» » İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (III yazı)

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (III yazı)


 (Əvvəli 20,21 avqust tarixli saylarımızda)
  

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (III yazı)

Azərbaycanda inzibati rayonlar içərisində ən çox sürüşmə İsmayıllı rayonunun 30-a qədər kəndinin ərazisində müşahidə edilmişdir.
Abşeronda, Bakıda baş verən sürüşmə nəticəsində ayaqqabı fabriki, məktəb, çoxlu yaşayış evləri, heyvanxana, Neftçilər prospekti, keçmiş Saraykin küçəsi fasilələrlə dağılmış və yararsız hala düşmüşdü. Burada son dağıdıcı sürüşmə 2000-ci il martın 6-7-də Bakı şəhərinin Bayıl sahəsində baş vermiş və bunun nəticəsində Gəmi təmiri zavodunun yardımçı binaları, Lukoyl yanacaq doldurma məntəqəsi, 27 fərdi ev və s. tikililər, əsas magistral yol, kommunikasiya sistemləri dağılmış və bunun nəticəsində dövlətə 50 milyon ABŞ dolları məbləğində zərər dəymişdir. Sürüşmə ilə əlaqədar Bakı şəhərinin bir hissəsində işıq, qaz, su, telefon təminatında uzunmüddətli fasilələr yaranmışdır. Bayıl sürüşməsinin son yüz illikdə 5 dəfə belə fəallaşmasını müşahidə etmək olar.
Azərbaycanda sürüşmələr elmi istiqamətdə daha ətraflı öyrənilsə də, onlara qarşı görülən müdafiə tədbirləri haqqında işlər məhduddur. Sürüşmələrə qarşı müdafiə tədbirləri respublikada Bakı şəhərinin Bayıl yamacında, qismən Şamaxı-Ağsu avtomobil yolunun Ağsu aşırımında, Yevlax-Balakən dəmir yolunda, keçmiş və hazırda fəaliyyətdə olmayan Ağdam-Xankəndi-Naxçıvan magistral qaz kəmərində, ayrı-ayrı yaşayış binalarında və s. sahələrdə nəzərə alınsa da, Azərbaycan kimi sürüşmələrin geniş yayıldığı bir ölkə üçün bu sahədə görülmüş işlər azdır. Onu da nəzərə alsaq ki, Azərbaycan ərazisinin 60 faizini təşkil edən dağlar və dağətəyi ərazilərin bir hissəsı potensial sürüşməyə məruz qalan ərazilərdir, Azərbaycanda sürüşmələrin sayı, pasportlaşdırılması, onların əhatə etdiyi ərazilər haqqında hələlik tam dürüst məlumatlar olmaması, sürüşmə olan ərazilərin mənimsənilib, məskunlaşmasını çox çətinləşdirir. Bütünlüklə respublikada sürüşmələrin yayılmasına dair böyük miqyaslı xəritə indiyə qədər tərtib olunmamışdır. Sürüşmələri elmi cəhətdən tədqiq edən və onlara qarşı mübarizə tədbirləri həyata keçirə bilən vahid bir təşkilatın olmaması sürüşmələrə qarşı səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsinə imkan vermir.
2000-2003-cü illərdə respublikanın dağətəyi və dağlıq ərazilərində yerləşən əksər inzibati rayonlarda baş vermiş sürüşmələr dağıntılara səbəb olmuş, Azərbaycan iqtisadiyyatına külli miqdarda zərər vurmuşdur. Bunlara: 11-12 may 2002-ci ildə İsmayıllı rayonunun 8 kəndində olan dağıntı; 7 sentyabr 2001-ci ildə Şəki şəhərində; 29 aprel 2002-ci ildə Qusarın Nəcəf kəndində; 8 may 2002-ci ildə Şamaxı rayonunun Çobanı kəndində; 14 may 2002-ci ildə Ağsu rayonunun Cəgərək və Sanqalay kəndində, 24 dekabr 2004-cü ildə Lerik rayonunun Soru kəndində və s. sürüşmələri göstərmək olar. Göstərilən 5 il son 50 illikdə Azərbaycanda sürüşmələrin ən fəal olduğu illər hesab edilə bilər.
Sürüşmələri daha ətraflı öyrənmək və onlara qarşı səmərəli mübarizə tədbirlərini həyata keçirmək üçün Azərbaycanda tam müstəqil, bir elmi-istehsalat mərkəzi yaradılmalı, bu mərkəzin maddi-texniki, maliyyə imkanları tələb olunan səviyyədə olmalıdır ki, bütün respublika ərazisində sürüşmələrə qarşı mübarizə işlərini həyata keçirə bilsin. Yüksək seysmik və sürüşmə ərazilərində yerləşən qorunması tam təmin edilməklə yalnız mühüm dövlət əhəmiyyətli və strateji obyektlərdən başqa yerdə qalan bütün tikinti, inşaat işlərinə qadağa qoyulmalı və belə ərazilərdən yalnız meşə, park sahələri kimi istifadə edilməlidir.
Sürüşmələrin geniş yayıldığı ərazilərdə yaşayan əhalinin sürüşmələrə dair, istehsalın ərazi təşkilinə, tikinti-quraşdırma işlərinə dair əsaslandırılmış tövsiyə xarakterli məlumatlarla təmin edilməsini təşkil etmək lazımdır.
Əgər sürüşmənin hərəkətetmə sürəti gün ərzində millimetr və ya bir neçə santimetrlə ölçülürsə, belə ərazilərdə (binalarda) müvəqqəti yaşamaq olar. Əgər hərəkətetmə sürəti gün ərzində metrlə ölçülürsə, belə şəraitdə yaşayış yerlərini vaxt itirmədən tərk etmək lazımdır. Yazın sonu və yayın əvvəllərində sürüşmələrlə daha ehtiyatlı olmaq vacibdir.
Bina və yardımçı tikililərdə baş vermiş çatların evin hansı hissəsində olmasına, onların ölçülərinə xüsusi diqqət yetirilməli, imkan daxilində çatların artmasını və genişlənməsini müəyyən etməklə sürüşmənin intensivliyini təyin etmək olar.
Hiss etsəniz ki, yaşadığınız ev və ya onu əhatə edən ərazidə intensiv sürüşmə baş verir, onda birinci növbədə qiymətli əşyalarınız, sənədlər, dava-dərman məmulatınız, qısa müddət üçün qida məhsullarınız, pal-paltarınız, yorğan-döşəyiniz, ən axırda isə mebellərinizi əvvəlcədən müəyyən edilmiş təhlükəsiz müvəqqəti məskunlaşma ərazisinə daşınmalıdır.
 

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (III yazı)

Yaşadığmız kənd sürüşməyə meyllidirsə, əgər əvvəllər burada sürüşmə baş veribsə, buna uyğun siz özünüzün həyat fəaliyyətinizi tənzimləməlisiniz. Bir qayda olaraq sürüşmələrin quraqlıqdan sonra, uzun sürən aramsız yağan yağışlardan sonra yazın axırında, yayın əvvəllərində, çox nadir hallarda isə payızın əvvəllərində baş verdiyini bilmək çox vacibdir. Bunu bilməklə siz göstərilən vaxtda sürüşmə ehtimalına qarşı özünüzü hazırlamalısınız. Yaşadığınız yerin yaxınlığı və ətrafında yerləşən meşə, kolluqlar və bitki örtüyü çox ciddi surətdə mühafizə edilib qorunmalıdır. Sürüşməyə meyilli ərazilərdə yerləşən yaşayış evləri və təsərrüfat obyektləri yüngül konstruksiyalı tikinti materiallarından inşa edilməlidir. Yaşayış yerlərinə gələn kommunikasiya xətləri, xüsusilə elektrik və qaz xətləri ən təhlükəsiz ərazilərdən çəkilməlidir. İcra hakimiyyəti və bələdiyyə nümayəndələri yaşayış məntəqəsində sürüşmə olduğu təqdirdə bu işlərə bilavasitə rəhbərlik edən səlahiyyətli şəxsi müəyyənləşdirməlidirlər. Həmin şəxs kənddə fövqəladə hallar komissiyasının nümayəndəsi rolunu oynamaqla, gələcəkdə Fövqəladə Hallar Nazirliyinin ştatlı işçisi ola bilər. Göstərilən şəxs kənddə əvvəlcədən inventarlaşma işi aparmalı, əhalinin sayı, xüsusi olaraq uşaqlar, xəstələr və qocaların müvəqqəti evakuasiya ediləcək yeri, xəstəxana, poçt-rabitə xidmətinin ünvanlarını əvvəlcədən dəqiqləşdirməlidir. Digər tərəfdən o, sürüşmənin fəaliyyəti dayandıqda, ilkin olaraq yaralı və zərərçəkənləri müəyyən etməli və onların tam təhlükəsiz ərazilərə çıxarılmasını həyata keçirməlidir. Uçmuş və yararsız hala düşmüş yaşayış evlərini (binaları) müəyyən etməli, dağıntılar altda adamların olub-olmamasını şəxsən ya da sorğu yolu ilə dəqiqləşdirməli, kəndin ilkin olaraq rabitə, işıq xidməti sahələrinin bərpasını təmin etməlidir. Nəticə etibarilə dövlət və yerli təşkilatlar sürüşmələrə qarşı təklif edilmiş tədbirləri həyata keçirərlərsə, əhali göstərilən tövsiyələrə dəqiq riayət edərlərsə, o zaman öz həyatlarını dağıdıcı sürüşmələrdən qoruya bilərlər.
Dünyanın sivil ölkələrində yaşayış binaları inşa edilərkən onlar nəhəng sığorta şirkətləri tərəfindən sığortalanırlar. Tikinti işləri başlanandan ta qurtarana qədər digər nəzarətedici təşkilatlarla bərabər sığorta şirkətləri tikintinin keyfiyyətinə çox ciddi nəzarət edirlər.
Bakı şəhərində tikilən göydələnlər hər cür təbii fəlakətlərdən sığortalanarsa, həm tikinti təşkilatı, həm də burada yaşayacaq insanlar hər hansı bir fəlakətdən sığorta oluna bilərlər. Bizim fikrimizcə, bu məsələnin həyata keçirilməsi aparılan tikinti işlərinin çox yüksək səviyyədə aparılmasına imkan verər.
Yeraltı təkanların nəticəsində yer səthinin tərpənməsinə zəlzələ deyilir. Zəlzələlərin baş verməsinin əsas səbəbi yer səthinin dərin qatlarında baş verən tektonik proseslərdir. Yer kürəsində hər il 100 minlərlə zəlzələ qeydə alınır.
Dünyanın ayrı-ayrı ölkələrində baş vermiş dağıdıcı zəlzələlərlə yanaşı, Azərbaycanda da 1139 və 1192-ci illərdə Gəncədə, 1667, 1669, 1671, 1828, 1840, 1842, 1859, 1867, 1869, 1872, 1889, 1902-ci illərdə Şamaxıda baş vermiş zəlzələləri misal göstərə bilərik.1867-ci ildə baş vermiş 80 mindən çox adamın öldüyü bu zəlzələ Azərbaycanda ən dağıdıcı zəlzələ hesab edilə bilər. Göründüyü kimi, Azərbaycan da dünyanın ən aktiv seysmik rayonlarından hesab edilə bilər.
Azərbaycan ərazisində baş verən çoxsaylı zəlzələlərin öyrənilməsi, onların tektonik strukturlarla əlaqəliliyi bizə zəlzələləri və seysmik ocaqları xarakterizə etməyə imkan verir.

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (III yazı)

Azərbaycanda zəlzələlərin təkrar olunmasına və dağıdıcı gücünə görə birinci yeri Böyük Qafqaz dağlarının cənub-şərqində yerləşən Şamaxıda baş verən zəlzələdir. Burada zəlzələnin gücü 9-10 bala çatır. Tarixi tədqiqatçıların yazdıqlarına görə, burada güclü zəlzələlər hər 3-10 ildən bir təkrar olunur. 9-10 ballıq seysmik zonaya Azərbaycanda Şamaxıdan başqa onun ətrafları, Zəngəzur dağının ətrafı, 8 ballıq seysmik zonaya isə Böyük Qafqaz dağlarının cənub yamacları, Gəncə şəhərinin ətrafları, Kiçik Qafqaz dağlarının cənub-şərq yamacları, yəni bütün Naxçıvan MR daxildir. Azərbaycanda seysmik hadisələrin öyrənilməsi əsaslı surətdə keçmişin tarixi xroniki mənbələrinə söykənir. Azərbaycanda cihazlar vasitəsilə zəlzələnin öyrənilməsi XX əsrə, zəlzələlərin əsaslı sürətdə öyrənilməsi və onlar haqqında ətraflı məlumatlara isə ancaq axırıncı 100-150 ildə rast gəlinir.
Tarixi-coğrafi mənbələr göstərir ki, zəlzələ ilin hər hansı bir fəslində baş verə bilər. Lakin qışda olan zəlzələ böyük insan itkilərinə səbəb olur. Çünki ilin bu fəslində insanlar oturaq həyat keçirir. Azərbaycanda 1830-cu ildən 1930-cu ilə qədər olan zəlzələlərin üçdə biri qış fəslində olmuşdur. Bu illər ərzində ən seysmik qış 1902-ci ilin qışı hesab olunur. Bu vaxt 40-a yaxın zəlzələ olmuşdur ki, bunların da arasında 4 yanvar 1869-cu ildə, 1 fevral 1871-ci ildə, 28 yanvar 1872-ci ildə, 13 fevral 1902-ci ildə Şamaxı zəlzələləri ən dağıdıcı hesab edilə bilər. 2 yanvar 1842-ci və 2000-ci ildə Abşeron yarımadasında olmuş zəlzələləri də bunlara aid etmək olar.
"Qış zəlzələləri”ndən fərqli olaraq yazda, yayda və payızda olan zəlzələlər digər sahələrlə yanaşı, kənd təsərrüfatına böyük ziyan vurur. Dağıntı həmçinin zəlzələdən sonra əmələ gələn daşqınla, sellə, yağışla, sürüşmə ilə əvəz olunur. 7-14 avqust 1828-ci ildə Şamaxıda, 1 iyul 1840-cı ildə Tircanda (İsmayıllı rayonu), 11 iyun 1908-ci ildə olan zəlzələləri buna misal gətirmək olar.
Gecə baş verən zəlzələlər daha qorxuludur. Bu zaman dərin yuxuya getmiş insanlar öz həyatlarını xilas etmək üçün heç bir şey edə bilmirlər. Belə zəlzələlərdən sonra sağ qalmış adamların bəziləri qorxudan və əsəb gərginliyindən kor olurlar, nitqlərini və danışıqlarını itirirlər. Həmçinin gecə vaxtı olan zəlzələlər zamanı xilasetmə işlərini aparmaq çətinləşir.
İnsanlar həmişə çalışmışlar ki, yaşadıqları köhnə mənimsənilmiş ərazılərə, xüsusən dağlıq rayonlara xas olan bərəkətli torpaq sahələrinə, zəngin bitki örtüyünə, su ehtiyatlarına malik olan ərazilərə qayıtsınlar. Bu xüsusiyyət dağlıq və dağətəyi ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan, zəlzələ nəticəsində dağıntıya məruz qalan əhali üçün ənənəvi haldır. Zəlzələlərin ayrı-ayrı fəsadlarına qarşı uzun müddət mübarizə aparan insanlar bəzən ona qarşı münasib müdafiə vasitələri tapmış olsalar da, bunlar heç də hər zaman tam səmərə vermir. Əhalinin zəlzələdən qorunmaq üçün qeyd edilən iki yoldan istifadə etməsi məqsədə uyğundur.
Zəlzələnin dəqiq proqnozlaşdırılması insan tələfatına yol verməməyə, böyük maddi ziyandan qaçmağa imkan versə də, obyektiv dağıntılardan (evakuasiya tədbirləri görülməsinə baxmayaraq) xilas olmağa imkan yaratmır. Zəlzələnin ən dəqiq proqnozu belə bizi zəlzələyə davamlı binalar tikmək məsuliyyətindən heç də azad etmir. Yüksək seysmik ərazilərdə tədqiqat aparan mütəxəssislərin fikrincə, zəlzələlərə nəzarət və onların proqnozlaşdırılması perspektivi hansı səviyyədə olmasından asılı olmayaraq, insan itkisinin və iqtisadi ziyanları ən aşağı səviyyəyə (minimum) endirmək üçün mütəxəssislər öz yaradıcılıq işlərini və əməklərini daha etibarlı tikinti normativlərinin və mükəmməl konstruksiyaların yaradılmasına yönəltməlidirlər.
Bina və qurğuların tikintisi zamanı antiseysmik və s. vasitələrdən istifadə olunması dağıntılardan əsasən xilas edir, lakin bu vasitələr hələlik çox baha başa gəlir. Zəlzələyə davamlı seysmik vasitələrdən istifadə olunması 7 ballıq zəlzələ zamanında tikintinin 4 faiz, 8 ballıq zonada 8 faiz, 9 ballıq zonada isə xərcin 12 faiz baha başa gəlməsinə səbəb olur (7 baldan az qüvvə ilə baş vermiş zəlzələnin vurduğu ziyan-itkilər praktik olaraq hesaba alınmır).
Seysmik təhlükənin nəzərə alınmamasını 1981-ci ilin sonunda, 1982-ci ilin əvvəllərində İsmayıllı rayonunda, 2000-ci ildə Bakıda baş vermiş zəlzələ əyani nümayiş etdirdi. İsmayıllı zəlzələsini tədqiq edən komissiyanın çıxardığı nəticə belə idi: yaşayış və başqa binaların belə kütləvi dağılması onların çoxunun çaydaşılarından, çiy kərpicdən və s. materiallardan tikilməklə heç bir təhlükəsizlik qaydalarına riayət olunmaması ilə izah olunur. Lakin düzgün formalı (kubik) daşdan tikilmiş binalar seysmik dağıntıya davam gətirərək ciddi zədə almayıblar.
 

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (III yazı)

Neron Babaxanov,
BDU-nun professoru;
İsmayıl Əliyev,
BDU-nun həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz