» » İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (II yazı)

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (II yazı)


(Əvvəli 20 avqust tarixli saylarımızda)
 

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (II yazı)

 

Bizim fikrimizcə, hazırda Kür çayında daşqınların yaranmasında yağıntıların bol olması ilə yanaşı, həmin hövzədəki su anbarlarının çöküntülərlə dolması və vaxtında təmizlənməməsi, Xəzər dənizinin səviyyəsinin qalxması, Kür və Araz çaylarının aşağı axarlarında qəbul etdiyi qolların rejiminin nizamlanmaması da az rol oynamır. Ona görə Kür çayının aşağı hissələrində qəbul etdiyi qolların və axmazların fəaliyyətinin tənzimlənməsinə böyük ehtiyac duyulur. Kür və Araz çaylarının aşağı axarlarında onların yataqlarının səviyyəsi çox yerdə ətraf sahələrlə bərabər, qismən də yüksəkdə yerləşmişdir. Göstərilən çaylar 799 kilometrə qədər məsafədə bir, bəzən də iki sıra qoruyucu torpaq bəndlər arasından axırdısa, indi belə bəndlərin uzunluğu 1500 km-dən artıqdır. Bu torpaq bəndlər min illərdir ki, ətraf sahələri daşqınlardan qoruyur. Bu bəndlərin təmirinə və bərpasına dövlət hər il külli miqdarda vəsait sərf edir.
Bəs yerlərdə bu bəndlərə münasibət necədir? Əfsuslar olsun ki, çox pis! Əhali və təsərrüfatlar üçün mühafizə funksiyasını yerinə yetirən bu bəndlərə yerlərdə biganə baxırlar. İndi Kürboyu yaşayış məntəqələrində sürətlə inkişaf, tikinti-quruculuq işləri aparıldığından bəzi ərazilərdə hətta bu qoruyucu bəndlər kəndlərin içərisində qalmışdır. Əslində yaşayış məntəqələri torpaq bəndlərindən 50-100 metr aralıda yerləşməliydi. Ümumiyyətlə, əraziləri daşqınlardan qoruyan mühafizə bəndlərilə çay arasında bütün tikinti və mənimsəmələr dövlət qanunları ilə qadağan olunmalıdır. Lakin çox təəssüf ki, bu qanunauyğunluqlar heç də həmişə nəzərə alınmır. Sabirabad, Salyan, Neftçala və s. rayonlarda torpaq bəndlər bir çox kəndlərin ərazisində dağıdılır, çaydan ətraf sahələri suvarmaq üçün arx və kanallar çəkilir, bəndlərin üstü avtomobil yolları kimi də istifadə edilir. Bəndlərdən belə kor-koranə, qanunsuz istifadə nəticəsində daşqın təhlükəsindən qaçmaq olmur. Dünyanın bir çox ölkələrində isə torpaq bəndlərə münasibət tamamilə başqadır. Məsələn, Cənub-Şərqi Asiya ölkələrində belə torpaq bəndlər ilahiləşdirilir, hətta onlara sitayiş də edirlər. Göstərilənləri nəzərə alıb, torpaq bəndlərlə çay arasındakı ərazilərin hər hansı bir məqsəd üçün istifadəsi Azərbaycan Respublikasının qanunları ilə tənzimlənsə, böyük fayda verərdi.
Kür və Araz çaylarının aşağı axarlarında əhali sayı 1 milyon nəfərdən çox olmaqla, yaşayış məntəqələri bir-birinə 1-3 kilometr çox yaxın məsafədə yerləşir. Bəzən də kəndlər biri digəri ilə birləşərək məskunlaşma sistemi yaratmışdır. Yevlax, Zərdab, Sabirabad, Saatlı, Salyan, Neftçala, Şirvan kimi inzibati rayon mərkəzləri və şəhərlərin əhalisi sürətlə artır və ərazilər də sürətlə mənimsənilir. Ona görə də hər an gözlənilən daşqın və subasma hadisəsi daha böyük fəlakətlər törədə bilər. Bununla yanaşı, əhali arasında daşqın və subasma hadisələrinin olmadığı dövrdə təbliğat işi yox dərəcəsindədir. Fikrimizcə, bu işlərə münasibət köklü surətdə dəyişməlidir. Kür və Araz çayı hövzələrində 1,5 milyondan çox əhalinin və strateji əhəmiyyətli dövlət müəssisələrinin yerləşdiyini, Azərbaycan Respublikasının müharibə şəraitində yaşamasını nəzərə alıb, ərazidə dövlət səviyyəsində mühafizə tədbirləri həyata keçirilməlidir.
 

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (II yazı)


2002-ci ilin dekabr ayında və 2003-cü ilin əvvəlində bütün Azərbaycan ərazisində son 100 illikdə ilk dəfə olaraq qış ayında real daşqın təhlükəsi yaranmış, bəzi Kürsahili ərazilərdə 10 min hektarlarla əkin sahələri su altında qalmışdır.
Azərbaycanda daşqınların daimi təkrarlandığı ərazilərdə yaşayan insanların daşqınlar haqda təsəvvürləri var. Bilirlər ki, daşqından əvvəl çayda səviyyə sürətlə qalxır, çox duru, şəffaf olan çay suyu bulanılıqlaşmağa başlayır. Çay yatağı su ilə tam dolduqda bu, daşqının olmasının son xəbərdaredici əlamətidir. Daşqınlar qısa an içərisində baş vermədiyindən, adamlar aşağıda deyilənləri nəzərə alsalar, onlar öz həyatlarını, əmlak və var-dövlətlərini daşqınlardan xilas edə bilərlər.
Çayda daşqın olma ehtimalı olarkən, başqa sözlə, səviyyənin "kritik” həddə çatdığı anda çayda qayıqlardan istifadə etmək qəti olmaz. Qayıq və sallar belə anlarda çayda süni dalğa yaradırlar, belə dalğalar və əsən küləyin sayəsində yaranan dalğalar sahil bəndlərini dağıda və daşqının vaxtından əvvəl baş verməsinə səbəb ola bilərlər. Çay yatağında su maksimal səviyyəyə çatdıqda insanlar vaxtı itirmədən yaşayış evlərini tərk etməlidirlər. Yaşayış yerlərini tərk etməmişdən əvvəl yaşadığınız binanın, evin, mənzilin, neçə mərtəbəli olması, hansı tikinti materialından tikilməsinin daşqın vaxtı nəzərə alınması vacib şərtlərdəndir. Belə ki, yaşadığınız mənzil çiy kərpic, qarğı və onun üstünə gil və ya palçıqdan suvaq çəkilmiş materialdan tikilibsə, onun tez uçma ehtimalı daha çoxdur. Belə ev-mənzil, neçə mərtəbəli olmasından asılı olmayaraq, tez bir anda onu tərk etmək lazımdır. Ev-mənzil daşdan, "kubikdən”, dəmir-beton hissələrindən tikilibsə, onun birinci mərtəbəsində olan qiymətli, lazımi, böyük qabaritli, ağır əşyaları, hansıları ki, tez təhlükəsiz ərazilərə çıxarılmaq imkanı məhduddur, çalışıb evin ikinci mərtəbəsinə qaldırmaq lazımdır. Birinci mərtəbənin qapı və pəncərələri "germetik”—kip bağlanmalıdır ki, daşqın suyu içəri, mənzilə, zirzəmiyə daxil olmasın. Bununla bərabər su, işıq, qaz bağlancları bağlanıb qapanmalıdır. Mal-qara saxlanılan tövlələrin qapılarını açıq saxlayın ki, mal-qara özü daşqından xilas ola bilsin.
Əgər siz hiss etsəniz ki, çayda suyun səviyyəsi çox sürətlə qalxır, belə olanda vaxt itirmədən, var-dövlət, ev əşyaları haqda fikirləşmədən, həyatınız üçün ən vacib olan pul, daş-qaş, sənədləri, ən vacib pal-paltarı, bir neçə günlük azuqə ehtiyatını götürüb, evinizi tərk edib, əvvəlcədən müəyyən edilmiş təhlükəsiz əraziyə köçməlisiniz.
 

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (II yazı)

 

Daşqın ehtimalı olan təqdirdə evinizdə gecələməyiniz məsləhət görülmür. Əgər siz hər hansı səbəb üzündən imkan tapıb gecə mənzilinizi tərk edə bilməsəniz, evinizin ən yüksək hissəsinə və ya həyətinizdə olan ən yüksək ağaca çıxın və fasiləsiz həyəcan siqnalı verin. Xilasediciləri köməyə çağırın. Bu məqsədlə əlinizdə başqa heç bir vəsait olmasa, ağacın üzərinə bərkidilmiş parçanı yandırın və havada yelləndirin ki, sizi görə bilsinlər. Bu an çalışın özünüzü "psixi” cəhətdən hazırlıqlı edin ki, siz fəlakət qarşısında aciz deyilsiniz. Sizə öz köməkliklərini təklif edən xilasedicilərin tələblərini danışıqsız yerinə yetirin.
Daşqının tam dayandığını, çayda səviyyənin tam normal olduğunu hiss etdikdən sonra siz yaşadığmız evə qayıda bilərsiniz.
Daşqına məruz qalmış hər bir ev üçün ölənlərin, yaralananların, itkin düşənlərin, ölən mal-qaranın sayı dəqiqləşdirilib uçota alınmalıdır. Dəymiş zərər ona görə dəqiq hesaba alınmalıdır ki, sonradan əhaliyə ediləcək yardımlarda onlar nəzərə alınsın. Daşqın vaxtı ölmüş adamın şəxsiyyəti məlum olmadıqda, onu tanıyanlar olmadıqda ölən adamın bir neçə duruşda, "pozada” şəkli çəkilməli, fərqli əlamətlərinin fotosu çəkilib, bu haqda qısa arayış yazılmalı və sonra xüsusi olaraq yay aylarında, vaxtı itirmədən tez dəfn edilməlidir. Ölmüş mal-qara bir neçə metr dərinlikdə xəndəkdə yandırılıb, basdırılmalıdır. Bütün bu və ya digər işlər kəndin bələdiyyə nümayəndəsi və icra başçısının kənd üzrə nümayəndəsinin, kənd ziyalılarının və ağsaqqallarının iştirakı ilə həyata keçirilməlidir. Daşqına məruz qalmış kənddə ilk olaraq, xəstələr, qocalar, uşaqlar təhlükəsiz ərazilərdə qurulacaq çadırlarda, uşaq bağçasında, məktəbdə, klubda, xəstəxanada və s. yerlərdə yerləşdirilməli və onlara ilk yardım göstərilməlidir. İsti paltar və yeməklə təmin edilməlidirlər.
Yuxarıdakı işlərlə yanaşı, daşqından sonra uçub dağılmış torpaq bəndlər birinci növbədə təmir edilməlidir. Bu işlər xüsusi ixtisaslaşdırılmış tikinti təşkilatları tərəfindən edilsə də, yerli əhali öz gücləri ilə ilkin işləri görməlidir. Əgər daşqından zərər çəkmiş kənd, yaşayış üçün qismən yararlıdırsa, ilk növbədə kəndin kommunikasiya xətləri təmir edilməli, məktəb, xəstəxana, aptek, çörəkbişirmə məntəqəsi (əgər kənddə varsa) və s. təmir edilməli və əhalinin istifadəsinə verilməlidir.
Daşqın vaxtı əgər mənzil qismən yararsız hala düşübsə, ehtiyatla qapı və pəncərələri açmaq, evin zirzəmi və birinci mərtəbəsinə dolmuş suyu və lili təmizləmək lazımdır. Evin içərisi tam qurumamış elektrik xətti qoşulmamalıdır. Su və lilin altında qalmış yeyinti məhsullarından qəti istifadə etmək olmaz. Yuxarıda qeyd olunmuş təklif və tövsiyələr daşqına məruz qalan insanlar tərəfindən nəzərə alınarsa, onlar öz həyatlarını, daşqınlardan qoruya bilərlər. Nəzərə alsaq ki, Kür və Araz çaylarında daşqın olma ehtimalı daima olacaq, ona görə də əlaqədar təşkilatlar daima daşqınlara qarşı əsaslı müdafiə tədbirləri görməlidirlər. Yanvar, fevral, mart aylarında respublikamızın ərazisinə düşən çoxlu qar və yağış Kür və Araz çaylarında dağıdıcı daşqın olma ehtimalını artırır. Buna görə də təbiətin bu dağıdıcı hadisəsinə qarşı onun baş verməsini gözləmədən çox ciddi tədbirlər görülməlidir.
Bizim fikrimizcə, daşqın təhlükəsi olan rayonların əhalisinə xüsusi diqqət yetirilməlidir. Onlar fasiləsiz elektrik enerjisi, tikinti materialları və yeyinti məhsulları ilə təmin olunmalıdır. Yaxşı olardı ki, Bakı şəhərinin rayonları Kür və Araz boyu kənd və inzibati rayon mərkəzlərini hamiliyə götürüb, onlara təmənnasız yardım göstərsinlər. Daşqın təhlükəsi daha çox olan inzibati rayonlarda 24 saat fəaliyyət göstərən qərargahlar yaradılmalı və onların sərəncamına hər cür nəqliyyat və texnika verilməlidir.
 

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (II yazı)

 

Kəndlərin, inzibati rayon mərkəzlərinin sovet dövründə mövcud olan, sonradan onlara əhəmiyyət verilməyən radiolaşdırılma işinə başlanmalıdır. Əhaliyə bunun vasitəsilə vaxtaşırı daşqınlara dair tövsiyə xarakterli məlumatlar verilməlidir. Soruşula bilər, bəs nə üçün televiziyadan yox? Ona görə ki, göstərilən ərazilərə elektrik enerjisi fasilələrlə verilir. Əhali arasında qorxu, nəyəcan hallarını aradan götürmək üçün daşqınlara məruz qalan rayonlara psixoloq, həkim mütəxəssislər ezam olunmalıdırlar.
Deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, Azərbaycanda daşqınların baş verdiyi ərazilər əsasən ideal düzənliklər olduğundan, bu düzənliklərin çox hissəsinin dünya okeanı səviyyəsindən aşağıda yerləşməsi, çay boyu ərazilərin çay yataqlarından aşağıda yerləşməsi, Xəzər dənizində səviyyənin tərəddüd etməsi, Kür və Araz çaylarına tökülən çayların çoxunda sellərin olma ehtimalının olması, antropogen faktorlar Kür və Araz çaylarında daşqınların tam ram edilməsi haqda fikir yürütməyə imkan vermir. Kür və Araz daşqınlarından danışılarsa, əsasən zərər və dağıntıların azaldılmasından, zərərsizləşdirilməsindən söhbət gedə bilər.
Azərbaycan iqtisadiyyatına hər il külli miqdarda zərərlər yetirən, dağıntılara səbəb olan təbii fəlakətlərdən biri də sürüşmələrdir. Dağların və dağətəyi ərazilərin yamaclarını təşkil edən suxurların ağırlıq qüvvəsinin təsiri və s. amillər nəticəsində yamac boyu yerini dəyişməsi şürüşmələrə səbəb olur. Abşeronda isə buna Xəzər dənizində səviyyə tərəddüdləri və s. amillər səbəb olur. Sürüşmələrin baş verməsinə yamacların meyillik dərəcəsi, yamacları təşkil edən süxurların növü (Yura, tabaşir, Üçüncü və Dördüncü dövrün gillərindən, gilli şistlərdən, qum və əhəng daşlarından formalaşan ərazilərdə), iqlim və onun rütubətləndirmə dərəcəsi, meşə örtüyü, kolluqlar və bitki örtüyünün qorunub saxlanılma dərəcəsi, ətraf mühitə insanların düşünülməmiş müdaxiləsi, ərazinin seysmikliyi və s. amillər də səbəb ola bilər.
Sürüşmələr əkin sahələrini, meşələri yararsız hala salır, yolları kommunikasiya sistemlərini, təsərrüfat tikililərini, yaşayış evlərini, kəndləri və s. dağıdır, digər təbii fəlakətlər: zəlzələlər, vulkanlar, tektonik hadisələr, leysan yağışları, sellər də öz növbəsində sürüşmələrin baş verməsinə və ya fəallaşmasına səbəb olurlar.
Sürüşmələr əksərən Azərbaycanın Böyük və Kiçik Qafqazın, Talış dağlarının dağətəyi və dağlıq sahələrində, Abşeron yarımadasında, Vəlvələçay, Ataçay, Girdimançay, Gəncəçay və s. çay hövzələrində yerləşən Quba, Qusar, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Şəki, Zaqatala, Qax, Şamaxı, Ağsu, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Şahbuz, Yardımlı, Lerik, Lənkəran, Əskəran, Şuşa, Ordubad və s. inzibati rayonlarında rast gəlinir və təxminən 4000 km-dən çox ərazini əhatə edirlər.
Əfsuslar olsun ki, hazırda Azərbaycanda mövcud sürüşmələrin sayı tam dəqiqləşməmiş və onlar pasportlaşdırılmamışdır.
Azərbaycanda 150 yaşayış məntəqəsi fasilələrlə, ya da daim sürüşmələrə məruz qalır.
Azərbaycan tarixində 12,5 km2 ərazini əhatə edən ən böyük sürüşmə 1908-ci ilin iyun ayında İsmayıllının Tircan kəndində, 3 km2 ərazini əhatə edən Xızı rayonunun Yuxarı Fındaqan kəndində, 1943-cü ilin aprel ayında, eyni vaxtda ən çox kəndi əhatə edən sürüşmə 11-12 may 2002-ci ildə İsmayıllı rayonunun 8 kəndində, ən çox insan tələfatı 1988-1990-cı illərdə Bayılda olmuşdur. 19-23 nəfər insanın ölümü ilə nəticələnmiş, surüşmədən birbaşa ən böyük zərər, 6-7 mart 2000-ci ildə Bayıl sürüşməsində 50 milyon ABŞ dolları, sürüşmələrə məruz qalan ən uzun Muğanlı-İsmayıllı avtomobil yolunun 10 km-lik məsafəsi, son dağıdıcı sürüşmə 24 dekabr 2004-cü ildə Lerik rayonunun Soru kəndində 80 fərdi yaşayış evi dağılıb ya da yararsız hala düşüb.


 

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər (II yazı)

 Neron Babaxanov,

BDU-nun professoru;
İsmayıl Əliyev,
BDU-nun Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor


Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz