» » 3 iyul Dünya Qonşular Günüdür

3 iyul Dünya Qonşular Günüdür


 

 

3 iyul Dünya Qonşular Günüdür 

  

 

3 iyul Dünya Qonşular Günüdür. 
Çoxları bəlkə də bu barədə məlumatsızdır. Ola bilər ki, mehriban qonşular da, lap qonşuluq etməyi bacarmayanlar  da Dünya Qonşular Günü haqqında  bilməyə bilər, bu, elə də qəbahət deyil. Amma qonşu ola bilməmək qəbahətdir. 
Qonşu, qonşu haqqı, qonşuluq  xatiri qonşuluq edən adamlar arasında müqəddəs bir and, əhd olub.
Qonşu qapısı ən yaxın sayılan yer, ən güvəncli yer olub. Dədə-babalar "möhüb düzmək” deyərdilər, yəni köməksiz, müdafiəsiz qalmış bir biçarəyə əl uzatmaq, onu düşdüyü vəziyyətdən xilas etmək.Bu xeyirxahlıq fiziki baxımdan həmin ailəyə, nəslə xilaskarlıqdır, amma ən əhəmiyyətlisi isə əməlin bu möhübdən pay düşmüş ürəklərdə əbədilik nəqş olunan izləridir. Şeytan adamın ağlını başından ala bilər, amma qonşu haqqına girə bilməz.
Qonşu haqqı Tanrı haqqı kimidir: Qonşunun qonşu üzərindəki haqqı, Tanrının qul üzərindəki haqqı qədər müqəddəsdir.
Mənalı, mehriban, şad yaşamağın bir yolu da yaxşı bir qonşuya malik olmaqdır. Yaxşı qonşuluq münasibətləri yaşam münasibətlərimizə daha bir əlvanlıq gətirir. Ona görə də deyərlər ki, ev alma, qonşu al.
Qonşu kiməsə pislik  etsə də, qonşusuna qarşı etməyə heç vaxt əli gəlməz. İnsanın belə  qonşularının  olması  xoşbəxtlikdir. Bu cür qonşularının olması  üçün isə gərək özün belə qonşu olasan. 
Dədə-babalar yaxşı qonşuluğu təqdir etdikləri kimi, adamayovuşmaz, laqeyd, eqoist insanları qınaqla qarşılamışlar.
"Yaman qonşu, yaman arvad, yaman at; birindən köç, birini boşa, birini sat”, "pis qonşu insanı ehtiyac sahibi edər: pis qonşu özündən əmanət olaraq istənilən şeyi verməz, əmanət istəyən də gedib o şeydən satın alar”, "gülmə qonşuna, gələr başına” və s bu kimi aforizmlər dediklərimizin təfəkkürlərdə yaşayan ifadəsidir və günümüzdə də önəmlidir.
Uşaqlıq illərini, kənd həyatını xatırlayanda elə kövrəlirəm ki.. Ağlayacaq həddə qədər himə bənd oluram. Necə mehriban imişik. Sən demə, qarşıdakı həyatda bir vaxt kənddə gördüyümüz, yaşadığımız qonşuluq münasibətlərinin heç yarısı da yoxmuş. 
İstənilən evə get, ola bilərdi ki, pulu olmasın, PRADO-su olmasın, vəzifəsi olmasın...Amma evində hər birinin ehtiyatı olardı. Ehtiyat zəruri ehtiyac deməkdir. Od qonşusu, gor qonşusu, möhüb düzmək haqqı daşıyırdı kənd qonşuları. 
Həyatdır, birdən, o vaxt kənd arvadları belə deyirdilər də,”ehtiyatı üzülən vaxt”lar da olurdu. Heç qəm etməzdilər. Proletar da heç vaxt " utanc vəziyyətdə qalmazdı. Evin xanımı uşağı tez qonşuya qaçırardı. Bir də gördün, budur, qonşu Nabat xala, Gülsüm xala bir "humanitar karvan”la gəlir. Düzüb-qoşdular köməkləşib, qonaq da yedi, proletar da))).
Qonşuda bişir, bizə də düşər" deyimi də var. İnsanların, ətrafının qazancından faydalanmaq ümidini bildirən bir sözdür. Kim nə bişirsə, yaxşı yerindən canlı bir qab qonşuya göndərərdi.
Anam deyədrdi ki, a bala, apar bunu filankəs qonşuya ver, zahı gəlini var, şişər. Get Xurma bibiyə de, qonağımız gəlib, gəlsin oturaq...
Hanı ki indi..hamısı ərşə çəkildi, qeyb oldu. 
Rəfael Dadaşov və Coşqun "Bu şəhərdə” day nə qalmadı göstərməsinlər: təkcə üzbəüz qapılarda yaşayıb bir-birlərini tanımayan qonşulardan başqa. 
Eyni blokda yaşayıb heç vaxt adlarını belə bilmədikləri , bilmək istəmədikləri qonşulara çevrilib indi bəzi insanlar. Bəs Allah etməmiş, gecənin bir yarısı bir hadisə baş versə, səndən üst - alt qonşunu köməyə haylayası olsan, hansı adı deyib çağıracaqan? 
Elməddin Cəfərov, Ramin Hacıyev, Vüqar Hüseynov, Elnur Hüseynovun "Qonşular”ında da yeri gələndə bir əli od, bir əli su olan qonşulara rast gəlmədik. Buradakı qonşular qonşuluğu ancaq məzhəkə, yumor formatında görürlər. Bəs Tanrı  məsləhət bildyi insanları bir-birlərinə niyə belə yaxın salmışdı, bu zərurəti yaratmışdı, təkcə məzhəkə anı üçünmü?
Qonşuluq və ya qonşuluq münasibətləri, bir-birinə bitişik və ya yaxın yerlərdə yaşayan insanlar arasındakı ictimai münasibətlərdir. Qonşu olmağın doğurduğu bir sıra hüquq və vəzifələrlə yanaşı, bu hüquq və vəzifələrin  yaratdığı bir münasibətlər sistemi də var.

 

Bu əlaqə həm Türk adətlərindən həm də İslamı istinadlarda qonşu haqqına dair aktlardan irəli gəlir.

 

3 iyul Dünya Qonşular Günüdür

 

 

Təəssüflər olsun ki, sivilizasiyalar əvəzləndikcə, yeni elmi kəşflər, texnologiyalar meydana gəldikcə insanlar arasındakı münasibətlər geriləməyə, yəni soyuqlaşmağa, yadlaşmağa doğru çevrildi. Artıq insanlar təbii gözəllikləri təbiətdə yox, internetdə görməklə də əkifayətlənirlər. Bir vaxt qonşunun qızı köçəndə sevinən , öz qızı köçür kimi bilib toy tədarükü görən: günlərlə yun didən, yorğan-döşək salan qonşular bu gün bunu etmirlər. Az-maz belə insanlar  varsa da,  bəlkə də  onlar toy evinə   qonşu kimi yox, qohum kimi gələnlərdir.
İndi "qonşudan qız sevənin ürəyindəki yağ” laybalay yerindədir.  Oğlan da, qız da   öz evində monitorun qabağında oturub qonuşurlar. Nə qonşular  onların bu qapıdan  birlikdə çıxdığını  görmür, nə oğlanın  günortadan keçmiş   yenə evinəcən ötürməsini görmür, nə də astaca pıçıldaşmırlar. İndi qonşu qonşusunun bir toyuğunun iki olmasını istəmir. İndi  əksər qonşu istəyir ki, CİP-i olsun  və o da  10 dəqiqələrlə dayanacaqda avtobus gözləyən qonşusunun yanından şəstlə gəlib keçsin.

 

Hardan yarandı  bu təkəbbür, qütbləşmə, laqeydlik bizdə. Biz dədə-balardan ağıllıyıqmı? Ağıllı deyilik. Görəsən, tale insanları öz əlləri ilə öz işıqlarını söndürən zavallılar cərgəsinə sürükləmir ki?

 

Artıq dünya da bunun fərqindədir və 3 iyul gününün Dünya Qonşular Günü olaraq qeyd edilməsi də elə bununla bağlıdır. 
İlk olaraq 1999-ci ildə Fransanın paytaxtı Parisdə qeyd olunan Qonşular Günü 2014-ci ildən etibarən də Avropanın bir çox yerlərində də qeyd olunmağa başlamışdır. 
Dünya Qonşular Gününün bu il Ramazan ayına bərabər gəlməsi bu günü daha xüsusi və mənalı edir.
Qonşu cəmiyyət həyatında insanların bir-biri ilə ev, ticarət, torpaq və s. xüsusiyyətlərə görə olan bitişik və ya yaxınlıq halıdır. Bu yaxınlıq kortəbii olmayıb, təsadüfi olmayıb, qanunauyğun həyati təcrübə və müşahidələrin zəruri nəticəsi kimi formalaşmışdır. İnsan cəmiyyətinin tarixi göstərir ki, qonşuluq haqqına və borcuna hörmət edilən bütün toplumlarda hüzur və əmniyyət, ruzi-bərəkət təmin olunmuşdur. Pərqu döşəklərdə rahatca  yatan bir qarnıtoxun qonşusu açından yata bilmədiyi, bir kasıbın hamilə qadını təzə meyvə üçün  şişib-dama döndüyü  kəsimdə  imkanlı qonşunun uşağı  gilas dənələrini quşlara atdığı məmləkətlərdə həmişə düşmənçilik, kin, həsəd və hər cür pislik hökm sürmüşdür. Qonşuların bir-biri ilə yaxşı münasibətdə olması cəmiyyətin rifah və səadətinə səbəb olur. Eləcə də qonşu ölkələr arasındakı münasibətlər firavan və asyişə xidmət edir. Ermənilər qonşu deməyə də adamın dili gəlmir: onlar  nankordurlar. Heyvana bir qarın çörək verən sahibinə heç vaxt  nankorluq etməz, amma ermənilər edər və etdi də.
Türk xalqlarında qonşuluq münasibətləri həmişə uça tutulub. İnsan özünə yurd-yuva salanda, ev tikəndə, 2 otaq tikəcəksə, birini hökmən qonaq otağı üçün nəzərdə tutub. Bu cür qonşuluq münasibətlərinin kökü min illərə söykənən bir keçmişə əsaslanır. Türk xalqı ilə bizim qonşulumuz mükəmməldir, etibarlıdır, safdır.
Qonşusuzluq insanı tənhalığa və çarəsizliyə sövq edər. Çünki qonşuluq bizim üçün maddi cəhətdən deyil, mənəvi cəhətdən daha önəmlidir. İnsanın hər zaman sevinc və kədərini bölüşə biləcəyi qonşulara, qonşuluq münasibətlərinə ehtiyacı var. Elə məqamlar olur ki, qonşuluq qohumluqdan da üstün olur, çünki xeyir-şərdə qohum-qardaş ha gəlib çatınca, qonşu özünü onlardan tez çatdırır. 

 

    Hamıya "mehriban  qonşu olun” diləyi ilə Məmməd Arazın gözəl bir  şeiri:


Qonşu qardaş, az qurdalan o çəpər boyu,
Əsəbini, qəzəbini hörmə çəpərə,
Bizə tərəf əyilməkdən tikan quruyub,
Pozma onun yatımını hədərcə yerə.

Bizim bağa su axıdır açdığın bərə,
Bizim tutdan sizin bağa kölgə düşəcək.
Gözümüzü gözümüzdən qorusaq belə,
İtlərimiz macal tapıb həvirləşəcək.

Tüstü qalxar iki evin həndəvərindən,
İki tüstü bir havada əriyəcəkdir.
"Sizin", "bizim" dediyimiz sədd çəpərində
Qarışqalar eyni yüklə yeriyəcəkdir.

Sənin baban bulaq çəkdi, ya mənim babam?
Nə fərqi var? Su çəkənin, su - içənindir?
Yol boyunca cərgələnən bu qoz, bu badam,
Əkənindi? Yeyənindi? - Nə deyək indi?

Olmasaq da bir süfrədə bir dəmə ortaq,
Günümüzün gəlişi bir, axarı birdir.
Dağa çıxaq, düzə enək, göyə dırmanaq,
Yolumuzun kilidi bir, açarı birdir.

Yüz ocağa od veribdir o qara təndir,
Çəpərlərdə bitən gördüm qaratikanı.
İki qarış torpaq udsan - biri sənindi,
Dünyagirlər yemədilər quyruq dünyanı.

Mən Təbrizli, Naxçıvanlı, mən Gəncəliyəm,
Çox görmüşəm hasar üstə ölənləri də.
Mən torpağı bölünməyə öyrəncəliyəm,
Heç qazanan görməmişəm bölənləri də...

 

 

3 iyul Dünya Qonşular Günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 89
  • Məqalələri: 1194
^
Yaxşı qonşun olsa, ən yaxın dayağındır, arxandır, dadına çatandır..Gərək sən özün də belə olasan..
Qismətinə pis qonşu çıxıbsa, yaxşı qonşun olacaq yeni mənzilə köç...))
  • Нравится
  • 1
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Her bir insan qonsusu yaxsida pisde olsada ona komek etmelidir

ttvyvyvuf u

[quote=oktay aslanzadə]Her bir insan qonsusu yaxsida pisde olsada ona komek etmelidir
  • Нравится
  • 0