı Pavlovsk hərbi məktəbini bitirib. 1906-ci il fevralın 23-də onun altıncı Qrenadyor-Minqrel alayında xidmətə başlayıb.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər şurasının 1919-cu il 25 iyun tarixli qərarı ilə Qaytabaşı general-mayor rütbəsinə layiq görülmüşdü. 1919-cu il dekabrın 10-da general-mayor Həbib bəy Səlimov Bakı istehkamçılar hissəsinin rəisi təyin edilərkən, Ümumi qərargah rəisi vəzifəsinin müvəqqəti icrası Qaytabaşıya həvalə olunmuşdu. Bu vəzifəni Azərbaycan ordusunun qərargahı yaradılana qədər icra etmişdir. 1920-ci il martın 1-dən fəaliyyətə başlayan Azərbaycan ordusu qərargahında Qaytabaşı növbətçi generalın idarəsinə rəhbərlik edirdi. Hərbi nazirlikdə struktur dəyişikliklərindən sonra ümumi bölmə, təftiş bölməsi, pensiya bölməsi və nəşriyyat işləri bu idarəyə verilmişdi. Aprel işğalından (1920) sonra Qaytabaşı qısa müddət Azərbaycan ordusu qərargahının rəisi vəzifəsini icra etmişdi. Lakin Azərbaycanda sovet-bolşevik rejiminə qarşı müqavimət hərəkatı genişləndikdə, bir çox Cümhuriyyət generalları kimi, Qaytabaşı da bolşeviklər tərəfindən repressiyaya məruz qaldı və güllələndi.

Tarixdə bu gün - 28 iyun1992 - Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimov  Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Rasim  İbrahimov  18 aprel 1982-ci ildə  Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində anadan olmuşdur. 1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfədək həmin məktəbdə təhsil almışdır...
1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov 1979-cu ildək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R.İsmayılov 1992-ci ildə o Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu. Onların taboru 1992-ci il 28 iyun Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər. Cəsur komandir R.İbrahimov döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İsmayılov "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!",-deyərək özünü qumbara ilə partladır.
Ailəli idi, iki övladı qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Çilov adasında abidəsi ucaldılıb və burada qəhrəmanımızın adına bağ salınıb.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz