» » Sağlamlığa əks təsir edən amillər

Sağlamlığa əks təsir edən amillər

 

Sağlamlığa əks təsir edən amillər

 


Nə ağlarsan, nə sızlarsan,
Bir dərdi beş olan könlüm.
Axırda zünnar bağlarsan,
Qəmə yoldaş olan könlüm.
Aşıq Abbas Tufarqanlı

Yazımıza XVI əsrin sonları - XVII əsrin əvvəllərində yaşayıb yaratmış bu məşhur el aşığımızın gəraylısının ilk bəndi ilə təsadüfən başlamadıq. Sağlam olmaq kiminsə əlli-ayaqlı, gümrah, enlikürək, ucaboy olması demək deyil. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi tərifə görə, "Sağlamlıq fiziki, əqli və sosial rifahın bütöv bir şəkildə mövcud olması, xəstəliklərin və bəlanın insan bədənindən uzaq olmasıdır.”
Yəni, sağlamlıq orqanizmin fiziki göstəricilərinin əqli və soşial rifahla üst-üstə düşməsi vəziyyətidir. Ona görə də insan sağlamlığı həm də nümunəvi həyat tərzi, sağlam ətraf mühit və bio-tibbi kimi amillərin gərəkliliyini zəruri edir.
Deməli, insanın daxili aləmi və ona təsir edən kənar amillərlin keyfiyyəti də sağlamlığı xarakterizə edən əsas amillərdən biridir və biz də yazımızda məhz insan sağlamlığını ciddi şəkildə risklərə məruz qoyan, amma önəm verilməyən, ciddiyə alınmayan kənar amillərə toxunmaq istəyirik.
Son vaxtlar insanlar daha əsəbidirlər. Psixoloji və yaxud nevroloji xəstəliklərin sayı-hesabı günbəgün artmaqdadır. Avtobusda, metroda, işdə, həyətdə rastlaşdığımız insanların üz-gözündən soyuqluq yağır.
İctimai nəqliyyatda yanaşı əyləşmiş insanların mehribancasına  söhbət etdiyini nadir hallarda görmək olar. Kimi qaşqabaqlı halda kirimişcə oturub, kimi ayaq üstə gözlərini görünməyən məchulluğa dikib, kimi telefonla qurdalanır: gözləyir ki, mənzilbaşına çatıb, bir az geniş mühitə, sakit havaya çıxsın.
Nəinki uzaq adamlar, lap yaxın tanışlar, qohumluq münasibətləri olan adamlar, bir də görürsən, bir balaca söhbət edən kimi, fikirləri, sözləri haçalaşır: əl-qollarını ölçə-ölçə danışırlar, gözlər hədəqəsindən çıxmaq istəyir, səs tonları yüksəlir və s. Adama elə gəlir ki, bu dəqiqə bir-birlərinin saçlarından yapışacaqlar. Görünür, məişətdə tez-tez eşitdiyimiz "heç kimin əsəbi yerində deyil” sözləri heç də təsadüfi deyil.
Küçədə, nəqliyyat vasitələrində, iş yerində, evdə, həyətdə qəflətən halı pisləşən, həyatını itirən şəxslər haqqında o qədər eşitmişik ki.
Mütəxəssislər bunun səbəblərini ekologiyanın pozulması, düzgün qidalanmama, piylənmə, maddələr mübadiləsinin pozulması kimi ciddi səbəblərlə əlaqələndirsələr də, ilkin səbəb kimi stress və depressiyaları önə çəkirlər.
Ümumiyyətlə, stress və depressiyalar təkcə ürək və damar xəstəlikləri üçün deyil , insanın bütün sağlamlığı üçün əks- təsir edən ən ciddi faktorlardan biridir.
Ağrılı hal bir də budur ki, xəstəlik getdikcə cavanlaşmağa doğru meyillidir.
Amma istər cavan, istərsə də yaşlı insan olsun, hər hansı əsəbi, ruhi, psixi sarsıntı keçirmiş insanlar çox hövsələsiz olurlar. Belə vəziyyətlərdə onların psixi müqaviməti azalır, hadisələrə normal reaskiya verə bilmir, özlərindən asılı olmayaraq, aqessivləşir, hər şeyi inkar edir, heç kimlə konsensunsa gəlmək istəmirlər. Nəticədə, getdikcə artan nevroloji, psixoloji travmalar axırda ürək-damar xəstəlikləri üçün səbəb yaradır. Ürək-damar xəstəliyi tapmasa da, qeyd etdiyimiz kimi, gərginlikdən, əsəbilikdən, mənəvi yorğunluqdan, əzginlikdən,ümidsizlikdən nə normal qaydada qidalana bilir, nə yedikləri ürəyinə yatır, nə ürəkdən gülə bilir, nə rahat yata bilir, nə də insanlarla səmimi ünsiyyətdə ola bilirlər.
 
Sağlamlığa əks təsir edən amillər
Bəs nədir əli-ayağı, gözü, başı sağ-salamat insanları əsəbi edən, stress və depressiya halına gətirən? Təbii ki, insanın daxili aləmi bu proseslərdə böyük rol oynayır. İnsan daxilən rahat olmalıdır, gözü-könlü tox olmalıdır. Mübariz olmalıdır. Qarşısına çıxan hansısa problemə elə o dəqiqə təslim olub, giley-güzar etməməli, ümidsizliyə qapılmamalıdır.
Həyat dəfələrlə sübut edib ki, uğur və yüksəlişi iradə və qətiyyəti, zəngin həyat təcrübəsi ilə qazananların səadəti daha etibarlı və mənalı olur. Onlar hər zaman qarşlarına çıxan istənilən çətinliyin həllini tapmağı bacarırlar.
Amma iş burasındadır ki, insanın qarşısına çıxan çətinliklərin heç də hamısı mübarizə, əzm assosiasiyası doğurmur, əksinə, adamın əlini işdən soyudur, hədəfsizləşdirir, ümidsizləşdirir, sonda daha ağır nəticələrə də aparıb çıxara bilir.
Kimsə ali məktəbə orta məktəbi qurtaran ili, daha sonrakı illəri qəbul oluna bilməz. Arzuya çatmaq 3-4, bəzən 5 il də çəkə bilər. İnsan karyera qurmaq üçün də xeyli müddət gözləməli ola bilər və s.  Mənzil şəraiti və sair bu kimi problemlər, əslində, mübarizə məktəbidir, həyat dərsləridir. Belə problemlər insanı üzməməli, əksinə, daha mübariz etməlidir. Bunlar adamı niyə xəstələndirməlidir ki, insanlar niyə hazıra nazil olmalıdırlar ki?

Cabir Novruzun "Mənim nəslim” şeirində əsl həyat adamına məxsus bu keyfiyyət necə səmimidir:

… Atam itdi, arzuların dumanında,
Mən tək qaldım sərt taleyin amanında.
Əsla tale insaf nədir bilmədi heç,
Bir çöpü də asanlıqla vermədi heç.
Məni yüz yol döyəclədi, şillələdi,
Neçə-neçə xoş arzumu şil elədi.
Nəyim varsa, zaman-zaman tək qazandım,
Məhəbbətdən qaşığacan tək qazandım.
Qazanmadım səadəti xoş ilə mən,
Yox, qazandım dırnaq ilə, diş ilə mən.
Bu həyatçün, bu ömürçün necə varam.
Bax o çətin günlərimə minnətdaram...

XIX əsrdə yaşamış fransalı ictimai xadim və tarixçi Adolf Tyerin "İnsanın qiymətini meydana çıxaran qarşılaşdığı çətinliklərdir" kəlamı da bu meyarın irqindən, dinindən, milliyyətindən, məkan və zamanından asılı olmayaraq, bütün bəşər üçün eyni həyat dərsliyi olduğunu ortaya qoymaqdadır.
Amma o qayğı və problemlər ki, insanların qarşısına dialektik inkişafın qanunauyğunluğu kimi deyil, sadəcə, sosial qayğılar ədalətli həllini tapmayanda, yaxud da insanlar ictimai yaşayış qaydalarına və əxlaq normalarına doğru əməl etməyəndə çıxır, onda artıq həmin insanların özləri üçün, eləcə də hamı üçün, narahatçılıq, əsəb gətirir, sağlamlığa və insanlar arasındakı sosial ünsiyyətə mənfi təsir göstərir.

 Konkret olaraq hansı çətinliklərdir bunlar, diqqət edək.

 İnsan, hər şeydən əvvəl, yaşadığı mühitdə,  gününün çox hissəsini keçirdiyi  məhəllədə, işlədiyi təşkilat və müəssisədə, ictimai nəqliyyatda,  oxuduğu kollec və ya universitetdə özünü rahat və məmnun hiss etməlidir. İnsan  üz tutduğu istənilən dövlət və özəl  təşkilatda qayğı görməlidir. İnsan müraciət etdiyi dövlət məmurundan xoş sima, ədalətli, humanist davranış və  yanaşma görməlidir.  Günümüzdə bu məsələlərin necə olduğunu biz deməyək, buraxaq hər kəsin öz şəxsi qənaətinə. Sağlam ətraf mühitə gəlincə, az da olsa  abad məhəllələrimiz var, amma ən adi sosial rahatlıqlardan məhrum məhəllələrimiz  abad məhəllələrdən az deyil.

 

Sağlamlığa əks təsir edən amillər

 

Sağlamlığa əks təsir edən amillər

 

Sağlamlığa əks təsir edən amillər

 

Sağlamlığa əks təsir edən amillər

 

 Asudə vaxtlarında  gözünü, könlünü oxşayacaq bir balaca yer tapa bilməzsən. Olan-qalan yerlər də  heç deməzsən bura baş şəhərin  ərazisidir.  Hər yer dağıntı-söküntü, nə böyüklərin, nə də balacaların  maraq və arzularını ödəyə biləcək bir guşə var:  "besedka”lar, uşaqlar üçün  mövcud  idman qurğuları çox məhdud saydadır.  Gəzinti, təmiz hava almaq üçün olan-qalan ərazilər də hər gün kiçilir. Nəticədə, insanlar   həyətlərdən 4 divarın arasına çəkilməyə məcbur olurlar. Sosial ünsiyyət bağları, əlaqə və münasibətlər getdikcə  mənfi sterotiplərə çevrilir. Nəinki qonşu blokda yaşayanlar,  hətta  eyni blokda yaşayan qonşular arasında bir soyuqluq  var. Küçədə-bacada rastlaşanda dilucu salam verib keçəcəklər.  Yaşayış binalarının böyür-başında olan  və   həmin binalarda yaşayan insanaların ümumi istifadə yerləri üçün nəzrdə tutulmuş sahələr hər gün sıxışdırıldığından   binalarının qarşısında  oynamaq əyləşmək, gəzmək imkanı olmayan sakinlər  nisbətən  hələki  əraziləri tam tutulmamış binaların qarşısına cəm olurlar. Yer balaca, darısqal, aləm qarışır bir-birinə, bir balaca yaşlı adamlar  səs-küydən məcbur olub evlərə çəkilirlər.

  Bir qədər mərkəzdən uzaq məhəllələrin bəsdir deyən qədər problemləri var.Bu məhəllələrdə yaşayan insanlar Bakıda və eləcə də ayrı-ayrı şəhərlərdə aparılan quruculuq və abadlıq işlərini  mətbuatdan və televiziyadan izləyirlər, bilirlər.Yaraşıqlı bağça, məktəb, səhiyyə müəssisələrinin tikintisindən də xəbərdardır.

Amma  nisbətən  kənarlarda illərlə probemlərinin həll edilməməsi davam etməkdədir. Səyyar görüşlərdə sakinlər belə problemləri dilə gətirəndə deyirlər ki, sakinlərin adından müraciət ünvanlayın, baxaq.Sakinlər də günlərlə imza toplayıb məktubla aidiyyəti qurumlara göndərirlər. Bunlar müəyyən qədər vaxt aparır və məktub da, səyyar görüşlərin  vədi də  unudulub gedir.

Bu gün   məhəllələrin görkəmi,  nəqliyyat vasitələrinin azlığı, xəttə çıxan avtobusların köhnə və natəmiz olması, ictimai binalara diqqət göstərilməməsi sakinləri ən çox narahat edən məsələlərdəndir. 

 Məhəllələrdə hər gün şəxsi avtomobilləri  saxlamaq üçün mübahisələr gedir.  Digər binalarda yaşayanlar öz avtomobillərini gətirib hansısa blokun ağzında saxlayır və həmin blokda yaşayanlar haqlı olaraq narazılıq edirlər. Nəticədə, bir məhəllədə yaşayan  insanlar arasında inciklik, kin, eqoizm kimi mənfi hallar artıb çoxalır ki, bu da insanları əsəbi edir, qarşıdurmalara rəvac verir. Halbuki, bu məsələləri  həyətindaxili imkanları hesabına həll etmək sadə məsələdir.  


Sağlamlığa əks təsir edən amillər

 Yerlərdə  insanların rahat yaşaması üçün məsul olan qurumlar əhali ilə az təmasda olur, insanların rəyini dinləmir, mövcud problemlərin həlli üçün sistemli və davamlı iş aparmırlar.  Belə laqeydlik və nəzarətsizlik görən  sakinlər də öz  məhəlləsinə, binasına biganə yanaşır, bəziləri də  zibil torbalarını pəncərədən  binanın qarşısına, yaxud blokun ağzına atırlar. Uşaqlar toz-torpağın, daş-kəsəyin içində oynayır. Bunlar böyüklər üçün əlavə qayğılar yaradır. Balkpndan, pəncərədən  məhəlləyə baxıb gül-çiçək, yaşıllıq görmək əvəzinə, asfalt, sınıq-salxaq "besedka"lar, idman qurğuları, zibil atılmış torbalar görmək insanı ruhən sərtləşdirir, kobudlaşdırır.

Hər səhər  insanlar paytaxt şəhəri üçün  xas olmayan belə ekzotik  görüntülərin arasından keçib işə, dərsə və s. gedir.   Basabas,  heç vaxt yenilənməyən, kirli-paslı avtobuslarda  yolboyu eyni mənzərəni seyr-edə-edə  gəlirlər metrolara. Metro girəcəkləri bir mini bazar.

  

Sağlamlığa əks təsir edən amillər

 

Sağlamlığa əks təsir edən amillər

Bir təhər  metroya düşüb yenə basabas vaqonlarda, nəhayət, gəlib çıxırlar işə, təhsil aldıqları məktəb və universitetlərə.  

Estetik gözəlliklərdən məhrum olmuş gözlər,  iç duyğuları tar-mar olmuş ürək inanmıram öz sahibini yaradıcı etsin.  Yaradıcı etməkdən savayı, istehsalatda, ictimai yerlərdə, ailədə  baş verən anlaşılmazlıqların, qarşıdurmaların meydana gəlməsində bu amilin də təsiri vardır. 


Sağlamlığa əks təsir edən amillər

 

Paytaxt şəhərdə bir  il ərzində 20 dəfə təmir və yaxud yeni  boru qoşulmaları adı ilə  qaz verilişi dayandırılırsa, su qrafiklə verilirsə, nəqliyyat problem varsa, insanların rəy və təklifləri nəzərə alınmırsa, edilən müraciətlərə cavab verilmirsə və yaxud başdansovdu cavab verilirsə, həyət-bacada rahatlıq tapmayan, uşaqlarının  məhəllələrdə məktəbdənkənar vaxtlarını necə keçirməsindən xatircəm olmayan ata-anaların, baba-nənələrin daim streslə yaşaması gözləniləndir.

Hər hansı istehsalat sahəsində, idarə və təkilatda, təhsil müəssisələrində  elmi-texniki tərəqqinin, yeni texnologiyaların, müasir metodların  tətbiqi uğur və nailiyyətlərin əsas şərtidirsə, bu sırada  həmin tərəqqini, texnologiyaları işə, fəaliyyətə tətbiq edən  insanların  əhval-ruhiyyəsi,  psixi  keyfiyyət səviyyəsi, müxtəlif mənafe və tələbatlarına necə qayğı göstərilməsi də  o qədər şərtdir. Bu, onların işgüzarlığına, məsuliyyət dərəcəsinə, əmək fəaliyyətinin  həm kəmiyyət, həm də  keyfiyyətcə yüksəldilməsinə müsbət təsir edir.

 Təsadüfi deyildir ki, inkişaf etmiş bir çox dünya ölkələrində  (Yaponiya, Almaniya)  əməkdaşlar  hər iş gününün başlanğıcında işçilər  psixoloji testdən keçməlidirlər. Əgər testin nəticəsində müəyyən olunarsa ki,  işçinin psixoloji durumu yerində deyil, işləməsinə icazə verilmir. 

Psixoloqlar  da bu fikirdədirlər ki,  bir  şəxs əsəbidirsə,  onda mütləq diqqət dağınıqlığı özünü göstərəcəkdir. Əgər o, istehsal sahəsində çalışırsa,  diqqətini vahid bir mərkəzə cəm edə bilmədiyinə görə  məhsuldarlığı enəcək, gördüyü işin keyfiyyəti dəaşağı olacaq.  İdari sahədə fəaliyyət göstərirsə,    tabeliyində olan istər  inzibati işçilərlə, istərsə də  sıravi heyətlə  dil tapa bilməyəcək,  sağlam   mühit yarada bilməyəcək.

 Bu, bir həqiqətdir ki, sağlam psixoloji mühitin hökm sürdüyü yerdə səmimi  və mədəni  halda verilən göstəriş kobud formada verilən tövsiyə və göstərişlərdən  yaxşı nəticə verir.

Sağlamlığa əks təsir edən amillər

  Ümumiyyətlə, insanların   fəal, passiv, əməksevər, yaradıcı, güclü, qüdrətli, xeyirxah, səmimi, ünsiyyətcil, məsuliyyətli və ya intizamsız olması sosioloji-psixoloji amillərdən, insanın  psixoloji sağlamlığından qaynaqlanır.

Elə psixologiya elminin bir istiqaməti də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənməkdir. Daha böyük anlamda isə insanlar arasında fərdi psixoloji xüsusiyyətlər həm də   ümumbəşəri  münasibətlərin  keyfiyyətini müəyyən edir.

Deməli, insanların fiziki cəhətdən olduğu kimi, psixoloji və  mənəvi  cəhətdən də sağlam olması sağlamlıq anlayışının əsasını təşkil edir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz