25 yanvar

Müəllif: Dəyanət от 25-01-2017, 00:10
 
25 yanvar

Mühüm hadisələr:

1988 Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiyası başlanıb.
Azərbaycanlı qaçqınların ilk dəstəsi respublikamıza pənah gətirib. 1988-1989-cu illədə ümumilikdə 230 minə yaxın azərbaycanlı Ermənistan ərazisindəki tarixi ata-baba yurdlarından zorla qovuldu.
2001 Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmişdir.
Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısında Azərbaycanın bayrağı qaldırılıb. Mərasimdə Azərbaycan prezidenti Heydər Əliyev iştirak edib.
2005 – Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi Devid Atkinsonun (Britaniya) hazırladığı məruzə üzrə qətnamə qəbul olunub.
"ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı qeyd olunub.
Qətnamədə Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələrini (1993) yerinə yetirmək və silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarmaq çağırışı da yer alıb.
Bu, Avropa Şurasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü qəbul edilən ilk beynəlxalq əhəmiyyətli sənəd idi.
 

25 yanvar

Doğum günləri:

25 yanvar1823 Məşhur azərbaycanlı milyonçu, mеsenat, Rusiya İmperiyasının həqiqi
mülki müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcıs, Bakı Tacir Bankının bank şurasının sədri Hacı Zeynalabdin Tağıyev Bakıda kasıb basmaqçı ailəsində anadan olmuşdur.
 "Anası savadsız olan xalq kordur” deyən Şərq dünyasının ilk mesenatı H.Z.Tağıyev millətin tərəqqisində qadının rolunu düzgün qiymətləndirərək türk-İslam aləmində ilk dünyəvi milli qadın təhsili ocağının Azərbaycanda yaradıcısı və banisi kimi də mədəniyyət tariximizə imzasını atmış böyük maarif fədaisi, tarixdə iz qoymuş nadir şəxsiyyət idi. Bu böyük maarifçinin ömrünün sonunadək mübarizə apardığı həyat amalının təməlində millətin tərəqqisinin, özünün dediyi kimi, "yeganə çıxış yolu məktəb, yalnız məktəb, təhsil ola bilər” prinsipi durmuşdu.
Milli tariximizin XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləlinin bütöv bir mərhələsini - milli maarifçilik, milli oyanış və dirçəliş dövrünü təmsil edən, halal zəhməti ilə qazandığı sərvətlə bu prosesləri himayə edən Hacı Zeynalabdin Tağıyev  xalqımızın qan yaddaşında xeyriyyəçilik mücəssəməsi kimi özünə əbədi heykəl ucaltmış "millət atası” idi.

Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olarkən vəfat edib. 10 yaşında ikən atası onu bənnanın yanına usta köməkçisi düzəldir. Zeynalabdin 15 yaşında ikən bənnalıq etməyə başlayır. Bir müddət sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Sonradan o, özünü ticarətdə və yüngül sənayedə də sınayır və hər ikisində qabiliyyəti ilə uğur qazanır. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu olub. Bütün müsəlman aləmində tanınan milyonçunu Bakıdakı müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin hamısı özünə fəxri sədr seçib.

H.Z.Tağıyev 1873-cü ildə 2 nəfərlə şərik olub, Bibiheybətdə icarəyə yer götürür, neft quyusu qazır. Xeyli prosesdən sonra, nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu bənna Zeynalabdin milyonçu Tağıyev kimi tanınır. Üç il ərzində şəhərin mərkəzində böyük saray tikdirir.

H.Z.Tağıyev həm neft maqnatı, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi, ticarət və yük gəmilərinin, həm də Quba ətrafında böyük meşələrin sahibi olub. İranın Ənzəli və Rəşt ərazisində də milyonçunun meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada dördmərtəbəli iri sarayı, İranda karvansarayları var idi.

Milyonçu Xəzərin sahillərində uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb, vətəgə salmışdı. Kür qırağındakı vətəgələri isə dövlətdən icarəyə götürmüşdü.

H.Z.Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bu, bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi.

Qəzet və jurnalların çap edilməsi, xeyriyyə cəmiyyətləri də, ilk növbədə, Tağıyevin adı ilə bağlıdır.

Sovet hakimiyyətinin Azərbaycanı işğal etdiyi vaxt Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilib. O, əlindən alınmış keçmiş mülkiyyətindən ancaq Mərdəkandakı bağ evini seçib.

H.Z.Tağıyev 1924-cü il sentyabrın 1-də 86 yaşında vəfat edib.


25 yanvar1897 — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, görkəmli alim, Azərbaycanda tibb elminin tanınmış təşkilatçılarından biri olan  İsmayıl Əbdülxalıq oğlu Axundov Şamaxıda anadan olmuşdur.

O 1908-ci ildə Bakıda 2-ci kişi gimnaziyasına daxil olmuş və 1918-ci ildə həmin məktəbi bitirmişdir. 1919-cu ildə Bakı Dövlət Universitetinin tibb fakultəsinə daxil olan İsmayıl Axundovun istedadını nəzərə alan Azərbaycan Demokratik Respublikası 1920-ci ilin əvvəlində onu dövlət hesabına Almaniyaya – Lüdviq Maksimilyan adına Münhen Universitetinin tibb fakultəsində təhsilini davam etdirməyə göndərmişdir.

Görkəmli həkim-cərrah Mustafa Topçubaşov Almaniyada olarkən İsmayıl Axundovdan cərrahlıq ixtisasından epidemioloq ixtisasına keçməsini xahiş etmişdi. Bunun səbəbi Azərbaycan əhalisini əldən salan malyariya xəstəliyinə qarşı mübarizədə ixtisaslı həkim kadrlarının çatışmaması idi. 1926-cı ildə Münhen Universitetini əla qiymətlərlə bitirən İsmayıl assistent kimi həmin universitetdə saxlanılmışdır. 1927-ci ildə Hamburq şəhərində tropik xəstəliklər üzrə mütəxəssis kimi ixtisaslaşan İ.Axundovun istedadı Hamburq Tropik Xəstəliklər İnstitutunun məşhur epidemioloq alimi, professor Erik Martininin nəzərindən yayınmamış və o, İsmayıla öz yanında işləməyi təklif etmişdir. İ.Axundov bu təklifi qəbul etmişdir. Almaniyada olduğu müddətdə o, malyariyanın epidemiologiyasına, kimyəvi profilaktikasına və keçiricilərinə aid bir sıra maraqlı tədqiqat işləri aparmış, elmi məqalələr dərc etdirmişdir. Bunun nəticəsi olaraq 1928- ci ildə Almaniyada böyük uğurla doktorluq dissertasiyası müdafiə etmişdir. Onun Almaniyada çap etdirdiyi əsərlərdən, elmi işlərdən Yaponiya, Hollandiya, bir sıra Amerika və Afrika ölkələri alimləri də xəbərdar idi və bu işlərin surətinin göndərilməsi barədə ona müraciət etmişdilər.

İsmayıl yalnız Azərbaycandan gələn dəvəti qəbul edir. O, 1928-ci ildə Hamburq İnstitutundakı işini, oradakı mənzilini qoyub Mustafa Topçubaşovun dəvəti ilə Bakıya qayıdaraq Epidemiologiya və Mikrobiologiya İnstitutunda entomoloji şöbəyə rəhbərlik edib. 20-30-cu illərdə Azərbaycanda epidemiologiya sahəsində vəziyyət əsrin əvvəllərindəki ağır durumdan heç nə ilə fərqlənmirdi. Bölgələrdə, ucqarlarda öldürücü klimatik şərait hökm sürürdü, malyariya "1 nömrəli qatil” adlandırılmışdı, həkim kadrlar yox idi ölkənin tropikoloq mütəxəssislərə böyük ehtiyacı var idi. Təcrübəli həkim alim kimi vətənə dönən İsmayıl Axundov Azərbaycanda tropikologiya sahəsində ilk professor olmuşdur. Malyariya bütün ölkəni bürümüşdü. Suvarma arxları, gölməçələrdə məskən salan ağcaqanadların yaydığı malyariya çox geniş yayılmışdı. Hətta kiçik təyyarələrlə aparılan infeksiya ocaqlarının dərmanlama tədbirləri də fayda vermirdi. Həmin illərdə o, tələbələri ilə birlikdə infeksiya mənbələri ilə mübarizəyə başladı. Qısa müddət ərzində o, bölgələrdə olan bacarıqlı gənc tibb işçilərini seçib respublikada ilk epidemioloq-parazitoloqlar yetişdirməklə məşğul oldu. İsmayıl Axundovun malyariyaya qarşı apardığı mübarizədə əsas yol xəstəliyin mənbəyini məhv etmək, ağcaqanadların süfrə qoyduğu arx, axmazlar və gölməçələri qurutmaqdan və gigiyena maarifləndirilməsi yolu ilə xəstələrin sayını minimum endirmək idi. Onun təklif etdiyi üsullardan biri ölkəmizin çay və göllərində geniş yayılmış diridoğan qambuziya balığından istifadə edilməsi idi. Həmin balıq ağcaqanad süfrələri ilə qidalandığından malyariya mənbələrini məhv etmək, necə deyərlər, elə beşikdəcə boğmaq mümkün idi.

30-cu illərdə mütərəqqi Azərbaycan ziyalılarına qarşı repressiyalar başlandığı dövrdə, İsmayıl Axundovun Belçikada təhsil almış böyük qardaşı professor Ağa Axundov həbs edilərək Krasnoyarska sürgün olunmuşdur. O,qardaşının həbs olunduğu gün, özünün də repressiyaya məruz qalacağından ehtiyat edərək, Almaniya ilə bağlı sənədlərinin çox hissəsini yandırmışdır.

1952-ci ildə Moskvada olarkən mehmanxanada baş verən yanğın onun həyatına son qoymuşdur.

Vaxtsız ölüm professor İsmayıl Axundovun yüksək ideallar uğrunda apardığı işləri də yarımçıq qoymuşdur.

 

25 yanvar 1899 - Mustafa ağa Vəkilov Vəkiloğulları nəslinin Azərbaycan xalqına bəxş etdiyi ən parlaq simalardan biridir. Bu nəsil Azərbaycan xalqına hərbi sərkərdələr, [, həkimlər, hüquqşünaslar və başqa böyük şəxsiyyətlər bəxş etmişdir. Mustafa ağa Vəkilov 25 yanvar 1899-cu ildə Tiflis şəhərində Azərbaycan xalqının görkəmli ziyalısı maarif fədaisi, ictimai xadim Məhəmməd ağa Vəkilovun ailəsində anadan olmuşdur. Mustafa ağa ailənin yeganə övladı olmuş və atası ona öz atasının adını qoymuşdur. Məhəmməd ağa Vəkilov oğlu Mustafanı orta təhsil almaq məqsədi ilə Tiflisdə 1-ci oğlanlar gimnaziyasına qoymuşdur. Həmin dövrdə Tiflis Qafqazın mədəniyyət mərkəzi sayılırdı. Təsadüfi deyil ki, həmin dövrdə şəhərin elitar mühitinin əksəriyyətini məhz azərbaycanlı ziyalılar təşkil edirdi. Bu ziyalılar arasında Mustafa Vəkilovun atası Məhəmməd ağa Vəkilovun xüsusi çəkisi var idi. Mustafa Vəkilov Tiflisdə 1-ci oğlanlar gimnaziyasını medalla bitirmişdir. Onun gimnaziyada təhsil aldığı müddətdə linqivistik istedadı da üzə çıxmışdır. M.Vəkilov eyni vaxtda fransız, alman, latın dillərini əla qiymətlərlə oxuması onun bu sahədə xüsusi istedadından xəbər verir. Mustafa Vəkilov gimnaziyanı qurtaran ili Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində işləmişdir.
O həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdəki daimi nümayəndəliyində tərcüməçi vəzifəsində çalışmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti parlamenti 1919-cu il sentyabrın 1-də keçirilən iclasında Bakı Dövlət Universitetinin təsis olunması və hökumətin təklifinə əsasən bu sahədə milli kadrların hazırlanması üçün 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi.
Mustafa ağa Vəkilov da həmin gənclərdən biri kimi, parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini hüquq sahəsində davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921-1922 illərdə Xalq komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında onun 2-ci kursa keçdiyi göstərilirdi. Mustafa ağa Vəkilov universiteti bitirdikdən sonra hüquq magistri elmi dərəcəsi almışdır.
Mustafa Vəkilov Parisdə təhsilini başa vuraraq Moskvaya - Kremlə gəlmiş, orada MIK sədri N.Nərimanovla görüşmüşdür. N.Nərimanov gənc hüquqşünasa Kremldə qalıb ixtisası üzrə işləməyi təklif etmişdir. O, bu təklifi qəbul etməmiş və 1924-cü ildə Bakıya qayıtmışdır. O, Bakıda Konyuktor Bürosunda statbüroda əvvəlcə katib, sonra isə rəis vəzifəsində işləmişdir.
1925-ci ilin mayında M.Vəkilov hakim kimi Ədliyyə Komissarlığına işə qəbul olunmuşdur. 1927-ci ildə Xalq Ədliyyə Komissarlığında müfəttış-təlimatçı, eyni zamanda xüsusilə mühüm işlər üzrə xalq məhkəməsi hakimi vəzifəsində çalışmışdır. Bakı və onun rayonlarında mühüm mülki işlərə rəhbərlik də ona həvalə olunmuşdur. 1928-ci ildə o, öz xahişi ilə Ədliyyə Komissarlığından işdən azad olunmuşdur.
Mustafa Vəkilov 30 aprel 1927-ci il tarixdə öz bibisi qızı Müqəddəsnisə ilə ailə qurmuş, bu izdivacdan onların Çingiz adında bir oğlu, Nigar adında isə bir qızları olmuşdur.
Mustafa ağa Vəkilov sonra 1927-ci ildən dərs dediyi ADU hüquq fakültəsində pedaqoji və elmi fəaliyyətlə məşğul olmuşdur. AzDETI təşkil olunduqda ali məktəbdə öz müəllimlik işinə fasilə verərək buranın sovet quruculuğu və hüquq şöbəsinin aspiranturasına qəbul olunmuşdur. 1930/31-ci tədris ilinin sonlarında aspiranturanı bitirib (aspiranturasının ilk buraxılışı) dosent dərəcəsi almışdır.
Mustafa ağa Vəkilov 1935-ci ildə Az.SSR Konstitusiyası türk mətninin redaktoru olmuşdur. O, eyni zamandə tərcümə və redaktə işləri ilə məşğul olmuşdur. 1935-ci ildə o dövlət və hüquq elmləri namizədi alimlik dərəcəsi alaraq, təsərrüfat-hüquq kafedrasının professoru olmuşdur. Beləliklə o, Azərbaycanda hüquq professor adını almış ilk azərbaycanlı alim olmuşdur.
1937-ci il repressiyaları Mustafa ağa Vəkilovdan da yan keçmədi. 1937-ci ilin noyabrın 21-i gecəsi Mustafa ağa Vəkilovun evində axtarış apararaq, onu həbs etdilər. Onun mənzilində Firudin bəy Köçərlinin (Badisəba bibisinin əri) Azərbaycanın müxtəlif regionlarından min bir əziyyətlə topladığı folklor nümünələri götürüldü. Mustafa Vəkilovun istintaqını XDIK DTI 4-cü şöbəsi 6-cı bölməsinin operativ əməliyyat müvəkkili Haqverdiyev aparırdı.
Sorğu-suallar aylarca vaxt apardı. Anasının Tehranda yaşayan qardaşı ilə (Məmməd bəy Şıxlinskini nəzərdə tuturdular), siyasi baxışları ilə maraqlanırdılar. Rəsmən ona qarşı irəli sürülən ittiham isə bundan ibarət idi ki, Mustafa Vəkilov "əksinqilabi millətçi təşkilatın üzvüdür, onu bu işə hüquq fakültəsinin keçmiş dekanı Quliyev Məcid cəlb etmişdir".
Onları tələbələr arasında əksinqilabi iş aparmaqda, onların beyninə Azərbaycanın əsarətdə olduğu, ölkənin sərvətlərinin talanıb aparıldığı, ruslaşdırma siyasəti yürüdüldüyü haqqında fikirlər doldurmaqda ittiham edir, lakin bunu sübut edə bilmirdilər. Ondan hər şeyi etiraf etməyi tələb edirdilər. Institutun bəzi müəllimlərindən onun əleyhinə alınan ifadələrdə göstərilirdi ki, guya Mustafa Vəkilovun mühazirələri qəlizdir, ruscadan bir kitab belə tərcümə etməyib, onun rəhbərliyi altında müdafiə edən Baratzadə dissertasiyasında burjua inqilabının rolunu düzgün izah etməyib, buna görə zalda olan tələbələr hay-küy salmışlar, Vəkilov ictimai işlərə əhəmiyyət vermir, kütlələrdən qaçır, kafedraya yaxşı rəhbərlik etmir, zaçot vaxtı azərbaycanlı tələbələrə aşağı qiymət yazıb və onlar bundan narazı qalıblar və sair. Kamera yoldaşları onu "professor" deyə çağırırdılar. Mustafa dindirilərkən özünü mərdanə aparır, ittihamları cəsarətlə rədd edirdi...
İl yarım çəkən məşəqqətli məhbəs həyatından, heç nəyi sübut edə bilməyən üzücü istintaqlardan sonra Mustafa Vəkilov 1939-cu ilin martında edamlar, güllələnmələr dalğası ötdükdən sonra nisbətən yüngül cəza ilə canını qurtardı. 1941-ci ilin yanvarın 25-də XDIK yanında Xüsusi Müşavirədə Mustafa Vəkilova "antisovet-millətçi təşkilatda iştirakına görə cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Taleyin acı istehzasından Mustafa Vəkilov sürgün vaxtını bitirsə də, azad olub vətənə dönə bilmir. Onun son məktubunu ürək ağırısı olmadan oxumaq mümkün deyil: "Əzizim Müqəddənisə! Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağırılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm. Mustafa...". Lakin təssüflər olsun ki, M.Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat etdi.
27 dekabr 1955-ci il tarixdə SSRI-nin Baş Hərbi Prokurorluğu tərəfindən barəsində başlanmış cinayət işi üzrə cinayət tərkibi olmadığı üçün cinayət işinin icraatına xitam verilmişdir.
 

1947 — Görkəmli  qiraət ustası, Ali dərəcəli diktor, Xalq artisti  Eldost Bayram (Bayramov Eldost Əlövsət oğlu)Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub.

1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuşdur.

İlk əmək fəaliyyətinə  Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.

Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir.

,2008-ci ilin noyabrında isə "Tərəqqi” medalına layiq görülüb.

2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

"Bal arısı” (film, 2000)

"Pənah Xəlilov "(film, 2001)

"Alovlardan keçən ömür” (film, 2005)

"Zəngəzur qartalı” (film, 2012)

"Zamanla yaşayan sənətkar. Cahangir Zeynalov "(film, 2016)

25 yanvar 

1979— Radio və televiziya aparıcısı, aktyor Səxavət  Xudabaxış oğlu Nurullayev  Qubada anadan olub.

25 yanvar1996-cı ildə Bakıda 109 saylı orta məktəbi bitirib. 2000-ci ildə "Təfəkkür” universitetinin Hüquq fakültəsindən məzun olub.

1999-cu ildə Burç fm radiosunda dj fəaliyətinə başlayıb.

2001-ci ildə STV (indiki Xəzər TV) telekanalında ilk dəfə teleaparıcılığa başlayıb. Bir müddət "Kokteyl" musiqili-əyləncəli verilişin aparıcısı olub.

2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişinə dəvət olunub və 2007-ci ilin may ayına qədər Burç FM-də radioaparıcılıqla yanaşı, "Teletime"-ın aparıcısı olub.

2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"-nin aparıcısı olub. Bir sıra kütləvi tədbirlərin və bayramların aparıcılığını edib. 2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq muğam Festivalı"-nın aparıcılarından biri olub.

2008-ci ildə yaradılan "Xəzər” FM radiosunun rəhbəri kimi fəaliyyət göstərib, həmin radioda yayımlanan bir çox layihələrin müəllifi olub.

 2010-cu ildə "Xəzər "TV-də müəllifi olduğu "Niyə də yox" verilişini hazırlayıb və təqdim edib.

2010-cu ilin avqust ayından etibarən Xəzər TV-də yayımlanan "Nuş olsun" verilişinin aparıcısı olub.

2011-ci ildə Azərbaycan Televiziyasının və Heydər Əliyev Fondunun layihəsi olan "Muğam Televiziya Müsabiqə"sinin aparıcısı kimi faəliyyət göstərib.

2011-ci ildə eləcə də ANS kanalında yayımlanan xarici ölkələrə səyahət verilişi "Şanslı adam" layihəsinin müəliifi və aparıcısı olub.

2012-ci ildə "Xəzər "TV də "İmza mən" əyləncəli verilişinin müəliifi və aparıcısı olub.

2012-ci ildən etibarən Araz – 103.3 FM radiosunun baş redaktoru vəzifəsində çalışır.

2013-cü ildə aktyor kimi də özünü sınayıb.

 

 O, "Çaqqal nəfəsi" serialında əsas rol ifaçısı kimi çəkilib.


Vəfat etmişdir:

25 yanvar1984 – Görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR Xalq artisti Məmmədrza Şeyxzamanov 69 yaşında vəfat etmişdir.
Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə anadan olub. İlk dəfə Ə.Həmidin "Hind qızı” tamaşasında Brahma adlı kiçik rolda çıxış edən aktyor "Göz həkimi”, "Qış nağılı”, "Fərhad və Şirin”, "Vaqif”, "Otello”, "Aydın”, "Qaçaq Nəbi” kimi onlarla televiziya tamaşalarında bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə canlandırıb. "Bəxtiyar” , "Qızmar günəş altında”, "Leyli və Məcnun”, "Bir qalanın sirri”, "Onu bağışlamaq olarmı”, "Qatır Məmməd”, "Nəsimi”,  və "Əhməd haradadır” filmlərində oynadığı parlaq rolları ilə tamaşaçı qəlbinə yol tapan Məmmədrza Şeyxzamanov sənətsevərlərin qəlbində daim yaşayacaqdır.
1975-ci ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi "Tütək səsi" filmində İsfəndiyar kişi rolunda çıxış edir. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik Məmmədrza Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən idi.
 
25 yanvar1992 — Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Əhmədov Riad Fikrət oğlu 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub.
R.Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
R.Əhmədov 1992-ci il yanvar ayının 25-də "Daşaltı əməliyyatı"nın gedişində itkin düşmüşdür.
Riad Fikrət oğlu Əhmədov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz