» » Tarixdə bu gün - 10 yanvar

Tarixdə bu gün - 10 yanvar

Müəllif: Vüsal от 10-01-2017, 00:15
 
10 yanvar

Mühüm hadisələr:

1946 —Londonda 51 millətin nümayəndəsinin iştirakı ilə BMT-nin ilk Baş Assambleyasının açılışı olmuşdur. 
1994 –NATO-nun Brüsseldə keçirilən sammitində "Sülh Naminə Tərəfdaşlıq” proqramı qəbul olunub.
NATO-nun keçmiş sosialist ölkələri əməkdaşlığını tənzimləyən proqrama qoşulmaq üçün 20-dən çox dövlətə, o cümlədən Azərbaycana (ölkəmiz 1994-cü ilin mayında SNT proqramına qoşuldu) dəvət göndərilib.
Brüssel sammitinin yekun bəyanatında (11 yanvar 1994) NATO-nun Cənubi Qafqaz ölkələri ilə bağlı siyasətinə dair ayrıca bənd yer almışdı.
Sənəd NATO-nun Cənubi Qafqazın hər üç respublikasının ərazi bütövlüyünü tanıdığını və güc işlətməklə ərazilərin ələ keçirilməsini pislədiyini bəyan edirdi.

Doğum günləri:

Tarixdə bu gün - 10 yanvar 1838 - Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev  anadan olmuşdur. Tagıyevin adı Azərbaycan tarixinə xalqın maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə həkk olunub.
O,  Azərbaycanın görkəmli ictimai xadimi olmaqla yanaşı, həm də ölkənin neft sənayesinin banilərindən biridir. O, Azərbaycan xalqının tarixinə milli kadrların hazırlanmasına böyük təsiri olan bir xeyriyyəçi mesenat və milyonçu kimi daxil olmuşdur. Tağıyev ölkədə incəsənət, jurnalistika və təhsilin qurulmasına və inkişaf etdirilməsinə yardım göstərirdi, təəccüblü deyil ki, Azərbaycan xalqı onu hələ də millətin atası adlandırır.
Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonradan tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında (indi burada Tarix Muzeyi və AMEA Əlyazmalar İnstitutu yerləşir) onun dəsti-xətti hiss edilir. Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır.Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur.
O, neftin distillə üsulu ilə çıxarılması ilə məşğul olan ilk azərbaycanlılardan biri idi. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan möhtəşəm olacaq "Г. З. А. Тагиев” şirkəti yaradır. Həmin zamanlarda kerosinə böyük tələbat var idi. İki il sonra o, neft hasilatına yen sərmayə qoyur və buruq üsulu ilə ilk neft quşunu qazdırır. 1886-ci ildə o, şərikləri ilə birlikdə neft hasilatı və emalı firmasının əsasını qoyur, 1897-ci ildə isə öz şirkətini yaradır.
20-ci əsrin əvvəllərində H.Z.Tağıyev toxuculuq sənayesi ilə də məşğul olmağa başlayır. O, Rusiya imperiyasında parça istehsal edən ən böyük zavodu inşa etdirir və "Xəzər Manufaktura Cəmiyyətini” təsis edir. Ticarət əməliyyatlarının daha səmərəli həyat keçirilməsi üçün o, digər yerli iş adamları ilə birlikdə 1914-cü ildə Bakı kommersiya bankını yardır və bu bankın iderə heyətinin sədri seçilir.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlayır. Bu da təsadüfi deyildi. 1905-ci il inqlabından sonra hökumətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qazet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qazet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı.
Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa "Nəşr və maarif”, "Nicat” cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.
1916-cı ildə o, "Tağıyevin balıq sənayesi səhmdar cəmiyyətini” əsasını qoyur: balıqçılıq qayıqları və gəmilərini alır, Azərbaycan və Dağıstanda balıq sənayesinin inkişafı üçün soyuducular, balığın saxlanılması üçün emal zavodları tikdirir. 1917-ci ilin sonunda onu sərvətinin miqdarı 30 milyon rubla çatır.
Məktəblər tikdirən, o cümlədən Azırbaycanda qızlar üçün məktəb açan Tağıyev həmçinin azərbaycanlıların xaricdə təhsil almasına kömək etmişdir, onun pulları sayəsində yüzlərlə gənc İngiltərə, Almaniya, Rusiya və Fransada təhsil alıb, bu gənclər sırasında olduqca məşhur insanlar, o cümlədən Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov da vardır. Tağıyev Rusiya imperiyası, İran və Buxara Əmirliyi tərəfindən bir sıra medal və ordenlərlə təltif olunub.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər.
N.Nərimanovun köməkliyi ilə Bakının "Kommunist” və "Bakinskiy raboçiy” qəzetlərində onunla bağlı nekroloq çap edildi.

 

Tarixdə bu gün - 10 yanvar1922 – Sovet İttifaqı Qəhrəmanı Əlif Piriyev Neftçala rayonu Z.O.Qoltuq kəndində anadan olmuşdur.
Əmək fəaliyyəti dövründə neft sahəsində operator, sonralar sərnişindaşıma- nəqliyyat sahəsində işləmişdir.
1938-ci ildə 26 Bakı komissarı adına qəsəbədəki neft mədənində neftçıxarma operatorının köməkçisi kimi fəaliyyətə başlamışdır.
1941-ci ilin iyulunda cəbhəyə gedib müharibənin ilk günündən başlayaraq Şimali Qafqaz cəbhəsinin tərkibində alman-faşist işğalçılarına qarşı qəhrəmancasına döyüşmüşdür.
Krımın azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi mərdlik və igidliyə, Sapundağa hücum zamanı şəxsi qorxmazlığı və qəhrəmanlığına görə Əlif Piriyev Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür.
Müharibədən sonra uzun illər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı sərnişin daşımaları istehsalat birliyi sistemində çalışmışdır.
1986-cı ildə vəfat etmişdir. Neftçala şəhər parkında büstü, şəhərdə adını daşıyan küçə vardır. 


1929 – Azərbaycanın görkəmli dilşünas alimi, publisist, pedaqoq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor, Tarixdə bu gün - 10 yanvarƏməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Afad Məhəmməd oğlu Qurbanоv Qərbi Azərbaycanın Kalinino rayonunun Cuci (Qızıl Şəfəq) kəndində doğulub.

1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981-1989-cu illərdə APİ-nin rektoru olub. 1990-1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.

Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvülyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə "Səməd Vurğunun "Vaqif pyesinin dili və üslubu" mövzusunda namizədlik, 1968-ci ildə isə "Müasir Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 

Elmi yaradıcılığa "Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə" (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında "Dilçiliyin sistemi" (1976), "Dilçiliyin tarixi" (1976), "Müasir Azərbaycan ədəbi dili" (1967, 1985), "Bədii mətnin linqvistik təhlili" (1986), "Azərbaycan onomastikası" (1986), "Azərbaycan dilinin onomalogiyası" (1988), "Ümumi dilçilik", I-II cildlər (1989-1993), "Dünyanın dil ailələri" (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur

Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967--ci ildə çap etdirdiyi "Müasir Azərbaycan ədəbi dili" kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: "A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır".

A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan  və sair ölkələrdə yayılıb. Dilçi alim son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib. 

Görkəmli alim Azərbaycan elmindəki rolu və nüfuzu sayəsində 1981- 1983-cü illərdə APİ-də (ADPU-da) filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur.


1932–Musiqişünas, pedaqoq, Əməkdar inсəsənət xadimi, 1972-1992-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasındın rektoru,  1973-1990-cı illərdə Azərbaycan Tarixdə bu gün - 10 yanvarBəstəkarlar İttifaqının katibi  işləmiş  Elmira Əbdülhəmid qızı Abbasova Bakı şəhərində doğulmuşdur..

E.Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975-1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi.

O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü.Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Musiqişünas E.Abbasova 1967-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Elə həmin ildən də Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977-1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir.

O, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.

Professor E.Abbasovanın Üzeyir Hacıbəyovun yaradıcılığına həsr etdiyi "Ü.Hacıbəyovun opera və musiqili komediyaları", "Üzeyir Hacıbəyovun "Koroğlu" operası", "Ü.Hacıbəyov: həyat və yaradıcılıq yolu" fundamental monoqrafiyaları musiqişünaslıq salnaməsini zənginləşdirən əsərlərdir.

Elmira Abbasova müxtəlif nəsillərdən olan görkəmli bəstəkarların və ifaçıların yaradıcılığını araşdıran musiqişünaslardandır. Onun bu sahədə yazdığı "Cövdət Hacıyev", "Rəşid Behbudov", "Soltan Hacıbəyov", "Səid Rüstəmov", "Qurban Pirimov", "Bəhram Mansurov" və s. kitabçaları, elmi-populyar məqalələri Bakıda, Moskvada, keçmiş SSRİ respublikalarında çap olunmuş və oxucular tərəfindən maraqla qarşılanmışdır.

E.Abbasova onlarla musiqişünas, 8 sənətşünaslıq namizədi yetişdirmişdir.

Elmira Əbdülhəmid qızı Abbasova 2009-cu il fevral ayının 12-də Bakıda vəfat etmişdir.

 
1938 – Məşhur bəstəkar, Xalq artisti Elza İmaməddin qızı İbrahimova Hacıqabul şəhərində anadan olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə Tarixdə bu gün - 10 yanvar adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır.
Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.
Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.
Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olmuşdur. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazmışdır.
1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.
2008-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür.
Uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmişdir. Bəstəkar İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

 

Tarixdə bu gün - 10 yanvar1940 - Şairə, tərcüməçi Firuzə Nurəddin qızı Məmmədli Xaçmaz rayonunun Canaxır kəndində doğulub.

Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra -  1964-1968-ci ilərdə   şəhər tibb məktəbində, daha sonra V.İ.Lenin  adına APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır. 

İnstitutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedoqoji məktəbində çalışmışdır. Sonra APİ-nin Azərbaycan dilçiliyi kafedrasına dəyişdirilmişdir (1970). Həmin vaxtdan orada Azərbaycan dilini tədris edir. Hazırda müasir Azərbaycan dili kafedrasının dosentidir (1990-cı ildən). Həm də Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar Komitəsinin sədridir (1995-ci ildən). Azərbaybaycan LKGİ MK-nın ştatdankənar təlimatçısı (1973-1" APİ-nin partiya komitəsi yanında qadınlarla iş aparan komissiyanın üzvü (1975-1980) olmuşdur. "Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslublub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Ədəbi fəaliyyətə 1963-cü ildə Xaçmaz rayonunun "Dostluq" qəzetində çıxan "Ay həkim" adlı şeirilə başlamışdır. Ondan sonra dövri mətbuatda öz lirik şeirilə vaxtaşırı çıxış etmişdir. 60-dan artıq elmi, tənqidi və publisist məqalə yazmışdır. "Bədii dilin mənbələri" monoqrafiyasını başa çatdırmışdır. Tərcümə etdiyi özbək uşaq hekayələri "Dost əlini uzatsa" (1990) kitabında dərc olunmuşdur.

Türkiyədə Bursa şəhərində keçirilən Uluslararası şeir şöləsinin (festivalının) Əlişir Nəvai mükafatına (1992), Bakı şəhərində keçirilən şeir müsabiqəsində İsa İsmayılzadə mükafatına (2000) layiq görülmüşdür.


1948 - Əməkdar artist Əli Nur (Əli Qayıb oğlu Nurzadə) Ağsu rayonunun Bicov kəndində anadan olub.

Tarixdə bu gün - 10 yanvarOrta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru kimi də fəaliyyət göstərmişdir.

Əli Nurzadə Səyavuş Aslanla birlikdə 20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdürƏli Nurzadə "Mənsur və Sitarə" (Mənsur), "Xatirələrdən gəlmiş qonaq" (Mənsur), "Ürək yaman şeydir" (Əjdər), "Qaçaq Süleyman" (Qaçaq Süleyman) və s. teletamaşalarda oynayıb.

9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

 
1949 - Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Rafiq Səməndər (Ələddinov) anadan olub.
Tarixdə bu gün - 10 yanvar Hələ  tələbə ikən - Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin  birinci kursunda təhsil alarkən Azərbaycan Dövlət Radiosunda, sonra isə Azərbaycan Dövlət Televiziyasında baş redaktor, Birlik rəhbəri kimi fəaliyyət göstərməyə başlayıb 1993-cü ildə Dövlət Televiziya Şirkətindən uzaqlaşdırılıb. "BMTİ" Telekanalında Baş redaktor, "Yurd" jurnalında redaktorlar şöbəsinin müdiri işləyib.

 

2000-ci ildən 2002-ci ilə qədər "Lider" televiziyasında qrup rəhbəri işləyib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru, "Xüsusi layihələr üzrə departament"in direktoru və "Carçı" film yaradıcılıq birliyinin baş redaktoru işləyib. Hal-hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətində böyük redaktor kimi çalışır. Eyni zamanda, Azərbaycan Beynəlxalq Universitetində baş müəllim vəzifəsində çalışıb. İctimai Televiziyada "Ədəbiyyat və İncəsənət departamenti"nin, .

20 bədii əsərin və 25 pyesin müəllifidir. 20 yanvar şəhidlərinə həsr edilmiş 150 min tirajla çap olunan "Şəhidlər” kitabının müəllifidir. Qarabağ hadisələrindən bəhs edən ikinci kitabı "Girovlar" adlanır.

"Yuxu" və "Sonqulunun sərgüzəştləri" filmlərinin ssenari müəlliflərindən biridir.

20 Yanvara həsr olunmuş "Şəhidlər” kitabının, sənədli və cizgi filmlərinin ssenari müəllifidir.
 
1954 - nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü; respublika komsomolu mükafatı laureatı (1988); 1 avqust 2005-Tarixdə bu gün - 10 yanvarci ildən Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" Baba Vəziroğlu (Məsimov) anadan olub.
 Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsində , daha sonra  jurnalistika fakültəsində təhsil almışdır . Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı , 1979-1991-ci illərdə  Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir . 1989-cu ildə "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur.

Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, №8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Uzun illər teleşirkətdə aparıcı olmuşdur. "Mir" Dövlətlərarası Teleradio Şirkətində redaktor (1997-1998), Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor (1998-2002) olmuşdur. Hazırda orada idarə heyətinin katibidir (2002-ci ildən). Sonra orada ədəbi proqramlar studiyasının müdiri (1991-1992), "Yurd" jurnalının məsul katibi (1993-1994), "İstedad" jurnalının baş redaktorunun müavini (1994-?) işləmişdir.

Çoxlu sayda  şeirlərinə mahnı bəstələnmişdir. "Həsən Seyidbəyli", "Yeri boş qalan adam" (Rəşid Behbudov), "Sənsiz və ya ömrün son axşamı" (Həsən Turabov), "Haradan başlanır vətən", "Elegiya" (Zərifə Əliyeva), "Beş nəğməlik ömür" (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir.

Respublikanın əməkdar incəsənət xadimidir.


1958 - Azərbaycanın Milli Qəhrəmanı Muxtar Cahid oğlu Qasımov Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açmışdır. Həkim idi. 1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq yaralı əsgərlərə bütün bilik və bacarığı ilə xidmət etməklə yanaşı, əsl vətəndaşlıq nümunəsi göstərmişdir. Muxtar həkim çox vaxt bu nümunəni döyüş səngərlərində, güllə yağışı altında göstərmişdir.
16 iyul 1992-ci ildə Naxçıvanlı kədi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. 
 

Tarixdə bu gün - 10 yanvar


1968 — Azərbaycanın Milli Qəhrəmanı Eldar Harun oğlu Məmmədov Bakı şəhərində anadan olmuşdur.
Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra 1985-1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbdə təhsil almışdır. 1989-1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olmuşdur. Eldar Məmmədov Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbiçi kimi fəaliyyətini davam etdirmişdir.
Eldar Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən E.Məmmədov 1993-cü il 24 fevral tarixində qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə Eldar Harun oğlu Məmmədov Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı E.Məmmədovun adını daşıyır.

Tarixdə bu gün - 10 yanvar

 

Vəfat etmişdir:

Tarixdə bu gün - 10 yanvar1962 -Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov 53 yaşında ürək xəstəliyindən vəfat edib. vəfat edib.
 Əjdər Sultanov 1909-cu ilin dekabrında Bakıda doğulub. Bakı Teatr Texnikumunu bitirərək (1925-1928) 1926-cı ildən aktyoru olduğu Bakı Türk İşçi Teatrında işləməyə davam edib. O, İşçi və Gəncə teatrlarında "Əjdər", "Əjdər Sultan" imzaları ilə də çıxışlar edib.
Bakı Türk İşçi Teatrı 1932-1937ci illərdə Gəncə şəhərində fəaliyyət gğstərib.
1937-ci ilin sonlarında Gəncədən Bakıya qayıdan Əjdər Sultanov az müddət Opera və Balet Teatrında işləyib.
1939-cu ildə isə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub.
Əjdər Sultanov səhnə plastikası, texniki hərəkətləri obrazın psixoloji göstəriciləri ilə ahəngdar cazibədarlıqla birləşdirməsi, rəqslə sözün (geniş mənada hərəkətlə sözün, məsələn, "Rəqs müəllimində" Aldemaro rolu) vəhdəti baxımından örnək olub. Yaradıcılıq imkanlarının estetik xüsusiyyətləri baxımından realist aktyor məktəbi ənənələrinə daha uyğun idi.


1992 - Azərbaycanın Milli Qəhrəmanı Faiq Qəzənfər oğlu Rəfiyev vəfat etmişdir.
Faiq Rəfiyev 22 fevral 1955-ci il Füzuli rayonunda anadan olmuşdur. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. 1990-cı il 20 Yanvar hadisəsindən sonra DİN-ə müraciət edir. Təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili göndərilir. Dinc əhalinin təhlükəsizliyini təmin edilməsində, yeri gəldikcə qaynar döyüşlərdə mərdlik nümunəsi göstərmişdir. Koçbəy kəndi quldur yuvasına çevirilmişdi... Faiq kəndi quldurlardan təmizləmək planı hazırlayır... Ermənilər ağır itki verərək geri çəkilir. Evlərdə gizlənən quldurlardan biri Faiqi nişan almış, Vətən eşqi ilə dolu ürəyini susdurmuşdu. Hünərvər oğlumuz 10 yanvar 1992-ci il o, əbədiyyətə qovuşur.
Ailəli idi, iki övladı qalıb.
Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Doğulduğu Saracıq kəndində dəfn edilmişdir.
Lökbatan qəsəbəsindəki 166 saylı məktəb qəhrəmanımızın adını daşıyır.
 

Tarixdə bu gün - 10 yanvar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz