» » İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (IV yazı)

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (IV yazı)

(Əvvəli 20, 21 və 22  avqust tarixli saylarımızda)

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (IV yazı)


Azərbaycan ərazisinin yüksək seysmikliyi və zəlzələlərin tez-tez təkrarlanması ilə seçilən ayrı-ayrı rayonlarda zəlzələ zamanı bina və tikililərin özünü necə aparmasını izləyən məntəqələr şəbəkəsi yaradılır. Belə məntəqələr şəbəkəsi mühəndis-seysmik xidmətə (MSX) daxildir.
Zəlzələnin hansı dəqiqədə, saatda, gündə, ay və ildə olacağı hələlik tam dəqiq müəyyən edilmədiyindən zəlzələyə qarşı həmişə, hər an hazır olmaq lazımdır. Bunun üçün hər bir şəxs aşağıdakı tövsiyələrə riayət etməlidir. İşığın yandırılıb, söndürülmə yerləri, qaz və su kranlarının yerləri, tez gözə saçan yerlərdə, pul, qiymətli daş-qaş, sənədlər əvvəlcədən elə yerlərdə saxlanılmalıdır ki, onları vaxt itirmədən bir neçə saniyə ərzində götürmək imkanı olsun. Zəlzələnin gecə olmaq ehtimalını nəzərə alaraq hər bir evdə hökmən kiçik fanar saxlamaq lazımdır. Mənzilinizin zəlzələ vaxtı ən davamlı və etibarlı yerləri—dəhlizə çıxışı olan qapı boşluğu, aparıcı divarların əsas çıxış və giriş qapısına yaxın olan küncləri haqqında ailə üzvləri əvvəlcədən məlumatlandırılmalıdır.
Ola bilsin ki, ailə üzvlərinizdən bir neçə nəfəri təhsil müəssisələrində, iş başında və s. olarkən zəlzələ baş versin. Bunu nəzərə alaraq, onlara özlərini hər bir konkret halda necə aparacağını başa salmaq lazımdır. Misal üçün, təhsil müəssisələrində dərs vaxtı zəlzələ baş verərsə, çalışıb həyəcanlanmamağa, qorxmamağa riayət etməklə ən təhlükəsiz yerdə dayanmalı, belə yer artıq tutulubsa, yoxdursa partanın və ya mizin altında özünüzə yer seçib əlinizlə başınızı tutun. Yüksək mərtəbəli binada yerləşən təhsil müəssisələrini və s. iş yerlərini tərk edərkən birinci olaraq əvvəlcə birinci, ikinci, üçüncü və s. mərtəbələrdə olanlar binanı səs-küy salmadan tərk etməlidirlər, pəncərələrin şüşələrinin qırılıb tökülməsini və eləcə də kənar divarlarının tez dağıntıya məruz qalmasını nəzərə alaraq, adamlara divarlara yaxın olan çarpayılardan istifadəni məhdudlaşdırmaq məsləhət görülür.
İlk təkanlar olan kimi rəflərdə olan qab-qacaq, kitablar tökülür, çilçıraqların asılqanları uzundursa kəskin hərəkət, titrəyiş nəticəsində tavana dəyir və sınır. Buna görə də özünüzü belə hallardan qorumağa çalışın.
Mənzilinizdən, əsas qapıdan dəhlizə çıxan yerlərdə ağır və yolunuzu kəsə biləcək soyuducunu, kitab rəflərini, seyf və mebelləri elə yerləşdirin ki, titrəyiş vaxtı üstünüzə yıxılmasın və tez mənzildən çıxmaq üçün sizə və ailə üzvlərinizə mane olmasın.
 

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (IV yazı)


Şəhər yerlərində binalarda (mənzillərdə) nəzərdə tutulmayan əlavə tikinti-quraşdırma işlərinin aparılmasına, zirzəmilərdə bünövrə və yükdaşıyan divarların sökülüb, yenidən qurulmasına, rekonstruksiya edilməsinə qəti yol vermək olmaz. Binaların bayır tərəfində və fasadlarında yeni, əlavə inşa edilən balkon və s. tikililər binaların normadan əlavə və qeyri-bərabər yüklənməsinə səbəb olur. Bu da zəlzələ vaxtı binanın daha çox dağılmasına gətirib çıxarır.
Zəlzələ vaxtı bilmək lazımdır ki, dağıdıcı zəlzələlərin təkanlarının davametmə müddəti əsasən bir neçə saniyəyə bərabər olur. İlk təkanlar baş verdikdən sonra müəyyən qısamüddətli fasilələr baş verir və təkanlar yenidən təkrarlana bilər. Əksər hallarda ilk təkanlar ən böyük dağıdıcı gücə malik olurlar. İlk təkanlar baş verdiyi vaxt bina və mənzilin içərisində cırıltı, şaqqıltı, gurultu və s. səslər eşidilməyə başlayır. İlk andan belə səslər insanları vahiməyə salır, adamlar psixi, stress vəziyyəti keçirirlər. Belə anlarda özünüzü ələ alın və ümidsizliyə qapılmayın. Əgər siz mənzildə olarkən ilk təkan baş verirsə, o vaxt var-dövlət, əşya və s. haqda fikirləşmədən mənzildə ən təhlükəsiz sahəni, dəhlizə açılan qapı boşluğunu, əsas aparıcı divarların yaxın künclərini seçin və orada təkanların qurtarmasını gözləyin.
Ən vacib məsələ mənzilin dəhlizə giriş qapısını açıq saxlamaqdır, çünki ilk təkanlardan sonra qapı pərçimlənə bilər, bu isə sizin və ailə üzvlərinizin təhlükəsiz əraziyə çıxmasını çətinləşdirər. Nəzərə alın ki, mənzil dağılsa belə, qapının açıq olması sizin həyatınızı xilas etməkdə mühüm rol oynaya bilər. Çilçıraqların yellənməsini, əşyaların rəflərdən düşməsini, cingilti, xışıltı, gurultu hiss etdikdə qorxu və vahimə hissini özünüzdən uzaqlaşdırmaqla, ola biləcək güclü təkanları gözləmədən, (əgər siz həyət evində və ya hündürmərtəbəli binanın birinci, ikinci mərtəbəsində yaşayırsınızsa) mənzili təcili tərk edib, binadan aralı təhlükəsiz açıq ərazidə dayanın. Əgər yuxarı mərtəbədəsinizsə, 10-15 saniyə müddətində liftdən istifadə etmədən mənzili tərk edə bilərsiniz. Göstərilən 10-15 saniyə mənzili tərk etmək üçün sizə kifayət deyilsə, mənzili tərk etməyin. Yuxarıda qeyd olunduğu kimi, mənzilin təhlükəsiz hissələrində (əsas çıxış qapısının arasında, küncdə, dirək altında və s.) dayanın və ilk təkanları gözləyin, sonra isə mənzili tərk edin.
Zəlzələ olmayan vaxtlarda çalışın yüksək mərtəbəli binaların pilləkənlərində tez alışan, partlaya bilən əşya olmasın, böyük həcmli ağır lazımsız əşyalarla pilləkən tutulmasın, sərbəst gediş-gəlişə mane olmasın. Binada yaşayan hər bir şəxs buna nəzarət və riayət etməlidir. Özünüzü zəlzələdən qorumaq imkanlarınız məhdud olduqda, heç olmasa, düşən əşyalardan, yüngül daş və divardan qopan suvaqdan qorunmaq üçün mizin (stolun), çarpayının altında və rəflərin, şifonerin içərisində özünüzü qoruyun. Zəlzələ gecə vaxtı baş verdiyi anda kibritdən, alışqandan, şamdan, neft lampasından istifadə etməyin, çünki evinizdə və dəhlizdə olan qaz kəmərlərinin zədələnməsi nəticəsində qaz sızması və bunun nəticəsində yanğın baş verə bilər.
Zəlzələ vaxtı imkanınız olub küçəyə çıxa bilsəniz və ya zəlzələ vaxtı küçədəsinizsə, qırılmış elektrik xətti naqillərindən, dağılmaqda olan binalardan tökülən daş və digər əşyalardan özünüzü qorumaq üçün açıq, təhlükəsiz yerdə dayanmağa çalışın və həyatınızı qoruyun. Əgər zəlzələ vaxtı siz avtomobildəsinizsə, hərəkətinizi dayandırın, binalardan, körpülərdən, yeraltı keçidlərdən, hasarlardan və s. kənar təhlükəsiz yerdə avtomobili dayandırıb, əsas təkanların qurtarmasına qədər maşından düşməyin.
 

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (IV yazı)

 

Zəlzələnin baş verdiyi ilk təkanlardan sonra həyətə, küçəyə çıxıb yaranmış şəraiti və vəziyyəti ayırd edin və tam təhlükəsiz ərazidə dayanın. Elə yer seçin ki, qəza vəziyyətində olan ev, bina, hasar sizə xətər yetirməsin, vaxtı itirməmək üçün yanınızda ağac, radio, teleqraf dirəyinin olmasına fikir verin və lazım gəldikdə onlardan yapışın.
İlk güclü təkanlardan sonra kimi ayaqyalın, kimi yarısoyunmuş vəziyyətdə ev və mənzilləri tərk edirlər, bəziləri isə özlərini pəncərə və eyvanlardan atırlar.
İnsanların xasiyyətləri müxtəlif olduğu kimi, onların zəlzələyə və onun təzadlanna da baxışları (münasibətləri) müxtəlif olur. Əgər adamlar dağıdıcı zəlzələdən şikəst olmasalar, yaralanmasalar da, olmuş zəlzələnin şahidi olan insanlar uzun müddət (bəzən bir neçə ay) zəlzələnin qorxusu ilə yaşayırlar. Onlara hər bir titrəyiş (tavanın, döşəmənin, divarın, çilçırağın və s.) keçmiş zəlzələni xatırladır və sanki onlarda zəlzələ qorxusu təzələnir. Dünyanın bir çox ölkələrində təbii fəlakət vaxtı insanların keçirdikləri stressləri "neytrallaşdırmaq” üçün mütəmadi fəaliyyət göstərən bərpa mərkəzləri fəaliyyət göstərir və belə mərkəzlər insanların belə ağır stress vəziyyətindən çıxmasına yardım göstərirlər. Artıq 2000-ci ildə baş vermiş zəlzələdən sonra Bakı şəhərində də belə mərkəzlər fəaliyyət göstərməyə başlamış və çox müsbət nəticələr əldə etmişlər. Burada çalışan psixiator, psixoloq və tibb mütəxəssisləri adamların əvvəlki inamlarını özlərinə qaytarır və onların sağlamlıqlarını bərpa edirlər. Göstərilənləri nəzərə alaraq zəlzələ vaxtı heç vaxt ümidsizliyə qapılmamağa çalışın və soyuqqanlı olun, əgər siz buna əməl edə bilsəniz, dağıdıcı zəlzələdən həyatınızı və sağlamlığınızı qorumaq ehtimalı daha çox olar.
Dünya alimləri, elmi-tədqiqat mərkəzləri təbii fəlakətlərin, o cümlədən zəlzələlərin proqnozlarının verilməsi istiqamətində çox geniş aspektli işlər aparırlar. Bu istiqamətdə insanların hissetmə qabiliyyətlərindən də istifadə edirlər. Misal üçün, hər bir təbii fəlakətdən sonra bu fəlakətləri əvvəlcədən görə bilən insanlar peyda olurlar ki, onlar da ola biləcək təbii fəlakətlər haqda insanları xəbərdar etsələr də, əksər hallarda onlara inananlar olmur. İnsanların belə qabiliyyətinin dəqiqliyini, lazımlılığını müəyyən etmək üçün Rusiya Fövqəladə Hallar Nazirliyi nəzdində qeyri-adi laboratoriya yaradılmışdır. Bu laboratoriyanın məqsədi təbii fəlakətlər haqda daha dəqiq proqnozlar verən insanlar haqda məlumat bankı yaratmaqdır. Hələlik 60 nəfər belə qabiliyyətli insan haqda məlumat toplanmışdır. Kompyuter bu insanların verdikləri proqnozların dəqiqliyi, etibarlılığını müəyyən edir. Hələlik göstərilən adamların təbii fəlakətlərə dair verdikləri proqnozların etibarlılığı "yarım proqnoz” səviyyəsindədir. Təbii fəlakət proqnozlarını verən insanların bir qismi təbii fəlakətin başvermə vaxtını, digərləri olma yeri haqda məlumat verə bilirlər. Əksər təbii fəlakətlərin qısamüddətli proqnozları çox vaxt təsdiqlənməsə də, bu ideyanın özü çox maraqlıdır. Yaxın gələcəkdə Azərbaycanda da müvafıq qurumların tərkibində belə bir laboratoriyanın yaradılması məqsədəuyğun olardı.
İnsan zəkası hələlik zəlzələlərin baş verməsinin qısa və uzunmüddətli dəqiq proqnozlarını verə bilməsə də, heyvanlar, quşlar, balıqlar yaxınlaşmaqda olan zəlzələni hiss edir. Ola biləcək zəlzələyə özlərinin müxtəlif davranışları, hərəkətləri ilə büruzə verirlər. Canlıların belə hissetmə qabiliyyətlərindən istifadə edilərək dünyanın ən seysmik ölkələrində (Yaponiyada və s.) ev şəraitində saxlanan quşların, balıqların, heyvanların belə sirli qabiliyyətləri nəticəsində on minlərlə insanlar öz həyatlarını dağıdıcı zəlzələlərdən qorumuşlar.
Heyvanlardan öz həyat tərzlərinin əksər hissəsini yer altında keçirənləri (ilanlar, siçovullar) yuvalarını tərk edib, zəlzələ qurtarana qədər yerin üzərinə çıxırlar, dəniz heyvanları və balıqlar dənizin dərin qatlarından suyun səthinə qalxıb, fasiləsiz narahat hərəkətlər edirlər. Vəhşi heyvanlar zəlzələ ehtimalı olan əraziləri tez bir zamanda tərk edib, təhlükəsiz ərazilərə qaçırlar.
Misal üçün, ev şəraitində akvariumda saxlanılan bəzi balıq növləri zəlzələ olmamışdan bir neçə dəqiqə əvvəl akvariumun (suyun) yuxarısına qalxıb, özlərini fasiləsiz akvariumun divarlarına çırpırlar. Ev şəraitində saxlanan tutuquşuları, bülbüllər qəfəsdə fasiləsiz hərəkətlər edib, bununla da öz narahatlıqlarını büruzə verirlər. Tövlələrdə kəndirlə, zəncirlə bağlanmış inəklər, atlar, itlər yersiz böyürür, kişnəyir, hürür, zingildəyirlər, hər vəchlə bağlandıqları yerdən azad olmağa çalışırlar.

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (IV yazı)

 

Cənub Şərqi və Cənubi Asiya ölkələrində 2005-ci ildə olmuş sunamilər nəticəsində vəhşi fillərin əsas məskunlaşma ərazilərində, okean sahillərində sunamilərdən sonra bir dənə də olsun fil cəsədinə rast gəlinməmişdir. Bu misal onu göstərir ki, zəlzələ nəticəsində baş vermiş sunamilərdən əvvəl fillər belə qorxulu əraziləri tərk etmişlər. Bu misalı tək fillərə yox, bu ərazilərdə yaşayan digər vəhşi heyvanlara da (meymunlara, şirlərə, pələnglərə və s.) aid etmək olar.
Əgər yuxarıda deyilənlər doğrudursa, onda nə səbəbə insanlar balıqların, quşların, heyvanların bu kimi sirli hiss etmək qabiliyyətlərindən geniş surətdə istifadə etmirlər?
Misal üçün, 2000-ci ildə Bakı şəhərində olmuş zəlzələdən sonra kimlərin evində quş, balıq, heyvan olubsa, onlarla aparılan şəxsi söhbətlər nəticəsində evlərində olan quşların, balıqların, ev heyvanlarının zəlzələdən əvvəl özlərini çox qeyri-adi aparmalarını müşahidə etsələr də, buna fikir verməmişlər. Başqa sözlə, dağıdıcı zəlzələlər tez-tez baş verərsə, insanlar balıqların, quşların, ev heyvanlarının belə hərəkətlərinə görə daha diqqətli olardılar. Digər tərəfdən, Abşeronda, Bakıda dağıdıcı zəlzələ 160 illik fasilədən sonra baş vermişdi. Olmuş təbii fəlakətlər insanların yaddaşlarından tez silinir.
Yuxarıda deyilənləri nəzərə alıb, aşağıdakı nətıcələri çıxarmaq olar:
Güclü zəlzələnin harada və nə vaxt baş verməyinin dəqiq proqnozu hələlik verilə bilinmədiyindən zəlzələnin törətdiyi dağıntı və zərərlərdən qorunma tədbirləri əsasən iki istiqamətdə aparılmalıdır: 1. Tikinti zamanı aşkar təhlükəli rayonlardan dövlət əhəmiyyətli tikintilər istisna olmaqla yerdə qalan tikililərdən imtina etmək lazımdır. 2. Tarixən zəlzələ təhlükəsi olan rayonlarda tikililərin çox möhkəm və etibarlılığını təmin etmək lazımdır. Bundan ötrü əvvəlki zəlzələlərin təcrübəsinə əsaslanmaq lazımdır.
Azərbaycanın bütün ərazisində mikroseysmik rayonlaşdırmanın aparılmaması ayrı-ayrı yerlərdə tikinti işlərinin aparılmasına çətinlik törədir. Bunu nəzərə alaraq, respublikanın bütün regionlarında mikroseysmik rayonlaşdırılması və böyük miqyaslı xəritələşdirilməsi çox vacib və lazımlıdır. Bu işləri birinci növbədə Şamaxı-İsmayıllı, Şəki-Zaqatala zonalarında, Naxçıvanda aparmaq lazımdır. Çünki bu rayonlarda 8-9 ballıq zəlzələ ehtimalı respublikanın başqa rayonlarından daha yüksəkdir.
Göstərilən bölgələrdə bütün tikinti işlərini ciddi nəzarətdə saxlamaq (xüsusilə də fərdi tikililəri) lazımdır ki, bu zaman antiseysmik qaydalara riayət olunsun.
Çox yüksək seysmik ərazilərdə və aktiv sürüşmələrin başvermə ehtimalı olan ərazilərdə təsərrüfat və tikinti işlərinə qadağa qoymaq, həmin yerləri istirahət üçün meşə-parklara çevirmək daha məqsədəuyğun olardı.

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (IV yazı)

 

Neron Babaxanov,
BDU-nun professoru,
İsmayıl Əliyev,
BDU-nun həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz