» » Tarixdə bu gün - 5 fevral

Tarixdə bu gün - 5 fevral

Müəllif: Vüsal от 5-02-2017, 00:15
5 fevral


Mühüm hadisələr:

1810— Fransız imperatoru Napoleon senzuranı bərpa edib. Sərkərdənin fikrincə "çap hüququ insanın təbii hüquqlarına aid deyil .
1924— Qrinviç rəsədxanası BBC radiosu vasitəsilə dəqiq vaxt xidmətini tətbiq edib (saatda bir dəfə dəqiq vaxt elan edilib).
1925— Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası təşkil etmək bərədə qərar verib.
1975— Türkiyə Silahlı Qüvvələrinin Kiprdəki türk əhalisinin haqlarını qorumaq üçün adaya hərbi kontingent yeritməsindən sonra Ankaraya qarşı beynəlxalq təzyiqlər başlayıb. Türkiyə adanın şimalındakı türk icmasına qarşı aparılan qırğınlara cavab olaraq 1974-cü ildə bu zəruri addımı atmalı olmuşdu. Birləşmiş Ştatlar Türkiyəyə silah satışına embarqo qoyub.
1991—Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adının Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilib.

Doğum günləri:

1859 — Görkəmli ictimai-siyasi xadim, Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli Xan Naxçıvanskinin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı, Cəmşid Naxçıvanskinin atası Cəfərqulu Xan Naxçıvanski Naxçıvanda anadan olmuşdur.
Cəfərqulu Xan Naxçıvanski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan bölgəsinin ictimai-siyasi həyatında və bölgənin qarşılaşdığı problemlərin həllində mühüm rol oynamışdır. Cümhuriyyətin yaranması ərəfəsində və onun fəaliyyətinin ilk çağlarında Naxçıvan Milli Komitəsinin sədri kimi bölgənin erməni təcavüzündən müdafiəsində, əhalinin daşnakların törətdikləri qırğınlardan xilas edilməsində fəal iştirak etmişdir. Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Kalbalı xan və Kərim xan Irəvanski ilə birlikdə mahalda yeni qurum–Müvəqqəti hökumət yaratmış və onun sədri olmuşdur.
Naxçıvandakı ingilis general-qubernatoruna ünvanladığı 1919-cu il 26 fevral tarixli məktubda Osmanlı qoşunlarının getməsindən sonra ermənilərin bölgə üçün təhlükə yaratmasından və mahalın Azərbaycan Xalq Cümhuriyyətindən aralı düşməsindən ciddi narahatlıq, diyarın ana torpaqla – Azərbaycanla birləşə bilməsi üçün şəraitin təmin olunması istəyi ifadə olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin razılığı və Irəvan quberniyası müsəlmanları həmyerlilər cəmiyyətinin tapşırığı ilə 1919-cu ilin fevralında Bakıdan Naxçıvana gələn Mirabbas Mirbağırovla və yerli hökumətin silahlı dəstəsinin komandanı Kalbalı xanla birlikdə mahalın erməni-daşnak silahlı dəstələrindən müdafiəsi və onun tezliklə Azərbaycan Xalq Cümhuriyyətinə qatılması məsələlərini ingilis general-qubernatoru ilə müzakirə etmişdir. Naxçıvan bölgəsində 1919-cu ilin may–iyun aylarında ingilislərin dəstəyi ilə elan olunan "erməni idarəçiliyi”nin ləğvinə, bununla da mahalın daşnaklar tərəfindən işğalının əngəllənməsinə çalışmışdır.
Mahalın sovetləşdirilməsi prosesinin ilk çağlarında Naxçıvan Milli Şurasının sədri kimi yenə də bölgənin türk-müsəlman əhalisinin ermənilərdən müdafiəsi işində fəallıq göstərmiş, lakin tezliklə sovet hökuməti tərəfindən təqib olunmağa başlamış, "qardaş qırğınlarının təşkilatçısı” və "antisovet təbliğatçısı” damğaları ilə 1920-ci il avqustun sonlarında Naxçıvan Inqilab Komitəsi tərəfindən həbs edilərək, Bakıya göndərilmişdir. 1920-ci il oktyabrın 5-də qardaşı Rəhim xan Naxçıvanski ilə birlikdə Azərbaycan Müvəqqəti Inqilab Komitəsinin rəhbərliyinə ərizə ilə müraciət edərək, haqsız repressiyaya məruz qaldığını bildirsə də, azadlığa buraxılmamış, sonralar Şuşa həbsxanasına göndərilmiş və 1929-cu ildə orada da vəfat etmişdir.
 
1918— Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu. SSRİ Xalq artisti, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Lenin, Oktyabr İnqilabı və Qırmızı
Tarixdə bu gün - 5 fevralƏmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki Qara Qarayev Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olmuşdur. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən idi. Bu ailə 20-ci əsrin Bakı ziyalıları kimi çox da zəngin deyildi. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olmuşdur. 1938–ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (A.N.Aleksandrov) tələbəsi olmuşdur. Bir müddət Bakıya qayıtdıqdan sonra 1946-cı ilədək yenidən Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olmuşdur.
Bəstəkar Fərəc Qarayevin atası, həkim-pediatr Mürsəl Qarayevin qardaşı və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmisidir.
1937–ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. Moskvadan qayıtdıqdan sonra 1941–ci ildəMüslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutmuşdur. 1944–cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olmuşdur.
1946–cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlamış, elə həmin il SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilmişdir.
1948–ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilmiş, Azərbaycan Dövlət Konservatoriyasının dosenti, Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlamışdır. 1949-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru olmuşdur. 1950–ci ildə SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət mükafatları üzrə komitənin üzvü təyin edilmiş, 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilmişdir.
1953–cü ildə Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulmuşdur.
1954–1982-ci illərdə SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.
1956–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləmiş, 1957–ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü 1962-ci ilədək SSRİ Bəs
1959–cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının akademiki. 1960–cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir.
1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuşdur.
1963–ci ildə Leninqrad Kiçik ("Malıy") opera teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur. 1964–cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı "İldırımlı yollarla" baletinin tamaşaya qoyulması ilə bağlı "Varşava payızı" çağdaş musiqi festivalında iştirak etmişdir.
1965–ci il aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur.
1966-cı ildə Dirijorların İkinci Ümumittifaq müsabiqəsində münsiflər heyətinin sədri olmuş, sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər etmiş, Bakıda "Klassik süitanın" ilk ifası olmuşdur.
1968–ci il aprelin 21–də Qorki (indiki Nijni Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olmuşdur.
1969–cu ildə "Yeddi gözəl" baletinin və "Leyli və Məcnun" simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəssənət ustaları arasında Yaponiyaya səfər etmişdir.
1971–ci ildə "Qoyya" filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olmuşdur.
1972–ci ildə "Varşava payızı" çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü olmuşdur.
1973-cü ildə P.İ. Çaykovski adına V beynəlxalq musiqi musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak etmişdir.
1976-cl ildə "Gənc bəstəkarların yetişdirilməsi" simpoziumunun işində iştirak etmiş, sovet və italyan bəstəkarlarının ikitərəfli iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər etmişdir.
1978-ci ildə Ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olmuş, Moskva operetta teatrında "Çılğın qaskoniyalı" müziklinin ilk tamaşası qoyulmuşdur.
Qara Qarayev həmçinin gözəl müəllim olmuş, neçə-neçə gözəl bəstəkarlar yetişdirmiş, Azərbaycan musiqisinin tədqiqinə dair məqalələt dərc etdirmişdir.
1982–ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişmişdir. Bakıda dəfn olunmuşdur.
 
Tarixdə bu gün - 5 fevral1930— Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində anadan olmuşdur. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynamışdı. Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958 ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində almışdır
1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988 illərdə "Azkonsert birliyi”-nin solisti olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun” xalq çalğı ansamblını yaratmışdır və bu günə kimi həmin ansambla rəhəbrlik edir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnmiş və muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınmışdır.
Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast”, "Bayatı Şiraz”, "Rahab”, "Dəşti” və başqa muğam –dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilmişdir.
"Yaşa məhəbbətim, yaşa ürəyim”, "Gəl bizə, yar”, "Bir dənəsən” və s. Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış bu mahnılar AzTV Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. Əlibaba Məmmədov 1963 cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyir, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edir. Əlibaba Məmmədov həmdə dəfələrlə muğam müsabiqələrində müsiflər heyətinin üzvü olmuşdur.
Xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəstt-xətti, xidmətləri olan ustad xanəndələrimizdən biri də xalq artisti Əlibaba Məmmədovdur. Bu sənətkarın adı çəkiləndə "Hümayun" yada düşür. Çünki bu təsnifin ən qabil ifaçısı məhz Əlibaba Məmmədov olub. Ötən əsrin ortalarından oxuduğu bu təsniflə geniş şöhrət tapan Əlibaba Məmmədov dövrünün çox novator sənətçilərindən sayılıb. O, muğamla müasir mahnılar arasında bir əlaqə yaradan xanəndə kimi seçilib.
Əlibaba Məmmədov bir qərinədən çoxdur ki, Asəf Zeynallı və Bülbül adına orta ixtisas musiqi məktəblərində gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrədir. Bu müqtədir sənətkarın ifasında lentə alınmış "Bayatı-Şiraz", "Çahargah", "Dəşti", "Rahab", "Şur" kimi muğamlar və onlarca başqa xalq mahnıları, təsniflər radionun "Qızıl fondu"nda saxlanmaqdadır.
Əlibaba Məmmədov təsnif janrında ustad oxuyan sənətkar sayılıb. "Ağarma saçım, ağarma", "Ağrıma ürəyim, ağrıma" kimi mahnıları elə həzin, ürəkdən oxuyub ki, bu gün də həmin musiqi parçalarını biz bu ifaçıda eşitməyi daha çox sevirik.
Ömrünün ahıl çağını yaşayan xalq artisti, Prezident təqaüdçüsü, muğam ustadı, təsniflərimizin mahir ifaçısı Əlibaba Məmmədov Azərbaycanın, bütün türk dünyasının çox sevilən sənətçisidir. Onun hələ gənclik illərində oxuduğu "Simayi-Şəms" ritmik muğamı, "Şur" dəstgahı, "Çahargah" muğamı başqa boğazlardan fərqli şəkildə dinləyici qəlbini fəth etmişdir. Ustad Seyid Şuşinskidən aldığı dərs ömrü boyu yaddaşından və yaradıcılıq fəaliyyətindən silinməmişdir. Oxuduğu hər
bir muğama, xalq mahnısına öz möhrünü vuran Əlibaba Məmmədov milli musiqimizin təbliğində, inkişafında, öyrədilməsində böyük rol oynamışdır.

 Dövlət başçısı İlham Əliyevin 4 fevral 2020-ci ildə imzaladığı sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Əlibaba Balaəhməd oğlu Məmmədov "Şərəf” ordeni ilə təltif edilib.

 

1939 — Azərbaycanlı kinorejissor, ssenarist, kinodramaturq, nüfuzlu "Oskar" mükafatı laureatı, Azərbaycanın Xalq yazıçısı, Azərbaycanın və Rusiyanın Əməkdar artisti Rüstəm İbrahimbəyov Bakıda anadan olmuşdur.


Vəfat etmişdir:

 

Tarixdə bu gün - 5 fevral1963 - Əməkdar artist Münəvvər Səməd qızı Kələntərli Bakı şəhərində vəfat etmişdir.  
Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda anadan olub. 17 yaşında ikən Bakıya gəlib.
1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. Əvvəllər Opera Teatrında, sonralar isə Musiqili Komediya Teatrında fəaliyyət göstərib.
10-a yaxın filmə çəkilib. Münəvvər Kələntərli kinostudiyada ən rahat aktyorlardan sayılıb. Həmişə bir dubla çəkilib.
Ona görə də Adil İsgəndərov deyərmiş ki, Mina, bu camaat (çəkildiyi filmlərin rejissorlarını, rejissor assistentlərini, operatorları nəzərdə tuturdu) ən çox səninlə istirahət edir.
"Arşın mal alan" filmin yaradıcı heyəti üçün uğurlu oldu. 1946-cı ildə Moskvada ictimai baxış keçirildi. Əsər yüksək dəyərləndirildi. "Arşın mal alan" filmindəki ifasına görə mükafat alanlar arasında Münəvvər Kələntərli də var idi. O, SSRİ Dövlət Mükafatına layiq görüldü. Bundan sonra kino-studiyaya ayaq açdı. İllər keçdikcə, yaradıcılığına başqa filmlər - "Bəxtiyar", "Qızmar günəş altında", "O olmasın, bu olsun", "Görüş" filmləri yazıldı.
Münəvvər Kələntərli 1953-cü ildə "Vətən" kinoteatrına direktor müavini təyin olunur. Bundan sonra teatrdan çıxır, ancaq filmlərə çəkilir.
Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında dünyasını dəyişib
 
Tarixdə bu gün - 5 fevral1979 — Azərbaycanın Əməkdar artisti Yavər Kələntərli Bakıda vəfat etmişdir.
 Yavər Kələntərli muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısıdır.
Azərbaycan radiosununun və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
 Yavər xanım  26 mart 1902-ci ildə Şamaxıda anadan olmuşdur.
O,  muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısıdır. Azərbaycan radiosununun və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Leyli, Leylinin anası ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", Müslüm Maqomayev) və digər partiyaları ifa etmişdir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz