» » Tarixdə bu gün - 17 dekabr

Tarixdə bu gün - 17 dekabr

Müəllif: Dəyanət от 17-12-2017, 00:00
 
 
17 dekabr — İlin 351-ci günü (uzun illərdə 352-ci). İlin sonuna 14 gün qalır.

1793 - Napoleon Bonapart ilk hərbi uğurunu İngiltərə tərəfindən zəbt olunmuş Tulonu azad etməklə qazanır və bu qələbəsinə görə briqada generalı təyin edilir.
1903 — Tarixdə ilk təyyarə havaya qalxıb. Rayt qardaşlarının hazırladığı bu model 56 saniyə havada qala bilib və 260 metr uçub.
1925 — SSRİ və Türkiyə arasında bitərəflik sazişi imzalanıb.
1926 — SSRİ-də ilk dəfə əhalinin siyahıyaalınması keçirilib. Bu siyahıyaalmaya görə, Azərbaycan SSR-in əhalisi 2 313 700 nəfər, o cümlədən 1 212 400 kişi, 1 101 300 qadın olub. 649.500 nəfər şəhərdə 1 664 200 isə kənddə yaşayırdı
1936 — Azərbaycan SSR IX Fövqəladə Sovetlər qurultayı açılıb
1979 — Arif Məlikovun "Fərhad və Şirin" baleti TRT-nin "Sənət Dünyası" proqramından çıxarılıb.
2013 — Bakıda "Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimi keçirilib və "Cənubi qaz dəhlizi” barədə anlaşma memorandumu da imzalanıb.

Doğum günləri:

Tarixdə bu gün - 17 dekabr1905 —  Azərbaycanın Xalq şairi Osman Sarıvəlli  Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur.
Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926-1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929-1932).
1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932-1935), Bakı Teatr texnikumunda müdir (1939-1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir.
Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlamışdır. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.

1990-cı il iyulun 3-də Bakıda vəfat etmiş və doğma kəndində dəfn edilmişdir.

 
Tarixdə bu gün - 17 dekabr1924 — Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı,Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü,Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru,Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov
1924-cü ildə Şəkidə anadan olub.
1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb.
1945-1950-ci illərdə ADU, filologiya-jurnalistika şöbəsində təhsil alıb.
1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb.
1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.
1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb.
1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini olub.
1961-1971-ci illərdə BDU, jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb.
1971-1976-cı illərdə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb.
1971-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb.
1976-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib.
1988 –ci ildən BDU, mətbuat tarixi kafedrasının professorudur.
Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir.

Tarixdə bu gün - 17 dekabr1980 – Gənc opera ifaçısı (soprano), Azərbaycanın Xalq artisti Dinarə Fuad qızı Əliyeva Bakı şəhərində anadan olmuşdur.
Bülbül adına orta ixtisas musiqi məktəbini 1998-ci ildə bitirmişdi. 2004-cü ildə isə Bakı Musiqi Akademiyasını magistr pilləsi üzrə bitirmişdir.
Hazırda Musiqi Akademiyasının aspiranturasında təhsil alır.
Hələ 1998-ci ildə Bülbül adına məktəbin şagirdi ikən D.Əliyeva Vokalçıların orta ixtisas musiqi məktəbləri üzrə keçirilən VII Respublika müsabiqəsində iştirak etmiş və müsabiqənin laureatı olmuşdu.
2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet teatırın solistı olub. 2004-ci ilin əvvəllərində, Dinara Əliyeva Puççininin "Boqema" operasının tamaşasında ifa etdiyi Mimi partiyası müğənnin simasında milli opera səhnəmizdə yeni bir ulduzun parladığını xəbər verdi. 2005-ci ildə C.Verdinin "Trubadur" operasının tamaşasında Leonora partiyası ilə Dinarə öz sənət bioqrafiyasına daha bir uğur yazmışdır. Hazırda isə D.Əliyeva "Traviata" operasında əsas partiyalardan biri Violetta partiyası üzərində çalışır.
Yüksək istedadı ilə fərqlənən və BMA-nı fərqlənmə diplomu ilə bitirən D.Əliyeva 2004-cü ildə dünya şöhrətli müğənni Monserrat Kabalyenin Bakıya səfəri zamanı onun keçirdiyi ustad dərsində çıxış etmiş və gənc vokalçının ifası M.Kabalye tərəfindən yüksək qiymətləndirilmişdir.
2005-ci ildə D.Əliyeva Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsində iştirak etmiş, nüfuzlu münsiflər heyəti onun ifasını çox bəyənmiş və D.Əliyeva üçüncü yerin sahibi kimi laureat adına layiq görülmüşdür.
2007-ci ildə Dinara Əliyeva Maria Kallas festivalında laureatı olub, 2009-ci ildə Yelena Obraztsova beynəlxalq mahnı müsabigəsinin laureatı olub.
2010-ci ildə Əliyeva Plasido Dominganın mahnı müsabigəsinin laureatı olub.
Gənc olmasına baxmayaraq D.Əliyeva artıq milli vokal sənətimizi Azərbaycanın hüdudlarından kənarda ləyaqətlə təmsil edir. Misir və Rusiyada keçirilən Azərbaycan mədəniyyəti günlərində D.Əliyevanın parlaq ifasına tamaşaçılar tərəfindən yüksək qiymət verilmişdir. D.Əliyeva eyni zamanda bir çox hökumət və yubiley tədbirlərində çıxış edir.27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmşdür.
 
 Tarixdə bu gün - 17 dekabr1996 — Vətən müharibəsinin şəhidi Şahmurad Natiq oğlu İsgəndərov Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2003-cü ildə Əlisuvar Məmmədov adına 1 saylı Göylər kənd məktəbinə daxil olmuşdur. 9-cu sinfi başa vurduqdan sonra öz istəyi ilə Şamaxı Humanitar Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasına daxil olmuş, 28 iyun 2016-cı il tarixində əla qiymətlərlə məzun olmuşdur. Elə həmin ilin iyul ayında Quru Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətə yollanmışdır. Nümunəvi hərbi xidmətlə fərqləndiyi üçün həmin dövrdə valideynlərinə təşəkkürnamə göndərilmişdir. Hərbi xidməti başa vurduqdan sonra Göylər kəndinə qayıdan Şahmurad bir müddət sonra Türkiyə Respublikasına getmiş, ixtisası üzrə kurslarda iştirak etmişdir. İştirak etdiyi kursları başa vurduqdan sonra yenidən Azərbaycana qayıtmış və ixtisasına uyğun özəl peşə fəaliyyəti ilə məşğul olmuşdur.
Erməni təcavüzkarları torpaqlarımıza hücum edəndə, Şahmurad da Milli Orduya yazılaraq döyüşlərə atılmış, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. O, daha sonra Ağdərə istiqamətində gedən döyüşlər də iştirak edib. 16 oktyabrda ağır yaralanıb və 32 gün xəstəxanada müalicə aldıqdan sonra 17 noyabr tarixində şəhid olub.
Şamaxı rayonunun Göylər kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüş əməliyyatlarında hünər göstərən, öz əsgəri borcunu şərəflə yerinə yetirmiş Şahmurad İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən , "Cəsur döyüşçü" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.


Vəfat etmişdir:

Tarixdə bu gün - 17 dekabr1273 —   Şərq mütəfəkkiri Cəlaləddin Rumi Konyada vəfat edib.
Rumi 1207-ci ildə Bəlx şəhərində anadan olmuşdur.
Rumi 38 yaşında olarkən 60 yaşlı İslam piri, dərviş Şəmsəddin (Şəms) Təbrizi ilə tanış olur. Bu tanışlıq Cəlaləddinin dünyagörüşünə dərin təsir göstərir, onun fikir dünyasını kökündən dəyişdirir. Şəmsə qeyri-adi bir məhəbbətlə bağlanmış Cəlaləddin onu tanrı səviyyəsində ilahiləşdirir. Bir gün Şəms sirli şəkildə qeyb olarkən, Cəlaləddin sarsılmış və müəlliminə olan məhəbbətini, onun itməsindən doğan kədər və həsrətini bədii əsərlərində – məsnəvilərdə, rübai və qəzəllərində ifadə etmişdir. Nizami, Xaqani kimi türk oğlu olan Rumi şeirlərini fars dilində yazmışdır, türk dilində yalnız bir neçə şeri və farsca-türkcə müxəmməsi qalmışdır.
2007-ci ildə Mövlananın anadan olmasının 800 illiyi YUNESKO tərəfindən Dünya Mövlana İli elan edilmişdir.

 

Tarixdə bu gün - 17 dekabr1933 — Görkəmli yazıçı , dramaturq, pedaqoq, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyev 63 yaşında Bakıda vəfat etmişdir.
Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır (1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan tifaq" (1899) Peterburqda nəşr edilmişdir.
Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. O, eyni zamanda Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların hazırlanmasında iştirak etmişdir. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olmuşdur. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924).
Bunlardan başqa ədib Şеkspirin "Hamlet”, Şillеrin "Qaçaqlar”,Vоltеrin "Sоltan Оsman”, Zоlyanın "Qazmaçılar”, Andеrsеnin "Bülbül”,"Şahın təzə libası”, Lanskоyun "Qəzəvat”, Çirikоvun "Yəhudilər”,Kоrоlеnkоnun "Qоca zəng çalan” əsərlərini də tərcümə еtmişdir.
Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazıb.
1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifidir.

Tarixdə bu gün - 17 dekabr1974 -Milli opera sənətimizin inkişafındakı Böyük xidmətləri olan Xalq artisti Ağababa Bünyadzadə 59 yaşında vəfat etmişdir.
19 iyul 1915-ci ildə Bakının Kürdəxanı kəndində anadan olmuşdur.
Cingiltili və ürəyəyatımlı bariton səsə malik idi. Yeniyetmə yaşlarından bədii özfəaliyyətdə müğənni kimi çıxış etməklə yanaşı, dram dərnəyində aktyor olub. Üzeyir bəy Hacıbəyovun qəhrəmanları Əsgərin ("Arşın mal alan") və Sərvərin ("O olmasın, bu olsun") ariyalarını oxuyub, klassik dünya operalarına maraq göstərib.
Ağababa Bünyadzadənin bəstəkarlardan Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Nofəl), "Koroğlu" (Həsənxan və Alı), Reynqold Qlierin "Şahsənəm" (Xan), Fromonotal Jak Qalevinin "Kardinal qızı" (Rudjiero), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Aslan şah), Niyazinin "Xosrov və Şirin" (Şapur), Qara Qarayev və Cövdət Hacıyevin "Vətən" (Mərdan), Zaxari Paliaşvilinin "Daisi" (kiazo), Coakkino Rossininin "Sevilya bərbəri" (Fiqaro. Librettonun tərcüməçiləri Məmməd Səid Ordubadi və Əfrasiyab Bədəlbəylidir), Jorj Bizenin "Karmen" (Eskamilyo. Librettonun tərcüməçisi Nigar Rəfibəylidir), Pyotr Çaykovskinin "Mazepa" (koçubəy), Əfrasiyab Bədəlbəylinin "Nizami" (Hökmdar), Cahangir Cahangirovun "Azad" (Yavər), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Şahvələd), Cüzeppe Verdinin "Aida" (Amonasro), "Otello" (Yaqo), "Traviata" (Jorj Jermon), "Riqoletto" (Marullo), Vasif Adıgözəlovun "Ölülər" (Şeyx Nəsrulla) operalarında ifa etdiyi partiyalar öz dramatik vüsəti, psixoloji tamlığı, səslə hərəkətin üzvi vəhdəti ilə seçilib.
Ağababa Bünyadzadə Opera və Balet Teatrında 1967-ci ildə Müslüm bəy Maqomayevin "Şah İsmayıl" operasını tamaşaya hazırlayıb.

 

Tarixdə bu gün - 17 dekabr1993 —   Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimov  82 yaşında Bakıda vəfat etmişdir.

Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.
Mirzə İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövrü mətbuatda şeirləri nəşr olunmuşdur. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya - Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olmuş, "Giqantlar ölkəsində" adlı oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — "Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərmişdir . "Həyat" pyesi bu dövrün bəhrəsidir.
1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942-1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.

 

1999 —  Azərbaycan demokratik mətbuatının banilərindən biri olmuş Nəcəf Nəcəfov 44 yaşında vəfat etmişdir.Tarixdə bu gün - 17 dekabr

 Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. Xalq Təsərüffatı İnstitutunu bitirib. 80-ci ilin əvvəllərindən "İnşaatçı" qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra "Vışka" qəzetində şöbə müdiri işləyib və 1986-cı ilə kimi bu vəzifəni yerinə yetirib. Həmin il N.Nəcəfov "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə "Molodyoj Azerbaydjana" ölkənin ən populyar və sevimli qəzeti olub. 1986-1989-cu illərdə "Molodyoj Azerbaydjana" faktiki olaraq Respublikanın mərkəzi qəzetinə çevrilib. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən bu qəzetin ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb və qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilib. N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib. Həmin vaxtdan başlayaraq N.Nəcəfov faktiki olaraq siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub. Müstəqil "Azadlıq" qəzetini təsis edən (1989-cu il) N.Nəcəfov, respublikanın suverenliyinə və ərazi bütövlüyünə təhlükənin artdığı bir vaxtda, AXC liderlərindən biri kimi, siyasətlə daha fəal məşğul olmağa başlayıb. 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində N.Nəcəfov Biləcəri yoxuşunda Sovet qəsbkarlarının qarşısını kəsən əliyalın adamların ön cərgəsində olub. Həmin faciənin zərbələrini ilk dadanlardan biri də N.Nəcəfov idi. Əsgər dəyənəyindən ağır zədə alan N.Nəcəfov səhərə kimi huşsuz halda yıxılıb qalıb. Sonralar N.Nəcəfov ölkənin dövlət müstəqilliyinin bərpası və Azərbaycanda Demokratik bir dövlətin yaradılması uğrunda fəal mübarizəni davam etdirib. 1990-cı ilin yazında N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birlikdə "Turan" informasiya agentlyini təsis edib. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992-1993-cü illərdə N.Nəcəfov Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib. 1993-1995-ci illərdə o, AXC Məsləhət Şurasının üzvü vəzifəsində çalışıb. Ömrünün son illərində N.Nəcəfov Müstəqil Sahibkarlığa Yardım Fondunun vitse-prezidenti olub.

 
Bayramlar və xüsusi günlər:

17 dekabr Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günüdür.

 Prezident İlham Əliyevin 2010-cu il noyabrın 10-da imzaladığı sərəncama əsasən, hər il dekabrın 17-si Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 


Tarixdə bu gün - 17 dekabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.