» » Tarixdə bu gün - 11 fevral

Tarixdə bu gün - 11 fevral

Müəllif: Dəyanət от 11-02-2017, 00:15

11 fevral


Mühüm hadisələr:

1725 - Rusiya Xarici İşlər Kollegiyası işğal olunmuş Xəzərətrafı ərazilərdə erməni əhalisinin yerləşdirilməsi barədə fərman verib. Bu, çar Rusiyasının ermənilər vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək siyasətinin ilk praktik addımı idi. Çar I Pyotr sələflərinə məhz bu siyasəti vəsiyyət etmişdi.
1920 - Bakı Fəhlə klubunun binasında qeyri-leqal şəkildə Azərbaycan kommunistlərinin birinci qurultayı başlayıb.
1920 - Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinə ikinci cavab notasında Azərbaycanın müstəqilliyinin tanınması barədə məlumat verib.
1921 - Bakıda əməkçi qadınların I Qurultayı başa çatıb.
1935 - Zərbəçi kolxozçuların II Ümumittifaq qurultayı başlayıb.
1943 - Stalin sovet atom bombasının hazırlanması barədə göstəriş verib.
1945 - Stalin, Ruzvelt və Çörçillin iştirak etdiyi Yalta konfransı başa çatıb.
1953 -
SSRİ İsrail ilə diplomatik əlaqələri kəsib.
1959 - Kiprin yunan və türk toplumları arasında Sürix sazişi imzalanıb.
1979 - İranın sonuncu baş naziri Şapur Bəxtiyar Fransaya qaçıb. İranda İslam İnqilabı tam qələbə çalıb.
1984 - Yevlax-Balakən dəmir yol xətti istifadəyə verilib.
1990 -
Afrika Milli Konqresinin lideri Nelson Mandela 27 il sonra həbsdən azad edilib.
1992 - Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurmuşdur.
1992 - Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal ediblər.
2000 -
Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurmuşdur.
2000 -
Prezident Heydər Əliyev Baş Dövlət Vergi Müfəttişliyinin ləğv edilməsi, onun bazasında Vergilər Nazirliyinin yaradılması barədə fərman verib. 11 fevral vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
2004 -
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" fərman imzalayıb. Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın bölgələrinin iqtisadi mənzərəsi köklü şəkildə yaxşılaşmış, geniş aqrar-sənaye, sosial, energetika və kommunikasiya infrastrukturu yaranmış, 700 mindən çox yeni iş yerləri açılmışdır.
2005 - Astronomlar tarixdə ilk dəfə doğma Qalaktikadan ayrılaraq, qalaktikalararası fəzaya uçan ulduz aşkar ediblər.
2006 - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Rambuye sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan prezidenti Robert Koçaryanla görüşüb.

Doğum günləri

 

Tarixdə bu gün - 11 fevral1898 — Sovet İttifaqı Qəhrəmanı Bəkir Dursun oğlu Mustafayev Gürcüstanın Axaltsixe rayonunun Qlazar kəndinə anadan olub.
1941-1945-ci illər müharibəsi zamanı Gürcüstanda yaşayan azərbaycanlılardan təxminən 10 min əsgər həlak olmuş, 3 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Bunlardan biri Bəkir Mustafayev olmuşdur.
Bəkir  Mustafayev döyüşən orduya 1941-ci ildə Axaltsixe RHK-dan  getmişdir.
O, 55-ci qvardiya atıcı divizyasının 164-cü atıcı alayının manqa komandiri olub.
Şimali Qafqazdan Krım vilayətinə kimi gedən döyüşlədə dəfələrlə  qəhrəmanlıq göstərib.
Kerç yarımadasının faşistlərdən azad edilməsində iştirak edib.
Bəkir Mustafayev  10 dekabr 1978-ci ildə vəfat edib.
Müharibədə göstərdiyi şücaətlərə görə starşina Mustafayev Bəkir Dursun oğlu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 16 may (fevral) tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, eyni zamanda  Lenin ordeni, "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir.

1914 - Xalq artisti Rəmziyyə Osman qızı Veysəlova  Bakıda anadan olub.Tarixdə bu gün - 11 fevral
Rəmziyyə Veysəlova yeni tipli qız məktə-bində təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır. Musiqili səsi, mürəkkəb məqamlarda da canlı və plastik hərəkətli səhnə davranışı, güclü texnika vərdişləri, məlahətli görkəmi, iti yaddaşı, emosional cazibə qüdrəti vardı.
1932-ci ilin sonlarında Rəmziyyə xanım ailə vəziyyəti ilə əlaqədar Aşqabad şəhərinə köçmüşdür. Aktrisa orada üç ilə yaxın "Rəmziyyə” və "Rəmziyyə Əfəndiyeva” kimi çıxış etmiş, müəyyən təcrübə toplamış və az müddətdə teatrın aparıcı aktrisalarının cərgəsinə çıxmışdır. 1934-1935-ci il teatr mövsümündə Bəhram Əfəndiyev (həyat yoldaşı) və Rəmziyyə xanım Gəncə şəhərinə gəlir və hər ikisi teatrın kollektivinə qəbul olunurlar.
Aktrisanın altmış iki illik aktyorluq fəaliyyətinin sənət töhfələrinin əsas inciləri bunlardır: Ceyran ("Özgə uşağı”, Vasili Şkvarkin), Almaz, Solmaz, Mariya Timofeyevna, Sitarə ("Almaz”, "Od gəlini”, "1905-ci ildə” və "Nəsrəddin şah”, Cəfər Cabbarlı), Gülnar və Xuraman, Məryəm ("Vaqif” və "Fərhad və Şirin”, Səməd Vurğun), Kəmalə, Sənubər ("Toy” və "Xoşbəxtlər”, Sabit Rəhman), Huri ("Məhəbbət”, Mirzə İbrahimov), Balisa, Marsela ("Kələkbaz sevgili” və "Nə yardan doyur, nə əldən qoyur”, Lope de Veqa), Natella ("Vətən namusu”, Georgi Mdivani), Dilşad, Nəzakət, Nurcahan xanım ("Atayevlər ailəsi”, "Sən həmişə mənimləsən” və "Mənim günahım”, İlyas Əfəndiyev), Tükəz ("Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Xumar və Nina, Südabə ("Şeyx Sənan” və "Səyavuş”, Hüseyn Cavid), Ayişə ("Şikayət qəbul olunmur”, Toktobolat Əbdülmöminov), Rəxşəndə ("Kişilər”, Altay Məmmədov), Məhsəti xanım ("Nizami”, Mehdi Hüseyn), Həkim ("Göz həkimi”, İslam Səfərli) və s.
Gəncə Dövlət Dram Teatrının görkəmli aktyorlarından olmuş Rəmziyyə  Veysəlova Aktrisa 1993-cü il avqust ayının 22-də Gəncə şəhərində vəfat etmiş və Bağbanlardakı Fəxri Xiyabanda dəfn edilmişdir.

Tarixdə bu gün - 11 fevral1920   Məşhur ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olmuş
Əziz Mirəhmədov Bakı şəhərində doğulmuşdur.
İlk təhsilini Bakıda M.A.Əliyev və M.F.Axundov küçələrinin kəsişdiyi yerdə olan 25 nömrəli məktəbdə almışdır. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. İlk məqaləsi hələ tələbə ikən "Azərbaycan müəllimi"nin sələfi olan "Müəllim qəzeti"nin 13 may 1938-ci il nömrəsində çap olunmuşdur. 1941-ci ildə APİ-ni bitirdikdən sonra gənc Əziz bir qədər orta və ali məktəblərdə dərs deyir, 1942-ci ildə Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim işləyir. 1943-1948-ci illərdə ADU-nun "Azərbaycan ədəbiyyatı" kafedrasında baş müəllim vəzifəsini tutur. Xalq şairi B.Vahabzadə də onun tələbəsi olmuşdur. Bəxtiyar Vahabzadənin xatirəsində deyilir: "Xəyalım ilk tanışlığımıza - 1943-cü ilin sentyabrına getdi. Bu o gün idi ki, gənc, ucaboy, qarayanız aspirant Əziz Mirəhmədov bizə dərs deyirdi. Gənc olmasına baxmayaraq, onda çılğınlığın, ötkəmliyin əlaməti belə yox idi. Çox asta və təmkinlə danışar, izah etmək istədiyi mətləbi yalnız faktlarla bizə dərk etdirməyə çalışardı". Onu yaxşı tanıyan müəllimləri H.Araslı və M.Arif tezliklə Əziz Mirəhmədovu Nizami adına Ədəbiyyat və Dil İnstitutuna dəvət edirlər. "Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələləri" mövzusunda dissertasiyasını müdafiə edib elmlər doktoru adını alır, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilir. Azərbaycan ədəbiyyatının bir sıra açılmamış səhifələri Əziz müəllimin qismətinə düşmüşdü. O, "Molla Nəsrəddin" jurnalının 25 illik nömrələrinin transliterasiyası, 12 cilddə çapa hazırlanması və birinci cildin nəşr edilməsi işini də başa çatdırmışdı.
11 fevral 2002 -ci ildə 82 yaşında vəfat etmişdir.

 
Tarixdə bu gün - 11 fevral1958 — "Rəsul Rza" mükafatı laureatı, şair Rəfail Tağızadə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1974-cü ildə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitetdə) təhsil alıb. Müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində zabit kimi qulluq edib. Ordu komandanlığı tərəfindən "Şah İsmayıl Xətai" və başqa Fəxri Fərmanlarla və hədiyyələrlə təltif olunub. Ümid Partiyası Ali Məclisinin sədridir.
Dünyanın çağdaş avanqard şairlərinin, xüsusən çağdaş polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. "Qəfil görüş" çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir. Çağdaş polyak şairlərinin şeirlərini tərcümə edərək "Şairlər eyni dildə danışırlar" adlı şeir antologiyası kitabını hazırlayıb. "Rəsul Rza" mükafatı laureatıdır ("Qarabağ Qazisi haqqında ballada" poemasına görə).
"Qapı" (2004) və "Qarabağ rüzgarları" (2009), "Gecə xəyalları" (2013) şeir kitablarının müəllifidir

Tarixdə bu gün - 11 fevral1959— Azərbaycan aktyoru və bədii qiraətçi, Azərbaycanın Əməkdar artisti , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti  Azad   Şükürov Ağdamın Muğanlı kəndində müəllim ailəsində anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində - Rza Təhmasibin kursunda təhsil alıb (1977-1981). İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb (1981-1984). Daha sonra Tədris Teatrında (1984-1990), Şuşa Dövlət Musiqili Dram Teatrında (1990-1992) çalışıb.
1992-2009-cu illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 6 il həmin kafedranın müdiri olub, indi də dosentdir. Eləcə də bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, qiraət ustasıdır. 2003-cü ildə İranda keçirilən I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb.

Tarixdə bu gün - 11 fevral1978 — Azərbaycan teatr və kino aktrisası, 1996-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycanın əməkdar artisti,  prezident mükafatçısı Məsməxanım Aslan qızı Ağaverdiyeva (Məsmə Aslanqızı) Bakıda dünyaya gəlib.
1995-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Kurs rəhbəri, rejissor Azər Paşa Nemət Akademik Milli Dram Teatrında Elçinin "Ah, Paris!…Paris!.." satirik komediyasını tamaşaya hazırlayarkən onu Nurbəniz roluna dəvət edib.
1996-cı ildən Akademik Milli Dram Teatrının truppasında aktrisa vəzifəsində çalışır
Bir sıra telekanallarda əyləncəli və musiqili-şou verilişlərin aparıcısı olub. 26 aprel 2012-ci ildə Teatr nominasiyasında "Boy çiçəyi" tamaşasında uğurlu roluna görə "Humay" mükafatına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Vəfat etmişdir:

1829 - Rus səfiri Aleksandr Qriboyedov Tehranda qətlə yetirilib.

1948 - Sovet kinorejissoru Sergey Eyzenşteyn vəfat edib.
 
 
Tarixdə bu gün - 11 fevral1980 — Görkəmli şair, dramaturq, tərcüməçi Əliağa Həsənağa oğlu Vəliyev (Əliağa Kürçaylı) 51 yaşında Bakıda vəfat etmişdir.
Əliağa Vəliyev 1928-ci il fevral ayının 20-də Salyan rayonu Kürqaraqaşlı kəndində doğulub. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub, 1944-1946-cı illlərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb.Daha sonra Bakı Təbabət Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş fəhlə olmuş, Rusiya Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946-1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Moskva radio qovşağında redaktor işləmiş, yaşlı yazıçıların I . müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib İİO-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər, abu-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirir (1949-1954), eyni zamanda "Diaform" qəzeti redaksiyasında ədəbi işçi, nsksnavə incəsənət" qəzetində şöbə müdiri (1953-1955) işləyir. Bakıda ali ədəbiyyat kursunun dinləyicisi (1955-1957), "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri (1959-1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965-1966), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966-1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, yazıçılar ittifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yazıçı" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur.

1981 — Məşhur teatr xadimi, Xalq artisti Möhsün Sadıq oğlu Cəfərov (Möhsün Sənani) 80 yaşında Bakıda vəfat etmişdir.Tarixdə bu gün - 11 fevral
Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olmuşdur.
Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırmışdı. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirir. 1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəkdə birpərdəli səhnələrdə oynamağa başlayır. Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin müqqədir komik aktyoru Mirzəxan Quliyev olmuşdur. Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları, onun istedadına ümid edirlər. Bu ümid Möhsünün səhnəyə olan eşqini daha da artırır. Möhsünün bu sənətinə paxıllıq edən və onun həvəsini söndurmək istəyənlər atası Molla Sadığın dostları idi. Bununla belə, Möhsünü sevənlər çox idi. İşsiz qalmış Möhsünü yaxın bir gürcü dostunun atası "Vano dayı" tramvay parkında qulluğa düzəldir. O, burada aldığı maaşla özünü, bacısını təmin etməklə yanaşı, xalasının da vəziyyətini yüngülləşdirirdi.
Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı ziyalılar bu teatra və aktyorlara bina xərclərini ödəmək və tamaşaları təşkil etmək işində səmərəli yardım göstərirdilər. Nəriman Nərimanov, Əli Tağızadə, Əşrəf Yüzbaşiyev, Həsənbəy Zərdabi, Üzeyir Hacıbəyov və Mərdanov qardaşları teatr sənətinin tərəfdarları və təbliğatçıları olmuşlar.
1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış "Kaveyi-Ahəngər" tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir.
Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılmışdır. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır. M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa etmişdir. Bunlardan "Səbuhi", "Bəxtiyar", "O olmasın, bu olsun", "Sehrli xalat" və s. filmləri qeyd etmək kifayətdir.

Tarixdə bu gün - 11 fevral2012 — Məşhur bəstəkar, Xalq artisti və Dağıstanın Xalq artisti Elza İbrahimova 74 yaşında Bakıda vəfat etmişdir.
Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır.
Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.
Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.
Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olmuşdur. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazmışdır.
Bəstəkar İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Tarixdə bu gün - 11 fevral2013 — Beynəlxalq Ekoenerji akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, əməkdar elm xadimi, fizika - riyaziyyat elmləri doktoru, professor işləmiş Məlik-Baxış Əli İkram oğlu Babayev 77 yaşında vəfat etmişdir.
2005-ci ildə Azərbaycan Elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi" adının verilmişdir
Məlik-Baxış Babayev 3 yanvar 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Məlik-Baxış Əli İkram oğlu Babayev 1954-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1960-1963-cü illərdə isə həmin institutun aspirantı olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə edmişdir. 1966-cı ildə Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi vəzifəsinə təyin olunmuşdur. Məlik-Baxış müəllim 1992-ci ildə Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda xüsusiləşdirilmiş elmi şurada doktorluq dissertasiyasını müdafiə edmişdir. Məlik-Baxış müəllim 158-dən çox elmi əsərin müəllifi olmuşdur ki, bunların da 78-i elmi məqalə, 46-sı tezis, 5-i monoqrafiya, 29-u elmi kitab olmuşdır. Dünyanın 8 ölkəsinin 20 riyaziyyatçı alimi əsərlərində M-B.Babayevin əsərlərinə istinad etmişdir. Professor Məlik-Baxış Babayev adına riyazi termin olan ilk azərbaycanlı riyaziyyatçıdır. Belə ki, 1992-ci ildə İtaliyada keçirilmiş beynəlxalq konfransda onun tədqiq etdiyi çoxluqlar "Бабаевские множества” adı ilə riyazi termin kimi qəbul edilmişdir. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru S.V.Konyaginin aspirantlar və tələbələr üçün oxuduğu "Yaxınlaşma nəzəriyyəsi” kursunun bir fəsli "Бабаевские множества, их свойства и применение” adlanır. Azərbaycanda təhsilin inkişafında, onun dünya təhsilinə inteqrasiya olunmasında Məlik-Baxış müəllimin müstəsna xidmətləri olmuşdur. 1997-ci ildə Məlik-Baxış müəllim dünyada ilk dəfə olaraq yeni bir təlimin – "Maraq və Məntiq” təliminin əsasını qoydu. Bu təlim elm, texnika və həyat haqqında maraqlı, düşündürücü suallar, məsələlər, hadisələrlə zəngin olmaqla insanı düşünməyə dəvət edir, onun məntiqi düşünmə qabiliyyətinin inkişafına, intellektinin yüksəlməsinə, həyata marağının artmasına xidmət edir. Məlik-Baxış müəllim 10 ildən artıq müddətdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "İdarəçilikdə riyaziyyat” fənnindən mühazirə oxumuş və bu mühazirələrin nəticəsi kimi 2002-ci ildə "Математика в управлении", 2003-cü ildə isə "İdarəçilikdə riyaziyyat" dərsliklərini yazmışdır. 2005-ci ildə Məlik-Baxış müəllim Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə ölkə Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi” adı ilə təltif edilmişdir. 

Bayramlar və xüsusi günlər

11 fevral Azərbaycan, Vergi xidməti işçilərinin peşə bayramı günüdür.

Tarixdə bu gün - 11 fevral

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz