Tarixdə bu gün - 25 dekabr
25
dekabr — İlin 359-cu günü (uzun illərdə 360-cı).
İlin sonuna 6 gün qalır.
Mühüm hadisələr:
336 — Tarixdə ilk dəfə Romada "Yeni il” qeyd edilib.
1925 — Beynəlxalq təqvim və saat qəbul edilib.
1975 — Bakı Məişət Kondisionerləri zavodu işə salınıb.
1989 — Rumıniyanın dövlət başçısı Nikolae Çauşesku arvadı ilə birgə
güllələnib.
1991 — SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov istefa verib.
İstefanın ertəsi günü SSRİ də süqut edib.
Azərbaycanda olan hadisələr:
1918 — General Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski
isə nazir müavini təyin ediliblər.
1920 — Bakıda rus "Tənqid- Təbliğ teatrı” fəaliyyətə başlayıb.
1988— Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsi başa çatdırılır.
1991 — Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar qəbul edib. Dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması barədə qərar qəbul edilmişdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikası Ali Sovetinə müraciət ünvanlamışdı.
1991 — "Latın qrafikalı Azərbaycan
əlifbasının bərpa edilməsi haqqında” qanun qəbul edilib.
1991 — İran, ABŞ və İsrail Azərbaycanın müstəqilliyini tanıyıb.
1991 — Azərbaycan prezidentinin fərmanı ilə Milli Qvardiya yaradılıb.
1992 — Azərbaycan Respublikasının ali məktəblərinə qəbulun test
imtahanları vasitəsilə aparılması haqqında qərar qəbul edilib.
Doğum günləri:
1906— Görkəmli pedaqoq, filologiya elmləri doktoru, professor
Əli Sultanlı Naxçıvan şəhərində bənna
ailəsində doğulmuşdur. İlk təhsilini Naxçıvanda alan Ə.Sultanlı 1923-cü ildə
Naxçıvan Müəllimlər Seminariyasına qəbul olunur və 1928-ci ildə oranı bitirir.
O, bir müddət "Şərq qalısı”qəzetində ədəbi işçi vəzifəsində çalışır.
Ə.Sultanlı 1929-cu ildə Bakıya gəlib, ADU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasında assistent və ömrünün sonuna kimi respublikanın ali məktəblərində, elmi-tədqiqat institutunda dünya və Azərbaycan ədəbiyyatından dərs deyir və geniş elmi-tədqiqat işi aparır. Ə.Sultanlı 1934-39-cu illərdə xarici ölkələr ədəbiyyatın tarixi kafedrasına rəhbərlik etmiş, 1939-1941-ci illərdə ADU-nun prorektoru vəzifəsində çalışmışdır. O, bir sıra dərsliklərin, müntəxəbat , tədqiqat əsərləri nin müəllifidir.
Ə.Sultanlı "Antik ədəbiyyat tarixi”, "Roma ədəbiyyatı müntəxəbatı”, "Antik ədəbiyyatı müntəxəbatı” kimi dərsliklərin, "Azərbaycana dramaturgiyasının inkişaf yolları”, "Nizami və Qərbi Avropa ədəbiyyatı” və s. görkəmli əsərlərin müəllifi kimi şöhrət qazanmışdır.
1960-cı il iyulun 18-də Bakıda vəfat etmişdir.
1909– Görkəmli rejissor, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov Şamaxı şəhərində dünyaya göz açıb.
1923-cü ildə Bakıda yeni açılan Teatr Texnikumuna qəbul olunur. Tələbəlik illərində Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı və Süleyman Səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri dram dərnəyində baş rollarda oynayıb.
1926-cı ildə təhsilini başa vurub. İki il sonra Moskvada Teatr Sənəti İnstitutunun eksperimental teatr emalatxanasında rejissor Vsevolod Meyerholdun kursunda iki il təhsil alır. Ali rejissor diplomu ilə Bakıya dönür. Akademik Dram Teatrının yaradıcı heyətinə işə qəbul olunur.
Həmin ərəfədə Bakıda kolxoz-sovxoz teatrı yaradılır. və bədii rəhbərlik Ə.Şərifova tapşırılır. Rejissor burada Üzeyir Hacıbəylinin "Arşın mal alan”, "O olmasın, bu olsun”, Cəfər Cabbarlının "Almaz”, "Sevil” və "Yaşar” pyeslərini tamaşaya qoyur.
Sənətdə tez bir zamanda tanınan rejissor Akademik Dram Teatrı kollektivinin sevimlisinə çevrilir. 1934-cü ildə teatra rejissor təyin edilir. Bir il sonra bu teatrda ilk müstəqil işi kimi Qurban Musayevin "Qızıl çeşmə” dramına quruluş verir. Daha sonra bir çox pyeslərin quruluşçu rejissoru olur.
Ə.Şərifov görkəmli aktyor və rejissor Adil İsgəndərovla birgə Rəsul Rzanın "Vəfa”, Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz”, Hüseyn Cavidin "Şeyx Sənan”, Cabbar Məcnunbəyovun "İliç buxtası”, Tofiq Kazımovla isə Branislav Nuşiçin "Nazirin xanımı” əsərlərinin tamaşalarını hazırlayıb.
Ə.Şərifov ölkəmizin digər teatrlarında da tamaşalar hazırlayıb. Gənc Tamaşaçılar Teatrında, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox əsərlərə səhnə həyatı verib.
Tanınmış rejissor kinoda özünü aktyor kimi də sınayıb, "Səbuhi” filmində görkəmli şair, pedaqoq Mirzə Şəfi Vazeh obrazını canlandırıb. Rejissorun teatr sənətinin inkişafında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib, o, 1943-cü ildə Əməkdar artist, 1960-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Ələsgər Şərifov 9 sentyabr 1982-ci ildə vəfat edib.
1920— İqtisad
elmləri namizədi, İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi
kapitanından biri Səlimova Şövkət Şahbaz qızı İsmayıllı rayonunun Basqal kəndində
anadan olmuşdur.
1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir.
Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur.
İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur
1954-1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974-1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir.
1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
1999-cu ildə Bakı şəhərində vəfat etmişdir .
1923 — II
dünya müharibəsi iştirakçısı, baş leytenant, SSRİ tibb xidməti əlaçısı, Əməkdar
səhiyyə işçisi Dürrə Əlabbas qızı Məmmədova Şəki şəhərində
anadan olub.
940-cı ildə Bakı Əczaçılıq Texnikumunu bitirən D.Məmmədova doğma şəhəri Şəkidə 85 saylı aptekə müdir təyin olunur. 1941-ci il iyunun 22-də Böyük Vətən müharibəsi başlayanda 17 yaşlı gənc ilk könüllülər sırasında cəbhəyə yollanır. O, müharibənin ən "qaynar nöqtə"sində əsl kişilik, cəsarət və iradə nümayiş etdirərək yüzlərlə yaralını ölümün pəncəsindən xilas edir, döyüşün ən qaynar nöqtələrindən yaralıları çıxararaq onlara tibbi yardım göstərirdi.
Müharibənin ilk günlərində Qara dəniz Donanmasındakı 227 saylı ekspedisiya şöbəsinin sanitar anbarına rəis təyin olunan bu cəsur qız qorxu bilmədən, təhlükəyə sinə gərərək mərdliklə, cəsarətlə hərbi gəmilərdəki və hərbi hissələrdəki döyüşçüləri tibbi komplektlərlə və kimyəvi silah əleyhinə bağlamalarla təmin edib. O, qarşıya qoyulan vəzifəni yerinə yetirməklə yanaşı, komsomol komitəsinin katibi kimi də çalışıb. Alman-faşist işğalçıları ilə mübarizədə göstərdiyi nümunəvi xidmətlərinə görə, 45 saylı Hərbi-Dəniz Hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Parfençik və Qafqaz müdafiə rayonunun komandanı, kontr-admiral Markov Dürrə Məmmədovanı "Qırmızı ulduz" ordeni ilə təltif edib. Dəfələrlə ölümlə üz-üzə dayanan Dürrə xanımın işlədiyi sanitar anbarının qapısı yaxınlığına 1000 kiloqramlıq bir mərmi düşür və xoşbəxt təsadüf nəticəsində partlamır, lakin dağılan qapı-pəncərələrin təsiri altında işçiləri, o cümlədən Dürrə xanımı müxtəlif istiqamətlərə atır.
D.Məmmədova hərbi xidmətini 1948-ci ilədək Hərbi-Dəniz Donanmasının hospitalında davam etdirir. Silahlı qüvvələr sırasından tərxis olunandan sonra o, təhsilini təkmilləşdirmək üçün Leninqrad (indiki Sankt-Peterburq) şəhərində qalır. Həyat yoldaşının xidməti işi ilə əlaqədar 1951-ci ildən 1961-ci ilədək Primorsk vilayətində və Çin Xalq Respublikasının Port-Artur şəhərində çalışıb. 1961-ci ildə Bakıya qayıdan Dürrə xanım 329 saylı aptekdə 40 ildən çox reseptçi-nəzarətçi vəzifəsində işləyir. Cəbhə bölgəsində göstərdiyi rəşadətə görə onun sinəsini müxtəlif orden və medallar bəzəyir.
1931— Məşhur
Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin
"Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri Qara
Teyfur oğlu Mustafayev
Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi və 1985-ci ildə elmlər doktoru alimlik dərəcəsi almışdır.
1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən indiyə qədər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışır.
Bu müddətdə o baş müəllim, dosent, dekan müavini, dekan, professor vəzifələrində çalışıb, 1992-ci ildən "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiridir.
Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunmuş, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilmiş və "Şöhrət Ordeni"nə layiq görülmüşdür.
Çoxlu sayda elmi və tədris-metodiki işin müəllifidir, o cümlədən: 600-dən çox məqalə 65 kitab, onlardan 15 monoqrafiya, 14 dərslik, 28 dərs vəsaiti, 5 telefilm və s. 9 elmlər namizədi və 2 elmlər doktoru yetişdirib. 18 yeni elmi konsepsiya irəli sürmüş, "biotik əlaqələr" adlı təbii qanun kəşf etmişdir. 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplomatlar, digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub.
Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür, Həsən Əliyev adına mükafata və "Şöhrət" ordeninə layiq görülüb.

1934 — Tanınmış şair, filologiya elmləri doktoru , professor Famil Ağalar oğlu Mehdiyev (Famil Mehdi) Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur.
Əhmədvar kənd yeddiillik məktəbini bitirib .
1953-1958-ci illərdə ADU-nun jurnalistika fakültəsində təhsil etdirmişdır.
Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır
Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir.
"Alovlu publisist Səməd Vurğun", "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri", "Mətbuatda publisistika", "Bədii publisistika" kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur.
2003-cü il sentyabrın 29-da Bakıda vəfat etmişdir.
1935– Azərbaycanın Xalq yazıçısı, Əməkdar
incəsənət xadimi Yusif Səməd oğlu Vəkilov (Yusif Səmədoğlu) Bakı şəhərində
anadan olmuşdur.
Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957-1958). "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960-1965), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965-1969)[1], baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969-1976), "Ulduz jurnalının baş redaktoru (1976-1987), "Azərbaycan" jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir.
Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).
"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi olmuşdur.
1940 —Tarix
üzrə elmlər doktoru, professor, AMEA-nın
həqiqi üzvü; Azərbaycan Tarix Muzeyinin sabiq direktoru Nailə Vəlixanlı (Vəlixanlı
Nailə Məmmədəli qızı )Bakı şəhərində Azərbaycanın tanınmış mədəniyyət xadimi,
xalq artisti Məmmədəli Vəlixanlının ailəsində anadan olmuşdur.
1958 – Azərbaycanın sebvilən şairi, publicist Ramiz Qusarçaylı Quba rayonunun Çartəpə kəndində anadan
olmuşdur. 8 illik təhsilini Çartəpə kəndində, orta təhsilini isə Bakıdakı fizika-riyaziyyat
təmayüllü məktəbdə almışdır. 1977-1979-su illərdə ordu sıralarında xidmət
etmişdir.
Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Bakı Politexnik Universiteti) mexanika fakultələrində təhsil almış, Bakı Baş Tikinti İdarəsində, "Elm və Həyat” jurnalı redaksiyasında, "Zaman” Beynəlxalq qəzetində və s müxtəlif vəzifələrdə çalışmışdır.
"Bağban” adlı ilk mətbu şeiri 1975-ci ildə "Azərbaycan gəncləri” qəzetində dərc edilmişdir. 17 yaşında ikən xalq şairi Osman Sarıvəlli ona "Qusarçaylı” təxəllüsünü vermiş, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edərək uğurlu yol diləmişdir. 1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən "Ay işığı” adlı ədəbi məclis yaratmış, 1994-cü ildə həmin məclisin bazasında AYB–nin Quba bölməsi təsis edilmişdir.
Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Söhrab Tahir, Musa Yaqub, Famıl Mehdi, Məmməd Aslan, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub, Vaqif Arzumanlı, Şahin Fazil, Vaqif Yusifli, Nazif Qəhrəmanlı, Həmid Abbas, İlham Abbasov, Əjdər Ol, Əli Rza Xələfli, Firuzə Məmmədli, Zakir Məmməd,Aynur Cəfərqızı və başqaları respublika mətbuatında onun yaradıcılığına həsr edilmiş məqalələrlə çıxış etmişlər. "Çörəyim daşdan çıxır”, "Ömür qapıları”, "Bir çiçək axşamı”, "Nə ğözəldi yolun, Allah”, ”Almalı kitab” və "Eşşəknamə” adlı şeirlər, "Göyəm ağacı” adlı tərcümə kitablarının, "Quba” adlı foto-albomun, "Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir. Professor Vaqif Arzumanlı Ramiz Qusarçaylının həyat və yaradıcılığına həsr etdiyi "Təbiət, qeyrət, həqiqət şairi” adlı, şair-tənqidçi Zakir Məmməd "Haqqın cəlalı Qusarçaylı şeirində” adlı, Gülarə Aydın isə "Məni yaman tutub şeir havası” adlı kitablarını dərc etdirmişlər. Şeirləri İngilis, rus, ukrayna, fars və Dağıstan xalqlarının dillərinə tərcümə edilmiş, Donetsk şəhərində "Buz örtüyü” adlı topluda dərc olunmuşdur. Kitabları Rusiya, Ukrayna, Iran və Türkiyədə nəşr olunmuşdur. Macar, italyan, İngilis, rus, ukrayna dillərindən tərcümə etdiyi şeirləri "Göyəm ağacı” adlı kitabda dərc olunmuşdur.
"Ay işığı” ədəbi məclisinin rəhbəri kimi Dərbəndin ədəbi qüvvələri ilə sıx əlaqələr yaratmış, bu da milli tərkibi müxtəlif olan bir bölgədə dostluğa, qardaşlığa və sivil mədəniyyətimizin işıqlı sabahına xidmət edən ədəbi mühitin yaranmasına gətirib çıxarmışdır.
2009-2010-cu il üçün Prezident təqaüdünə layiq görülmüşdür.
1960— Azərbaycanın
Milli Qəhrəmanı Niyazi Şərəfxan oğlu Aslanov Qasım İsmayılov rayonunda (indiki
Goranboy rayonu) anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra
Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Erməni qəsbkarlarının fəallaşdığı
1988-ci illərdə Qasım İsmayılov rayonunda özünü müdafiə dəstələri yaradılan
zaman buraya ilk yazılanlardan biri də Niyazi idi.
Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il 4 may tarixində Tap Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Goranboy rayonu Tap Qaraqoyunlu kəndində dəfn edilmişdir.
Buradakı kənd orta məktəbi onun adını daşıyır
1965— Azərbaycanın
Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi
Füzuli Salah oğlu Rüstəmov
Tərtər rayonunda anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür.
Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verilmişdi. 1990-cı ildə ermənilərin Xankəndinə yürüşünün qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi Füzuli xeyli qan itirmişdi.
Azərbaycan Respublikası Prezidentninin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Tərtər rayonunun Hüsənli kəndində dəfn edilib.
Vəfat etmişdir:
1977— Məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenari müəllifi Çarli Çaplin 88 yaşında Veve (İsveçrə) şəhərində vəfat etmişdir.
Çarli Çaplin
1889-cu ildə Londonda Çarlz Çaplin və Hanna Çaplinin övladı kimi dünyaya gəlmişdir.
Onun valideynlərinin ikisi də musiqiçi idilər. Anası məşhur rəqqasə idi. O,
anadan olandan bir az sonra valideynləri ayrılırlar.
Çaplin öz karyerasına 5 yaşında İngiltərədə teatrlarından birind başlamışdır. Burada o küçə uşağı rolunu uğurla oynamışdır.
Çaplin bir dəfə də olsun Oskar mükafatı almayıb. Yalniz müsabiqədən kənar Oskara layiq görülüb.
Amerikada 40 ildən çox yaşasa da bu ölkənin vətəndaşı olmayıb. Həmişə Böyük Britaniya vətəndaşı olub.
Həyatında çox qadın olan Çaplin 4 dəfə evlənib və 11 uşaq atası olub. 12-ci uşağı məhkəmə vasitəsi ilə ona sırımağa çalışsalar da, ekspertiza aktyorun uşağın atası olmadığını təsdiq edib. Aktyorun sonuncu övladı o 73 yaşında olanda doğulub.
Çaplin "Böyük Diktator" filmində canlandırdığı Adolf Hitlerdən 4 gün böyük idi. Deyilənlərə görə, Hitler bığının formasını Çaplindən götürüb.
Çaplin – fotosu Time jurnalının üz qabığında təsvir olunan ilk aktyor idi. 1975-ci ildə o, cəngavərlik titulu almışdı.
Başqa ad altında Çaplinin oxşarları müsabiqəsində iştirak edib. Bir versiyaya görə aktyor müsabiqədə ikinci, birinə görə üçüncü, başqa versiyaya görə isə beşinci yeri tutub.
Çaplin ayaqlarını 20 min dollar dəyərində sığorta etmişdi.
1928-ci ildə çəkdiyi "Sirk" filmində qulağına mobil telefona oxşayan qurğu tutan qadın təsvir edilib.
Çarli Çaplin sol əllə yazırdı.
"Qadın istənilən kişi milyarderi milyonçu edə bilər" və "Mən fillərə nifrət edirəm: onlar çox güclü və sözəbaxandılar" məşhur fikirlərinin müəllifidir.
Çarli San Fransisko teatrında kasıba (kasıb – onun ən populyar obrazı) oxşayan adamların müsabiqədə inkoqnito iştirak edəndə hətta finala keçməyi bacarmamışdı.
Çaplinin gözləri mavi olub.
2016— Məşhur
Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının Xalq artisti Ağaxan Abdullayev 66 yaşında Bakıda
vəfat etmişdir.
Abdullayev Ağaxan Minaxan oğlu 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur.
1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində təhsil almışdır.
1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunmuşdur.
1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışmışdır.
1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.
2016 —Məşhur
şair və tərcüməçi, Azərbaycan komsomolu
mükafatı laureatı Tapdıqov İlyas Oruc oğlu (İlyas Tapdıq) 82 yaşında Bakıda vəfat
etmişdir.
İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbini bitirdikdən sonra -1952-1956-cı illərdə APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır.
Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redactor, Azərnəşrdə redaktor, böyük redaktor, "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redactor, Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru, Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri , "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri və s. vəzifələrdə işləmişdir.
İlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Şairin uşaq əsərlərinin mühüm bir qismini yurdumuzun təbiətinə, gözəlliklərinə həsr olunmuş əsərlər təşkil edir. "Bildirçin" uşaqların çox sevdiyi, həvəslə əzbərlədiyi,söylədiyi əsərlərdəndir. "Dəmirağac" şeirində təbiətin möcüzəsi olan dəmirağacın xüsusiyyətləri poetik bir dillə bəhs edilir. "Bir evim var..." şeiri şifahi xalq ədəbiyyatının tapmaca janrında istifadə yolu ilə yazılmışdır. "Qaçaq dovşan" poemasının qəhrəmanı uşaqların çox sevdiyi dovşandır. Bu əsər uşaq ədəbiyyatımızda dovşana həsr olunan digər əsərləri təkrarlamır, orijinallığı ilə diqqəti cəlb edir.
Oxşar postlar:
- Oxunub: 2 634
- Şərhlər: 0
- Bölmə: Tarixdə Bu Gün
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh YazQonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar