» » Tarixdə bu gün - 4 yanvar

Tarixdə bu gün - 4 yanvar

Müəllif: Dəyanət от 4-01-2017, 00:15
4 yanvar

Doğum günləri:
 
Tarixdə bu gün - 4 yanvar1922 — Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti , opera müğənnisi  Hüsnü Baba oğlu Qubadov Ordubad  rayonunun Disər kəndində anadan olmuşdur.
1938-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, təhsil illərində İbrahim Həmzəyevin yaratdığı dram dərnəyində iştirak etmiş, Səməd Vurğunun "Vaqif" dramında xanəndə rolunu oynamışdır. O vaxtdan uşaqlıqdan həvəs göstərdiyi müğənnilik sənətinə bağlanmış, özfəaliyyət olimpiadalarında uğur qazanmış, 1958-ci ildə isə Respublika Özfəaliyyət Müsabiqəsinin laureatı olmuşdur. Həmin il M.F.Axundov adına Opera və Balet Teatrına dəvət edilmiş, onun səhnəsində yaddaqalan obrazlar yaratmışdır. Təbii ifa tərzi ilə seçilən müğənni İbn Səlam, Məcnunun atası, Kərəm ("Leyli və Məcnun", Üzeyir Hacıbəyli), "Əsli və Kərəm", Çapqınçı, Rəmmal ("Şah İsmayıl", Müslüm Maqomayev) və s. rolları ifa etmişdir. Teatrın tərkibində Tiflisdə (indiki Tbilisi), Gəncə, Naxçıvan, Şəki və respublikanın digər şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur. Onun ifasında "Şuşa yaylağı", "Üçtelli durna", "Bəhbəh", "Dilin can incidəndir" və digər mahnılar, habelə Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası (YUNESKOnun xətti ilə) qrammofon valına yazılmışdır.
Müğənni 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 
O, 1991-ci il avqust ayının 13-də Bakı şəhərində vəfat etmiş və doğulduğu kənddə dəfn edilmişdir.
 
Tarixdə bu gün - 4 yanvar 1943  — Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Respublikası Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor, Xalq rəssamı Salxab (Səlhab)  İsa oğlu Məmmədov  Şəki şəhərində anadan olmuşdur.

1962-1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təshil almışdır. Salxab Məmmədovun yaradıcılığı Azərbaycan incəsənətinin 1970-ci illərdə formalaşmışdır. Rəssamın saxsı və metalda işlənən relyef kompozisiyalarından "Xoş gəlmisiniz!” (1969, Panno "İnturist” binasının ön tərəfindədir), "İnturist” binasının interyeri üçün hazırlanmış "Şərq motivləri” silsiləsi, metalda işlənmiş "Şərq melodiyası”, "İçəri şəhər”, "Qarabağ melodiyaları” kimi pannolar, "Bakı-Neft şəhəri” mövzusunda bir sıra rəsmlər və vitraj, "Naxçıvan” mehmanxanasının parlaq vitrajları, Qobustana həsr edilmiş 16 kompozisiya, "İçəri şəhər” dekorativ ləyən formasında plastik metal kompozisiya, Almaniyanın Vuppertal şəhərində özəl kolleksiyada saxlanılan "Dostluq” relyefi, Azadlıq rəmzi” və digər əsərləri misal çəkmək olar. Almaniyanın Berlin şəhərində ucaldılmış "Xocalı” abidəsinin, Roma şəhərindəki "Villa Borghese” parkında ucaldılmış Nizami Gəncəvinin, Polşanın Qniezno şəhərində ucaldılmış "Dostluq” abidəsinin həmmüəlifidir. Salxab Məmmədov "Təsviri incəsənətdə rəsm”, "Rəsm sənəti” kimi maraqlı elmi əsərlərin müəllifidir.

S.Məmmədov dəfələrlə Azərbaycanda, Moskva, Peterburq şəhərləri kimi Rusiyanın mərkəzlərində və bəzi xarici ölkələrdə açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.


1946 - Xalq artisti Rafael Məlik oğlu Dadaşov Naxçıvanda doğulub.
"Bəxt üzüyü”, "Mənim ağ şəhərim” filmlərində, televiziya tamaşalarında ("Ordan-burdan”, "Göz həkimi”) və teatr səhnəsində yaddaqalan rollar oynayıb.

Tarixdə bu gün - 4 yanvar 1950- Tanınmış aktrisa  İnarə Quliyeva Moskvada doğulub.
 İnara Quliyeva Moskva operetta teatrının solisti olub. 1978-ci ildə "müsiqili teatr rejissoru” ixtisasını alan İ.Quliyeva bu gün rus telekanallarında bir sıra məşhur verilişlərin müəllifidir. İnara Quliyeva çoxlu sayda musiqili teatr tamaşalarının quruluşunu verib.
O, bir sıra bədii filimlərdə çəkilib. Sovet İttifaqında populyar film olan "Dövlət sərhəddi”, "Sönən ulduzların işığı” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.
Azərbaycanın bir neçə bədii filmlərindən rol alıb tamaşaçı aktrisanı "Qaynana”da Afət rolunda, və "Alma almaya bənzər” filmində müəllimə rolundan yadda saxlayıblar.
İnara Quliyeva operatta tamaşalarında çoxsaylı rollar oynayıb.Sonuncu quruluş verdiyi operatta Ştrausun "Qaraçı baron” klassik operettasıdır. Hazırda teatr məktəbində həm də dərs deyir.
Rusiya televiziyasında bir sıra musiqili verilişlərin müəllifidir. Hazırda ölkənin müxtəlif teatrlarında rejissorluqla məşğuldur.
Rusiyanın Əməkdar artistidir

Vəfat etmişdir:
 

Tarixdə bu gün - 4 yanvar1931 — Azərbaycan pedaqoqu, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu(1900), əlifba islahatçısı, mətbuat tarixçisi, publicist Fərhad Məşədi Rəhim oğlu Ağazadə (təxəllüsü – "Şərqli”) 50 yaşında vəfat etmişdir.

Fərhad Ağazadə 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdu.

1898-ci ildə Zaqafqazyia (Qori) Müəllimlər Seminariyasına qəbul olur və 1900-cü ildə oranı bitirir. Həmin ildən – 1900-1905-ci illərdə əvvəlcə Xaldan (1900), Şuşa (1901-1902), Gorus (1902-1905) Gəncə (1905) məktəblərində müəllim işləmiş, 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirmiş, rus-Azərbaycan və "Səadət" məktəblərində çalışmışdır.

F.Ağazadə Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən I (1906), II (1907) qurultaylarının iştirakçısı olmuş, hər iki qurultayın katibi seçilmiş, yeni dövrdə tədrisin aktual problemlərinə dair məruzələrlə çıxış etmişdir. F. Ağazadə "İkinci il" (1908); M.Mahmudbəyov, S.Əbdülrəhmanbəyov, S.Axundov, A.Talıbzadə və A.Əfəndizadə ilə) dərsliyini tərtib etmişdir. O, 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və dilinin inkişafı ilə maraqlanmağa başlamış və bu sahədə xeyli iş görmüşdür. O, 1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitab tərtib edib çapdan buraxdırmışdır. F.Ağazadənin ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olmuşdur. Çünki 1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli çalışmışdır. Lakin Azərbaycandakı mövcud vəziyyət, çar Rusiyasının müstəmləkəsi Fərhad Ağazadənin arzularının reallaşmasına imkan vermir, necə deyərlər, uzun zaman çəkdiyi zəhmət işıq üzünə çıxarılmır.

Fərhad Ağazadə Azərbaycan Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin ən fəal yazarlarından biri olmuşdur. Qəzetin çox nadir səhifələrində onun imzasına rast gəlinmir. 1919-1920-ci illərdə isə, demək olar ki, "Azərbaycan"ın hər nömrəsində F.Ağazadənin müxtəlif mövzularda yazıları dərc edilmişdi. O, məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı. "Azərbaycan"ın kanuni-əvvəl (yanvarın 18) 1918-ci il 66-cı nömrəsində "Bakıda xalq məktəbi müdirlərinin yığıncağı" adlı məqaləsində deyilir: "İki gündür ki, Azərbaycanda camaat məktəb müdirləri maarif nəzarəti dəvətilə Bakıya yığılıb, katib məsələlərinin müzakirəsi ilə məşğuldur. Bu, bir ağır vəzifədir. Çünki məktəbimizin halı çox pərişan olduğu üçün də müalicəyə möhtac bir çox dərdləri var. Məhəlli müzakirəyə qoyulacaq o qədər məsələlər var ki, yığıncağın müddəti tamam bir il də çəksə, bunların öhdəsindən gələ bilməz".

19 kanuni-əvvəl (yanvar) 1919-cu il 68-ci nömrəsində "Andranik nə istəyirmiş" adlı məqaləsində terrorçu Andranikin vəhşiliklərindən, Zəngəzura, Şuşaya və Qarabağa hücumlarından, bu qaniçənin erməni camaatı tərəfindən sevilmədiyindən danışır: "...Bu müsəlman yerlərini qılınc zoru ilə boşaldıb Ararat cümhuriyyətinə mülhəq etmək və gələcəkdə barışıq konfransında bunu hökumətlərə təsdiq elətdirmək niyyəti qarətçiliyin əmalından məlum olur".

"Əqaid dərslərinə aid kitabların olmaması, 80-ci illərdə Axund Molla Əbdülsəlam və Qadir Əfəndi tərəfindən yazılmış əqaid kitablarının 7-8 yaşlı uşaqlar üçün yox, 15-20 yaşlılar üçün olduğunu, lakin bunu azyaşlı uşaqlara dərs vəsaiti kimi edildiyini, dilinin çox qəliz olduğunu yazır: "...Ana dili ilə yox, əcnəbi və biganə bir dildə yazılmış bu ərəb duaları heç bilmirsiniz məsum balaların yenicə nəşvü-nüma edən zehnlərini nə dərəcədə korşaldır..." (24 kanuni-əvvəl (yanvar) 1918-ci il № 72).

Fərhad Ağazadə cəmiyyətdə baş verən bütün hadisələrə məqalələrində yer verir. "Hər işə çarə vardır" adlı məqaləsi "Azərbaycan"ın 1 kanuni-sani (yanvar) 1919-cu il 76-cı nömrəsində yer alır: "Yollarda özümüzdən qulluqçumuz olmadığından xaricilər dəxi bilmirlər ki, onlar getsələr, yol fəna olacaqdır. Ona görə də bildiklərini itirirlər".

"Maarif müfəttişlərinin yığıncağına dair" adlı məqalə qəzetin 5 kanuni-sani (yanvar) 1919-cu il 79-cu nömrəsində yer alır: "İşbu yığıncağın 8-ci iclasında dərs kitablarının intixabı məhəlli müzakirələr qoyulacaq. Vəqtin qeyri-müsaid olduğu cəhətilə hələlik hazırda bulunan kitablara qənaət edilir".

9 kanuni-sani (yanvar) 1919-cu il 83-cü sayında yazır: "...Yüz ildən çoxdur ki, rus əsagiri Qafqaz qitəsini işğal etmişdir. Sair qafqazlılar ilə bahəm azərbaycanlılar da rus mətnətini qəbul edərək kəmali-sidq və ixlasi-qəlblə davranıb, yeri düşdükcə özünün hamıdan doğru və sadiq bir təbəə olmasını qalən və felən qəvi dəlillər ilə sübut etmişdir".

28 aprel işğalından sonra Azərbaycanda İttifaq hökuməti bir sıra tədbirlər həyata keçirməyə başladı. Ümumittifaq Komitəsi yaradıldı. Fərhad Ağazadə bu komitənin və Yeni türk əlifbası Azərbaycan Komitəsinin üzvü seçildi. O, türk əlifba komitəsinin işində həm elmi təşkilatda, həm də yeni əlifbaya aid nəzəri məsələlərin hazırlanmasında çox yaxından iştirak edir. Onun "Ərəb əlifbası türk dilinə niyə yaramır?", "Yeni türk əlifbalarının unifikasiyası üzrə materiallar", "Azərbaycanda yeni türk əlifbasının inkişafı və həyata keçirilməsi tarixi", "Yeni türk əlifbasının tarixi" kimi əsərləri xüsusi əhəmiyyətə malikdir. Bunlardan başqa, F.Ağazadənin dilçiliyə aid "Türk-tatar dillərində səslərin nisbi münasibətini bilmək bizə nədən ötrü lazımdır?", "Yazı qaydalarında mümkün ixtisarlar məsələsinə dair" və s. məqalələri vardır.

1929-cu ilin iyun ayının 26-da Fərhad Ağazadə ÜMYTƏK-nin genişləndirilmiş rəyasət heyətinin iclaslarında (1-5 iyul 1929) iştirak etmək üçün Maxaçqalaya ezam olunur və geri qayıdarkən yolda onun səhhəti pisləşir. Bundan sonra o, "qida borusunun daralması"ndan əziyyət çəkməyə başlayır. Bir müddət Bakıda müalicə olunsa da, səhhətində irəliləyiş hiss olunmur. Onu müalicə edən həkimin 19 dekabr 1929-cu il tarixdə verdiyi arayışda onun təkrar ciddi müalicə olunması vacibliyi göstərilir. O dövrdə belə xəstəliklərin ən yaxşı müalicəsi Leninqrad Rentgen-Radioloji İnstitutunda aparılırdı. Bu məqsədlə, müalicəsinə təşkilati və maddi yardım göstərilməsi xahişi ilə Fərhad Ağazadə, 2 fevral və 9 mart 1930-cu il tarixli məktublarla ÜMYTƏK-nə müraciət edir.

 

1930-cu il martın 3-də Xalq Səhiyyə Komissarlığı Fərhad Ağazadənin Leninqrad Rentgen-Radioloji İnstitutunda müalicəsinə kömək olunması xahişi ilə Leninqrad Vilayət Səhiyyə Şöbəsinə teleqram vurur və beləliklə də, maddi və təşkilati köməklik alan Fərhad Ağazadə Leninqrada müalicəyə gedir. O martın 21-dən etibarən Leninqradda Rentgen-Radioloji İnstitutun cərrahiyyə şöbəsində müalicəyə başlayır. Ona əməliyyat edilməsi təklifinə razılıq vermir. O, "həyatının ən nəcib dostu" adlandırdığı (ifadə onun 22 mart tarixli məktubundan götürülmüşdür) həyat yoldaşı Gövhər xanıma 2 aprel tarixli məktubunda yazırdı: "Mən əməliyyata razılıq vermədim. Rentgen şüası ilə müalicə edəcəklər. Əgər vəziyyətim pisləşsə, çıxıb evə qayıdacam".

Bundan 2 həftə sonra, aprelin 17-də Bakıya qayıdır, müalicə götürməsinə baxmayaraq, onun səhhətində yaxşılığa doğru heç bir irəliləyiş olmur.

Tanınmış pedaqoq, dilçi, jurnalist, yazıçı-publisist, nüfuzlu ictimai xadim, "latın əlifbasının düşmənləri arasında belə bu əlifbanın ən nəhəng nəzəriyyəçilərindən biri kimi qiymətləndirilən" Fərhad Ağazadə 1931-ci il yanvar ayının 4-də gözlərini əbədilik yumdu. Fərhad Ağazadənin ölümü ilə əlaqədar "Kommunist" qəzetində verilən nekroloqda deyilirdi: "Ağazadə yoldaşın ən böyük xidmətlərindən birisi də onun yeni türk əlifbasının yayılması yolundakı mübarizəsidir. Türk əlifbasının yeni latın sisteminə keçirilmə məsələsi irəli atılan gündən Ağazadə yoldaş bunun böyük mədəni nəticələr verəcəyini nəzərə alaraq yeni əlifbanın qəbul edilməsi və yayılması yolunda aktiv mübarizəyə başlamışdır. Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsinin üzvü olaraq Ağazadə yoldaş yeni əlifbanın bütün Şuralar İttifaqı türk, tatar xalqları arasında da yayılmasına çalışmışdır".


Tarixdə bu gün - 4 yanvar1946 - Satirik şair, "Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878-1946) vəfat edib.
Əli Nəzmi 1878-ci ildə Gəncə yaxınlığındakı Sarov kəndində (indiki Tərtər rayonu) doğulub.
Satirik şeirlərini "Məşədi Sijimqulu", "Kefsiz" və s. imzalarla nəşr etdirib. Sovet dövründə "Yeni yol", "Kommunist" qəzetlərində çap olunub.
Kitabları: "Sijimqulunamə” (1927), "Satira mərmiləri” (1945). "Keçmiş günlər" (1944) adlı mənzum xatirəsi dövrün ədəbiyyat və mətbuat tarixini öyrənmək üçün maraqlı mənbədir.
Əli Nəzmi də Sabir kimi "Molla Nəsrəddin"in vəzifəsini, məqsədini çox gözəl başa düşmüşdü. Bu jurnal həm məqsədi, həm də dili, üslubu ilə xalqa yaxın olan, xalqın ruhunu ifadə edən yazılar tələb edirdi. Əli Nəzmi də belə yazıların müəllifi idi. Onun on-on beş sətirdə yazdığı duzlu məkrub "Molla Nəsrəddin"ə bütün bir ictimai lövhə verirdi. "Cavan ilə Hacı Ağanın şirin söhbəti" adlı məktubunda köhnəpərəst bir varlının xeyir işlərə münasibətini təsvir edirdi. Təsvir ancaq mükalimələrdən ibarətdir. Bir gənc maarifçinin sualına cavab vərən Hacının danışığı, onun simasını, şüurunu və mühakimə dairəsini müəyyən edirdi.
Əli Nəzmi jurnaldakı fəaliyyəti ilə şeirdə də məharət sahibi olduğunu isbat etdi. Demək olar ki, mövzu dairəsi etibarilə şair, Sabirdən seçilmirdi. Köhnəpərəst hacıları, kərbalayıları, istismarçıları, avam, nadan valideynləri, xalqı aldadan falçı, cindar və dərvişləri, Məhəmmədəli kimi şahları, xəsis və mənfəətpərəst "millət xadimləri"ni, "intelli-gentləri" həcv edən şeirlərində tamam Sabir ruhu vardır. C.Məmmədquluzadə göstərir ki: "Molla Nəsrəddin"ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan – birinci Məşədi Sijimqulu Kefsiz olubdur." İmza atılmasa Sabir ilə Əli Nəzminin şerlərini biri-birindən ayırmaq çətin imiş.
M.Ə.Sabirin vəfatından sonra istər "Molla Nəsrəddin"də və istərsə "Məzəli", "Zənbur", "Tuti" və s. kimi gulgu mətbuatında ("Şimşirək", "Şəmşir" və s. imzalarla) ən yaxşı satirik şeirlər yazan Əli Nəzmi olmuşdur.

Tarixdə bu gün - 4 yanvar1932 - Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869, Naxçıvan - 1932) vəfat edib.
Böyük satirik, ədib Cəlil Məmmədquluzadə məşhur "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri, kiçik hekayə ustası, qüdrətli dramaturq və publisistdir.
Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.
Realist hekayələri ("Poçt qutusu", "Usta Zeynal”, "Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri ("Dəli yığıncağı”, "Anamın kitabı”), məşhur "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib.
 C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.
Son illərdə akademik İsa Həbibbəyli ədibin müxtəlif ölkələrdə (Fransa, Polşa və İranda) yaşayan nəvə-nəticələri ilə əlaqə yaratmışdır.
 

Tarixdə bu gün - 4 yanvar1988 — Görkəmli aktyor, Xalq artisti  Əli Yusif oğlu Zeynalov 74 yaşında Bakıda vəfat etmişdir.

Əli Zeynalov 4 aprel 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov (1887-1965) ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib.

İrəvan Tearında (1934-1935), Dram Teatrında (1945-1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik оlan Əli Zeynalоv bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindan dərs deyib.

Əli Zeynalov "İki ömrüm olsaydı..." kitabının müəllifidir. O, 1975-ci ildə səhnəni tərk etməsini belə açıqlayıb: "Bir gün teatrın direktoru məni yanına çağırıb dedi ki, "Vaqif" tamaşasını bərpa edirik. Götür Vaqifi yaz. - Nə? Ələsgər Ələkbərovdan, Kazım Ziyadan sonra mən – Vaqif? - Onda I pərdədə Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu yaz. Bunu eşidəndən sonra otaqdan çıxıb truppa müdiri Qürbətin yanına gəldim, ondan bir qələm-kağız aldım, ərizə yazaraq teatrdan getdim. Mən belə teatrda işləyə bilməzdim."


1994 -   Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılov  vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Etibar İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. 1990-cı ildə o erməni təcavüzünə qarşı mübarizə etmək üçün könüllü müdafiə batalyonlarından birinə yazılır.
1994-cü il 4 yanvarında növbəti döyüşlərin birində Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır və erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir...
Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Tarixdə bu gün - 4 yanvar 
1998 — Görkəmli Azərbaycan tarixçisi, şərqşünas, türkoloq, dilçi, mixi yazılar üzrə mütəxəssis, Azərbaycanda qədim Şərq tarixinin tədqiqinin Tarixdə bu gün - 4 yanvarəsasını qoyan Yusif Bəhlul oğlu Yusifov 68 yaşında vəfat etmişdir.
Yusif Bəhlul oğlu Yusifov 1929-cu il sentyabrın 23-də Qərbi Azərbaycanın (hazırkı Ermənistan) Böyük Vedi mahalında anadan olmuşdur.
1967-ci ildən pedaqoji fəaliyyətə başlayan Yusif Yusifov M. F. Axundov adına Pedaqoji Dillər İnstitutunun Azərbaycan tarixi kafedrasında professor, 1971-ci ildən ömrünün sonunadək isə Azərbaycan Pedaqoji Universitetində professor, kafedra müdiri, fakültə dekanı vəzifələrində işləmiş, elmi və pedaqoji kadrların yetişdirilməsinə böyük əmək sərf etmişdir.
Qədim Şərq tarixini dərindən bilən və böyük pedaqoji təcrübəyə malik olan Yusif Yusifov 1993-ci ildə ömrünün ən dəyərli kitablarından birini - ali məktəblər üçün "Qədim Şərq tarixi" dərsliyini nəşr etdirmişdir.
Yusif Yusifov Şərqin və Azərbaycanın qədim tarixi üzrə onlarla mütəxəssis yetişdirmiş, ali və orta məktəblər üçün dərsliklər və dərs vəsaiti yazıb çap etmişdir, o cümlədən Azərbaycan toponimikasına dair bir sıra elmi məqalələrin və S. Kərimovla birlikdə dərsliyin müəllifidir. Bu dərslik ali məktəblərin humanitar fakültələrində müasir dövrdə də tədris vəsaiti olaraq qalmaqdadır.
Böyük Sovet Ensiklopediyasının 1981-ci il tarixli nəşrinə Yusif Yusifov Azərbaycan SSR-nin görkəmli tarixçi alimi, ilk və yeganə elamşünası kimi daxil edilmişdir.

Tarixdə bu gün - 4 yanvar2000 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə 81 yaşında Bakıda vəfat edib.
Milliyətcə tatardır, 28 fevral 1918 – ci ildə Kazan quberniyasının köhnə Çukan kəndində doğulub.
İki yaşında olanda ailəsi Bakıya köçüb. 1Bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alıb. Sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olub.
1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ilin noyabrından başlayaraq AMDT-nin tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. Üçüncü kursda, 1 sentyabr 1938-ci ildə tələbə-aktrisa AMDT-nin aktyor truppasına qəbul edilib.
"Qara daşlar”, "Şərikli çörək”, "Romeo mənim qonşumdur”, "Yol əhvalatı”, "Gümüşgöl əfsanəsi” və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
Ömrünün son illərini o Bakı Bələdiyyə teatrında çalışıb. Ümumiyyətlə isə teatr səhnəsində 62 ildən çox çalışıb.
Səhnə görkəminin təravəti həmişə göz oxşayıb, çevik plastikası heyranlıq doğurub.
 

Tarixdə bu gün - 4 yanvar2000 — Müğənni (lirik soprano), Azərbaycanın Əməkdar artisti Fatma Yusif qızı Mehrəliyeva 74 yaşında vəfat etmişdir.

Fatma   Mehrəliyeva 1926-cı il iyunun 4-də Qubada anadan olub.Orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Müəllimləri onun bu məharətini dəyərləndirərək balaca Fatmanı bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndərirlər. Festivalda "Qubanın ağ alması” xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası dahi Üzeyir bəyin(Üzeyir Hacıbəyli) diqqətini çəkir. Və elə bununla Fatma da böyük bəstəkarın himayəsinə keçir.

1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sazçı qızlar” ansamblında işə düzəlir. Artıq filarmoniya səhnəsindən daha bir gözəl, məlahətli səs eşidilməyə başlayır.

Amma 1941-1945-ci illər Böyük Vətən müharibəsi Fatma xanımın həyatında da öz izlərini qoyur. Bütün bunlara baxmayaraq gənc müğənni səsini, sənətini səngərlərə, müharibənin od-alov saçan cəbhələrinə də daşıyır, səsi ilə döyüşür və qələbə çalır. Gənc müğənninin həzin səsində dahi Üzeyir bəyin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələri daha çox sevilməyə və ifaçısını tanıtmağa başlayır.Musiqisi Üzeyir Hacıbəyovun sözləri Səməd Vurğunun sözlərinə bəstələdiyi "Şəfqət bacısı” mahnısının ilk ifaçısı olan F.Mehrəliyevanın adı dillər əzbərinə çevrilir.Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxildir.

Beləliklə, sənət yolunda uğurla addımlayan F.Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının məharətli ifaçısı kimi şöhrət tapır. Elə bu şöhrət sayəsində o, 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən "Arşın mal alan” filminə dəvət alır və ekran əsərində Telli rolunu ifa edir. Obrazın öhdəsindən ustalıqla gələn Fatma Telliyə yaddaqalan kino həyatı verir. Maraqlıdır ki, ondan sonra da bu rolun ifaçıları Fatmanın xarakterinin Telliyə yansıyan tərəflərini məhz elə o biçimdə yaratmağa çalışıblar.Filarmoniyanın səhnəsində uzun illər çıxış edərək səsi, ifası ilə minlərin, milyonların qəlbinə yol tapan sənətkar dinləyicilərinin yaddaşında "Olmaz-olmaz”, "Qubanın ağ alması”, "Azərbaycan maralı”, "Ahu kimi”, "Qaragilə” , "Muğan qızı”, "Unuda bilmirəm” və s. mahnılarla iz qoya bilib.


Tarixdə bu gün - 4 yanvar  2017 — Maarif xadimi,. filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü  Əliyar Qurbanəli oğlu Səfərli 79 yaşında vəfat etmişdir.

Əliyar Səfərli 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olmuşdur. 1955-ci ildə Ordubad orta məktəbini, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin İran filologiyası şöbəsini bitirmişdir. 1960-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi olmuşdur. Uzun müddət BDU-nun filologiya fakultəsində tədrislə məşğul olub. 1986-1994-cü illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləmişdir. Həmin kafedranın professorudur.2 filologiya elmləri doktoru, professor Əliyar Səfərli 30 kitabın (elmi əsərin) müəllifidir.

Əliyar Səfərli orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış təhqiqatçılarındandır. O, Məsihinin (17-ci əsr) həyat və yaradıcılığına, 17-18-ci əsrlər Azərbaycan epik şerinə dair tədqiqatların müəllifidir. Mətnşünaslıq sahəsində də ciddi nəticələri vardır. Bir sıra unudulmuş ədəbi abidələri aşkara çıxarmış, ilk anadilli poema olan "Dastani Əhməd Hərami"ni, Qazi Bürhanəddinin "Divan"ını, Məhəmməd Füzulinin "Həqiqət üs-süəda" əsərini (şərikli), Məsihinin "Vərqa və Gülşa" poemasını, "Şəhriyar" dastanını, habelə Nəsimi, Əmani və başqalarının əsərlərini tərtib və nəşr etdirmişdir. Uzun illər Azərbaycan Təhsil Nazirliyində "Ədəbiyyatşünaslıq" bölməsinin rəhbəri olmuş, orta və ali məktəblər üçün dərslik, dərs vəsaiti və proqramların hazırlanmasında bilavasitə yaxından iştirak etmişdir. Əsərləri xarici ölkələrdə nəşr edilmişdir.

Əliyar Səfərli diplomatik sahədə də fəaliyyət göstərmişdir. 1994-1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuş, ölkəmizi Beynəlxalq İqtisadi Təşkilatda (EKO) təmsil etmişdir.

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz